Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-13/2020 10.02.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, x4 iclas katibliyi, Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə x2 Məhkəmələrində DİMÜŞ-nin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı Nikolay oğlunun, Təqsirləndirilən şəxs və müdafiəçisi x6, Zərərçəkmiş şəxs Qənbər oğlunun iştirakları ilə, xx.xx.1987-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, Gəncə şəhəri, Məhsəti qəsəbəsində yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə məhkəməyə verilmişdir, ona görə ki, o, xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan, lakin sağlamlığının uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Belə ki, ittiham aktında göstərilir ki, Təqsirləndirilən şəxs 13 mart 2019-cu il tarixdə saat 17 radələrində Gəncə şəhəri Məhsəti qəsəbəsində onunla qonşuluqda yaşayan Zərərçəkmiş şəxs Qənbər oğlu ondan 12 mart 2019-cu il tarixdə saat 22 radələrində oğlu Şahid1 hansı səbəbə görə vurmasını soruşarkən heç bir əsaslı səbəb olmadan, xuliqanlıq niyyəti ilə yaşadığı evin qarşısında Zərərçəkmiş şəxs sol diz nahiyəsinə təpiklə vuraraq yerə yıxıb daha sonra öz hərəkətlərini davam etdirməklə yerdə də sonuncunun sol ayağından təpiklə ardıcıl zərbələr vurmaqla Zərərçəkmiş şəxs sol diz oynağı nahiyəsinin yumşaq toxmalarının əziyi, hemartozu, postravmatik artralgiyası, sol baldır nahiyəsinin sıyrıqları ilə müşayiət edilən, ümumilikdə sağlamlığının uzun müddətə pozulmasına səbəb olan qəsdən xuliqanlıq niyyəti ilə sağlamlığına az ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Gəncə şəhəri H.Əliyev prospekti 89 ünvanında qeydiyyatda olsa da, Gəncə şəhəri Məhsəti qəsəbəsində anası Şahid4 və qardaşı Şahid3 və qardaşının ailəsi ilə bir ünvanda yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Rusiya fedarasiyasının Vladikafkaz şəhərində avtomobil rənglənmə sexində qardaşı Hüseynlə birlikdə işləyir. 3 aydan bir Azərbaycan Respublikasına evlərinə gedib-gəlir. Zərərçəkmiş şəxs və onun oğlu Şahid1 onlarla qonşuluqda yaşayırlar. 12 mart 2019-cu il tarixdə gecə saatlarında evdə olan zaman evlərinin pəncərəsinin döyülməsini eşitmiş. Bu zaman qardaşı Hüseyn pəncərədən çıxıb baxanda görmüşdür ki, qonşusu Azər pəncərəni döyür. Hüseyn ondan nə üçün pəncərəni döydüyünü soruşan zaman Azər Hüseynə küçəyə gəlməsini demiş, Hüseyn küçəyə çıxanda Azər ona anasının küçəyə yemək qoyduğunu və itlərin də gəlib onun qapısının qarşısına yığıldığını demiş və anasının ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. O, bunu eşitmiş və küçəyə çıxmışdır. Azərdən nə üçün söyüş söydüyünü soruşduqda Azər yaxşı etdiyini demiş, buna görə o, Azərə bir şillə vurmuş, Azər heç bir söz deməyib ondan bağışlamasını istəmiş və üzürxahlıq edib getmişdir. Bundan sonra anası ona Azərin həmin günü günorta küçəyə itlər üçün qoyduğu yeməyi onların evinin divarına çırpdığını demişdir. Həmin günün ertəsi də onların, yəni Hüseynlə onun Gəncə hava limanından bileti olmuşdur ki, onlar Moskvaya gedəcəkmişlər. Ertəsi gün, yəni, 13.03.2019-cu il tarixdə təxminən saat 17 radələrində Hüseynlə o, çantalarını yığıb hava limanına getməyə hazırlaşmışlar. Həmin vaxt qapı döyülmüş qardaşı Hüseyn küçəyə çıxmış, o ardınca çıxanda Azərlə atası Bəndərin gəldiklərini görmüşdür. Bəndər ondan nə üçün axşam oğlu Azəri vurduğunu soruşmuş, o, Bəndərə oğlunun nalayiq ifadələr işlətdiyini və buna görə də Azəri vurduğunu demişdir. Bəndər isə özü də anasının və gəlinlərinin yanında ona söyüş ifadəsi ilə oğlunun yaxşı etdiyini demiş və ona təpik atmışdır. O, Bəndərin ona atdığı təpik zərbəsindən özünü müdafiə etmək və ona dəyməsinin qarşısını almaq üçün onun ayağından tutmuş, Bəndər öz muvazinətini saxlaya bilməyərək yıxılarkən mübahisəni sakitləşdirmək üçün araya girmiş anası Şahid4 tutmuş, Zərərçəkmiş şəxs yerə yıxılmış anası Şahid4 onun üzərinə düşmüşdür. Həmin vaxt qardaşı Hüseynlə Azər bir birinin yaxasından tutub dartışmışlar, həmin vaxt səsə qonşular gəlmişdir. Bəndər yerə yıxılan kimi Azər Hüseynin yaxasından buraxmışdır. Onlar anaları Şahid4 yerdən durquzmuşlar, ağrıdığı və özünü pis hiss etdiyi üçün evlərinə aparmışlar. Bəndər yerdən durmuş oğlu Azər ilə birlikdə evlərinə getmişlər. Bundan sonra onları hava limanına getmək üçün əvvəlcədən çağırdıqları taksi gəlmiş və onlar evdən çantalarını götürüb getmişlər. O, Bəndəri ümumiyyətlə vurmamış və əlinə də dəmir parçası götürərək Bəndəri vurmaq istəməmiş və onların evinə hücum çəkməmiş, ümumiyyətlə onlar arasında mübahisə 3-4 dəqiqə davam etmişdir. Bununla bağlı Bəndərin göstərdikləri tamamilə yalandır, Bəndər yerə yıxılarkən sol dizi yerə dəymiş anası Firuzədən tutduğundan anası onun üstünə yıxılmış və bundan xəsarət almışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs Qənbər oğlu ifadəsində göstərdi ki, ünvan 5 mənzil 22-də qeydiyyatda olmaqla, həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. O, oğlu Şahid1 Gəncə şəhər Məhsəti Gəncəvi qəsəbəsində ev tikdirmiş, ev tam olaraq hazır vəziyyətdədir. Ev boş qalmasın deyə Azər həmin evdə yaşayır. Firuzə isə oğluna tikdirdiyi evin yanında yerləşən evdə oğlanları Hüseyn və Ruslanla birlikdə yaşayır. Onlar təxminən hadisədən 3 ay əvvəl həmin yerə köçüb yaşamışlar. 13 mart 2019-cu il tarixdə saat təxminən 15 radələrində o, yaşadığı evdə olan zaman oğlu Azər ona qonşuda yaşayan Firuzənin Ruslan adlı oğlunun onu vurduğunu demişdir. O, Azərdən nə üçün vurduğunu soruşduqda Azər ona Firuzə və oğlanlarının küçə itləri üçün qabda onun evinin yaxınlığına yemək qoyduğu üçün onlarla mübahisə etdiyini, Ruslan da onu vurduğunu demişdir. Həmin günü axşam saat təxminən 17 radələrində o, oğlunun yaşadığı evə getmiş və Firuzənin evindən oğlanlarını çağırmışdır ki, nə üçün oğlunu vurduqlarını soruşsun. Həmin vaxt Ruslanın qardaşı Hüseyn küçəyə çıxmış, Hüseyn onun kim olduğunu soruşmuş, o isə Azərin atası olduğunu deyib nə üçün Azərlə yola getmədiklərini soruşmuşdur. Həmin vaxt Ruslan çölə çıxıb itin qabını dağıtdığı üçün yaxşı edib Azəri vurduğunu demişdir. Bu zaman Firuzə və gəlini küçəyə çıxmış, Firuzə səs küy salmağa başlamışdır. O Ruslana təpik atmış, bu zaman Ruslan onun ayağından tutmuş, o öz muvazinətini saxlaya bilməyərək yıxılarkən Şahid4 tutmuş, buna baxmayaraq yerə yıxılmış, Şahid4 onun üzərinə düşmüşdür. Bunu görən Azər qaçıb gələndə Hüseyn də Azərin üstünə hücum edib Azərlə tutaşmış, o, yerə yıxıldıqdan sonra Ruslan yerdə təpiklə onun sol ayağının üstünə çıxıb zərbə ilə vurmuşdur. Bu zaman küçəyə çıxmış qonşuları Akif və oğlu Şəhriyar onların yanına gəlmişdir. O, Firuzəni üstündən qaldırıb kənara itələmiş və ayağa durmuş və oğlu ilə birlikdə evlərinə getmişdir, yaranmış səs küyə başqa qonşular da küçəyə çıxmış və onların yanlarına gəlmişlər. Əlavə olaraq bildirdi ki, Ruslan evlərinə qaçıb əlində dəmir parçası götürüb küçəyə çıxıb üstünə gəlməsini və ya evlərinə hücum etməsini şəxsən görməmiş, zənetmişdir, ona sonradan hücum kəçən olmamışdır. Ümumiyyətlə mübahisə təxminən 4-5 dəqiqə davam etmiş, o ayaq üstə olan zaman onu heç kim vurmamış, Ruslan onun ayağından tutduğundan yerə yıxılmış, sonra Ruslan yerdə təpiklə onun ayağından vurmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki,o, ünvan 5 mənzil 22-də qeydiyyatdadır, lakin hazırda Məhsəti qəsəbəsində yerləşən evdə yaşayır. Zərərçəkmiş şəxs onun atasıdır. Atası qeydiyyatda olduqları ünvanda yaşayır. Belə ki, onun yaşadığı ev təxminən 3 ildir ki, inşa edilibdir. Ev boş qaldığı üçün o, orada tək yaşayır. Şahid4 onun yaşadığı evin yanında yerləşən evdə oğlanları Ruslan və Hüseynlə birlikdə yaşayır. Firuzə və oğlanları mütəmadi olaraq küçədə küçə itləri üçün yemək qoyurmuşlar. 12 mart 2019-cu il tarixdə küçəyə çıxan zaman yaşadığı evin qarşısında dəmir qabda yemək görmüşdür. O da, həmin yeməyi ayağı ilə itələmişdir. Həmin vaxt qabda olan yemək yerə tökülmüşdür. Sonra o, çıxıb getmişdir. Həmin gün axşam evə qayıdan zaman Firuzənin yaşadığı evin pəncərəsinin qarşısında qab görmüş, həmin vaxt Füruzənin yaşadığı evin pəncərəsini döymüş, Firuzənin oğlu Hüseyn çölə çıxmış və o, Hüseynə küçəyə qab qoymamalarını, küçəyə itlərin gəldiyini və itdən qorxduğunu demişdir. Hüseyn pəncərəni örtüb küçəyə onun yanına gələrək itlərə yemək vermək üçün küçəyə qab qoyacağını və yaxşı etdiyini demişdir. Sonra Hüseynin qardaşı Ruslan da onların yanına gəlmişdir. O əsəbi olduğundan ucadan ünvansız qeyri etik ifadələr işlətmiş, Ruslan həmin vaxt onunla kobud danışmış və qəflətən əli ilə sifət nahiyəsinə vurmuşdur. Sonra qonşusu Şəhriyar onları aralamışdır. O da, yaşadığı evə getmişdir. 13.03.2019-cu il tarixdə o, bu baradə atası Bəndərə zəng edib demiş, sonra atası Bəndər Ruslanla nə üçün dalaşdığını öyrənmək məqsədilə gəlib Ruslanın yaşadığı evə getmişdir. Bir neçə dəqiqə sonra o da, atasının arxası ilə gedən zaman atasının Ruslan, Hüseyn və onların anası Firuzə ilə mübahisə etdiklərini görmüş və onlara yaxınlaşmış, Hüseyn onun üstünə gələrək mübahisə etmiş, atası Bəndər isə Ruslanla mübahisə etmiş, həmin vaxt atası Bəndərin yerə yıxıldığını və üzərinə Firuzənin düşdüyünü görmüşdür, yaranmış səs küyə başqa qonşular da küçəyə çıxmış və onların yanlarına gəlmişlər. Akif və oğlu Şəhriyar gəlib araya girib onu və atasını evlərin yola salmışlar.Ümumiyyətlə 13.09.2019-cu il tarixdə baş vermiş mübahisə təxminən 4-5 dəqiqə davam etmiş, həmin vaxtı atası Bəndərin yerə yıxıldığını, Ruslanın isə anasını ayağa qaldırmaq istədiyini görsə də, Ruslanın atası Bəndərin yerdə uzanarkən ayağından vurmasını və atası Bəndərin hansı səbəbdən yıxıldığını görməmişdir. Həmçinin Ruslanın evlərinə girərək əlinə dəmir parçası götürüb çölə çıxdığını görməmişdir. Çünki, həmin vaxt qonşuları birinci olaraq onu və atasını evlərinə ötürmüşlər. Bu barədə hadisədən sonra atası Bəndər ona dediyindən o da, ifadəsində Ruslanın evlərinə girərək əlinə dəmir parçası götürüb çölə çıxdığını və atası Bəndəri vurmaq istədiyini, qonşularının Ruslanı qoymadıqlarını gördüyünü göstərmişdir. Hüseynlə bir-birilərinin yaxasından tutub dartışsalarda onu vuran olmamış, o xəsarət almamış və buna görə məhkəmə tibbi ekspertizası müayinəsindən keçməkdən imtina etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki,Şahid1 və Şahid4 tanıyır, onlar hər ikisi ailələri ilə birlikdə onun qonşuluğunda yaşayırlar, onlarla heç bir ədavət və düşmənçiliyi olmamışdır, əksinə olaraq qonşu kimi münasibətlər həmişə yaxşı olmuşdur. 12.03.2019-cu il tarixdə axşam saatlarında o, təsadüfən küçədə Firuzənin oğlu Ruslanla Azərin mübahisə etdiklərini görmüş və onlara yaxınlaşaraq onları sakitləşdirmiş və onlar hərəsi öz evlərinə getmişdir. 13.03.2019-cu il tarixdə saat təxminən 17 radələrində yaşadığı evdə olan zaman isə küçədən səs-küy gəldiyini eşitmiş və nə baş verdiyini öyrənmək üçün küçəyə çıxmışdır. Həmin vaxt Azərlə Hüseyn bir-biriləri ilə mübahisə etdiklərini görmüş və onlara yaxınlaşmış, onları sakitləşdirmək istəyərkən, Azərin atası Bəndərin və Firuzənin yerə yıxıldıqlarını görmüşdür. Bəndərin yanında isə Ruslan da olmuşdur. O, tez Bəndəri, Ruslan və Hüseyn isə Firuzəni yerdən qaldırmışlar. Onlara iradını bildirmiş və qonşuluqda dalaşmağın ayıb olduğunu demişdir. Bundan sonra onlar ayrılaraq hərəsi öz evlərinə getmişlər. Sonradan eşitmişdir ki, Bəndər polisə şikayət etmişdir. Baş vermiş hadisə vaxtı Bəndərin nə üçün yerə yıxıldığını, həmçinin onu kimsə vurduğunu görməmişdir. O, həmçinin hadisə vaxtı Ruslanın əlində dəmir parçası görməmiş və Bəndəri dəmir parçası ilə vurmasın deyə Ruslanın qarşısını kəsməmişdir. Atası Akif isə hadisə vaxtı orada olmamışdır. Atası Akif ora yalnız hadisə baş verib qurtardıqdan sonra gəlmişdir. Baş vermiş hadisə vaxt etibarı ilə təxminən 3-4 dəqiqə davam etmiş, Ruslanın nalayiq ifadələr işlətməsini eşitməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, işləri ilə əlaqədar olaraq qardaşı Təqsirləndirilən şəxsla birlikdə Rusiya Federasiyasına vaxtaşırı olaraq gedib-gəlir. Zərərçəkmiş şəxs və oğlu Şahid1 onların qonşuluğunda yaşayırlar. Onlarla əvvəllər heç bir ədavət və düşmənçilikləri olmamışdır.12.03.2019-cu il tarixdə axşam saatlarında, təxminən saat 22 radələrində Azər evlərinin pəncərəsini döydüyündən və anasının küçəyə itlər üçün yemək qoymasına narazılıq etdiyindən aralarında mübahisə yaranmışdır və həmin vaxt qardaşı Ruslan da yanlarına gəlmişdir, Azər söyüş söydüyündən Ruslan əli ilə bir dəfə Azəri vurmuşdur. Həmin vaxt Azər səhv etdiyini etiraf edərək onlardan üzr istəmişdir. Səhəri günü isə, yəni, 13.03.2019-cu il tarixdə o qardaşı Ruslanla birlikdə Rusiya Federasiyasına getmək üçün hazırlıq işləri görmüşlər, belə ki həmin günü saat 18-də onların bileti olmuşdur. Həmin günü saat təxminən 17 radələrində isə Bəndər onların qapıya gələrək onları çölə çağırmışdır. O qapıya çıxmış və nə baş verdiyini ondan soruşmuşdur. Həmin vaxtı qardaşı Ruslan da, Bəndərin oğlu Azər də yanlarına gəlmişlər və Bəndər nə üçün oğlu Azəri Ruslanın vurduğunu soruşub ona qarşı nalayiq söyüşlər söyməyə başlamışdır. O, ona iradını bildirdikdə Azərlə aralarında mübahisə yaranmış və onlar bir-birilərinə əl-qol atmışlar. Həmin vaxt evdən arvadı və anası Firuzə çıxmışdır. Bəndər Ruslana təpik atarkən Ruslan onun ayağından tutmuş, Bəndər müvazinətini saxlaya bilməyib yerə yıxılmışdır. Anası Firuzə isə sakitlik olması üşün arada olduğundan, Bəndər də yerə yıxılarkən anasından tutduğu üçün anası da onunla birlikdə yerə yıxılmışdır. Həmin vaxt ümumiyyətlə Ruslanın Bəndəri vurmağa imkanı olmamış, o və qardaşı Ruslan anaları Firuzəni yerdən qaldırmağa çalışmışlar, səs-küyə qonşular gəlmiş və onlar sakitləşmişlər. O və qardaşı Ruslan anaları Şahid4 ağrıdığı və özünü pis hiss etdiyi üçün evlərinə aparmışlar. Hadisə vaxtı Azərlə o bir birinə əl-qol atsalar da, nə o, nə də ki, Azər heç biri xəsarət almamışlar. Onlar arasında mübahisə 3-4 dəqiqə davam etmiş, Bəndər və Azər isə evlərinə çıxıb getmişdir. O və qardaşı Ruslan isə həmin günə artıq bilet aldıqları üçün əvvəlcədən çağırdıqları taksi gəlmiş və evdən çantalarını götürüb birlikdə həmin günü Rusiya Federasiyasına getmişlər. Ruslan Bəndəri ümumiyyətlə vurmamış və əlinə də dəmir parçası götürərək Bəndəri vurmaq istəməmiş və onların evinə hücum çəkməmişdir. Bununla bağlı Bəndərin göstərdikləri tamamilə yalandır. Hadisə vaxtı Bəndərin yerə yıxılmasına və xəsərat almasına səbəb Bəndərin atdığı təpikdən qorunmaq üçün Ruslanın onun ayağından tutması, Bəndər muvazinətini saxlaya bilməyərək yerə yıxılaraq sol dizinin yerə dəyməsi və Bəndər yerə yıxılarkən anası Firuzədən tutduğundan anasının onun üstünə yıxılması olmuşdur. Bəndər yerdə olarkən heç kim onu vurmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki,Təqsirləndirilən şəxs və Şahid3 onun oğlanlarıdır və onlar işləri ilə əlaqədar olaraq birlikdə Rusiya Federasiyasına vaxtaşırı olaraq gedib-gəlirlər. Şahid1 onların hasar qonşusudur, atası Bəndər isə bəzən onların evinə gedib-gəlir. Onlarla əvvəllər heç bir ədavət və düşmənçilikləri olmamışdır. O küçəyə itlər üçün yemək qoymuş, Azər buna narazılıq etdiyindən, həmçinin gecə vaxtı evlərinin pəncərəsini döydüyündən 12.03.2019cu il tarixdə axşam saatlarında oğlanları ilə Azər arasında mübahisə yaranmışdır. O bildiyinə görə həmin vaxt onlar sözlə mübahisə etmişlər. Səhəri günü isə, yəni, 13.03.2019-cu il tarixdə oğlanları birlikdə Rusitya Federasiyasına getmək üçün hazırlıq işləri görmüşlər, həmin günə saat 18-ə biletləri olmuşdur. Həmin gün saat təxminən 17 radələrində Bəndər onların qapıya gəlmiş və oğlu Hüseyn nə baş verdiyini öyrənmək üçün qapıya çıxmışdır. Həmin vaxtı digər oğlu Ruslan, gəlini və o da onların yanına getmişlər. Bəndər nə üçün oğlu Azəri Ruslanın vurduğunu soruşub onlara qarşı nalayiq söyüşlər söyməyə başlamışdır. Onlar Bəndərə iradlarını bildirdikdə Bəndər Ruslana təpik atarkən Ruslan onun ayağından tutmuş, Bəndər muvazinətini saxlaya bilməyərək yerə yıxılmışdır. O isə sakitçilik olması üçün onların arasına girmiş və Bəndər də yerə yıxılarkən onun yaxasından tutduğu üçün o da Bəndərlə birlikdə yerə yıxılmışdır. Onun yıxıldığını görən oğlanları onu, Azər və qonşular Bəndəri ayağa durmağa köməklik etmişlər və arada sakitçilik yaranmışdır. Mübahisə 3-4 dəqiqə davam etmiş, Bəndər və Azər isə evlərinə çıxıb getmişlər. Oğlanları isə həmin günə artıq bilet aldıqları üçün əvvəlcədən çağırdıqları taksi gəlmiş və evdən çantalarını götürüb birlikdə həmin günü Rusiya Federasiyasına getmişlər. Bundan əlavə Bəndərin göstərdikləri tamamilə yalandır. Bəndərin yerə yıxılmasına səbəb onun atdığı təpikdən qorunmaq üçün oğlu Ruslanın onun ayağından tutması olmuşdur, Bəndər yerə yıxılarkən sol dizi daşa dəymiş və xəsarət almışdır. Bəndər yerdə olarkən Ruslan onun ayağından vurmamış, həmin vaxt oğlu Ruslan onu yerdən qaldırmağa çalışmış, sonra o özünü pis hiss etdiyindən evlərinə aparmışlar.Hadisə vaxtı Bəndər oğlu Ruslana atdığı yumruq ona dəymiş və yıxılarkən ondan tutduğundan Bəndərlə birlikdə yerə yıxılaraq o özü xəsarət almışdır, qonşu olduqlarından Bəndərdən şikayət etmək istəmədiyi üçün tibbi ekspertizadan keçməkdən imtina etmişdir. Hadisə zamanı gözünün altı göyərmiş, dizi sıyırılmışdır. Oğlanları getdikdən sonra halı pisləşmiş və təcili tibbi yardım çağırmışlar. Bəndər ona təcili tibbi yardım gəlməsini görüb polisə şikayət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş x9 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxs Ruslan və zərərçəkmiş şəxs Bəndər onun qonşularıdır. Ruslan ona zəng etmiş, onu və qardaşını hava limanına aparmaq lazım olduğunu bildirmişdir. Həmin zəng edildikdən 10-15 dəqiqə sonra o saat 17:00-18:00 radələrində hava limanına onları aparması üçün Ruslan gilin evlərinə gəlmiş, Ruslan və qardaşı Hüseyn çantalarını onun avtomobilinə qoymuş və onları hava limanına aparmışdır. Həmin vaxt onları gözləməmiş onlar hazır vəziyyətdə onu gözləmişlər. Bəndər ilə Ruslan gilin mübahisəni sonra eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş x1 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxs Ruslan və zərərçəkmiş şəxs Bəndər onun qonşularıdır. O həmin küçədə döngədə yaşayır. 13.03.2019-cu il tarixdə təxminən saat 17 radələrində o səsküyə küçəyə çıxmış, görmüşdür ki, Azərlə Hüseyn bir-birinin yaxalarından tutmuş, Ruslan ilə Bəndər isə mübahisə edirlər. Həmin vaxt Bəndər Ruslana təpik atarkən Ruslan onun ayağından tutmuş, Bəndər müvazinətini saxlaya bilməyib yerə yıxılmışdır. Firuzə isə onların arasına girdiyi üçün və Bəndər də yerə yıxılarkən ondan tutduğu üçün Firuzə onunla birlikdə yerə yıxılmış, Bəndər yerə yıxılarkən sol ayağı yerə dəymişdir. Dərhal oğlanları Firuzəni, Azər və qonşular Bəndəri yerdən qaldırmağa başlamışlar. Həmin vaxt orada Ruslan, qardaşı Hüseyn, Firuzə, Bəndər, Azər, Firuzənin gəlini, qonşulardan Şəhriyar və atası olmuşdur. Firuzə yıxılaraq özünü pis hiss etdiyindən oğlanları onu dərhal evə aparmışlar. Onlar arasında mübahisə 3-4 dəqiqə davam etmiş,Bəndər ilə oğlu Azəri qonşu Şəhriyarla atası evlərinə yola salmışlar, mübahisə bununla yekunlaşmış,Ruslan nalayiq ifadələr işlətməmiş, Bəndəri ayaq üstə və ya yerdə olarkən heç kəs onu vurmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş x7 ifadəsində göstərdi ki,12.03.2019cu il tarixdə hadisədən bir gün qabaq günorta saatlarında evin həyətini və küçəni yığışdırmış, yerdə olan it yeməyini və ətrafındakı daşları öz pəncərələrinin qarşısına qoymuşdur. Təxminən yarım saatdan sonra Azər gəlmiş və nalayiq ifadələr işlədərək, pəncərənin qarşısındakı it yeməyini və daşları evin divarına çırpmış, həmin vaxt o Azərin bu hərəkətlərinə çox əsəbləşmiş, qaynanası da evdə olmuş, o da Azərin dediklərini eşitmiş və bu barədə əri Hüseynə demişdir. Bundan sonra həmin gecə saat 11 radələrində Azər onların yaşadığı evin qapısını döymüş, O əri Hüseyinə demişdir ki, çıxsın kölə baxsın, oğlu Əhməd də kiminsə qapı döydüyünü eşidib Ruslanı çağırmışdır. Əri Hüseyn və Ruslan həyətə çıxmışlar, o isə evdə olmuş, mübahisə yaranmış Azər “niyə mənim evimin qarşısına it yeməyi qoyursunuz” sözlərini deyərək nalayiq ifadələr işlətmişdir. Halbuki onlar it yeməyini öz pəncərələrinin altına qoymuşlar. Növəti gün əri Hüseyn və Ruslan Rusiyaya getməyə hazırlaşırmışlar, artıq biletlər alınmış və taksiyə onları hava limanına aparılması deyilmişdir. Onlar taksini gözləyən vaxt yüksək səslə nalayiq ifadələr işlədərək Bəndər və oğlu onlarn qapıya gəlmişlər, bu səsə onlar küçəyə çıxmışlar. Mübahisə yaranmış, Bəndər Ruslanı itələmiş, Bəndər Ruslanı vurmaq istəyəndə yumruq qaynanası Firuzənin gözünə dəymiş, eynəyi qırılmışdır. Bəndər Ruslana təpik atmaq istəyəndə Ruslan Bəndərin ayağından tutmuş, Bəndər muvazinətini saxlaya bilməyib yıxılan zaman qaynanası Firuzənin yaxasından tutaraq özü ilə dartmış onlar yıxılmışlar. Bəndər özü dizi üzərində daşın üstünə düşmüş, qaynanası isə yanı üstə düşmüşdür, dərhal Ruslan və Hüseyn Firuzəni yerdən qaldırmağa çalışmışlar, Azər və qonşular isə Bəndəri yerdən qaldırmağa çalışmışlar. Qaynanası Firuzə özünü pis hiss etdiyi üçün yaşadıqları evə gətirmişlər. Mübahisə bununla yekunlaşmış, hamı sakitləşmişdir. Sonra Bəndər qalxıb oğlu Azərlə birlikdə normal yerişlə evinə getmişdir. Bəndər yıxılıb yerdə olan zaman heç kəs onu təpikləməmişdir. Hadisədən 15 dəqiqə sonra taksi gəlmiş, yoldaşı Hüseyn və qaynı Ruslanı hava limanına aparmışdır. Biraz sonra qaynanası özünü pis hiss eləmişdir, ona görə təcili yardım çağırmışlar. Bəndər gil təcili yardımın gəldiyini görüncə polis çağırmışlar. Həmin günün axşamı həyətdə Bəndərin qonşu Akifə “yıxılmışam, dizim ağrıyır” dediyini eşitmişdir. İş materiallarına əlavə edilmiş, 14 avqust 2019-cu il tarixli üzləşdirmə protokolundan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs Qənbər oğlu üzləşmə zamanı qeyd etmişdir ki, qarşısında əyləşən Ruslanın üzünə deyir ki, 13 mart 2019-cu il tarixdə radələrində o, Ruslangilin evlərinə gəlib ki, onları evdən çağırıb soruşsun ki, onun oğlu Azərlə niyə mübahisə etmisiniz, qapılarını döyüb Ruslan çıxıb, o Ruslandan oğu ilə nə üçün mübahisə etməyinin səbəbini soruşanda Ruslan və Ruslanın anası onun üstünə tökülüb, onlar əlbəayaxa olublar, Ruslanın qardaşı Hüseyn onu arxadan vuran zaman Ruslanda üzbə-üz dayanıb onu vurmağa çalışıb. Bu zaman o özünü müdafiə etmək üçün Ruslana təpik atıb, Ruslanda onun ayağından tutub yerə yıxaraq təpik zərbələri ilə onun sol diz nahiyəsinə zərbələr vurub. Bu zaman Ruslanın anasıda onun üstünə yıxılıb onu vurmağa çalışıb, Ruslan onun ayağından vurandan sonra o, Ruslanın anasını kənara itələyib ayağa durub, Ruslan dəmir parçası ilə onun üstünə gələndə qonşular araya girib aranı sakitləşdirdiblər. Təqsirləndirilən şəxs isə cavabında ona bildirmişdir ki, Bəndərin üzünə deyib ki, o yalan danışır, hadisə Bəndər dediyi kimi olmayıb, Bəndər ona təpik atıb, oda Bəndərin təpiyini tutub kənara itələyəndə Bəndər yıxılıb və bundan sonra Bəndər yerdən durub qaçıb evə gedib. İş materiallarına əlavə edilmiş, 03 oktyabr 2019-cu il tarixli üzləşdirmə protokolundan görünür ki, şahid qismində dindirilən Şahid1 ifadəsində Təqsirləndirilən şəxs üzünə qarşı bildirmişdir ki, 12.03.2019-cu il tarixdə axşam saatlarında əvvəlcə Ruslanın qardaşı ilə daha sonra Ruslanla aralarında küçə itlərinə yem verməklə bağlı mübahisə olmuşdur ki, həmin mübahisə vaxtı Ruslan əli ilə onun sifət nahiyəsinə bir dəfə vurub. Həmin vaxt yanlarına gələn qonşusu Şəhriyar onları aralayıb və hərə öz evinə gedib, Səhəri günü, yəni, 13.09.2019-cu il tarixdə o, Ruslanla danışdıqlarını atasına deyib və atasıda Ruslanın onu nə üçün vurduğunu öyrənməsi üçün Ruslan gilin yaşadığı evə gedib. Bir neçə dəqiqə sonra o da atasının arxasınca gələndə görüb ki, atası Ruslan gilin evin qarşısında yerə yıxılmışdır və Ruslanda onun atasının yanında dayanmışdır. Həmin vaxt onun Ruslanın qardaşı arasında mübahisə olub və onlar bir-birini vurub. Həmin vaxt küçəyə çıxmış qonşuları Akif və oğlu Şəhriyar onların yanına gələrək onları aralayıb. O da atasını qaldıraraq evlərinə getmişlər. Müstəntiq ona sual vermişdir ki, İfadənizdə Ruslanın atanız Bəndərin ayağından vurduğunu gördüyünüzü göstərmişdiniz. Bu barədə nə deyə bilərsiniz? Cavabında isə Şahid1 bildirmişdir ki, bu barədə o atasının yerə uzandığını, Ruslanın isə atasın yanında dayandığını görsə də, Ruslanın onun atasının ayağından vurduğunu görməmişdir. Ruslanın atasının yanında dayandığını gördüyü üçün bildirib ki, atasının ayağından Ruslan vurmuşdur və buna görə ifadəsində o cür göstərmişdir. Mustəntiq ona sual vermişdir ki, ifadənizdə hadisə vaxtı Ruslanın evə girərək əlində dəmir parçası götürüb çölə çıxdığını göstərmisiniz. Bu barədə nə deyə bilərsiniz? Cavabında Şahid1 bildirmişdir ki, Ruslanın evlərinə girərək əlinə dəmir parçası götürüb çölə çıxdığını görməmişdir. Çünki, həmin vaxt qonşular birinci olaraq onu evlərinə aparmışdırlar. Bu barədə hadisədən sonra atası ona dediyindən o da ifadəsində o cür göstərmişdir. Müstəntiq ona sual vermişdir ki, hadisədən qabaq və hadisə vaxtı Ruslanın və Hüseynin sizi vurduqlarını göstərmisiniz. Həmin vaxt siz hər hansı bir xəsarət almışdınızmı? Cavabında isə Şahid1 bildrimişdir ki, həmin vaxt o ciddi bir xəsarət almadığından, buna görədə ekpertizadan keçməkdən imtina etmişdir. Təqsirləndirilən şəxs isə cavabında ona bildirmişdir ki, onun dediklərini qismən təsdiq edir. Belə ki, 12.03.2019-cu il tarixdə həqiqətən onların arasında itlərə yem vermək üstündə mübahisə olmuş və Azər söyüş söydüyü üçün o, Azəri yavaşca bir dəfə əli ilə vurmuşdur. Səhəri gün Azərin atası onların qapısının qarşısına gələrək onlarla mübahisə etməyə başlamışdır və həmin vaxt Azərin atası ona təpik atarkən o Azərin atasının ayağından tutub və o yerə yıxılıb. Buna görə Azərin atası yerdə olarkən Azər onu atasının yanında görmüşdür. Lakin, həmin vaxt o, Azərin atasını vurmamışdır. İş materiallarına əlavə edilmiş 20.08.2019-cu il tarixli təlabnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. İş materiallarına əlavə edilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ərazidə müsbət xarekterizə olunur. İş materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizanın 15.03.19-il tarixli 336 saylı rəyindən görünür ki, 1952-ci il təvəllüdlü vət.Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsinə və təqdim olunan tibbi sənədlərə əsasən nəticəyə gəlib. Vət.Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sol diz oynağı nahiyəsinin yumşaq toxumalarının əzniyi, sol diz oynağının hemartrozu, sol diz oynağının postravmatik artralgiyası, sol baldır nahiyəsinin sıyrıqları- bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 13.03.2019-cu il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlərdən sol diz oynağı nahiyəsinin yumşaq toxumalarının əzniyi, sol diz oynağının hemartrozu, sol diz oynağının postravmatik artralgiyası dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya; sol baldır nahiyəsinin sıyrıqları isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin olunmayan xəsarətlərə aid edilir. İş materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizanın 02.05.2019-cu il tarixli T 148/2019 №-li rəyi ilə (iş materiallarında rəyin əsli yoxdur, təsdiqlənməyən surətidir) müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarət - sol diz oynağı nahiyəsinin yumşaq toxmalarınm əzniyi, hemartozu, postravmatik artralgiyası, sol baldır nahiyəsinin sıyrıqları bərk küt əşyanın təsirindən törənmiş, təpiklə yetirilə bilərdi, törənmə müddəti 13 mart 2019-cu il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə sol diz oynağı nahiyəsinin yumşaq toxmalarınm əzniyi, hemartozu, postravmatik artralgiyası sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir, sol baldır nahiyəsinin sıyrıqları isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. Məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını tədqiq edərək hesab edir ki, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadığından ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə bəraət verilməlidir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs öz ailə üzvləri ilə birlikdə Gəncə şəhəri Məhsəti qəsəbəsində yaşayır, Zərərçəkmiş şəxs və oğlu Şahid1 onların qonşuluğunda yaşayırlar, əvvəllər onlar arasında heç bir ədavət və düşmənçilik olmamışdır.12.03.2019-cu il tarixdə axşam saatlarında, təxminən saat 22 radələrində Azər təqsirləndirilən şəxsin evlərinin pəncərəsini döydüyündən və Ruslanın anasının küçəyə itlər üçün yemək qoymasına narazılıq etdiyindən aralarında mübahisə yaranmışdır və həmin vaxt Azər söyüş söydüyündən Ruslan əli ilə bir dəfə Azəri vurmuş, bundan sonra Azər evinə getmişdir. Səhəri günü Azər Ruslanın onu vurmasını atası Zərərçəkmiş şəxs demiş, 13.03.2019-cu il tarixdə saat təxminən 17 radələrində Bəndər Təqsirləndirilən şəxs yaşadığı evin qapısını döyərək onları çölə çağırmışdır. Hüseyn qapıya çıxmış və nə baş verdiyini Bəndərdən soruşmuş, həmin vaxtı Hüseyinin qardaşı Ruslan və Bəndərin oğlu Azər də onların yanlarına gəlmişlər, Bəndər nə üçün oğlu Azəri Ruslanın vurduğunu soruşub ona qarşı nalayiq söyüşlər söyməyə başlamışdır. Hüseyn Bəndərə iradını bildirdikdə Azər ilə Hüseyn arasında mübahisə yaranmış və onlar bir-birilərinin yaxasından tutmuşlar,Bəndər Ruslanı itələmiş və vurmaq istəyəndə yumruq dəyməmiş, Bəndər Ruslana təpik atmış Ruslan təpiyin ona dəyməsinin qarşısını almaq üçün Bəndərin ayağından tutmuş, Bəndər müvazinətini saxlaya bilməyib yerə yıxılmış və sol ayağı yerə çırpılmış, Bəndər muvazinətini saxlaya bilməyib yıxılan zaman Firuzənin yaxasından tutaraq özü ilə dartmış onlar birlikdə yıxılmışlar. Səsə gələn qonşular onları sakitləşdirmişlər.Bəndər özü dizi üzərində daşın üstünə düşmüş, Firuzə isə yanı üstə onun üzərinə düşmüş, dərhal Ruslan və Hüseyn Firuzəni yerdən qaldırmağa çalışmış, Azər və qonşular isə Bəndəri yerdən qaldırmağa çalışmışlar. Mübahisə bununla yekunlaşmış, hamı sakitləşmiş, Firuzə yıxılaraq özünü pis hiss etdiyindən oğlanları və gəlini tərəfindən evlərinə aparılmış, Bəndər qalxıb oğlu Azərlə birlikdə evinə getmişdir. Onlar arasında mübahisə 3-4 dəqiqə davam etmişdir. Ruslan Bəndəri nə ayaq üstə nə də yerə yıxıldıqdan sonra vurmamış, hadisə vaxtı Bəndərin yerə yıxılmasına və xəsərat almasına səbəb Bəndərin atdığı təpikdən qorunmaq üçün Ruslanın onun ayağından tutması və Bəndər muvazinətini saxlaya bilməyərək yerə yıxılaraq sol dizinin yerə dəyməsi və Bəndər yerə yıxılarkən Firuzədən tutduğundan onun üstünə yıxılması olmuşdur. Hazırkı ittiham üzrə zərərçəkən Zərərçəkmiş şəxs xəsarətlərin Təqsirləndirilən şəxs tərəfindən yetirilməsi öz təsdiqini tapmır. Zərərçəkmiş şəxs təpiklə Təqsirləndirilən şəxs tərəfindən xəsarət yetirilməsi zərərçəkmişin öz ifadəsindən başqa heç bir sübutla təsdiq olunmur, əksinə təqsirləndirilən şəxsin və şahidlərin ifadəsi bu halı təkzib edir. İş üzrə Təqsirləndirilən şəxs verilmiş ittihamda göstərilən tarixdə, saatda və yerdə hadisənin birbaşa görən şəxs kimi Zərərçəkmiş şəxs Qənbər oğlu, şahidlər Şahid1, Şahid2, Şahid3, Şahid4, x1, x3. Həmin şəxslərdən Şahid1, Şahid2, Şahid3, Şahid4, x1, x7 ifadələrində bildirirlər ki, ümumiyyətlə ittiham aktında göstərilən tarixdə, saatda, yerdə və şəraitdə Təqsirləndirilən şəxs tərəfindən zərərçəkən Zərərçəkmiş şəxs Qənbər oğlu vurulmamış və hər hansı bir xəsarət yetirilməmişdir. Zərərçəkmiş şəxsin ifadəsinə münasibətdə məhkəmə bildirir ki, onun ibtidai istintaqda və məhkəmədə verdiyi ifadələr arasında ziddiyət mövcuddur. Belə ki, zərərçəkən şəxs özü ibtidai istintaq dövründə verdiyi ifadəsindən fərqli ifadə verərək məhkəmə iclasında bildirmişdir ki, yıxılmamışdan əvvəl onu vuran olmamış, onun yerə yıxılmasına səbəb Təqsirləndirilən şəxs təpik vurmaq istəyərkən sonuncunun onun ayağından tutması və müvazinətini saxlaya bilməyib yerə yıxılması, bundan sonra Təqsirləndirilən şəxs onu yerdə təpiklə vurması olmuşdur. Zərərçəkmiş şəxsin ifadələri arasındakı uyğunsuzluq və ziddiyyətlər onun mötəbərliyini və sübuti əhəmiyyətini şübhə altına alır. Eyni zamanda zərərçəkmiş şəxsin bu ifadəsi iş üzrə dindirilmiş neytral şahidlərin və hətta zərərçəkmiş şəxsin öz oğlunun ifadələri ilə təkzib olunur. Məhkəmə-tibbi ekspertizanın zərərçəkmiş şəxsin ayağında yaranmış xəsarətin səbəbi ilə bağlı hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, ekspert öz rəyində ümumən xəsarətin bərk küt əşyanın nəticəsində əmələ gəlməsini göstərmiş və xəsarətin təpiklə yaranması ehtimalını istisna etməmişdir. Bu da həmin xəsarətin hər hansı bərk küt əşyanın, o cümlədən daşın və ya yerdəki hər hansı digər predmetin təsirindən əmələ gəlməsini istisna etmir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, 13.03.2019-cu il tarixdə saat 17 radələrində yaranmış mübahisənin səbəbi əsas etibarı ilə təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin oğlu arasında bir gün əvvəl baş vermiş mübahisəyə görə, zərərçəkmiş şəxsin təqsirləndirlən şəxsin yaşadığı evə gələrək onunla hesablaşması və aktiv hərəkətləri ilə başlamış, təqsirləndirlən şəxs öz hərkətləri ilə ətrafdakıların (cəmiyyətin) diqqətini cəlb etməmiş, ictimai qaydanı pozmamış, heç kimə yönəlməmiş, cəmiyyətə açıqca hörmətsizlik ifadə olunması ilə nəticələnməmişdir. Təqsirləndirilən şəxsin hadisə zamanı zərərəçəkmiş şəxsə qarşı olan hərəkəti yalnız sonuncunun ona atdığı təpiyi tutmaqdan ibarət olmuşdur ki, təqsirləndirilən şəxsin bu hərəkəti yalnız zəruri müdafiə kimi qiymətləndirilməlidir. Çünki, təqsirləndirilən şəxsin ona qarşı edilmiş hücuma cavab olaraq zərərçəkmiş şəxsin ayağını tutmaqla zərbənin qarşısını alması, hətta bu, zərərçəkmiş şəxsin xəsarət alması ilə nəticələnsə belə, edilmiş hücuma adekvat hərəkətdir. Buna görə də təqsirləndirilən şəxs zəruri müdafiə həddində hərəkət etmişdir. Belə ki, şəxsin özünü müdafiə etmək hüququ onun təbii hüququdur. Bu hüquq insan yarandığı andan başlayır, bütün əsrlərdə də cəmiyyət tərəfindən həmişə müdafiə olunmuşdur və Azərbaycan Respublikası CM-nin 36.1-ci maddəsinə müvafiq olaraq zəruri müdafiə vəziyyətində, yəni özünü müdafiə edənin və ya başqa şəxsin həyatını, sağlamlığını və hüquqlarını, dövlətin və cəmiyyətin mənafelərini qəsd edənə zərər vurmaq yolu ilə ictimai təhlükəli qəsddən qoruyarkən törədilmiş hərəkət, zəruri müdafiə həddini aşmamışdırsa, cinayət sayılmır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1 və 42.1.2.-ci maddələrinə əsasən əməldə cinayət tərkibi olmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda bəraət hökmü çıxarılır. Azərbaycan Respublikası CPM-in 21.1, 21.2 və 21.3-cü maddələrinə əsasən “Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır”, “Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır», «Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür». Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən “Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır”. Eyni Məcəllənin 349.5.1-ci maddəsinin məzmunundan görünür ki, məhkəmənin cinayət işi üzrə gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının: 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. 63-cü maddəsinin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. x8 Konvensiyasının 6-cı maddəsini 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. x10 Məhkəməsi Telfner Avstriyaya qarşı( 2001) işində qeyd etmişdir ki,məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarı qərarında göstərilmişdir ki, sübutları hərtərəfli təhlil edib qiymətləndirmək əvəzinə, məhkəmələr bəzən ittihamı təsdiq edən ifadələrin mətnini hökmdə əks etdirməklə kifayətlənirlər. İttihamı şübhə altında qoyan ifadələr isə ya ümumiyyətlə nəzərə alınmır, yaxud da onlar hökmdə təhlil edilib qiymətləndirilmir. Həmçinin, həmin qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 323-cü maddəsinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarı qərarında göstərilmişdir ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinin tərkibinin olması ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından, əməlində cinayət tərkibi olmadığından təqsirləndirilən şəxsə irəli sürülmüş ittiham üzrə bəraət verilməli və barəsində seçilmiş «ev dustaqlığı» qismində qətimkan tədbiri ləğv edilməlidir. CPM-in 56-cı maddəsinə və “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarınınqanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa görə Təqsirləndirilən şəxs bəraət almış təqsirləndirilən şəxs kimi cinayət prosesini həyata keçirən orqanın sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. İş üzrə məhkəmə məsrəfi, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinin tərkibi olmadığından bəraət verilsin və o, Azərbaycan Respublikasının adından təqsirsiz elan edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 356.5-ci maddəsinə əsasən qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququnun və həmin hüququn həyata keçirilməsi ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən : Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №1(043)-13/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-13/2020
10.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver