Məhkəmə qərarları › İş №1(043)-129/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-129/2021

21.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-129/2021 21.12.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi- Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, 21 dekabr 2021-ci il tarixdə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında, xx.xx.1980-ci ildə Samux rayonu, Nəbiağalı qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işsiz, məhkum olunmamış, Samux rayonu, Nəbiağalı qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində «polisin nəzarət altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, müəyyən etdi: Məhkəmə istintaqında müəyyən edildi ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə 03 dekabr 2020-ci il tarixdə saat 22 radələrində Gəncə şəhəri, Keçid küçəsində Zərərçəkmiş şəxs məxsus olan “Mercedes Benz E200” markalı, **-CG-*** qeydiyyat nömrə nişanlı avtomobilin ön paneli üzərindəki açıq vəziyyətdə olan saxlanc yerindən H.Tağıeyə məxsus 5000 (beş min) manat və 600 (altı yüz) ABŞ dolları, həmin dövrün məzənnəsinə uyğun olaraq 1020 (bir min iyirmi) manat məbləğində pulunu, ümumilikdə xeyli miqdar təşkil edən 6020 (altı min iyirmi) manat pulunu gizli olaraq talamaqla oğurluq etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəyini və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələbləri baxımından məhkəmə istintaqında dindirilmiş zərərçəkmiş şəxsin ifadəsini, şahid ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün subut növləri kimi qəbul edir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə münasibətləri yaxşı olmuşdur. Aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Əksinə olaraq münasibətləri həmişə yaxşı olmuşdur. 03.12.2020ci il tarixdə saat təxminən 12 radələrində Zərərçəkmiş şəxs onun mobil telefonuna zəng edərək birlikdə yeyib-içməyi ona təklif etmişdir. O, Hüseynə işi olduğunu, yas mərasiminə gedəcəyini bildirmişdir. Həmin gün saat təxminən 16 radələrində yaşadığı Samux rayonu Nəbiağalı qəsəbəsində yerləşən çayxanada Qənbərlə söhbət edən zaman Zərərçəkmiş şəxs onun yanına gəlmişdir. Söhbət zamanı, o, Hüseynə avtomobilini satdığını, Fikrət adlı şəxsdə avtomobil olduğunu və həmin avtomobilə baxıb almaq istədiyini demişdir. Bundan sonra Hüseyn kimlərəsə zəng etmiş və Fikrət adlı şəxsin ortaq dostu olduğunu və Fikrətin vasitəsilə həmin maşını ona aşağı qiymətə ala biləcəyini demişdir. Buna görə də o, Hüseyn, Yalçın adlı maşın ustası və yeznəsi Vüsal ilə birlikdə Göygöl Rayon Məhkəməsinin yanına avtomobilə baxmağa getmişdilər. Tanışı Qəmbər isə çayxanada qalmışdır. Məhkəmənin yanında avtomobilin sahibi ilə görüşüb avtomobilə baxmışlar və avtomobildən xoşu gəlmədiyi üçün yenidən yaşadığı Samux rayonuna qayıtmışdılar. Orada yeznəsi Vüsal ilə maşın ustası olan Yalçın çıxıb getmişdilər. Hüseyn də işi olduğunu deyib getmiş, o, isə çayxanaya getmişdir. Ayrılmamışdan qabaq isə Hüseynlə aralarında razılaşmışdılar ki, bir qədərdən sonra oturub yeyib-içərlər. Həmin gün saat təxminən 18 radələrində Zərərçəkmiş şəxs ona zəng edərək çayxananın qarşısına çıxmağı demişdir. Həmin vaxt Qənbər də yanında olduğu üçün sonuncu da, onun arxasınca çayxananın qarşısına çıxmışdır. Onlar Hüseyinin ‘'Mercedes Benz E200” markalı, **-CG-*** dövlət nömrə nişanlı avtomobilinə əyləşmişdirlər. Onlar avtomobilə əyləşdikdən sonra Hüseyn onları Gəncə şəhəri ərazisində yerləşən Ət Kombinatının arxasında olan kafeyə gətirmişdir. Orada onlar təxminən 3-4 saat oturub yemək yemişlər və həmin vaxtı spirtli içki də qəbul etmişdilər. Sonra isə kafedən durmuşlar, evə gedəcəkləri halda Hüseyn və Qənbər təklif etmişlər ki, Gəncə şəhəri ərazisinə getsinlər. O, razı olmasa da, Hüseyn avtomobili Gəncə şəhərinə tərəf idarə etmişdior. Həmin günü saat təxminən 22 radələrində Gəncə şəhəri Keçid küçəsində qurulmuş komendant postuna gəlib çatmışdılar. Həmin vaxt o, Hüseynin avtomobilinin qabaq sərnişin oturacağında, Qənbər isə arxa sərnişin oturacaqda oturmuşdur. Həmin postda karantin vaxtı olduğu üçün polis əməkdaşları onları saxlamışdırlar. Hüseyn avtomobili saxladıqdan sonra pəncərənin süşəsini açmış və onlara yaxınlaşan tanımadığı polis əməkdaşına məhkəmə işçisi olduğunu bildirib Gəncə şəhərinə getmək istədiklərini bildirmişdir. Həmin vaxt polis əməkdaşları dərhal onları avtomobildən düşürtmüşlər və o, tanışına zəng edərək danışa-danışa oradan təxminən 15-20 metrə aralanıb yenidən posta qayıtmışdır. Orada təxminən 1 saata yaxın durduqdan sonra polis əməkdaşlarından xahiş etdikləri üçün polis əməkdaşları onları sərbəst buraxmışdılar. Gəncə şəhəri ərazisinə keçməyə qoymamışdılar. Çünki Gəncə şəhəri ərazisinə girmək üçün onların icazəsi olmamışdır. Oradan çıxmamışdan qabaq o, Hüseynə polis əməkdaşlarına su, çay və digər yeyinti məhsulları almaq üçün pul verməsini xahiş etmişdir. Hüseyn də, cibindən ABŞ dolları əskinaslandan ibarət topa pul çıxarmış və həmin pulu topası ilə ona vermişdir. O, topa pulun içərisindən 50 ABŞ dolları seçərək götürüb orada olan tanımadığı polis əməkdaşlarından birinə vermiş və səhərə qədər postda durduqları üçün su və digər yeyinti məhsulları almalarını xahiş etmişdir. Lakin həmin polis əməkdaşı pulu ondan götürməmişdir. O, isə pulu yenidən Hüseynin özünə qaytarmışdır. Lakin həmin vaxt onlar maşına minməmişdirlər. O, pulu verdikdən sonra maşına minmişdir. Bundan sonra onlar Hüseynə məxsus avtomobillə Samux rayonu, Nəbiağalı qəsəbəsinə qayıtmışlar, Hüseyn hər birini yaşadıqları evə aparmışdır. O, yaşadığı evdə olan zaman təxminən gecə saat 02 radələrində Zərərçəkmiş şəxs ona məxsus mobil telefona zəng edərək avtomobildə pul olduğunu, həmin pulun yerində olmadığını bildirmişdir. Həmin vaxt ,o, Hüseynə pulun onun üzərində olmasını, pulu Hüseynin özünə qaytardığını bildirmişdir. Həmin vaxt ,o, elə bilmişdir ki, Hüseyn postda olarkən cibindən çıxardığı puldan söhbət gedir. Zərərçəkmiş şəxs təxminən 03 radələrində yaşadığı evə gələrək onu götürmüş, onlar birlikdə Hüseynə məxsus avtomobillə işlədiyi çayxanaya getmişdilər. Çayxanada o, Hüseynlə bir qədər söhbət edərək avtomaşın satdığı üçün onun üzərində 7000 manata yaxın pul olmasını, həmin pulların içərisində 2 ədəd 50 dollarlıq və 2 ədəd 100 dollarlıq pul əskinası olmasını göstərmişdir. Lakin Hüseyn cibində olan pulu çıxararaq həmin pulun 3750 ABŞ dolları məbləğində olduğunu və həmin pulun deyil, avtomobilinin qabaq saxlanc yerində (bardaçokunda) olan 6000 manata yaxın pulunun itdiyini ona bildirmişdir. Həmin vaxt yenidən karantin postuna getməyə başlamışlar ki, sonradan fikirləşmişdilər ki, karantin postuna getməsinlər. Lakin posta getməməyi kimin təklif etməsi onun yadında deyil. Onlar hamısı avtomobildə olarkən Hüseynin avtomobilinin ön panelindəki saxlanc yerindən sənədini götürərək polis əməkdaşına təqdim etməsini görməmişdir. Onlar postda təxminən 1 saata yaxın olduqdan sonra və Samux rayonuna qayıtmağa hazırlaşarkən Hüseyndən polislərə pul verməsini xahiş etmişdir, Hüseyn də cibindən ABŞ dollarından ibarət topa pul çıxararaq ona vermişdir. Onun əlində yalnız həmin pul omuşdur ki, həmin pulu da o, avtomobilə minməmişdən qabaq Hüseynə qaytarmışdır. Həmin puldan başqa onun əlində pul olmamışdır. Həmin vaxt onun üzərində təxminən 8000 (səkkiz min) manata yaxın pul olmuş ki, həmin pulların içərisində həm Azərbaycan manatı, həm də, ABŞ dolları olmuşdur ki, həmin pulu da o, əlinə götürməmişdir. Şahid1 adlı polis əməkdaşının onun barəsində dedikləri həqiqətə uyğun deyildir. Belə ki, həmin vaxt onun əlində pul olmamış, onun əlində mobil telefon olmuşdur. Həmin vaxt o, Hüseynin ona verdiyi pulun itdiyini zənn etdiyi üçün sonuncuya təklif etmişdir ki, pul versin. Lakin Hüseynə 3000 manat verə biləcəyini deməmişdir. Sonradan biləndə ki, Hüseynin ona verdiyi pul deyil, avtomobilində olan pulu itmişdir o, Hüseynə pul ödəməyəcəyini demişdir. Daha sonra isə, təxminən 1 ay sonra o, Hüseyn və Qənbərlə birlikdə oturub söhbət edərkən razılaşmışdılar ki. Hüseynə köməklik etsinlər və o, 1800 manat, Qənbər isə 1000 manat Hüseynə pul versinlər. Hüseynə 2800 manat pul ödədiyini şübhəli şəxs qismində verdiyi ifadəsində ona görə göstərməmişdir ki, həmin vaxt onlar oturub söhbət edərkən Hüseyn, o, və Qənbər razılaşmışdılar ki, pulun ödənilməsini heç kim bilməsin və bu yalnız öz aralarında qalsın. Hadisə vaxtı o, spirtli içki qəbul etsə də, hərəkətlərinə nəzarət edə bilmişdir. Təqsirsiz olduğunu göstərərək barəsində bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ona məxsus “Mersedes Benz E200” minik markalı, **-CG-*** dövlət nömrə nişanlı avtomobil var. Zirvə və Qəmbər adlı şəxslər tanışlarıdır, mütəmadi olaraq birlikdə yeyib-içmişlər, Zirvə və Qəmbərlə hal hazıradək heç bir ədavət və düşmənçilikləri olmamışdır. 03.12.2020-ci il tarixdə saat 13- 14 radələrində Zirvə ilə birlikdə şəxsi işləri ilə bağlı olaraq Göygöl rayonuna getmək üçün Samux rayonunda olan Azpetrol məntəqəsindən yanacaq doldurmuşdur. Həmin yanacağın pulunu isə avtomobilin ön panelinin saxlanc yerində olan puldan götürüb operatora vermişdir. O, maşının saxlanc yerinə 5000 manat və 600 ABŞ dollar olmaqla yanaşı əlavə olaraq da 300 manat pul qoymuşdur ki, həmin 300 manat pulun 100 manatını götürüb benzinə ödəmiş, 100 manatdan qalan 75 manat pulu isə cibinə qoymuşdur. Pul olan saxlanc yerini isə açarla bağlamışdır. Göygöl rayonunda işləri qurtardıqdan sonra saat 17 radələrində təkrar Samux rayonuna qayıdaraq hər kəs öz evinə getmişdir. Həmin günü yəni 03.12.2020-ci il tarixdə saat 19 radələrində Zirvə ilə təkrar görüşmək üçün çayçıya getmiş və görmüşdür ki, sinif yoldaşı Qəmbər də ordadır. Bundan sonra birlikdə yeyib-içmək qərarına gəlmişlər,buna görə Zirvə və Qəmbər ona məxsus “Mersedes” markalı maşınla Samux rayonu Tatlı kəndində olan X5 həyətində yerləşən və “Coşqunun kafesi” kimi tanınan kafeyə getmişlər. Kafeyə gedərkən Zirvə qabaq oturacaqda, Qəmbər isə arxa oturacaqda əyləşmişlər. Kafeyə düşməzdən əvvəl o, saxlanc yerinə baxmış və pulların orada olduğunu gördükdən sonra saxlanc yerini yenidən açarla bağlamışdır. Təxminən 2-3 saat kafedə yeyib-içdikdən sonra Zirvə və Qəmbərlə birlikdə Gəncə şəhərinə getmək qərarına gəlmişdir. 03.12.2020-ci il tarixdə, saat təxminən 22 radələrində Gəncə şəhəri istiqamətində hərəkət edən zaman Gəncə şəhərinin giriş hissəsində, Keçid küçəsində “Arka” deyilən yerdə olan komendant postunda polis əməkdaşları onları saxlamış və ondan sənətlərini tələb etmişdir. O, digər maşınların hərəkətinə maneçilik törətməmək üçün maşını yolun sağ tərəfinə çəkib saxlamışdır və saxlanc yerini açarla açıb sənədlərini götürüb ona yaxınlaşan, sonradan isə adının Firuddin olduğunu bildiyi polisə təqdim etmişdir. Həmin polis onun sənədinə baxmağa başlayarkən o, avtomobildən yerə düşmüşdür. Həmin vaxt saxlanc yerini açarla bağlamamışdır, açar isə açarqabı ilə birlikdə saxlanc yerinin üstündə qalmışdır. O, maşından düşəndə Zirvə qabaq oturacaqda, Qəmbər isə arxa oturacaqda oturmuşdur. Polis əməkdaşları komendat saatını pozması ilə bağlı onu sorğu-sual etmişdilər. O da polislərə Samux rayonunda yaşadığını, Samux rayonunda heç bir komendantsaatının olmadığını bildirmişdir. Polislərlə söhbəti təxminən 15-20 dəqiqə davam etmişdir. Polislərdən evə dönüb qayıtmasına icazə vermələrini xahiş etdikdən sonra ona icazə vermişdilər. Bundan sonra o, maşına qayıdıb gələndə Zirvənin maşında olmadığını, sinif yoldaşı Qəmbərin isə maşının arxasında çöldə siqaret çəkdiyini görüb Qəmbərə maşına əyləşməsini bildirmiş və Zirvənin harda olmasını soruşmuşdur. Qəmbər də, Zirvənin hara getməsini bilmədiyini demişdir. Bundan sonra o, Zirvəyə zəng vurub harda olduğunu soruşduqda Zirvə ayaqyolunda olduğunu və artıq gəldiyini demişdir. Bir qədər sonra Zirvə onların yanına gəlmiş və onlar maşına əyləşmişdilər. O, maşını sürməzdən əvvəl vəsiqəsini saxlanc yerinə qoymaq istəmiş, görmüşdür ki, orada olan 5000 manat və 600 ABŞ dolları pul saxlanc yerində yoxdur. Lakin ayrıca qoyduğu 200 manat yerində olmuşdur. Həmin vaxt zənn etmişdir ki, pulu Zirvə götürüb ki, birdən polislər maşında axtarış aparar. Həmin vaxt polis əməkdaşları onu tələsdirərək ondan maşını sürüb getməsini tələb etdiyindən o, pul barədə artıq Zirvədən heç bir söz soruşmamış və maşını Samux rayonu istiqamətində döndərib getməyə başlamışdır. Birinci olaraq Qəmbəri evlərinə düşürtmüşdür, sonra isə Zirvəni evlərinə düşürtmüşdür. Zirvəni evlərinə düşürdərkən isə pul barədə sonuncudan soruşmaq tamamilə yadından çıxmışdır. Çünki, o, nə Zirvədən, nə də ki, Qəmbərdən oğurluqla bağlı şübhələnmirdi. Yaşadığı evə çatdıqdan sonra təkrar saxlanc yerinə baxmış və pulun yerində olmadığını görmüşdür. Bundan sonra Zirvəyə zəng vurub avtomobilində olan pulun yerində olmadığını və çölə çıxmasını bildirmişdir. Özü isə Zirvənin yaşadığı evin qarşısına qayıtmışdır. Zirvə maşına oturanda Zirvədən pulun harada olduğunu soruşmuşdur. Zirvə də puldan xəbərinin olmadığını demişdir. O, Zirvəyə polislər olan komendant postuna gedib orda polislərdən pulu soruşmalarını təklif etsə də, Zirvə komendant postuna getməyə ehtiyac olmadığını, ora gedəcəkləri halda onları həbs edəcəklərini deyib polislərin yanına getməkdən yayınıb çayxanaya getmələrini təklif etmişdir. O, artıq Zirvənin əməllərindən şübhələnməyə başlamışdır. Bundan sonra birlikdə Zirvə ilə çayxanaya getmişlər və pulla bağlı xeyli söhbət etmişdilər. Söhbət zamanı Zirvə ona “bu bir ziyanlıqdır, ziyana şerik olaraq sənə 3000 manat verə bilərəm” deyib cibindən məbləğini bilmədiyi dollar və manat çıxartmışdır. O da Zirvəyə bunun ziyanlıq olmadığını, oğurluq olduğunu deyib iradını bildirmişdir. Bundan sonra Zirvə ilə sağollaşıb evinə qayıtmışdır. Bir gün sonra yəni, 05.12.2020-ci il tarixdə Zirvəyə zəng vurub pulla bağlı görüşmək istədiyini bildirmişdir. Zirvə bilə-bilə ki, onun pulu yoxa çıxıb buna baxmayaraq 04.12.2020-ci il tarxidə-onunla heç bir telefon əlaqəsi saxlamamışdır .05.12.2020-ci il tarixdə Zirvə, Qəmbər və o, təkrar pulun yoxa çıxması ilə bağlı görüşüb söhbət etmişlər, lakin heç bir nəticə olmamışdır. Bundan sonra o, 03.12.2020-ci il tarixdə “Keçid” küçəsində komendant postunda onları saxlayan polis əməkdaşlarının birinin adını öyrənmişdir. Həmin polis əməkdaşının adı Firuddin olmuşdur. Sonra o, Firuddinlə görüşmüş və onları saxladıqları vaxtı maşınından pulun itməsi barədə bildirmişdir. Firuddin isə ona onun maşınında qabaqda əyləşən qara gödəkcə geyinmiş, başında kepkası olan oğlanın pulu götürüb əlində oynada-oynada cibinə qoyub qaz zapravkasına tərəf getdiyini bildirmişdir. O, Firuddin adlı polisdən pulu həmin şəxsin əlində görüb- görmədiyini soruşduqda həmin polis əməkdaşı avtomobilin saxlanc yerində ona məxsus olan pulu dəqiq təsfir edərək ona “beli bağlı, üstüntə bir neçə dənə dollar və xeyli miqdara 100 manatlıq pul olduğunu gördüm” demişdir. Bundan sonra o, əmin olmuşdur ki, pulunu Zirvə oğurlamışdır və təkrar bu barədə Zirvə ilə söhbət edib polisin dediklərini Zirvəyə demişdir. Zirvə yenə xəbəri olmadığını dedikdə məcbur qalıb polisə müraciət etmişdir. Polis tərəfindən araşdırma aparılmağa başladıqdan sonra Zirvə ona 2800 manat pul verərək ona dəymiş ziyanlığa görə ona kömək etdiyini deyib guya həmin pulun 1000 manatını sonra Qəmbərdən alacağını ona bildirmişdir. Zirvə qabaqda oturduğu üçün o, pul götürən zaman Zirvə saxlanc yerindəki pulu görmüşdür. O, həmin pulları avtomobilin saxlanc yerindən sənədlərini polisə təqdim etmək üçün götürərkən görmüşdür. Bundan əlavə polis əməkdaşları onun sənədlərinə baxdıqdan sonra o, maşına əyləşmiş və sənədləri saxlanc yerinə qoymaq istədikdə pulun yerində olmadığını aşkar etmişdir. Zirvənin maşında olmaması səbəbindən düşünmüşdür ki, pulu Zirvə götürmüşdür ki, ola bilər polislər maşına baxış keçirsin. Həmin pullar 50 ədəd 100 manatlıq, 6 ədəd isə 100 ABŞ dolları əskinaslarından ibarət olmuşdur. Məhkəmədə işlədiyi üçün avtomobilində dəftərxana ləvazimatları olur ki, həmin pulları o, dəftərxana ləvazimatı olan qara rəngli kağız sıxıcısı vasitəsi ilə bağlamışdır. Polis əməkdaşları onları saxlayan vaxt hava qaralsa da, olduqları yer şəhər elektrik işığı ilə işıqlandırılmışdır, ətraf aydın şəkildə görünürdü. O, sənədləri avtomobilin saxlanc yerindən götürmək üçün avtomobilin tavanında olan salon işıqlandırıcısını yandırmışdır. Əks halda saxlanc yerinin içərisi qaranlıq olur. Avtomobilin tavanındakı işığı yandırdıqda isə bir qədər kənarda duran şəxs avtomobilin içərisini tam aydın şəkildə görür. Buna görə də, polis əməkdaşı olan Firuddinin qabaq oturacaqda əyləşmiş Təqsirləndirilən şəxs əlində pul bağlamasını, xüsusilə həmin pul bağlamasının qara rəngli dəmir bağlayıcı ilə bağlanmasını görməsi realdır. Zirvənin onun polis əməkdaşlarına ərzaq almaq üçün Təqsirləndirilən şəxs pulu o, avtomobildən kənarda vermişdir və Zirvə də avtomobildən kənarda pulu ona qaytarmışdır, pul yalnız ABŞ dolları əskinaslarından ibarət olmuş və məbləği 3700 (üç min yeddi yüz) ABŞ dolları olmuşdur. Həmin 3700 (üç min yeddi yüz) ABŞ dollarının avtomobildə olan 5000 manat və 600 ABŞ dollarına aidiyyəti olmamışdır, həmin pullar tamamilə ayrı-ayrı pullar olmuşdur. Pulu oğurlanan günü Zirvə ilə söhbət edərkən Zirvə dəqiq olaraq onun avtomobilində olan pulu oğurlandığını bildikdən sonra pulun məbləğini ondan soruşmuş o Zirvəyə avtomobilindən 6000 manat pulun oğurlandığını bildirdikdən sonra Zirvə həmin pulun yarısını, yəni 3000 manatı kömək kimi ona verəcəyini bildirmişdir. Hadisədən sonra polis tərəfindən araşdırma aparılarkən Zirvə ona 2800 manat pulu vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Samux rayon sakini olan Zərərçəkmiş şəxs ilə bir sinifdə oxumuş, təxminən 20 il olar ki, münasibətləri var, onun Hüseynlə münasibətləri hər zaman yaxşı olmuş, aralarında hər hansı bir ədavət və ya düşmənçilik olmamışdır. Zirvəni də tanıyır və sonuncu ilə də münasibətləri həmişə yaxşı olmuşdur. 03.12.2020-ci il tarixdə saat təxminən 18 radələrində o, yaşadığı qəsəbədə yerləşən Zirvə adlı tanışına məxsus çayxanada Zirvə ilə oturub söhbət edən zaman Zərərçəkmiş şəxs özünə məxsus olan “Mersedes Benz” minik markalı, **-CG-*** qeydiyyat nömrə nişanlı avtomobillə çayxanaya gələrək onların hər ikisini götürüb Hüseynə məxsus avtomaşınla Gəncə şəhəri ərazisində yerləşən ət kombinatının arxasında olan kafeyə aparmış və orada onlar yeyib-içmişlər, həmin vaxt onlar spirtli içki də qəbul etmişlər. Təxminən 3-4 saata yaxın yeyib-içdikdən sonra saat təxminən 23 radələrində kafedən çıxmışlar. Həmin vaxt o, həddindən artıq sərxoş olduğu üçün Zərərçəkmiş şəxs məxsus avtomaşında yatmışdır. Müəyyən müddətdən sonra avtomaşının dayandığını və səs-küy gəldiyini eşitmişdir. O, həmin vaxt avtomobildə arxada oturmuşdur. Gözlərini açdıqda avtomobildə tək olduğunu, Hüseyn və Zirvənin isə avtomobildə olmadıqlarını görmüşdür. Buna görə də avtomobildən düşmüş, avtomaşından düşdükdən sonra Gəncə şəhəri Keçid küçəsində quraşdırılmış polis postunda olduğunu müəyyən etmişdir. O, avtomobildən düşən zaman Zərərçəkmiş şəxs ona avtomobilə əyləşməyi bildirdiyi üçün o avtomobildə arxaya əyləşmişdir. Həmin vaxt Zirvə və Hüseyn də avtomobildə oturmuşlar və onlar birlikdə oradan öz yaşadıqları Samux rayonu Nəbiağalı qəsəbəsinə qayıtmışdılar. Hüseyn əvvəl onu yaşadığı evə düşürüb Zirvə ilə birlikdə çıxıb getmişdir. Həmin günün səhərisi Zərərçəkmiş şəxs ona zəng edərək avtomobildə olan 6000 manat pulun yerində olmadığını, həmin pulun onlar birlikdə olan vaxtı naməlum şəxs tərəfindən gizli yolla oğurlandığını bildirmişdir. Lakin o, Zərərçəkmiş şəxs avtomobildən pulunun nə vaxt, kim tərəfindən, necə oğurlandığını bilmədiyini, bu haqda heç bir məlumatının olmadığını demişdir. Sonra belə qərara gəlmişlər ki, Hüseyn dostur və onun ziyanına şərik olmalıdırlar, 1000 manat pulu o, ödəmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsində Post patrul xidmətində polis nəfəri işləyir. 03.12.2020-ci il tarixdə, saat təxminən 23 radələrində Gəncə şəhəri Keçid küçəsində qurulmuş stasionar polis postunda Kəpəz Rayon Polis İdarəsinin polis sahə rəisi, polis mayoru Şahid2 və Gəncə şəhər BPİ-nin DYPŞ-nin YPX inspektoru polis serjantı Şahid3la birlikdə xidmətdə olan zaman adını sonradan bildiyi Zərərçəkmiş şəxs idarə etdiyi Mercedes markalı, **-CG-*** dövlət nömrə nişanlı avtomobillə xidmət etdikləri posta yaxınlaşaraq Gəncə şəhəri ərazisinə keçmək istəmişdir ki, təlimata uyğun olaraq sürücüyə avtomobili saxla işarəsi vermişdir. Hüseyn avtomobili saxladıqdan sonra o, sürücüyə yaxınlaşıb özünü təqdim etmişdir. Zərərçəkmiş şəxs idarə etdiyi avtomobildə özündən başqa adlarını sonradan bildiyi qabaq oturacaqda 1 nəfər Təqsirləndirilən şəxs və arxa oturacaqda isə Şahid4 olmuşdur. O, həmin şəxsləri əvvəllər tanımamış və heç bir ədavət və düşmənçiliyi olmamışdır. Bundan sonra o, Hüseyndən və sərnişinlərindən Gəncə şəhəri ərazisinə keçmək üçün icazələrinin olub-olmamasını soruşmuşdur. Həmin vaxt o, avtomobilə sürücü Hüseyn tərəfdən yaxınlaşmışdır və avtomobildən təxminən 1 və ya 1,5 metr aralıda durduğuna görə avtomobilin qabaq oturacağında olan sərnişini, yəni Zirvəni də rahatlıqla görə bilmişdir. Hüseyn Samux Rayon Məhkəməsində işlədiyini bildirmiş və o, Hüseyndən xidməti vəsiqəsini göstərməsini xahiş etmişdir. Buna görə Hüseyn idarə etdiyi avtomobilin qabaq panelinin saxlanc yerini açarla açaraq oradan xidməti vəsiqəsini götürüb ona təqdim etmişdir, lakin nə Hüseynin, nə də ki, avtomobilindəki sərnişinlərin Gəncə şəhərinə keçmək üçün icazələrinin olmamasını bildirmişdir. O, da vəsiqəni Hüseyndən alıb üzərini oxumağa başlamışdır. Həmin vaxt Hüseyn avtomobilində oturmuş halda onunla danışmışdır və buna görə o, gah Hüseynə, gah da ki, onun yanında qabaq sərnişin oturacağında oturmuş Zirvəyə baxmışdır. Bundan əlavə Hüseyn xidməti vəsiqəsini götürərkən avtomobilinin tavanındakı salonun işığını yandırdığından avtomobilin içərisi, həmçinin qabaq oturacaqda əyləşmiş Zirvənin üzərinə işıq düşmüşdür ki, həmin vaxt o, təsadüfən Zirvənin əlində bir ədəd pul bağlaması görmüşdür. Həmin pul dəftərxana ləvazimatı olan qara rəngli kağız sıxıcısı vasitəsi ilə sıxılmışdır, pulun üst hissəsində dollar alt hissəsində isə 100 manatlıq əskinazlar olmuşdur. Lakin Zirvənin pulları haradan götürdüyünü və ya çıxardığını görməmişdir. O, Zirvənin əlində pulu gördükdən sonra bu barədə iş yoldaşları Şahid2 və Şahid3 da məlumat vermiş və diqqətli olmalarını bildirmişdir. Bundan sonra iş yoldaşları Zərərçəkmiş şəxslə söhbət etməyə başlamışdılar. Artıq Hüseyn avtomobilindən yerə düşmüşdür. Hüseyn yanında olan polis əməkdaşları ilə söhbət edən zaman Zirvə maşından düşərək yaxınlıqda yerləşən qaz doldurma məntəqəsinə gedərək təxminən 10 dəqiqədən sonra qayıdıb oraya gəlmişdir. Həmin vaxt onlar həmin şəxsləri Gəncə şəhəri ərazisində komendant saatı olduğu üçün şəhər ərazisinə buraxmamışdılar. Buna görə həmin şəxslər avtomobilə əyləşib yaşadıqıları Samux rayonuna geri qayıtmışdılar. Həmin şəxslər getdikdən 1 gün sonra Zərərçəkmiş şəxs mobil telefon vasitəsilə zəng edərək xidmət etdikləri stasionar polis postunda saxlanılan zaman avtomaşınından 6000 manat pulunun oğurlandığını demişdir. O, isə öz gördüklərini, yəni Təqsirləndirilən şəxs əlində pul olmasını və sonra Qaz doldurma məntəqəsi istiqamətində getdiyini Hüseynə danışmışdır və oğurluq hadisəsi barədə şikayət edib-etmədiyini soruşmuşdur. Hüseyn isə artıq Samux polisinə bununla bağlı ərizə yazdığını ona demişdir. Həmin vaxt hava qaralsa da, olduqları yer şəhər elektrik işığı ilə işıqlandırılmışdır, həmçinin Hüseyn xidməti vəsiqəsini götürərkən avtomobilin salonunun işığını yandırdığından qabaq oturacaqda əyləşmiş Zirvənin üzərinə işıq düşmüşdür. Buna görə o, Zirvənin əlindəki pulu tam aydın görə bilmişdir. Zirvə avtomobildən düşdükdən sonra arxa oturacaqda olan sərnişin Şahid4 avtomobildən düşərək onların yanına gəlib söhbət etməyə başlamışdır, başqa nə hərəkət etdiyini görə bilməmiş və fikir verməmişdir. Hüseyn, Zirvə və Qənbər avtomobildən düşdükdən sonra həmin şəxslərin avtomobilinə heç bir kənar şəxs olmamışdır, əksinə olaraq Zirvənin əlində pul gördükdən sonra o, gələcəkdə problem yaranmaması üçün iş yoldaşlarına bu barədə məlumat verərək diqqətli olmalarını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 Nürəddin oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs hadisə ilə əlaqədar tanımışdır. Belə ki, 03.12.2020-ci il tarixdə saat 23:00 radələrində Gəncə şəhəri Keçid küçəsində qurulmuş stasionar postda xidmətdə olarkən sonradan adını bildiyi Hüseyn adlı şəxs idarə etdiyi Mercedes markalı, **-CG-*** nömrə nişanlı avtomobillə Gəncə şəhərinə getmək istəyərkən post patrel xidmətinin əməkdaşı Şahid1 avtomobili saxladaraq ondan sənəd tələb etmiş onların icazəsi olmadığı üçün geri qayıtmalarını tələb etmişlər. Həmin vaxt Hüseyn adlı şəxs onlara yaxınlaşaraq cibindən 1 qalaq pul çıxarıb onlara 50 dollar pul təklif etmişdir ki, özləri üçün ərzaq alsınlar. Lakin onlar həmin pulu qəbul etməmişlər və bu barədə ona iradlarını bildirmişlər. Həmin vaxt Firuddun Cəfərov onlara yaxınlaşaq Hüseynin avtomobilinin qabaq əyləcində əyləşmiş şəxsin əlində 1 qalaq pul olduğunu bildirərək ehtiyatlı olmalarını onlara bildirmişlər. Həmin vaxt avtomobil onlardan 8-9 metr aralı məsafədə dayanmışdır. Belə ki, onlar avtomobildə əyləşən şəxsin əlində pul olmasını görməmişlər. Avtomobilə Firuddin yaxınlaşdığı üçün həmin şəxsin əlində pul olmasını Firuddin onlara demişdir. Təqsirləndirilən şəxs avtomobildən düşməsini şəxsən görməmiş daxili qoşunun əməkdaşları avtomobildə oturan şəxsin telefonla danışa-danışa yanacaqdoldurma məntəqəsinə tərəf getdiyini demişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsi hadisə ilə əlaqədar tanımışdır. Belə ki, 03.12.2020-ci il tarixdə axşam saat 23:00 radələrində Gəncə şəhəri Keçid küçəsində qurulmuş stasionar postda xidmətdə olarkən sonradan adını bildiyi Hüseyn adlı şəxs idarə etdiyi Mercedes markalı, **-CG-*** nömrə nişanlı avtomobillə Gəncə şəhərinə getmək istəyərkən post patrul xidmətinin əməkdaşı Şahid1 avtomobili saxlatmışdır. O başqa avtomobilləri yoxladığı üçün sözügedən avtomobilə diqqət yetirməmişdir. Firuddin avtomobil sürücüsü ilə bir qədər söhbət etdikdən sonra Azərə və ona yaxınlaşıb sürücünün yanında əyləşən sərnişinin əlində topa pul olduğunu və hansısa xoşagəlməz hadisənin baş verməməsi üçün diqqətli olmalarını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Samux rayon Polis Şöbəsində bölük komandiri işləyir. Samux rayon sakinləri olan Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs həmyerlisi kimi tanıyır və hər ikisi dostudur. Təxminən 2020-ci ilin dekabr ayının əvvəllərində, hadisədən bir iki gün sonra hadisəni ona bildirmişlər. Zirvə ilə Qənbərin Hüseynə dəymiş zərəri bir qədər qarşılamaqla bağlı öz aralarında olan söhbətdən məlumatı olmamışdır. O, bir müddət sonra eşitmişdir ki, Zirvə Hüseynə pul ödəmişdir. Hüseyngil pulun kim tərəfindən oğurlanması barədə heç bir söz deməmişdilər. Zirvənin Hüseynə nə üçün pul ödədiyini bilmir. Həmin hadisə Hüseyngilin üçünün arasında baş verdiyindən o, Hüseyngilin söhbətlərinə qarışmamışdır. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-in 02.03.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə istintaqı zamanı təqdim olunmuş Zərərçəkmiş şəxs 06.04.2021-ci il tarixli , 8İ-964 reysestr nömrə ilə notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı hər hansı şikayət və tələbi yoxdur.Tərəfindən itirilmiş məbləğ evdən tapılmışdır. Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyandan 2800 manatın ödənildiyini, 3220 manatın isə ödənilmədiyini nəzərə alınmasını xahiş etmişdir. Beləliklə, iş üzrə toplanmış sübutların həcmi təqsirləndirilən şəxsə istinad olunan oğurluq cinayəti üzrə sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Təqsirləndirilən şəxs X2 ifadəsi iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, istintaq və məhkəmə hərəkətlərinin protokolları, ibtidai istintaq zamanı aparılmış istintaq eksperimenti və digər sənədlərlə təkzib olunduğundan təqsirləndirilən şəxsin ifadəsini məhkəmə işin hallarına uyğun olmayan hesab etmişdir. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli «az ağır» cinayət olmaqla mülkiyyət əleyhinə olan cinayətdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən olunmadı. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirli bilindiyi cinayət əməlinə görə qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən, onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilmiş ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəmiş zərərin bir qismini ödəməsini Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü bəndinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sistem olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının aşağıdakı izah və tələblərini də nəzərə alır. Belə ki, həmin qərarın 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Göstərilən qərarın 2-ci bəndində isə izah edilir ki, cəzaların tətbiq edilməsi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub olmaması,məsələn sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və.s) kimi hallara da diqqət yetirilməlidir. Ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurduğu zərərin bir qismini ödəməsini onun islah olunmasına dəlalət edən hal hesab edib onun cəmiyyətdən təcrid olunmadan islah olunmasını mümkün sayıb, barəsində təqsirliyi bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək bir vəzifə olaraq qoyulmalı, onun davranışı üzərində nəzarət daimi yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə edilməlidir. Cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə Cinayət Məcəlləsinin 99-1 maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlak yoxdur. İş üzrə istintaq eksperimenti zamanı videogörüntünü əks etdirən 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci, maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutuaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Samux rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Samux rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar