Məhkəmə qərarları › İş №1(043)-14/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №1(043)-14/2020

13.01.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(043)-14/2020 13.01.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Vəli Əsgər oğlunun sədrliyi, Şıxməmmədov İlkin Məzahir oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin İ İnstansiya Məhkəmələrində DİMÜŞ-nin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı Nikolay oğlunun, zərər çəkmiş şəxsin nümayəndəsi X2, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1996-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, Kəpəz rayonu, A.Məmmədov küçəsi, ev 46, mənzil 3-də qeydiyyatda olan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin x xxxxxx 2017-ci il tarixli, 2(043)-4682/2017 saylı, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsilə müəyyən olunmuş alimenti tələbkara ödəməyərək məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməməklə Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxsin göstərilən cinayət əməlini törətməsi ilk növbədə onun öz ifadəsi ilə sübut olunur. Belə ki, məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, el adəti ilə ailə qurduğu Zərərçəkmiş şəxs ilə birgə yaşadıqları dövrdə - xx xxxxxx 2016-cı il tarixdə Mirrəhim adlı uşaqları doğulmuşdur. Ailədə olan narazılıqlar nəticəsində 2017-ci ilin əvvəllərində Gülnarla ayrılmış, Gülnar aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin x xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə xx xxx 2017-ci ildən başlayaraq birgə nikahdan olan Mirrəhimin yetkinlik yaşına çatanadək saxlanılması üçü hər ay 100 manat məbləğində alimentin ondan tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Maddi vəziyyəti pis olduğundan alimenti ödəyə bilmədiyi üçün 1500 manat məbləğində borcu yaranmışdır. O, həmçinin məhkəməyə ərizə təqdim edərək hazırda zərər çəkmiş şəxsə olan aliment borcunu tam ödədiyini bildirib barəsindəki, Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə cinayət təqibi üzrə icraata xitam verilməsini xahiş etdi. Təqsirləndirilən şəxsin bəhs olunan cinayət əməlini törətməsi zərər çəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri ilə də sübut olunur. Belə ki, zərərçəkmiş şəxsin nümayəndəsi X4 məhkəmə iclasında ifadə verərək bildirdi ki, qızı Zərərçəkmiş şəxs 2017-ci ildə aliment tələbi ilə Kəpəz Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin qətnaməsinə əsasən X1 üçün ayda 100 manat məbləğində aliment pulunun Təqsirləndirilən şəxs alınıb Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Təqsirləndirilən şəxs maddi vəziyyəti yaxşı olmasına baxmayaraq öz övladının saxlanmasına heç bir köməklik göstərmir. İcra məmurları Təqsirləndirilən şəxs alimentin ödənilməsini tələb etsələr də o, müxtəlif bəhanələr gətirib ödəməkdən boyun qaçırmış, nəticədə 1500 manat məbləğində aliment borcu yaranmışdır. Zərər çəkmiş şəxsin nümayəndəsi məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs 1500 manat məbləğində aliment borcunu tamamilə ödədiyini bildirib nəzərə alınmasını xahiş etmişdir. Şahid2 məhkəmə iclasında ifadə verərək göstərdi ki, icra məmuru vəzifəsində çalışır və göstərilən x xxxxxx 2017-ci il tarixli, 2(043)-4682/2017 saylı qətnamə üzrə icra vərəqəsi icra məmuru Şahid1 icraatında olmuş, qətnaməyə əsasən borclu Təqsirləndirilən şəxs övladı Mirrəhimin yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 (bir yüz) manat məbləğində aliment pulunun alınıb Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Borclu Təqsirləndirilən şəxs alimenti və yığılmış borcu uzun müddət ərzində ödəmədiyindən dəfələrlə Gəncə şəhəri üzrə İcra İdarəsinə dəvət edilməklə icra məmuru Şahid1 tərəfindən inzibati və cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdar edilmişdir. Təqsirləndirilən şəxs sözügedən qətnamə üzrə xx xxxxxx 2018-ci il tarixədək 1500 manat məbləğində aliment borcu yaranmışdır. Şahid3 məhkəmə iclasında verdiyi ifadədə Şahid2 göstərdiklərini təsdiq etdi. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə CM-in 306.1-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Cinayət işinin materiallarına 61 saylı vərəqdə əlavə olunmuş tələbnamədən görünür ki, təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxsin əməlini səmimi etiraf edərək peşmançılıq çəkməsi, himayəsində azyaşlı uşağının olması cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirilir. Təqsirləndirilən şəxsin əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Göstərilənlər məhkəməyə bu qənaətə gəlməyə əsas verir ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxsin əməlini Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif etmişdir, ona görə də, o, həmin maddənin sanksiyası hüdudlarında, cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. Lakin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin qeydinə əsasən həmin məcəllənin 306.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinini məhkəmə tərəfindən hökm çıxarılanadək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. İş materiallarına əsasən təqsirləndirilən şəxs məhkəmə qətnaməsini tam icra edərək 1500 manat məbləğində aliment borcunu zərər çəkmiş şəxsin nümayəndəsinə tamamilə ödəmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs məhkəmə qətnaməsini tam icra etməsi nəzərə alınaraq o, Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad olunmalı və cinayət işi üzrə cinayət təqibinə xitam verilməlidir. İş üzrə maddi sübut, məhkəmə məsrəfləri, mülki iddia və CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə olunası əmlak yoxdur. Odur ki, məhkəmə göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin qeydini və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43, 321, 356, 384-cü maddələrini rəhbər tutub QƏRAR VERDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilsin və cinayət işi üzrə icraata xitam verilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, bu qərar elan olunduqdan dərhal sonra məhkəmə iclası zalında həbsdən azad olunsun. Qərardan elan olunduğu andan 20 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə bu qərar qanuni qüvvəyə minir. Hakim: Vəli Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar