Məhkəmə qərarları › İş №1(043)-16/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-16/2021

16.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-16/2021 16.04.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X3 iclas katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun X2 üzrə İdarənin rayon (şəhər) məhkəmələrində X2 üzrə şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və Müdafiəçi iştirakları ilə, xx.xx.1996-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmuş, məhkumluğu ödənilməmiş, işsiz, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə, Ədliyyə Nаzirliyi Penitensiаr Xidmətinin İxtisaslaşdırılmış Müalicə Müəssisəsində saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İxtisaslaşdırılmış Müalicə Müəssisəsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs tamah məqsədi ilə xx.xx.2020-ci il tarixdə, gecə saat 03 radələrində Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi, Gəncə şəhəri, Kəpəz rayonu, 38 saylı Hərbi şəhərcik, Mənzil İstismar sahəsinin yaxınlığında yerləşən oyun salonuna dəmir barmaqlıqlarını açmaq və pəncərəsinin şüşəsini sındırmaq yolu ilə qanunsuz daxil olaraq oradan hər birinin dəyəri 300 manat olan 3 ədəd “MCTV” markalı, 4310G modelli televizoru, hər birinin dəyəri 180 manat olan 3 ədəd “SONY” markalı, PS3 modelli oyun aparatını və hər birinin dəyəri 15 manat olan 7 ədəd həmin oyun aparatının idarəetmə panelini, ümumilikdə zərərçəkmiş şəxsin 1545 manat məbləğində əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ittiham olunduğu CM-nin 177.2.3cü maddəsi ilə tam təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər 2018-ci il tarixdə Gəncə şəhəri ərazisində avtomobil oğurladığı üçün məhkum edilmiş və ona Gəncə şəhər Kəpəz rayon məhkəməsinin hökmü ilə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Gəncə şəhəri 38-ci hərbi şəhərcikdə adını bilmədiyi bir çay evi fəaliyyət göstərmişdir ki, o, da həmin çayçıya gedib-gələrkən orada köhnə binada yerləşən oyun salonu görmüş və son vaxtlar pula ehtiyacı olduğundan həmin oyun salonundan oyun aparatlarını və televizorlarını oğurlayaraq satıb pul əldə etmək fikrinə düşmüşdür. Oğurluğa gedəcəyi gün o, Gəncə şəhərində yaşayan dostu Rəşadla görüşərək yalandan ona Bakı şəhərindən dostunun ona satmaq üçün oyun aparatları və televizorlar göndərəcəyini, həmin əşyaların gecə saatlarında Gəncə şəhərinə çatacağını deyərək onları yaşadığı evində müvəqqəti saxlamasını xahiş etmiş, Rəşad da onunla razılaşmışdır. Həmin günü, təxminən 2020-ci ilin yanvar ayının axırlarında, gününü dəqiq xatırlamadığı vaxtda, gecə saat təxminən 03 radələrində oğurluq məqsədilə Gəncə şəhəri, 38-ci hərbi şəhərciyə getmişdir. Ora gedən zaman özü ilə binaya daxil olmaq üçün mismarçıxardan, vintaçan və kisə götürmüşdür. O, ora çatdıqdan sonra əvvəlcə salonun qapısına yaxınlaşmış və mismarçıxardanla qapının üzərində olan asma qıfılı qırmışdır. Lakin qapı asma qıfıldan əlavə öz daxili qıfılı ilə də bağlandığından qapı açılmamış, buna görə o, binaya pəncərədən girmək qərarına gəlmişdir. Buna görə pəncərəyə yaxınlaşmış və vintaçanla pəncərənin dəmir barmaqlığının vintlərini açıb barmaqlığı yerindən çıxarmışdır. Daha sonra isə pəncərənin şüşəsi çat olduğu üçün şüşəni yerindən çıxarmış və içəri daxil olaraq oyun aparatlarını və pultlarını, televizorları kisəyə yığmışdır. Daha sonra həmin əşyaları pəncərədən çıxarmış, hərbi şəhərcikdən çıxıb “köhnə pajarninin binası” adlanan yerə piyada gəlmişdir. O oyun salonundan 3 ədəd televizor, 3 ədəd oyun aparatı və 7 ədəd idarəetmə pultu oğurlamış, daha sonra “Əllərin dairəsi” adlanan yerdən tanımadığı taksini çağırıb oğurladığı əşyaları həmin taksi ilə dostu Rəşadın yaşadığı evə aparmış və Rəşada həmin əşyaların Bakı şəhərindən indi Gəncə şəhərinə çatdığını bildirmişdir. Bundan sonra isə o, öz yaşadığı evə getmişdir. Hadisədən bir neçə gün keçməsini gözlədikdən sonra isə həmin əşyaları satmaq üçün müştəri axtarmağa başlamışdır. Daha sonra o, özünün deməsinə görə Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yaşayan, əvvəllər ümumiyyətlə tanımadığı və təsadüfən tanış olduğu Vüsal adlı şəxslə Gəncə şəhəri Mərkəzi Univermaqda görüşərək Vüsala televizor, oyun aparatı və idarəetmə panelləri olduğunu və həmin əşyaları satmaq istədiyini bildirmişdir. Həmin vaxta qədər o, artıq bir neçə nəfər şəxsə həmin əşyaları satmaq istədiyini bildirsə də heç kim almaq istəməmişdir. Vüsal iki ədəd televizor və oyun aparatını ondan 460 manata almağa razılıq vermiş və o, 2 ədəd oyun aparatı, 7 ədəd idarəetmə panellərini və 2 ədəd televizoru Vüsala satıb 460 manat pulu almışdır. 1 ədəd televizor və 1 ədəd oyun aparatı isə Rəşadın evində qalmışdır. Daha sonra isə polis əməkdaşları onu saxlayaraq polis idarəsinə gətirmiş və o, törətdiyi əməli könüllü olaraq etiraf etmişdir. Oğurluq etmək üçün salona girdiyi günü o, dəqiq olaraq xatırlamır. Oğurluq əşyaları apardığı taksi sürücüsünü o, təsadüfi olaraq saxlatmış və həmin sürücünün kim olduğunu bilmir. Həmin vaxt isə sürücü həmin əşyaların oğurluq olduğunu bilməmişdir. O, Vüsalın yalnız adını və Yeni Gəncədə yaşadığını bilir. Vüsalın barəsində başqa heç bir məlumatı yoxdur. Vüsal isə həmin əşyaların oğurluq olduğunu bilməmiş və Vüsala televizorların və oyun aparatlarının özünə məxsus olduğunu bildirmişdir. Zərərçəkmiş şəxsə qaytarılmış 1 ədəd televizor və 1 ədəd oyun aparatının xarab olmasına səbəb ola bilsin ki, oğurluq edən zaman pəncərədən çıxararkən əlindən salması olmuşdur. Maddi imkanı olmadığından zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanı ödəməmişdir, lakin azadlığa çıxacağı təqdirdə həmin zərərdən ödəniş edə bilər. Ona həbslə bağlı olmayan yüngül cəzə təyin edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, təqaüddə olan hərbiçidir. Yaşadığı hərbi şəhərcikdə Mənzil İstismar Sahəsinin yaxınlığında yerləşən, halhazırda Mehman adlı şəxsə məxsus olan köhnə binanın bir hissəsini aylığı 50 manata olmaqla icarəyə götürərək orada playstation oyun aparatları quraşdıraraq işlətmişdir. Oyun salonunu daha çox o, işlətsə də, bəzən universitet tələbəsi olan oğlu Sənan da onu əvəz etmişdir. O, hər gün salonu 11 radələrində açmış, axşam saat 21 radələrində isə bağlamışdır. xx.xx.2020-ci il tarixdə səhər saat 11 radələrində həmişə olduğu kimi salonu açıb işlətməyə başlamış, həmin günü saat təxminən 18 radələrində oğlu Sənan salona gəldiyindən o, salonu oğluna təhvil verib evinə getmişdir. Həmin günü saat təxminən 21 radələrində oğlu Sənan salonu bağlayaraq evə gəlmişdir. Səhəri günü, yəni, xx.xx.2020-ci il tarixdə salonun yanında yerləşən mağazanı işlədən Sahib adlı şəxs ona zəng edərək salonun pəncərəsinin sındırıldığını ona bildirmişdir. O, dərhal oğlu Sənanla birlikdə salona gəlmiş və salonun pəncərəsində olan dəmir barmaqlıqların vintlərinin açılaraq söküldüyünü, pəncərənin şüşəsinin isə sındırıldığını, içəri daxil olduqda isə 3 ədəd televizorun, 3 ədəd oyun aparatının və 7 ədəd idarəetmə pultunun oğurlandığını görmüşdür. O, salonun qapısına diqqət yetirdikdə görmüşdür ki, qapını bağladığı salma qıfıl sındırılsa da, qapının öz qıfılı yerindədir. Buna görə o, dərhal “102” xidmətinə müraciət etmiş və polis əməkdaşları gəldikdən sonra araşdırma aparmağa başlamışdılar. Həmin vaxt ona məxsus oyun salonundan hər birinin dəyəri 440 manat olan 3 ədəd “MCTV” markalı televizor, hər birinin dəyəri 350 manat olan 3 ədəd “SONY playstation 3” markalı oyun aparatları və hər birinin dəyəri 18 manat olan 7 ədəd həmin oyun aparatlarına məxsus idarəetmə pultları oğurlanmış və ümumilikdə ona 2496 manat məbləğində maddi ziyanlıq dəymişdir. Ona məxsus oyun salonunun şüşəsinin sınması nəticəsində ona 25 manat, qapısındakı qıfılın sınması nəticəsində isə 15 manat məbləğində ziyan dəymişdir. Oğurlanmış əşyalardan 1 ədəd “MCTV” markalı, 4310G modelli televizor və 1 ədəd “SONY PS3” markalı oyun aparatı ona qaytarılmış, lakin həmin əşyaları yoxlayarkən onların işləmədiyini müəyyən etmişdir. Hazırda təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyandan heç bir ödəniş edilməmiş, vurulmuş ziyanın hissə-hissə ödənilməsi barədə təklifi qəbul olunmamış və aralarında barışıq əldə olunmamışdır. Ona görə də təqsirləndiriləb şəxsdən şikayətçi olmaqla ona qanuni cəza verilməsini xahiş edir. Cinayət prosesi tərəflərinin razılığı ilə məhkəmə iclasında iştirak etməyən istintaqı zamanı şahid qismində dindirilmiş şahidlərin ifadələri elan olunmaqla tədqiq edilmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, səyyari olaraq Gəncə şəhərində Mərkəzi Univermağın ərazisində telefon alqı-satqısı ilə məşğul olur. Təqsirləndirilən şəxs Gəncə şəhər sakini kimi artıq uzun müddətdir ki, tanıyır, onunla heç bir ədavət və düşmənçiliyi olmamışdır, əksinə olaraq münasibətləri həmişə yaxşı olmuşdur. Təxminən 2020-ci ilin yanvar ayının axırlarında, gününü dəqiq xatırlamadığı vaxtda Sərxan onun yanına gələrək Bakı şəhərindən hansısa dostunun ona satmaq üçün televizor və oyun aparatları göndərəcəyini, həmin əşyaların gecə saatlarında Gəncə şəhərinə çatacağını bildirib, evlərində olan uşaqların əlinə düşməsin və sındırmasınlar deyə həmin əşyaları müvəqqəti olaraq onun evə qoymasını xahiş etmişdir. O da, Sərxana heç bir etiraz etməmiş və Sərxanla razılaşmışdır. Həmin günü gecə saat təxminən 3-4 radələrində Sərxan onların evinə gələrək kisədə 3 ədəd televizor, 3 ədəd oyun aparatı və 7 ədəd həmin oyun aparatlarına məxsus idarəetmə paneli ona vermiş və öz evlərinə çıxıb getmişdir. Bir neçə gündən sonra Sərxan onların evinə gələrək iki ədəd televizoru, iki ədəd oyun aparatını və 7 ədəd idarəetmə panelini götürüb müştəri tapdığını bildirib harasa getmişdir. Bir ədəd yan tərəfi sınmış televizor və 1 ədəd oyun aparatı isə ona qalmışdır. Son günlərdə isə polis əməkdaşları onlara gələrək Sərxanın tutulduğunu və Sərxanın saxlamaq üçün ona verdiyi televizor və oyun aparatının oğurluq olduğunu ona bildirmişlər və izahat vermək üçün onu polis idarəsinə dəvət etmişlər. Sərxan həmin əşyaları ona saxlamaq üçün vermişdir və onların oğurluq olduğunu o bilməmişdir. Sərxanın iki ədəd televizoru, oyun aparatını və idarəetmə panellərini kimə satması barədə onun heç bir məlumatı yoxdur. İbtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid2 Zərərçəkmiş şəxs ilə eyni məzmunlu ifadə verərək Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları tamamı ilə təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işi başlamaq və icraata qəbul etmək” haqqında xx xxxxxx 2020-ci il tarixli, 219 nömrəli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. “Materialın istintaq aidiyyəti üzrə göndərilməsi” haqqında xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, material aidiyyəti üzrə Gəncə şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinə göndərilmişdir. “Zərər çəkmiş şəxs qismində tanınma” haqqında xx xxxxxx 2020-ci il tarixli, 224 nömrəli qərardan görünür ki, həmin cinayət işi üzrə Zərərçəkmiş şəxs zərər çəkmiş şəxs qismində tanınmışdır. “Cinayət işinin icraatı dayandırılması” barədə xx xxxx 2020-ci il tarixli, 301 nömrəli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi” haqqında xx xxxx 2020-ci il tarixli, 336 nömrəli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. “Şübhəli şəxs qismində tutma” haqqında xx xxxx 2020-ci il tarixli, 337 nömrəli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tututlan cinayət əməli törətməsi üçün kifayət qədər əsaslar olduğundan o, ********* nömrəli cinayət işi üzrə şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında xx xxxx 2020-ci il tarixli, 348 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona həmin maddə ilə ittiham elan edilmişdir. “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” xx xxxx 2020-ci il tarixli, 353 nömrəli qərardan görünür ki, xx.xx.1996-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olan, işsiz, Gəncə şəhəri, F.Əmirov küçəsi, ev 26, mənzil 3-də qeydiyyatda olan və yaşayan, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə qətimkan” tədbiri seçilmişdir. “Təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən dərhal azad edilməsi” haqqında xx xxxx 2020-ci il tarixli, 354 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı Gəncə şəhər BPİ-nin MSY-dən dərhal azad edilmişdir. “Qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxsin tutulması və barəsində axtarış elan edilməsi” haqqında xx xxxxx 2020-ci il tarixli, 469 nömrəli qərardan görünür ki, xx.xx.1996-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olan, işsiz, Gəncə şəhəri, F.Əmirov küçəsi, ev 26, mənzil 3-də qeydiyyatda olan və yaşayan, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. “İfadənin yerində yoxlanılması haqqında” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən ifadəsində göstərdiklərini hadisə yerində də, göstərərək bir daha təsdiq etmişdir. “Götürmə aparılması haqqında” xx.xx.2020-ci il tarixli qərardan və protokoldan görünür ki, Şahid1 könüllü olaraq təqdim etdiyi 1 ədəd televizor və 1 ədəd oyun aparatı istintaq orqanı tərəfindən iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüş və bu barədə protokol tərtib olunmuşdur. “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, tanınma istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs 1 ədəd “MCTV” markalı, 4310G modelli televizor və 1 ədəd “SONY PS3” markalı oyun aparatını tanıyaraq həmin əşyaların ona məxsus olduğunu bildirmişdir. “Cinayət işinin icraatı dayandırılması” barədə xx xxxxx 2020-ci il tarixli, 470 nömrəli qərardan görünür ki, ********* nömrəli cinayət işi icraat Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilib tutularaq instintaqa təqdim edilənək icraat dayandırılmışdır. xx xxxx 2020ci il tarixdə Təqsirləndirilən şəxs könüllü olaraq Gəncə şəhər Baş Polis İdarəsinə gələrək özünü təqdim etdiyindən həmin tarixdə cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin “məhkəmə-əmtəəşünaslıq ekspertizası” barədə xx xxxxx 2020-ci il tarixli, 9/733 nömrəli rəyindən görünür ki, “MCTV” markalı 4310G televizorun, “Sony” markalı Ps3 modelli markalı oyun konsulunun və “Sony” markalı Ps3 modelli markalı oyun konsuluna məxsus idarə etmə cihazının istifadədə olması nəzərə alınmaqla 2020-ci ilin fevral ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 495 manat müəyyən edilmişdir. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” xx xxxx 2020-ci il tarixli, 584 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə yenidən ittiham elan edilmiş və həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. “Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi” haqqında xx xxxx 2020-ci il tarixli, 583 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs cinayətin baş verdiyi vaxt, oğurlanmış əşyaların dəyəri və digər xüsusatlar da göstərilməklə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə yenidən dəqiqləşdirilmiş ittiham elan edilmiş, Təqsirləndirilən şəxs yenidən ittiham elan edilərkən zərərçəkmiş şəxsə məxsus oğurlanmış televizorun, oyun aparatının və idarəetmə panellərinin dəyəri məhkəməəmtəəşünaslıq ekspertizasının rəyində göstərilən kimi götürülmüş, Vüsal adlı şəxsin, Şahid1 və şəxsiyyəti istintaqa məlum olmayan taksi sürücüsünün əməllərində Azərbaycan Respublikası CM-nin 194-cü maddəsinin tərkibi yaranmadığından barələrində cinayət işinin başlanması rədd edilmiş, həmin xüsusat üzrə cinayət işinin istintaq materiallarının onlara aid hissələrindən material ayrılmış və müəyyən edilmiş qaydada qeydiyyata alınaraq Gəncə şəhər Prokurorluğuna göndərilmiş, istintaq zamanı Şahid1 təqdim etdiyi 1 ədəd televizor və 1 ədəd oyun aparatı iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs cinayət işinin materialları ilə tanış olduqdan sonra saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs təhvil verilmiş, iş üzrə təqsirləndirilən, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyi, hadisə yerinə baxış və ifadənin yerində yoxlanılması protokolları və digər istintaq sənədləri iş materiallarına uyğun olduğu üçün sübut növü kimi qəbul edilmiş və cinayət işinə əlavə olunmuşdur. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona isnad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Təqsirləndirilən şəxsin hazırkı cinayəti törətməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahid ifadələri, istintaq hərkətləri protokolları və ekspert rəyləri ilə sübut olunur. Belə ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla özgənin əmlakının gizli talanmasına görə Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2005-ci il tarixli Qərarının 1ci bəndinə görə məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin Qərarın 19-cu bəndində göstərilir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerinə qanunsuz daxil olmaq dedikdə, oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Göstərilənlərə əsasən məhkəmə Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq bilavasitə məhkəmə iclasında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır və cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış biri-digərini tamamlayan sübutlarla tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar yoxdur. Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 2(043)-123/2018 saylı, xx xxxxxxxx 2018ci il tarixli hökmdən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı cəmi 4 ay 18 günün bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla, təyin olunmuş cəzadan çıxılmış və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin arayışından görünür ki, Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 2(043)-123/2018 saylı, xx xxxxxxxx 2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, xx.xx.2019-cu il tarixdə cəza müddəti başa çatmışdır. Gəncə şəhər probasiya şöbəsinin xx xxxx 2020-ci il tarixli 48/2018 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 2(043)-123/2018 saylı, xx xxxxxxxx 2018-ci il tarixli hökmü ilə üzərində saxlanılmış 02 (iki) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasını xx.xx.2019-cu il tarixdə çəkib qurtarmışdır. Gəncə şəhər Kəpəz RİH başçısının 1 nömrəli SİƏD üzrə nümayəndəsinin xx xxxx 2020-ci il tarixli, 743 nömrəli arayışdan görünür ki, 1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs ünvan 2 ünvanında qeydiyyatdadır. Gəncə şəhəri Kəpəz RİH başçısının 1 nömrəli SİƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ərazidə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, həmçinin azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini və məhkumluğu ödənilmədən yenidən oxşar cinayət törətməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməyərək zərəri ödəməməsini, cinayət əməlində ağırlaşdıran və yüngülləşdirən halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməsinin ağlabatan və cəzanın məqsədinə nail olunması baxımından yetərli vasitə hesab oluna bilinməyəcəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, cəza təyini zamanı Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 19:00-dan, xx xxxx 2020-ci il tarixə saat 11:00-dək şübhəli şəxs qismində tutularaq saxlanıldığı 2 (iki) gün müddət nəzərə alınmaqla ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının müddəti Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hesablanmalıdır. Məhkəmə istintaqı zamanı Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs bаrəsində аxtаrış elаn edilmiş və Təqsirləndirilən şəxs оğlunun bаrəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri «həbs» qətimkаn tədbiri ilə əvəz edilmiş, Təqsirləndirilən şəxs оğlunun оlduğu yer müəyyən edilənə və о, məhkəməyə gətirilənədək iş üzrə icrааt dаyаndırılmışdır. Axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs оğlu xx xxxxxx 2020-ci il tarixdə saat 17:15 radələrində tutulmuşdur. Аzərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Penitensiаr Xidmətinin 2 sаylı İstintаq Təcridxаnаsının xx xxxxxx 2020-ci il tarixli 17/39-572 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs оğlu xx.xx.2020-ci il tarixdə Ədliyyə Nаzirliyi Penitensiаr Xidmətin İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə göndərilmişdir. Ona görə də Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli onun Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarına əsasən tutulduğu gündən yəni, xx xxxxxx 2020-ci tarixdən hesablanmalı və o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi qüvvədə saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd “MCTV” markalı, 4310G modelli televizor və 1 ədəd “SONY PS3” markalı oyun aparatı Zərərçəkmiş şəxs qaytarılması və 1545 manat maddi ziyandan 180 manatın ödənilməsi nəzərə alınmalıdır. İş üzrə aparılmış ekspertiza təhqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 saylı, xx xxxxxx 2001-ci il tarixli qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də, dövlət büdcəsinin vəsaiti hesabına vəkilin göstərdiyi 6 saatlıq hüquqi yardıma görə 36 (otuz altı) manat vəsait vəkilə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında həm də hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə hakim tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməmişdir. Belə vəziyyətdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan müsadirə edilməli olan əmlak mövcud deyildir. İşdə mülki iddia və Azərbaycan Respubliaksı Cinayət Məcəlləsinin 99-1 maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak yoxdur. Azərbaycan Respublikası CPM-nin 349-cu maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq dövründə tutulduğu 2 gün müddət bir günə bir gün hesabı ilə hesablanmaqla Təqsirləndirilən şəxs təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə аzаdlıqdаn məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cazaçəkmə müddətinin əvvəli həbs qətimkan tədbiri qismində tutulduğu xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs qətimkan tədbiri” hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat pul vəsaiti, Təqsirləndirilən şəxs tutulub, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı Dövlət xəzinədarlığı Agentliyi KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE********************, hesaba ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd “MCTV” markalı, 4310G modelli televizor və 1 ədəd “SONY PS3” markalı oyun aparatı Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 36 (otuz altı) manat məbləğində pul işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Unibank” Qara Qarayev filialı Kod: 512145, VÖEN **********, Müxbir hesab AZ46NABZ********************, S.Ü.İ.F.T.BİK: UBAZAZ22, hesab nömrəsi AZ59UBAZ**********0090AZN001, 18 saylı Vəkil Bürosu VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan, məhkum Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar