Məhkəmə qərarları › İş №1(043)-133/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-133/2020

18.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-133/2020 18.08.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X4 iclas katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxxxx 1992-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 mənzil 48 ünvanda qeydiyyatda olan və yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 22:50 radələrində birgə yaşadıqları ünvan 2 mənzil 48 ünvanında atası Zərərçəkmiş şəxs ilə aralarında ailə münasibətləri zəminində baş vermiş münaqişə zamanı əl zərbələri ilə sonuncunun sifət nahiyəsinə qəsdən zərbələr vuraraq ona - alt çənə sümüyünün sağ bucağının sınığı ilə müşayiət olunan alt çənə nahiyəsinin qançırı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi ilə sübuta yetirilir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2020-ci il tarixdə saat 22:50 radələrində yaşadıqları evin mətbəxində qardaşı Şahid2 ilə birlikdə yemək yeyən zaman atası X2 mətbəxə daxil olaraq onlara öz iradını bildirmiş və nə səbəbə onun aldığı xiyar pomidorları yediklərini demiş və onların qarşısından salat qoyulmuş boşqabı götürüb yerə vuraraq sındırması üstündə onların arasında mübahisələri baş vermişdirt. Mübahisə zamanı atası Eldəniz onun rəhmətlik anasının goruna nalayiq ifadələr işlətməsinə görə o əsəbləşərək atası Zərərçəkmiş şəxs sifət nahiyəsinə bir dəfə əlinin içi ilə zərbə vurmuşdur. Həmin vaxtı atası Eldəniz yerdən sınmış boşqabı götürərək ona tərəf atmış və sınmış boşqab atasının əlini kəsmişdir. Bundan sonra onun və qardaşı Hüseynin barəsində polisə şikayət etmişdir. Həmin vaxtı qardaşı Şahid2 atası Zərərçəkmiş şəxs vurmamışdır, atası Zərərçəkmiş şəxs qardaşı Hüseyn Alahverdiyevə böhtan atır. Hazırda əməlindən səmimi peşimanlıq hissi keçirir. Məhkəmədən barəsində qərar qəbul edən zaman xəstə qardaşı Hüseynə də onun baxmasını nəzərə alaraq yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, hazırda fərdi qaydada özünə məxsus avtomobillə sürücü işləyir. Təqsirləndirilən şəxs və Şahid2 onun oğludur. Onlar bir evdə yaşayırlar. xx.xx.2020-ci il tarixdə saat 22:50 radələrində evdə olan zaman evin mətbəxində oğlanları Təqsirləndirilən şəxs və Şahid2 yemək yeyən zaman o, oğlanlarına öz iradını bildirmiş, onların evə heç bir ərzaq alıb gətirmədiklərini demiş və onların qarşısında boşqabda olan salatı götürərək mətbəxin döşəməsinə tulamışdır. Bu zaman onların arasında mübahisələri baş vermiş, mübahisə zamanı oğlu Orxan bir neçə yumruq zərbəsi ilə onun sifət nahiyəsinə, digər oğlu Şahid2 isə ayaq zərbəsi ilə onun sol qabırğa nahiyəsinə vuraraq onu döymüşlər. Həmin vaxtı onları arvadı X1 aralamış və onu öz yataq otaqlarına aparmışdır. O, da buna görə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Oğlu Orxana qanuni ağır cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Əyyam qızı ifadəsində göstərdi ki, əri Zərərçəkmiş şəxs birinci nikahından olan oğlanları Təqsirləndirilən şəxs və Şahid2lə əri arasında mütəmadi olaraq mübahisələri olmuşdur. xx.xx.2020-ci il tarixdə saat təxminən 22:50 radələrində yenə Eldənizlə oğulları Orxan və Hüseynlə arasında mübahisə baş vermişdir. Onlar arasında mübahisələri Eldənizin oğlanları Orxan və Hüseyinin evə heç bir ərzaq almamaları və Eldənizin aldığı ərzaqlardan istifadə etmələri üstündə baş vermiş, həmin vaxt Eldəniz əsəbləşərək onların yediyi salat boşqabını yerə vuraraq sındırması nəticəsində Orxan stoldan duraraq Eldənizin sifət nahiyyəsinə yumruq zərbəsi vurmuş, həmin vaxt o, onları aralamaq istəyən zaman Hüseyndə Eldənizin üzərinə hücum çəkmişdir. O bir təhər əri Eldənizi öz yataq otaqlarına aparmış və Eldəniz dərhal DİN-nin 102 xidmətinə zəng etmişdir. Mübahisə zamanı Orxan və Hüseyn nalayiq sözlər deməsinə görə Eldəniz də onlara qarşı nalayiq sözlər demişdir, Orxan Eldənizin sifət nahiyyəsindən vurmasını şəxsən görmüş, lakin Hüseynin Eldənizi vurmasını görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o və qardaşı Orxan atası Eldəniz arasında mütəmadi olaraq mübahisə baş verir. Atası Eldəniz anası rəhmətə getməsinə görə yenidən evlənmiş və hazırda atası Eldənizlə bir evdə yaşayırlar. Atası Eldəniz onlara baxmır, onlar öz təminatlarını özləri təmin edirlər. xx.xx.2020-ci il tarixdə o qardaşı Orxanla birlikdə yaşadığı evin mətbəxində yemək yeyən zaman atası Eldəniz stolun üstündə salat doğranmış boşqabı götürüb yerə vurmuş və bildirmişdir ki, xiyar-pomidoru o almışdır və onların yeməsinə etiraz etmiş buna görə aralarında mübahisə baş vermiş və həmin vaxt atası Eldəniz anasının goruna nalayiq sözlər deməsinə görə qardaşı Orxan əsəbləşərək bir dəfə atası Eldənizin sifət nahiyyəsindən yumruq zərbəsi vurmuşdur. Bundan sonra atası Eldəniz stolun üstündə qırılmış boşqabı götürüb onlara tərəf atmışdır. Həmin vaxt o atasını vurmamışdır, atası Eldəniz ona böhtan atır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin “13” iyun 2020-ci il tarixli, 864 nömrəli «canlı şəxsin ekspertizası» rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər- a) alt çənə sümüyünün sağ bucağının sınığı ilə müşayiət olunan alt çənə nahiyəsinin qançırı, sağ yanaq nahiyəsinin səthi yarası, hər iki bazu nahiyələrinin qançırları - bərk küt əşyanın (əşyaların), sağ əlin 1-ci barmağının səthi yarası isə kəsici alətin təsiri nəticəsində əmələ gəlmişdir,əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2020-ci il tarixə uyğun gəlir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2020-ci il tarixli, A-50383 arayışında göstərilmişdir ki, mərkəzləşdirilmiş uçotlarındakı məlumata əsasən xx xxxxxx 1992-ci il tarixdə Gəncə şəhərində doğulmuş Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarına əlavə edilmiş 5 saylı MİS tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üzrə keçirilmiş ekspertiza rəyi ilə təsdiq edilərək sübuta yetirilmiş (CPM 144-146), ibtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə aralarında yaranmış münaqişə zamanı ona yalnız bir dəfə əlinin içi ilə zərbə vurması ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşaraq, bunu məsuliyyətini yüngülləşdirmək cəhdi kimi qiymətləndirir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla (zərər çəkmiş şəxsin və şahidin ifadəsi, ekspertiza rəyi) tam təsdiq olunmuşdur ki, xx.xx.2020-ci il tarixdə saat 22:50 radələrində yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs yumruq zərbələri ilə Zərərçəkmiş şəxs sifət nahiyəsinə qəsdən zərbələr vurmuşdur. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlindən səmimi peşiman olmasını və yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Zərər çəkmiş şəxs məhkəmə iclasında təqsirləndirilən şəxsə ən ağır cəzasının təyin olunmasını tələb etsə də, məhkəmə baş vermiş hadisənin səbəblərini, yəni zərər çəkmiş şəxsin onun qarşısında olan yemək boşqabını götürüb yerə vurması və ölmüş anasının ünvanına nalayiq ifadələr işlədərək təhqir etməsindən əsəbiləşərək onu vurmasını nəzərə alıb, Təqsirləndirilən şəxs azadlıqdan məhrum və azadlığın məhdudlaşdırılması etməyə nisbətən daha yüngül cəzaya məhkum olunmasını əsaslı və ədalətli hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma- iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunma imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksyasında daha yüngül cəza növləri olan islah işləri və azadlığın məhdudlaşdırılması cəzalarına alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəzası təyin edilməlidir. İş üzrə maddi sübut, ekspertiza xərci, xüsusi müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, qazancının 10 (on) faizi dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzanın icrası Gəncə şəhər Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Kəpəz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar