Məhkəmə qərarları › İş №1(043)-148/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-148/2021

14.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-148/2021 14.07.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1973-cü il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Gəncə şəhəri M.Məhərrəmov küçəsi ev 58-də qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,992 qram olan narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib əynində olan qış gödəkçəsinin sol iç cibində bir ədəd polietilen sellofan kəsiyinə bükülmüş halda saxlamış, 28 yanvar 2021-ci il tarixdə tarixdə saat 16 radələrində Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsinin əməkdaşlarının keçirmiş olduğu əməliyat axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanda yerləşən “Kolorit” restoranının qarşısında saxlanılaraq Gəncə şəhəri Atatürk prospekti 41 ünvanında yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsinin inzibati binasına gətirilib üzərinə baxış keçirilərkən, əynində olan qəhvəyi rəngli qış gödəkçəsinin sol iç cibindən bir ədəd polietilen sellofana bükülmüş halda 0,992 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2021-ci ilin yanvar ayının 28-də Gəncə şəhəri Cavadxan küçəsində yerləşən “Azercell” mağazasının qarşısında gedən zaman yerdə bükülü olduğunu görmüşdür. Bükülünü yerdən götürüb baxan zaman heroin olduğunu bilib cibinə qoymuşdur. Həmin gün saat 16 radələrində Gəncə şəhəri Əttarlar küçəsində yerləşən “Kolorit” restoranının qarşısında olan zaman iki nəfər mülki geyimli şəxslərin ona yaxınlaşaraq xidməti vəsiqələrini ona göstərib, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb və Cənub bölgəsində regional şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər. Sonra polis əməkdaşları ona birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsinə getmişdir. Şöbədə onun üzərinə baxış zamanı o, əynində olan qəhvəyi rəngli qış gödəkçənin sol iç cibindən 1 ədəd sellofan bükümü təqdim edərək həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Təqdim edilən kütləyə baxış keçirilmişdir. O, həmin narkotik vasitədən heç kimə verməmiş və satmamışdır. Sonda təqsirləndirilən şəxs törətdiyi əmələ görə çox peşman olduğunu bildirdi və onun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, əməliyyat yolu ilə Təqsirləndirilən şəxs narkotik vasitələr qəbul etməsi, gəzdirməsi barədə məlumat daxil olmuşdur. Bununla bağlı o, DİN-in BNMİ-nin QBRŞ-nin əməliyyat müvəkkili Şahid2, DİN-in BNMİ-nin QBRŞ-nin növbətçisi Şahid3 ilə birlikdə təxirə salınmaz əməliyyat tədbirləri həyata keçirmişlər. 28.01.2021-ci il tarixdə saat 16 radələrində ünvan 3 ünvanına yerləşən “Kolorit” restoranının qarşısında, küçədə Təqsirləndirilən şəxs yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirərək, qeyd olunan şəxsə şəxsiyyətini təsdiq edən sənəd təqdim etməsi təklif olunmuşdur. Həmin şəxs özünü təqdim etmişdir. Bundan sonra özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsə üzərində narkotik saxlaması, daşıması ilə bağlı şübhəli olduğu üçün onu DİN-nin BNMİ-nin QBRŞ-yə aparılacağı və üzərində baxış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs BNMİ-nin QBRŞ-yə gətirilmiş və müdafiəçisinin iştirakı ilə üzərinə videogörüntü ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynində olan qəhvəyi rəngli qış gödəkçəsinin sol iç cibindən bir ədəd polietilen kəsiyinə bükülmüş bükülünü çıxarıb təqdim edərək, içərisində özünün çəkməyi üçün saxladığı heroin olduğunu, heroini həmin gün Gəncə şəhəri Cavadxan küçəsində yerləşən “Azercell” mağazasının qarşısından yerdən tapdığını və istifadə etmək üçün gəzdirdiyini bildirmişdir. Həmin bükülü şəxsi axtarışda iştirak edən şəxslərin iştirakı ilə açılmış və baxış zamanı içərisində qəhvəyi rəngli, kəskin iyli, heroinə oxşar kütlə olması müəyyən olunmuşdur. Həmin kütlə kağız zərfə qablaşdırılıb möhürlənmiş və ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Bununla bağlı protokol tərtib edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid2 ifadəsi elan olunmaqla tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, şahidlər Şahid1 və Şahid3 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 28 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində müdafiəçisinin iştirakı ilə şəxsi axtarış aparılmazdan əvvəl üzərində olması ehtimal edilən narkotik vasitələri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qəhvəyi rəngli qış gödəkçəsinin sol iç cibindən 1 ədəd polietilen kəsiyi bükümünü təqdim edərək həmin kütlənin heroin olduğunu bildirmişdir. Sonra kütləyə baxış keçirilmişdir. Baxış zamanı video və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Məhkəmə-kimyəvi ekspertizasının 29 yanvar 2021-ci il tarixli, 16/95 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş” sözləri olan kağız paketdəki, bir ədəd sellofan bükümdə, təmiz çəkisi 0,992 qram olan maddə üsulla hazırlanmış narkotik vasitə-heroindir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasinin Qanunun İ siyahısının 5-ci bəndində heroin adlı narkotik vasitənin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı hədinin 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi isə 2 qram olması göstərilmişdir. Məhkəmə-narkoloji ekspertizasının 26 aprel 2021-ci il tarixli, 519 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əziyyət çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsi tərəfindən verilmiş 04 may 2021-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin alıqsatqısı ilə məşğul olması, narkotik vasitədən kiməsə verməsi, həmçinin onun üstündən aşkar edilmiş heroini kimdən əldə etməsi istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin müsbət nəticə əldə olunmamışdır. “Sübutların qiymətləndirilməsi haqqında” 11 may 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunub götürülmüş 0,992 qram narkotik vasitə heroinin ekspertizadan sonra qalmış qalığı 0,942 qram heroin və Təqsirləndirilən şəxs üzərinə baxış zamanı istifadə edilmiş videoçəkilişin 1 ədəd DVD diski iş üçün əhəmiyyət kəsb etdiklərindən maddi sübut kimi tanınmışdır. 30 yanvar 2021-ci il tarixli, 353 nömrəli arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda durmur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 16.05.2021-ci il tarixli cavabından müəyyən olunur ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. “Şübhəli şəxsi tutma haqqında” 28 yanvar 2021-ci il tarixli protokoldan, təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittiham elan edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında 30 yanvar 2021-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 28 yanvar 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 30 yanvar 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək X2 azad edilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə etməsi və saxlaması tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını - CM-in 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması imkanları hələ tükənməmişdir, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Təqsirləndirilən şəxsə isnad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəzalar nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini, ədalətlilik və qanunçuluq prinsiplərini və CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah oluna bilər və azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə yuxarı həddə azadlığın məhdudlaşdırılması cəzası cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, 28.01.2021-ci il tarixdən 30.01.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət CM-in 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün bərabər tutulmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti cəza saxlanılmalı, cəza çəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəza çəkdiyi müddətdə Azərbaycan Respublikası CM-in 93.1.2 və 93-1.2-ci maddələrinə əsasən barəsində tibbi xarakterli məcburi müalicə tətbiq olunmalı, iş üzrə maddi sübut kimi tanınan – Gəncə şəhəri Baş Polis İdarəsində saxlanılan 0,942 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri olan 30,40 manat pul təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir (CPM-198.1.). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 28.01.2021-ci il tarixdən 30.01.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yerini axşam saat 22:00-dan səhər saat 08:00-dək tərk etməsinə və yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 22:00-dan saat 08:00-dək və yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, habelə narkomaniyadan müalicə kursu keçmək vəzifələri qoyulsun. Cəzanın icrası yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübutlar - Gəncə şəhəri Baş Polis İdarəsində saxlanılan çəkisi 0,942 qram olan heroin məhv edilsin, 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 30,40 manat (otuz manat qırx) Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X1, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Kəpəz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar