Məhkəmə qərarları › İş №1(043)-15/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-15/2021

04.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-15/2021 04.03.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkum olunmamış, Gəncə şəhəri, Sadıllı qəsəbəsi, İ.Əliyev küçəsi, ev 10-da qeydiyyatda olmaqla Gəncə şəhəri Məhsəti qəsəbəsində fərdi yaşayış evində yaşayan və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 2019-cu ilin aprel ayında, günü dəqiq məlum olmayan tarixdə həmin vaxt dəmirçi işlədiyi Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 28 May küçəsində yerləşən avtotəmir sexində tanışı Zərərçəkmiş şəxs3 məxsus VAZ 21063 markalı avtomobili təmir edəcəyini yalan vəd edərək Zərərçəkmiş şəxs3 inandırıb etibarından suiistifadə etmə və aldatma yolu ilə görməyi vəd etdiyi işin müqabilində sonuncunun 180 manat nağd pulunu və 2300 manat dəyərində VAZ 21063 markalı, 1991-ci il istehsalı olan, göy rəngli, **-CC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilini ələ keçirib zərərçəkmiş şəxsə 2480 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrar 2019-cu ilin aprel ayının sonlarında, günü dəqiq məlum olmayan tarixdə həmin vaxt dəmirçi işlədiyi Gəncə şəhəri, Sadıllı qəsəbəsi, 2-ci küçənin sonunda, “Nur” adlanan mağazanın yaxınlığında yerləşən avtotəmir sexində tanışı Zərərçəkmiş şəxs1 məxsus VAZ 2107 markalı avtomobili təmir edəcəyini yalan vəd edərək Zərərçəkmiş şəxs1 inandırıb etibarından sui-istifadə etmə və aldatma yolu ilə görməyi vəd etdiyi işin müqabilində sonuncunun 50 manat nağd pulunu və 3000 manat dəyərində VAZ 2107 markalı, 1984-cü il istehsalı olan, ağ rəngli, **-BA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilini ələ keçirib zərərçəkmiş şəxsə 3050 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrar 2019-cu ilin may ayının ortalarında, günü dəqiq məlum olmayan tarixdə həmin vaxt dəmirçi işlədiyi Gəncə şəhəri, Sadıllı qəsəbəsi, 2-ci küçənin sonunda, “Nur” adlanan mağazanın yaxınlığında yerləşən avtotəmir sexində Zərərçəkmiş şəxs2 məxsus VAZ 2107 markalı avtomobili 2500 manat pul müqabilində satın alacağını yalan vəd edərək Zərərçəkmiş şəxs2 inandırıb etibarından sui-istifadə etmə və aldatma yolu ilə sonuncunun 2500 manat dəyərində VAZ 2107 markalı, 1989-cu il istehsalı olan, qırmızı rəngli, **-BB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilini ələ keçirib dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, o, o, əvvəllər Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 28 May küçəsində yerləşən avtotəmir sexində dəmirçi işləmişdir. Həmin sexdə onunla birlikdə avtomobil boya ustası kimi Zərərçəkmiş şəxs3 də çalışırmış. Onun özünün və ailə üzvlərinin maddi imkanı çox zəifdir. Ona görə də düşünürmüş ki, təmirə verilən avtomobillərin müəyyən ehtiyat hissələrini satıb pul əldə edər. 2019-cu ilin aprel ayında, dəqiq xatırlamadığı tarixdə iş yoldaşı Zərərçəkmiş şəxs3 özünün VAZ 21063 markalı, göy rəngli, dövlət qeydiyyat nömrə nişanını xatırlamadığı avtomobilini təmir etmək, yəni çürüklərini təmizləmək məqsədilə ona verib qısa müddətdə Rusiya Federasiyasına gedəcəyini bildirmişdir. O isə avtomobilə baxıb Anarla həmin işi görmək barədə zəhməthaqqı olaraq 180 manata razılaşmış və avtomobili Anardan təhvil almışdır. Həmin vaxt Anar ona razılaşdıqları 180 manat pulu da vermişdir. Bundan sonra o, qeyd edilən avtotəmir sexində icarə əsasında çalışdığı sexdə Anarın avtomobilinin çürük olan bəzi yerlərini təmir etmişdir. Bununla belə, avtomobilin ayaqaltı və yük yerində də çürüklər olduğu üçün avtomobilin təmiri tam başa çatmamışdır. Həmin müddətdə o, çalışdığı həmin avtotəmir sexindən çıxıb, təxminən 100 metr yaxınlıqda olan digər avtotəmir sexinə getmiş və orada çalışmağa başlamışdır. Anarın avtomobilini də özü ilə həmin təmir sexinə aparmışdır. Həmin sexdə Anarın avtomobilini təmir etdiyi müddətdə X2 getmişdir. Həmin müddət ərzində o, qeyd etdiyi ikinci avtotəmir sexindən də çıxıb işsiz qalmışdır. Belə ki, həmin sexin sahibi oranı dəmir darvaza düzəldən şəxslərə icarəyə vermişdir. O, həmin avtotəmir sexindən çıxdıqda Anarın avtomobilini özü ilə birlikdə yaşadığı Gəncə şəhəri, Sadıllı qəsəbəsi, İ.Əliyev küçəsinə, yəni evlərinin yaxınlığına aparıb orada saxlamışdır. Həmin avtomobil, təxminən 10 gün evlərinin yaxınlığında qalmışdır. O, fürsət axtarırmış ki, bir avtotəmir sexi tapıb avtomobili orada söksün. Bundan sonra o, yaşadığı evin yaxınlığında, yəni Gəncə şəhəri, Sadıllı qəsəbəsi, 2-ci küçənin sonunda, “Nur” marketin yaxınlığında yerləşən avtotəmir sexində yer icarəyə götürmüşdür. Anarın avtomobilini də həmin yerə aparmışdır. Orada ilk öncə avtomobilin mühərrikini sökmüş və tanımadığı şəxsə 80 manata satmışdır. Bundan sonra isə avtomobilin digər ehtiyat hissələrini söküb tanımadığı şəxslərə xatırlamadığı qiymətə satmışdır. Həmin müddətdə, yəni 2019-cu ilin aprel ayının sonlarında əvvəlcədən tanıdığı Zərərçəkmiş şəxs1 idarə etdiyi VAZ 21074 markalı, ağ rəngli, dövlət qeydiyyat nömrə nişanını xatırlamadığı avtomobillə onun çalışdığı həmin avtotəmir sexinə gəlib avtomobilinin bəzi yerlərində çürük olduğu üçün həmin çürüklərin çıxarılmasını xahiş etmişdir. O, Babəklə razılaşmışdır ki, həmin avtomobilin çürük yerlərini 50 manata çıxaracaq. Bunun üçün Babək ona 50 manat pul və avtomobilin zəruri ehtiyat hissələrini alıb vermişdir. O isə Babəkə ona avtomobilini bir həftə ərzində hazır edib təhvil verəcəyini vəd etmişdir. Bundan sonra Babək oradan çıxıb getmiş və o, həmin avtomobili təmir etməyə başlamışdır. Həmin müddət ərzində Babək bir-iki dəfə onun yanına gəlib avtomobilə nəzarət edirmiş. Həmin vaxt avtomobil onun çalışdığı avtotəmir sexində olmuşdur. Fürsət yaranan kimi o, Babəkin VAZ 21074 markalı avtomobilinin ban hissəsindən başqa bütün ehtiyat hissələrini sökərək təxminən 2-3 gün ərzində avtomobilin bütün ehtiyat hissələrini, ümumilikdə, təxminən 1000 manata ayrı-ayrı tanımadğı şəxslərə satmışdır. Avtomobilin ban hissəsi və təkərləri isə onun çalışdığı avtotəmir sexində qalmışdır. Həmin vaxt Babək oraya gəlib avtomobilini sökülmüş vəziyyətdə görərkən o, Babəkə avtomobilinin pulunu verəcəyinə söz vermişdir. Babək isə narazılıq etməyə, qışqırmağa başlamışdır. Bundan bir müddət sonra, yəni 2019-cu ilin may ayının ortalarında, dəqiq xatırlamadığı tarixdə əvvəlcədən tanıdığı Bayram adlı şəxs VAZ 21074 markalı, qırmızı rəngli, dövlət qeydiyyat nömrə nişanını xatırlamadığı avtomobili onun çalışdığı Gəncə şəhəri, Sadıllı qəsəbəsi, “Nur” marketin yanında yerləşən avtotəmir sexinə gətirib avtomobilin qapılarını tənzimləməyi ondan xahiş etmişdir. O, Bayramı əvvəlcədən tanıyırmış. Belə ki, o, həmin avtomobilin Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində, 28 May küçəsində yerləşən avtotəmir sexində çalışarkən çürük hissələrini təmir etmiş və avtomobili boyadandan sonra gətirib qapılarını tənzimlədə biləcəyini Bayrama vəd etmişdir. Lakin o, həmin avtotəmir sexindən çıxdığı üçün Bayram avtomobili Gəncə şəhəri, Sadıllı qəsəbəsindəki avtotəmir sexinə gətirmişdir. O, Bayramdan həmin avtomobili satıb-satmadığını soruşduqda Bayram zəng edib Niyaz adlı şəxslə danışmış və avtomobilin sahibinin özü gəlib bu barədə danışacağını ona bildirmişdir. Həmin gün axşam saatlarında Niyaz adlı şəxs də Bayramla birlikdə onun çalışdığı avtotəmir sexinə gəlmişdir. Orada o, Niyazla avtomobili satıb-satmaması barədə danışmış və guya yeznəsinin avtomobilə ehtiyacı olduğu üçün avtomobili özünün alacağını bildirib 2500 manat pulu sabah gəlib götürməsini Niyaza bildirmişdir. Bundan sonra onlar çıxıb getmişlər. Ertəsi gün o, avtomobili çalışdığı sexdə hissələrə ayırmağa başlamışdır. Həmin gün Niyaz və Bayram onun yanına gəlməmiş, lakin Niyaz ona zəng edib pulunu istəmişdir. O isə Niyazı aldadaraq pulu sabah gəlib götürə biləcəyini bildirmişdir. Həmin müddətdə isə avtomobilin bütün ehtiyat hissələrini söküb tanımadığı şəxslərə, təxminən ümumilikdə 800 manata satmış və heç kimin onu tapa bilməməsi üçün sexdən çıxıb Bakı şəhərinə getmişdir. Bir müddət Bakı şəhərində avtoyuma məntəqəsində çalışmış, həmin müddət ərzində isə barəsində cinayət işi olduğunu, axtarış elan edildiyini bilmişdir. Buna baxmayaraq, qorxduğu üçün gəlib təslim olmamışdır. Bakı şəhərində olduğu müddətdə polis əməkdaşları onun yaşadığı Gəncə şəhəri, Sadıllı qəsəbəsi, İ. Əliyev küçəsində olan evinə getmiş, lakin onu həmin evdə tapa bilməmişlər. O özü daha sonra Bakı şəhərindən Gəncə şəhərinə gəlmiş və atasının təklifi ilə könüllü olaraq Kəpəz RPİ-yə gedib təslim olmuşdur. O, hər üç avtomobili təhvil götürərkən niyyəti onları hissələrə ayırıb satmaq olmuşdur. Belə ki, həmin ərəfələr onun maddi imkanı olduqca zəif idi. Ona görə də, avtomobillərin ehtiyat hissələrini satmaqla pul qazanırmış. Belə ki, o, Anar və Babəkin avtomobillərini təmir etmək adı ilə, Niyazın avtomobilini isə yeznəsinə satın almaq adı ilə ələ keçirmişdir. O, həmin avtomobilləri təmir etmiş, lakin niyyəti onları təmir etmək olmamış, fürsət tapıb ehtiyat hissələrini satmaq olmuşdur. Avtomobilləri ona görə təmir etmişdir ki, ilk başlarda sahibləri ondan şübhələnməsinlər. Niyazın avtomobilini satın almaq fikri isə ümumiyyətlə olmamışdır. Belə ki, onun yeznəsinə avtomobil lazım gəlməmiş, sadəcə olaraq o, Bayramı tanıdığı üçün Niyazı da inandırmışdır ki, guya avtomobili yeznəsinə alır və pulunu yeznəsi verəcək. Fürsət düşən kimi isə avtomobili ehtiyat hissələrinə ayırıb ayrı-ayrı şəxslərə satmışdır. O, qeyd edilən avtomobillərin ehtiyat hissələrini satmaq üçün əvvəlcədən heç kimlə razılaşmamış, sadəcə olaraq avtomobillərin ehtiyat hissələrini nisbətən ucuz qiymətə satdığı, həm də həmin ehtiyat hissələrinə tələbat olduğu üçün tez bir zamanda müştəri tapırmış. Həmin müştərilərdən heç biri avtomobilin kimə məxsus olması, hansı yolla əldə edilməsi barədə maraqlanmamışdır. Bundan başqa, o, Babəki və Niyazı müştəri kimi, Anarı isə iş yoldaşı kimi Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində çalışdığı avtotəmir sexindən tanıyırmış. Onların heç biri ilə arasında ədavət və düşmənçilik münasibətləri, o cümlədən pul və digər öhdəlik münasibətləri olmamışdır. O, Bakı şəhərində olarkən Anara məxsus olan VAZ 2106 markalı avtomobilin ban hissəsi onun tapşırığıyla atası Akif tərəfindən aparılaraq Gəncə şəhəri, Sadıllı qəsəbəsində yerləşən “Sərçə bazarı” kimi tanınan bazarın arxa hissəsində olan avtomobil təmiri sexinə yerləşdirilmişdir. Niyaza məxsus olan VAZ 21074 markalı avtomobilin ban hissəsi isə Bakı şəhərində olarkən avtotəmir sexinin sahibinin narazılığı ilə atası Akif tərəfindən oradan çıxarılaraq onun yaşadığı evə aparılmışdır. Babəkə məxsus VAZ 21074 markalı avtomobilin ban hissəsi isə onun atası Akifə bildirməsinə əsasən, metal alqı-satqısı ilə məşğul olan tanımadığı şəxsə satılmışdır. Belə ki, o, həmin müddət ərzində Babəklə razılaşıb ki, Babəkin pulunu ödəyəcəyək. Ona görə də, Babəkə məxsus avtomobilin ban hissəsini metal alqı-satıqısı ilə məşğul olan şəxsə satılmasına razılıq vermişdir. Niyazın avtomobilinin ban hissəsini isə atasına tapşırığına əsasən, atası Akif tərəfindən öz evlərinə aparılmışdır. Daha sonra Niyazla da razılaşıb ki, avtomobilinin pulunu qaytaracaq. Ona görə atası Akifə Niyazın da avtomobilinin ban hissəsini metal alqı-satqısı ilə məşğul olan şəxsə satmasını tapşırıb. Həmin avtomobillərin dövlət qeydiyyat nömrə nişanları ilə bağlı heç nə xatırlamır, lakin avtomobillərin sənədləri sahiblərində olmuşdur. Bundan başqa, Zərərçəkmiş şəxs2 məxsus avtomobili almaq barədə razılaşdıqdan sonra bu barədə hər hansı bir rəsmiləşdirmə aparmamış, hətta avtomobilin sənədləri də Niyazın özündə qalmışdır. O, bütün işləri tək görmüş, bu işlərdə heç kim köməklik etməmişdir. O, qeyd edilən avtomobillərin sahiblərini avtomobili təhvil aldığına inandırmaq məqsədilə təmir etmək adı ilə əvvəlcədən zəhməthaqqı alırmış. Bununla belə, o, həmin pulların müqabilində işlər də görmüşdür. Belə ki, Babək və Anar avtomobillərə nəzarət etdikləri üçün o, həmin avtomobillərdə müəyyən təmir işləri görmüşdür. İbtidai istintaq dövründə zərərçəkmiş şəxslərə vurulmuş bütün ziyanı könüllü olaraq ödəmiş və onlarla barışıq əldə etmişdir. Məhkəmənin əvvəlki iclasında dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, o, xx.xx.2018-ci il tarixdə Zaqatala rayonundan qırmızı rəngli, 1989-cu il buraxılışlı,VAZ 2107 markalı, **-BB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili alqı-satqı ilə 1800 manata almış və Gəncə şəhərinə gətirmişdir. Həmin avtomobili aldıqdan sonra, təxminən 700 manat da pul xərcləyib avtomobil saz vəziyyətə gətirmişdir. 2019-cu ilin may ayının 13-də avtomobilin alt hissəsində çürümə olduğu üçün avtomobili yeznəsi Şahid1 vermişdir ki, aparıb təmir etdirsin. Yeznəsi Bayram da avtomobili Gəncə şəhəri, Sadıllı qəsəbəsi, 2-ci küçənin, yəni İ. Əliyev küçəsinin sonunda yerləşən avtotəmir sexinə aparıb təmir etməsi üçün orada əvvəlcədən dəmirçi kimi tanıdığı Əbdülə vermişdir. Həmin vaxt onun özü avtomobili satmaq niyyətində imiş. Yeznəsi Bayramın deməsinə görə usta Əbdülhüseyn avtomobilinə baxıb almaq istəyini bildirmişdir. Ona görə də yeznəsi Bayram ona zəng edərək Əbdülün həmin avtomobili almaq istədiyini demişdir. Həmin gün axşam saatlarında o, yeznəsi Bayramla birlikdə usta Əbdülhüseynin yanına, çalışdığı avtotəmir sexinə getmişdir. Orada Əbdülhüseyn yeznəsinə həmin avtomobili almaq istədiyini bildirmişdir. Onların razılaşması belə olmuşdur ki, Əbdül avtomobilin pulunu, yəni 2500 manatı xx.xx.2019-cu il tarixdə yeznəsindən alıb onlara verəcəkmiş. Onlar Əbdülhüseynlə bu qaydada razılaşıb geri qayıtmışlar. Avtomobil də Əbdülhüseynin çalışdığı avtotəmir sexində qalmışdır. Ertəsi gün onların başqa bir işi olduğu üçün Əbdülhüseynin yanına gedə bilməmişlər, lakin o, Əbdülhüseynə zəng edib pulun hazır olub-olmadığını soruşmuşdur. Əbdülhüseyn isə həmin günün ertəsi, yəni xx.xx.2019-cu il tarixdə gedib pulu götürə biləcəyini bildirmişdir. O, xx.xx.2019-cu il tarixdə yeznəsi Bayramla birlikdə Əbdülhüseyndən 2500 manat pulu almaq üçün qeyd edilən avtotəmir sexinə getmişdir. Həmin vaxt o, avtomobilindən geriyə yalnız müəyyən hissələrin qaldığını, avtomobilin sökülmüş halda olduğunu aşkar etmiş, motoru, təkərləri, salonu və digər ehtiyat hissələri, eləcə də Əbdülhüseynin özü orada yox imiş. O, həmin vaxtdan xx.xx.2019-cu il tarixədək Əbdülhüseynlə əlaqə yarada bilməmiş, çünki Əbdülhüseyn qaçıb gizlənmişdir. xx.xx.2019-cu il tarixdə isə o, Əbdülhüseyni çalışdığı avtotəmir sexində tapmışdır. Həmin vaxt Əbdülhüseyn and içərək xx.xx.2019-cu il tarixdə pulu verəcəyini bildirmiş, ancaq, pulunu geri verməmişdir. Ona məxsus olmuş 1989-cu il buraxılışlı, VAZ 2107 markalı, **- BB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin ban hissəsini aşkar etdikdən sonra onu götürməmiş və pulunu tələb edib ban hissəsinin Əbdülhüseynin və onun atası Akifin ixtiyarında qalmasına imkan vermişdir. Bir müddət sonra məlumat almışdır ki, müvafiq avtotəmir sexinin sahibi narazılıq etdiyi üçün həmin ban hissəni Akif, yəni Əbdülhüseynin atası özü ilə yaşadığı evə aparıb. Təqsirləndirilən şəxs həmin avtomobilin pulunu ona ödəməyə söz verdikdən sonra o, Əbdülhüseynin atası Akifə, həmin ban hissənin artıq ona lazım olmadığını, ona görə də metal kimi sata biləcəklərini bildirmiş, yəni ban hissənin üzərində olan hüquqlarını Akifə vermişdir. İibtidai istintaq dövründə Təqsirləndirilən şəxs ona vurduğu ziyanı tam həcmdə ödədiyi üçün onunla barışmışdır, hazırda ondan heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, o, hadisədən təxminən bir il əvvəl Ağstafa rayonundan ağ rəngli, 1984-cü il istehsalı olan, VAZ 2107 markalı, **-BA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili baş etibarnamə ilə 3500 manata alıb Gəncə şəhərinə gətirmişdir. 2019-cu ilin aprel ayının sonlarında, dəqiq xatırlamadığı tarixdə avtomobilin alt hissəsində çürümə olduğu üçün Gəncə şəhəri, Sadıllı qəsəbəsi, 2-ci küçənin, yəni İ. Əliyev küçəsinin sonunda yerləşən avtotəmir sexinə aparıb çürük hissələrini kəsib çıxarması və yeni hissələr əlavə etməsi üçün orada əvvəlcədən dəmirçi kimi tanıdığı Əbdüllə danışıb razılaşmışdır. Belə ki, o, həmin şəxsi Əbdül kimi, həmin sexdə usta işləyən Bəhruzun vasitəsilə tanımış və əsl adının Əbdülhüseyn olmasını sonradan bildirmişdir. O, avtomobilini təmir etməsi üçün Əbdülhüseynə verərkən Əbdülhüseyn ondan avtomobili satıb-satmadığını soruşmuş, o isə hələ avtomobili təmir edib başa çatdırmasını, daha sonra satmaq barədə düşünəcəyini bildirmişdir. Beləcə, onlar danışıb razılaşmış və avtomobilini təmir etməsi üçün materialları alıb Əbdülhüseynə vermişdir. Göstərəcəyi xidmətə görə isə Əbdülhüseynə 50 manat əvvəlcədən pul da vermişdir. Əbdülhüseyn, avtomobilin bir həftəyə hazır vəziyyətdə olacağını bildirmiş, o da oradan çıxıb getmişdir. Bundan sonra o, bir-iki dəfə ayrı-ayrı vaxtlarda Əbdülhüseynin yanına gedib avtomobilinə nəzarət etmişdir. Üçüncü dəfə, yəni 2019-cu ilin may ayının əvvəllərində, dəqiq xatırlamadığı tarixdə avtomobilinə nəzarət etmək üçün Əbdülhüseynin yanına getdikdə avtomobili orada aşkar etməmişdir. Həmin vaxt o, Əbdülhüseyndən avtomobilin harada olmasını soruşmuş, Əbdülhüseyn isə həmin avtomobilin ehtiyat hissələrini başqa bir avtomobilə yığmaqda olduğunu, avtomobilinin pulunu, yəni 3000 manat isə tez bir zamanda ona ödəyəcəyini bildirmişdir. O da Əbdülhüseynlə razılaşıb geri qayıtmışdır. Aradan xeyli müddət keçməsinə baxmayaraq, Əbdülhüseyn onun pulunu verməmiş və ona qarşı dələduzluq etmişdir. İibtidai istintaq dövründə Təqsirləndirilən şəxs ona vurduğu ziyanı tam həcmdə ödədiyi üçün onunla barışmışdır, hazırda ondan heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, o, Gəncə şəhəri, 28 May küçəsində yerləşən avtotəmir sexində avtomobil boyamaqla məşğuldur. Onunla birlikdə həmin sexdə Əbdülhüseyn adlı şəxs də dəmirçi kimi çalışırmış. Onun özünə məxsus VAZ 21063 markalı, **-CC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili var imiş və o, həmin avtomobili 2018-ci ildə Şəmkir rayonunda etibarnamə ilə 1700 manata alıbmış. O, həmin avtomobili aldıqdan sonra avtomobilə,təxminən 500 manat da pul xərcləmişdir. Buna baxmayaraq, avtomobilinin bəzi yerlərində çürümə olduğu üçün 2019-cu ilin aprel ayında, dəqiq xatırlamadığı tarixdə avtomobilini təmir etməsi üçün Əbdülhüseynə müraciət etmişdir. Əbdülhüseynlə avtomobilin təmiri üçün 180 manat pula razılaşmışlar və o, pulu, eləcə də avtomobilini Əbdülhüseynə vermişdir. Əbdülhüseyn də avtomobilin təmirinə başlamışdır. Bir qədər sonra Əbdülhüseyn həmin avtotəmir sexindən çıxıb bir qədər kənarda yerləşən digər avtotəmir sexinə getmiş və orada çalışmağa başlamışdır. Əbdülhüseyn sexdən çıxarkən özü ilə birlikdə onun avtomobilini də yeni iş yerinə aparmış, təmir işlərini orada davam etdirmişdir. O isə işləri ilə bağlı olaraq Rusiya Federasiyasına getmişdir. Bir müddət sonra o, Gəncə şəhərinə qayıtmış, lakin Əbdülhüseyni və avtomobilini tapa bilməmişdir. Sonradan isə ona məlum olmuşdur ki, o, Rusiya Federasiyasında olduğu müddətdə Əbdülhüseyn onun etibarından sui-istifadə edərək ələ keçirdiyi ona məxsus avtomobili tamah niyyəti ilə hissələrə ayırıb satmışdır. Daha sonra o, avtomobilinin ban hissəsinin Gəncə şəhəri, Sadıllı qəsəbəsi, “Sərçə bazarı” kimi tanınan bazarın arxa tərəfində yerləşən avtotəmir sexində olduğunu öyrənmişdir. Zərərçəkmiş şəxs3 ifadəsində, həmçinin bildirmişdir ki, o, Rusiya Federasiyasına getmək niyyəti barədə Əbdülhüseynə avtomobilini təmir üçün verməzdən əvvəl bildirmişdir. Avtomobilinin dələduzluq yolu ilə ələ keçirilməsi nəticəsində ona 2300 manat maddi ziyan dəymişdir. Bundan başqa, onun Əbdülhüseynlə aralarında heç bir borc və digər pul münasibətləri olmamışdır. İbtidai istintaq dövründə Təqsirləndirilən şəxs ona vurduğu zərəri tam həcmdə ödəmişdir. Buna görə də hazırda təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur. İş materiallarına əlavə olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli, 9/731 saylı rəyinə əsasən, respublikada yerləşən avtobazarlarda mövcud olan qiymətlərə, internet saytı və Məhkəmə-Ekspertiza Mərkəzinin ekspert praktikasında toplanmış məlumatlara əsasən, 1 ədəd VAZ 21063 markalı, 1991-ci il istehsalı olan, göy rəngli, **-CC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin 2019-cu ilin aprel-may aylarına olan orta bazar qiyməti nəzəri qaydada, təxminən 2500,0 manat, 1 ədəd VAZ 2107 markalı, 1984-cü il istehsalı olan, ağ rəngli, **-BA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin 2019-cu ilin aprel-may aylarına olan orta bazar qiyməti nəzəri qaydada, təxminən 3000,0 manat, 1 ədəd VAZ 2107 markalı, 1989-cu il istehsalı olan, qırmızı rəngli, **-BB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin 2019-cu ilin aprel-may aylarına olan orta bazar qiyməti nəzəri qaydada, təxminən 3000,0 manat olaraq müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş xx xxxx 2020-ci il tarixli “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, şübhəli şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsinin düzgünlüyünü müəyyən etmək və ifadəsində göstərdiyi xüsusatları dəqiqləşdirmək məqsədilə ifadəsi yerində yoxlanılmışdır. İfadənin yerində yoxlanılması zamanı o, ifadəsində göstərdiyi xüsusatları hadisə yerində bir daha göstərərək ifadəsini təsdiq etmişdir. İstintaq hərərəkəti icra edilərkən şübhəli şəxs tərəfindən törədilmiş cinayətin üsul və mexanizminin baş vermiş cinayət hadisəsi ilə üstüstə düşməsi müəyyən edilmişdir. İstintaq hərəkətinin icrası zamanı çəkilmiş fotoşəkillər isə müvafiq protokola əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş xx xxxx 2020-ci il tarixli “Baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən Gəncə şəhəri, Sadıllı qəsəbəsində yerləşən “Sərçə bazarı” kimi tanınan bazarın arxa tərəfindəki avtotəmir sexində aşkar edilmiş istismara yararsız halda, göy rəngli, markası bilinməyən avtomobilin ban hissəsi cinayət işi üzrə mühüm maddi sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür. Avtomobilin ban hissəsinə baxış və götürmə zamanı müəyyən edilmişdir ki, həmin ban hissənin üzərində “XTA210630N2766791” ban nömrəsi vardır. Bundan sonra avtomobilin ban hissəsi saxlanılması üçün Gəncə şəhər Kəpəz RPİ-nin inzibati binasının həyətinə yerləşdirilmişdir. Baxış və götürmə zamanı çəkilmiş fotoşəkillər isə müvafiq protokola əlavə edilmişdir. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə istintaq zamanı baxış və götürmə protokolu əsasında götürülmüş, Zərərçəkmiş şəxs3 məxsus VAZ 21063 minik markalı avtomobilin ban hissəsi cinayət işi üzrə mühüm əhəmiyyət kəsb etdiyindən cinayət işi üzrə maddi sübut qismində tanınmış, digər zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 məxsus VAZ 2107 minik markalı avtomobillərin ban hisssələrinin istintaq zamanı faktiki əldə edilə bilməməsi isə nəzərə alınmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş 7E-17799 reyestr nömrəli xx.xx.2018-ci il tarixdə Şəmkir rayonu 1 saylı Notariat Kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş etibarnamənin surətindən görünür ki, Zərərçəkmiş şəxs3 məxsus olmuş VAZ 21063 markalı avtomobilin ban nömrəsi həqiqətən də “XTA210630N2766791” olmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibi vardır. Təqsirləndirilən şəxsin təqsiri özünün etirafedici ifadəsi və zərərçəkmiş şəxslərin ilə tam şəkildə öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsləri aldadıb onların etibarından sui-istifadə edərək dələduzluq yolu ilə onlara məxsus avtomobilləri ələ keçirməklə onlara müxtəlif məbləğlərdə maddi ziyan vurmuşdur. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd). Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarına əlavə edilmiş, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 məhkəmə iclasında verdikləri ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə vurduğu ziyanı tam həcmdə ödəmişdir, zərərçəkmiş şəxslərin Təqsirləndirilən şəxs heç bir şikayət və tələbləri yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X1 xx.xx.2018-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin tarixədək məhkumluğu olmamışdır. İş materiallarına əlavə edilmiş AZ-İV 253116 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2018-ci il tarixdə Gəncə şəhərində doğulmuş ƏLəkbərova Nuray Əbdülhüseyn qızının atası Təqsirləndirilən şəxsdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını (CM-in 59.1.4-cü maddəsi), zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini (CM-in 59.1.12-ci maddəsi) və cinayət nəticəsində vurulmuş maddi ziyanı tam olaraq ödəməsini (CM-in 59.1.13-cü maddəsi) nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə törədilmiş cinayətin iqtisadi xarakterli cinayət olmaqla onun ictimai təhlükəliliyinin əsasən zərərçəkmiş şəxslərə maddi ziyan vurulmasında ifadə olunduğunu, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslərə vurduğu zərəri tam həcmdə ödədiyini nəzərə alaraq qeyd edir ki, cəzanın məqsədlərindən olan sosial ədalətin bərpasına artıq qismən nail olunmuşdur. Cəzanın digər məqsədlərinin təmin edilməsi üçün təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının orta həddə təyin edilməsi təqsirləndirilən şəxsin şəxsiyyətinə və işin hallarına uyğundur. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli “Axtarışda olan şəxsin tutulması barədə” protokoldan və “Qətimkan tədbirinin seçilməsi haqqında” xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx xxxx 2020-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək həbsdən azad edilmişdir. İş materiallarında olan, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 1(043)-130/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmədən qaçıb gizləndiyi üçün onun barəsində axtarış elan edilmiş və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilmişdir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli “Axtarışda olan şəxsin tutulması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutularaq Gəncə şəhər Baş Polis İdarəsinin X3 təhvil verilmişdir. İş materiallarında olan, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hazırlıq iclasının qərarından görünür ki, məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi haqqında vəsatətini təmin etmişdir. Beləliklə müəyyən edilir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 02 gün, məhkəmə prosesi zamanı isə 03 ay 10 gün olmaqla ümumilikdə 03 ay 12 gün həbsdə və ev dustaqlığında olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həmin müddət həbsdə saxlamanın bir gününə azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla (06 ay, 24 gün müddət) ona təyin ediləcək cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilməlidir. İş üzrə maddi sübut – 1 ədəd VAZ-21063 minik markalı, göy rəngli, **-CC-*** dövlət qeydiyyat nişanlı avotmobilin ban hissəsi hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahibinə qaytarılmalıdır. İş üzrə məhkəmə xərci məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 50 manat puldan ibarətdir. Azərbaycan Respublikası CPM-in 198-ci maddəsinə uyğun olaraq həmin xərc təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il, 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə dövründə həbsdə saxlanıldığı 03 ay 12 gün müddət bir gün həbsdə saxlama müddətinə iki gün azadlığın məhdudlaşdırılması cəzası hesabı ilə hesablanaraq 06 (altı) ay, 24 (iyirmi dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 11 (on bir) ay, 06 (altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs oğlu cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs oğlunun üzərinə yaşayış yerini saat 21:00-dan saat 08:00-dək tərk etməmək, cəza çəkdiyi müddət ərzində Gəncə şəhərinin ərazisi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzasının icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Gəncə şəhər Probasiya Şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilsin. İş üzrə maddi sübut – saxlanılması üçün Şahid3 verilmiş 1 ədəd VAZ-21063 minik markalı, göy rəngli, **-CC-*** dövlət qeydiyyat nişanlı avotmobilin ban hissəsi hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahibinə qaytarılsın. İş üzrə məhkəmə xərci - məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 50 (əlli) manat pul təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar