Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-180/2021 18.10.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X5, Zərərçəkmiş şəxs və vəkili X6, Təqsirləndirilən şəxs, müdafiəçi- Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, 18.10.2021-ci il tarixdə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, xx.xx.1983-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, müəyyən etdi: Məhkəmə istintaqında müəyyən edildi ki, Təqsirləndirilən şəxs 31 mart 2021-ci il tarixdə saat 21 radələrində yaşadığı ünvan 3 ünvanında arvadı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəmnində yaranmış mübahisə zamanı əli ilə sonuncunun sifət nahiyəsindən vuraraq yerə yıxmış, bundan sonra sonuncunun baş və bədən nahiyələrinə əl zərbələri, həmçinin əlinin içərisində olan açar ilə vuraraq Zərərçəkmiş şəxs sol gicgah-təpə və sol bazu nahiyələrinin yumşaq toxumalarının əzilməsi, hematoması, sol yanaq nahiyəsinin sıyrığı ilə müşayiət olunan sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına “Yüngül” zərər vurmuşdur. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128ci maddəsi ilə ittiham elan olunmuşdur. Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilmədi. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin «sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsi»ndən bəhs edən 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, şahid ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəyini və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından məhkəmə istintaqında dindirilmiş zərərçəkmiş şəxsin ifadələsini, şahid ifadələrini, ekspert rəyini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün subut növləri kimi qəbul edir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək göstərdi ki, Zərərçəkmiş şəxs ilə 2020-ci ilin avqust ayında ailə həyatı qurmuş və evləndikdən sonra anası və Şəbnəmlə birlikdə ona məxsus ünvan 4 ünvanında yaşamışlar. Onun Şəbnəmlə ilk evliliyi olsa da, Şəbnəmin onunla ikinci evliliyi olmuşdur. Şəbnəmin ilk evliliyindən olan oğlan övladına qaynanası baxmışdır. Maddi vəziyyətləri yaxşı olmadığı və işsiz olduğu üçün 26.03.2021-ci il tarixdə qaynatası Şahid2 taksi fəaliyyəti ilə məşğul olaraq ailəsini dolandırmaq üçün VAZ 2107 markalı avtomobil alaraq ona hədiyyə etmiş, bundan sonra isə həmin avtomobilin bir qədər təmirə ehtiyacı olduğu, onun isə maddi imkanı olmadığı üçün qaynı Xəyal dostunun avtomobil ehtiyat hissələri mağazası olduğunu, həmin mağazadan gedib lazım olan detalları götürüb avtomobili təmir etdirə biləcəyini ona bildirmişdir. Bundan sonra o, Xəyalın dediyi mağazadan avtomobilə lazım olan ehtiyat hissələrini götürərək avtomobili təmir etdirmişdir. 31.03.2021-ci il tarixdən o, «Maxim» taksi şirkətində taksi fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş, lakin maddi imkanı olmadığından hesaba pul qoya bilmədiyi üçün taksi olaraq işləməyə başlaya bilməmiş, həmin gün axşam saat 21 radələrində Şəbnəm və anası ilə birlikdə yaşadığı evə gəlmiş, evə çatdıqda Şəbnəm ondan taksi olaraq işə başlayıb-başlamadığını soruşmuş, o, sonuncuya «Maxim» taksi şirkətində qeydiyyatdan keçdiyini, lakin balansa pul yükləyə bilmədiyi üçün işə başlaya bilmədiyini və sabahdan etibarən hesaba pul qoyub işə başlayacağını bildirmişdir. Həmin vaxt Şəbnəm atasının ona avtomobili taksi fəaliyyəti ilə məşğul olmaq üçün aldığını və gündəlik gördüyü iş barəsində atasına məlumat verməli olduğunu ona bildirmişdir. Bundan sonra Şəbnəmlə onun arasında sözlə mübahisə yaranmış, o, Şəbnəmə atasının aldığı avtomobilə ehtiyacının olmadığını və həmin avotmobili geri qaytarmaq istədiyini bildirmişdir. Lakin Şəbnəmin qardaşı Xəyal avtomobili qəbul etməmişdir. Şəbnəm ona və ailəsinə hörmətsizlik etmişdir. Şəbnəmlə aralarında mübahisə olsa da o, Şəbnəmi vurmamışdır. Çünki həmin ərəvdə o, açıq ürək əməliyyyatından təzə çıxmışdır. Onun sağlamlıq cəhətdən Şəbinəmi vurmağa imkanı olmamışdır. Barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2009-cu il tarixdə ilk dəfə ailə həyatı qurmuş, 2012-ci ildə isə ərindən boşanaraq ayrılmışdır. 2020-ci ilin avqust ayında isə ikinci dəfə Təqsirləndirilən şəxs ilə ailə həyatı quraraq sonuncuya məxsus ünvan 5 ünvanında yaşamışdır. O, Hüseynlə ailə həyatı qurduqdan sonra Hüseyn heç bir yerdə işləmədiyi və maddi vəziyyətləri yaxşı olmadığı üçün atası Şahid2 26.03.2021-ci il tarixdə 6300 manata Vaz 2107 markalı avtomobil alaraq Hüseynin taksi fəaliyyəti ilə məşğul olaraq ailəsini dolandırması üçün Hüseynin istifadəsinə vermişdir. Həmin vaxt Hüseyn onun qardaşı Xəyalın özünə bahalı maşın aldığı, nə üçün ona Vaz 2107 markalı avtomobil alıb verdiklərindən narazı qaldığı üçün Hüseynlə aralarında narazılıq yaranmışdır. Həmçinin Hüseyn avtomobil üçün bəzi ehtiyat hissələri lazım olduğundan onun qardaşı Xəyalın tanışının mağazasından ehtiyat hissələri götürərək avtomobilə xərcləmişdir. 31.03.2021-ci il tarixdə saat 21 radələrində Hüseynlə birlikdə yaşadıqları N.Nərimanov prospektində yerləşən evdə olarkən Hüseyn onun qardaşı Xəyalın özünə bahalı maşın aldığını, atası Allahverdinin nə üçün ona Vaz 2107 markalı avtomobil aldığını bildirərək onunla mübahisə etməyə başlamışdır. O, isə həmin vaxt Hüseynə atasına bu barədə heç nə deyə bilməyəcəyini, qardaşının özü pul qazanıb özünə bahalı avtomobil aldığını bildirmişdir. Hüseyn isə artıq Vaz 2107 markalı avtomobil alındığı gündən narazı olduğu üçün dahada əsəbləşib əli ilə onun üz nahiyəsinə vuraraq onu yerə yıxmış, yerə yıxdıqdan sonra əli ilə onun üz və bədən nahiyəsinə zərbələr endirmiş, Hüseyn ona əli ilə zərbələr endirərkən əlinin içərisində olan açar onun üz nahiyəsinə xəsarət yetirmişdir. Bundan sonra Hüseyn onun özündə olmadığını görüb ondan aralaşmışdır. O, isə bir qədər özünə gəlib atası Şahid2 zəng edib Hüseynin onu döyməsi barədə məlumat vermişdir. Bir qədər sonra atası Allahverdi anası Nilupərlə gəlib onu Sadıllı qəsəbəsində yaşadıqları evə aparmışdır. O, həmin gecəni orda qalmış, sabahı gün 01.04.2021-ci il tarixdə səhər saatlarında evə Təcili Tibbi yardım avtomobili çağırıb, 3 saylı TTYX-na, oradan isə Abbas Səhhət adına xəstəxanaya gedib orada təxminən 10 günə yaxın qalaraq müalicə almışdır. Hüseynlə aralarında olan mübahisə N.Nərimanov prospekti, döngə 10, ev 6 ünvanında Hüseynlə birgə yaşadıqları evdə təxminən 20-25 dəqiqə müddətə davam etmiş, həmin vaxt dava dalaş evdə olduğu üçün səs küyə kənar şəxslər toplaşmamış, Hüseynin onu vurduğu vaxt evdə Hüseynin anası Rəfiqə Hüseynova öz otağında olmuş, lakin onların yanına gəlməmiş, hadisənin başqa hər hansı şahidi olmamışdır. Hüseyn özünü müdafiə etmək üçün onu döymədiyini bildirir, həmin vaxt Hüseyn onu döydükdən sonra atası Allahverdi, anası Nilupər ilə birlikdə gəlib onu apararkən onun üzündə və bədənində olan xəsarətlərin şahidi olmuşlar, həmçinin həmin vaxt Hüseyn onun ata və anasına onu döydüyünü etiraf etmişdir. Təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, qızı Zərərçəkmiş şəxs ərindən boşandığı üçün 2020-ci ilin avqust ayında Təqsirləndirilən şəxs ilə ikinci dəfə ailə həyatı quraraq Hüseynin ünvan 6 ünvanında yerləşən evində yaşamağa başlamışdır. Bundan sonra Hüseyn heç bir yerdə işləmədiyi və maddi vəziyyətləri yaxşı olmadığı üçün onlar qızının ailəsinə mütəmadi olaraq maddi köməklik göstərmişlər. Həmçinin Hüseyn heç bir yerdə işləmədiyi üçün əri Şahid2 Hüseynin taksi fəaliyyəti ilə məşğul olması üçün 26.03.2021-ci il tarixdə 6300 manat qiymətinə VAZ 2107 markalı avtomobil alaraq Hüseynin istifadəsinə vermiş, lakin Şəbnəm Hüseyn ilə evləndikdən sonra Hüseyn mütəmadi olaraq Şəbnəmlə yaxşı dolanmamış, həmçinin Hüseynə VAZ 2107 markalı avtomobil alındıqdan sonra Hüseyn onun oğlanlarının bahalı maşın sürdüyünü, nə üçün ona VAZ 2107 markalı avtomobil alındığını əsas gətirib Şəbnəmlə mübahisə etmişdir. 31.03.2021-ci il tarixdə saat 21 radələrində Hüseyn Allahverdiyə zəng edərək Şəbnəmlə aralarında münaqişə olduğunu və Şəbnəmi gəlib götürüb aparmalarını bildirmişdir. Bundan sonra o, yoldaşı Allahverdi ilə birlikdə Hüseynin ünvan 4 ünvanında yerləşən evinə getmiş, həmin vaxt ora çatdıqda evdə Şəbnəm, Hüseyn və Hüseynin anası Rəfiqə olmuş və evdə Şəbnəmin huşunu itirmiş vəziyyətdə uzandığını görmüşlər. Onlar Şəbnəmdən və Hüseyndən nə baş verdiyini soruşduqda Şəbnəm Hüseynin mübahisə edərək əl zərbələri və əlindəki açarla onu vurduğunu bildirmişdir. Həmin vaxt onlar Şəbnəmin baş qol nahiyələrində göyərtilər, həmçinin üzündə qanamış sıyrıq xəsarətinin olduğunu tez-tez qusduğunu görüb Hüseynə qızlarını nə üçün bu hala salmasına dair ona iradlarını bildirmişlər. Şəbnəm tez-tez qusaraq başı gicəldiyi üçün onu dərhal atası Allahverdi ilə götürüb Sadıllı qəsəbəsində yaşadıqları evə aparmışlar. Həmin gün Şəbnəm onlarla qalmış, 01.04.2021-ci il tarixdə isə Şəbnəmin səhhətinin düzəlmədiyini görüb TTY avtomobili çağırıb sonuncunu TTY xəstəxanasına, oradan isə müalicə alması üçün Abbas Səhhət adına xəstəxanaya aparmışlar və Şəbnəm həmin xəstəxanada təxminən 10 gün müddətində qalaraq müalicə almışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunda ifadə verərək, əlavə olaraq göstərdi ki, Hüseyn ürək əməliyyatı olunarkən 3000 manat əməliyyat pulu onun tərəfindən ödənilmişdir. Hüseyn əməliyat olunub xəstəxanadan çıxdıqdan sonra sağlamlıq durumu tam normal vəziyyətdə olmuş və həmin ərəfələrdə avtomobili darə etmişdir. Təqsirləndirilən şəxs vəsatəti əsasında məhkəmə istintaqında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun bacısı oğludur. Belə ki, zərərçəkmiş şəxs Şəbnəm ilə Hüseyn evli olmuşlar. Bildiyi qədər evli olduqları müddətdə ciddi problemləri olmamışdır. Aralarında olan mübahisədən xəbəri olmamışdır. Belə ki, fevral ayı idi Hüseyn əməliyyat olunduqdan təxminən 15-20 gün sonra Şəbnəm və anası Nilupər onlara gələrək niyə elçi gəlməmişdən əvvəl Hüseyinin xəstə olduğunu onlara bildiməməsini ona irad tutmuşlar. Həmin vaxt Şəbnəm onlara gələndə onun üzündə hər hansı bir yara görməmişdir. Eşitdiyinə görə Hüseyn ürək əməliyyatından sonra 1 dəfə maşın sürmüş daha sonra Şəbnəmlə aralarında mübahisə yaranmış və maşını onun əlindən almışdırlar. İbtidai istintaq zamanı ifadə vermiş və məhkəmə istintaqında ifadəsi elan edilmiş Şahid3 fadəsində göstərmişdir ki, oğlu Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə 2020-ci ilin avqust ayında ailə həyatı qurmuş və onlar evləndikdən sonra onunla birlikdə ünvan 4 ünvanında yaşamışlar. Hüseyn heç bir yerdə işləmədiyi, həmçinin maddi vəziyyətləri yaxşı olmadığı üçün 26.03.2021-ci il tarixdə Şəbnəmin atası Şahid2 Hüseynə taksi fəaliyyəti ilə məşğul olaraq ailəsini dolandırmaq üçün VAZ 2107 markalı avtomobil alaraq hədiyyə etmişdir. 31.03.2021-ci il tarixdə saat 21 radələrində onlar evdə olarkən o, öz otağında uzanmış, Hüseynlə Şəbnəm isə digər otaqda olmuşlar. O, öz otağında istirahət edərkən Hüseynlə Şəbnəmin bir-biri ilə mübahisə etdiyini eşitmiş, lakin o, sonuncuların ailə daxili məsələsinə qarışmamaq və sonuncuların öz problemini özləri həll etməsi üçün otaqdan çıxmamışdır. Bir qədər sonra isə Şəbnəmin atası Şahid2 arvadı Nilupər ilə həmin ünvana gəlmiş, həmin vaxt o, Hüseyni qırağa çəkib nə üçün dalaşdıqlarını soruşduqda Hüseyn ona Şəbnəmin həmin avtomobili atası Allahverdinin aldığını və buna görə də gördüyü işlər barədə gündəlik olaraq Allahverdiyə məlumat verməsini bildirdiyini və bu səbəbdən aralarında narazılıq olduğunu ona demişdir. Bundan sonra isə Şahid2 qızı Şəbnəmi götürüb evdən çıxmış, həmin gündən etibarən isə Hüseyn və Şəbnəm ayrılmış və boşanmaq üçün məhkəməyə müraciət etmişlər. Hüseynlə Şəbnəm mübahisə edərək dalaşan zaman o, otaqda olmuş və otaqdan çıxmamış, otaqdan çıxdıqda isə Hüseyn Şəbnəmə heç bir xəsarət yetirmədiyini bildirmiş, həmçinin o, Şəbnəmin bədəni üzərində hər hansı xəsarət görməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş raportdan görünür ki, 01 aprel 2021-ci il tarixdə Gəncə şəhər 3 nömrəli TTY xəstəxanasından həkim Seyidov Kəpəz Rayon Polis İdarəsinin növbətçi hissəsinə məlumat verərək Gəncə şəhəri, Sadılı qəsəbəsi Həsənbəy Ağayev küçəsi, ev 117-də yaşayan Zərərçəkmiş şəxs sol üz nahiyyəsinin sıyrığı hər iki bazusunun əzniyi diz nahiyəsinin qançırı və beyin silkələnməsi xəsarəti ilə xəstəxanaya mürasiət etməsi göstərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə-Tibbi Ekspertiza və X4» X9 tərəfindən verilmiş 09.04.2021-ci il tarixli canlı şəxsin ekspertizası haqqında 480 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sol gicgah-təpə və sol bazu nahiyələrinin yumşaq toxumalarının əzilməsi, hematoması, sol yanaq nahiyəsinin sıyrığı-bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 31.03.2021-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. (i.v. səh.12-15) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 07.07.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. (i.v. səh.54) Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli «böyük ictimai təhlükə törətməyən» cinayət olmaqla həyat və sağlamlıq əleyhinə olan cinayətdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs 31 mart 2021-ci il tarixdə saat 21 radələrində yaşadığı ünvan 3 ünvanında arvadı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəmnində yaranmış mübahisə zamanı əli ilə sonuncunun sifət nahiyəsindən vuraraq yerə yıxmış, bundan sonra sonuncunun baş və bədən nahiyələrinə əl zərbələri, həmçinin əlinin içərisində olan açar ilə vuraraq Zərərçəkmiş şəxs sol gicgah-təpə və sol bazu nahiyələrinin yumşaq toxumalarının əzilməsi, hematoması, sol yanaq nahiyəsinin sıyrığı ilə müşayiət olunan sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına “Yüngül” zərər vurmuşdur. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Təqsirləndirilən şəxs ifadəsi iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadəsi, habelə işdə olan və məhkəmə iclasında tədqiq edilmiş ekspert rəyi və digər sənədlərlə təkzib olunduğundan təqsirləndirilən şəxsin ifadəsini məhkəmə işin hallarına uyğun olmayan hesab etmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən olunmadı. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilindiyi cinayət əməlinə görə qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmalıdır. Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmadı. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü bəndinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının aşağıdakı izah və tələblərini də nəzərə alır. Belə ki, həmin qərarın 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Göstərilən qərarın 2-ci bəndində isə izah edilir ki, cəzaların tətbiq edilməsi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub olmaması, ( məsələn sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və.s) kimi hallara da diqqət yetirilməlidir. Ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyini ilə bağlı məsələni müzakirə edib, təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən edilən azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını qanuni və ədalətli hesab edir. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək bir vəzifə olaraq qoyulmalı, onun davranışı üzərində nəzarət daimi yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə edilməlidir. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (mad.346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (mad.353.4.10) məsələlərdən biri də, məhkəmə məsrəflərinin (xərclərinin) ödənilməsi məsələsidir. İş üzrə məhkəmə istintaqı dövründə təqsirləndirilən şəxsə göstərdiyi 20 saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına 120 (bir yüz iyirmi) manat pul X3 ödənilməsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1və 99-1.1.2-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlak yoxdur. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutuaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhərinin ərazi hüdudlarını cəza çəkdiyi müddət ərzində tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Gəncə şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Məhkəmə istintaqı dövründə təqsirləndirilən şəxsə göstərdiyi 20 saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına 120 (bir yüz iyirmi) manat pul X3 ödənilməsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №1(043)-180/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-180/2021
18.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver