Məhkəmə qərarları › İş №1(043)-158/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-158/2021

01.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-158/2021 01.09.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, müdafiəçi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1980-ci il tarixdə Bərdə rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri Kəpəz rayonu, DOS 102 küçəsi, ev 138, mənzil 6-da qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128, 234.1 və 315-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,165 qram çəkidə psixotrop maddə olan metamfetamini Gəncə şəhər ərazisində qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış və 17 mart 2021-ci il tarixdə Azərbaycan Respublikası DİN-in BNMİ-nin QBRŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində saat 15:37-də Gəncə şəhəri, Ç.Mustafayev küçəsində yerləşən 17 nömrəli tam orta məktəbin qarşısında saxlanılan zaman qeyd olunan əməliyyat tədbirinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsində X4 Şöbəsinin rəisi, polis polkovnikleytenantı Elvin Abbasovun 17 mart 2021-ci il il tarixli, 51 saylı əmri əsasında rəhbər təyin edilməklə hakimiyyət nümayəndəsi hesab edilən, xidməti vəzifəsini yerinə yetirən həmin Regional Şöbəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Zərərçəkmiş şəxs qanuni tələbinə tabe olmayaraq sonuncunun sol qol nahiyəsinə sağ əli ilə bir dəfə yumruq zərbəsi vuraraq “sol əlin İV barmağının əzilməsi” xəsarəti ilə müşayiət olunan sağlamlığın qısa müddət pozulmasına səbəb olan, lakin həyat və sağlamlığı üçün təhlükəli olmayan fiziki zor tətbiq edərək xidməti vəzifələrinin yerinə yetirən hakimiyyət nümayəndəsinin sağlamlığına qəsdən yüngül zərər vurmuş, daha sonra BNMİ-nin QBRŞ-nin əməkdaşları tərəfindən Gəncə şəhəri Atatürk prospekti 41 ünvanda yerləşən Azərbaycan Respublikası DİN-in BNMİ-nin QBRŞ-nin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış keçirilərkən əynində olan cins şalvarın sağ yan cibinin üst hissəsində olan kiçik cibin içərisindən təmiz çəkisi 0,165 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək ifadəsində bildirdi ki, uzun müddət Rusiya Federasiyasında yaşamış, orada yaşadığı müddətdə də müəyyən vaxtlarda heroindən və metamfetamindən istifadə etmişdir. 2019-cu ildən Azərbaycan Respublikasına köçmüş və anası ilə birlikdə yaşamışdır. 17 mart 2021-ci il tarixdə saat 15-16 radələrində yaşadığı evdən çıxıb Sadılı qəsəbəsində yerləşən çayxanaya getmək qərarına gəlmiş və çayxanaya getməkdə məqsədi tək oturub istirahət etmək olmuşdur. Həmin vaxt heroin aşkar edəcəyi halda ondan istifadə etmək niyyəti olmuşdur. Buna görə də, heroin tapacağı halda istifadə etməsi üçün cibində ağ rəngli kristal formasında olan limon duzu gəzdirmişdir. Çünki, Rusiya Federasiyasında yaşadığı müddətdə də heroindən istifadə edərkən limon duzunu qaşığın içərisində qızdırıb turşu paylayıcısı kimi heroinin içərisinə əlavə etmişdir. Bu məqsədlə də həmin gün də limon duzunu cibində daşımış, lakin çayxana istiqamətində yola çıxıb 17 nömrəli məktəbin qarşısından keçərkən tanımadığı 3 nəfər şəxs ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim etmişdir. Onlar onu regional şöbəyə getməyə dəvət etmiş, o da polis əməkdaşlarına müqavimət göstərmədən onlarla birlikdə şöbəyə getmiş, şöbədə olarkən ona üzərində metamfetamin gəzdirməsi barədə onlara əməliyyat məlumatı daxil olduğunu deyib üzərinə şəxsi axtarış keçirilməsi barədə qərarı ona elan etmişlər. Şəxsi axtarışdan əvvəl ona vəkil təyin edilmişdir. Üzərində şəxsi axtarış keçirilərkən şalvarının sağ yan cibinin içərisindəki içlik cibində daşıdığı limon duzu polis əməkdaşları tərəfindən aşkar edilmişdir. O, saxlanılan zaman polis əməkdaşlarına hər hansı formada müvqavimət göstərməmiş, polislərdən hər hansı birinə xəsarət yetirməmişdir. Polis idarəsində olarkən onun üzərindən metamfetamin deyil, limon duzu aşkar edilmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, 17 mart 2021-ci il tarixdə ona Gəncə şəhəri, Kəpəz rayonu, DOS 102 küçəsi, ev 138-də yaşayan Ramil adlı şəxsin qanunsuz olaraq psixotrop maddə olan metamfetamin əldə edib istifadə etməsi və üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Keçirilmiş əməliyyat müəyyənləşdirməsi nəticəsində həmin şəxsin xx.xx.1980-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Bundan sonra 17.03.2021-ci il tarixdə Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi və yerinin müəyyən olunaraq zərurət olduğu təqdirdə üzərinə, avtomobilinə və yaşayış yerinə baxış keçirilməsi barədə qərar çıxarılmışdır. Həmin tarixdə Təqsirləndirilən şəxs üzərində psixotrop maddə metamfetamin olması və Gəncə şəhəri, Ç.Mustafeyev küçəsində olan 17 saylı tam orta məktəbin yaxınlığında olması barədə əməliyyat məlumatı daxil olduqdan sonra, BNMİ-nin QBRŞ-nin əməkdaşları Şahid1 və Şahid2 ilə birlikdə 17 saylı orta məktəbin yaxınlığına gedilmiş və həmin vaxt Təqsirləndirilən şəxs həmin məktəbin qarşısında dayandığını görmüşlər. Onlar Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərdikdən sonra barəsində qəbul olunmuş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarı Təqsirləndirilən şəxs elan edib onlarla birlikdə BNMİ-nin QBRŞ-nə gəlməsini təklif etmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs narazılıq edərək onlarla mübahisə etməyə başlamış, onlar Ramili nizam-intizama dəvət etdikdə Ramil tabesizlik göstərmişdir. Həmin vaxt o, Ramili nizam-intizama dəvət edərək yaxınlaşmaq istədikdə Ramil sağ əli ilə onun sol əlinə yumruqla zərbə endirib onun xidməti vəzifələsini yerinə yetirməsinə mane olaraq ona müqavimət göstərmişdir. O, Ramilin zərbəsi nəticəsində sol əlində ağrı hiss etmiş və Ramilə müqavimət göstərməsini və qanunsuz hərkətlərini dayandırmasını təklif etmişdir. O, Ramilin sakitləşmədiyini, müqavimət gəstərdiyini və zor tətbiq etdiyini görüb digər polis əməkdaşları ilə birlikdə Ramili avtomobilə mindirib BNMİ-nin QBRŞ-nə gətirmişlər. Şöbədə müdafiəçinin iştirakı ilə Ramilin üzərində şəxsi axtarış keçirilmiş və axtarış zamanı onun əynində olan qara rəngli cins şalvarının sağ yan cibinin üzərində olan kiçik cibin içərisinə dağılmış, kristal halında, ağ rəngli psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Həmin kütlə dağılmamasından ötrü sellofanın içərisinə qoyulmuş və elektron tərəzidə çəkilmiş, daha sonra bir ədəd zərfdə qablaşdırılaraq üzəri iştirakçılar tərəfindən imzalanmış və möhürlənmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, 17 mart 2021-ci il tarixdə şöbəyə Ramil adlı şəxsin qanunsuz olaraq psixotrop maddə olan metamfetamin əldə edib istifadə etməsi və üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat müəyyənləşdirməsi nəticəsində həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Bundan sonra 17.03.2021-ci il tarixdə Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi barədə qərar çıxarılmışdır. Həmin tarixdə Təqsirləndirilən şəxs üzərində psixtrop maddə metamfetamin olması və Gəncə şəhəri, Ç.Mustafeyev küçəsində olan 17 saylı tam orta məktəbin yaxınlığında olması barədə əməliyyat məlumatı daxil olduqdan sonra, BNMİ-nin QBRŞ-nin əməkdaşları Zərərçəkmiş şəxs və Şahid1 ilə birlikdə 17 saylı orta məktəbin yaxınlığına gedilmiş və Təqsirləndirilən şəxs həmin məktəbin qarşısında dayandığını görmüşlər. Onlar Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərdikdən sonra barəsində qəbul olunmuş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarı Təqsirləndirilən şəxs elan edib onlarla birlikdə BNMİ-nin QBRŞ-nə gəlməsini təklif etmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs narazılıq edərək onlarla mübahisə etməyə başlamış, onlar Təqsirləndirilən şəxs nizam-intizama dəvət etdikdə Təqsirləndirilən şəxs tabesizlik göstərmiş və sağ əli ilə əməliyyat tədbirinə rəhbər təyin edilmiş Zərərçəkmiş şəxs sol əlinə yumruq zərbəsi vurub ona qarşı zor tətbiq etmişdir. Onlar daha sonra Təqsirləndirilən şəxs tədbirə cəlb edilmiş avtomobilə mindirib BNMİ-nin QBRŞ-nə gətirmişlər. Şöbədə Təqsirləndirilən şəxs üzərinə müdafiəçisinin iştirakı ilə şəxsi axtarış keçirilmiş və axtarış zamanı onun əynində olan qara rəngli cins şalvarının sağ yan cibinin üzərində olan kiçik cibin içərisindən dağılmış kristal halında, ağ rəngli psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 da Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı ibtidai istintaq dövründə şahid qismində dindirilmiş X1 ifadə elan edilməklə tədqiq edilmişdir. Şahid ifadəsində bildirmişdir ki, onunla birgə yaşayan oğlu Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisidir, Rusiya Federasiyasından Gəncə şəhərinə köçdükdən sonra da mütəmadi olaraq narkotik vasitələrdən istifadə etmiş, narkotik vasitənin təsiri altında onu pul tapmağa məcbur etmiş, evin əşyalarını dağıtmış, onun rahat yaşamasına imkan verməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X4 şöbəsinin rəisi, polis polkovnik-leytenantı Elvin Abbasovun 17 mart 2021-ci il tarixli 51 nömrəli əmrindən görünür ki, qanunsuz olaraq psixotrop maddə metamfetamin əldə edib istifadə etməsi və ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs barədə əməliyyat yolu ilə daxil olmuş məlumatların yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi məqsədilə AR DİN BNMİ QBRŞ-nin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis polkovnikleytenantı Zərərçəkmiş şəxs rəhbərliyi altında həmin şöbənin məsul növbətçisi, polis mayoru Şahid1 və operatoru, polis baş serjantı Şahid2 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X4 şöbəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Zərərçəkmiş şəxs tərəfindən qəbul edilmiş “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 17 mart 2021-ci il tarixli qərardan görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, DOS 102 küçəsi ev 138də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddə olan metamfetamin əldə edib istifadə etməsi və saxlaması barədə əməliyyat məlumatı daxil olduğundan, onun olduğu yerin müəyyən edilməsi, tədbirin gedişi zamanı şəraitdən asılı olaraq onun olduğu yerin və nəqliyyat vasitəsinin müşahidəsinin aparılması, zərurət olduğu təqdirdə yaşayış yerinə və nəqliyyat vasitəsinə baxış, həmçinin üzərinə şəxsi axtarış keçirilməsi qərara alınmışdır. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 17 mart 2021-ci il tarixli protokola və həmin protokola əlavə edilmiş videoçəkilişə əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs şalvarının sağ yan cibinin üst hissəsində olan balaca cibinin içərisindən psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar edilmiş, həmin kütləyə baxış keçirilən zaman kütlənin kəskin iyli oması müəyyən edilmiş, kütlə 01 ədəd sellofan torbanın içərisinə yığılaraq elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 0.23 qram olmuş, aşkar edilmiş kütlə zərfin içərisinə qoyulduqdan sonra iştirakçılar tərəfindən zərf imzalanmaqla möhürlənmişdir. Məhkəmə-kimyəvi ekspertizasının 18 mart 2021-ci il tarixli 16/264 nömrəli rəyindən görünür ki, “17.03.2021-ci il tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş duza bənzər (kristal halında) maddə (0,23 qram çəkidə)” sözləri və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 0,165 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Həmin maddənin 0,01 qramı tədqiqata sərf edildikdən sonra 0,155 qram qalıq qalmışdır. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” siyahısına əsasən yoxlanılmış və müəyyən edilmişdir ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in 1-ci siyahısının İİ bəndində daxildir. Təqsirləndirilən şəxs Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X4 şöbəsində verdiyi 17 mart 2021-ci il tarixli izahatından görünür ki, o, həmin gün keçirilmiş əməliyyat tədbiri zamanı Zərərçəkmiş şəxs sol qol nahiyəsinə yumruq zərbəsi ilə vurub ona qarşı zor tətbiq etməsini, həmin gün qəbul etdiyi tramadol həbinin təsirindən heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs xəsarət yetirdiyini, ona xəsarət yetirdiyinə görə peşman olduğunu bildirmişdir. “Şübhəli şəxsin dindirilməsi haqqında” 18 mart 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində dindirilərkən ifadəsində bildirmişdir ki, ...təxminən 2-3 gün əvvəl günorta saatlarında Gəncə şəhərində yaşadığı evin yaxınlığında küçədə yerdə ağ rəngli sellofan büküm görüb onu yerdən götürmüş və açıb içərisinə baxdıqda içərisində “şüşə” kimi tanıdığı az miqdarda metamfetamin olduğunu görmüşdür. Həmin bükümü əynində olan cins şalvarın sağ cibinin üzərindəki kiçik cibin içərisinə qoymuşdur. Ertəsi gün, yəni 17.03.2021-ci il tarixdə günorta saatlarında yaşadığı evdən çıxıb çayxanaya getmişdir. Həmin vaxt ara küçələrlə keçib cibində olan psixotrop maddəni istifadə etmək üçün cibindən çıxararkən görmüşdür ki, sellofan bükümün içərisi boşdur və içərisindəki maddələr cibinə tökülmüşdür. Cibindəki həmin maddələri çıxarmadan yoluna davam edərkən 17 saylı orta məktəbin qarşısında 3 nəfər mülki geyimli polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim etdilər...Üzərində şəxsi axtarış aparılarkən aşkar olunmuş maddənin limon duzu olduğunu deməklə məsuliyyətdən azad oluna biləcəyini düşünmüşdür. Lakin, düşünməmişdir ki, həmin kütlə ekspertizaya göndəriləcək. O, ekspertiza rəyi ilə tanış olarkən görmüşdür ki, həmin kütlə limon duzu deyil, psixotrop maddə olan metamfetamindir. Məhkəmə-narkoloji ekspertizasının 20 aprel 2021-ci il tarixli 410 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, psixotrop olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-tibbi ekspertizasının 12 aprel 2021-ci il tarixli 508 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – “sol əlin İV barmağının əzilməsi” bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 17.03.2021-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. “Zərər çəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 06 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ifadəsi yerində yoxlanılan zaman o, istintaqa verdiyi ifadələrini tam təsdiq edərək 17 mart 2021-ci il tarixdə keçirilmiş əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs yaxınlaşıb ona özlərini təqdim etdikləri yeri və Təqsirləndirilən şəxs ona qarşı zor tətbiq etdiyi yeri, habelə bununla bağlı baş vermiş hadisə üzrə bütün əhəmiyyət kəsb edən digər xüsusatları əyani nümayiş etdirmişdir. “Üzləşdirmə haqqında” 07 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs 17 mart 2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində psixotrop maddə hesab edilən metamfetamin olması barədə əməliyyat məlumatı aldıqdan sonra həmin gün açılmış əməliyyat işinin icrası ilə əlaqədar olaraq şöbənin digər polis əməkdaşları Şahid1 və Şahid2 ilə birlikdə həmin gün Gəncə şəhəri, Kəpəz rayonu, Ç.Mustafeyev küçəsində yerləşən 17 saylı tam orta məktəbin yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşaraq ona xidməti vəsiqələrini göstərib özlərini ona polis əməkdaşlar kimi təqdim etmələrini, lakin Təqsirləndirilən şəxs onların qanuni tələblərinə tabesizlik göstərərək ona qarşı zor tətbiq edib sol qol nahiyəsinə bir dəfə yumruq zərbəsi ilə vurmasını, daha sonra əməliyyat tədbirinə cəlb edilmiş polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs Baş Narkotiklərlə Mübarizə İdarəsinin X4 Şöbəsinə gətirdiklərini, onu hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına vəkillə təmin etdiklərini, vəkilinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilən zaman sağ yan cibinin üzərində olan kiçik cibin içərisindən dağılmış halda kristal halında, ağ rəngli psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilərək götürüldüyünü, götürülmüş kütlənin bir ədəd zərfdə qablaşdırılaraq üzəri iştirakçılar tərəfindən imzalanaraq və möhürlənərək, ekspertizaya təqdim edildiyini, ekspertizanın rəyinə əsasən həmin kütlənin psixotrop maddə olan metamfetamin olmasını Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. “Üzləşdirmə haqqında” 07 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə şahid qismində dindirilmiş Şahid1 arasında keçirilmiş üzləşdirmə zamanı Şahid1 17 mart 2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində psixotrop maddə hesab edilən metamfetamin olması barədə əməliyyat məlumatı aldıqdan sonra həmin gün açılmış əməliyyat işinin icrası ilə əlaqədar olaraq həmin gün Gəncə şəhəri, Kəpəz rayonu, Ç.Mustafeyev küçəsində yerləşən 17 saylı tam orta məktəbin yaxınlığında şöbənin digər polis əməkdaşları Zərərçəkmiş şəxs və Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs yaxınlaşaraq ona xidməti vəsiqələrini göstərib özlərini polis əməkdaşlar kimi özünü təqdim etmələrini, lakin Təqsirləndirilən şəxs onların qanuni tələblərinə tabesizlik göstərərək Zərərçəkmiş şəxs qarşı zor tətbiq edərək onun sol qol nahiyəsinə bir dəfə yumruq zərbəsi ilə vurmasını, daha sonra əməliyyat tədbirinə cəlb edilmiş polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs Baş Narkotiklərlə Mübarizə İdarəsinin X4 Şöbəsinə gətirdiklərini, onu hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına vəkillə təmin etdiklərini, vəkilinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilən zaman sağ yan cibinin üzərində olan kiçik cibin içərisindən dağılmış vəziyyətdə, kristal halında, ağ rəngli psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilərək götürüldüyünü, götürülmüş kütlənin bir ədəd zərfdə qablaşdırılaraq üzəri iştirakçılar tərəfindən imzalanaraq və möhürlənərək ekspertizaya təqdim edildiyini, ekspertizanın rəyinə əsasən həmin kütlənin psixotrop maddə olan metamfetamin olmasını Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. “Üzləşdirmə haqqında” 07 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə şahid qismində dindirilmiş Şahid2 arasında keçirilmiş üzləşdirmə zamanı Şahid2 17 mart 2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində psixotrop maddə hesab edilən metamfetamin olması barədə əməliyyat məlumatı aldıqdan sonra həmin gün açılmış əməliyyat işinin icrası ilə əlaqədar olaraq həmin gün Gəncə şəhəri, Kəpəz rayonu, Ç.Mustafeyev küçəsində yerləşən 17 saylı tam orta məktəbin yaxınlığında şöbənin digər polis əməkdaşları Zərərçəkmiş şəxs və Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs yaxınlaşaraq ona xidməti vəsiqələrini göstərib özlərini polis əməkdaşlar kimi özünü təqdim etmələrini, lakin Təqsirləndirilən şəxs onların qanuni tələblərinə tabesizlik göstərərək Zərərçəkmiş şəxs qarşı zor tətbiq edərək onun sol qol nahiyəsinə bir dəfə yumruq zərbəsi ilə vurmasını, daha sonra əməliyyat tədbirinə cəlb edilmiş polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs Baş Narkotiklərlə Mübarizə İdarəsinin X4 Şöbəsinə gətirdiklərini, onu hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına vəkillə təmin etdiklərini, vəkilinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilən zaman sağ yan cibinin üzərində olan kiçik cibin içərisindən dağılmış vəziyyətdə, kristal halında, ağ rəngli psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilərək götürüldüyünü, götürülmüş kütlənin bir ədəd zərfdə qablaşdırılaraq üzəri iştirakçılar tərəfindən imzalanaraq və möhürlənərək ekspertizaya təqdim edildiyini, ekspertizanın rəyinə əsasən həmin kütlənin psixotrop maddə olan metamfetamin olmasını Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. “Əşyanın maddi sübut hesab edilməsi haqqında” 06 iyun 2021-ci il tarixli qərardan görünür ki, 17 mart 2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən aşkar edilmiş və bir ədəd zərfin içərisində qablaşdırılmış vəziyyətdə saxlanılan 0,165 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin maddi sübut kimi tanınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Gəncə şəhər Kəpəz RİH başçısının 2 nömrəli SİƏD üzrə nümayəndəsi tərəfindən təqdim edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində yaşadığı müddət ərzində heç bir şikayət ərizəsi daxil olmamışdır. Gəncə şəhər Narkoloji Dispanser tərəfindən təqdim edilmiş 19 aprel 2021-ci il tarixli 676 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər rayonlarası Narkoloji Dispanserdə qeydiyyatda deyil. “Şübhəli şəxsin tutulması haqqında” 17 mart 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 15:37-də şübhəli şəxs qismində tutulmuşdur. “Qətimkan tədbirinin seçilməsi haqqında” 19 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, təqsirləndirilən şəxs bugünədək onunla barışıq əldə etməyə cəhd etməmiş və ona dəymiş zərəri hər hansı formada ödəməmişdir. Ona görə də təqsirləndirilən şəxs barəsində hökm çıxarılarkən bu halın nəzərə alınmasını və ona qanunla nəzərdə tutulmuş qaydada ağır cəza təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaya görə, həmin Məcəllənin 234.1-ci maddəsində satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə, həmin Məcəllənin 315-ci maddəsində isə hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmə və ya xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı zor tətbiq etməyə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Həmin cinayətdən zərər çəkmiş şəxs qismində hakimiyyət nümayəndəsi və ya onun yaxın qohumu çıxış edə bilər. Hakimiyyət nümayəndəsi dedikdə, hakimiyyət səlahiyyətlərinə, yəni icrası vətəndaşlar və hüquqi şəxslər üçün məcburi olan qərar qəbul etmək və ya tələb irəli sürmək hüququna malik olan şəxs başa düşülür. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən polis əməkdaşı səlahiyyətlərini yerinə yetirərkən dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış edir və Azərbaycan Respublikası ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidir. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs özünü təqsirli bilməsə də, onun satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi, saxlaması və daşıması, eləcə də xidməti vəzifəsini yerinə yetirən hakimiyyət nümayəndəsinə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurması ilə müşayiət edilən zor tətbiq etməsi özünün ibtidai istintaq dövründə verdiyi ifadələrlə yanaşı, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128, 234.1 və 315-ci maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadəsində 17 mart 2021-ci il tarixdə üzərində daşıdığı kütlənin psixotrop maddə olan metamfetamin deyil, limon duzu olmasını və qeyd edilən tarixdə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qarşı hər hansı formada zor tətbiq etmədiyini və ona xəsarət yetirmədiyini bildirsə də, məhkəmə onun bu ifadəsini məsuliyyətdən yayınmaq məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X4 şöbəsinə verdiyi 17 mart 2021-ci il tarixli izahatında həmin gün keçirilmiş əməliyyat tədbiri zamanı Zərərçəkmiş şəxs sol qol nahiyəsinə yumruq zərbəsi ilə vurub ona qarşı zor tətbiq etməsini, Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində də 17 mart 2021-ci il tarixdə şübhəli şəxs qismində saxlanılarkən üzərində psixotrop maddə olan metamfetamin gəzdirməsini və həmin psixotrop maddənin də polis əməkdaşları tərəfindən onun üzərində aşkar edilməsini etiraf etmişdir. Bundan başqa, iş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlənin psixotrop maddə olan metamfetamin olması müəyyən edilmişdir. Digər tərəfdən, təqsirləndirilən şəxs tərəfindən hakimiyyət nümayəndəsi hesab edilən zərər çəkmiş şəxsə xidməti vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar zor tətbiq edilməsi və bunun nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül zərər vurulması zərər çəkmiş şəxs və şahidlərin ifadələri ilə yanaşı, iş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyi ilə də sübuta yetirilmişdir. Beləliklə, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdırlar. Onun qeyd edilən əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, təqsirləndirilən şəxsin hazırki vəziyyətdə cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsi nəzərə alınmaqla, barəsində yalnız azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128, 234.1 və 315-ci maddələri ilə təqsirli bilinərək, həmin maddələrin sanksiyası çərçivəsində ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə 17.03.2021-ci il tarixdən 19.03.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulmuşdur. Odur ki, onun həbs yerində saxlanıldığı iki gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin ediləcək cəzadan çıxılmalıdır. Bundan başqa, məhkəmə qeyd edir ki, iş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkməsi və məcburi müalicəyə ehtiyacının olması müəyyən edildiyindən, Azərbaycan Respublikası CM-in 93.1.2 və 93-1.2-ci maddələrinə əsasən onun barəsində tibbi xarakterli məcburi müalicə tətbiq olunmalı və ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan və Gəncə şəhəri Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsində saxlanılan 0,155 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 32,40 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 20 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 120 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128, 234.1 və 315-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 1 (bir) il 7 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 17.03.2021-ci il tarixdən 19.03.2021-ci il tarixədək tutulduğu 2 gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesabı ilə hesablanmaqla cəmi 2 gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 6 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 01 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdilərək hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan və Gəncə şəhəri Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsində saxlanılan 0,155 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 32,40 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X2, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 120 manat məbləğində pul köçürülsün. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Hökmdən elan edildiyi (həbsdə olan şəxsə isə təqdim olunduğu) gündən 20 gün müddətində Gəncə şəhəri Kəpəz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar