Məhkəmə qərarları › İş №1(043)-146/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-146/2021

15.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-146/2021 15.07.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun X2 üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində X2 üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1974-cü ildə Goranboy rayonunda doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Goranboy rayonu, Borsunlu kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 03.05.2021-ci il tarixdə, saat 23 radələrində kirayədə yaşadığı ünvan 1 ünvanda dostu Zərərçəkmiş şəxs ilə birlikdə yemək yeyib spirtli içki qəbul etdikdən sonra sərxoş vəziyyətdə aralarında yaranmış mübahisə zəminində Zərərçəkmiş şəxs əli ilə qəsdən vurub döyərək Zərərçəkmiş şəxs sol İX qabırğanın yerdəyişmiş sınığı, təpə nahiyəsinin yarası, hər iki göz ətrafı, döş qəfəsinin və qarının sol yarısının yumşaq toxumalarının əzilməsi və hematoması sol qaş nahiyəsinin səthi yarası, hər iki dodağın yumşaq toxumalarının əzilməsi və qançırı ilə nəticələnən, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs 2004-cü ildən taniyir, aralarında yaxın dostluq münasibətləri olmuşdur. 03.05.2021-ci ildə tarixdə saat təxminən 19 radələrində Elnurla əlaqə saxlamış və yaşadığı evə yeyib-içməyə gəlməsini istəmişdir. Elnur da onun kirayədə yaşadığı evə gəlmişdir. Onlar yemək yeyib və spirtli içki araq içmişlər. Bir qədər sonra isə sərxoş olmuşlar. Həmin vaxt 1 ay əvvəl Elnurgilə getdiyi və Elnurun anasının onu evdən qovması yadına düşmüş və bu barədə Elnura bildirmişdir. Bundan sonra aralarında mübahisə yaranmış və Elnur onun ünvanına nalayiq ifadələr işlətmişdir. Həmin vaxt Elnura söyüş söyməməsini bildirsə də Elnur ona qulaq asmamışdır Spirtli içkinin təsirində olduğundan və Elnur ona söyüş söydüyü üçün əsəbləşdiyindən Elnuru döyməyə başlamışdır. Elnurun bədəninin müxtəlif nahiyələrinə əli ilə və yumruqla vurmuşdur. Bundan sonra Elnurun üzündən qan gəldiyini görüb özünə gəlmiş və su gətirərək Elnurun qanını yumuşdur. O da bundan sonra 1 qədəh də araq süzmüş və onlar heç nə olmamış kimi yenə spirtli içki araq içmişlər. Daha sonra isə Elnur divanda, o isə çarpayıda uzanıb yatmışlar. Səhər ayılanda yuxudan oyandıqdan sonra Elnurun sifət nahiyyəsində xəsarətlərin olduğunu gördükdən sonra ikisi də peşman olmuşlar. Elnura həkimə getməyi təklif etsə də, Elnur özü həmin vəziyətdə həkimə və evə getməkdən imtina etmişdir ki, polis bilsə problem olacaq. Buna görə də Elnuru həkimə aparmamışlar. Lakin evdə dərman və maz alıb yaralarına çəkmişdir. O, Elnuru döyən zaman Elnurün telefonu nasaz olduğu üçün onun telefonunu düzəltdirmiş və sonra özünə vermişdir. Elnur telefonla danışan zaman hər kəsə yalandan avtoqəzaya düşdüyünü demişdir. 05.05.2021ci il tarixdə Elnurun bacısı Lalə onun mobil telefonuna zəng edib Elnurun harada olmasını soruşmuşdur. O da X5 rayonunda Buzluq kəndində olduğunu demişdir. Lakin Lalə ona inanmamış və onunla görüşmüşdür. Onlar görüşdükdən sonra Lalə ona inanmadığını və qardaşını görmək istədiyini bildirmişdir. O, əvvəlcə Goranboy rayonu istiqamətində hərəkət etsə də şəhərdən çıxmadan əvvəl-axır yalanın üstünün açılacağını bildiyi üçün həqiqəti bildirmiş və Laləni öz kirayədə qaldığı evə aparmış və Elnurla görüşdürmüşdür. Bundan sonra isə Lalə polisə onun barəsində şikayət etmişdir. Daha sonra polis əməkdaşları gəlmiş və onları polis idarəsinə aparmışlar. Həmin hadisə zamanı evdə onlardan başqa heç kəs madığı üçün hadisənin şahidi də olmamışdır. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs Bayram oğlu östərmişdir ki, anası X3 ilə birgə yaşayır. X4 bacısıdır. 20 ildir ki, təqsirləndirilən şəxslə dostluq edir. Bayram dəfələrlə onların evinə də gəlmiş qonaq olmuşdur. 03 may 202 1-ci il tarixdə Bayram zəng edərək onu öz kirayədə yaşadığı evə yeyib-içmək içün qonaq çağırmışdır. O da həmin gün saat təxminən 19 radələrində yaşadığı evdən qxaraq Bayramın kirayə yaşadığı ünvan 2 ünvanına getmişdir. Həmin vaxt mənzildə onlardan başqa heç kim olmamışdır. Bayram ilə birlikdə yemək yeyib spirtli içki qəbul etməyə başlamış, bir neçə saat keçdikdən çonra isə ikisi də sərxoş olmuşlar. Onlar söhbət edən zaman Bayramla arasında sözlə mübahisə yaranmışdır. Belə ki, Bayram, ondan Gəncə şəhərində tanıdığı bir qadını zəng edib oraya çağırmasını istəmiş, o isə gecə vaxtı zəng edə bilməyəcəyini demişdir. Bayram çox təkid etmiş, lakin o, zəng etməyə razılaşmamışdır. Bundan sonra Bayram onun üzərinə gəlmiş və “indi ki, çağırmırsan, ona edəcəyimi sənə edərəm” deyib onu döyməyə başlamışdır. O, Bayrama müqavimət göstərib özünü qorumağa çalışsa da Bayram onu demək olar ki, huşunu itirənə qədər döymüş, yalnız başından qan gəldiyini gördükdən sonra özünə gəlmişdir. Bundan sonra Bayram su gətirib onun qanını yumuş, daha sonra ikisi də yatmışlar. Səhər ayıldıqda üz-gözünün tanınmaz vəziyyətdə olduğunu görmüş və bədənində kəskin ağrılar olduğunu hiss etmişdir. Lakin həmin vəziyyətdə həkimə və evə getmək istəməmişdir. Bu müddət ərzində Bayramın kirayə qaldığı mənzildə qalmış, 05 may 2021-ci il tarixdə saat 16 radələrində bacısı Lalə Bayramla əlaqə saxlayaraq oraya gəlib çıxmışdır. Bundan sonra bacısı polisə şikayət etmiş, o da polisə gedərək şikayət ərizəsi vermişdir. Sonradan ona məlum olmuşdur ki, Bayram onu döydükdən sonra telefonunu götürüb qurdalamış, bacısının yetkinlik yaşına çatmamış qızına mesaj yazaraq onunla danışmağa cəhd etmişdir. Təqsirləndirilən şəxsin bu hərəkətini, yəni bacısının qızına mesaj yazmasını ona heç vaxt bağışlamayacaqdır. Hazırda ondan şikayətçidir və təqsirləndirilən şəxsin qanunamüvafiq surətdə cəzalandırılmasını xahiş edir. İş materiallarına əlavə edilmiş 06 may 2021-ci il tarixli 653 saylı məhkəmə-tibbi ekspertizasının rəyindən məlum olur ki, Zərərçəkmiş şəxs bədəninin üzərində müəyyən edilmiş xəsarətlər - sol İX qabırğanın yerdəyişmiş sınığı, təpə nahiyəsinin yarası, hər iki göz ətrafı, döş qəfəsinin və qarının sol yarısının yumşaq toxumalarının əzilməsi və hematoması, sol qaş nahiyəsinin səthi yarası, hər iki dodağın yumşaq toxumalarının əzilməsi və qançırı bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti 03.05.2021-ci il tarixə uyğun gəlir və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmaya aid edilir. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyindən verilmiş 08.05.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarına əlavə edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Goranboy rayonu, Borsunlu kəndində qeydiyyatda olmaqla yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 03.05.2021-ci il tarixdə kirayə yaşadığı evdə əl zərbələri ilə vuraraq onun sağlamlığına qəsdən az ağır xəsarət yetirməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi və ekspert rəyi ilə tam sübuta yetirilmişdir. İşin məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Buna görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinməklə ona cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsinə əsasən 127.1. Zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma - iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi ilə bağlı hazırki işin hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, onun törətdiyi əmələ münasibətini, təyin ediləcək cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş ən yüngül cəza növü olan islah işləri cəzasının verilməsi cəzanın məqsədlərinə uyğun deyildir. Bununla yanaşı təqsirləndirilən şəxsin ilk dəfə qəsdən cinayət törətməsini nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid olunmadan islah olunması imkanları tükənmədiyindən ona azadlığın məhdudlaşdırılması cəzasının yuxarı həddə təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli və cəza çəkdiyi müddət ərzində onun üzərinə günün müəyyən saatlarında yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. İş üzrə maddi sübut, mülki iddia, xüsusi müsadirə olunmalı əmlak yoxdur. Məhkəmədə təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili hüquqi yardıma 40 saat vaxt sərf etmişdir. Buna görə də müdafiəçiyə göstərdiyi yardımın hər saatına görə 6 manat olmaqla cəmi 240 manat pul dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 358-ci, 381-ci, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzasını yaşayış yeri üzrə çəksin. Cəza çəkdiyi müddət ərzində məhkumun üzərinə saat 20:00-dan 08:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Goranboy rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrasına nəzarət Goranboy rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Göstərdiyi 40 saat hüquqi yardıma görə 240 (iki yüz qırx) manat pul dövlət büdcəsinin vəsaiti hesabına Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar