Məhkəmə qərarları › İş №1(043)-157/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-157/2021

02.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-157/2021 02.09.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, xx.xx.1978-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla həmin ünvanda müvəqqəti yaşayan barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs dəqiq məlum olmayan vaxt və mənbədən 01 ədəd polietilen torbada təmiz çəkisi şəxsi istehlak miqdarından artıq miqdarda - 430 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış və DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində Regional şöbəsinin əməkdaşlarının keçirmiş olduqları əməliyyat-axtarış tədbirləri nəticəsində 13 mart 2021-ci il tarixdə saat 16 radələrində Gəncə şəhəri, Kəpəz rayonu, 41 nömrəli tam orta məktəbin qarşısında müəyyən edilib Gəncə şəhəri, Kəpəz rayonu, Atatürk prospekti 41 ünvanında yerləşən DİN-nin Baş Narkotiklərlə Mübariz İdarəsinin Qərb bölgəsində Regional şöbəsinin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli qış gödəkçənin sağ iç cibindən polietilen torbada təmiz çəkisi şəxsi istehlak miqdarından yuxarı çəkidə 430 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli ibtidai araşdırma dövründə qanuni üsullarla toplanmış və məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla, özünün və şahidlərin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə baxışı iclasında Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, yuxarıda qeyd olunan ünvanda xəstə anası Şahid3 Əhmədalı qızı ilə birlikdə yaşayır və fərdi əməklə məşğul olur. Tutulmamışdan bir müddət əvvəl narkotik vasitə marixuanadan istifadə etmişdir. Belə ki, o, narkotik vasitə marixuananı mütəmadi olaraq siqaret kağızına doldurub çəkmiş, həmçinin marixuananı süddə və suda qaynadıb mədə ağrılarımı kəsməkdən ötrü içmişdir. 2020-ci ilin sentyabr ayının əvvəllərində o, Göygöl rayonu Qızılca kəndi ərazisindən axan çayın kənarından orada yabanı halda bitən narkotik tərkibli bitkilərin yarpaqlarından qopardıb, kimsəsiz sahədə gələcəkdə şəxsi istifadəsi üçün qurutmuş, özü üçün istifadə etmişdir. 13 mart 2021-ci il tarixdə səhər saat 14 radələrində o, Qızılca kəndində gedib qurudaraq gizlətdiyi marixuananı götürüb Gəncə şəhərinə geri qayıtmış, həmin gün təxminən saat 16 radələrində Gəncə şəhəri ərazisində yerləşən 41 nömrəli tam orta məktəbin qarşısında olan zaman iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşmış və xidməti vəsiqələrini göstərib özlərini Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsinin əməkdaşları kimi təqdim etmişlər. Sonra polis əməkdaşları ona birlikdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsinə gedəcəyini bildirmişlər. O da bu barədə polis əməkdaşlarına heç bir etiraz etməmiş, polis əməkdaşları xidməti avtomobilləri ilə onu özləri ilə birlikdə Gəncə şəhərində yerləşən Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsinin inzibati binasına aparmışlar. Şöbənin inzibati binasında xidməti iş otağında müdafiəçi ilə təmin edildikdən sonra müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirməyə başlanmış, o, şəxsi axtarış zamanı əynində olan qara rəngli qış gödəkçəmin sağ iç cibindən 01 ədəd sellofan torbanı təqdim edərək, həmin torbanın içərisində olan kütlənin yabanı halda bitmiş narkotik tərkibli bitkilərin üzərindən yığılmış narkotik vasitə marixuana olduğunu bildirmişdir. Kütlə elektron tərəzidə çəkilmiş, sellofan torba ilə birlikdə ümumi çəkisinin 480 qram olması müəyyən edilmiş, sonra 01 ədəd paketin üzərinə müvafiq qeydlər aparılmış, qeydlər uca səslə oxunduqdan sonra o, imzalamışdır. Kütlə paketin içərisinə qoyulduqdan sonra ağzı bağlanmış, möhürlənərək götürülmüşdür. O, həmin marixuanadan heç kəsə verməmiş, satmamış, eyni zamanda hər hansı bir şəxsdən narkotik vasitə almamışdır. Onun həmin narkotik vasitəni çayın kənarından yığaraq toplayıb əldə etməyini heç kəs görməmiş, heç kəsə də bu barədə heç nə bildirməmişdir. Hazırda əməlindən peşmandır, narkotik vasitələrdən daha istifadə etmir, ilk dəfə cinayət törətməsini, ailədə yeganə qazanc gətirən şəxs olmasını və himayəsində xəstə anasının olmasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 1990-cı ildən DİO-da xidmət edir. O, 13 mart 2021-ci il tarixdə ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib istifadə etməsi, Gəncə şəhəri ərazisində üzərində gəzdirməklə saxlaması barədə daxil olmuş əməliyyat məlumatı rəhbərliyə məruzə edildikdən sonra ondan, şöbənin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 Akif oğlundan ibarət əməliyyat qrupu yaradılmışdır. Gəncə şəhər sakini Təqsirləndirilən şəxs, onlar tərəfindən əməliyyat müşahidəsinə götürülərək həmin gün saat 16 radələrində Gəncə şəhəri, Kəpəz rayonu, 41 nömrəli tam orta məktəbin yaxınlığında müəyyən edilmiş, özlərini Təqsirləndirilən şəxs təqdim etdikdən sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi üçün onu Gəncə şəhəri, Kəpəz rayonu, Atatürk prospekti, 41 ünvanında yerləşən DİN-nin Baş Narkotiklərlə Mübaridə İdarəsinin Qərb bölgəsində Regional şöbənin inzibati binasına gətirmiş, bu barədə rəhbərliyə raportla məruzə etmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi üçün şöbənin təhqiqatçısına təqdim edilmiş, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra hüquq və vəzifələri izah edilmiş, dövlət hesabına Gəncə şəhər 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2 adlı vəkillə təmin edilmişdir. Onların iştirakı ilə, vəkilin iştirakı ilə video kameradan istifadə edilməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirməyə başlamışlar. Şəxsi axtarış keçirməmişdən əvvəl Süleymana üzərində hər hansı bir narkotik vasitə, psixotrop maddə və qanunla dövriyyəsi qadağan olunmuş əşya vardırsa da təqdim edilməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli qış gödəkçənin sağ iç cibindən 01 ədəd sellofan torbanı çıxarıb həmin kütlənin narkotik vasitə olan qurulumuş marixuana olduğunu, 2020-ci ilin sentyabr ayında Göygöl rayonu, Qızılca kəndi ərazisində çayın kənarından yabanı halda bitən çətənə bitkilərini yığıb qurutmasını, özünün istifadəsi üçün, mədəsində olan ağrılar üçün istifadə etmək məqsədilə əldə etməsini, üzərində gəzdirməsini bildirmişdir. Həmin kütlə onların iştirakı ilə aptek tərəzisində çəkilmiş, sellofan torba ilə birlikdə kütlənin çəkisinin 480 qram olması məlum olmuşdur. Həmin kütlə özünün, müdafiəçinin və onların iştirakı ilə qablaşdırılmış, möhürlənmiş, zərfin üzərini imzalar ilə təsdiq etmişlər. Həmçinin bundan sonra onlar tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, başqa bir narkotik vasitə, psixotrop maddə və ya dövriyyəsi qanunla qadağan olunmuş digər bir əşya aşkar edilməmiş, üzərindən çıxan pullar və digər şəxsi əşyaları da Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Onlar Təqsirləndirilən şəxs müəyyən edib şöbəyə gətirərkən edilmiş sorğu-sual zamanı Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananı 2020-ci ilin sentyabr ayında, Göygöl rayonunun Qızılca kəndi ərazisində çayın kənarında yığıb özünün istifadəsi üçün topladığını, mədəsində ağrılar olduğuna görə çay dəmləyib içməsini, çəkməklə qəbul etməsini bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 ifadəsində göstərmişdir ki, 2012-ci ildən DİO-da, 31.03.2020-ci ildən 15 aprel 2021-ci il tarixinədək DİN-nin BNMİ-nin Qərb bölgəsində Regional şöbənin əməliyyat müvəkkili vəzifəsində, hazırda isə Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış idarəsində əməliyyat müvəkkili vəzifəsində işləyir. 13 mart 2021-ci il tarixdə ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib istifadə etməsi, Gəncə şəhəri ərazisində üzərində gəzdirməklə saxlaması barədə DİN-nin Qərb bölgəsində Regional şöbəsinə daxil olmuş əməliyyat məlumatı rəhbərliyə məruzə edildikdən sonra ondan, şöbənin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. Gəncə şəhər sakini Təqsirləndirilən şəxs, onlar tərəfindən əməliyyat müşahidəsinə götürülərək həmin gün saat 16 radələrində Gəncə şəhəri, Kəpəz rayonu, 41 nömrəli tam orta məktəbin yaxınlığında müəyyən edilmiş, özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi üçün onu Gəncə şəhəri, Kəpəz rayonu, Atatürk prospekti, 41 ünvanında yerləşən DİN-nin Baş Narkotiklərlə Mübaridə İdarəsinin Qərb bölgəsində Regional şöbənin inzibati binasına gətirmiş, bu barədə rəhbərliyə raportla məruzə etmişlər. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi üçün şöbənin təhqiqatçısına təqdim edilmiş, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra hüquq və vəzifələri izah edilmiş, dövlət hesabına Gəncə şəhər 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2 adlı vəkillə təmin edilmiş, onların və vəkilin iştirakı ilə video kameradan istifadə edilməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirməyə başlamışlar. Şəxsi axtarış keçirməmişdən əvvəl üzərində hər hansı bir narkotik vasitə, psixotrop maddə və qanunla dövriyyəsi qadağan olunmuş əşya vardırsa da təqdim edilməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli qış gödəkçənin sağ iç cibindən 01 ədəd sellofan torbanı çıxarıb həmin kütlənin narkotik vasitə olan qurulumuş marixuana olduğunu, 2020-ci ilin sentyabr ayında Göygöl rayonu, Qızılca kəndi ərazisində çayın kənarından yabanı halda bitən çətənə bitkilərini yığıb qurutmasını, özünün istifadəsi üçün, mədəsində olan ağrılar üçün istifadə etmək məqsədilə əldə etməsini, üzərində gəzdirməsini bildirmişdir. Həmin kütlə onların iştirakı ilə aptek tərəzisində çəkilmiş, sellofan torba ilə birlikdə kütlənin çəkisinin 480 qram olması məlum olmuş, həmin kütlə özünün, müdafiəçinin və onların iştirakı ilə qablaşdırılmış, möhürlənmiş, zərfin üzərini imzalarımızla təsdiq etmişlər. Həmçinin bundan sonra onlar tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, başqa bir narkotik vasitə, psixotrop maddə və ya dövriyyəsi qanunla qadağan olunmuş digər bir əşya aşkar edilməmiş, üzərindən çıxan pullar və digər şəxsi əşyaları da Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananı 2020-ci ilin sentyabr ayında, Göygöl rayonunun Qızılca kəndi ərazisində çayın kənarında yığıb özünün istifadəsi üçün topladığını, mədəsində ağrılar olduğuna görə çay dəmləyib içdiyini və çəkməklə qəbul etdiyini bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur, həyat yoldaşı 2006-cı ildən rəhmətə getmiş və o, hazırda oğlu Süleymanın himayəsində yaşayır. Oğlu Süleyman tikinti işlərində fəhləlik edib çörək pulu qazanır. O, oğlu Süleymanın narkotik vasitədən istifadə etməsini görməmiş, eşitməmişdir. 13 mart 2021-ci il tarixdə axşam saatlarında evdə olarkən ona polisdən zəng vurub oğlu Süleyman narkotiklə tutulduğunu bildirmişlər. Bir gün sonra isə Süleyman evə buraxılanda oğlundan nə baş verdiyini soruşmuş, Süleyman da ona özünün istifadəsi üçün yabanı çətənə kollarından yığıb qurutduğunu, narkotikin mədəsində olan ağırılara köməklik etdiyini demişdir. Süleymanın mədəsində arabir şiddətli ağrılar olmuş və bir neçə dəfə müalicə də olunmuşdur. O, oğlu Süleymanda bir ana kimi, bir evdə yaşayan şəxs kimi narkotik vasitə görməmiş, narkotik vasitədən istifadə etməsini hiss etməmiş, bu barədə də heç bir məlumatı olmamışdır. O, Süleymanın əvvəllər kimdənsə də narkotik vasitə və psixotrop maddə almasını eşitməmiş, eyni zamanda Süleymanın kiməsə də narkotik vasitə satmasını eşitməmişdir. Oğlunun ailədə yeganə qazanc gətirən şəxs olmasını və özünün onun himayəsində olmasını nəzərə alıb ona yüngül cəza verilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 13 mart 2021-ci il tarixli “Şübhəli şəxsi tutma” protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. 13 mart 2021-ci il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, DİN-nin Baş Narkotiklərlə Mübaridə İdarəsinin Qərb bölgəsində Regional şöbənin təhqiqatçısı, polis baş leytenantı Yunis Quliyev tərəfindən şəxsi axtarış və götürmə haqqında protokol tərtib olunmuş, video çəkiliş vasitəsilə vətəndaş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirən zamanı əynindəki qara rəngli gödəkçənin sağ iç cibindən polietilen torbada 480 qram çəkidə yaşıl rəngli, kəskin iyli, narkotik vasitə marixuanaya oxşar kütlə aşkar olunaraq götürülmüşdür. “Şəxsi axtarış və götürmə haqqnda” protokola əlavə edilmiş bir ədəd diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, diskdə bir ədəd video görüntü vardır, həmin video çəkiliş 14 dəqiqə, 59 saniyə müddətində çəkilmişdir. Həmin video görüntüdən görünür ki, şəxsi axtarış keçirilməmişdən əvvəl X3 bildirir ki, həmin gün saat 16-00 radələrində Təqsirləndirilən şəxs, Gəncə şəhəri, Kəpəz rayonu, 41 saylı orta məktəbin yaxınlığında müəyyən edilib DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qrəb bölgəsində Regional şöbənin inzibati binasına gətirilmişdir, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, dövlət hesabına müdafiəçi kimi dəvət olunur. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifəlri izah edilir, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən ona üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya varsa da təqdim etməsi təklif edilir, Təqsirləndirilən şəxs qara rəngli qış gödəkçəsinin sağ is cibindən sellofan torbanı çıxarıb həmin torbada narkotik vasitə olan qurudulmuş marixuananın olmasını, 2020-ci ilin sentyabr ayında Göygöl rayonunun Qızılca kəndi ərazisindən çayın kənarından yığmasını, gələcəkdə südlə qaynadıb içəcəyini, mədəsində ağrıların olmasını, həmin kütləni südlə qaynadıb içməyinə görə xərçəng xəstəliyinə tutulmasının qarşısını almasını bildirir. X3 Təqsirləndirilən şəxs həmin narkotik vasitəni satmaq niyyətinin olub-olmadığını soruşur, Təqsirləndirilən şəxs narkotik vasitəni satmaq niyyətinin olmadığını bildirir. Təqsirləndirilən şəxs əvvəl də bir dəfə yığıb südlə bişirib istifadə etməsini, bu ikinci dəfə idi ki, istifadə etmək istədiyini bildirir, həmin kütlə aptek tərəzisində çəkilir, sellofan bükümlə birlikdə ümumi çəkisinin 480 qram olması məlum olur. Bundan sonra həmin kütlə zərfə qoyularaq qablaşdırılır, möhürlənir, iştirakçılar tərəfindən imzalanıb götürülür. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir, üzərindən ümumilikdə 61 manat pul aşkar edilir, başqa bir narkotik vasitə, qanunla qadağan olunmuş digər əşya aşkar edilmiş, üzərindən aşkar edilmiş 61 manat pul Təqsirləndirilən şəxs özünə qaytarılır. Müdafiəçi1 Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitənin ona məxsus olub-olmadığını soruşur, Təqsirləndirilən şəxs həmin narkotik vasitənin özünə məxsus olmasını. Başqa şəxsə məxsus olmadığını, müalicə məqsədilə yığıb qurudaraq özündə saxlamasını, ona polislər tərəfindən heç bir təsir və təzyiqə məruz qalmadığını bildirir, bununla da şəxsi axtarışın başa çatdırılması elan edilir. Həmin diskə baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edən digər hallar aşkar edilməmişdir. 14 mart 2021-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək o, müvəqqəti saxlama yerindən azad edilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 29 mart 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmiş, həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə-bioloji ekspertizasının 14 mart 2021-ci il tarixli, 16/239 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «13.03.2021-ci il tarixdə AR DİN BNMİ QBRŞ-nin şübhəli şəxs Təqsirləndirilən şəxs oğlunun üzərindən götürülmüş narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə.» yazılar və imzalar olan kağız paketdəki, 1(bir) ədəd üzəri yapışqanlı lentə sarınmış polietilen torbada təmiz çəkisi 430 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan- qurudulmuş marixuanadır. Məhkəmə-narkoloji ekspertizasının 01 iyun 2021-ci il tarixli, 653 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. 01.06.2021-ci il tarixli, 2310 nömrəli arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda durmur. 26.05.2021-ci il tarixli, 1743 nömrəli arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. “Maddi sübut kimi tanıma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əynindəki qara rəngli qış gödəkçənin sağ iç cibindən aşkar olunub götürülmüş təmiz çəkisi 430 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana iş üzrə mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış və Gəncə şəhər BPİ-də ayrılmış xüsusi yerdə məsul saxlanca verilmiş və Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən qeyd edilmiş videoçəkilişin köçürüldüyü 01 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş 19.03.2021-ci il tarixli tələbnamədən görünür ki, onun məhkumluğu barədə kartotekada heç bir məlumat yoxdur və o, əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə mübarizə haqqında haqqında» Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununun 19-cu maddəsinin 1-ci hissəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların şəxsi istehlak miqdarından artıq olan miqdarda hazırlanması, kultivasiyası, əldə edilməsi, saxlanması, daşınması və ya göndərilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada cinayət məsuliyyətinə səbəbdir. Azərbaycan Respublikasının 28.06.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»n İ Siyahısında narkotik vasitə olan qurudulmuş marixuananın şəxsi istehlak miqdarının yuxarı həddi 5 qram müəyyən edilmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, şahid ifadələrinə, ekspert rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edib, əməlindən səmimi peşman olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını və qoca olmaqla yaşlı anasının onun himayəsində olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, cəzanı yüngülləşdirən halı, eləcə də cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-cü maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə yuxarıda göstərilən halları nəzərə alaraq qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə, o cümlədən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı məsuliyyətə cəlb edilməmişdir. Buna görə də məhkəmə cəzanın məqsədlərinə nail olmaq üçün Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid olunmasına zərurət olmadığı qənaətinə gəlir və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanı orta həddə təyin etməyi məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu (həbsdə saxlanıldığı) iki gün müddət Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən bir gün həbsdə saxlama müddətinə iki gün azadlığın məhdudlaşdırılması cəzası hesabı ilə ona təyin ediləcək cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 20:00-dan saat 08:00-dək və yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut qismində tanınmış, Gəncə şəhər Baş Polis İdarəsinin saxlama anbarına saxlanca verilmiş qurudulmuş marixuananın ekspertizadan sonrakı qalığı – 429,8 qram qurudulmuş marixuana məhv edilməli, şübhəli şəxsin üzərinə baxış keçirilərkən qeyd edilmiş videoçəkilişin köçürüldüyü 01 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırkı iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Habelə iş üzrə mülki iddia da yoxdur. İş üzrə məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 32.40 (otuz iki manat qırx qəpik) Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsə göstərdiyi 30 saat hüquqi yardıma görə hər iş saatı üçün 6 manat olmaqla 180 manat pul dövlət büdcəsinin vəsaiti hesabına Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu (həbsdə saxlanıldığı) iki gün müddət Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən bir gün həbsdə saxlama müddətinə iki gün azadlığın məhdudlaşdırılması cəzası hesabı ilə ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il, 11 (on bir) ay, 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 20:00-dan saat 08:00-dək tərk etməmək, yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək və həmin vasitələrin işlək vəziyyətdə saxlanılması üçün onlara xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata götürülsün. Cəzanın icrası Gəncə şəhər Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut qismində tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlama anbarına saxlanca verilmiş narkotik vasitə olan qurudulmuş marixuananın ekspertizadan sonrakı qalığı – 429,8 qram qurudulmuş marixuana məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən qeyd edilmiş videoçəkilişin köçürüldüyü 01 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 32,40 (otuz iki manat qırx qəpik) manat pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X1, KOD 211805 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22) köçürülsün. Məhkəmədə təqsirləndirilən şəxsə göstərdiyi 18 saat hüquqi yardıma görə hər iş saatı üçün 6 manat olmaqla 180 (yüz səksən) manat pul dövlət büdcəsinin vəsaiti hesabına Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar