Məhkəmə qərarları › İş №1(043)-133/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №1(043)-133/2021

04.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(043)-133/2021 04.10.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş prokurorluğunun X6 üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində dövlət ittihamının müdafəsi Şöbəsinin prokuroru, ədliyyə müşaviri X9, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, müdafiəçisi Müdafiəçi2 iştirakı ilə, xx.xx.1993-cü ildə Gəncə şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, işləməyən, Gəncə şəhəri, N.Nərimanov küçəsi, ev 28, mənzil 25-də yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materialına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 08.01.2021-ci il tarixdə, saat 19 radələrində sürücülük hüququ olmaqla etibarnamə əsasında idarə etdiyi üzərinə **-BU-*** dövlət qeydiyyat nişanları bərkidilmiş “BMW-525” minik markalı, **-BK-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə həmin prospektin V.Xuluflu küçəsi ilə kəsişməsi istiqamətində hərəkət edib qeyd edilən kəsişmədəki yolayrıcında sola, yəni Grand Qafqaz Ticarət Mərkəzi istiqamətinə dönmə əməliyyatı yerinə yetirərkən “X13” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 7-ci hissəsinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə əsasən, qarşıdan gələn nəqliyyatın yoluna keçməməli və 1.3 üfüqi nişanlama xəttini kəsib keçməməli olduğu halda yol hərəkəti qaydalarını pozmaqla qeyd olunan qanunun həmin tələblərinə əməl etmədən 1.3 üfiqi nişanlama xəttini kəsərək avtomobili qarşı əks hərəkət zolağına çıxarıb həmin vaxt qarşı əks hərəkət zolağında yolu keçməkdə olan piyada Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan vuraraq Zərərçəkmiş şəxs sağlamlığın uzun müddətə pozulmasına səbəb olmaqla sağlamlığa az ağır zərərvurmaya aid edilən sağ baldır və sol mil sümüklərinin qapalı sınıqları, burun sümüklərinin açıq yerdəyişmiş sınıqları, alının əzilmiş yarası, üz nahiyəsinin sıyrıqları xəsarətləri yetirməklə yol nəqliyyat hadisəsi törətmişdir. Bu hərəkətləri ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ifadə verən zaman özünü qeyd olunan ittihamla qismən təqsirli bilərək göstərdi ki, “BMW-525” minik markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Belə ki, o həmin avtomobili təxminən 2 il əvvəl almış və etibarnamə əsasında idarə edir. “BMW 312” minik markalı, **-BU-*** qeydiyyat nişanlı avtomobil isə atası İsmayıla məxsusdur. O, 04.01.2021-ci il tarixdə **-BU-*** dövlət qeydiyyat nişanlarını sadəcə xoşu gəldiyi üçün özünün idarə etdiyi avtomobilin qeydiyyat nişan yerlərinə bərkitmiş və avtomobilini elə idarə etməyə başlamışdır. Özünə məxsus avtomobilin qeydiyyat nişanlarını isə avtomobilin yük yerinə qoymuşdur. Bu barədə atası İsmayılın da məlumatı olmuşdur. 08.01.2021-ci il tarixdə, saat 19 radələrində idarə etdiyi “BMW-525” minik markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı, lakin həmin vaxt üzərində **- BU-*** dövlət qeydiyyat nişanları olan avtomobillə Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə Azərbaycan Texnologiya Universitetinin qarşısından keçib düzünə hərəkətdə olarkən həmin prospektlə təxminən 40 km/saat sürəti ilə hərəkət edib V.Xuluflu küçəsinin kəsişməsinə çatmağına az qalmış işıqforun onun hərəkəti üçün yaşıl işığının sönməkdə olduğunu görüb yolayrıcından sola dönərək Gəncə şəhəri, 1-ci mikrorayon ərazisinə getmək üçün gəldiyi hərəkət sürətini bir qədər azaldıb sola dönmə işıq - siqnalını yandıraraq sola dönmə əməliyyatı etməyə başlamışdır. Həmin vaxt diqqəti qarşı tərəfdən düzünə hərəkət edən avtomobillərdə olduğundan sol tərəfdən piyada zolağı ilə yolu keçən zərərçəkmiş şəxsi əvvəlcədən görməmiş, yalnız dönmə əməliyyatı edərkən təxminən 3 metr məsafədən həmin piyadanın piyada zolağının üzərində olduğunu görüb sükanı sola fırlatmış, lakin yenə də ehtiyatsızlıqdan piyadanı vurmuşdur. Avtomobilinin qabaq sağ tərəfi həmin piyadaya dəymiş və piyada avtomobilin alın şüşəsinə çırpılıb yerə yıxılmışdır. Həmin vaxt avtomobili dərhal dayandırıb yerə enmiş, eləcə də oraya kənardan tanımadığı şəxslər toplaşmışlar. Bir qədər sonra hadisə yerinə təcili tibbi yardım avtomobili gəlib adının Elturan olduğunu sonradan öyrəndiyi həmin piyadanı xəstəxanaya aparmışlar. O isə hadisə yerində qalıb hadisə yerinin müayinəsində iştirak etmişdir. Hadisənin baş verməsinə səbəb onun dönmə əməliyyatını düzgün yerinə yetirməməsi, yəni bütöv xətti keçib qarşı hərəkət zolağına çıxaraq dönməyə başlaması, eləcə də vurduğu piyadanın piyada zolağı ilə yolu işıqforun özü üçün qırmızı işığında keçməsi, havanın qaranlıq olması, bu səbəbdən də piyadanı gec, yəni artıq hadisə anında görməsi olmuşdur. O, hadisə vaxtı işıqforun qırmızı işığına düşməməyə görə dönmə əməliyyatını maksimum tez başa çatdırmaq üçün qoşa xətt nişanlama xəttini kəsib keçmişdir. Hadisə vaxtı ayıq, avtomobildə isə tək olmuşdur. Hadisə vaxtı avtomobilində heç bir texniki nasazlıq olmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu bildirmiş, məhkəməyə ərizə təqdim edərək zərərçəkmiş şəxslə barışdığını və ona dəymiş zərəri ödədiyini göstərərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək bildirdi ki, o, 2019-cu ildən Gəncə şəhər Baş Polis İdarəsinin Post Patrul Xidməti Taborunda polis nəfəri vəzifəsində xidmət edir, polis kiçik serjantı xüsusi rütbəsini daşıyır. 08.01.2021-ci il tarixdə, saat 19 radələrində Gəncə şəhəri, H.Əliyev prospekti ilə Ş.İ.Xətai prospektinin kəsişməsində stasionar postda xidmətdən çıxıb öz işləri ilə bağlı Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən Gəncə şəhər prokurorluğunun inzibati binasının qarşısına getmişdir. Qısa vaxt sonra yaşadığı evə getmək məqsədi ilə avtobusa minmək üçün Gəncə şəhər prokurorluğunun inzibati binasının qarşısındakı avtobus dayanacağının yanından piyada zolağı ilə yolu qarşı tərəfə keçərkən işıqforun onun hərəkəti üçün qırmızı işığı yanmış, ona görə piyada zolağı ilə bir neçə metr addımlayıb işıqforun onun üçün yaşıl işığının yanmasını gözləmiş, sarı işıq yandıqda isə sol tərəfdən avtomobillərin dayandığını görüb sol tərəfə bax-baxa və asta yerişlə piyada zolağı ilə yolu qarşı tərəfə keçməyə başlamışdır. Həmin vaxt onun sağ tərəfindən nə isə möhkəm zərbə ilə onu qəfildən vurmuş və o, yerə yıxılmışdır. Həmin an o özündən getdiyi üçün nə baş verdiyini bilməmişdir. Daha sonra o, gözlərini 11.01.2021-ci il tarixdə Gəncə Beynəlxalq xəstəxanasında açmış və atası ona yolu keçərkən “BMW” markalı avtomobil tərəfindən ehtiyatsızlıqdan vurulduğunu, hadisə yerinə toplaşan şəxslərin köməkliyi ilə TTY avtomobili vasitəsi ilə Gəncə şəhər 3 saylı TTYX-yə aparıldığını, orada ilkin tibbi yardım göstərildiyini, lakin ayağında, qolunda və burnunda qırıqlar olduğu üçün Gəncə Beynəlxalq xəstəxanasına gətirildiyini bildirmişdir. 09.01.2021-ci il tarixdə həmin xəstəxanada burun və alın nahiyələrini əməliyyat etmişlər. 11.01.2021-ci il tarixdə onu həmin xəstəxanadan X14 xəstəxanasına aparmışlar. 12.01.2021-ci il tarixdə X14 xəstəxanasında ayağını və qolunu əməliyyat etmişlər. 17.01.2021-ci il tarixdən isə yaşadığı evdə ambulator müalicə olunur. Hadisə “BMW” markalı avtomobilin sürücüsünün ona yol verməməsi, qoşa xətt nişanlama xəttini keçərək dönməsi səbəbindən baş vermişdir. Belə ki, o, piyada keçidi ilə keçərkən ““BMW” markalı avtomobilin hərəkət etməli olduğu zolağa çatmamış həmin avtomobil onu vurmuşdur. Həmin vaxt o, soldan gələn avtomobillərə diqqət yetirmiş, sağ tərəfindən avtomobil gəlməsi ehtimalı olmadığı üçün o istiqamətə baxmamışdır. Onu vuran avtomobili görməmiş, sadəcə olaraq sağ tərəfindən möhkəm zərbə ilə nəyin isə onu vurduğunu hiss etmişdir. Hadisənin qarşısını almaq üçün də heç bir tədbir görə bilməmişdir. Zərərçəkmiş şəxs, hazırda təqsirləndirilən şəxslə barışdığını, ona vurulmuş maddi və mənəvi ziyanın təqsirləndirilən şəxs tərəfindən ödənildiyini, təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin olmadığını bildirmiş və bu barədə ərizəsini məhkəməyə təqdim edərək cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 08 yanvar 2021-ci il tarixli “Yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə V.Xuluflu küçəsinin kəsişməsidir. Yolun hərəkət hissəsi düz, asfalt-beton örtüklü və qurudur. Yol örtüyünün eni 26 metr, hərəkət hissəsinin eni 13 metrdir. Yolda 6 hərəkət zolağı var. Yolun hərəkət hissəsinə qarşı-qarşıya nəqliyyat axınını ayırmaq üçün 1.3 üfüqi nişanlanma xətti çəkilmişdir. Yolun hərəkət hissəsinə sağ və sol tərəflərdən səki daşları və səki birləşir. Yolda hərəkətin nizamlanma üsulu svetofordur. Yolayrıcında piyada zolağı mövcuddur. Hadisə yerinə baxış zamanı həmçinin piyadanın vurulma nöqtəsi müəyyən edilmişdir. Hadisə yerində piyada zolağından bir qədər irəlidə dayanmış vəziyyətdə olan “BMW 525” minik markalı, üzərində **-BU-*** dövlət qeydiyyat nişanları olan avtomobilin arxa nöqtəsindən piyadanın vurulma yerinədək 2,5 metr məsafə vardır. Hadisə yerinə baxış axşam vaxtı, qaranlıq hava şəraitində keçirilmişdir. Baxış zamanı fotoşəkillər çəkilmiş, hadisə yerinin sxemi tərtib edilmiş və müvafiq protokol tərtib edilərək çəkilmiş fotoşəkillər, eləcə də hadisə yerinin sxemi protokola əlavə edilmişdir. Gəncə şəhər Baş Polis İdarəsinin Təhlükəsiz şəhər Xidmətindən götürülərək cinayət işinin materiallarına əlavə edilmiş, 08.01.2021-ci il tarixdə, saat 19 radələrində Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə V.Xuluflu küçəsinin kəsişməsindəki yolayrıcında baş vermiş yol nəqliyyat hadisəsinin videogörüntülərinin qeydə alındığı diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, diskin içərisində 3 ayrı-ayrılıqda videogörüntü var. Birinci görüntü fırlanan videomüşahidə kamerası vasitəsi ilə qeydə alınmışdır. Həmin görüntü avtomobillərin hərəkətdə olduğu, 1.3 üfüqi nişanlama xətti ilə nişanlanmış və svetoforla tənzimlənən yolu və yolayrıcını əks etdirir. Hadisə yeri Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən Gəncə şəhər prokurorluğunun inzibati binasının qarşısındakı avtomobil yoludur. Həmin avtomobil yolunun kənarından bir nəfər polis əməkdaşı piyada zolağına yaxınlaşaraq yolu qarşı tərəfə keçməyə çalışır. Həmin vaxt polis əməkdaşının hərəkəti üçün işıqforun qırmızı, yəni qadağanedici işıq siqnalı yanmaqdadır. Ona görə də polis əməkdaşı ehtiyatlı davranaraq birbaşa yolun hərəkət hissəsinə daxil olmur və asta yerişlə hərəkət edib işıqforun yaşıl işığının yanmasını gözləyir. Görüntünün 23-cü saniyəsində Ş.İ.Xətai prospekti ilə hərəkət edən avtomobillərin hərəkəti üçün işıqforun yaşıl işığı sarı işığa çevrilir və həmin an qara rəngli, ilk baxışdan “BMW-525” minik markalı avtomobilə bənzər avtomobil gəldiyi hərəkət sürəti ilə dayanmadan sola dönmə əməliyyatı edərək 1.3 üfüqi nişanlama xəttini kəsərək əks istiqamətdən gələn nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağa daxil olub sola dönür. Görüntünün 31-ci saniyəsində isə “BMW-525” minik markalı avtomobilə bənzər həmin avtomobilin yolayrıcında dayandığı, polis əməkdaşının da yerdə uzanmış vəziyyətdə olduğu görünür. Görüntünün 32-ci saniyəsində qəhvəyi rəngli gödəkçədə olan arıq bədən quruluşlu, orta boylu şəxs həmin avtomobilin sürücü tərəfindən yerə enir. Həmin vaxt kənardan şəxslər hadisə yerinə toplaşırlar. İkinci videogörüntü TTY avtomobilinin və DYP avtomobilinin hadisə yerində olduğunu, çoxsaylı şəxslərin oraya toplaşdığını və yaralı piyadaya köməklik göstərildiyini əks etdirir. Üçüncü videogörüntü isə 1 dəqiqə 43 saniyədən ibarət olmaqla “Dəyirmanın dairəsi” adlanan dairə istiqamətindən Azərbaycan Dövlət Texnologiya Universiteti istiqamətində Ş.İ.Xətai prospekti ilə V.Xuluflu küçəsinin kəsişməsini əks etdirir. Həmin görüntünün 29-cu saniyədə Ş.İ.Xətai prospekti ilə hərəkətdə olan “BMW-525” minik markalı avtomobilə bənzər qara rəngli avtomobil işıqforun onun üçün sarı işığında 1.3 üfüqi nişanlama xəttini kəsərək əks istiqamətli hərəkət zolağına keçib sola dönmə əməliyyatı edib həmin vaxt sola baxaraq piyada zolağı ilə yolu qarşı tərəfə keçən əks hərəkət zolağında olan piyadanı, yəni polis əməkdaşını vurur. Həmin görüntü hadisə yerinə kənar şəxslərin toplaşaraq piyadaya köməklik etməsi ilə başa çatır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 aprel 2021-ci il tarixli, 8/473 nömrəli ekspert rəyindən görünür ki, “BMW-525” markalı, ** BU *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X13” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 7-ci hissəsinin və 69-cu maddənin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və o həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «MTE və PA» ETT Birliyinin canlı şəxsin ekspertizası haqqında 05 fevral 2021-ci il tarixli 166 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər-sağ baldır və sol mil sümüklərinin qapalı sınıqları, burun sümüklərinin açıq yerdəyişmiş sınıqları,alının əzilmiş yarası, üz nahiyyəsinin sıyrıqları-bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 08.01.2021-ci il tarixə uyğun gəlir və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ Ağır zərər vurmaya aid edilir. Cinayət işinə əlavə edilmiş sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. AB seriyalı 611328 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ** BK *** qeydiyyat nişanlı, “BMW-525» markalı nəqliyyat vasitəsi X4 məxsusdur. AD seriyalı 222355 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ** BU *** qeydiyyat nişanlı, “BMW-318» markalı nəqliyyat vasitəsi X5 məxsusdur. ƏN seriyalı, 417157 nömrəli nəqliyyat vasitəsinin istifadə edilməsinə dair etibarnamənin surətindən görünür ki, X1 Qurban Məhərrəm oğlunun adından ** BK *** qeydiyyat nişanlı, “BMW- 525» markalı nəqliyyat vasitəsi idarə etmək üçün Təqsirləndirilən şəxs etibar etmişdir. AB seriyalı 611328 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs BC kateqoriya üzrə sürücülük hüququ vardır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X16 İdarəsindən 19.04.2021-ci il tarixdə verilmiş 1221 nömrəli məktubun surətindən görünür ki, Təqsirləndirilən şəxs sürücülük hüququndan məhrum edilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmiş və məhkum olunmamışdır. Zərərçəkmiş şəxs Gəncə şəhəri 1 sayılı notariat ofisində 02.10.2021-ci il tarixdə, 8İ-3295 reyestr nömrə ilə təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam olaraq ödənildiyindən, o, sonuncu ilə barışmışdır və ona qarşı heç bir şikayəti yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda cinayət məsuliyyəti müəyyən edilmişdir. Həmin maddənin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1- 1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Məhkəmə göstərilən halları, yəni zərərçəkmiş şəxslərə vurulmuş ziyanın Təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənilməsini, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışıq əldə etməsini, bunun isə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində, yəni CM-in 263.1-ci maddəsinin qeydində cinayət məsuliyyətindən azad edilməsi əsası kimi göstərilməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 263.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməli və onun barəsində cinayət təqibinə, habelə cinayət işi üzrə icraata xitam verilməlidir. İş üzrə maddi sübut olan, hadisə yerinin videogörüntülərinin qeydə alındığı bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası tədqiqatının dəyəri olan 100 manat puldan ibarətdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə uyğun olaraq həmin xərc Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia və CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə olunası əmlak yoxdur. Məhkəmə göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3, 43.1.2, 321, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutub QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və onun barəsində cinayət təqibinə, həmçinin hazırkı cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. İş üzrə məhkəmə xərci - ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP(XİİS), Dövlət xəzinədarlığı agentliyi KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE********************) ödənilsin. İş üzrə maddi sübut olan və hadisə yerinin görüntüsünü özündə əks etdirən 1 ədəd DVD disk cinayət işinin materialında saxlanılsın. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar