Məhkəmə qərarları › İş №1(043)-130/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №1(043)-130/2021

26.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(043)-130/2021 26.05.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili X2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə açıq məhkəmə iclasında ilkin dinləmələr keçirərək, müəyyən etdi: Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli, 1(043)-159/2020 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəli 28 may 2020-ci il tarixdən hesablanmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmişdir. Hökmlə həmçinin mülki iddiaçıların iddialarının təmin edilməsi qərara alınmışdır. Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 aprel 2021-ci il tarixli, 1(104)-159/2021 saylı ilkin baxış qərarına əsasən zərər çəkmiş şəxs X8 və zərər çəkmiş şəxslərin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apelyasiya şikayətinə baxılmasına xitam verilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli, 1(043)-159/2020 saylı hazırlıq iclasının qərarı və 19 noyabr 2020-ci il tarixli, 1(043)-159/2020 saylı hökmü ləğv edilmiş və iş məhkəmədə hazırlıq mərhələsinə qaytarılmışdır. Məhkəmənin hazırlıq iclasında Dövlət ittihamçısı cinayət işinin baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına etiraz etdiyini bildirərək, cinayət işinin məhkəmə baxışına təyin edilməsini və mahiyyəti üzrə baxılmasını, təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi X4 cinayət işinin baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına etiraz etmədiklərini bildirdilər. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr keçirilərkən ibtidai araşdırma orqanı tərəfindən ibtidai araşdırma zamanı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303-cü maddəsində nəzərdə tutulan kobud qanun pozuntularına yol verildiyi müəyyən edildiyindən cinayət işinin baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, cinayət işinin materiallarından görünür ki, X9, X10, X8, X3 və Zərərçəkmiş şəxs2 zərər çəkmiş şəxs qismində tanınmışlar. Lakin, ibtidai istintaq zamanı zərər çəkmiş şəxslərdən X10, Əliyev Zakir Musa oğlu və X1 Federasiyasında yaşadıqlarından və “Covid- 19” virus pandemiyası səbəbindən tətbiq edilmiş karantin tədbirlərinə görə Azərbaycan Respublikası ərazisinə gələ bilmədiklərindən onlar dindirilməmiş, cinayət işinin materialları ilə tanış edilərkən həmin şəxslərlə telefon vasitəsi ilə danışılaraq cinayət işinin məhkəməyə göndərilməsi barədə etirazlarının olmaması, nümayəndələrinin və zərər çəkmiş şəxslərin bacısı Zərərçəkmiş şəxs1 tanış olmasının kifayət edilməsi ilə bağlı protokol yazılmış, halbuki qanunvericilikdə qeyd edilən üsulla prosessual hərəkətin aparılması nəzərdə tutulmamışdır. Digər tərəfdən, ittiham aktında məhkəməyə çağırılacaq şəxslərin siyahısında həmin zərər çəkmiş şəxslərin adları qeyd edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 51-2.1 və 51-2.1.4-cü maddələrinə əsasən təbii və ya texnogen qəzalar, epidemiya, fövqəladə vəziyyət və ya qarşısıalınmaz qüvvənin təsiri nəticəsində şübhəli və ya təqsirləndirilən şəxs, mülki iddiaçı, mülki cavabdeh, zərər çəkmiş şəxs, zərər çəkmiş şəxsin və təqsirləndirilən şəxsin hüquqi varisi, xüsusi ittihamçı, onların qanuni nümayəndələri və nümayəndələri, barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi, şahid, ekspert, mütəxəssis, tərcüməçi, yaxud məhkum cinayət mühakimə icraatında bilavasitə iştirak edə bilmədikdə prosessual hərəkətlər onların iştirakları olmadan videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçirilə bilər. 51-2.4-cü maddəsinə əsasən ibtidai araşdırma zamanı bu Məcəllənin 51-2.1-ci maddəsində göstərilən şəxslərin videokonfrans əlaqə sistemindən istifadə edilməklə dindirilməsi müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun əsaslandırılmış qərarı ilə həyata keçirilir. Bu Məcəllənin 51-2.1-ci maddəsində göstərilən şəxslər dindirmənin videokonfrans əlaqə sistemindən istifadə edilməklə keçirilməsi barədə vəsatət verə bilər. Videokonfrans əlaqə sistemindən istifadə edilməklə dindirilmiş şəxs cinayət prosesi tərəflərinin vəsatəti ilə təkrarən bilavasitə dindirilə bilər. 51-2.8-ci maddəsinə əsasən videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçirilən prosessual hərəkətlərin videoyazısı aparılmalı, prosessual hərəkətlərin nəticəsinə dair videoyazıya uyğun olaraq protokol tərtib edilməli və videoyazı elektron daşıyıcıda cinayət işinə əlavə edilməlidir. 51-2.13-cü maddəsinə əsasən cinayət prosesi iştirakçısının Azərbaycan Respublikasının hüdudlarından kənarda olması səbəbindən onun videokonfrans əlaqə sistemi vasitəsilə dindirilməsi zərurəti yarandıqda, bu haqda müvafiq olaraq müstəntiqin, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun və ya məhkəmənin qəbul etdiyi qərar icra olunması üçün hüquqi yardımın göstərilməsi qaydasında xarici dövlətin müvafiq dövlət qurumuna göndərilir. Göründüyü kimi, zərər çəkmiş şəxslər X10, Əliyev Zakir Musa oğlu və X1 Federasiyasında yaşasalar belə, müstəntiq qanunvericilikdə nəzərdə tutulmuş imkanlardan istifadə etməklə videokonfrans vasitəsi ilə onların dindirilməsini həyata keçirməmiş, zərər çəkmiş şəxsləri cinayət işinin materialları ilə tanış etməmişdir. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 289.3.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlillər və həmin dəlillərin yoxlanılması zamanı toplanmış sübutlar ittiham aktının təsviri-əsaslandırıcı hissəsində göstərilməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslər Zahid Əliyev və Rəfiqə Qələndərovaya məxsus evdən oğurlanmış əşyalara münasibətdə özünü qismən təqsirli bilərək bununla bağlı dəlillər gətirdiyi halda, zərər çəkmiş şəxslər ibtidai istintaq zamanı dindirilmədiklərindən, təqsirləndirilən şəxsin irəli sürdüyü dəlillərin yoxlanılması üçün mühüm əhəmiyyət kəsb edən zərər çəkmiş şəxslərin ifadələri ittiham aktında əks etdirilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 303.3.6-cı maddəsinə əsasən cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolun müvafiq olaraq bu Məcəlləni 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması; 303.3.8-ci maddəsinə əsasən məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284-286, 288 və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulması cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılması üçün əsasdır. 300.1 və 300.1.5-ci maddələrinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində həmçinin, cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilir. Məhkəmə hesab edir ki, müstəntiq tərəfindən yol verilmiş göstərilən kobud qanun pozuntuları məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün deyildir və bu səbəbdən də cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Qanunun mənasına görə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyana məruz qalmış şəxs cinayət mühakimə icraatı zamanı iddia ərizəsi verdikdə o, mülki iddiaçı qismində tanına bilər. Cinayət işinin materiallarından isə görünür ki, zərər çəkmiş şəxslər X9, X10, X8 və X3 və ya onların nümayəndələri tərəfindən iddia ərizəsi verilmədiyi halda, müstəntiq həmin şəxslərin nümayəndəsi tərəfindən verilmiş vəsatətlər əsasında qeyd olunan zərər çəkmiş şəxsləri mülki iddiaçı qismində tanımışdır. Bununla da müstəntiq CPM-in 89.1-ci maddəsinin tələbini pozmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 306.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə bu Məcəllənin 300.1.1, 300.1.5 və 300.1.6-cı maddələrində nəzərdə tutulmuş qərarlar çıxarmaqla yanaşı, həmçinin təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığına, qətimkan tədbirinin seçildiyi halda onun növünün əsaslılığına dair qərar çıxarır. 306.2.2-ci maddəsinə əsasən cinayət işi üzrə dövlət ittihamçısı təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinin uzadılması barədə vəsatətlə məhkəməyə müraciət etdikdə, cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarı elan etdikdən sonra məhkəmə bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə məsələyə baxmalıdır. 159.10-cu maddəsinə əsasən bu Məcəllənin 303 və ya 318.2-ci maddələrinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmış cinayət işləri üzrə təqsirləndirilən şəxsin bu Məcəllənin 159.7-159.9-cu maddələrində göstərilən həbsdə saxlanılma müddətləri başa çatdıqda, məhkəmə tərəfindən həbsdə saxlanılma müddəti bu Məcəllənin 159.2-ci maddəsinin tələblərinə riayət etməklə uzadıla bilər. 159.2-ci maddəsinə əsasən məhkəməyədək icraat zamanı işin müstəsna dərəcədə mürəkkəbliyi ilə əlaqədar həbsdə saxlanılma müddəti bu Məcəllənin 159.3-1-ci maddəsində nəzərdə tutulmuş qaydada az ağır cinayətlər üzrə 2 (iki) aydan, ağır cinayətlər üzrə 3 (üç) aydan, xüsusilə ağır cinayətlər üzrə isə 5 (beş) aydan artıq olmayan müddətə məhkəmə tərəfindən uzadıla bilər. Qətimkan tədbirinə münasibətdə məhkəmə qeyd edir ki, iş üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Dövlət ittihamçısı isə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı şifahi vəsatətlə məhkəməyə müraciət etmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun tərəfindən yenidən eyni məzmunlu cinayət əməllərinin törədilə biləcəyi ehtimalının olması, onun məhkəməyədək icraat dövründə azadlıqda qalmaqla istintaqdan qaçıb gizlənəcəyinə və bununla da istintaqın normal gedişinə maneçilik edəcəyinə kifayət qədər əsasların olmasına dəlalət etdiyi nəzərə alınaraq, təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddəti iki ay müddətinə, yəni 26 iyul 2021-ci il tarixədək uzadılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 300, 303, 306-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi göstərilən pozuntuların aradan qaldırılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti iki ay müddətinə, yəni 26 iyul 2021-ci il tarixədək uzadılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilməz. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar