Məhkəmə qərarları › İş №1(043)-151/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-151/2021

14.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-151/2021 14.07.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1988-cı ildə Ermənistan Respublikasının Amasiya rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ev 27, mənzil 3də qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 17 fevral 2021-ci il tarixdə günorta saatlarında ünvan 1 ünvanının bərabərliyində yolun sağ kənarında, su borusunun yanından 2 (iki) ədəd iç-içə bükülmüş qarışıq rəngli zərfdə təmiz çəkisi 0,344 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq satış məqsədi olmadan əldə edərək üzərində saxlamış, Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində həmin gün saat 17 radələrində o, Gəncə şəhəri, Nizami prospektində yerləşən “X7 Evi”nin qarşısında saxlanılaraq Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinə gətirilərək üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan ağ rəngli qış gödəkcəsinin sol yan cibindən 2 (iki) ədəd iç-içə bükülmüş qarışıq rəngli zərfdə təmiz çəkisi 0,344 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, tutulmamışdan təxminən 2 ay əvvəldən metamfetamindən istifadə etməyə başlamışdır. Həmin ərəfələrdə Rusiya Federasiyasından tanıdığı və Gəncə şəhərinə qonaq kimi gəlmiş Vadim adlı şəxslə tanış olmuşdur. O, həmin şəxslə tanış olduqdan sonra söhbət zamanı onun da, psixotrop maddə metamfetamindən istifadə etdiyini öyrənmişdir. 2021-ci ilin yanvar ayında Vadimə təyyarə bileti almaq üçün tanışı Səbuhi Kərimovun avtomobili ilə onlar birlikdə aviabilet satılan yerə getmişlər. Orada Vadimin bileti almaq üçün pulu çatmadığından, o, Səbuhidən 30 manat pul alaraq Vadimə vermişdir. 17.02.2021-ci il tarixdə onun ağrıları olduğuna görə psixotrop maddə metamfetamin istifadə etmək istəmiş, bu məqsədlə həmin gün günorta saatlarında Vadimə zəng edərək metamfetamin təşkil etməsini istəmişdir. Vadim isə cavabında ona xəbər edəcəyini demişdir. Təxminən 15 dəqiqə sonra Vadim yenidən ona zəng edərək metamfetaminin hazır olduğunu, hər hansı bir ödəmə terminalında deyəcəyi kart hesabına 30 manat pul köçürməli olduğunu demişdir. O, Vadimlə razılaşdıqdan sonra Gəncə şəhəri, Ə.Əliyev prospekində yerləşən “İdeal” marketə gedərək oradakı “Milliön” ödəmə terminalının qarşısında dayanaraq yenidən Vadimə zəng etmiş, Vadimin deməsi ilə həmin ödəmə terminalında “Kapital Bank”a məxsus kart hesab nömrəsinə 30 manat pul göndərmişdir. Bundan sonra o, yenidən Vadimə zəng edərək pulu göndərdiyini demiş, Vadim isə, ona Gəncə şəhəri, Adil İsgəndərov küçəsində yerləşən “Pivə zavodun yanı” kimi tanınan yerin qarşısında su borsunun yanına getməsini, metamfetaminin orada olacağını demişdir. Bundan sonra o, həmin yerdən Vadimin qeyd etdiyi yerə getmişdir. Həmin yerə baxdıqda orada sellofana bükülmüş bükülü olduğunu görmüşdür. Ətrafda heç kəsin olmadığını, onu heç kəsin görmədiyinə əmin olduqdan sonra həmin bükülünü götürərək əynində olan ağ rəngli gödəkcənin sol yan cibinə qoymuş və dərhal oradan uzaqlaşmışdır. Həmin yerdən üzü aşağı düzünə düşərək Gəncə şəhəri, Nizami prospektinə çıxıb oradan Zabitlər evinin qarşısı ilə gedərkən iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq xidməti vəsiqələrini nümayiş etdirib Gəncə şəhər Kəpəz RPİ-nin əməkdaşları olduqlarını bildirmişlər. Sonra polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onlarla birlikdə Gəncə şəhər Kəpəz RPİ-yə dəvət etmişlər. O da, bu barədə polis əməkdaşlarına heç bir etiraz etməmiş və polis əməkdaşları xidməti avtomobili ilə onu Gəncə şəhər Kəpəz RPİ-nin inzibati binasınına aparmışlar. İdarədə onun üzərində şəxsi axtarış aparmışlar. Şəxsi axtarış zamanı əynində olan gödəkcənin sol yan cibindən sellofan bükülüdə olan metamfetamin aşkar edilmişdir. Ondan aşkar olunmuş metamfetamindən heç kəsə satmamış və ya verməmişdir. O, həmin maddəni özü istifadə etmək üçün əldə etmişdir. O, metamfetamini almaq üçün pulu Səbuhinin kartına göndərsə də, həmin maddəni Səbuhidən yox, Vadimdən almışdır. Çünki, aviabilet məsələsinə görə Vadimin Səbuhiyə 30 manat borcu olmuşdur. Buna görə də, Vadimin sözü ilə o, pulu Səbuhinin kartına köçürmüş, əvəzində Vadim ona metamfetamin təşkil etmişdir. Sonda təqsirləndirilən şəxs törətdiyi əmələ görə çox peşman olduğunu bildirdi və himayəsində azyaşlı uşağının olmasını nəzərə alaraq, onun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, 17.02.2021-cı il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində daşıyaraq saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bundan sonra əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş və Gəncə şəhəri ərazisində əməliyyat-axtarış tədbirləri keçirməyə başlamışlar. Həmin gün saat təxminən 17 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhəri, Nizami prospektində yerləşən “Zabitlər evi”nin qarşısında saxlanılaraq Gəncə şəhər Kəpəz RPİ-yə dəvət edilmişdir. Təqsirləndirilən şəxs onlarla razılaşaraq idarəyə gəlmişdir. İdarədə müdafiəçisinin iştirakı ilə onun üzərində şəxsi axtarış aparılmış və onun əynində olan ağ rəngli qış gödəkcəsinin sol yan cibindən iki ədəd iç-içə bükülmüş qarışıq rəngli zərfdə ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetamin aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükülüdəkinin “şüşə” kimi tanıdığı metamfetamin olduğunu, 17.02.2021-ci il tarixdə kart hesabına 30 manat pul köçürdükdən sonra həmin metamfetamini “Pivə zavodun küçəsi” kimi tanınan yerdə su borusunun yanından götürdüyünü bildirmişdir. Sonra həmin kütlə elektron tərəzidə çəkilmiş, zərfin içərisinə qoyularaq ağzı bağlanmış, qablaşdırılıb möhürlənmiş və bu barədə protokol tərtib edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 17 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində müdafiəçisinin iştirakı ilə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan ağ rəngli qış gödəkcəsinin sol yan cibindən bir ədəd polietilen selofana bükülmüş bükülü aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin bükülünün metamfetamin olduğunu bildirmişdir. Sonra kütləyə baxış keçirilmişdir. Baxış zamanı video və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Həmin videogörüntüyə baxış zamanı müəyyən edilmişdir ki, Gəncə şəhər Kəpəz RPİ-nin təhqiqatçısı X10 şəhər Kəpəz RPİ-nin CAŞ-ın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, Gəncə şəhər Kəpəz RPİ-nin CAŞ-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid2, Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan ağ rəngli qış gödəkcəsinin sol yan cibindən iki ədəd iç-içə bükülmüş qarışıq rəngli zərfdə ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetamin aşkar edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükülüdəkinin “şüşə” kimi tanıdığı metamfetamin olduğunu, 17.02.2021-ci il tarixdə Səbuhi adlı şəxsin kart hesabına 30 manat pul köçürdükdən sonra sonuncunun həmin metamfetamini “Pivə zavodun küçəsi” kimi tanınan yerdə su borusunun yanına qoyduğunu, onun da, həmin yerdən götürdüyünü bildirir. Sonra həmin kütlə elektron tərəzidə çəkilir, bükümlə birlikdə ümumi çəkisinin 0,93 qram olması müəyyən edilir. Sonra zərfin üzərinə müvafiq qeydlər aparılır, qeyd uca səslə oxunduqdan sonra iştirakçılar tərəfindən imzalanır, aşkar edilmiş kütlə zərfin içərisinə qoyulduqdan sonra ağzı bağlanır, qablaşdırılıb möhürlənir və doğruluğu imzalarla təsdiq edilir. Şəxsi axtarış və götürmə zamanı müdafiəçi Təqsirləndirilən şəxs barəsində aparılan əməliyyat-axtarış zamanı ona hər hansı bir fiziki güc və ya zor tətbiq olunub-olunmamsı soruşulur, Təqsirləndirilən şəxs isə ona qarşı hər hansı bir fiziki güc və ya zor tətbiq olunmadığını bildirərək şikayət və tələbinin olmadığını bildirir. Bununla da, şəxsi axtarış və götürmə istintaq hərəkəti başa çatdırılır və video çəkiliş yekunlaşır. “Baxış və götürmə aparılması haqqında” 17 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə metamfetamin əldə etmək məqsədilə X1 hesabına göndərdiyi pul köçürməsini özündə əks etdirən “Milliön” ödəmə terminalı tərəfindən verilmiş qəbzə baxış zamanı müəyyən edilmişdir ki, X4 4****2530 kart nömrəli, ******************** nömrəli hesabına 17.02.2021-ci il tarixdə saat 15:18:55-də 30 manat pul köçürülmüşdür. Həmin maliyyə əməliyyatı ilə əlaqədar “Kapital Bank”a verilmiş sorğuya cavabdan görünür ki, həmin pul köçürməsi 17.02.2021-ci il tarixdə saat 15:19:15-də terminal vasitəsilə 23.09.1980-ci il təvəllüdlü X4 adına olan 416974******2530 kart nömrəli ******************** hesab nömrəsinə mədaxil edilmişdir. Məhkəmə-kimyəvi ekspertizasının 18 fevral 2021-ci il tarixli 16/152 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş maddi” yazılar və imzalar olan zərfdəki 2 (iki) ədəd iç-içə bükülmüş qarışıq rəngli zərfdə təmiz çəkisi 0,344 qram maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında 28.06.2005-ci il tarixli, 961-İİQ nömrəli Azərbaycan Respublikası Qanununa əsasən psixotrop maddə metamfetaminin çəkisi 0,15 qramdan artıq olduqda şəxsi istehlak miqdarından artıq, 2 qram və daha çox olduqda külli miqdar hesab edilir. “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 07 mart 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin düzgünlüyünü müəyyən etmək və dəqiqləşdirmək məqsədi ilə onun ifadəsinin yerində yoxlanılması aparılmış və Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi xüsusatları hadisə yerlərində göstərərək ifadəsini bir daha təsdiq etmişdir. Məhkəmə-narkoloji ekspertizasının 01 aprel 2021-ci il tarixli 514 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər BPİ-nin Kəpəz rayon Polis İdarəsi tərəfindən verilmiş 21 aprel 2021-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 0,344 qram psixotrop maddə metamfetamini tanışı X3 30 manat müqabilində almışdır. Həmçinin bir sıra əməliyyat axtarış tədbirləri keçirilsə də, Təqsirləndirilən şəxs X6 ilə qabaqcadan əlbirliklərinin olmasını, Vadim adlı şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Bundan əlavə Təqsirləndirilən şəxs hər hansı şəxsə və ya şəxslərə psixotrop maddə satması, qanunsuz yolla əldə etdiyi psixotrop maddədən yaşadığı evdə, yaxud, digər yerlərdə gizlədərək saxlaması, həmçinin onun baş vermiş digər cinayətlərdə iştirak etməsi müəyyən edilməmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” 10 may 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunub götürülmüş psixotrop maddə metamfetaminin ekspertizadan sonra qalmış qalığı 0,294 qram metamfetamin və onun üzərinə şəxsi axtarış zamanı istifadə edilmiş videoçəkilişin 1 ədəd DVD diski iş üçün əhəmiyyət kəsb etdiklərindən maddi sübut kimi tanınmışdır. 18 fevral 2021-ci il tarixli, 927 nömrəli arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda durmur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 27.03.2021-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2017-ci il təvəllüdlü bir azyaşlı uşağı vardır. “Şübhəli şəxsi tutma haqqında” 17 fevral 2021-ci il tarixli protokoldan, təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittiham elan edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında 19 fevral 2021-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 17 fevral 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 19 fevral 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilərək X5 azad edilmiş, daha sonra 08 may 2021-ci il tarixli qərarla həmin qətimkan tədbiri “polisin nəzarəti altına vermə qətimkan tədbiri” ilə əvəz edilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamini əldə etməsi, daşıması və saxlaması tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını - CM-in 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, himayəsində bir azyaşlı uşağının olmasını nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, məhkəmə hesab edir ki, daha ciddi cəzanın – azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün əsaslar yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25.06.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, daha ciddi cəzanın təyin edilməsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarı və CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəaları təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma aparıla bilmir. Çünki, azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma tələb olunur, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Bundan başqa, cəza təyin edilərkən digər məsələlərlə yanaşı, təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Təqsirləndirilən şəxsin evli olmaqla, himayəsində azyaşlı uşağının olması və ailəsinin yeganə qazanc gətirən şəxsi olması nəzərə alındıqda, onun azadlıqdan məhrum edilməsi ailəsinin həyat şəraitinə çox mənfi təsir etmiş olar. Beləliklə, təqsirləndirilən şəxsə isnad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəzalar nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini, ədalətlilik və qanunçuluq prinsiplərini və CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə ilk dəfə cinayət məsuliyyətinə cəlb edilən təqsirləndirilən şəxsin islah olunması üçün onun mütləq azadlıqdan məhrum etmə növündə cəza çəkməsini iddia etmək olmaz, təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən də islah oluna bilər və azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olunması mümkündür. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, 17.02.2021-ci il tarixdən 19.02.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət CM-in 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün bərabər tutulmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti cəza saxlanılmalı, cəza çəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəza çəkdiyi müddətdə Azərbaycan Respublikası CM-in 93.1.2 və 93-1.2-ci maddələrinə əsasən barəsində tibbi xarakterli məcburi müalicə tətbiq olunmalı, iş üzrə maddi sübut kimi tanınan – Gəncə şəhəri Baş Polis İdarəsində saxlanılan 0,294 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri olan 32,40 manat pul təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir (CPM-198.1.). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 17.02.2021-ci il tarixdən 19.02.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yerini axşam saat 22:00-dan səhər saat 08:00-dək tərk etməsinə və yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 22:00-dan saat 08:00-dək və yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, habelə narkomaniyadan müalicə kursu keçmək vəzifələri qoyulsun. Cəzanın icrası yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübutlar - Gəncə şəhəri Baş Polis İdarəsində saxlanılan çəkisi 0,294 qram olan metamfetamin məhv edilsin, 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 32,40 manat (otuz iki manat qırx qəpik) pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X2, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Kəpəz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar