Məhkəmə qərarları › İş №1(043)-166/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-166/2021

05.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-166/2021 05.11.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi- Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, 05 noyabr 2021-ci il tarixdə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında, xx.xx.1999-cu il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, təhsili olmayan, işsiz, subay, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 3-cü küçədə yaşayan barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, müəyyən etdi : Məhkəmə istintaqında müəyyən edildi ki, Təqsirləndirilən şəxs məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq, yəni ümumi təmiz çəkisi 485 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana əldə edib daşıyaraq üzərində saxlamış. 18.03.2021-ci il tarixdə saat 18:30 radələrində Gəncə Şəhər Baş Polis İdarəsi Kəpəz rayon polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən yaşadığı evin yaxınlığında saxlanılaraq Gəncə Şəhər Baş Polis İdarəsi Kəpəz rayon polis bölməsinə gətirilib üzərinə baxış keçirilərkən üzərində olan əl çantasının içərisinə qoyduğu bir ədəd şəffaf rəngli polietilen torbanın içərisindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində gəzdirdiyi şəxsi istehlak miqdarından artıq təmiz çəkisi 485 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədi. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin «sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsi»ndən bəhs edən 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual qanunvericiliyin tələbləri baxımından məhkəmə istintaqında şahid qismində dindirilmiş şəxslərin ifadəsini, ekspert rəyini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Gəncə şəhəri, Məhsəti qəsəbəsində yaşayır. O, əvvəllər narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edirmişdir. 18.03.2 021-ci il tarixdə saat 18 radələrində 2 nəfər mülki geyimli polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Ona narkotik vasitə qəbul etməkdə və gəzdirməkdə şübhəli olduğunu bildirib onu ağ maşınla Kəpəz Rayon Polis Bölməsinə gətirmişlər. Həmin vaxt sənədlərini və telefonunu saxladığı əl çantası əlində olmuşdur. Polis bölməsində üzərinə və çantasına baxış keçirilərkən əl çantasının içərisindən polietilen torbada olan narkotik vasitə qurudulmuş marixuana olmuşdur.Həmin narkotik vasitə onun olmamışdır. Üzərinə baxış keçirilən zaman həmin narkotik vasitənin ona məxsus olduğunu ona görə etiraf etmişdir ki, polis əməkdaşı Rəşad adlı şəxs ona təsir göstərmişdir. Barəsində bəraət verilməsini xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Gəncə Şəhər Baş Polis İdarəsi Kəpəz rayon polis bölməsində əməliyyat müvəkkili işləyir. Təqsirləndirilən şəxsi hadisə ilə bağlı tanımışdır, onunla hər hansı bir ədavəti və düşmənçiliyi olmamışdır. 18.03.2021-ci il tarixdə bölməyə Gəncə şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz olaraq saxlaması və istifadəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Onun həmin cinayət əməlinin ifşa edilməsi üçün əməliyyat tədbirləri keçirilməsinə dair qərar qəbul olunmuş və əməliyyat qrupu yaradılmışdır. Bundan sonra bölmənin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ilə birlikdə Gəncə şəhəri ərazisində əməliyyat-axtarış tədbirləri keçirməyə başlamışlar. Həmin gün saat təxminən 18 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhəri Məhsəti qəsəbəsi yaxınlığında saxlanılaraq Gəncə şəhər Kəpəz rayon polis bölməsinə dəvət edilmişdir. Təqsirləndirilən şəxs onlarla razılaşaraq bölməyə gətirilmişdir. Kəpəz rayon polis bölməsinə vəeil Müdafiəçi iştirakı ilə onun hüquq və vəzifələri izah olunduqdan sonra Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi baxış keçirilmişdir. Şəxsi baxış zamanı onun əlində olan qara rəngli əl çantasının içərisində polietilen sellefonda narkotik vasitə olan marixuanaya oxşar kütlə aşkar edilmişdir. Həmin kütlə sellefon ilə birlikdə tərəzidə çəkilmiş və sellefon ilə birlikdə ümumi çəkisi 525 qram müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni Gəncə şəhəri Hacıkənd qəsəbəsindən tapdığını və özü üçün saxladığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərgöstərmişdir ki, Gəncə Şəhər Baş Polis İdarəsi Kəpəz rayon polis bölməsində əməliyyat müvəkkili işləyir. Təqsirləndirilən şəxsi əvvəllər tanınmamış, onunla hər hansı bir ədavəti və düşmənçiliyi olmamışdır. 18.03.2021-ci il tarixdən bölməyə Gəncə şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz olaraq saxlaması və istifadəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Bununla bağlı bölmənin əməliyyat müvəkkili, Şahid1 ilə birlikdə Gəncə şəhəri ərazisində əməliyyat-axtarış tədbirləri keçirməyə başlamışlar. Həmin gün saat təxminən 18 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhər, Məhsəti qəsəbəsinin yaxınlığında saxlanılaraq Gəncə şəhər Kəpəz rayon polis bölməsinə gətirilmiş, orada şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilərək vəkil Müdafiəçi iştirakı ilə video çəkilişlə üzərinə və əl çantasına baxış keçirilmişdir.Üzərinə baxış zamanı hansı bir qanunsuz əşya aşkar olunmamışdır. Lakin Təqsirləndirilən şəxs əlində olan qara rəngli əl çantasına baxış keçirilmiş və çantada olan polietilen sellefonun içərisindən narkotik vasitə olan marixuanaya oxşar kütlə aşkar edilmişdir. Həmin kütlə tərəzidə çəkilmiş və uzun müddət keçdiyi üçün dəqiq çəkisi yadında qalmamışdır. Ancaq onu xatırlayır ki, çəkisi 500 qramdan artıq olmuşdur. Bundan sonra həmin kütlə müvafiq qaydada qablaşdırılaraq protokol tərtib edilmiş və doğruluğunu imzaları ilə təsdiq etmişlər. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni Gəncə şəhəri Hacıkənd qəsəbəsindən tapdığını və özü üçün saxladığını bildirmişdir. Cinayət işinin materiallarnda olan, təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsi haqqında video görüntünü əks etdirən DVD diskə məhkəmə iclas zalında HB markalı kompyuterlə baxış keçirilmiş, baxış zamanı müəyyən olundu ki, ki təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməmişdən əvvəl ona şübhəli şəxs qismində hüquq va vəzifələri izah edilir, daha sonra onun üzərinə baxış keçirilir. Bundan sonra Təqsirləndirilən şəxs əlində olan qara rəngli əl çantasını təqdim edir. Həmin qara rəngli əl çantasının içərisinə baxış keçirilir və baxış zamanı əl çantasının içərisində olan polietilen sellefon torbanın içərisinə baxış keçirilir və kütlə aşkar olunur. Təqsirləndirilən şəxs həmin küllənin narkotik vasitə olduğunu bildirir.Təqsirləndirilən şəxsdən təqdim etdiyi narkotik vasitəyə bənzər kütləni haradan əldə etməsini soruşarkən həmin naikotik vasitəni Gəncə şəhəri, Hacıkənd qəsəbəsindən tapdığını və şəxsi istifadəsi məqsədilə üzərində daşıdığını bildirir. Məhkəmə bioloji ekspertizasının 19.03.2021-ci il tarixli 16/271 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, “Təqsirləndirilən şəxs üzərindən götürülmüş marixuana” sözləri və imzalar olan ağ rəngli polietilen torbadakı, digər şəffaf rəngli polietilen torbada təmiz çəkisi 485 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kutsar üsulla hazırlanmış narkotik vaitə olan marixuanadır. Marixuananın təmiz çəkisi 485 qram, tədqiqata şərf edildi 0,2 qram, qalıq- 484,8 qram. (i.v səh 36-37) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş 14.06.2021-ci il tarixli, 696 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoiddən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var.Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. ( i.v.səh. 102). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin 03.05.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Hacıyev X2 Respublikası İstanbul 7 X5 tərəfindən 11.09.2019-cu il tarixdə X6 142/2.H.2-ci maddəsi ilə təqsirli bilinərək həbs olunmuşdur. ( i.v. səh.78-79). Şübhəli şəxsin tutulması haqqında 18.03.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18.03.2021-ci il tarixdə saat 18:30-da tutulmuşdur. (i.v. səh.17) Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi və MSY-dən azad olunması haqqında 20.03.2021-ci il tarixli, qərardan görünür ki, Təqsirləndirilən şəxs 20.03.2021-ci il tarixdə MSY-dən azad olunaraq barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (İ.v. səh.60-61) 01.06.2021-ci il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01.06.2021-ci il tarixdə saxlanılaraq Gəncə şəhəri BPİ-nin İTİ-nə təhvil verilmişdir. (i.v səh 89) Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq, yəni ümumi təmiz çəkisi 485 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana əldə edib daşıyaraq üzərində saxlamış. 18.03.2021-ci il tarixdə saat 18:30 radələrində Gəncə Şəhər Baş Polis İdarəsi Kəpəz rayon polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən yaşadığı evin yaxınlığında saxlanılaraq Gəncə Şəhər Baş Polis İdarəsi Kəpəz rayon polis bölməsinə gətirilib üzərinə baxış keçirilərkən üzərində olan əl çantasının içərisinə qoyduğu bir ədəd şəffaf rəngli polietilen torbanın içərisindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində gəzdirdiyi şəxsi istehlak miqdarından artıq təmiz çəkisi 485 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ifadəsi iş üzrə dindirilmiş şahidlərin ifadəsi, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş ekpert rəyi, baxış protokolu, üzərinə baxış kesirilərkən videoçəkiliş və digər sənədlərlə təkzib olunduğundan təqsirləndirilən şəxsin ifadəsini məhkəmə işin hallarına uyğun olmayan hesab etmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli «az ağır cinayət» olmaqla narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olan cinayətdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən olunmadı. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilindiyi cinayət əməlinə görə qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən, törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü bəndinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının aşağıdakı izah və tələblərini də nəzərə alır. Belə ki, həmin qərarın 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Göstərilən qərarın 2-ci bəndində isə izah edilir ki, cəzaların tətbiq edilməsi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub olmaması, (məsələn sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və.s) kimi hallara da diqqət yetirilməlidir. Ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyini ilə bağlı məsələni müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu iki gün və axtarışda olması ilə bağlı tutulduğu bir gün nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək barəsində həbs qətimkan tədbiri seçilməlidir. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməlidir və yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (mad.346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (mad.353.4.10) məsələlərdən biri də, məhkəmə məsrəflərinin (xərclərinin) ödənilməsi məsələsidir. İş üzrə 32,40 (otuz iki manat 40 qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq ekspertiza mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlak yoxdur. İş üzrə təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsinə dair videogörüntünü özündə əks etdirən maddi sübut 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut olan və Gəncə şəhər Baş Polis İdarəsində saxlanılantədqiqata sərf edildikdən sonra qalıq çəkisi 484,08 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351- 353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə , h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respubliasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün və axtarışda olması ilə bağlı tutulduğu 01(bir) gün cəzasından çıxılmaqla barəsində qəti olaraq 01 (bir) il 05 (beş) ay 27 (iyirmi yeddi) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasının əvvəli 05.11.2021-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş polisin nəzarəti altına vermə tədbiri ləğv edilərək barəsində həbs qətimkan tədbiri seçilsin və hal-hazırda həbsdə olması nəzərə alnsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Gəncə şəhər Baş Polis İdarəsində ayrılmış xüsusi yerdə məsul saxlanca verilmiş qalıq çəkisi 488 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsinə dair videogörüntünü özündə əks etdirən maddi sübut 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlansın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 32,40 (otuz iki manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli hesaba ödənilsin. Hökmdən elan olunduğu andan Təqsirləndirilən şəxs isə hökmün sürəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar