Məhkəmə qərarları › İş №1(043)-176/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-176/2021

28.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-176/2021 28.09.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X6 iclas katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun X4 üzrə İdarənin rayon (şəhər) məhkəmələrində X4 şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1985-ci ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi ticarətlə məşğul olan, məhkumluğu ödənilmiş, Ağdaş rayonu Ağdaş şəhəri Məhəmməd Fizuli küçəsi ev 21-də qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuananı şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 410 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin X10 Şöbəsinin əməkdaşları tərəfindən Ağdaş rayonu ərazisində keçirilmiş əməliyyat tədbirləri nəticəsində 27.04.2021ci il tarixdə, saat 11:50-də Ağdaş rayonu, Şıxlı kəndində yerləşən X16 yaxınlığında saxlanılıb Gəncə şəhəri, Atatürk prospekti 41 ünvanında yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinin X10 Şöbəsinin inzibati binasına gətirilərək həmin tarixdə, saat 14:10 dəqiqədən saat 14:22 dəqiqəyədək üzərində şəxsi axtarış aparılarkən əlində olan göy rəngli sellofan torbanın içərisindən təmiz çəkisi 410 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, Ağdaş rayonu, Ağdaş şəhəri, Məhəmməd Fizuli küçəsi, ev 21-də ailə üzvləri ilə birlikdə yaşayır və Ağdaş rayonunda restoran işlədir. “Nəşə” kimi tanıdığı narkotik vasitə olan qurudulmuş marixuanadan təxminən 2-3 ildir ki, istifadə edir. Əvvəllər Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. Narkotik vasitə olan marixuanadan siqaret kağızına doldurub çəkməklə istifadə edir. 2020-ci ilin sentyabr ayında yaşadığı yerin yaxınlığından axan Kür çayının kənarından yabanı halda bitmiş marixuana kolları görüb yarpaqlarından qopardıb özü istifadə etmək üçün toplamış və Ağdaş rayonu, Şıxlı kəndində yerləşən özünə məxsus restoranın yaxınlığında qurudub gizlətmişdir. Daha sonra həmin narkotik vasitədən az-az götürüb özü istifadə edirmiş. Həmin narkotik vasitəni gizlətdiyi yerin yaxınlığında artezian qazılması ilə bağlı yerini dəyişdirmək qərarına gəlmişdir. 27.04.2021-ci il tarixdə, saat 11 radələrində yerini dəyişmək məqsədi ilə həmin narkotik vasitəni götürüb özü ilə birlikdə yaşadığı evə tərəf gedirmiş. X16 yaxınlığında olan zaman üç nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq polis əməkdaşı olduqlarını bildirmiş və vəsiqələrini təqdim edib qanunsuz olaraq narkotik vasitə əldə etməkdə və saxlamaqda şübhəli olduğunu bildirib onu özləri ilə birlikdə polisin xidməti avtomobilinə əyləşdirməklə Gəncə şəhərinə gətirmişlər. Gəncə şəhərində polis şöbəsində onu dövlət hesabına müdafiəçi ilə təmin etmişlər. Sonra ona hüquqları izah edilmiş və videoçəkilişlə üzərində axtarış aparılacağı bildirilmişdir. Bundan sonra polis əməkdaşlarının və vəkilinin iştirakı ilə axtarış başlanmışdır. Həmin vaxt onun əlində sellofan torbada narkotik vasitə olan qurudulmuş marixuana olmuşdur. O, həmin torbanı polis əməkdaşlarına təqdim etmiş, torbanın içərisinə baxış keçirildikdə həmin narkotik vasitə aşkar olunaraq elektron tərəzidə çəkilmiş və çəkisi 410 qram təşkil etmişdir. Bundan sonra həmin kütlə qablaşdırılmış və möhürlənmişdir. Həmin narkotik vasitəni öz istifadəsi üçün əldə etmiş və saxlamışdır. Kiməsə narkotik vasitə satmamış, satmaq məqsədi də olmamışdır. Həmin narkotik vasitəni tək istifadə etmiş, heç kimin bundan xəbəri olmamışdır. Hazırda törətdiyi əməldən peşman olduğunu bildirib, barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə ona islah işləri cəzasının təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, DİN-in BNMİ-nin QBRŞ-nin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir, o, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə tədbirləri çərçivəsində Ağdaş rayon sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, saxlamaqda və daşımaqda şübhəli olması ilə bağlı daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə 27.04.2020-ci il tarixdə tərəfindən “əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə bağlı olaraq BNMİ-nin QBRŞ-nin rəis müavini, polis baş leytenantı Hacıbaba Ağayev, BNMİ-nin QBRŞ-nin operatoru, polis baş serjantı Şahid3 və BNMİ-nin QBRŞ-nin sürücü polis nəfəri, polis serjantı Şahid2 və onun iştirakı ilə Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirləri keçirməyə başlanılmışdır. Həmin tədbirlərin nəticəsi olaraq Təqsirləndirilən şəxs 27.04.2021-ci il tarixdə, saat 11-12 radələrində Ağdaş rayonu, Şıxlı kəndində yerləşən X16 yaxınlığında tərəflərindən saxlanılmışdır. Onlar Təqsirləndirilən şəxs özlərini təqdim edərək nə üçün saxlanıldığını, yəni şübhənin mahiyətini izah etmiş və Təqsirləndirilən şəxs təxirəsalınmadan özləri ilə birlikdə BNMİ-nin QBRŞ-nin inzibati binasına gətirmişlər. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu üçün müdafiəçi ilə təmin edilmiş və hüquqları izah edilərək bu barədə yazılı bildiriş təqdim edilmişdir. Bundan sonra isə yuxarıda adları qeyd edilən şəxslərin, eləcə də onun iştirakları ilə Təqsirləndirilən şəxs üzərində videoçəkiliş aparmaqla şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı ilk öncə Təqsirləndirilən şəxs əgər üzərində narkotik vasitə və ya qanunla qadağan edilmiş hər hansı bir predmet varsa çıxarıb təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs da sağ əlində saxladığı göy rəngli sellofan torbanı təqdim edərək torbanın içərisində narkotik vasitə olan qurudulmuş mairuxana, yəni “nəşə” olduğunu bildirmişdir. Həmin torba açılaraq içərisinə baxıldıqda içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. İlkin dindirmə zamanı Təqsirləndirilən şəxs, həmin kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, 2020-ci ilin sentyabr-oktyabr aylarında Ağdaş rayonunda Kür çayının sahilində yabanı halda bitmiş narkotik tərkibli bitkilərin üzərindən şəxsi istifadəsi üçün yığıb topladığını, sonra həmin kütləni gizlədib özü üçün ara-sıra istifadə etdiyini, sonuncu dəfə saxlanılarkən isə kütlənin yerini dəyişmək üçün gizlətdiyi yerdən çıxarıb özü ilə götürdüyünü bildirmişdir. Bundan sonra həmin kütlə elektron tərəzidə çəkilmiş və çəkisi 420 qram təşkil etmişdir. Bundan sonra həmin kütlə qablaşdırılaraq zərfin içərisinə qoyulmuş və üzəri möhürlənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-in BNMİ-nin QBRŞ-nin operatoru Şahid3 və həmin Şöbənin sürücü polis nəfəri Şahid2 ifadələrində Şahid1 göstərdiyi xüsusatları təsdiq etdilər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” 27.04.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 13:45-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin X10 Şöbəsinin təhqiqatçısı, polis kapitanı X9 tərəfindən şübhəli şəxs qismində tutularaq saxlanılması üçün Gəncə şəhər BPİ-nin MSY-yə təhvil verilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 28 aprel 2021-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, Gəncə şəhər BPİ-nin MSY-dən azad edilmişdir. “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında” 15 may 2021ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X11 Bölməsinin 28.04.2021-ci il tarixli, 16/395 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “......... Təqsirləndirilən şəxs üzərindən götürülmüş .....” yazı və imzalar olan bir ədəd kağız paketdəki, 1 (bir) ədəd göy rəngli sellofan paketdə, təmiz çəkisi 410 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 09.06.2021-ci il tarixli, 680 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannobinoidlərdən istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 27 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası DİN-in BNMİ-nin QBRŞ-nin inzibati binasında video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs sağ əlində saxladığı göy rəngli sellofan torbanı təqdim edərək, torbanın içində olan kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirdi. Kütləyə baxış keçirildi, baxış zamanı kütlənin yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər olması müəyyən edildi. Sonra kütlə elektron tərəzidə çəkildi, Ümumi çəkisinin 420 qram olması müəyyən edildi. Sonra kütlə 01 ədəd paketdə qablaşdırıldı, möhürlənərək götürüldü. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildi. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan ağ rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd Palmall markalı siqaret aşkar edildi. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə, psixotrop maddə və qanunla gəzidirilməsi qadağan edilən digər əşya, predmet aşkar edilmədi. Onun üzərindən aşkar edilmiş siqaret özünə geri qaytarıldı. Şübhəli şəxs Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirdi ki, təxminən 2-3 ildir ki narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. Aşkar edilmiş narkotik vasitəni 2020-ci iiin sentyabr-oktyabr aylarında Ağdaş rayonu ərazisindən axan Kür çayının sahilindən yabanı halda bitmiş narkotik tərkibli bitkilərin üzərindən şəxsi istifadəsi üçün toplanmışdır. Kütləni özünə məxsus kafenin yaxınlığında gizlətmiş, sonra kütlənin hər hansı bir şəxs tərəfindən aşkar edilməməsindən ötrü onun yerini dəyişmək istəmişdir. Kütlə əlində olan zaman polis əməkdaşları onu saxlamışlar. Kütlənin üzərindən özü mütəmadi olaraq götürüb istifadə etmişdir. Kütləni hər hansı bir şəxsə satmamaq niyyəti olmamışdır. Bunula da, şəxsi axtarış və götürmə istintaq hərəkəti başa çatmışdır. “Baxış keçirilməsi haqqında” 17 iyun 2021-ci il tarixli protokoldan görünür ki, 27.04.2021-ci il tarixdə şəxsi axtarış keçirilməsinin video görüntüsü olan 1 ədəd DVD diskdəki müvafiq video görüntüyə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, diskin içərisində 11 dəqiqə 57 saniyəlik video görüntü var. Həmin görüntüdə çıxış edən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin X10 Şöbəsinin təhqiqatçısı, polis kapitanı X9, görüntüdə olan digər şəxslər isə həmin Şöbənin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1, həmin Şöbənin operatoru, polis baş serjantı Şahid3, həmin Şöbənin sürücü polis nəfəri, polis serjantı Şahid2, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X7, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxsdur. Eyni zamanda görüntüdən məlum olur ki, şübhəli şəxs Təqsirləndirilən şəxs sağ əlində içərisi dolu göy rəngli sellofan torba var. X1 şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməzdən əvvəl ona Azərbaycan Respublikası CM-in 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələrini izah edir, bu barədə ona yazılı bildiriş təqdim edir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və qanunla qadağan edilmiş hər hansı bir predmet olub-olmaması soruşulur və müsbət halda onu təqdim etməyi təklif edir. Şübhəli şəxs Təqsirləndirilən şəxs isə sağ əlində olan göy rəngli sellofan torbanı təqdim edərək içərisində “nəşə” kimi tanıdığı narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirir. Həmin torba açılarkən içərisində yaşıl rəngli, kəskin spesifik qoxuya malik narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilir.Həmin kütlə sellofan torba ilə birgə elektron tərəzidə çəkilir və çəkisi 420 qram təşkil edir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilsə də iş üçün əhəmiyyət kəsb edən hər hansı predmet aşkar olunmur. İlkin dindirmə zamanı verilən suallara cavab olaraq şübhəli şəxs Təqsirləndirilən şəxs həmin kütlənin “nəşə” kimi tanıdığı narkotik vasitə olan qurudulmuş marixuana olmasını, 2020-ci ilin sentyabr-oktyabr aylarında Ağdaş rayonunda Kür çayının sahilində şəxsi istifadə məqsədi ilə yabanı halda bitmiş çətənə kollarından yığıb topladığını, özünə məxsus olan restoranın yaxınlığında şəxsi istifadə məqsədi ilə saxladığını, yerini dəyişmək məqsədi ilə 27.04.2021-ci il tarixdə həmin kütləni özü ilə götürdüyünü və həmin vaxt saxlanıldığını, satmaq məqsədinin olmadığını, narkotik vasitədən 2-3 ildir istifadə etdiyini bildirir.Diskə baxış zamanı müəyyən edilir ki, həmin kütlə bir ədəd zərfə qoyularaq qablaşdırılır, möhürlənir və imzalarla təsdiq edilir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin 22.09.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 03.02.2010-cu il tarixdə əvvəlki Əzizbəyov, hazırki Xəzər Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş hissəsi azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, 14.05.2011-ci il tarixdə isə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Ağdaş şəhər İƏD üzrə nümayəndəliyinin 23 iyun 2021-ci il tarixli 1924 saylı arayışından və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Ağdaş şəhəri M.ünvan 2 ünvanında yaşayır, ailə tərkibi 2000-ci il təvəllüdlü X8, 2018-ci il təvəllüdlü X13 və 2019-cu il tarixli X3 ibarətdir. Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir ərizə daxil olmamışdır. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməli törətməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma -bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və onun ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilərək səmimi peşmançılıq hisslərini keçirməsini və himayəsində azyaşlı uşaqlarının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, əldə etdiyi qurudulmuş marixuananın miqdarının (410 qram) şəxsi istehlak miqdarından dəfələrlə çox olmasını, həmin halın cinayətin ictimai təhlükəliliyini artıran hal olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olmaq üçün kifayət deyildir. Cəzanın məqsədləri baxımından ona təqsirli bilindiyi maddə ilə nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi qanuni və ədalətlidir, cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırki iş üzrə cəza təyin edilməsinin məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 27.04.2021-ci il tarixdən 28.04.2021-cu il tarixədək tutulduğu 2 gün müddət bir günə bir gün hesabı ilə hesablanmaqla təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrumetmə cəzası saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində həbs qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalından dərhal həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və cəzasının əvvəli 28 sentyabr 2021-ci il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə aparılmış ekspertiza təhqiqatlarının dəyəri 30.40 (otuz manat qırx qəpik) manat pul vəsaiti, Təqsirləndirilən şəxs tutulub X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilməli, maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinin görüntülərinin qeydə alındığı bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, Gəncə şəhər Baş Polis İdarəsində xüsusi ayrılmış saxlanc yerində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 409.8 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Bunda əlavə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli, 2 saylı Qərarının 26-cı bəndindən görünür ki, narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər. İş materiallarına əlavə olunmuş Gəncə şəhəri Narkoloji Dispanserinin 09.06.2021-ci il tarixli, 680 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannobinoidlərdən istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsələhət görülür. Odur ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə hüquqi yardım göstərilməsinə görə 15 (on beş) saat vaxt sərf etdiyindən Müdafiəçi dövlət büdcəsinin hesabına 90 (doxsan) manat məbləğində pul Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Odur ki, məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 132, 197, 198, 344-349, 351-353, 356, 358, 381-385-cü maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq dövründə 27.04.2021-ci il tarixdən 28.04.2021-cu il tarixədək tutulduğu 2 gün müddət bir günə bir gün hesabı ilə hesablanmaqla Təqsirləndirilən şəxs təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə аzаdlıqdаn məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından dərhal həbs edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli 28 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 30.40 (otuz manat qırx qəpik) manat pul vəsaiti, Təqsirləndirilən şəxs tutulub, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE********************, hesaba ödənilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinin görüntülərinin qeydə alındığı bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Gəncə şəhər Baş Polis İdarəsində xüsusi ayrılmış saxlanc yerində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 409.8 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 90 (doxsan) manat məbləğində pul Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan, məhkum Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən bu müddət ərzində apelyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar