Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(043)-135/2021 27.05.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X7 iştirakı ilə, X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X7 xüsusi ittiham qaydasında şikayətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin inzibati binasında, məhkəmənin açıq hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X12 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Şikayətdə göstərilir ki, X5 Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin 28.06.2001-ci il tarixli hökmü ilə ölümlə nəticələnənə cinayət işində iştirakı olduğu üçün ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Hazırda Qobustan həbsxanasında saxlanılır. X6 birinci instansiya məhkəməsində yalandan onun üzünə duraraq ona böhtan atmış və X8 onun bıçaqla qətlə yetirdiyini demişdir. 15.08.2001-ci il tarixdə isə apelyasiya instansiyası məhkəməsində X9 özünün qətlə yetirdiyini etiraf etmişdir. Onun sübutları vardır ki, X4 ona şər-böhtan atmasını, X9 onun qətlə yetirmədiyini təsdiq etsin. Məhkəmə iclasında videokonfrans vasitəsilə iştirak edən X12 şikayətin məzmununa uyğun çıxış edərək əlavə olaraq bildirdi ki, məhkum olunduğu qəsdən adam öldürmə cinayəti ilə bağlı məhkəmə iclasları Gəncə şəhərində keçirilmiş, X6 da birinci instansiya məhkəməsinin Gəncə şəhərində keçirilmiş iclaslarında ona xüsusilə ağır cinayət törətməsi barədə böhtan atmışdır. O, X4 ona atdığı böhtan üzündən uzun illərdir ki, həbsxanada cəza çəkir. Həmin hökmdən apelyasiya və kassasiya şikayətləri versə də şikayətləri təmin edilməmişdir. Buna görə də X4 barəsində xüsusi ittiham qaydasında şikayət vermişdir ki, böhtanı sübuta yetirsin. Məhkəmə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsi dinləyib, şikayətlə tanış olaraq, habelə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin ittihamı səciyyələndirdiyi dəlilləri nəzərdən keçirərək hesab edir ki, şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək qeyd edir ki, şikayət ərizəsində şikayət vermiş şəxs haqqında məlumatlar (doğulduğu il, məşğuliyyət növü və vəzifəsi) qeyd edilməmiş, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin məhz barəsində şikayət verilmiş şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilməmişdir və ya iş materiallarına əlavə edilməmişdir. X1 məhkəmə iclasında verdiyi ifadəsində X10 böhtan ataraq onu xüsusilə ağır cinayətdə törətməkdə ittiham etdiyi qeyd olunur. Şikayətdən, xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin çıxışından və şikayətə əlavə edilmiş Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin 28 iyun 2001-ci il tarixli 1-493/01 saylı hökmünün surətindən görünür ki, həmin hökmlə X2 Elbrus Daşdəmir oğlu ilə qabaqcadan əlbir olaraq X13 tamah məqsədilə, 6 bədən xəsarəti yetirərək və diri-diri basdırmaqla, xüsusi amansızlıqla quldurluq yolu ilə dövlət əmlakının ələ keçirilməsi cinayətinin yüngülləşdirmək və həmin cinayəti gizlətmək məqsədi ilə öldürmüş və onun idarə etdiyi X3-quraşdırma idarəsinə məxsus olan “Belarus” ekskavatorunu quldurluq yolu ilə ələ keçirmişdir. Belə olan halda böhtan olduğu iddia olunan ifadələr həmin cinayət işi üzrə təqsirəndirilən şəxsin ifadəsi olduğundan və həmin ifadələrin doğruluğu qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə təsdiq edildiyindən məhkəmə hesab edir ki, hazırkı şikayətin həmin hissəsinə xüsusi ittiham qaydasında baxıla bilməz. Qeyd olunan ifadələrin yalan olmasını təsdiq edən sübutlar olduqda həmin işə yeni açılmış hallar üzrə baxılması imkanı cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur. Bundan başqa qeyd olunmalıdır ki, xüsusi ittiham qaydasında irəli sürülən ittiham konkret olmalıdır. Şikayət vermiş şəxs E.Hüseynovun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etsə də sonuncunun hansı əməllərinə görə həmin Məcəllənin 147.2, hansı əməllərinə görə isə 148-ci maddəsi cinayət məsuliyyətinə cəlb edilməli olmasını qeyd etməmişdir. Digər tərəfdən o da qeyd olunmalıdır ki, Azərbaycan Respublikası CM-in 147.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli, az ağır cinayət, həmin Məcəllənin 148-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli isə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. İddia edilən əməl isə 2001-ci ildə törədilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə, az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda, 302.1.4-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə, 302.1.7-ci maddəsinə əsasən şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.3, 302.1.4, 302.1.7, 302.2.3, 384-385-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X7 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №1(043)-135/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №1(043)-135/2021
27.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver