Məhkəmə qərarları › İş №1(043)-166/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №1(043)-166/2020

06.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(043)-166/2020 06.10.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X5 iclas katibliyi ilə, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X1, barəsində şikayət verilmiş şəxs X3 iştirakı ilə, X6 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X1 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin açıq hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: X2 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X6 bütün bunları görməzlikdən gələrək, təhqir, böhtan, şərləmə metodlarından dövrü olaraq istifadə etməklə, öz çirkin maraqlarının ifadə olunması üçün Mərkəzin nüfuzuna xələl gətirən davranışlardan çəkinmir. Hal-hazırda Mərkəzin direktor müavini baş meşəbəyi vəzifəsini icra edən bir şəxs kimi onun barəsində sözlə ifadəsi ayıblıq gətirən davranışlara yol verir. O cümlədən insanlar yanında özündən başqa iki nəfər gətirərək hədə qorxu ilə onu maşınının baqajına soxaraq cəzalandıraram deməklə, kütləvi informasiya vasitələrində onun şərəf və ləyaqətinə təhtitlər yağdırmaqla həqiqəti əks etdirməyən iddialarla onu hər cürə ləkələməyə cəht edir. X6 2011-ci il tarixindən əvvəlcə Göygöl Meşə Mühafizəsi və Bərpası Müəssisəsi adlandırılan, indi isə Göygöl X7 Mərkəzi adlandırılan qurumda, meşə gözətçisi vəsifəsində işləmiş və işlədiyi dövr ərzində bütün zamanlarda rəhbər şəxslərlə hörmətsiz davranaraq daima Mərkəzin və onun rəhbərlərini nüfuzdan salan davranışlara müəlliflik etmişdir. Hələ bunlar azmış kimi, spirtli içkilərdən istifadə edərək, özünü idarə etmə qabiliyyətini itirməklə, rəhbər şəxslərin ünvanlarına açıq və insanların gözləri qarşısında həttda var-yox söyüşləri işlətməkdən çəkinməməklə, mühafizəsinə məsul olduğu meşə massivini öz mülkiyyəti hesab etməkdən də çəkinməmiş, iş vaxtı sərxoş vəziyyətdə dəfələrlə Mərkəzə gələrək onun iş otağına icazəsiz girərək onu əməkdaşların yanında küçə söyüşləri ilə təhqir etmişdir. Bu barədə Mərkəz əməkdaşları akt tərtib edərək Göygöl rayon Polis Şöbəsinə göndərilməsinə baxmayaraq X6 bu kimi hərəkətlərinə davam etməkdən çəkinməmişdir. Eyni zamanda meşə gözətçisi işlədiyi dövürlərdə də çirkin əməllərindən çəkinməyərək yaşadığı Gəncə şəhəri Kəpəz rayonu Hacıkənd qəsəbəsinin inzibati ərazisindən 11 (on bir) ədəd qoz ağaclarını kəsdiyinə görə 10 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin əməkdaşları tərəfindən 71 (yetmiş bir min) manat ziyan hesablanmasına baxmayaraq naməlum səbəbdən məsulliyətə cəlb edilməyən Qurbanov Vüqar təbiətə gəlir mənbəyi kimi baxmışdır. X9 və anası yazılı izahat verərək qoz ağaclarını kəsmələrini etiraf etmişlər.Bütün nəql olunanlarla paralel olaraq Vüqar Qurbanov dayanmadan onun və Mərkəzində işləyən digər şəxslərin ləyaqətlərini aşağılayan rəftarlarını davam etdirir və bu davranışlarına dəstək olan bəzi Kütləvi İnformasiya vasitələrində onun şərəf və ləyaqətini aşağılayan məlumatlar yayımlanır. Vüqar Qurbanov heç bir sivil münasibət tanımayaraq özünü Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı kimi təqdim etməkdən çəkinməyərək, reketlik fəaliyyəti ilə məşğuldur. V.Qurbanov beləliklə də sivil münasibətləri tənzimlənən hüququ normaları pozaraq, onun və əməkdaşlarının şərəf və ləyaqətini alçaldan şayiələr yaymaqla, yalan və qərəzli video çəkilişlərin həyata keçirilməsinə nail olmaqla, böhtan atmaq, yaxud digər qanunazidd əməllər törətmək məqsədilə kütləvi informasiya vasitələrinin də resurslarından istifadə edir. O, özünün şəxsi maraqlarını güdərək, qeyd edilən davranışları ilə, onların şərəf və ləyaqətlərini alçaldaraq, işgüzar nüfuzlarını ləkələyərək, yəni bu dəyərləri aşağıladan ifadələrdən istifadə edərək, saitlər vasitəsi ilə yalan və qərəzli çəkilişlərin yayımlanmasını təşkil edərək, ona və əməkdaşlarına böhtan atmaqdan çəkinməmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2 şikayət ərizəsinin mahiyyətinə uyğun çıxış edərək onun icraata qəbul edilməsinə dair qərar çıxarılmasını xahiş etdi. Məhkəmə hazırlıq iclasında iştirak edən barəsində şikayət verilmiş şəxs X6xüsusi ittiham qaydasında şikayət ərizəsinə etiraz edərək, icraata qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, xüsusi ittiham qaydasında şikayətlə tanış olaraq, habelə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin ittihamı səciyyələndirdiyi dəlilləri nəzərdən keçirərək hesab edir ki, şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək qeyd edir ki, şikayət ərizəsində cinayət qanunu ilə nəzərdə tutulmuş hansı əməlin törədilməsi, bu əməlin məhz barəsində şikayət verilmiş şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (həmin şəxslərin soyadı, adı, atasının adı və yaşayış yeri göstərilməklə), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilməmişdir və ya iş materiallarına əlavə edilməmişdir. Belə ki, ərizədə ümumi olaraq V.Qurbanovun şikayətçinin və onun işlədiyi kollektivin ünvanına sosial şəbəkələrində təhqir və böhtan xarakterli məlumatlar yaydığı göstərilsə də ərizədə böhtan xarakterli məlumatların konkret olaraq hansı ifadələrdən ibarət olması göstərilməmiş, hansı sözlərlə və ya ifadələrlə ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atmasını qeyd etməmişdir. Digər tərəfdən xüsusi ittiham qaydasında irəli sürülən ittiham konkret olmalıdır. Şikayət vermiş şəxs V.Qurbanovun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etsə də sonuncunun hansı əməllərinə görə həmin Məcəllənin 147.1, hansı əməllərinə görə isə 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməli olmasını fərqləndirməmişdir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli, 3 nömrəli Qərarının 5-ci bəndində qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Xüsusi ittiham qaydasında şikayətdə V.Qurbanovun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələrinin dispozisiyasında qeyd edilən, öhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayması, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atması onu nüfuzdan salan məlumatların kütləvi çıxışlarda, kütləvi informasiya vasitələrində və ya kütləvi nümayiş etdirilən hər hansı bir əsərdə özünü göstərməsini təsdiq edən hər hansı bir sübut əlavə olunmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş forma və məzmuna uyğun olmadığından və şikayəti vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədiyindən xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda, 302.1.7-ci maddəsinə əsasən isə şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.3, 302.1.7, 302.2.3, 384-385-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X1 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar