Məhkəmə qərarları › İş №1(043)-125/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №1(043)-125/2021

18.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(043)-125/2021 18.05.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X3 iclas katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun X2 üzrə İdarənin rayon (şəhər) məhkəmələrində X2 üzrə şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, cinayət qanununda nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Samux rayonunun Füzuli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Samux rayonunun ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 30 yanvar 2021-ci il tarixdə saat 02 radələrində yaşadığı Gəncə şəhəri, Kəpəz rayonu, A.Babayev küçəsi, 2 saylı yaşayış evinin qarşısında tanışı Zərərçəkmiş şəxs ilə sonuncunun onun həyat yoldaşı Şahid2 mobil telefonuna zəng etməsi və baldızı oğlu Şahid1 dodaq nahiyəsinə yumruqla vurması səbəbindən aralarında yaranmış münaqişə zamanı yumruqla Zərərçəkmiş şəxs sağ qaş, sağ gözün alt hisəssinə və başın ənsə nahiyəsinə bir neçə zərbə vurub sonuncunun sağlamlığına, sağ qaş və başın ənsə nahiyəsinin yaraları, sağ gözün alt qapağının qançırı ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ona istinad olunan əməli törətməsində özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, 2006-cı ildə Sabirabad rayon sakini Şahid2 ilə ailə həyatı qurmuş və həmin nigahdan hazırda 2 övladı var. Fərdi əməklə məşğul olmaqla ailəsini dolandırır. Samux rayonunun Kolayır kənd sakini zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs, onun bibisinin kürəkənidir. O, Mirzamanı bibisinin qızı X1 ilə ailə həyatı qurandan sonra, tanımışdır. Mirzaman bibisinin kürəkəni olduqdan sonra onların bir-birinə ailəvi bir-birilərinə gediş-gəlişləri yaranmışdır. 28 yanvar 2021-ci il tarixdə baldızı oğlu Şahid1 Sakit oğlu da onlarda olmuş, beləki, Ceyhun Qarabağ döyüşlərindən gəldiyi üçün onlar da Ceyhunu evlərinə qonaq çağırmışdır. 30 yanvar 2021-ci il tarixinə keçən gecə saat 02 radələrində onlar evdə yatanda Mirzaman onların evə gəlib qapılarını döymüş, həyat yoldaşı Xəyalə çölə çıxıb səsləsə də heç kim cavab verməmiş, ondan bir neçə dəqiqə sonra isə Mirzaman onun həyat yoldaşı Xəyalənin mobil nömrəsinə zəng vurmağa başlamış, Xəyalə də Mirzamanın dayanmadan zəng etməsini görüb onu yuxudan qaldırmışdır. O da yoldaşının telefonunu açıb cavab vermiş, Mirzaman isə “sən kimsən, səni tanımıram səni yığmamışam” demişdir. O, Mirzamanın yenə də sərxoş olduğunu hiss etmiş, Mirzamana “mənəm, Bəhruzdur, Xəyalənin mobil nömrəsinə zəng vurmusan, nə istəyirsən?” demiş, Mirzaman guya onunla işi olduğunu, onlara gəlib qapını döydüyünü açan olmadığını, onu da yığdığını ancaq telefonuna zəng çatmadığı üçün Xəyaləni yığdığını demişdir. O, Mirzamandan harda olduğunu soruşmuş, evdə olmadığını bildirmiş, Mirzaman 5-10 dəqiqəyə gələcəyini demişdir. Heç 5 dəqiqə keçməmiş, Mirzaman evlərinin qarşısına gəlmiş, onu səsləyib çağırmış, o, evin qarşısına çıxmış, Mirzamanın sərxoş olduğunu görmüş, Mirzaman onun yoldaşı Xəyaləyə zəng vurmadığını demiş, Mirzaman elə-belə onu görməyə gəldiyini demişdir. O, Mirzamanla söhbət edən zaman baldızı oğlu Ceyhunun da çölə çıxdığını görmüş, ancaq yoldaşı Xəyalə çölə çıxmamışdır. Mirzamanla Ceyhun bir-birilərini tanımış, onun vasitə ilə Mirzaman Ceyhunun yanına Bakı şəhərinə tikintidə fəhləlik etməyə getmiş, bir neçə ay Mirzamanla Ceyhun bir yerdə kirayədə qalıb, bir yerdə də işləmişlər. Ceyhun da Mirzamana axı sən niyə gecə xalam Xəyaləyə zəng vurubsan? deyə soruşmuş, Mirzaman da Ceyhunun üstünə təpinib dodaq nahiyəsinə bir yumruq vurmuşdur. O, Mirzamanın bu hərəkətlərindən, eyni zamanda gecə saatlarında həyat yoldaşı Xəyaləyə zəng vurmasından əsəbiləşərək Mirzamanın sifət və baş nahiyəsinə yumruqla bir neçə zərbə vurmuş, Ceyhun araya keçib onu sakitləşdirmiş, Mirzaman da onu hədələyib çıxıb getmişdir. Ertəsi günü Mirzamanın ondan polisə şikayət etdiyini bilmiş, o da polisə gələrək hadisə barədə düzgün izahat vermişdir. Mübahisə və dava-dalaş 2-3 dəqiqə çəkmiş, hadisəni təkcə Ceyhun görmüş, oraya kənar şəxslərdən heç kəs gəlməmiş və heç kəsin bundan xəbərləri olmamışdır. Etdiyi əməldən peşmandır, hazırda Zərərçəkmiş şəxs ilə barışmış, ona dəymiş ziyanı tam ödəmiş, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən qeyd olunanları nəzərə almağı xahiş edir. Bundan əlavə Təqsirləndirilən şəxs məhkəmə iclasında ərizə təqdim edərək, qeyd edilən cinayət qanununda nəzərdə tutulmuş əməli üzrə özünü təqsirli hesab etdiyini, zərərçəkmiş şəxslə barışdığını, dəymiş ziyanı tam ödədiyini, bununla əlaqədar olaraq işin icraatına xitam verilməsini və bu əsasla cinayət işinə xitam verilməsinin bəraətverici əsas olmadığının ona aydın olduğunu qeyd etdi. Məhkəmə istintaqı zamanı ifadəsi tədqiq edilmiş və ibtidai istintaq zamanı ifadəsi alınmış Zərərçəkmiş şəxs ifadəsindən görünür ki, 2018-ci ildə Gəncə şəhər sakini X1 ilə ailə həyatı qurmuş, faktiki birgə nikahlarından bir övladları vardır. Samux rayonunun Füzuli kəndindən olan, hazırda Gəncə şəhərində yaşayan Təqsirləndirilən şəxs ailə qurandan sonra tanımışdır. Bəhruz onun həyat yoldaşı Pərvanənin doğma dayısı oğludur. Bəhruzla tanış olandan sonra qohum olduqları üçün bir-biri ilə ailəvi gediş-gəlişləri yaranmış, münasibətləri yaxşı olmuşdur. 29 yanvar 2021-ci il tarixdə axşam saatlarında o, işi olduğu üçün Gəncə şəhərinə gəlmiş, Gəncə şəhərində yemək yeyəndə təxminən 50-100qram da araq içmişdir. 30 yanvar 2021-ci il tarixinə keçən gecə saat 02 radələrində gec olduğu üçün Samux rayonuna evlərinə gedə bilməmiş, Bəhruzgilin evləri yaxın olduğu üçün, həm də Bəhruz ona bir az cücə verəcəyinə söz verdiyi üçün gecəni orada qalmağı düşünmüş, bu məqsədlə o, Bəhruzgilin evlərinə gəlib qapını döymüş, qapını açan olmamış, o, ilk əvvəl Bəhruzun mobil nömrəsinə bir neçə dəfə zəng vurmuş, amma nömrəsi açıq olmadığına görə, yəni aktiv olmadığından Bəhruzla danışa bilməmişdir. Bu səbəbdən də o, Bəhruzun həyat yoldaşı Xəyalənin mobil nömrəsinə zəng vurmuş, Xəyalənin mobil nömrəsi də onda olmuş, bir neçə dəfə o, Bəhruzu yığanda Bəhruzun nömrəsi bu qayda bağlı olanda Xəyaləyə zəng vurmuş, evdən həyat yoldaşı da onun mobil telefonu ilə zəng vurub Xəyalə ilə danışmışdır, Bəhruz da danışmışdır. O, Xəyaləni yığsa da telefonu açan olmamış, o da Bəhruzgilin evlərinin qarşısından çıxıb getmişdir. Təxminən oradan 100-150 metr aralaşandan sonra Xəyalənin nömrəsindən zəng gəldiyini görmüş, o, zəngi açanda Bəhruz ona gecə vaxtı Xəyaləni niyə yığması barədə irad tutmuş, o da əvvəl Bəhruzu yığdığını, telefonu bağlı olduğunu demiş, Bəhruz isə ona yalan dediyini bildirmişdir. O da Bəhruza yaxında olduğunu, danışıq üçün gəldiyini demişdir. O, geri qayıdıb Bəhruzun evinin qarşısında Bəhruzla görüşmüş, Bəhruza o, pis niyyətlə Xəyaləni yığmadığını demiş, Bəhruz isə yox, niyə, gecə vaxtı Xəyaləni yığırsan demişdir. Əvvəllər də tanıdığı, Bakı şəhərində bir neçə ay bir yerdə işləyib, bir yerdə kirayədə qaldığı Bəhruzun baldızı oğlu Ceyhunun Bəhruzgildən çölə çıxdığını görmüş, onunla görüşüb, ona niyə xalası Xəyaləyə dayanmadan zəng vurduğunu demiş və iradını bildirmişdir. Bu səbəbdən aralarında mübahisə yaranmış, o, əli ilə Ceyhunun sifətindən vurub itələmiş, Bəhruz isə onun sifət nahiyəsinə bir neçə yumruq zərbəsi vurmuş, o da bir təhər müvazinətini saxlamış, yerə yıxılmamış, sonra da qorxub qaçıb getmişdir. O, çıxıb yaşadığı evə gəlmiş, gecə olduğu üçün Kəpəz polisinə getməmiş, ertəsi günü Gəncə şəhəri Kəpəz polisinə gedib Bəhruzdan şikayət etmişdir. Onun Bəhruzla mübahisəsi və dava-dalaşı təxminən 3-5 dəqiqə çəkmiş, hadisəni təkcə Ceyhun görmüş, ayrı kimsə görməmiş və oraya kənar şəxslər gəlməmişdir. Həmçinin Zərərçəkmiş şəxs məhkəməyə daxil olmuş və notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış,ona dəymiş ziyan tam ödənilmiş, ona qarşı heç bir şikayət və tələbi yoxdur və Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 Sakit oğlu ifadəsində göstərdi ki, 2020-ci ilin oktyabr ayının əvvəlində Qarabağ müharibəsi ilə bağlı özü döyüş bölgəsinə çağırılmış, döyüş bölgəsində müharibə başa çatanadək xidmət etmiş, döyüşlərdə fəal iştirak etmişdir. Gəncə şəhərində yaşayan Təqsirləndirilən şəxs, onun xalası Şahid2 həyat yoldaşıdır. Zərərçəkmiş şəxs da Bəhruzun bibisi qızının əridir. O, Ceyhunu dava-dalaşdan əvvəl tanıyır, keçən il o, Bakı şəhərində tikintidə fəhləlik edəndə Bəhruz zəng vurub Mirzaman da oraya gəldiyini, bir yerdə işləyib, bir yerdə də qalmağı demişdir. O da Bəhruzun xahişinə görə Mirzamana Bakı şəhərində qəbul etmiş, bir neçə ay bir yerdə tikintidə fəhlə işləmiş, bir yerdə də kirayədə qalmış, ona görə də onun Mirzamanın münasibətləri normal olmuşdur. O, 28 yanvar 2021-ci il tarixdə xalası Xəyaləgillə görüşmək üçün müharibədən gələndən sonra Gəncə şəhərinə gəlmiş, Xəyaləgildə qalmışdır. 30 yanvar 2021-ci il tarixinə keçən gecə saat 02 radələrində o, Bəhruzgildə yatmış, bu vaxt xalası Xəyalə onun yanına gəlib onu yuxudan oyadıb Mirzaman gecə telefonuna zəng vurduğunu demiş, Bəhruzun da çölə çıxıb Mirzamanla söhbət etdiyini demişdir. Xəyalə Birdən dalaşarlar səndə yanlara get demiş, o da çölə çıxanda Mirzaman Bəhruzla qapının qarşısında söhbət etdiyini görmüş, o, Mirzamanla görüşmüş, Mirzaman sərxoş olduğunu görmüş, xalası Xəyalə çölə çıxmamışdır. O, Mirzamana axı sən niyə gecə xalası Xəyaləyə zəng vurubsan? demiş, Mirzaman da onun üstünə qışqırmış, ani bir vəziyyətdə dodaq nahiyəsindən bir yumruq vurmuşdur. O, dodağını tutmuş, Bəhruz Mirzamanın sifətinə və başına bir neçə yumruq zərbəsi vurduğunu görmüşdür. Mirzaman Bəhruzu vurmamış, O, Bəhruzu tutmuşdur. Bu vaxt Mirzaman Bəhruzun əlindən çıxan kimi yola tərəf qaçmış, Bəhruz da daha dalınca getməmişdir. Onlar Mirzamanın qaçıb getməsini görüb evə girmişlər. Onun dodağı qanamış, bir aş şişmiş, Bəhruzun da sağ əli Mirzamanı vuranda əzilmiş, başqa elə bir xəsarəti olmamışdır. Mirzaman Kəpəz rayon Pİnə verdiyi izahatında çoxusunu düzgün göstərməmişdir. O, kimin kimə cücə söz verməsini bilməmiş, o haqda heç nə deyə bilməmişdir. Mübahisə və dava-dalaş 2-3 dəqiqə çəkmiş, hadisəni təkcə o, görmüş, heç xalası Xəyalə də çölə çıxmamış, oraya kənar şəxslərdən də heç kəs gəlməmiş, baş vermiş hadisə zamanı ətraf sakinlərin də rahatçılığı pozulmamış, qonşuların və heç kəsin bundan xəbərləri olmamışdır. Mirzaman Ceyhunu yumruqla vuranda daha o, Mirzamanı döydüyü üçün Ceyhun Mirzamanı vurmamış, Mirzamana o, bir neçə yumruq vurmuş, Mirzaman da onu hədələyib qaçıb çıxıb getmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X7 canlı şəxsin ekspertizasının 30.01.2021-ci il tarixli, 135 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət- sağ qaş və başın ənsə nahiyəsinin yaraları, sağ gözün alt qapağının qançırı -bərk KÜT əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 30.01.2020-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X7 canlı şəxsin ekspertizasının 01.02.2021-ci il tarixli,137 nömrəli rəyindən görünür ki, Şahid1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər- üst dodağın selikli qışasında qancırı və səthi yarasıbərk KÜT əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə,yəni 30.01.2021-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarına əlavə edilmiş “zərərçəkmiş şəxs qismində tanınma” haqqında 11.02.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən verilmiş 10.02.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarına əlavə edilmiş Küçə üçlüyü tərəfindən verilmiş 05.02.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında kirayədə yaşayır. İş materiallarına əlavə edilmiş Küçə üçlüyü tərəfindən verilmiş 07.02.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ərazidə müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs iş materiallarında olan yazılı ərizələrindən görünür ki, onlar barışmış və hər iki şəxs cinayət işinin icraatına xitam verilməsinə razıdır. İşin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Şəhər Psixonevroloji Dispanseri tərəfindən verilmiş 04.02.2021-ci il tarixli,647 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə Şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. İşin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Şəhər Səhiyyə İdarəsi Narkoloji Dispanseri tərəfindən verilmiş 06.02.2021-ci il tarixli, 508 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə Şəhər Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda durmur. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş ekspert rəyi, təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidin ifadələri, istintaq hərəkətinin protokolları və digər sənədlərlə Təqsirləndirilən şəxs 30 yanvar 2021-ci il tarixdə saat 02 radələrində yaşadığı Gəncə şəhəri, Kəpəz rayonu, A.Babayev küçəsi, 2 saylı yaşayış evinin qarşısında tanışı Zərərçəkmiş şəxs ilə sonuncunun onun həyat yoldaşı Şahid2 mobil telefonuna zəng etməsi və baldızı oğlu Şahid1 dodaq nahiyəsinə yumruqla vurması səbəbindən aralarında yaranmış münaqişə zamanı yumruqla Zərərçəkmiş şəxs sağ qaş, sağ gözün alt hisəssinə və başın ənsə nahiyəsinə bir neçə zərbə vurub sonuncunun sağlamlığına, sağ qaş və başın ənsə nahiyəsinin yaraları, sağ gözün alt qapağının qançırı ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən “yüngül” zərər vurmaya aid bədən xəsarətləri yetirməsi tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, cinayət qanununda nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, 01 dekabr 2017-ci il tarixdən qüvvəyə minmiş «Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanunu ilə Cinayət Məcəlləsinə aşağıdakı məzmunda 73.2-ci maddə əlavə edilmişdir: “Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.” İş materiallarından görünür ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmışdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tətbiq olunmasını istisna edən hal müəyyən edilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs həmin əməli ilk dəfə törətmiş, əvvəllər həmin əmələ görə məhkum olunmamış və cinayət məsuliyyətindən və cəzadan azad olunmamışdır. Buna görə də məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması qəbul edilməli, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. İş üzrə məhkəmə xərci, maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73cü, CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və onun barəsində cinayət təqibinə və hazırkı cinayət işi üzrə icraata xitam verilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün qərar qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar