Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-17/2022 07.04.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1985-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, məlum olmayan vaxt və mənbədən satış məqsədi ilə ümumilikdə təmiz çəkisi 7,97 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib 5 ədəd kağız bükümdə hər birinin təmiz çəkisi 0.94 qram, 0.77 qram, 0.8 qram, 0.88 qram və 0.82 qram olmaqla ümumi təmiz çəkisi 4.21 qram hissəsini qanunsuz olaraq yaşadığı Gəncə şəhəri, Məhsəti qəsəbəsi 16-ci küçədə yerləşən fərdi yaşayış evində saxlamış, 5 ədəd bükümdə təmiz çəkiləri 0.85 qram, 0.78 qram, 0.96 qram, 0.81 qram və 0.36 qram olmaqla ümumi təmiz çəkiləri 3.76 qram hissəsini isə qanunsuz olaraq üzərində saxlayaraq daşımış, 04 iyul 2021-ci il tarixdə, saat 18 radələrində Gəncə şəhər Kəpəz RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, Gəncə şəhər Məhsəti qəsəbəsi 16-cı küçədə saxlanılaraq Gəncə şəhəri Heydər Əliyev prospekti 265 ünvanında yerləşən Kəpəz RPİnə gətirilmiş, onun üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 5 ədəd bükümdə təmiz çəkiləri 0.85 qram, 0.78 qram, 0.96 qram, 0.81 qram və 0.36 qram olmaqla ümumi təmiz çəkiləri 3.76 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülmüş, əməliyyatın davamı olaraq yaşadığı ünvana baxış keçirilən zamanı isə yataq otağında asılqandan asılmış qış gödəkçəsinin sağ yan cibindən 5 ədəd kağız bükümdə hər birinin təmiz çəkisi 0.94 qram, 0.77 qram, 0.8 qram, 0.88 qram və 0.82 qram olmaqla ümumi təmiz çəkisi 4.21 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Gəncə şəhəri, D.Bünyadzadə küçəsi ev 82-də qediyyatda olmaqla Gəncə şəhəri Məhsəti qəsəbəsi 16-cı küçədə fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olub gündəlik dolanışığını təmin edir. Bir ildir ki, narkotik vasitənin marixuana növündən siqaretə doldurma yolu ilə mütəmadi istifadə edir. O, polis əməkdaşları tərəfindən saxlanıldığı gündən təxminən 8-9 gün əvvəl Bakı şəhərində olduğu zaman şəxsi istifadəsi üçün «Nəsimi» bazarı adlanan yerdə tanımadığı bir şəxsdən 40 manat pul verib 10 ədəd ayrı-ayrı bükümlərdə narkotik vasitə olan marixuana alıb Gəncə şəhərinə gətirərək yaşadığı evdə olan qara rəngli qış gödəkcəsinin cibində gizlətmişdir. 04 iyul 2021-ci il tarixdə, saat 18 radələrində həmin bükümlərdən beş ədədini götürüb müştəri taparsa satmaq məqsədilə cibinə qoyub yaşadığı evdən çıxıb piyada getdiyi zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edərək onu Kəpəz rayon Polis İdarəsinə dəvət etmişlər. O, polis əməkdaşlarının dəvəti ilə birlikdə Kəpəz rayon Polis İdarəsinə getmişdir. Kəpəz rayon polis İdarəsində ona narkotik vasitələrin saxlanılmasında və daşınmasında şübhəli olduğunu bildirmişlər. Daha sonra isə polis əməkdaşlarının və vəkilin iştirakları ilə videoçəkilişdən istifadə etməklə onun üzərində şəxsi axtarış aparmışlar. Şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sol yan cibindən 30 manat pul, sağ yan cibindən beş ədəd xırda kağız bükümlərdə olan narkotik vasitə olan marixuana, həmin şalvarın arxa sağ cibindən isə 40 qəpik pul aşkar edilərək götürülmüşdür. Daha sonra həmin bükümlər tərəzidə çəkilmiş, aşkar edilmiş kütlələr bükümlərlə birlikdə 8.05 qram olmuşdur. Şəxsi axtarış zamanı o, həmin narkotik vasitə olan marixuananı Bakı şəhərindən 8 gün əvvəl 10 büküm aldığını, həmin bükümlərin 5 ədədinin yaşadığı evdə olduğunu bildirmişdir. Bundan sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə onun razılığı ilə yaşadığı evə baxış keçirilmişdir. Baxış zamanı o, yaşadığı evin yataq otağında asılqanda olan gödəkçənin sağ yan cibində olan beş ədəd bükülünü də polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra həmin bükümlər də tərəzidə çəkilmiş və bükümlərlə birlikdə ümumi çəkisi 9.34 qram olmuşdur. O, baxış zamanı həmin bükümlərin də özünə məxsus olduğumu bildirmişdir. Üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş narkotik vasitə olan marixuananı o, satış məqsədilə yox, şəxsi istifadəsi üçün saxlamışdır. O, heç kəsə narkotik vasitə satmamış və satmaq fikri olmamışdır. Bakı şəhərində qurudulmuş marixuananı ucuz qiymətə aldığı üçün miqdarını çox almışdır. Ondan aşkar edilən marixuananın hər bükümünü 3-4 dəfəyə istifadə edir. Tutulduğu gün üzərində olan 5 büküm marixuananı da şəxsi istifadəsi üçün götürmüşdür. Bükümlərin sayının çox olmasının səbəbini belə izah edir ki, onun narkotik vasitələrdən istifadə edən başqa dostları da var. Onda narkotik olmayanda dostları ona narkotik vasitə verirlər. Buna görə də üzərində narkotik vasitəni çox götürmüşdür ki, kimsə istəsə ona da versin və birlikdə istifadə etsinlər. Lakin narkotik vasitəni pulla satmaq fikrində olmamışdır. Şəxsi axtarış və yaşayış yerinə baxış zamanı ona təzyiq göstərildiyi və aldadıldığı üçün narkotik vasitəni satış məqsədilə əldə etdiyini və saxladığını bildirmişdir. Təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadə ilə ibtidai istintaq zamanı verdiyi ifadə arasında qismən ziddiyyət olduğu üçün onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunaraq tədqiq edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi ifadəsində ona Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək göstərmişdir ki, Gəncə şəhəri, D.Bünyadzadə küçəsi ev 82-də qediyyatda olmaqla Gəncə şəhəri Məhsəti qəsəbəsi 16-cı küçədə yeni məhəllələrdə ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, o, fərdi əməklə məşğul olub gündəlik dolanışığnı təmin edir. O, bir ildir ki, narkotik vasitənin marixuana növündən siqaretə doldurma yolu ilə mütəmadi istifadə edir. O, polis əməkdaşları tərəfindən saxlanıldığı gündən təxminən 8-9 gün əvvəl Bakı şəhərində olduğu zaman satıb pul əldə etmək məqsədilə narkotik vasitə almaq qərarına gəlmiş və bu səbəbdən də «Nəsimi» bazarı adlanan yerdə tanımadığı bir şəxsdən 40 manat pul verib 10 ədəd ayrı-ayrı bükümlərdə satış məqsədilə narkotik vasitə olan marixuana alıb Gəncə şəhərinə gətirərək yaşadığı evdə olan qara rəngli qış gödəkcəsinin cibində gizlətmişdir. 04 iyul 2021-ci il tarixdə, saat 18 radələrində həmin bükümlərdən beş ədədini götürüb müştəri taparsa satmaq məqsədilə cibinə qoyub yaşadığı evdən çıxıb piyada getdiyi zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edərək onu Kəpəz rayon Polis İdarəsinə dəvət etmişlər. O, polis əməkdaşlarının dəvəti ilə birlikdə Kəpəz rayon Polis İdarəsinə getmişdir. Kəpəz Rayon Polis İdarəsində ona narkotik vasitələrin saxlanılmasında və daşınmasında şübhəli olduğunu bildirərək ona müdafiə hüququ izah edilmişdir. Bundan sonra ona dövlət hesabına müdafiəçi təyin etmişlər. Daha sonra isə polis əməkdaşlarının, müdafiəçi Cəfər Hacıyevin iştirakları ilə videoçəkilişdən istifadə etməklə onun üzərində şəxsi axtarış aparmışlar. Şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sol yan cibindən 30 manat pul, sağ yan cibindən beş ədəd xırda kağız bükümlərdə olan narkotik vasitə olan marixuana, həmin şalvarın arxa sağ cibindən isə 40 qəpik pul aşkar edilərək götürülmüşdür. Daha sonra həmin bükümlər əczaçı tərəzisində çəkilmiş, aşkar edilmiş kütlələr bükümlərlə birlikdə 8.05 qram olmuşdur. Bundan sonra onun üzərindən aşkar edilmiş bükümlər qablaşdırılaraq zərfin üzəri möhürlənmiş, həmin möhürlənmiş zərfin üzəri onun, müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə imzalanmışdır. Şəxsi axtarış zamanı o, həmin narkotik vasitə olan marixuananı Bakı şəhərindən satış məqsədilə 8 gün əvvəl 10 büküm aldığını, həmin bükümlərin 5 ədədinin yaşadığı evdə olduğunu bildirmişdir. Bundan sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə onun razılığı ilə yaşadığı evə baxış keçirilmişdir. Baxış zamanı o, yaşadığı evin yataq otağında asılqanda olan gödəkçənin sağ yan cibində olan beş ədəd bükülünü də polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra həmin bükümlər də əczaçı tərəzisində çəkilmiş və bükümlərlə birlikdə ümumi çəkisi 9.34 qram olmuşdur. O, baxış zamanı həmin bükümlərin də özünə məxsus olduğumu bildirmişdir. Onun yaşadığı evdən aşkar edilmiş narkotik vasitə olan bükülülər bir ədəd zərfdə qablaşdırlaraq üzəri möhürlənmiş, iştirakçılar tərəfindən zərfin üzəri imzalanmışdır. Bundan sonra onun üzərindən aşkar edilmiş 30 manat 40 qəpik pul onun özünə qaytarılmışdır. Onun üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş narkotik vasitə olan marixuananı o, satış məqsədilə üzərində və evində saxlamış, etdiyi əməlindən peşman olmuşdur. Onun yaşadığı ünvanda qış gödəkçəsinin cibində və ya üzərində narkotik vasitə olan marixuananı saxlamağı haqqında heç kəsin məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, sonuncu ilə hər hansı bir münasibəti olmamışdır. 04 iyul 2021-ci il tarixdə Gəncə şəhər D.Bünyadzadə küçəsi ev 82-də qeydiyyatda olmaqla Gəncə şəhəri Məhsəti qəsəbəsi 16-cı küçədə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsi, mütəmadi olaraq narkotik vasitələr əldə edib üzərində gəzdirməsi, saxlaması barədə daxil olmuş əməliyyat məlumatı barədə raportla rəhbərliyə məlumat verdikdən sonra onun tərəfindən əməliyyataxtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul olunmuşdur. Bundan sonra Kəpəz RPİnin PPXT-nın polis nəfərləri Şahid2, Şahid3, Şahid4 ilə birlikdə keçirtdikləri əməliyyataxtarış tədbirləri nəticəsində həmin gün saat 18:00 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhəri Məhsəti qəsəbəsi 16-cı küçənin çıxışında müəyyən edib əməliyyat müşahidəsinə götürmüşlər. Onlar Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər, qanunsuz olaraq narkotik vasitə əldə edib üstündə saxlamaqda şübhəli olduğunu bildirib üzərinə baxış keçirtmək məqsədi ilə sonuncunu Kəpəz Rayon Polis İdarəsinin inzibati binasına aparmışlar. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi məqsədilə müvafiq sənədləşmə aparılması Kəpəz Rayon Polis İdarəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanı Çərkəz Mustafaoğluna tapşırılmışdır. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməzdən əvvəl hüquqlarını müdafiə etmək məqsədilə müdafiəçi qismində Cəfər Hacıyev adlı müdafiəçi Polis İdarəsinə dəvət olunub Təqsirləndirilən şəxs təqdim edilmişdir. Təqsirləndirilən şəxs hüquq vəzifələri izah olunduqdan sonra sonuncu hüquq vəzifələrinin aydın izah edildiyini və hüquqlarının müdafiə olunması məqsədilə təqdim olunmuş Cəfər adlı vəkilə etirazı olmadığını bildirmişdir. Bundan sonra videoçəkiliş vasitəsilə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zamanı sonuncunun əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 5 (beş) ədəd ağ rəngli kağızlara bükülmüş büküm aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş bükümlərin içərisindəki kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, polis əməkdaşları tərəfindən saxlanıldığı gündən təxminən 7-8 gün əvvəl Bakı şəhərində “Nəsimi” bazarı adlanan yerdə tanımadığı şəxsdən 40 manata aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs və müdafiəçi ilə yanaşı digər şəxslərin iştirakları ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş bükümlərin içərisinə baxış keçirilən zamanı orada tünd yaşıl rəngli, kəskin iyli, ilk baxışdan narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlənin olması məlum olmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş 5 (beş) ədəd bükümlər elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 8,06 qram müəyyən olunmuş, zərfə qoyularaq qablşaşdırılıb DİN-in 120 saylı möhürü ilə möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi barədə təhqiqatçı tərəfindən tərtib olunmuş protokolu sonuncu ilə yanaşı o və baxış zamanı iştirak edən digər şəxslər imzalamışlar. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zamanı «Samsung» markalı mobil telefonla qeydə alınmış video görüntü diskə köçürülərək materiala əlavə olunmuş, şəxsi axtarış aparıldıqdan sonra sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı evdə də narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. Bundan sonra müdafiəçi Cəfər Hacıyevin iştirakı ilə Təqsirləndirilən şəxs və digər polis əməkdaşları ilə birlikdə Kəpəz Rayon Polis İdarəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanı Çərkəz Mustafaoğlu tərəfindən Təqsirləndirilən şəxs yaşadığı Gəncə şəhəri Məhsəti qəsəbəsi 16-cı küçədə yerləşən fərdi yaşayış evinə baxış keçirilmişdir. Baxış zamanı evin yataq otağındakı asılqanda olan Təqsirləndirilən şəxs məxsus qəhvəyi rəngli gödəkçənin sağ yan cibindən 5 (beş) ədəd ağ rəngli kağızlara bükülmüş büküm aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunub götürülmüş bükümlərin içərisindəki kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, polis əməkdaşları tərəfindən saxlanıldığı gündən təxminən 7-8 gün əvvəl Bakı şəhərində “Nəsimi” bazarı adlanan yerdə tanımadığı şəxsdən 40 manata aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs və müdafiəçi ilə yanaşı digər şəxslərin iştirakları ilə Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunub götürülmüş bükümlərin içərisinə baxış keçirilən zamanı orada tünd yaşıl rəngli, kəskin iyli, ilk baxışdan narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlənin olması məlum olmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş 5 (beş) ədəd bükümlər elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 9,34 qram müəyyən olunmuş, zərfə qoyularaq qablşaşdırılıb DİN-in 120 saylı möhürü ilə möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi barədə təhqiqatçı tərəfindən tərtib olunmuş protokolu sonuncu ilə yanaşı o və baxış zamanı iştirak edən digər şəxslər imzalamışlar. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilən zamanı «Samsung» markalı mobil telefonla qeydə alınmış video görüntü diskə köçürülərək materiala əlavə olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən yuxarıda qeyd olunan çəkilərdə narkotik vasitə olan qurudulmuş marixuanadan başqa saxlanılması qanunla qadağan olunmuş digər hər hansı bir əşya və ya predmet aşkar olunmamış, keçirilmiş əməliyyat axtarış tədbirlər nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat olsa da konkret olaraq narkotik vasitəni satdığı şəxsləri müəyyən etmək mümkün olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2, Şahid3 və Şahid4 digər Şahid1 ilə eyni məzmunlu ifadələr verərək ifadələrində sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişlər. İş materiallarında olan 04 iyul 2021-ci il tarixli “Şəxsi axtarış və götürmə haqqında protokoldan və həmin protokola əlavə edilmiş diskə yazılmış videogörüntülərdən məlum olur ki, Təqsirləndirilən şəxs mütamadi olaraq narkotik vasitə qəbul etməsi və daimi üstündə narkotik vasitə gəzdirməsi şübhəsinə görə 04.07.2021-ci il tarixdə saat 18:00-da Gəncə şəhər Məhsəti qəsəbəsində saxlanılaraq Kəpəz RPİ-yə gətirilmiş, Təqsirləndirilən şəxs 04.07.2021-ci il tarixdə saat 18:30-da şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah olunmaqla müdafiəçi ilə təmin olunmuşdur. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra video çəkilişi ilə Polis İdarəsində müdafiəçi X2 və yuxarıda adları qeyd olunan polis əməkdaşlarının iştirakı ilə vətəndaş Təqsirləndirilən şəxs hüquqları izah edildikdən sonra onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 5 ədəd ağ kağızlara bükülmüş büküm aşkar olunmuşdur. Həmin bükümün içərisində tünd yaşıl rəngli, kəskin iyli və ilk baxışdan narkotik vasitə olan “marixuanaya” oxşar kütlə aşkar olunaraq götürülmüşdür. Götürülmüş “marixuanaya” oxşar kütlə tərəflərindən elektron tərəzidə çəkilmiş, narkotik vasitəyə oxşar kütlənin ümumi çəkisi 8,06 (səkkiz tam yüzdə altı) qram olmaqla zərfə qoyulub qablaşdırılmış və zərfin üzəri Azərbaycan Respublikası DİN-in 120 saylı möhrü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Kütlənin narkotik vasitə olub-olmaması və dəqiq çəkisi barədə rəy alınması məqsədi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X3 bölməsinə göndərilməsi üçün qablaşdırılmışdır. Təqsirləndirilən şəxs onun üstündən aşkar olunan 5 ədəd ağ kağıza bükülmüş bükülmüş bükümün içərisində olan, tünd yaşıl rəngli, kəskin iyli və ilk baxışdan narkotik vasitə olan “marixuanaya” oxşar kütlənin narkotik vasitə olduğunu və təxminən 7-8 gün Bakı şəhərində Nəsimi bazarı adlanan yerdə tanımadığı şəxsədən 40 manata aldığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq onun yaşadığı evdə özünə məxsus narkotik vasitə olan marixuana olduğunu bildirmişdir. İş materiallarında olan 04 iyul 2021-ci il tarixli “Baxış və götürmə haqqında” protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs yaşadığı Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 16-cı küçədə yerləşən fərdi yaşayış evinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evində 3 otaq, evə daxil olanda sol tərəfdə yataq otağı və digər otaqlar vardır. Baxış zamanı Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evinin yataq otağında asılqanda olan ona məxsus qəhvəyi rəngli gödəkcənin sağ yan cibindən ağ kağızlara bükülmüş beş ədəd büküm aşkar olunaraq götürülmüşdür. Həmin bükümün içərisində tünd yaşıl rəngli, kəskin iyli və ilk baxışdan narkotik vasitə olan "marixuanaya" oxşar kütlə aşkar olunaraq götürülmüşdür. Götürülmüş "marixuanaya" oxşar kütlə elektron tərəzidə çəkilmiş, narkotik vasitəyə oxşar kütlənin ümumi çəkisi 9.34 (doqquz tam yüzdə otuz dörd) qram olmaqla zərfə qoyulub qablaşdırılmış və zərfin üzəri Azərbaycan Respublikası DİN-nin 120 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar olunaraq götürülmüş 10 ədəd bükümdə narkotik vasitə olan marixuananı 7-8 gün əvvəl Bakı şəhərində Nəsimi bazarı adlanan yerdə tanımadığı şəxsdən 40 manata aldığını bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş 22.07.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. İş materiallarında olan Məhkəmə-bioloji ekspertizasının 05 iyul 2021-ci il tarixli 16/637 nömrəli rəyində görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş 05 (beş) ədəd kağız bükümlərdə olan marixuanaya bənzər kütlələr” yazı və imzalar olan kağız paketdəki 5 (beş) ədəd kağız bükümlərdə olan 5 (beş) ədəd kvadrat şəkilli kəsilmiş kibrit qutularında, ayrı-ayrılıqda təmiz çəkiləri 0.94 qram, 0,77 qram, 0,8 qram, 0,88 qram. 0,82 qram, ümumi təmiz çəkisi 4,21qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Həmçinin ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 05 (beş) ədəd içərisində marixuanaya bənzər olan kutlə bükümlər” yazı və imzalar olan kağız paketdəki, 4 (dörd) ədəd kağız bükümlərdə olan 4 (dörd) ədəd kvadrat şəkilli kəsilmiş kibrit qutularında və 1 (bir) ədəd kağız bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,85 qram, 0,78qram, 0,96 qram, 0,81 qram, 0,36 qram, ümumi təmiz çəkisi 3,76 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş marixuanalar xarici əlamətlərinə və tərkiblərinə gorə eynidirlər. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 13 sentyabr 2021-ci il tarixli, 1080 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata götürülməsi məsləhət görülür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində narkotik vasitə olan qurudulmuş marixuananı özünün şəxsi istifadəsi üçün əldə edib saxladığını və üzərində daşıdığını bildirsə də ibtidai istintaqdakı ifadəsində həmin narkotik vasitəni satış məqsədi ilə əldə edib saxladığını və müştəri olarsa satmaq üçün üzərində daşıdığını bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq qeyd edir ki, təqsirləndirilən şəxs üzərində və yaşadığı evdə aşkar edilmiş qurudulmuş marixuananın olduğu bükümlərin hər birini 3-4 dəfəyə istifadə etdiyini bildirmişdir. Beləliklə təqsirləndirilən şəxsin tutulduğu zaman üzərində olmuş beş büküm qurudulmuş marixuananı 15-20 dəfəyə istifadə edə biləcəyi məlum olur. Həmin miqdarda qurudulmuş marixuananı nəyə görə üzərində gəzdirməsini isə təqsirləndirilən şəxs ağlabatan şəkildə izah edə bilməmiş, naməlum dostlarına təmənnasız verə biləcəyini göstərmişdir. Digər tərəfdən isə təqsirləndirilən şəxs narkotik vasitəni ucuz tapdığı üçün çox miqdarda aldığını bildirmişdir. Bu baxımdan təqsirləndirilən şəxsin narkotik vasitəni təmənnasız vermək üçün dostlar axtarması barədə ifadəsi qeyrisəmimi olmaqla inandırıcılıqdan uzaqdır. Buna görə də məhkəmə, təqsirləndirilən şəxsin ibtidai istintaqda verdiyi, narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlaması və daşıması ilə bağlı ifadəsini daha inandırıcı və mötəbər hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini təqsirli olaraq törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı cinayət məsuliyyətini aradan qaldıran hallar, habelə cəzadan azad edilmə üçün əsaslar müəyyən edilməmişdir. Buna görə də Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası hüdudlarında cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi ədalətli və qanunauyğundur. Qeyd etmək lazımdır ki, Cinayət Məcəlləsində cəza təyin etmənin ümumi əsaslarının təsbit olunduğu 58-ci maddə Təqsirləndirilən şəxs CM-in 62-ci maddəsinə uyğun olaraq təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasından daha yüngül cəza növünün təyin olunmasına, yaxud onun azadlıqdan məhrumetməyə şərti məhkum olunmasına imkan vermir. Məhkəməni bu qənaətə gəlməyə təqsirləndirilən şəxsin əməlinin ictimai təhlükəlilik dərəcəsi, yəni onun qanunsuz olaraq əldə edib saxladığı narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlaması istiqamətləndirir. Bu səbəbdən də, məhkəmə belə qənaətə gəlir ki, ona yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilə bilər və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə uyğun olaraq, o, həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Lakin məhkəmə təqsirləndirilən şəxsin əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməsi və ilk dəfə cinayət törətməsinə qiymət verərək bu qərara gəlir ki, təyin edəcəyi azadlıqdan məhrumetmə cəzasının müddətini maddənin sanksiyası hüdudlarında, nisbətən aşağı həddə müəyyən etsin. Təqsirləndirilən şəxs 04 iyul 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 06 iyul 2021-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə azad edilmişdir. Təqsirləndirilən şəxs istintaqdan qaçıb gizləndiyi üçün onun barəsində 31 iyul 2021-ci il tarixdə axtarış elan edilmiş və tutulması barədə qərar qəbul edilmişdir. Təqsirləndirilən şəxs 24.08.2021-ci il tarixdə tutulmuş, 26.08.2021-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək azad edilmişdir. Təqsirləndirilən şəxs məhkəmədən qaçıb gizləndiyi üçün məhkəmənin 16 dekabr 2021-ci il tarixli qərarı ilə onun barəsində axtarış elan edilmiş və barəsində seçilmiş qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilmişdir. 08.03.2022-ci il tarixdə təqsirləndirilən şəxs tutularaq həbsə alınmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə həbsdə olduğu (tutulduğu) dörd gün müddət bir günə bir gün hesabı ilə nəzərə alınmaqla ona təyin ediləcək azadlıqdan məhrumetmə cəzasından çıxılmalı, məhkəmə vaxtı həbsdə saxlanıldığı müddət isə cəza müddətinə daxil edilməklə cəzasının əvvəli 08 mart 2022-ci il tarixdən hesablanmalıdır. Eyni zamanda hökmün icrasını təmin etmək məqsədilə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkməsi ilə bağlı ekspert rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli, habelə Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. İş üzrə maddi sübutlar – Gəncə şəhər Baş Polis İdarəsində məsul saxlanca verilmiş, tədqiqata sərf edildikdən sonra təmiz çəkisi 7,97 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş materiallarında olan 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 30,40 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən ibtidai istintaq dövründə həbsdə olduğu (tutulduğu) 04 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq Təqsirləndirilən şəxs üzərində qəti olaraq 03 (üç) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı 08 mart 2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1 və 93-1-ci maddələrinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübutlar – Gəncə şəhər BPİ-də məsul saxlanca verilmiş təmiz çəkisi 7,97 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci - ekspertiza tədqiqatının dəyəri olan 30,40 manat (otuz manat qırx qəpik) pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə münasibətdə isə surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə (təqsirləndirilən şəxs tərəfindən isə həmçinin həbsdə saxlama yerinin müdiriyyəti vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddətlər ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №1(043)-17/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-17/2022
07.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver