Məhkəmə qərarları › İş №1(043)-13/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-13/2022

14.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-13/2022 14.03.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs oğlunun və müdafiəçi Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Nümayəndə iştirakı ilə, 14 mart 2022-ci il tarixdə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında, xx.xx.1969-cu ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, təqaüdçü, məhkum olunmamış, Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi, 3 nömrəli yataqxanada qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidməti 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs oğlunun, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 32.4,312.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs oğluna ittiham verilmişdir ona görə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 2019-cu ilin iyul ayının əvvəllərində Gəncə şəhər sakini Şahid1 övladı Şahid2 Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində işə düzəlməsində köməklik göstərilməsinə dair özünə etdiyi müraciətinə əsasən, Şahid1 özünün qeyd edilən nazirlikdə işləyən general rütbəli vəzifəli şəxs olan X2 ilə yaxın münasibətlərinin olduğunu, sonuncunun isə Nazirliyin Kadrlar idarəsinin rəisi və Penitensiar Xidmətin rəisi ilə yaxın münasibətlərinin olduğunu, Faiq Qurbanovun həmin əlaqələrindən istifadə edərək onun övladını həmin işə düzəltmək imkanına malik olduğunu yalandan bildirib, inandırmaq üçün Şahid2 şəxsiyyət vəsiqəsinin, ali təhsil haqqında diplomunun, hərbi biletinin surətlərini və bir neçə ədəd foto şəklini şəxsən götürərək, onun inam və etibarını qazandıqdan sonra övladının işə qəbul olunması məsələsini Faiq Qurbanovun vasitəsi ilə Nazirliyin Kadrlar idarəsinin və Penitensiar Xidmətin rəislərinə xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid2 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 45000 (qırx beş min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsi müqabilində həll edəcəyini şəxsən vəd verib inandıraraq, Şahid1 razılığını almaqla onunla sövdələşib, həmin adla 23 iyul 2019-cu il tarixdə Gəncə şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 269 ünvanında yerləşən “ASAN xidmət” mərkəzində 420000 (qırx iki min) manat pulu Şahid1 şəxsən alaraq, sonuncunun özünə olan inamını artırmaq və cinayət əməllərini pərdələmək üçün onunla həmin tarixdə qeyd olunan ünvanda yerləşən notariat ofisində borc müqaviləsi bağlayıb, eyni niyyətlə, 2019-cu ilin iyul ayının sonlarında Şahid1lə Gəncə şəhəri, Kəpəz rayonu, Zülfi Hacıyev küçəsində yerləşən «Gəncə Dəmir yolu» vağzalının yaxınlığında görüşərək 3000 (üç min) manat pulu Şahid1 şəxsən alaraq, əldə etdiyi həmin pul vəsaitini şəxsi ehtiyaclarına sərf edib, etibardan suiistifadə etmə və aldatma yolu ilə Şahid1 məxsus 45000 (qırx beş min) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirərək ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid2 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə Şahid1 təhrik etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 32.4,312.1-ci maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bildi. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şahid ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlunun əməlində cinayət tərkibi vardır. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 32.4,312.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs oğlu həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələbləri baxımından məhkəmə istintaqında şahid ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün subut növləri kimi qəbul edir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs oğlu ona qarşı irəli sürülmüş ittiham üzrə özünü özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin Şəxsi Mühafizə idarəsinin baş mühafizə zabiti vəzifəsində çalışmışdır. Hazırda təqaüddədir. 2019-cu ilin may- iyun aylarında Gəncə şəhər sakini Asim adlı şəxsin vasitəsilə Şahid1 ilə tanış olmuşdur. Belə ki, Asim onunla söhbət zamanı Elcanın övladını Ədliyyə Nazirliyinin Penitensiar xidmətinə işə qəbul olunmasını istədiyini deyərək, ona köməklik etməyi xahiş etmişdir. O, Gəncə şəhəri Dəmir yolu vağzalının yaxınlığında Şahid1lə görüşüb söhbət edərkən sonuncu oğlunun ali təhsilli olmasına baxmayaraq, iş tapa bilmədiyini, onun işlə təmin olunmasına köməklik göstərməyini xahiş etmişdir. O, Elcana Ədliyyə Nazirliyində general vəzifəsində dostunun işlədiyini, bu səbəbdən onu Penitensiar Xidmətə düzəldə biləcəyini bildirmişdir. Belə ki, o, təxminən 15 il bundan əvvəl Xüsusi Dövlət Mühafizə Xidmətində işlədiyi dövrdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində idarə rəisi vəzifəsində işləmiş Faiq Qurbanovla tanış olmuşdur. Onunla yaxşı münasibətləri yaranmışdır. Elcan ondan bu barədə Faiqlə danışmağı xahiş etmişdir. O, mobil telefonu ilə Faiq Qurbanovla bu barədə danışdıqdan sonra Elcandan Anarın şəxsiyyət vəsiqəsinin surətini, hərbi biletinin surətini, təhsil haqqında diplomunun surətini götürmüşdür. Bundan sonra o, Bakı şəhərinə gələrək Faiqlə Bakı şəhəri, Yasamal rayonu ərazisində Ədliyyə Nazirliyinin inzibati binasının yaxınlığında yerləşən «Hüseyn Cavid» parkında görüşmüşdür. O, Faiqlə görüşərkən Faiq ona bildirmişdir ki, 35000 manat pulun müqabilində Şahid2 Bakı İstintaq Təcridxanasında işə düzəldə bilər.Bundan sonra o, Gəncə şəhərində Elcanla görüşərək 45000 manat pulun müqabilində Faiqin onun oğlu Anarı Bakı İstintaq Təcridxanasında işə düzəltməsinin mümkün olduğunu demişdir. Əslində Faiq 35000 manat istəmiş, o, isə özü üçün əlavə olaraq 10.000 manat artıq istəmişdir. Elcan onun təklifi ilə razılaşaraq Gəncə şəhərində yerləşən notariusda 42000 manat pulu ona vermişdir. Elcan qalan 3000 manat pulu da, ona vermişdir. Bundan sonra o, Bakı şəhərinə gələrək Bakı şəhəri, Yasamal rayonu ərazisində Nəriman Nərimanovun heykəlinin yaxınlığında Faiqin yaşadığı evin yanında onunla görüşmüşdür. O, Faiqə 35000 manat pulu vermişdir. Həmin vaxt onun böyük oğlu Talib Tağıyev də, onunla birlikdə getmişdir. Bundan sonra Faiqlə arada telefonda danışmış, Faiq ona səbrli olmağı Anarın işi ilə maraqlandığını demişdir. Sonradan Faiq işi düzəltmədiyi üçün Elcan ondan pulunu istəməyə başlamışdır. O, Faiqdən pulu geri istəmiş, lakin Faiq ona pulu qaytarmadığı üçün o, Elcanın pulunu qaytara bilməmişdir. O, Elcandan aldığı 45000 manat puldan 10000 manatını həyat yoldaşının müalicəsinə sərf etmişdir.Əməlindən peşman olduğunu bildirərək barəsində ədalətli qərar çıxarılmasını xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, övladı Şahid2 işsiz olduğu üçün onun işə düzəlməsini istəmişdir. 2019-cu ilin iyun ayında o, tanışı olan Gəncə şəhər sakini Asim adlı şəxsin vasitəsi ilə Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Asim ona Elçinin Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində tanışlarının olduğunu, onların vasitəsi ilə məsələlər həll etdiyini demişdir. O, birinci dəfə Elçinlə 2019cu ilin iyun ayında Gəncə şəhəri ərazisində «Dəmir Yolu» vağzalının yaxınlığında yerləşən kafedə görüşmüşdür. O, Elçinlə Asim və oğlu Anarın iştirakı ilə görüşmüşdür. Həmin vaxt o, Təqsirləndirilən şəxslə söhbət zamanı ona Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində işləyən general rütbəli tanışının olduğunu, istədiyi halda oğlunu həmin qurumda işə düzəldə bilmək imkanının olduğunu demişdir. Bundan sonra o, Elçinin sözlərinə inanaraq ondan oğlu Anarın penitensiar xidmətə işə düzəldilməsində köməklik etməsini xahiş etmişdir. Elçin isə öz növbəsində bunun müqabilində 45000 (qırx beş min) manat məbləğində pul lazım olduğunu, həmin məbləğ verildikdən sonra isə 6 ay ərzində Anarın işə qəbul əmrinin imzalanacağını bildirmişdir. Elçin ona qeyd olunan pulun general rütbəli tanışının vasitəsi ilə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəhbərliyinə çatdırılacağını və bunun müqabilində oğlunun işə qəbul olunmasını demişdir. Onların aralarında olan bu söhbətdə Anar və Asim də, iştirak etmişlər. Bundan başqa Təqsirləndirilən şəxs həmin məbləği Ədliyyə Nazirliyində işləyən adını çəkmədiyi general dostuna verəcəyini qeyd etmişdir. O, ilkin olaraq Elçinlə razılaşmış və borc-xərc edərək qısa müddət ərzində 42000 manat pulu hazır etmişdir. Təqsirləndirilən şəxs onun şübhə ilə yanaşdığını görərək, ona olan inamını artırmaq üçün ona pulu müqavilə əsasında verməyi təklif etmişdir. Elçin Anarın işə qəbul məsələsində heç bir problem yaranmayacağını demişdir. 23 iyul 2019-cu il tarixdə o, Gəncə “ASAN xidmət” mərkəzində notariat ofisində borc müqaviləsi bağlayaraq 1 il müddətinə 42000 manat pulu Elçinə vermişdir. Qalan 3000 manat pulu isə bir həftə sonra Elçinlə Gəncə şəhərində görüşərək ona vermişdir Təqsirləndirilən şəxs 1 ay ərzində oğlu Anarın ərizəsinin alınması məqsədi ilə penitensiar xidmətə çağırılacağını, 6 ay ərzində isə işlə təmin olunacağına söz vermişdir. Elçinin vəd etdiyi vaxtdan 1 ay keçəndən sonra ondan bir xəbər çıxmadığı üçün onunla telefon vasitəsi ilə əlaqə saxlamış, Elçin tezliklə əlaqə saxlayacağını demiş və bir neçə həftə keçdikdən sonra özü onunla əlaqə saxlayaraq oğlu Anarın Bakı şəhərinə gedərək penitensiar xidmətin inzibati binasına yaxınlaşmasını, həmin xidmətin işçilərinin ondan ərizə alacaqlarını bildirmişdir. Növbəti gün oğlu Anar Bakı şəhərinə gedərək penitensiar xidmətin inzibati binasına yaxınlaşsa da, heç kimin ondan ərizə almadığını görüb Elçinlə əlaqə saxlamışdır. Yalnız bundan sonra xidmətin inzibati binasından bir nəfər mayor rütbəli əməkdaş çıxaraq Anarı binaya dəvət etmiş, Anar həmin vaxt işə qəbul olunması üçün ərizə yazmışdır. O, sonradan oğlu Anardan işin nəticəsini maraqlandıqda Anar ona bildirmişdir ki, həmin mayor rütbəli şəxs onsuz da vakant yer olmadığını, xahiş əsasında onun ərizəsini qəbul etdiyini ona demişdir. Bu barədə oğlu Anardan məlumat aldıqdan sonra Elçinə zəng edərək bunun səbəbini soruşmuş, Elçin isə ona narahat olmamağı, 6 ay ərzində işə qəbul əmrinin imzalanacağını bildirmişdir. 2019-cu ilin oktyabr ayının ortalarında yaşadığı evə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən məktub daxil olaraq, məktubda vakant vəzifə olmadığı qeyd olunmuşdur. Bundan sonra yenidən Təqsirləndirilən şəxslə əlaqə saxladıqda sonuncu ona narahat olmamasını və razılaşdıqları 6 ayın keçmədiyini bildirərək ona səbirli olmasını demişdir. O, Elçinin söz verdiyi 6 ay müddətin tamam olmasını gözləmiş, bu müddət tamam olduqdan sonra, yəni 2019-cu ilin dekabr ayının sonlarında yenidən Elçinlə Gəncə şəhərində kafedə görüşmüş, sonuncu isə 2020-ci ilin yanvar ayının ortalarına kimi Anarın işə qəbul əmrinin imzalanacağını deyərək, biraz səbirli olmağı xahiş etmişdir. O, Elçinə oğlunu işə düzəltmək istəmədiyini bildirərək pulunun geri qaytarılmasını tələb etmişdir. Elçin isə ona and-aman edərək qısa müddət ərzində əmrin imzalanacağını bildirmişdir. Bu qayda ilə məsələ 2020-ci ilin mart-aprel aylarına kimi davam etmişdir. Bundan sonra Elçinin hər dəfə müxtəlif bəhanələrlə onu aldatdığını görüb şikayət etmişdir. Elçin ona Faiq Qurbanovun adını çəksə də, lakin o, heç vaxt bu şəxslə görüşməmiş və Elçinin bu şəxslə danışmasının şahidi olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, atası Elcan onu Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə işə düzəlməsini istəmişdir. 2019cu ilin iyun ayında atasının tanışı olan Asim adlı şəxs onlara Elçinin Ədliyyə Nazirliyində işləyən tanışlarının olduğunu, həmin nazirlikdə işləri həll etmək imkanı olduğunu demişdir. Bundan sonra o, atası və həmin Asim adlı şəxslə birlikdə Elçinlə 2019-cu ilin iyun ayında Gəncə şəhəri ərazisində «Dəmir Yolu» vağzalının yaxınlığında yerləşən kafedə görüşmüşlər. Həmin vaxt Təqsirləndirilən şəxs bildirmişdir ki, əvvəllər Xüsusi Dövlət Mühafizə Xidmətində işləyərkən Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində işləyən general rütbəli şəxslə tanış oluşduğunu, istədikləri halda onu həmin qurumda işə düzəldə biləcəyini demişdir. Bundan sonra atası Elçinin sözlərinə inanmış və sonuncudan onun penitensiar xidmətə işə düzəldilməsində köməklik etməsini xahiş etmişdir. Elçin bunun üçün 45000 (qırx beş min) manat məbləğində pul lazım olduğunu, həmin məbləğ verildikdən sonra isə 6 ay ərzində onun işə qəbul olunacağını bildirmişdir. Atası ona bu pulun çox olduğunu desə də, Elçin pulun generala çatdığını, bir manat aşağı olsa qəbul etməyəcəyini demişdir. Atası Elcan qohum və tanışlarından borc-xərc edərək qısa müddət ərzində 42000 manat pulu hazır etmişdir. Atası özünü sığortalamaq üçün onunla notarial qaydada müqavilə bağlayaraq pulu verməyə razı olmuşdur. 23 iyul 2019-cu il tarixdə o və atası Elçinlə birlikdə Gəncə şəhərində yerləşən “ASAN xidmət” mərkəzinə getmişlər və orada fəaliyyət göstərən notariat ofisində aralarında kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Təqsirləndirilən şəxs 1 il müddətinə 42000 manat pulu atası Elcana geri qaytarmalı idi. Təxminən 1 həftə sonra isə atası Elcan Gəncə şəhərində Təqsirləndirilən şəxslə görüşərək qalıq 3000 manat pulu da onun özünə vermişdir. Təqsirləndirilən şəxs 1 ay ərzində onun ərizəsinin alınması məqsədi ilə penitensiar xidmətə çağırılacağını, 6 ay ərzində isə işlə təmin olunacağını bildirmişdir. Sonradan Təqsirləndirilən şəxs heç bir xəbər çıxmadığı üçün atası onunla tedlefon vasitəsi ilə əlaqə saxlamış, bir neçə həftə keçdikdən sonra Elçin özü atası Elcanla əlaqə saxlayaraq onun Bakı şəhərinə gedərək penitensiar xidmətin inzibati binasına yaxınlaşmasını, həmin xidmətin işçilərinin ondan ərizə alacaqlarını bildirmişdir. Növbəti gün o, Bakı şəhərinə gedərək penitensiar xidmətin inzibati binasında qarşısında gözlımiş, bir nəfər mayor rütbəli şəxs ona yaxınlaşaraq kadrlada işləmədiyini, sadəcə olaraq bir nəfər qohumunun ondan ərizə almağı xahiş etdiyini demişdir. O, həmin şəxsdən onu qəbul etməsini xahiş edən şəxsin Elçin olub-olmamasını soruşmuş, sonuncu isə ona Elçini tanımadığını bildirmişdir. Həmin mayor rütbəli şəxs ona heç nə deməmiş, o, ərizə yazandan sonra oranı tərk etmişdir.2019-cu ilin oktyabr ayının ortalarında yaşadıqları evə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən məktubu daxil olmuş, məktubda vakant vəzifə olmadığından müraciətin imkan xaricində olması qeyd olunmuşdur.Bundan sonra atası yenidən Təqsirləndirilən şəxslə əlaqə saxlamış və sonuncu onlara narahat olmamağı, razılaşdıqları 6 ayın keçmədiyini bildirmişdir. 2019-cu ilin dekabr ayının sonlarında yenidən Elçinlə Gəncə şəhərində kafedə görüşmüşlər. Elçin 2020-ci ilin yanvar ayının ortalarına kimi onun işə qəbul əmrinin imzalanacağını deyərək, biraz səbirli olmağı xahiş etmişdir. Atası Elcan isə ona işə düzəltmək məsələsini istəmədiyini deyərək, pulun geri qaytarılmasını tələb etmişdir. Elçin and-aman edərək qısa müddət ərzində əmrin imzalanacağını bildirmişdir. Bu qayda ilə məsələ 2020-ci ilin mart-aprel aylarına kimi davam etmişdir. Bundan sonra atası Elçinin onları aldatdığını görüb şikayət etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid3 ifadəsində göstərmişdir ki, o, Şahid1 uzun müddətdir ki, bir həmyerli kimi tanımış, X4 işlədiyi üçün onunla münasibəti yaranmışdır. O, Təqsirləndirilən şəxs Fərhad oğlunu da, həmyerli kimi tanımış, Elçin əvvəllər Xüsusi Dövlət Mühafizə Xidmətində işləmişdir. Onların hər ikisi ilə normal münasibətləri olmuşdur. O, Elcanın oğlu Şahid2 işsiz olduğunu və Elcanın onu işə düzəltmək istədiyini bilmişdir. Bu barədə Elcan özü söhbət zamanı ona demişdir. Elçin isə müxtəlif vaxtlarda söhbət zamanı Ədliyyə Nazirliyində işləyən general rütbəli tanışının olduğunu, onun vasitəsi ilə istədiyi şəxsi işə düzəltmək imkanının olduğunu demişdir. Buna görə də, o, Elçin və Elcanı tanış etməyi qərara almışdır. 2019-cu ilin iyun ayında onlar birlikdə Gəncə şəhərində Dəmir Yolu vağzalının yaxınlığında yerləşən kafedə görüşmüşlər. Söhbət zamanı Elcan oğlu Anarın Penitensiar Xidmətə işə düzəldilməsində köməklik etməsini Elçindən xahiş etmişdir. Elçin bunun üçün 45000 (qırx beş min) manat məbləğində pul lazım olduğunu demişdir. Bundan sonra o, Elçin və Elcanın söhbətlərində iştirak etməmişdir. O, Elcanın Elçinə pul verməsini Elcanın özünün deməsinə görə bilmişdir. Elcan ona pulun əsas hissəsini notarial qaydada bağlanılmış müqavilə əsasında verdiyini demişdir. Elçin özü də, ona Elcanın oğlunun işinə köməklik etmək üçün tanışına müraciət etdiyini demişdir, lakin Elçin heç vaxt onun general rütbəli tanışının adını, Elcanın oğlu Anarın Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində işə düzəlməsini kimin vasitəsi ilə həll etdiyini deməmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Andandonskinin-Rusiyaya qarşı» işi üzrə 28.09.2006-cı il tarixli, həmçinin, «Saidinin-Fransaya qarşı» işi üzrə 20.09.1993-cü il tarixli qərarlarında izah edilir ki, «sübutların mümkünlüyü» daxili qanunvericiliklə tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə, Avropa İnsan Hüquqları Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından ibtidai araşdırma mərhələsində şahid qismində dindirilmiş və Təqsirləndirilən şəxs oğlunun müdafiəçisi Nümayəndə vəsatəti əsasında şahid qismində cəlb edilmiş, X1 ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmuş X2 ifadəsində göstəmişdir ki, 1991-ci ildən Ədliyyə Nazirliyində əmək fəaliyyətinə başlamış, Ədliyyə Nazirliyində müxtəlif vəzifələrdə işləmiş, Nazirlikdə sonuncu vəzifəsi İnsan Hüquqları və İctimaiyyətlə əlaqələr İdarəsinin rəisi vəzifəsi olmuşdur. O, İİİ dərəcəli dövlət ədliyyə müşaviri rütbəsi daşıyır. 2018-ci ilin dekabr ayından hazırkı günədək Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında baş müəllim vəzifəsində işləyir. Təqsirləndirilən şəxs Fərhad oğlunu təxminən 2008-ci ildən tanıyır, onunla yaxşı münasibəti olmuşdur. O, 2019cu ilin may ayında ürəyindən açıq əməliyyat olunmuş, səhhəti ilə bağlı müalicə almaq üçün müəyyən vəsaitə ehtiyacı yaranmışdır. O, bununla bağlı 2019-cu ilin yay aylarında Təqsirləndirilən şəxs Fərhad oğluna müraciət etmişdir. O, ondan 30000 və ya 35000 manat borc pula ehtiyacının olduğunu bildirərək, Elçindən köməklik etməsini istəmiş, Elçin buna etiraz etməmiş, ona 35000 manat pul borc tapıb gətirəcəyini bildirmişdir. Sonradan o, Elçinlə yaşadığı evin yaxınlığında binanın həyətində görüşmüş, Elçin onunla görüşə oğlu ilə birlikdə gəlmişdir. Elçin ona övladının Milli Aviasiya Akademiyasına qəbul olunduğunu bildirmiş, hətta onun övladını bununla bağlı təbrik etmişdir. Elçin ona 35000 manat pulu verərək, həmin pulu yaxın dostundan borc aldığını bildirmişdir. O, Elçinə bir neçə ay ərzində pulu qaytaracağını demişdir. Elçin ona həmin pulu Şahid1 adlı tanışından borca götürdüyünü demişdir. Elçin ona 35000 manat pulu verəndə övladının təhsil haqqını ödəyə bilmədiyini deyərək, 2000 manat pul istəmiş, o, elə həmin 35000 manat puldan 2000 manatını sayaraq Elçinə vermişdir. O, Elçindən pulu götürəndə onunla götürdüyü pulu hissə-hissə ödəyəcəyinə dair razılaşmışdır. O, 2019-cu ilin oktyabr ayında ilkin olaraq 5000 manat pulu Elçinə Yasamal rayonu, Nərimanov heykəlinin yanında vermişdir. Bundan bir neçə ay sonra onunla elə həmin ünvanda görüşərək əlavə olaraq 5000 manat da pul vermişdir. Həmin vaxt Elçin ondan pulu alanda pul sahibinin narazılıq etdiyini, pulu tam şəkildə qaytarmağı tələb etdiyini demişdir. O, Elçinə inandığı üçün, adının hallanmaması məqsədilə ona ailəsinə məxsus olan xüsusi sifariş ilə Dubay şəhərində hazırlatdığı 20000 ABŞ dolları dəyərində olan briliant qaşlı komplekt sırğa və üzüyü girov şəkilində verməyi, pulu tam ödəyəndən sonra həmin komplekti ona qaytarmasını təklif etmişdir. Elçin bununla razılaşmışdır. 2019-cu ilin dekabr ayında o, Elçinlə yenidən evinin yaxınlığında görüşərək ona həmin qızıl-zinət əşyasını vermişdir. 2020-ci ilin fevral ayında o, 10000 manat pul düzəldib Elçinə vermək üçün onu Yasamal rayonu, Nərimanov prospekti 9 ünvanda yerləşən yaşayış binasının qarşısında olan N.Nərimanov heykəlinin yanına çağırmışdır. O, Elçinlə orada görüşəndə ona daha borcunun az qaldığını deyərək, ona verdiyi Dubay şəhərində hazırlatdığı 20000 ABŞ dollan dəyərində olan briliant qaşlı komplekt sırğa və üzüyü gətirib qaytarmasını bildirmişdir. Elçin pul sahibi ilə danışıb ona bir cavab deyəcəyini demişdir. Bundan sonra Elçin onunla gürüşmüş, həmin vaxt Elçindən qızıl-zinət əşyasını gətirib-gətirmədiyini soruşmuş, Elçin həmin əşyanı gətirmədiyini bildirib, pul sahibi pulu tam şəkildə ödədikdən sonra həmin briliant qaşlı komplekt sırğa və üzüyü qaytaracağını demişdir. O, Elçinə inanaraq bununla razılaşmışdır. Bundan sonra o, Elçinə 5000 manat da pul vermişdir. O, Elçinə cəmi 25000 manat pul qaytarsa da, lakin sonuncu qızıl-briliant əşyasını ona qaytarmamışdır. O, Elçinə inandığı üçün ona pulu tam ödəyəndən sonra zinət əşyasını götürməyi qərara almışdır. O, Elçinə zinət əşyasını verəndən sonra onunla əlaqə saxlamamışdır. Bundan əvvəl isə Elçin tez-tez ona zəng edərək narahat etmiş, pulu qaytarmağı demişdir. 2020-ci ilin may ayında o, 8000 manat pulu düzəldib Elçinə zəng vuraraq briliant dəstini götürüb gətirməsini və ona 8000 manat pulu verib onunla arasında olan borc məsələsini bitirəcəyini demişdir. Həmin vaxt Elçin brilliant dəstini girov qoyduğu ağsaqqal ilə məsləhətləşib ona cavab verəcəyini demişdir. Bir müddət keçdikdən sonra Elçindən bir xəbər çaxmadığını görüb özü ona təkrar zəng edərək bu məsələ ilə maraqlanmış, Elçin ona briliant dəstini ağsaqqal dediyi adamın bir zərgərə 10000 manata sataraq Şahid1 verdiyini bildirmişdir. Buna görə o, Elçinə öz etirazını bildirib briliant dəstin geri qaytarılmasını tələb etmişdir. Elçin hər dəfə ona müxtəlif bəhanələr gətirərək onu aldatmağa başlamışdır. Ona görə də, onun barəsində Gəncə şəhər Polis idarəsinə ərizə ilə müraciət etmişdir. O, Gəncə şəhər Polis idarəsinə ərizə ilə müraciət etdikdən sonra bilmişdir ki, Təqsirləndirilən şəxs tanışı Şahid1lə notariat qaydada borc müqaviləsi bağlayaraq ondan 45000 manat borc götürmüş və ona məxsus olan briliant dəstini heç bir şəxsə saxlamaq üçün girov verməmişdir. O, Elçindən həmin zinyət əşyasını geri tələb edəndə, sonuncu əvvəlcə bir zərgərlə maraqlanmağı, həmin əşyanı yenidən düzəltdirəcəyini demişdir. O, Bakı şəhərində zərgərlərlə maraqlanaraq Elçinə bir neçə zərgərin nömrəsini göndərmişdir. Elçin ona zərgərlə danışacağını desə də, lakin sonradan ondan heç bir xəbər çıxmamış, Elçinlə onunla görüşlərdən qaçmağa başlamışdır. O, Şahid1 və onun övladı Şahid2 tanımamışdır. O, bu şəxslərlə heç vaxt görüşməmişdir. O heç bir şəxsin oğlunu Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində işə düzəlməsi üçün Təqsirləndirilən şəxs pul almamışdır. O, Elçindən pulu borc almışdır. Sadəcə olaraq Elçin ona pulu verəndən bir müddət sonra onunla əlaqə saxlayaraq borc verdiyi şəxsin övladını Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində işə düzəlmək istədiyini deyərək, onun oğluna köməklik etməyi xahiş etmişdir. Lakin o, Elçinə bu cür işlərlə məşğul olmadığını, bu cür səlahiyyətinin olmadığını demişdir. Bundan bir müddət sonra Elçin yenidən onunla əlaqə saxlayaraq borca pulu verən şəxsin övladının Penitensiar Xidmətin qarşısına olduğunu deyərək, heç olmasa onun ərizəsinin alınmasında köməklik etməyi xahiş etmişdir. Ona pul lazım olduğu zaman həmin şəxsin köməklik etdiyi üçün onlara heç olmasa bu cür köməklik etməyi özünə mənəvi borc hesab etmişdir. Buna görə də, tanışlarından birinə zəng edərək Şahid2 işə qəbul ilə bağlı ərizəsini rəsmi olaraq ümumi qaydada alınmasını xahiş etmişdir. Lakin həmin şəxsin işə qəbul olunması ilə bağlı heç kimə faktiki olaraq müraciət etməmişdir. Bunlar hamısı şər və böhtandır. Təqsirləndirilən şəxs bu yolla özünü məsuliyyətdən azad etmək istəyir. Gəncə “ASAN xidmət” mərkəzi Notariat Ofisi tərəfindən 23.07.2019-cu il tarixli, 3M- 704 reyestr nömrəli kredit müqaviləsinin surətindən görünür ki, Şahid1 42000 manat pulu Təqsirləndirilən şəxs borc vermişdir. Şahid1 12.07.2021-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs Fərhad oğlunun 2019- cu ildə ondan aldığı 45.000 manat puldan 35.000 manatı 2021-ci ilin iyun ayının sonlarında ona qaytarılmışdır. Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş 04.02.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu məhkum olunmamışdır. 23.07.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Fərhad oğlu barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 26.07.2021-ci il tarixli, 5(001)-1031/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Fərhad oğlunun paylı mülkiyyətində olan Gəncə şəhəri Kəpəz rayonu, Məmməd Məhərrəmov küçəsi 32 saylı fərdi yaşayış evinin 1/2 hissəsi üzərinə həbs qoyulmuşdur. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 20.08.2021-ci il tarixli, 1(043)-177/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Fərhad oğlunun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmişdir. Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsinin 01.10.2021-ci il tarixli, 122-42150-124 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 01.10.2021-ci il tarixdə tutularaq Gəncə şəhər BPİ-in MSY-yə təhvil verilmişdir. Təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi haqqında Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 22.10.2021-ci il tarixli, 1(043)- 177/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Fərhad oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Gəncə şəhər Kəpəz rayonu Evlər üçlüyü tərəfindən verilmiş 25.11.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Fərhad oğlu yaşaış yeri üzrə müsbət xarakterizə olunur. Şahid1 notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Fərhad oğlu tərəfindən ona dəyən ziyan tam ödənilmişdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs oğlu etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 2019-cu ilin iyul ayının əvvəllərində Gəncə şəhər sakini Şahid1 övladı Şahid2 Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində işə düzəlməsində köməklik göstərilməsinə dair ona etdiyi müraciətə əsasən, Şahid1 onun qeyd edilən nazirlikdə işləyən general rütbəli vəzifəli şəxs olan X2 ilə yaxın münasibətlərinin olduğunu, sonuncunun isə Nazirliyin Kadrlar idarəsinin rəisi və Penitensiar Xidmətin rəisi ilə yaxın münasibətlərinin olduğunu, Faiq Qurbanovun həmin əlaqələrindən istifadə edərək onun övladını həmin işə düzəltmək imkanına malik olduğunu yalandan bildirib, inandırmaq üçün Şahid2 şəxsiyyət vəsiqəsinin, ali təhsil haqqında diplomunun, hərbi biletinin surətlərini və bir neçə ədəd foto şəklini şəxsən götürərək, onun inam və etibarını qazandıqdan sonra övladının işə qəbul olunması məsələsini Faiq Qurbanovun vasitəsi ilə Nazirliyin Kadrlar idarəsinin və Penitensiar Xidmətin rəislərinə xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid2 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özünün vasitəsilə maddi nemət olan 45000 (qırx beş min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsi müqabilində həll edəcəyini şəxsən vəd verib inandıraraq, Şahid1 razılığını almaqla onunla sövdələşib, həmin adla 23 iyul 2019-cu il tarixdə Gəncə şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 269 ünvanında yerləşən “ASAN xidmət” mərkəzində 42000 (qırx iki min) manat pulu Şahid1 şəxsən alaraq, sonuncunun özünə olan inamını artırmaq və cinayət əməllərini pərdələmək üçün onunla həmin tarixdə qeyd olunan ünvanda yerləşən notariat ofisində borc müqaviləsi bağlayıb, eyni niyyətlə, 2019-cu ilin iyul ayının sonlarında Şahid1lə Gəncə şəhəri, Kəpəz rayonu, Zülfi Hacıyev küçəsində yerləşən Gəncə Dəmir yolu vağzalının yaxınlığında görüşərək 3000 (üç min) manat pulu Şahid1 şəxsən alaraq, əldə etdiyi həmin pul vəsaitini şəxsi ehtiyaclarına sərf edib, etibardan sui-istifadə etmə və aldatma yolu ilə Şahid1 məxsus 45000 (qırx beş min) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirərək ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid2 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özünün vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə Şahid1 təhrik etmişdir. Təqsirləndirilən şəxs oğlunun məhkəmə istintaqı zamanı verdiyi ifadəsi iş üzrə dindirilmiş şahidlərin ifadəsi, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlərlə təkzib olunduğundan təqsirləndirilən şəxsin ifadəsini məhkəmə işin hallarına uyğun olmayan hesab etmişdir. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 32.4,312.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməli mülkiyyət əleyhinə və korrupsiya cinayəti olmaqla «az ağır» cinayətidir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 32.4,312.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidir. Təqsirləndirilən şəxs oğlunun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən olunmadı. Odur ki, Təqsirləndirilən şəxs oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 32.4,312.1-ci maddələri ilə təqsirli bilindiyi cinayət əməllərinə görə qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs oğlu barəsində cəza təyin edərkən, onun törətmiş olduğu cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs oğlunun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs oğlunun yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü bəndinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sistem olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının aşağıdakı izah və tələblərini də nəzərə alır. Belə ki, həmin qərarın 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Göstərilən qərarın 2-ci bəndində isə izah edilir ki, cəzaların tətbiq edilməsi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub olmaması,məsələn sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və.s) kimi hallara da diqqət yetirilməlidir. Ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs oğlunun yaşayış yerindən müsbət xarakterizə olunmasını onun islah olunmasına dəlalət edən hal hesab edib cəmiyyətdən təcrid olunmadan islah olunmasını mümkün sayıb, barəsində təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs oğlunun 05 (beş) ay 13 (on üç) gün həbsdə olduğu müddət nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs oğlunun üzərinə cəza çəkdiyi müddətdə yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək bir vəzifə olaraq qoyulmalı, onun davranışı üzərində nəzarət daimi yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə edilməlidir. Cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökm qanuni qüvvəsini alanadək Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbirinə dəyişdirilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. İşi üzrə maddi sübut olan səs yazısını və telefon danışığını özündə əks etdirən CDdisk cinayət işi materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs oğlunun törətdiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak yoxdur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 fevral 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, cinayət əməlinin törədilməsindən əvvəl əldə edilmiş və ya bu əməl nəticəsində əldə edilməmiş təqsirləndirilən şəxsə və ya digər şəxslərə məxsus əmlaka münasibətdə məcburi cinayəthüquqi tədbir olaraq müsadirə tətbiq edilə bilməz. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 26.07.2021-ci il tarixli, 5(001)-1031/2021 saylı qərarına əsasən Təqsirləndirilən şəxs Fərhad oğlunun paylı mülkiyyətində olan 90826,08 manat dəyərində olan Gəncə şəhəri Kəpəz rayonu, Məmməd Məhərrəmov küçəsi 32 saylı fərdi yaşayış evinin 1/2 hissəsi üzərinə qoyulmuş həbs götürülməlidir. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Fərhad oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respubliası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Fərhad oğluna təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzası qismən toplanılmaqla, üzərində qəti olaraq 04 (dörd) il müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə olduğu 05 (beş) ay 13 (on üç) gün müddətin bir günü iki gün azadlığın məhdudlaşdırılması cəzasına bəarabər hesablanmaqla Təqsirləndirilən şəxs Fərhad oğlunun üzərində qəti olaraq 03 (üç) il 01 (bir) ay 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs Fərhad oğlunun barəsində seçilmiş “həbs”qətimkan tədbiri “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbirinə dəyişdirilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs Fərhad oğlunun üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cinayət işi üzrə səs yazısını və telefon danışığını özündə əks etdirən CD-disk cinayət işi materiallarında saxlanılsın. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 26.07.2021-ci il tarixli, 5(001)-1031/2021 saylı qərarına əsasən Təqsirləndirilən şəxs Fərhad oğlunun paylı mülkiyyətində olan 9026,08 manat dəyərində olan Gəncə şəhəri Kəpəz rayonu, Məmməd Məhərrəmov küçəsi 32 saylı fərdi yaşayış evinin 1/2 hissəsi üzərinə qoyulmuş həbs götürülsün. Cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Gəncə şəhəri Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar