Məhkəmə qərarları › İş №1(043)-172/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-172/2021

17.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-172/2021 17.11.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçi-Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, 17.11.2021-ci il tarixdə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan , ünvan 1 ünvanında qeydiyyatda olmaqla Gəncə şəhəri Cavadxan qəsəbəsində yaşayan, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Məhkəmə istintaqında müəyən edildi ki, Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən şəxsi istehlak miqdarından artıq, yəni təmiz çəkisi 480 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 21 aprel 2021-ci il tarixdə saat 22 radələrində Gəncə şəhər Kəpəz RPB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Gəncə şəhəri, Cavadxan qəsəbəsi ərazisində saxlanılıb ünvan 3 ünvanda yerləşən Kəpəz RPB-nə gətirilmiş və şəxsi axtarış zamanı əlində olan yük torbasının içərisindən qara rəngli polietilen torbada təmiz çəkisi 480 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-CM) 234.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin «sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsi»ndən bəhs edən 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır.Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından məhkəmə istintaqında şahid qismində dindirilmiş şəxslərin ifadələrini, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün subut növləri kimi qəbul edir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir, ustalıq fəaliyyəti ilə məşğuldur. O, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. 21 aprel 2021-ci il tarixdə, saat 22 radələrində işdən çıxıb Cavadxan qəsəbəsində yaşadığı evinə gedərkən əlindəki yük torbasının içərisində iş paltarları və ləvazimatları, həmçinin narkotik vasitə olan qurudulmuş marixuana olmuşdur. O, Cavadxan qəsəbəsinin içərisində olarkən iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini təqdim edib ona polis əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra ona narkotik vasitə istifadə etməkdə, üzərində saxlamaqda şübhəli olduğunu bildirib onu polis bölməsinə dəvət etmişlər. Polis bölməsində vəkilinin iştirakı ilə üzərinə və əlində olan yük torbasına baxış keçirilən zamanı torbanın içərisindən iş paltarları və ləvazimatları, həmçinin qara sellofan torbada narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. Polis əməkdaşları tərəfindən qara polietilen torbada olan kütləyə baxış keçirilmiş, elektron tərəzidə çəkilmiş və sellofanla birlikdə çəkisi 490 qram gəlmişdir. Narkotik vasitədən istifadə etdiyi üçün həmin narkotik vasitəni 2020-ci ilin dekabr ayında Gədəbəy rayonu, Saratovka kəndində yabanı halda bitmiş çətənə kollarından yığaraq həmin yerdə qurudub şəxsi istfadəsi üçün yaşadığı evdə gizlədib saxlamışdır. O, narkotik vasitəni özü istifadə etmək üçün əldə edərək üzərində saxlamışdır. Əməlindən peşman olduğunu göstərərək yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, o, Gəncə şəhər Kəpəz Rayon Polis Bölməsinin əməliyyat müvəkkili işləyir. Tərqsirləndirilən şəxsi hadisə ilə əlaqədar tanımışdır. 21 aprel 2021-ci il tarixdə Gəncə şəhər Adil İsgəndərov küçəsi ev 87-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsi, mütəmadi olaraq narkotik vasitələr əldə edib üzərində gəzdirməsi, saxlaması barədə daxil olmuş əməliyyat məlumatı barədə raportla rəhbərliyə məlumat verdikdən sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul etmiş, Bölmənin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə keçirtdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 21:50 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhəri Cavadxan qəsəbəsində müəyyən edib əməliyyat müşahidəsinə götürmüşlər. Onlar Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər, qanunsuz olaraq narkotik vasitə əldə edib üstündə saxlamaqda şübhəli olduğunu bildirib üzərinə baxış keçirtmək məqsədi ilə sonuncunu Kəpəz Rayon Polis Bölməsinin inzibati binasına aparmışlar. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi məqsədilə müvafiq sənədləşmə aparılması Kəpəz Rayon Polis İdarəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis mayoru Nəsimi Vəliyevə tapşırılmışdır. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməzdən əvvəl hüquqlarını müdafiə etmək məqsədilə müdafiəçi qismində Müdafiəçi adlı müdafiəçi Polis İdarəsinə dəvət olunub Təqsirləndirilən şəxs təqdim edilmiş, Təqsirləndirilən şəxs hüquq vəzifələri izah olunduqdan sonra sonuncu hüquq vəzifələrinin aydın izah edildiyini və hüquqlarının müdafiə olunması məqsədilə təqdim olunmuş Yusif adlı vəkilə etirazı olmadığını bildirmişdir. Bundan sonra videoçəkiliş vasitəsilə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zamanı sonuncunun əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd içərisində siqaret dənələri olan «Vincester» markalı siqaret qutusu və bir ədəd ağ rəngli alışqan aşkar olunub götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs əlindəki sellofan torbanın kimə məxsus olması, torbanın içərisində nə olması soruşulanda sonuncu torbanın özünə məxsus olmasını, içərisində şəxsi əşyaları və narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. Bundan sonra müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə həmin torbanın içərisinə baxış keçirilən zamanı oradan geyim paltarları, usta alətləri və qara rəngli sellofana bükülmüş kütlə aşkar olunub götürülmüşdür. Təqsirləndirilən şəxs əlindəki sellofan torbadan aşkar olunmuş qara rəngli sellofana bükülmüş kütlənin özünə məxsus olduğunu bildirmişdir.Selofana baxış keçirilərkən tünd yaşıl rəngli, qurudulmuş “marixuanaya” bənzər kütlə aşkar olunmuşdur.Həmin kütlə müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə tərəzi vasitəsilə çəkilərək çəkisi 490 qram müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs əlindəki selofan torbanın içərisindən aşkar edilən kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitəni saxlanıldığı gündən iki ay əvvəl Gədəbəy rayonu, Saratovka kəndi deyilən ərazidə sahədən yabanı halda bitən kollardan yığdığını, özü istifadə etmək üçün əldə etdiyini bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəməyədək icraat zamanı aparılmış və cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Gəncə regional bölməsinin 22.04.2021-ci il tarixli 16/368 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs aşkar edilmiş kütlə,...” sözlər və imzalar olan açıq-qəhvəyi rəngli kağız paketdəki qara rəngli polietilen torbada təmiz çəkisi 480 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan – qurudulmuş marixuanadır. (i.v.38-40) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-in 13.07.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 26.11.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 221.3, 126.2.1, 126.2.3, 126.2.4-cü maddələri ilə təqsirli bilinib CM-in 66.3, 76.6.3, 67.1-ci madələrinə əsasən 12 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Xətai Rayon Məhkəməsinin 29.11.2018-ci il tarixli qərarı ilə 816 VQD saylı 20.10.2017-ci il tarixli qanunun tətbiqi ilə 11 il 05 ay azadlıqdan məhrumetmə cəzası təyin edilmiş və 07.12.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. (i.v.səh.94 -96) Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 26.11.2007-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3, 126.2.1, 126.2.3, 126.2.4-cü maddələri ilə təqsirli bilinib CM-in 66.3, 76.6.3, 67.1-ci madələrinə əsasən 12 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 29.11.2018-ci il tarixli 7(011)-1002/2018 qərarından görünür ki, 20.10.2017-ci il tarixli 816 VQD saylı qanunun tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs təyin olunmuş cəza azaldılaraq 11 il 05 ay azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Gəncə şəhəri Narkoloji Dispnserin 27.05.2021-ci il tarixli 807 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. (i.v.87) Şübhəli şəxs qismində tutulma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21.04.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v.səh.25) Qətimkan tədbirinin seçilməsi haqqında 23.04.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və MYS-dən azad olunmuşdur. (i.v.səh.60-63) Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən şəxsi istehlak miqdarından artıq yəni, təmiz çəkisi 480 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 21 aprel 2021-ci il tarixdə saat 22 radələrində Gəncə şəhər Kəpəz RPB-in əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Gəncə şəhəri, Cavadxan qəsəbəsi ərazisində saxlanılıb ünvan 3 ünvanda yerləşən Kəpəz RPB-nə gətirilmiş və şəxsi axtarış zamanı əlində olan torbanın içərisindən qara rəngli polietilen torbada təmiz çəkisi 480 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır cinayət olmaqla narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olan cinayətdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən olunmadı. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirli bilindiyi cinayət əməlinə görə qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən, törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Qəsdən cinayət törətməsinə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs məhkumluğunu nəzərə alaraq, cinayətin residivini Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əmlindən səmimi peşman olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün yarısından az ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü bəndinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının aşağıdakı izah və tələblərini də nəzərə alır. Belə ki, həmin qərarın 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Göstərilən qərarın 2-ci bəndində isə izah edilir ki, cəzaların tətbiq edilməsi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub olmaması, ( məsələn sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və.s) kimi hallara da diqqət yetirilməlidir. Ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyini ilə bağlı məsələni müzakirə edib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsində nəzərdə tutulmuş əsaslarla təqsirli bilindiyi maddə üzrə ona cəza növü kimi azadlıqdan məhrum etmə cəzasının tətbiqini zəruri sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu iki gün nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası CM-in 56-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzasının əvvəli 17 noyabr 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə 32,40 (otuz iki manat 40 qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq ekspertiza mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlak yoxdur. İş üzrə maddi sübut olan Gəncə şəhəri Baş Polis idarəsinin saxlama anbarında saxlanca verilmiş narkotik vasitə olan 479,8 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, təqsirləndirilən şəxsin üzərinə baxış zamanı qeydə alınmış görüntüləri özündə əks etdirən 1 ədəd DVD disk cinayət işinin materialında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət azadlıqdan məhrum etmə cəzasının 02 (iki) gününə bərabər hesablanmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan mərhumetmə cəzası saxlanılsın. Cəzasının əvvəli 17 noyabr 2021-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə zalından həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olan və Gəncə şəhər Baş Polis İdarəsinin saxlama anbarında saxlanca verilmiş narkotik vasitə olan 479,8 qram qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut olan 01 ədəd DVD disk cinayət işinin materialında saxlanılsın. İş üzrə 32,40 (otuz iki manat 40 qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Büdcə təsnifatının kodu142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS), Dövlət xəzinadarlığı ağentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE********************, hesaba ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar