Məhkəmə qərarları › İş №1(043)-171/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №1(043)-171/2020

05.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(043)-171/2020 05.11.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, İbrahimov İsmət Mübariz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində DİMÜŞ-nin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1962-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Gəncə şəhər MKTİB-də xadiməçi işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan, Gəncə şəhəri, Cavadxan qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 10 radələrində xadiməçi kimi işlədiyi Gəncə şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin F.Əmirov parkında yerləşən məntəqəsində istirahət otağında olan zaman iş yoldaşı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı istirahət otağında olan çaydan altlığı kimi istifadə olunan dəmir parçası ilə Zərərçəkmiş şəxs gicgah nahiyəsinə qəsdən zərbə vuraraq ona, sol alın-gicgah nahiyəsinin yarası, sol dirsək nahiyəsinin qançırı yaraları ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa “Yüngül” zərər vurmaya aid bədən xəsarəti yetirmişdir Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, Gəncə şəhər MKTİB-də xadiməçi işləyir. İşlədiyi vaxtdan indiyə qədər Esmira ilə iş yoldaşıdır. Əvvəllər münasibətləri normal olmuş, lakin sonradan aralarında soyuqluq yaranmışdır. Aralarında olan münasibətin pisləşməsinə səbəb işlədikləri iş yerində müəyyən kiçik məsələlər olmuşdur. Sonuncu dəfə xx.xx.2020-ci il tarixdə saat təxminən 10 radələrində işlədiyi Gəncə şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat birliyinin F.Əmirov parkında yerləşən məntəqəsində istirahət otağında olan zaman onun Esmira ilə sözlü mübahisəsi yaranmış, sözlü mübahisə yaranmasına səbəb isə iş otaqlarında elektrik sobasının üstündə olan ona məxsus çaydanı Esmiranın kənara qoymasıolmuşdur. Bu vaxt o Esmiraya iradını bildirən zaman Esmira əlində olan stəkanda olan suyu onun üzərinə tökmüş və onun baş nahiyəsinə vurmuşdur. O, Esmiranın bu hərəkətinə əsəbləşsə də, ona heç bir xəsarət yetirməmişdir. Belə ki, çaydanın altlığı kimi istifadə olunan dəmir parçası Esmiranın öz əlində olmuşdur və o, bilməyərəkdən öz-özünə xəsarət yetirmişdir. Bu vaxt otaqda olan digər iş yoldaşları Ruhanə adlı şəxs onları ayırmağa başlamışdır. Onlar arasında baş verən mübahisə təxminən 2-3 dəqiqə davam etmişdir.Baş verən hadisəyə görə çox peşmandır. Hal-hazırda Zərərçəkmiş şəxs ilə barışmış, ona dəyən zərəri ödəmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Gəncə şəhərində yaşayır, Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyində xadiməçi işləyir. Qərənfil Nağdalıyeva ilə təxminən bir ildir iş yoldaşıdır. İş yerində Qərənfil Nağdalıyeva ilə aralarında tez-tez sözlü mübahisələr baş vermişdir. Sonuncu dəfə xx.xx.2020-ci il tarixdə təxminən saat 10 radələrində Gəncə şəhər MKTİB-nin F.Əmirov parkında yerləşən məntəqəsində istirahət otağında olan zaman çay içmək istədiyi vaxt Qərənfil ilə aralarında sözlü mübahisə yaranmışdır. Bu vaxt Qərənfil onu itələmiş və otaqda olan çaydanın altlığı kimi istifadə olunan dəmir parçası ilə onun baş nahiyəsinə vurmuşdur. O, başından qan axdığını görüb, qanı təmizləmək istəyən zaman Qərənfil onun saçından tutaraq yolmuşdur. O özünü müdafiə etmək üçün Qərənfili vurmuş, lakin hansı nahiyəsinə zərbə dəydiyini bilməmişdir. Onlar arasında mübahisəni görə iş yoldaşları Ruhanə adlı şəxs onları sakitləşdirmiş, o zərbələrin təsiri nəticəsində başında kəskin ağrılar hiss etmiş və Azərbaycan Respublikası DİN-nin 102 xidməti zəng mərkəzinə Qərənfil adlı şəxs tərəfindən döyülməsi barədə məlumat vermişdir. Polis idarəsinə ərizə ilə müraciət etmək üçün yaxınlaşan zaman özünü yaxşı hiss etmədiyinə görə X1 avtomobili ilə 3 saylı şəhər xəstəxanasına gətirilmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı hər hansı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid ifadəsində bildirdi ki, o, təxminən 6 ildir Gəncə şəhər MKTİB-də xadiməçi işləyir. İşlədiyi vaxtdan 2 ildir Esmira ilə iş yoldaşıdır. Onun Esmira ilə münasibətləri normaldır, lakin heç bir ədavətləri yoxdur. Lakin Esmira ilə Qərənfilin arasında iş yoldaşı kimi ədavət vardır. Aralarında ədavətin yaranmasına səbəb işlədikləri iş yerində müəyyən kiçik məsələlər olmuşdur. Sonuncu dəfə xx.xx.2020-ci il tarixdə işlədikləri Gəncə şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat birliyinin F.Əmirov parkında yerləşən məntəqəsində istirahət otağında olan zaman Qərənfilin Esmira ilə sözlü mübahisəsi yaranmışdır. Sözlü mübahisə yaranmasına səbəb isə iş otağında olan elektrik sobasının üstündə olan ona məxsus çaydanı Esmiranın kənara qoyması olmuşdur. Bu vaxt Qərənfil Esmiraya iradını bildirən zaman Esmira əlində olan stəkanla onun baş nahiyəsinə vurmuşdur. Qərənfil onun bu hərəkətinə əsəbləşərək sobanın üzərində olan altlıq kimi istifadə olunan dəmir parçası ilə onun baş nahiyəsinə vurmuşdur. Esmiranın alın nahiyəsindən qan axmağa başlamışdır. O, mübahisənin daha da böyüməməsi üçün onları ayırmağa başlamışdır. İş materiallarında olan Gəncə şəhər МТЕ və PA şöbəsinin xx xxxxxxxx 2020-ci il tarixli, 1504 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər- sol alın-gicgah nahiyəsinin yarası, sol dirsək nahiyəsinin qançırı yaraları – bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir və əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2020-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa "yüngül" zərər vurmaya aid edilir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 351-499 N-3220 saylı xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə qarşılıqlı surətdə barışmış, ona dəymiş zərər tam ödənilmişdir. Odur ki ona qarşı heç bir şikayəti və tələbi yoxdur və onun barəsində olan işə xitam verilməsini xahiş edir. Təqsirləndirilən şəxs məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, o, Zərərçəkmiş şəxs ilə barışmışdır. Zərər çəkmiş şəxsə dəymiş maddi və mənəvi zərəri ödəmişdir. Ona görə də, onun barəsində olan iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə, iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi özünün qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üzrə keçirilmiş ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs ifadəsində zərər çəkmiş şəxsə çaydanın altlığı kimi istifadə olunan dəmir parçası ilə xəsarət yetirmədiyini, həmin dəmir parçasının Esmiranın öz əlində olduğunu və onun bilməyərəkdən öz-özünə xəsarət yetirdiyini bildirsə də, məhkəmə onun bu ifadəsinə tənqidi yanaşır və inandırıcı hesab etmir. Belə ki, təqsirləndirilən şəxsin bu ifadəsi özünün ibtidai araşdırma zamanı verdiyi izahatı, eləcə də məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlarla, yəni zərərçəkmiş və şahidin ifadələri, ekspertiza rəyi, eləcə də cinayət işi materiallarına əlavə edilmiş digər sənədlərlə tam təkzib edilir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tətbiq olunmasını istisna edən hal müəyyən etməmişdir. Belə ki, iş materiallarından görünür ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmış, ona vurulmuş zərər təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Buna görə də, zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsdən hər hansı şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası CM-in 72-ci maddəsinin qeydinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini ilk dəfə törətmiş, əvvəllər həmin əmələ görə cinayət məsuliyyətindən azad olunmamışdır. Azərbaycan Respublikasının CPM-in 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanı ödəyərək onunla barışması nəzərə alınmalı və təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilməlidir. İş üzrə maddi subut və mülki iddia yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin321.2.1, 346, 347 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara alır: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icrааtа xitаm verilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar