Məhkəmə qərarları › İş №1(043)-174/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-174/2021

07.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-174/2021 07.09.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X3 iclas katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun X2 üzrə İdarənin rayon (şəhər) məhkəmələrində X2 üzrə şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1983-cü ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Gəncə şəhəri, Məhrəsə bağı ev 4, mənzil 6-da qeydiyyatda olmaqla, ünvan 6-də yaşayan, barəsində “polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib daşıyaraq saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxt və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz ümumi çəkisi 395 qram narkotik vasitə olan marixuananı, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində daşıyarkən 30 aprel 2021-ci il tarixdə saat 19:00 radələrində Kəpəz RPB-nin əməkdaşları tərəfindən Gəncə şəhəri, Məhrəsə bağı, ev 4, mənzil 6-da qeydiyyatda olmaqla, Gəncə şəhəri, B.Əliyev küçəsi, ev 43-də yaşayan Təqsirləndirilən şəxs Gəncə şəhəri, Qırmızı kənd qəsəbəsi ərazisində saxlanılaraq Gəncə şəhər N.Nərimanov prospekti 179 ünvanında yerləşən Kəpəz RPİ-nə PB-nə gətirilmiş və şəxsi axtarış keçirilən zaman sarı rəngli idman çantasının içərisindən şəffaf rəngli sellofana bükülmüş içərisində təmiz çəkisi 395 (üç yüz doxsan beş) qram maddə, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Gəncə şəhərində yaşamaqla, rəsmi olaraq heç bir yerdə işləmir. Əvvəllər oğurluq etdiyinə görə məhkum olunmuşdur. Təxminən 10 il olar ki, narkotik vasitə marixuanadan istifadə edir. Belə ki, o narkotik vasitə marixuananı mütəmadi olaraq siqaret kağızına doldurub çəkmişdir. 2020-ci ilin sentyabr ayının əvvəllərində o, Gədəbəy rayonuna gedən zaman yolun kənarında çətənə kollarının olduğunu görmüşdür. Əvvəllər narkotik vasitə olan marixuanadan istifadə etdiyinə görə o həmin bitkini tanımış və yığaraq öz istifadəsi üçün qurudub saxlamışdır. 30 aprel 2021-ci il tarixdə saat təxminən 19 radələrində Gəncə şəhəri Qırmızı kənd qəsəbəsi adlanan yerə iş yerinə baxmaq üçün gedən zaman, iş yerində qalacağını əvvəlcədən bildiyinə görə qurutduğu narkotik vasitə olan marixuananı da özü ilə götürmüşdür. O həmin narkotik vasitə çox olduğuna görə onu idman çantasının içərisinə qoymuşdur. O, Gəncə şəhər Qırmızıkənd qəsəbəsi adlanan yerdə işləyəcəyi ünvana çatan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşmış və onlar xidməti vəsiqələrini ona göstərib, özlərini Kəpəz rayon Polis Bölməsinin əməkdaşları kimi təqdim etmişlər. Sonra polis əməkdaşları ona birlikdə polis bölməsinə gedəcəyini bildirmişlər. O da bu barədə polis əməkdaşlarına heç bir etiraz etməmişdir. Sonra polis əməkdaşları xidməti avtomobilləri ilə onu özləri ilə birlikdə Kəpəz rayon Polis Bölməsinə aparmışlar. Hüquqlarının müdafiəsi üçün müdafiəçi dəvət edildikdən sonra müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış aparmışlar. Şəxsi axtarış zamanı üzərində gəzdirdiyi sarı rəngli idman çantasına baxış keçirilmiş və içərisindən 1 ədəd ağ rəngli idman şalvarı, 1 ədəd sarı rəngli köynək, 1 cüt idman ayaqqabısı və şəffaf rəngli sellofana bükülmüş içərisində narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüş, marixuana elektron tərəzidə çəkilmiş və həmin sellofan torba ilə birlikdə qablaşdırılaraq möhürlənmişdir. Məhkəmədən hazırda əməlindən səmimi peşman olmasını nəzərə alaraq, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Gəncə şəhər BPİ-nin Kəpəz RPİ-in PB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 30.04.2021-ci il tarixdə Gəncə şəhəri, B.Əliyev küçəsi, ev 43-də yaşayan xx.xx.1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə gəzdirməsi və narkotik vasitə qəbul etməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında onun və Gəncə şəhər Kəpəz RPİ-nin PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 iştirakı ilə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 30.04.2021-ci il tarixdə saat 19:00 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhəri, Qırmızı Kənd qəsəbəsi ərazisində saxlanılaraq Gəncə şəhəri, N.Nərimanov prospekti 271 ünvanında yerləşən Gəncə şəhər Kəpəz RPİ-nin PB-nə gətirilmişdir. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməsi və narkotik vasitələri qəbul etməsi ilə əlaqədar şübhəli şəxs qismində saxlanılması barədə məlumat verilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən dövlət hesabına müdafiəçi ilə təmin olunmaq hüququ izah edilmişdir. Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmişdir. Ona vəkillərin siyahısı təqdim edilmiş və Təqsirləndirilən şəxs vəkillərin siyahısından Müdafiəçi hüquqlarının müdafiəsi üçün vəkil olaraq seçmişdir. Bundan sonra Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi ilə təmin olunmuşdur. Kəpəz rayon polis idarəsinin Polis Bölməsinin inzibati binasında yerləşən xidməti otaqda onun üzərinə müdafiəçisinin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində gəzdirdiyi sarı rəngli idman çantasının içərisindən 1 ədəd ağ rəngli idman şalvarı, 1 ədəd sarı rəngli köynək, 1 cüt idman ayaqqabısı və şəffaf rəngli sellofana bükülmüş içərisində narkotik vasitə olan qurudulmuş “marixuanaya” oxşar kütlə aşkar olunmuş, bükülü açıldıqda içərisində kəskin iyli, ilk baxışdan narkotik vasitə olan “marixuana”ya bənzər kütlə olduğu müəyyən edilmişdir. Həmin narkotik vasitə marixuana şəffaf sellofanla birlikdə elektron tərəzidə çəkilmiş və kütlənin içərisində olduğu sellofanla birlikdə ümumi çəkisi 400 qram olmuşdur. Daha sonra isə narkotik vasitə marixuanaya bənzər kütlə kağız zərfdə qablaşdırılmış və zərfin ağzı Azərbaycan Respublikası DİN-nin 120 saylı möhürü ilə möhürlənmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs onun üzərindən aşkar olunub götürülmüş narkotik vasitə olan marixuananı Gədəbəy rayonuna gedən zaman yolun kənarından yığdığını, özü narkotik vasitə aludəçisi olduğuna görə şəxsi istifadəsi üçün saxladığını və satmaq fikrinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində gəzdirdiyi idman çantasında aşkar olunan digər əşyalar əhəmiyyət kəsb etmədiyinə görə onun özünə geri qaytarılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 Yahya oğlunun ifadəsində göstərilənləri bir daha təsdiq etməklə eyni məzmunlu ifadə verdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 30 aprel 2020-ci il tarixli “Şübhəli şəxsin tutulması” haqqında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsində şübhələnməyə əsas verən kifayət qədər sübutlar olduğu üçün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. 30 aprel 2020-ci il tarixli “baxış və götürmə aparılması” haqqından protokoldan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Gəncə şəhər Kəpəz RPB-də təhqiqatçı, polis mayoru Asəf Musayev, Gəncə şəhər Kəpəz RPB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Məmmədov Pərviz Pənah oğlunun, Gəncə şəhər Kəpəz RPB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 Yahya oğlunun, Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərində gəzdirdiyi sarı rəngli idman çantasının içərisindən 1 ədəd ağ rəngli idman şalvarı, 1 ədəd sarı rəngli köynək, 1 cüt idman ayaqqabısı və şəffaf rəngli sellofana bükülmüş içərisində narkotik vasitə olan qurudulmuş “marixuanaya” oxşar kütlə aşkar olundu, bükülü açıldıqda içərisində kəskin iyli, ilk baxışdan narkotik vasitə olan “marixuana”ya bənzər kütlə olduğu müəyyən edildi. Həmin narkotik vasitə mürixuana şəffaf sellofanla birlikdə elektron tərəzidə çəkildi və kütlənin içərisində olduğu sellofanla birlikdə ümumi çəkisi 400 qram oldu. Daha sonra isə narkotik vasitə marixuanaya bənzər kütlə kağız zərfdə qablaşdırıldı və zərfin ağzı Azərbaycan Respublikası DİN-nin 120 saylı möhürü ilə möhürləndi. Baxış zamanı Təqsirləndirilən şəxs onun üzərindən aşkar olunub götürülmüş narkotik vasitə olan marixuananı Gədəbəy rayonuna gedən zaman yolun kənarından tapdığını, özü narkotik vasitə aludəçisi olduğuna görə şəxsi istifadəsi üçün saxladığını və satmaq fikrinin olmadığını bildirdi. Təqsirləndirilən şəxs üzərində gəzdirdiyi idman çantasında aşkar olunan digər əşyalar əhəmiyyət kəsb etmədiyinə görə onun özünə geri qaytarıldı. Məhkəmə-kimyəvi ekspertizasının 01 may 2021-ci il tarixli 16/412 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərində olan sarı rəngli idman çantasından aşkar edilmiş narkotik vasitəyə oxşar marixuana...” sözlər və imzalar olan üzəri yapışqanlı lentlə sarınmış bir ədəd şəffaf rəngli polietilen torbada, təmiz çəkisi 395 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Qeyd: Marixuananın təmiz çəkisi – 395 qr, tədqiqata sərf edildi – 0,2 qr, qalıq – 394,8 qr. 02 may 2021-ci il tarixli, 163 nömrəli “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi və müvəqqəti saxlama yerindən azad edilməsi” haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” haqqında qətimkan tədbiri seçilmiş və saxlandığı Gəncə şəhər BPİ-nin MSY-dən azad edilmişdir. 02 may 2021-ci il tarixli, 162 nömrəli “Təqsirləndirilən şəxs qismində cəlb etməklə ittihamın elan edilməsi” haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona həmin maddə ilə ittiham elan edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdam Hərbi Məhkəməsinin 16.05.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 333.1-ci və 70-ci maddəsi ilə N ay intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmişdir. Bundan başqa Əliyev X4 Rayon Məhkəməsinin 18.04.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1ci və 177.2.2-ci maddələri ilə 3000 manat cərimə cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Probasiya Şöbəsinin 07 sentyabr 2021ci il tarixli, 117/16 saylı məktubundan görünür ki, Əliyev X4 Rayon Məhkəməsinin 18.04.2016-cı il tarixli, 1(066)-21/2016 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci və 177.2.2-ci maddələri ilə təsirli bilinərək təyin edilmiş 3000 manat cərimə cəzasından 1000 manatını 09.06.2016-cı il tarixdə ödəmiş, “28 may Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli Qərarının 1.8-ci bəndinə əsasən 2000 manat cərimə cəzasından azad edilmişdir. Məhkəmə-narkoloji ekspertizasının 22 may 2021-cu il tarixli 737 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən suiistifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş ekspert rəyləri, təqsirləndirilən şəxsin özünün və şahidlərin ifadələri, istintaq hərəkətinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana əldə etməsi, saxlaması və daşıması tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf edib, səmimi peşmançılıq hissi keçirməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasına alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növü kimi azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmin Məcəllənin 52-1.3.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək əlavə vəzifəsi müəyyən edə bilər. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs daimi yaşayış yeri olan ünvan 6 ünvanını axşam saat 20:00-dan səhər saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Gəncə şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə narkomaniyadan məcburi müalicə kursu keçmək vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Təqsirləndirilən şəxs 30 aprel 2021-ci il tarixdən 02 may 2021-ci il tarixədək bu iş üzrə qətimkan tədbiri qismində tutulduğu müddətin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün bərabər tutulmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti cəza saxlanılmalı, cəza çəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəza çəkdiyi müddət ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalı, müalicə müəssisəsində olduğu müddətdə müəssisənin yerləşdiyi yer Təqsirləndirilən şəxs yaşayış yeri hesab olunmalı, iş üzrə maddi sübut kimi tanınmış Gəncə şəhər Baş Polis İdarəsində xüsusi ayrılmış saxlanc yerində maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 394.8 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, cinayət işi üzrə maddi sübut əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinin video görüntülərinin qeydə alındığı 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri olan 32,40 manat pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il 6 (altı) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 30 aprel 2021-ci il tarixdən 02 may 2021-ci il tarixədək bu iş üzrə tutulduğu 2 (iki) günün bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günə bərabər hesablanmaqla təyin olunmuş cəzadan 4 (dörd) gün çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 6 ünvanını axşam saat 20:00-dan səhər saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Gəncə şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə narkomaniyadan məcburi müalicə kursu keçmək vəzifələri qoyulsun. Cəzanın icrası Gəncə şəhər Prоbаsiyа şöbəsinə həvalə olunsun və cəzаçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyаtа аlındığı аndаn hesаblаnsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. Müalicə müəssisəsində olduğu müddətdə müəssisənin yerləşdiyi yer Təqsirləndirilən şəxs yaşayış yeri hesab olunsun və həmin dövrdə cəzanın icrasına nəzarəti müalicə müəssisəsinin yerləşdiyi yer üzrə İcra və Probasiya şöbəsi həyata keçirsin. İş üzrə aparılmış ekspertiza təhqiqatlarının dəyəri 32,40 (otuz iki manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutulub X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış Gəncə şəhər Baş Polis İdarəsində xüsusi ayrılmış saxlanc yerində maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 394.8 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinin video görüntülərinin qeydə alındığı 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən bu müddət ərzində apelyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar