Məhkəmə qərarları › İş №1(043)-149/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-149/2021

21.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-149/2021 21.10.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun X3 üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində X3 üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxxx 1972-ci ildə Gəncə şəhərində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Gəncə şəhəri, Kəpəz rayonu, Ş.İ.Xətai prospekti, 1-ci döngə, ev 25-də qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq, yəni ümumi təmiz çəkisi 470 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib daşıyaraq üzərində saxlamış, 12 mart 2021-ci il tarixdə saat 18 radələrində Gəncə şəhəri Kəpəz rayon Polis Bölməsinin əməkdaşları tərəfindən Gəncə şəhəri, Nəriman Nərimanov prospektində yerləşən Nəriman Nərimanov parkında saxlanılaraq Gəncə şəhəri Kəpəz rayon Polis Bölməsinə gətirilmiş və üzərində şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli qış gödəkcəsinin iç hissəsindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşıdığı şəxsi istehlak miqdarından artıq, yəni təmiz çəkisi 470 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, ünvan 1 ünvanında yaşayır. O, əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Narkotik vasitə olan marixuanadan təxminən iki il olar ki, istifadə edir və buna görə də narkotik vasitə olan marixuananı tanıyır. 2021-ci ilin mart ayının 9-da Gəncə şəhər Heydər Əliyev prospektində yerləşən “Qələbə” parkında gəzərkən parkın kənarındakı ağacın arxasından göy rəngli sellofan torba tapmışdır. Torbanı açan zaman içində əvvəllər istifadə etdiyinə görə tanıdığı narkotik vasitə olan marixuana olduğunu görmüşdür. Daha sonra həmin narkotik vasitə olan marixuananı özü istifadə etmək üçün yaşadığı ünvan 2 ünvana gətirmiş, təxminən iki gün həmin narkotik vasitənin üzərindən götürərək istifadə etmişdir. Marixuananı evdə saxlamağa ehtiyat etdiyi üçün 12.03.2021-ci il tarixdə saat 18 radələrində içərisində narkotik vasitə olan göy rəngli sellofan torbada götürərək başqa yerdə gizlətmək üçün Gəncə şəhəri N.Nərimanov prospektində yerləşən Nəriman Nərimanov parkına gətirmişdir. Bu zaman iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim edib, narkotik vasitələrin gəzdirilməsi və istifadəsində şübhəli olduğunu bildirib onu Gəncə şəhər Kəpəz rayon Polis Bölməsinə dəvət etmişlər. Üzərində axtarış keçirilmiş və axtarış zamanı onun əynində olan göy rəngli gödəkçənin iç tərəfində, saxlamış olduğu göy rəngli sellofan torba aşkar edilərək götürülmüşdür. O, əldə edib saxladığı narkotik vasitə olan marixuananı heç kəsə satmamış, əvəzli, yaxud əvəzsiz olaraq verməmiş, belə bir məqsədi də olmamışdır. O, həmin marixuananı özü istifadə etmək üçün saxlamışdır. Onun narkotik vasitə olan marixuananı əldə etməsindən, saxlamağından və istifadə etməyindən heç kəsin, o cümlədən ailə üzvlərinin də xəbərləri olmamışdır. Hazırda törətdiyi əməldən peşmandır, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2009-ci ildən X6, 2017-ci ildən isə Gəncə şəhər BPİ-nin Kəpəz RPB-də əməliyyat müvəkkili vəzifəsində xidmətini davam etdirir. 12.03.2021-ci il tarixdə xidmət etdiyi bölməyə Gəncə şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz olaraq saxlaması və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Onun həmin cinayət əməlinin ifşa edilməsi üçün əməliyyat tədbirləri keçirilməsinə qərar alınmış və əməliyyat qrupu yaradılmışdır. Bundan sonra bölmənin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ilə birlikdə Gəncə şəhəri ərazisində əməliyyat-axtarış tədbirləri keçirməyə başlamışlar. Həmin gün saat təxminən 18 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhəri, Nəriman Nərimanov prospektində N.Nərimanov parkında tərəflərindən saxlanılaraq Gəncə şəhər BPİ-nin Kəpəz RPB-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlarla razılaşaraq bölməyə getmişdir. Gəncə şəhər BPİ-nin Kəpəz RPB-də təhqiqatçı tərəfindən ona şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilərək X7 onun müdafiəçisi kimi iştirakı təmin edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya varsa təqdim etməsi təklif olunduqdan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli qış gödəkcəsinin içərisində saxlamış olduğu göy rəngli polietilen sellofan torbanı təqdim etmişdir. Bundan sonra onun üzərində şəxsi axtarış aparılsa da, qeyriqanuni hər hansı başqa bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış yekunlaşdırıldıqdan sonra onun təqdim etdiyi göy rəngli polietilen sellofan torbanın içərisinə onların iştirakı ilə baxış keçirilmiş və göy rəngli polietilen sellofan torbanın içərisindən yaşıl rəngdə kəskin iyili ilk görünüşdən narkotik vasitə olan marixuanaya oxşar kütlə aşkar edilmişdir. Həmin kütlə 1 ədəd sellofon torba ilə birlikdə tərəzidə çəkilərək və kütlənin sellofon torba ilə birlikdə ümumi çəkisinin 485 qram olmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni Gəncə şəhəri H.Əliyev prospektində yerləşən “Qələbə” parkının içərisindən ağacın arxasından tapdığını və öz istifadəsi üçün saxladığını bildirmişdir. Bundan sonra həmin kütlə müvafiq qaydada qablaşdırılaraq protokol tərtib edilmiş və doğruluğunu imzaları ilə təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin Kəpəz RPB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 2006-ci ildən X6, 2016-ci ildən isə Gəncə şəhər BPİ-nin Kəpəz RPB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət etmişdir. Hazırda Gəncə şəhər Baş Polis İdarəsində ekspert-kriminalist vəzifəsində işləyir. 12.03.2021-ci il tarixdə Kəpəz Rayon Bölməsinə Gəncə şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz olaraq saxlaması və istifadəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Onun həmin cinayət əməlinin ifşa edilməsi üçün əməliyyat tədbirləri keçirilməsinə qərar alınaraq və əməliyyat qrupu yaradılmışdır. Bundan sonra bölmənin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ilə birlikdə Gəncə şəhəri ərazisində əməliyyat-axtarış tədbirləri keçirməyə başlamışlar. Həmin gün saat təxminən 18 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhəri, Nəriman Nərimanov prospektində N.Nərimanov parkında saxlayaraq Gəncə şəhər BPİ-nin Kəpəz RPB-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlarla razılaşaraq bölməyə getmişdir. Gəncə şəhər BPİ-nin Kəpəz RPB-də ona şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilərək X7 onun müdafiəçisi kimi iştirakı təmin edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə təhqiqatçı tərəfindən baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya varsa təqdim etməsi təklif olunduqdan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli qış gödəkcəsinin içərisində saxlamış olduğu göy rəngli polietilen sellofan torbanı təqdim etmişdir. Bundan sonra onun üzərində şəxsi axtarış aparılsa da, qeyri-qanuni hər hansı başqa bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış yekunlaşdırıldıqdan sonra onun təqdim etdiyi göy rəngli polietilen sellofan torbanın içərisinə onların iştirakı ilə baxış keçirilmiş və göy rəngli polietilen sellofan torbanın içərisindən yaşıl rəngdə kəskin iyili ilk görünüşdən narkotik vasitə olan marixuanaya oxşar kütlə aşkar edilmişdir. Həmin kütlə 1 ədəd sellofan torba ilə birlikdə tərəzidə çəkilərək və kütlənin sellofan torba ilə birlikdə ümumi çəkisinin 485 qram olmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni Gəncə şəhəri H.Əliyev prospektində yerləşən “Qələbə” parkının içərisindən ağacın arxasından tapdığını və öz istifadəsi üçün saxladığını bildirmişdir. Bundan sonra həmin kütlə müvafiq qaydada qablaşdırılaraq protokol tərtib edilmiş və doğruluğunu imzaları ilə təsdiq edilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərlə aşağıdakılar müəyyən edilmişdir: 12 mart 2021-ci il tarixli “Şübhəli şəxsi tutma” protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. 12.03.2021-ci il tarixli “Şəxsi axtarış və götürmə haqqında”, 24.03.2021-ci il tarixli “Video görüntüyə baxış keçirilməsi haqqında” protokoldan və videogörüntünün olduğu diskdən görünür ki, Gəncə şəhər BPİ-nin Kəpəz RPİ-nin TB-də təhqiqatçı, polis baş leytenantı Elçin Mansırov, Gəncə şəhər BPİ-nin Kəpəz RPB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2, Gəncə şəhər BPİ- nin Kəpəz RPB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, müdafiəçi X4 iştirakı ilə Təqsirləndirilən şəxs oğlunun üzərinə şəxsi axtarış keçirilir. Şəxsi axtarış keçirilməzdən qabaq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilir, daha sonra onun üzərinə şəxsi axtarış keçirilir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində olan olan göy rəngli qış gödəkcəsinin iç hissəsində saxlamış olduğum göy rəngli polietilen sellofon torbanın içərisində narkotik vasitə olan marixuananı təqdim edir. Həmin polietilen sellofan torbanın içərisinə baxış keçirilir və ilk baxışdan kəskin spesifik qoxulu narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar olunur. Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə olduğunu bildirir. Daha sonra həmin şəxsdən təqdim etdiyi ilk baxışdan narkotik vasitəyə bənzəyən kütləni haradan əldə etməsi barədə soruşan zaman Təqsirləndirilən şəxs həmin narkotik vasitəni Gəncə şəhəri, Qələbə parkından tapdığını və şəxsi istifadəsi məqsədilə üzərində daşıdığını bildirməsi müəyyən edilir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd göy rəngli polietilen sellofan torba içərisindəki kütlə ilə birlikdə tərəzidə çəkilir və həmin kütlənin sellofanla birgə ümumilikdə çəkisinin 485 qram olması müəyyən edilir. Bundan sonra həmin kütlə müvafiq qaydada qablaşdırılır və imzalarla təsdiq edilir. 13 mart 2021-ci il tarixli məhkəmə-bioloji ekspertizasının rəyindən məlum olur ki, tədqiqata təqdim edilmiş, üzərində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə” sözlər və imzalar olan polietilen torbada, təmiz çəkisi 470 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ekspertiza tədqiqatının dəyəri 32,40 manat təşkil etmişdir. 14 mart 2021-ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilmişdir. 08 aprel 2021-ci il tarixli, 355 nömrəli məhkəmə-narkoloji ekspertizası rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannobinoiddən sui-istifadə nəticəsində yaranmış narkomanlıq xəstəliyindən əzab çəkir. Narkomanlıq xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata götürülməsi məsləhət görülür. 19 may 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərara əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş təmiz çəkisi 470 qram olan narkotik vasitə hesab edilən marixuana və bir ədəd DVD disk iş üzrə mühüm əhəmiyyət kəsb etdiklərinə görə maddi sübut kimi tanınaraq həmin bir ədəd DVD disk cinayət işinə əlavə olunmuş, narkotik vasitənin ekspertizadan qaytarılmış qalığı, yəni 469,8 qram narkotik vasitə olan marixuana isə Gəncə şəhər BPİ-də ayrılmış xüsusi yerdə məsul saxlanca verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 20.03.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə mübarizə haqqında haqqında» Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununun 19-cu maddəsinin 1-ci hissəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların şəxsi istehlak miqdarından artıq olan miqdarda hazırlanması, kultivasiyası, əldə edilməsi, saxlanması, daşınması və ya göndərilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada cinayət məsuliyyətinə səbəbdir. Azərbaycan Respublikasının 28.06.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»n İ Siyahısında narkotik vasitə olan qurudulmuş marixuananın şəxsi istehlak miqdarının yuxarı həddi 5 qram, külli miqdarının aşağı həddi isə 500 qram müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspert rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Qeyd etmək lazımdır ki, X1 törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsində cəza təyin etmənin ümumi əsaslarının təsbit olunduğu 58-ci maddə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasından yüngül cəza növünün təyin olunmasına, yaxud onun azadlıqdan məhrumetməyə şərti məhkum olunmasına imkan vermir. Məhkəməni bu qənaətə gəlməyə təqsirləndirilən şəxsin əməlinin ictimai təhlükəlilik dərəcəsi, yəni onun qanunsuz olaraq əldə edib saxladığı narkotik vasitənin miqdarının şəxsi istehlak miqdarından dəfələrlə artıq (külli miqdara yaxın) olması istiqamətləndirir. Bu səbəbdən də, məhkəmə belə qənaətə gəlir ki, ona yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilə bilər və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə uyğun olaraq, o, həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Lakin məhkəmə təqsirləndirilən şəxsin əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməsi və ilk dəfə cinayət törətməsinə qiymət verərək bu qərara gəlir ki, təyin edəcəyi azadlıqdan məhrumetmə cəzasının müddətini maddənin sanksiyası hüdudlarında, nisbətən aşağı həddə müəyyən etsin. Təqsirləndirilən şəxs 12 mart 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 14 mart 2021-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə azad edilmişdir. Təqsirləndirilən şəxs məhkəmədən qaçıb gizləndiyi üçün məhkəmənin 15 iyul 2021ci il tarixli qərarı ilə onun barəsində axtarış elan edilmiş və barəsində seçilmiş qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilmişdir. 10.08.2021-ci il tarixdə təqsirləndirilən şəxs tutularaq həbsə alınmış, məhkəmənin hazırlıq iclasının qərarı ilə həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə həbsdə olduğu (tutulduğu) iki gün müddət bir günə bir gün hesabı ilə nəzərə alınmaqla ona təyin ediləcək azadlıqdan məhrumetmə cəzasından çıxılmalı, məhkəmə vaxtı həbsdə saxlanıldığı müddət isə cəza müddətinə daxil edilməklə cəzasının əvvəli 10 avqust 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkməsi ilə bağlı ekspert rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli, habelə Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. İş üzrə maddi sübut - tədqiqata sərf edildikdən sonra təmiz çəkisi 469,8 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş materiallarında olan 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 32,40 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmədə təqsirləndirilən şəxsə göstərdiyi 50 saat hüquqi yardıma görə hər iş saatı üçün 6 manat olmaqla 300 manat pul dövlət büdcəsinin vəsaiti hesabına Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən ibtidai istintaq dövründə həbsdə olduğu (tutulduğu) 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq Təqsirləndirilən şəxs üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 10 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1 və 93-1-ci maddələrinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübutlar – Gəncə şəhər BPİ-də məsul saxlanca verilmiş təmiz çəkisi 469,8 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci - ekspertiza tədqiqatının dəyəri olan 32,40 (otuz iki manat qırx qəpik) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Təqsirləndirilən şəxsə göstərdiyi 50 saat hüquqi yardıma görə hər iş saatı üçün 6 manat olmaqla 300 (üç yüz) manat pul dövlət büdcəsinin vəsaiti hesabına Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə münasibətdə isə surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə (təqsirləndirilən şəxs tərəfindən isə həmçinin həbsdə saxlama yerinin müdiriyyəti vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddətlər ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar