Məhkəmə qərarları › İş №1(043)-124/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №1(043)-124/2020

27.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(043)-124/2020 27.08.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Müşfiq oğlunun, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi X1 və Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1995-ci ildə Goranboy rayonunun Ağamalıoğlu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Goranboy rayonunun Ağamalıoğlu kəndində qeydiyyatda olmaqla faktiki olaraq Gəncə şəhəri Cavadxan qəsəbəsi ərazisində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 22 radələrində Gəncə şəhəri Cavadxan qəsəbəsi ərazisində, küçədə aralarında yaranmış mübahisə zamanı yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs Müşfiq oğlunun sifət nahiyəsinə yumruqla bir dəfə qəsdən zərbə vurmaqla ona burun sümüyünün qapalı yerdəyişmiş və əng sümüyünün basılmış sınıqları, sağ gözün alt qapağının yumşaq toxumalarının əzilməsi, hematoması ilə müşaiyət olunan, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan xəsarətlər yetirib yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs Müşfiq oğlunun sağlamlığına qəsdən az ağır zərər vurmuşdur. Bununla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Gəncə şəhəri Cavadxan qəsəbəsində yaşayır. xx xxxx 2020-ci il tarixdə saat 22 radələrində Gəncə şəhəri Cavadxan qəsəbəsində küçə ilə gedərkən qarşıdan yaxınlıqda yaşayan Zərərçəkmiş şəxs Müşfiq oğlunun gəlməsini görmüşdür. Zərərçəkmiş şəxs yaxınlaşdıqda ona tərəf baxdıqda o Zərərçəkmiş şəxs nə üçün belə baxmasını soruşduqda Vahid kobud şəkildə ona “ nə ola bilər?” demişdir. O isə Vahidin bu cavabından əsəbiləşərək onu bir kənara çəkmiş, burada niyə kobud cavab verdiyini soruşmuşdur. Bu zaman Vahid onunla baş-başa gəlmiş, Vahidin kəllə zərbəsi vurmaq istədiyini düşünüb geri çəkilərək sol əlinin yumruğu ilə bir dəfə Zərərçəkmiş şəxs sifətinə zərbə vurmuşdur. Bu zaman Vahid yerə yıxılmış və burnundan qan gəlmişdir. O, etdiyi hərəkətdən dərhal peşman olub diqqətlə baxdıqda onunla eyni qəsəbədə 3-4 küçə aralıda yaşayan Vahid olmasına əmin olmuş və ondan üzr istəmişdir. Vahid ayağa qalxıb getmiş, az sonra onun atası Müşfiq həmin yerə gəlmişdir. O, Müşfiqi gördükdə orada dayanmayıb qaçmış və qaçanda istifadəsində olan Xiaomi Redmi-Note -8 markalı mobil telefonu yerə düşmüş və Vahidin atası Müşfiq mobil telefonunu götürüb polisə təhvil vermiş və ondan şikayət etmişdir. Hadisənin başqa şahidləri olmamışdır, həmin vaxt oraya başqa şəxslər toplaşmamış, hadisə 2-3 dəqiqə çəkmiş və dərhal səngimişdir. Törətdiyi əməldən peşmandır, hazırda zərərçəkmiş şəxslə barışmışdır. Buna görə də barəsində cinayət işinin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs Müşfiq oğlu ifadəsində bildirdi ki, Gəncə şəhəri, Cavadxan qəsəbəsində valideynləri ilə birlikdə yaşayır. xx xxxx 2020-ci il tarixdə saat 22 radələrində Gəncə şəhəri Cavadxan qəsəbəsində küçə ilə gedərkən qarşıdan yaxınlıqda yaşayan İlqar adlı oğlanın gəlməsini görmüşdür. O İlqara baxdıqda İlqar ona “niyə baxırsan?” demiş, o isə İlqara “elə belə baxıram” deyə cavab vermişdir. İlqar onu kənara aparmış və yumruğu ilə sifətinə bir dəfə vurmuşdur. Bundan sonra o, yerə yıxılmış, daha sonra atası hadisə yerinə gəlmişdir. Atası gəldikdə İlqar qaçıb uzaqlaşmışdır. Hadisə zamanı oraya başqa şəxslər toplaşmamış, aralarında olan mübahisə və İlqarın onu qəsdən vuraraq ona xəsarət yetirməsi 3-5 dəqiqə vaxt çəkmişdir. Sonradan atası onu xəstəxanaya aparmış və bilmişdir ki, burun sümükləri sınmış və onun sağlamlığıma zərər vurulmuşdur. Hazırda o, Təqsirləndirilən şəxs bağışlayaraq onunla barışmışdır, ondan şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Zərərçəkmiş şəxs Müşfiq oğlu ifadəsində bildirdi ki, Gəncə şəhəri Cavadxan qəsəbəsində yaşayır. Zərərçəkmiş şəxs onun oğludur. xx xxxx 2020-ci il tarixdə saat 22 radələrində oğlu qonşunun uşağı gələrək oğlu Vahidin döyüldüyünü demiş, o həmin yerə gələndə İlqar onu görüb qaçmış və onun istifadə etdiyi “Redmi note 8” markalı mobil telefonu yerə düşmüş və o həmin mobil telefonu götürüb Kəpəz Rayon Polis Bölməsinə gələrək şikayət ərizəsi ilə müraciət etmiş və həmin mobil telefonu təqdim etmişdir. Hazırda Təqsirləndirilən şəxs onlara vurulmuş zərəri ödəmişdir, onunla barışmışlar və ondan heç bir şikayət və tələbləri yoxdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X2 X4 tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 886 nömrəli rəyindən məlum olur ki, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs Müşfiq oğlunun bədəni üzərində müəyyən edilmiş xəsarətlər – burun sümüyünün qapalı yerdəyişmiş və əng sümüyünün basılmış sınıqları,sağ gözün alt qapağının yumşaq toxumalarının əzilməsi,hematoması bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2020ci il tarixə uyğun gəlir və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən verilmiş B-50428 saylı arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibi vardır. Onun əməli düzgün tövsif olunmuşdur. Bununla belə Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsas vardır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən həmin Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmədə müəyyən edildi ki, zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışmışdır, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməmişdir. Qeyd edilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilməli və cinayət təqibinə xitam verilməlidir. İş üzrə məhkəmə xərci, maddi sübut, xüsusi müsadirə olunmalı əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39, 43, 321, 344-347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və onun barəsində cinayət təqibinə və hazırkı cinayət işi üzrə icraata xitam verilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və ya protest verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar