Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-123/2021 05.07.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi- Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, 05 iyul 2021ci il tarixdə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında, xx.xx.1981 -ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində üç azyaşlı uşağı olan, məhkum olunmamış, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2i altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, müəyyən etdi: Məhkəmə istintaqında müəyyən edildi ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 05.01.2021-ci il tarixdə saat 23 radələrindən, 06.01.2021- ci il saat 06 radələrinədək olan vaxt ərzində Zərərçəkmiş şəxs məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin saxlanc anbarına qapıdan qanunsuz daxil olaraq 1 ədəd 800 (səkkiz yüz) manat dəyərində üzərində olan qazan dəsti və digər alətlərlə birlikdə gül suyu istehsal etmək üçün istifadə olunan aparatı, 1 ədəd 10 litrlik həcmdə 150 (bir yüz əlli) manat dəyərində samovarı, 1 ədəd 5 litrlik həcmdə 40 manat dəyərində samovarı, 88 manat dəyərində su matoru ilə birlikdə gidrafonu, 1 ədəd 50 litr həcmdə 50 (əlli) manat dəyərində alüminium qazanı, 1 ədəd 100 (bir yüz) manat dəyərində mis məcməyini, 1 ədəd 5 litr həcmdə 50 (əlli) manat dəyərində mis qazanı, 1 ədəd 50 (əlli) manat dəyərində direl, 1 ədəd 30 (otuz) manat dəyərində direl, bir ədəd 20 (iyirmi) manat dəyərində baltanı və 1 kiloqramı 5 manat olan 100 (yüz) manat dəyərində 20 kiloqram çəkidə qozu gizli olaraq talayıb ümumilikdə zərərçəkmiş şəxsə 1478 manat məbləğində ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələbləri baxımından məhkəmə istintaqında təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün subut növləri kimi qəbul edir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilib ifadəsində göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir. Lakin müəyyən vaxtlarda qardaşı Seymur Cəfərovun yanında ət kəsimi mağazasında köməkçi işləyir. Həmin işdən əldə etdiyi gəlirlə ailəsini dolandırır və özünün gündəlik tələbatını ödəyir. Bundan başqa heç bir işlə məşğul olmur. Boş vaxtlarında isə yaşadığı evdə saxladığı xırdabuynuzlu heyvanlara qulluq edib böyüdərək qardaşının işlədiyi ət kəsimi mağazasında sataraq qazanc əldə edir. Pandemiya ilə bağlı işsiz qalmışdır. Əvvəllər özünə məxsus mağazada tikinti materiallarının satışı ilə məşğul olmuşdur. Dolların devalvasiyasından sonra müflis olduğu üçün mağazanı bağlamışdır. Həmin vaxtdan sonra da qardaşının yanında işsiz qalmamaq üçün köməkçi işləyir. 2021-ci ilin yanvar ayının əvvəllərində maddi vəziyyəti yaxşı olmamışdır. Buna görə də o müəyyən xərcləri olduğuna görə pul axtarmışdır. Həmin vaxt yaşadığı Gəncə şəhər DOS 6-da əvvəllər tanıdığı Afət adlı qadının evinin qarşısından keçərkən Afət müəllimənin qapısının açıq olduğunu və evin həyətində samovar, qazan və digər mis və dəmir materialından olan əşyalar olduğunu görmüşdür. Pula ehtiyacı olduğu üçün oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə 06.01.2021-ci il tarixə keçən gecə saat 02 radələrində evin hasarından aşaraq evin həyətinə daxil olmuş evin həyətində və zirzəmisində olan əmlakları oğurlamışdır. Həmin əşyaların bir qismini 165 manata sataraq öz ehtiyacları üçün xərcləmişdir.Bir hissəsini isə sahibinə qaytarmışdır. Əməlindən peşman olduğunu və zərərçəkən şəxsə dəyən zərəri ödməklə barışıq əldə etdiyini bildirərək barəsində yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi hadisə ilə əlaqədar tanımışdır. Yaşadıqları evin təmiri məqsədi ilə evin birinci mərtəbəsində olan əşyaları evin zirzəmisinə yığmışdırlar. 06.01.2021-ci il tarixdə səhər saat 06 radələrində yaşadığı evin həyətində olan zaman zirzəminin qapısının açıq olduğunu aşkar görüb zirzəmiyə daxil olarkən zirzəmiyə yığdıqları 1 ədəd 800 (səkkiz yüz) manat dəyərində üzərində olan qazan dəsti və digər alətlərlə birlikdə gül suyu istehsal etmək üçün istifadə olunan aparatın, 1 ədəd 10 litrlik həcmdə 150 (yüz əlli) manat dəyərində samovarın, 1 ədəd 5 litrlik həcmdə 40 manat dəyərində samovarın, 88 manat dəyərində su matoru ilə birlikdə gidrafonun, 1 ədəd 50 litr həcmdə 50 (əlli) manat dəyərində alüminium qazanın, 1 ədəd 100 (yüz) manat dəyərində mis məcməyinin, 1 ədəd 5 litr həcmdə 50 (əlli) manat dəyərində mis qazanın, 1 ədəd 50 (əlli) manat dəyərində direl, 1 ədəd 30 (otuz) manat dəyərində direl, bir ədəd 20 (iyirmi) manat dəyərində baltanın və 1 kiloqramı 5 manat olan 100 (yüz) manat dəyərində 20 kiloqram çəkidə qozun oğurlandığını aşkar etmiş və bu barədə polisə məlumat vermişdir. Hazırda təqsirləndirilən şəxs ona vurmuş olduğu zərəri ödəmişdir, təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi olmadığını göstərərək bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1əli oğlu Zərərçəkmiş şəxs ilə eyni məzmunda ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X3 ifadəsində göstrmişdir ki, tərqsirləndirilən şəxsi tanımamış zərərçəkmiş şəxs Afət müəllimə isə onun müəllimi olmuşdur. Hərbi xidmətdə olarkən ermənilərin atdığı atəş nəticəsində 1-ci qrup əlil olduğu üçün işləmir və fəhləlik edərək ailəsini dolandırır. 2021-ci ilin yanvar ayının təxminən 4-5-i tarixərində Afət müəllimə ondan evin həyətində kəsilməli ağac olduğunu və evin zirzəmisindən torpağın çıxarılmasını və evdə təmir işləri aparıldığı üçün orada olan əşyaların evin həyətinə çıxarılmasını tapşırmışdır. O, həmin işləri yerinə yetirərək əvvəlcədən razılaşdırılmış qaydada 20 manat pulunu almışdır.Sonradan eşitmişdir ki, Afət müəllimənin evindən oğurluq olmuşdur. Oğurluqda ondan şübhələndikləri üçün istintaqda ondan izahat almışlar. Bundan başqa oğurluqla bağlı heç bir məlumatı olmadığını bildirdi. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-in 01.03.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Məhkəmə istintaqı zamanı təqdim olunmuş Zərərçəkmiş şəxs17.05.2021-ci il tarixli , 8İ-3194 reysestr nömrə ilə notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, ona dəymiş ziyan tam ödənilmişdir, Təqsirləndirilən şəxs qarşı hər hansı şikayət və tələbi yoxdur. AZE 12456923, AZE 12456933 və AZE 11352545 seriyalı şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himəyəsində 3 azyaşlı uşaqları var. Beləliklə, iş üzrə toplanmış sübutların həcmi təqsirləndirilən şəxsə istinad olunan oğurluq cinayəti üzrə sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli «az ağır» cinayət olmaqla mülkiyyət əleyhinə olan cinayətdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən olunmadı. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilindiyi cinayət əməlinə görə qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən, onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilmiş ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəmiş zərəri ödəməklə onunla barışıq əldə etməsini, əməlindən səmimi peşman olmasını himayəsində 3 azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü bəndinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sistem olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının aşağıdakı izah və tələblərini də nəzərə alır. Belə ki, həmin qərarın 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Göstərilən qərarın 2-ci bəndində isə izah edilir ki, cəzaların tətbiq edilməsi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub olmaması,məsələn sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və.s) kimi hallara da diqqət yetirilməlidir. Ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurduğu zərəri ödəməklə onunla barışıq əldə etməsini, əməlindən peşman olmasını, himayəsində 3 azyaşlı uşağının olmasını onun islah olunmasına dəlalət edən hal hesab edib onun cəmiyyətdən təcrid olunmadan islah olunmasını mümkün sayıb, barəsində təqsirliyi bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək bir vəzifə olaraq qoyulmalı, onun davranışı üzərində nəzarət daimi yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə edilməlidir. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş "polisin nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlak yoxdur. İş üzrə maddi sübut olan 1 ədəd alüminum materialından olan qazanın, biri böyük biri kiçik ölçüdə olmaqla 2 mis materialından olan qazanın, 1 ədəd mis materialından olan su səhənginin, 1 ədəd gül suyu istehsal etmək üçün aparatın tərkib hissəsi olan meyin sahibinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutuaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş "polisin nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Məhkəmə istintaqı dövründə təqsirləndirilən şəxsə göstərdiyi 15 saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına 90 (doxsan) manat pul X2 ödənilməsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmün icrası Gəncə şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №1(043)-123/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-123/2021
05.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver