Məhkəmə qərarları › İş №1(043)-132/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-132/2020

18.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-132/2020 18.08.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1986-cı ildə Gəncə şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, Nizami küçəsi, ev 26-da qeydiyyatda olan, Gəncə şəhəri, Ağamalıoğlu küçəsi, ev 15-də yaşayan yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə, saat 17 radələrində yaşadığı Gəncə şəhəri Ağamalıoğlu küçəsində yerləşən 15 nömrəli evdə arvadı Zərərçəkmiş şəxs ilə ailə münasibətləri zəminində aralarında yaranmış mübahisə zamanı yumruq və ayq zərbəsi ilə zərərçəkmiş şəxsin baş nahiyəsinə qəsdən zərbələr vuraraq Zərərçəkmiş şəxs dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığına yüngül zərər vurmaya aid edilən bədən xəsarəti yetirmişdir. Bu hərəkətləri ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək göstərdi ki,xx.xx.2020-ci il tarixdə az miqdarda spirtli içki qəbul edərək saat 17 radələrində evə gəlmiş, həyətdə qab yuyan arvadı Zərərçəkmiş şəxs ilə zarafat edərək onun üzünə su çiləmişdir. Ziyanə ona kobud reaksiya vermiş, bu səbəbdən aralarında mübahisə baş vermişdir. O, həmin vaxt əsəbiləşərək yaşadıqları otaqda onu döymüş, yerdə olan zaman Ziyanənin baş nahiyəsindən təpik vurmuş və Ziyanənin başı divara dəyərək qanamışdır. Ziyanənin başının qanadığını görüb ona kömək etmiş və qanı dayandırmışdır. Hazırda törətdiyi əməldən peşmandır, həmin vaxt sərxoş və əsəbi olduğu üçün bu əməli törətmişdir. Zərərçəkmiş şəxslə barışmışdır. Buna görə də ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək bildirdi ki, Təqsirləndirilən şəxs ilə 2008-ci ildə ailə qurmuşdur. Ayaz sərxoş olduğu zaman onunla tez-tez mübahisə edir və bir neçə dəfə də onu döymüşdür. xx.xx.2020-ci il tarixdə saat 17 radələrində Ayaz yenə sərxoş vəziyyətdə evə gəlmiş və o, həyətdə qab yuduğu zaman onun üzünə su çiləmişdir. O da əsəbi şəkildə Ayazdan belə hərəkət etməməsini tələb etmiş, bundan sonra Ayaz onunla mübahisə etməyə başlamışdır. Ayaz onu yaşadıqları evə salaraq ona irad bildirdiyinə görə onu döyərək yerə yıxmış, yerdə olarkən onun baş nahiyəsinə təpiklə vurmuşdur. Başı divara dəyib qanadıqdan sonra Ayaz sakitləşmiş və yod məhlulu ilə başının qanının dayandırılmasına kömək etmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ondan heç bir şikayəti və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli 874 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən məlum olur ki, Zərərçəkmiş şəxs bədəninin üzərində müəyyən edilmiş xəsarətlər - sağ təpə nahiyəsinin yarası və boyun nahiyəsinin sıyrıqları bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2020-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, xx.xx.2009cu ildə doğulmuş X2 və xx.xx.2010-cu ildə doğulmuş X1 atası Təqsirləndirilən şəxsdur. İş materiallarına əlavə edilmiş xasiyyətnamədən görünür ki, Yusuov Ayaz Rövşən oğlu yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 1(043)-139/2019 saylı xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurduğuna görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilərək cinayət məsuliyyətinə cəlb edilmiş, zərərçəkmiş şəxslə barışdığına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuiliyyətindən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xx.xx.2020-ci il tarixdə yaşadıqları evdə əl və ayaq zərbələri ilə vuraraq onun sağlamlığına yüngül xəsarət yetirməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, və ekspert rəyi ilə tam sübuta yetirilmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. İşin məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasına və zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi olmamasına baxmayaraq Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edildiyindən həmin maddənin qeydinə əsasən yenidən eyni maddə ilə cinayət məsuliyyətindən azad edilə bilməz. Buna görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinməklə ona cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kimi himayəsində yetkinlik yaşına çatmamış iki uşağının olmasını, cinayəti törətdikdən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi yardım göstərməklə onun sağlamlığına dəyə biləcək zərərin azaldılmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını nəzərə alır. Təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin eyni zərərçəkmiş şəxsin sağlamlığına qəsdən yüngül zərər vurmasına görə cinayət məsuliyyətinə cəlb edilməsi və cinayət məsuliyyətindən azad edilməsinə baxmayaraq bundan nəticə çıxarmamasını, yenidən eyni şəxsə qarşı həmin cinayəti törətməsini onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi qiymətləndirir. Məhkəmə törədilmiş əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi ilə bağlı hazırki işin hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının aşağı həddə təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli və cəza çəkdiyi müddət ərzində onun üzərinə günün müəyyən saatlarında yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. İş üzrə maddi sübut, mülki iddia, xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 3108-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzasını yaşayış yeri üzrə çəksin. Cəza çəkdiyi müddət ərzində məhkumun üzərinə saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrasına nəzarət Gəncə şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar