Məhkəmə qərarları › İş №1(043)-163/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-163/2021

04.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-163/2021 04.11.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun X1 üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində X1 üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1981-ci il tarixdə Xanlar rayonu, Salahlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, məhkum olunmamış, fərdi əməkə məşğul olan, Gəncə şəhəri, İ.Əliyev küçəsi, ev 82-də qeydiyatda olmaqla ünvan 1-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 22.03.2021-ci il tarixdə “Covid-19” virusu ilə bağlı test analizi verməklə 23.03.2021-ci il tarixdə testin nəticəsinin pozitiv olması, yəni yeni növ koronavirus infeksiyasını yaymaq təhlükəsinin olmasını bilə-bilə xüsusi karantin rejiminə əməl edərək həmin müddəti evdə keçirməli olduğu halda 26.03.2021-ci il tarixdə saat 11 radələrində yaşadığı ünvan 1 ünvanını tərk edib ünvan 2ən “Dokta Aptek”ə gedərək epidemiya əleyhinə, eləcə də karantin rejimini pozub yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaratmışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilməyərək ifadəsində göstərdi ki, himayəsində 2014-cü il təvəllüdlü Hüseyn Məhərrəmli və 2015-ci il təvəllüdlü Aylin Məhərrəmli adlı iki övladı vardır. 21 mart 2021-ci il tarixdə Novruz bayramı gün o, özündə halsızlıq, ürəkbulanması hiss etməyə başlamış, hərarəti 37 dərəcəyə qalxmış və tez-tez tərləməyə başlamışdır. O, ilkin olaraq qrip olduğunu zənn edərək ev şəraitində təbii üsullarla müalicə olunmuş, lakin günlər keçməsinə baxmayaraq onun səhhəti yaxşılaşmamış, buna görə də, o, koronavirusa yoluxduğundan şübhələnmişdir. Xəstəliyini dəqiqləşdirmək məqsədilə 22 mart 2021-ci il tarixdə Gəncə şəhər 1 nömrəli A.Səhhət adına xəstəxanaya gedərək orada şikayətlərini bildirmiş və ondan koronavirusla bağlı yaxma götürülmüşdür. 23 mart 2021-ci il tarixdə ona Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzindən ********** saylı mobil nömrəsindən və Gəncə şəhər Səhiyyə İdarəsindən ********** saylı mobil nömrədən ona zəng edilərək Covid-19 test nəticəsinin pozitiv çıxdığını, ev şəraitində müalicə alacağını, yaşadığı evi 14 gün ərzində tərk etməməli olduğunu bildirərək sağalmağı ilə bağlı mesaj gəldikdən sonra yaşayış yerini tərk edə biləcəyini bildirmişlər. Həmin günün səhərisi isə, yəni 24 mart 2021-ci il tarixdə “İTS.GOV.AZ”-dan onun istifadəsində olan ********** saylı mobil nömrəsinə gələn mesajdan onun Covid-19 test nəticəsinin pozitiv çıxdığını bilmişdir. Həmçinin mesaj mətnində o və ailə üzvləri yaşayış yerini tərk etməməli olduqlarını, karantin rejimini pozduğu təqdirdə Azərbaycan Respublikası İnzibati Xətalar və Cinayət Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb oluna biləcəyi barədə xəbərdarlıq qeyd edilmişdir. Bundan sonra həmin gün ********** saylı mobil nömrədən Tükəzban həkim ona zəng edərək səhhəti ilə maraqlandıqdan sonra yaşadığı evə dərman paketi göndərmiş və həmin dərmanları həkim qeyd etdiyi formada qəbul etmişdir. 26 mart 2021-ci il tarixdə arvadının səhhətində narahatlıq olduğundan, daha doğrusu qəbzlik olduğundan ev şəraitində imalə olunmaq üçün sistem borusu lazım olduğundan aptekə getmək zərurəti yaranmış, aptekə getmək üçün yaxın heç kimi olmadığından həmin gün saat təxminən 11 radələrində yaşadığı evdən çıxaraq piyada Azərbaycan küçəsində yerləşən “Dokta” adlı aptekə gedərək oradan sistem borusu və şpris alaraq yaşadığı evə qayıtmışdır. Daha sonrakı günlərdə o, yaşadığı evdən çıxmayaraq ev şəraitində öz müalicəsini davam etdirmişdir. Həmçinin sahə həkimi də, ona zəng edərək səhhəti ilə maraqlanmış, sonrakı günlərdə də onun aptekə getmək zərurəti yaranmışdır. Bu məqsədlə o, 102 zəng xidmətinə, “TƏBİB” qaynar xəttinə, 103 xidmətinə zəng etsə də, ona yaşadığı evi tərk etməməli olmağı barədə xəbərdarlıq edərək çölə çıxmağına icazə verməmişdirlər. 04.04.2021-ci il tarixdə o “TƏBİB” qaynar xəttinə zəng edərək nə zaman yaşadığı evi tərk edə biləcəyini soruşmuş, ona 06.04.2021-ci il tarixdə yoluxduğu koronavirusa görə karantin müddətinin bitəcəyini 07.04.2021-ci il tarixdən etibarən isə yaşadığı evə tərk edə biləcəyini bildirmişlər. Bundan sonra o, həmin qaydalara da, əməl edərək 07.04.2021-ci il tarixədək öz yaşadığı evi tərk etməyərək karantin qaydalarına əməl etmiş və 07.04.2021-ci il tarixdə karantin müddəti başa çatdığı üçün öz yaşadığı evi tərk edərək gündəlik fəaliyyəti ilə məşğul olmuşdur. 14.04.2021-ci il tarixdə isə “İTS.GOV.AZ”-dan onun istifadəsində olan ********** saylı mobil nömrəyə gələn mesajda onun evdən təcrid müddətinin bitdiyini öyrənmişdir. Yaşayış yerini yalnız bir dəfə, aptekə getmək üçün tərk etmiş, həmin vaxt sadəcə aptekdəki satıcı ilə ünsiyyətdə olmuş, başqa heç kəslə ünsiyyətdə olmamışdır. O, yaşadığı evi tərk edərkən tibbi maskadan istifadə etmiş və maskanı çıxarmamışdır. Onun anası da koronovirus infeksiyasına yoluxduğu və xəstəxanada müalicə aldığı üçün qardaşı həmin vaxt xəstəxanada anasının yanında olmuşdur. Həmin gündən sonrakı günlərdə “TƏBİB” qaynar xəttinə, təcili tibbi yardıma və Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə zəng edərək aptekə getmək zərurəti ilə əlaqədar evdən çıxmasına icazə verilibverilmədiyini soruşmuş, ona belə icazənin verilmədiyi, eləcə də onun üçün zəruri olan dərmanların alınması üçün köməklik göstərilə bilməyəcəyi bildirilmişdir. Bundan başqa ona bir dəfə polis əməkdaşı zəng edərək ifadə vermək üçün mənzildən çıxması tələb olunmuş, bir dəfə isə polis əməkdaşları olduğunu güman etdiyi iki nəfər şəxs zəng edərək özlərini “Kontakt Home” mağazasının menecerləri kimi təqdim edərək ondan hədiyyəni almaq üçün mağazaya gəlməsini istəmişlər. O isə karantin olduğunu bildirərək hər iki təklifdən imtina etmişdir. Bu da onu göstərir ki, polis əməkdaşları qəsdən onu qanunu pozmağa təhrik etmişdir. Hesab edir ki, yaranmış tibbi zərurətlə əlaqədar evi tərk etmək məcburiyyətində qaldığı üçün onun əməlində cinayət tərkibi yoxdur. Buna görə də ona bəraət verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, X5 əczaçılıq ixtisası üzrə təhsil alır. 2020-ci ilin əvvəlindən Gəncə şəhəri, Aydınbəyov küçəsinin kəsişməsi ilə Azərbaycan küçəsinin kəsişməsində yerləşən “Dokta Aptek”-də satıcı vəzifəsdinə işləyir. Hər gün səhər saat 09 radələrində işə gedib axşam saat 22 radələrində işə qayıdır. Bu qaydaya uyğun olaraq əvvəllər tanımadığı adı ona sonradan məlum olan Təqsirləndirilən şəxs 26 mart 2021-ci il tarixdə saat 11:30 radələrində aptekə daxil olaraq ondan sistem filtri və şpris istəmiş, O, Təqsirləndirilən şəxs istədiyi preparatları təqdim etmiş, sonuncu isə ödəniş edərək aptekdən çıxıb getmişdir. Daha sonrasında o, həmin şəxsi görməmişdir. Ona Təqsirləndirilən şəxs “Covid-19” virusuna yoluxması barədə heç bir məlumat verilməmişdir. O, Təqsirləndirilən şəxsla ünsiyyətdə olarkən onun “Covid- 19” virusuna yoluxmasını bilməmişdir. Həmin vaxt hər ikisi tibbi maskadan istifadə etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadə verərək bildirmişdir ki, Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzində həkim epidemioloq köməkçisi vəzifəsində işləyir. Vəzifəsi yoluxucu xəstəliklərin araşdırılma epidemik tədbirlərin görülməsindən ibarətdir. Ölkə ərazisində koronavirus pandemiyası yayıldıqdan sonra isə o, yoluxucu xəstəliklərlə xəstələnmiş şəxslərin epidemioloji araşdırmasını aparmaqla bərarbər Gəncə şəhərində COVİD-19 müayinəsinin nəticəsi pozitiv olmuş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Vahid Səhiyyə Nazirliyinin Sistemi vasitəsi ilə COVİD-19 Milli Məlumat bazasıda qeydə alınmış şəxslərin epidemioloji müayinəsini aparır. Belə ki, həmin şəxslərlə telefon əlaqəsi saxlayaraq (bəzi hallarda ünvana gedərək ünvana gedərək) onlara COVİD-19 infeksiyasına görə müayinəsinin nəticəsi olduğu bildirib nə səbəbdən müayinədən keçdiyini, simptomların nə vaxt başladığı, hansı əlamətlərin olduğu, hansı şəraitdə yoluxmalarını və təmaslarını, harada işlədiklərini müəyyən edir. Həmin tədbirlərə uyğun olaraq 23 mart 2021-ci il tarixdə Nazirliyinin Vahid Səhiyyə İnformasiya Sistemi vasitəsilə COVİD-19 Milli Məlumat bazasına daxil olmuş məlumat əsasında Gəncə şəhəri, İ.Əliyev küçəsi, ev 82-də qeydiyyatda olan Təqsirləndirilən şəxs 22.03.2021-ci il tarixdə verdiyi Covid 19 infeksiyasına görə müayinəsinin nəticəsinin pozitiv olması qeyd edildiyinə görə həmin gün saat 18 radələrində istifadəsində olan ********** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan ********** saylı mobil nömrə ilə əlaqə saxlamış və dəstəyi Təqsirləndirilən şəxs özü götürmüşdür. Bundan sonra o, Təqsirləndirilən şəxs 22.03.2021-ci il tarixdə verdiyi Covid-19 infeksiya müayinəsinin nəticəsinin pozitiv olmasını bildirərək, epidemioloji araşdırma aparmış, nə səbəbdən müayinədən keçdiyini, simptomların nə vaxt başladığı, hansı əlamətlərolduğu, hansı şəraitdə yoluxmasını və təmaslarını, harada işlədiyini müəyyən etmiş, eyni zamanda yaşadığı ünvanı 14 gün ərzində tərk etməməsini, əgər yaşadığı ünvanı tərk edərsə digər şəxsləri də, həmin virusa yoluxduracağını, həmçinin virusun yayılmasına səbəb olacağını izah etmişdir. Həmin şəxsdən qeyd olunan məlumatları öyrəndikdən sonra bir daha özünün, həmçinin təmaslarının yaşadığı ünvanı tərk etməməsi barədə xəbərdarlıq etdikdən sonra sonuncu ilə telefon danışığını sonlandırmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək bildirmişdir ki, Gəncə şəhəri 6 saylı poliklinikanın sahə həkimi vəzifəsində çalışmışdır. İxtisasca terapevtdir. Koronovirus pandemiyası yayıldıqdan sonra ev şəraitində müalicə alan koronavirus xəstələrinin vəziyyəti ilə maraqlanır. Koronavirus testi pozitiv çıxan şəxslərin vəziyyəti ağır olanlar xəstəxanada stasionar şəkildə, vəziyyəti yüngül olanlar isə ev şəraitində müalicə alırlar. Ev şəraitində müalicə olunmalı xəstələrin siyahısı ərazi aidiyyəti üzrə Gəncə şəhər Səhiyyə İdarəsi tərəfindən onlara göndərilir və klinikanın ərazisində yaşayan həmin sakinlərlə 14 gün ərzində telefon vasitəsi ilə əlaqə saxlayaraq vəziyyətlərinə nəzarət edirlər. Bundan əlavə TƏBİB tərəfindən ev şəraitində müalicə olunmalı olan koronavirus xəstələri üçün dərman paketi verilmişdir. Həmin dərman paketinin içərisində “Vitamin C”, “Maqnezium”, “Sink”, “L-selenometionin”, “Vitamin D3” və “Parasetamol” dəman preparatları yerləşir. Həmin xəstəliyin yayılma dövrü 14 gündür. Əldə etdikləri tibbi məlumatlar əsasında və praktiki olaraq həmin 14 gün müddətində müalicə əsasında xəstə sağalmalı olduğu müəyyən olunmuşdur. Bu qaydaya uyğun olaraq Gəncə şəhər Səhiyyə İdarəsindən onlara daxil olmuş məlumata əsasən poliklinikamızda qeydiyyatda olan Gəncə şəhəri, İ.Əliyev küçəsi, ev 82-də qeydiyyatda olmaqla, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs 23.03.2021-ci il tarixdə koronavirus test nəticəsinin pozitiv çıxdığını və ev şəraitində müalicə almalı olmasını müəyyən etmişlər. 24.03.2021-ci il tarixdə həmin şəxsin adına ambulator xəstənin tibbi kartası açılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs ilə Arzunun istifadəsində olan “**********” saylı mobil nömrə ilə əlaqə saxlayaraq xəstənin ilkin olaraq səhhəti ilə maraqlanmış, bundan sonra həmin xəstəyə evinə dərman paketinin göndəriləcəyini bildirərək yaşayış yerini tərk etməməli olması, əgər yaşayış yerini tərk edərsə digər şəxsləri də, koronavirus xəstələyinə yoluxduracağını bildirmişdir. Təqsirləndirilən şəxs ilə telefon danışıqları sonra Arzunun evinə tərəfindən dərman paketi göndərilmişdir. Həmin dərman paketi göndərildikdən sonra Təqsirləndirilən şəxs ilə əlaqə saxlanılaraq dərman preparatlarından hansı qaydada istifadə etməli olduğunu bildirmişdir. Bundan sonra 14 gün ərzində Təqsirləndirilən şəxs ilə telefon əlaqəsi saxlanılaraq səhhətinə nəzarət edilmiş və 14-cü gün, yəni 06.04.2021-ci il tarixdə Arzunun səhhətində hər hansı bir nasazlıq müəyyən etmədikləri üçün 14 günlük karantin qeydiyyatından çıxarmışlar. Təqsirləndirilən şəxs “Covid-19” virusu aşkar edilmiş və 23.03.2021-ci il tarixdə Səhiyyə Nazirliyi tərəfindən bu barədə Arzunun özünə məlumat verilmiş, həmin tarixdən də, koronavirus xəstəsi hesab edilərək Arzuya karantin rejimi tətbiq edilmişdir. 14 günlük müalicə müddətini də nəzərə almaqla 06.04.2021-ci il tarixdən Təqsirləndirilən şəxs sağalmış hesab edillmişdir. İlk 14 gün xəstəliyin yayılma dövrüdür. Ona görə də həmin müddət ərzində xəstə yaşayış yerini tərk etməməli, özünü təcrid etməli, digər şəxslərlə təmasda olmamalıdır. Ona görə ki, həmin müddət ərzində xəstəliyin yayılması labüddür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Gigiyena və Epidemioloji Mərkəzindən verilmiş 06 aprel 2021-ci il tarixli 1616 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs 23.03.2021-ci il tarixdən 06.04.2021-ci il tarixədək olan müddət ərzində ev şəraitində karantində olmuşdur. İş materiallarına əlavə edilmiş 12 aprel 2021-ci il tarixli “Baxış keçirilməsi haqqında protokol”dan və DVD diskdəki videogörüntüdən məlum olur ki, Təqsirləndirilən şəxs 26.03.2021-ci il tarixdə saat 11:32 radələrində ünvan 2ən “Dokta” aptekə daxil olub satıcıya yaxınlaşaraq nəsə istəyir, satıcı ona istədiklərini verdikdən sonra o, vitrinə pul qoyur. Bundan sonra aldığı vasitələri götürərək aptekin çölünə çıxaraq dayanır. Həmin vaxt aptekin çölündə Təqsirləndirilən şəxs yanından başqa şəxslər keçir. Təqsirləndirilən şəxs həmin müddət ərzində tibbi maskada olmuşdur. İş materiallarına əlavə edilmiş 03 may 2021-ci il tarixli sənədin cinayət işinə əlavə edilməsi haqqında protokoldan görünür ki, “e-Təbib” mobil tətbiqindən edilmiş çıxarışla Təqsirləndirilən şəxs 22.03.2021-ci il tarixdə “Covid-19” analizi verdiyi və verdiyi analizdə “Covid-19” virusu aşkar edildiyi müəyyən olunmuşdur. “e-Təbib” mobil tətbiqində Təqsirləndirilən şəxs “şəxsi kabinet” bölməsinin və “laboratoriya analizlərinin nəticələri” bölməsinin ekran şəkilləri çəkilərək protokola əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş baxış protokoluna əlavədən görünür ki, Gəncə şəhəri 6 saylı poliklinikada “Xəstələrin qeydiyyatı kitabı”na baxış keçirilmiş, baxış zamanı 24.03.2021-ci il tarixdə Təqsirləndirilən şəxs “Covid 19” infeksiyası diaqnozu ilə dispanser qeydiyyatına alındığı müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş baxış protokoluna əlavədən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ********** saylı mobil nömrəyə 22.03.2021-ci il tarixdə its.gov.az saytından “Covid 19” infeksiyası ilə bağlı verdiyi testin nəticəsinin pozitiv olduğu barədə mesaj gəlmiş, onun və ailə üzvlərininin yaşayış yerini tərk etməmələri, əks halda karantin qaydalarını pozacağı təqdirdə inzibati və cinayət məsuliyyətinə cəlb olunacaqları barədə xəbərdar edilmişlər. İş materiallarına əlavə edilmiş baxış protokoluna əlavədən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ********** saylı mobil nömrəyə gələn zənglərin siyahısında ********** saylı mobil nömrə olmuşdur. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmiş və məhkum olunmamışdır. İbtidai istintaq zamanı “koronavirusinfo.az” saytından “Covid-19” virusu haqqında məlumatların və həmin virusa qarşı profilaktiki tədbirlərin X2 və Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən sistemləşdirilmiş elektron təlimatından çıxarış edilərək cinayət işinə əlavə edilmiş, həmin təlimatdan müəyyən edilir ki, koronaviruslar (CoV), adi soyuqdəymə əlamətlərindən X6 Sindromu (X4 Syndrome Coronavirus - MERS-CoV) və X3 Sindrom (SARS-CoV) kimi daha ciddi patologiyalara qədər çeşidli xəstəliklərə səbəb olan böyük bir virus fəsiləsidir. MERS-CoV və SARS-CoV epidemioloji məlumatlarına görə inkubasiya dövrü 14 günə qədər ola bilər. Virusa yoluxmuş şəxslər başqa bir səbəblə xəstəxanada yatırılması tələb olunmursa, onların 14 gün evdən çıxmamaları və ictimai yerlərdən uzaq olmaları tələb olunur, həmin şəxslərlə 14 gün ərzində ərazi üzrə tibb müəssisəsi və GEM tərəfindən telefon vasitəsilə nəzarətdə saxlanılır. “Covid-19” virusunun insanlar arasında yaxın təmas və hava-damcı yolu ilə ötürülür. Xəstə monitorinq müddətini evdə keçirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibi vardır. Təqsirləndirilən şəxsin cinayət əməlini təqsirli olaraq törətməsi özünün qismən etirafedici ifadəsi və şahidlərin ifadələri ilə yanaşı iş materiallarındakı istintaq və digər prosessual hərəkətlərin protokolları və sənədlərlə tam şəkildə öz təsdiqini tapmışdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsin özünü təqsirli bilməyərək həyat yoldaşının səhhətindəki problemlə əlaqədar olaraq məcburiyyət qarşısında yaşayış yerini tərk etməli olması ilə bağlı ifadəsinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Təqsirləndirilən şəxsin ifadəsindən görünür ki, o, karantində qalmalı olduğu dövrdə evi tərk etməsini etiraf edir, lakin bunu son zərurət vəziyyətində, yəni həyat yoldaşının sağlamlığına dəyə biləcək mümkün zərərin qarşısını almaq məqsədilə etdiyini bildirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 38.1-ci maddəsinə əsasən son zərurət vəziyyətində, yəni şəxsin özünün və ya başqa şəxslərin həyatını, sağlamlığını və hüquqlarını, dövlətin və cəmiyyətin mənafelərini bilavasitə qorxu altına alan təhlükəni aradan qaldırmaq üçün bu Məcəllə ilə qorunan obyektlərə zərər vurmaq yolu ilə törədilmiş hərəkət, əgər həmin vəziyyətdə bu təhlükəni başqa vasitə ilə aradan qaldırmaq mümkün deyildirsə və bu zaman son zərurət həddinin aşılmasına yol verilməmişdirsə, cinayət sayılmır. Qeyd edilməlidir ki, son zərurət vəziyyətini doğuran təhlükə mövcud olmalı, həqiqi və real olmalıdır. Eyni zamanda CM-in 38.2-ci maddəsinə uyğun olaraq qarşısı alınmış zərər vurulmuş zərərdən artıq olmalıdır. Pandemiyanın iki ilə yaxın davam etməsi fonunda bütün kütləvi informasiya vasitələrində COVİD-19 virusunun səbəb olduğu xəstəlik barədə ətraflı məlumat verilir, o cümlədən bəzi yoluxmuş xəstələrin bu xəstəliyi heç bir simptom olmadan keçirdiyi vurğulanır. Buna baxmayaraq həmin şəxslər virusun daşıyıcısı olduqlarından başqa şəxslərin də yoluxmasına səbəb ola bilərlər. Bu baxımdan koronovirus infeksiyasına yoluxmuş xəstələrin təcrid edilməsində məqsəd başqa şəxslərin yoluxmasının qarşısını almaqdır. Nəzərə alınmalıdır ki, koronovirus infeksiyasının səbəb olduğu xəstəlik hər gün ölkə ərazisində minlərlə şəxsin yoluxmasına, onlarla şəxsin isə ölümünə səbəb olur. Bu baxımdan təqsirləndirilən şəxsin koronovirus infeksiyasına yoluxduğunu bildiyi halda aptekdən sistem borusu almaq üçün yaşayış yerini tərk etməsinə son zərurət kimi yanaşmaq mümkün deyildir. Qeyd olunan hal iki əsasla izah olunur: əvvəla, təqsirləndirilən şəxsin 14 gün müddətində ev şəraitində qalması nəzərə alınarsa deməli gündəlik tələbatın ödənilməsi üçün təqsirləndirilən şəxsin kənardan yardım almaq imkanı olmuş, lakin bu imkandan aptekdən sistem borusu almaq üçün istifadə etməmişdir. Təqsirləndirilən şəxs qardaşının həmin vaxt koronovirus infeksiyasına yoluxmuş anasının yanında xəstəxanada olduğu üçün ondan kömək istəyə bilmədiyini bildirmişdir. Aydındır ki, koronavirusa yoluxmuş şəxslər xəstəxanada xüsusi şəraitdə təcrid olunmuş vəziyyətdə saxlanılır və onların yanına heç kim buraxılmır. Bu baxımdan təqsirləndirilən şəxsin bu açıqlaması inandırıcı olmamaqla yanaşı, qardaşından həmin vaxt aptekə getməsini xahiş etməsinə də hər hansı maneənin olmadığını göstərir. Digər tərəfdən təqsirləndirilən şəxsin evə təcili tibbi yardım çağırmaq imkanı da olmuş, lakin bu imkandan istifadə etməmişdir. Təqsirləndirilən şəxs məhkəməyə telefon danışıqlarının olduğu disk təqdim edərək “TƏBİB” qaynar xəttinə, təcili tibbi yardıma və polisə müraciət etdiyini bildirsə də məhkəmə araşdırması zamanı həmin danışıqların hadisədən sonrakı günlərdə baş verdiyi müəyyən edilmişdir. Eyni zamanda bu danışıqlarda təqsirləndirilən şəxs təcili tibbi yardım çağırmamış, aptekə getmək üçün icazə verə bilib-bilməyəcəklərini soruşmuşdur. Təbii olaraq ona belə bir icazənin verilməsinin mümkün olmadığı bildirilmişdir. Qeyd olunanlar təqsirləndirilən şəxsin bütün mümkün vasitələrdən istifadə etmədiyini təsdiq edir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin davranışı son zərurət kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23.07.2004-cü il tarixli qərarında göstərilmişdir ki, cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-in 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını və himayəsində 2 (iki) azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər cinayət törətməməsini və müalicə aldığı dövrdə digər pozuntulara yol verməməsini şəxsiyyətini müsbət xarakterizə edən hal kimi nəzərə alır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə cəzasını aşağı həddə təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut olan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 2500 (iki min beş yüz) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən bu müddət ərzində apelyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar