Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-189/2021 21.10.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – X2, Müdafiəçi – Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1998-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan, Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 14-cü küçədə fərdi yaşayış evində yaşayan, əvvəllər məhkum edilmiş və məhkumluğu ödənilməmiş, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X7 məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 1,318 qram təşkil edən psixotrop maddə olan metamfetamini əldə edib üzərində daşıyaraq saxlamış, 16 iyun 2021-ci il tarixdə saat 21:00 radələrində Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən “Elba” kolbasa sexinin yaxınlığında saxlanılaraq Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinə gətirilərək üzərinə baxış keçirilən zaman, əynində olan boz rəngli idman şalvarının sol yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxladığı bir ədəd falqa kağızına və ağ rəngli sellofana bükülmüş təmiz çəkisi 1,318 qram təşkil edən psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, X7 Azərbaycan Respublikası Cinayət Məcələsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs X7 ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, təxminən 1 ildir ki, narkotik vasitə istifadə edir, lakin satışı ilə məşğul olmur. Narkotik vasitəni daima Məhsəti qəsəbəsində ünvanını bilmədiyi evdə yaşayan tanımadığı şəxsdən alır. Sonuncu dəfə təxminən bir həftə əvvəl yenə də Məhsəti qəsəbəsində həmin şəxslə qarşılaşan zaman şəxsi istifadəsi üçün şüşə kimi tanıdığı metafetamin lazım olduğu üçün həmin şəxsə 70 manat pul ödəyərək metafetamin almışdır. Həmin narkotik vasitə falqa kağıza və sellofona bükülü olmuşdur. O, həmin narkotik vasitədən çox az miqdarda istifadə etmiş, yerdə qalan hissəsini isə evdə anası görər deyə gizlədə bilmədiyi üçün üzərində saxlamışdır. 16.06.2021-ci il tarixdə saat təxminən 21 radələrində Gəncə şəhər Ü.Hacıbəyov küçəsində yerləşən “Elba kolbasa sexinin qarşısı” adlanan ərazidə dostu Xəyalı gözləyən zaman bir neçə mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim etmiş və Kəpəz RPİ-nin əməkdaşları olduqlarını bildirmişlər. Daha sonra polis əməkdaşları ona narkotik vasitə əldə edib üzərində saxlamaqda şübhəli olduğunu bildirərək, onu Kəpəz RPİ-nə gətirmişlər. Kəpəz RPİ-də onun üzərinə baxış zamanı onun əynində olan boz rəngli idman şalvarının sol cibindən falqa kağızına və ağ rəngli sellofona bükülmüş formada olan şüşə kimi tanıdığı metafetamin aşkar olunaraq götürülmüşdür. Həmin kütlə tərəzidə çəkilmiş və 1.48 qram olduğu müəyyən edilmişdir. Sonda təqsirləndirilən şəxs törətdiyi əmələ görə çox peşman olduğunu bildirdi və onun barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, 16.06.2021-ci il tarixdə saat 21 radələrində X2 qanunsuz olaraq narkotik vasitə əldə etməsi, üzərində saxlaması, narkotik vasitələrin satışı ilə məşğul olması və Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən “Elba” kolbasa sexinin yaxınlığında olması barədə əməliyyat məlumatı daxil olduqdan sonra həmin məlumat əsasında Kəpəz RPİ-nin əməliyyat müvəkkili Şahid2 birlikdə həmin əraziyə getmiş və Cümşüd Həsənovun orada olduğunu görüb ona yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərdikdən ona qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlamaqda, narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli olduğunu bildirərək Kəpəz RPİ-nə dəvət etmişlər. Kəpəz RPİ-də müdafiəçisinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilmiş və axtarış zamanı Cümşüd Həsənovun əynində olan boz rəngli idman şalvarının sol yan cibindən 1 ədəd falqa kağızına və ağ rənglı sellofana bükülmüş halda ilk baxışda metafetaminə oxşar kütlə aşkar olunaraq götürülmüş, həmin maddə aptek tərizisində çəkilmiş və daha sonra qablaşdırılmışdır. Sual verilərkən Cümşüd Həsənov üzərindən aşkar edilən kütlənin metafetamin olduğunu və bir həftə əvvəl Gəncə şəhəri Məhsəti qəsəbəsində tanımadığı şəxsdən 70 manat ödəyərək öz şəxsi istifadəsi üçün aldığını, ondan az miqdarda istifadə edərək qalan hissəsini yenədə istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Onun psixotrop maddəni satış məqsədi ilə əldə etməsi barədə əməliyyat məlumatı sonradan öz təsdiqini tapmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 16.06.2021-ci il tarixli qərardan görünür ki, X2 narkotik vasitələri əldə edib, saxlaması və narkotik vasitələrin satışı ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında onun olduğu yer müəyyən olunaraq, tədbirin gedişindən asılı olaraq olduğu yerin müşahidəsinin aparılması, həmçinin üzərinə şəxsi axtarış keçirilməsi qərara alınmışdır. “Şəxsi axtarış və götürülmə aparılması haqqında” 16.06.2021-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, Gəncə şəhər Kəpəz RPİ-nin TB-nın təhqiqatçısı, polis kapitanı Şəmil Rzayev, Gəncə şəhər Kəpəz RPİ-nin CAŞ-nın əməliyyat müvəkkilləri Şahid1, Şahid2, müdafiəçi X8 iştirakı ilə şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs X4 bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Hüquq və vəzifələri izah edildikdən sonra Cümşüd Həsənovun üzərində şəxsi axtarış aparılmışdır. Axtarış zamanı Cümşüd Həsənovun əynində olan boz rəngli idman şalvarının sol yan cibindən 1 ədəd falqa kağızına və ağ rəngli sellofana bükülmüş halda ilk baxışdan narkotok vasitə olan metamfetaminə oxşar ketlə aşkar olunaraq götürülmüşdür. X2 üzərindən aşkar edilmiş 1 ədəd falqa kağızına və ağ rəngli sellofana bükülmüş halda ilk baxışdan narkotik vasitə olan metafetaminə oxşar maddə aptek tərəzisində çəkilmiş, ağ rəngli sellofan bükümündə 1.48 qram təşkil edən norkotik vasitə olan metafetaminə bənzər kütlə zərfə qablaşdırıldı və ağzı Azərbaycan Respublikası DİN-nin 120 saylı möhürü ilə möhürlənərək üzəri iştirkçılar tərəfindən imnzalanmışdır. Qablaşdırılmış maddələrin narkotik vasitə olub olmaması və dəqiq çəkisi baradə rəy alınması üçün Məhkəmə Ekspertizası Mərkəzinin Gəncə Regional bölməsinə göndərildi. Cümşüd Həsənov verilən suallara cavab olaraq bildirmişdir ki, onun üzərindən aşkar olunan narkotik vasitə şüşə kimi tanıdığı metafetamindir, həmin narkotik vasitəni təxminən 1 həftə əvvəl Gəncə şəhəri Məhsəti qəsəbəsində tanımadığı şəxsdən 70 manat dəyərək öz şəxsi istifadəsi üçün almış, ondan çox az miqdarda istifadə edərək qalan hissəsini yenədə istifadə etmək üçün üzərində saxlamış, həmin narkotik vasitəni satmaq fikri olmamış və üzərində olan narkotik vasitə şüşə kimi tanıdığı metafetaminlə birgə 16.06.2021-ci il tarixdə saat təxminən 21:00 radələrində Gəncə şəhər Ü.Hacıbəyov içəsində yerləşən “Elba kolbasa sexinin qarşısı” adlanan ərazidə Kəpəz RPİ-nin əməkdaşları tərəfindən yaxalanaraq Kəpəz RPİ-nə gətirilmişdir. Məhkəmə-kimyəvi ekspertizasının 17.06.2021-ci il tarixli, 16/571 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “X2 üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə olan metamfetamin” yazı və imzalar olan kağız paketdəki, bir ədəd qızılı rəngli kağız bükümdə olam 1 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi 1,318 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında 961-İİQ nömrəli Azərbaycan Respublikası Qanununda metamfetamin adlı psixotrop maddənin şəxsi istehlak miqdarından artıq miqdarının (təmiz halda qramlarla) yuxarı həddinin 0,15 qram, külli miqdarının isə 2 qram olması göstərilmişdir. Məhkəmə-narkoloji ekspertizasının 05.07.2021-ci il tarixli, 784 saylı rəyindən görünür ki, X7 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. 14.07.2021-ci il tarixli, 122-29769-1221 saylı əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş tədbirlər nəticəsində müəyyən edilmişdir ki, X7 üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetamini satış məqsədi ilə əldə edib saxlamış, lakin narkotik vasitə satdığı şəxslərin dairəsinin müəyyən edilməsi mümkün olmamışdır. “Şübhəli şəxsi tutma haqqında” 16.06.2021-ci il tarixli protokoldan, “Təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittiham elan edilməsi” və “Təqsirləndirilən şəx barəsində qətimkan tədbirinin seçilməsi onun MSY-dən azad edilməsi haqqında” 18.06.2021-ci il tarixli qərarlardan görünür ki, X7 16.06.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 18.06.2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək X10 azad edilmişdir. “Sübutların qiymətləndirilməsi və tövsif edilməsi haqqında” 23.08.2021-ci il tarixli qərardan görünür ki, X2 barəsində olan cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilmiş, Cümşüd Həsənovun üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetamin mənbəyinin müəyyən edilməsi məqsədilə material ayrılmışdır. Cümşüd Həsənovun üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq təmiz çəkisi 1,218 qram psoxotrop maddə olan metamfetamin xüsusiyyətlərinə və əlamətlərinı, mənşəyinə, aşkar edildiyi yerə və vaxta görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün, eləcə də onun üzərinə şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin əks olunduğu 1 ədəd DVD disk cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” 23.08.2021-ci il tarixli qərardan görünür ki, X7 Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yeni ittiham elan edilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış 29.07.2021-ci il tarixli tələbnamədən, Gəncə şəhər Probasiya Şöbəsinin 09.08.2021-ci il tarixli sorğuya cavab məktubundan, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 1(043)-72/2017 saylı 01.06.2017-ci il tarixli hökmündən və Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 7(043)- 126/2020 saylı 16.12.2020-ci il tarixli qərarından görünür ki, X7 əvvəllər Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 01.06.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.3 və 228.4-cü maddələri ilə təqsirli bilinərək, qazancından 20 faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 2 il müddətinə islah işləri cəzasına və 3000 manat cərimə cəzasına məhkum edilmiş, 05.11.2020-ci il tarixdə islah işləri cəzasını çəkib qurtarmış, Kəpəz Rayon Məhkəməsinin 16.12.2020-ci il tarixli qərarı ilə həmin məhkəmənin 01.06.2017-ci il tarixli hökmü ilə X5 təyin olunmuş 3000 manat cərimə növündə cəzanın çəkilməmiş qalan 1911 (bir min doqquz yüz on bir) manat hissəsi 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, 19.07.2021-ci il tarixdə isə həmin cəzanı çəkib qurtarmışdır. Azərbaycan Respublikası CM-in 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmadığından X2 əməli cinayətlərin residivini yaratmır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər rayonlararası ruhi-əsəb dispanserindən və Gəncə şəhər rayonlararası narkoloji dispanserindən alınmış arayışlardan görünür ki, X7 həmin dispanserlərdə qeydiyyatda yoxdur. Azərbaycan Respublikası CPM-in 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011- ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Bundan əlavə Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, Konvensiyanın 6-cı maddəsini tətbiq edərkən məhkəmələr hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunub-olunmadığını, pozuntunun xarakterini və təqsirli bilinən şəxsə tətbiq edilən cəzanın ağırlığını araşdırmalıdırlar. İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs X5 Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, şəxsi istehlak miqdarından artıq miqdarda, psixotrop maddə olan metamfetamini, satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamışdır. Lakin, məhkəmə qeyd edir ki, X2 üzərindən aşkar edilmiş psixotrop maddəni məhz “satış məqsədi ilə” əldə edib saxlamasını təsdiq edən heç bir mötəbər sübut cinayət işinin materiallarında mövcud deyildir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Cümşüd Həsənov həm üzərində şəxsi axtarış keçirilən zaman, həm də şübhəli və ya təqsirləndirilən şəxs kimi ifadələr verərkən onun üzərindən aşkar edilmiş psixotrop maddəni ilə heç kimə satmaq niyyətinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında da eyni məzmunlu ifadə vermişdir. Bundan başqa, cinayət işi üzrə şahid qismində dindirilmiş polis əməkdaşları Zülfüqar Heydərov və Şahid2 da həm ibtidai istintaq zamanı verdikləri ifadələrində, həm də məhkəmə istintaqı zamanı verdikləri ifadələrində Cümşüd Həsənovun üzərindən aşkar edilmiş psixotrop maddəni satmaq niyyətində olmadığını, onun bu maddəni satmaq niyyəti ilə əldə edib saxlaması barədə əməliyyat məlumatının öz təsdiqini tapmadığını bildirmişlər. Bundan başqa, cinayət işinin materiallarından görünür ki, Cümşüd Həsənov ilkin olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə ittiham elan edilmişdir. Sonradan onun əməli “Cinayət işinin tövsif edilməsi haqqında” 23.08.2021-ci il tarixli qərarla Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilərək, ona həmin maddə ilə ittiham elan edilmişdir. Lakin, qərarın məzmunundan görünür ki, müstəntiq onun əməlini CM-in 234.2-ci maddəsinə tövsif edərkən heç bir tutarlı əsaslandırma aparmamış, heç bir möbətər sübuta istinad etməmişdir. Belə ki, müstəntiq Cümşüd Həsənovun əməlini CM-in 234.2-ci maddəsinə tövsif edərkən onunüzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin şəxsi istehlak miqdarından dəfələrlə artıq olmasını və əməliyyat tapşırığına cavab məktubuna əsasən onun üzərindən aşkar edilmiş psixotrop maddəni satmaq niyyəti ilə əldə etdiyinə istinad etmişdir. Məhkəmə əvvəla qeyd edir ki, şəxsin üzərindən bir bükümdə şəxsi istehlak miqdarından dəfələrlə artıq miqdarda psixotrop maddənin aşkar edilməsi öz-özlüyündə onun həmin maddəni satış məqsədi ilə əldə etməsini deməyə əsas vermir. Digər tərəfdən məhkəmə qeyd edir ki, 14.07.2021-ci il tarixli əməliyyat tapşırığına cavab məktubunda X2 üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetamini satış məqsədi ilə əldə edib saxlaması göstərilsə də, həmin məktub Cümşüd Həsənova qarşı irəli sürülmüş ittiham üzrə sübut kimi qiymətləndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Məhkəmə qeyd edir ki, Cümşüd Həsənovun psixotrop maddəni satış məqsədi ilə əldə etməsinə dair əməliyyat materialı yalnız «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda, CPM-in tələblərinə uyğun məhkəməyə təqdim edildikdə və məhkəmə tərəfindən əməliyyat-tədbiri qanuni hesab edildikdə, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş material sübut kimi qəbul oluna bilərdi. Odur ki, Cümşüd Həsənovun satış məqsədi ilə qeyd edilən maddəni əldə edib saxladığına dair məlumatların «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunması, CPM-in tələblərinə uyğun təqdim edilməsi və yoxlanılması müəyyən olunmadığından, əməliyyat tapşırığına cavab məktubu sübut kimi nəzərə alına bilməz. Bütün bunlar onu deməyə əsas verir ki, Cümşüd Həsənovun əməlinin Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilməsi üçün heç bir hüquqi əsas olmadığı halda, müstəntiq əsassız olaraq onun əməlini tövsif etmiş və təqsirləndirilən şəxsə CM-in 234.2-ci maddəsi ilə ittiham elan etmişdir. Məhkəmə, iş üzrə mövcud sübutları qiymətləndirib, iş materiallarını təhlil edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, yəni onun psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə edib daşıyaraq saxlaması məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metemfetamini əldə edib üzərində daşıyaraq saxlaması tamamilə sübuta yetirilir. Ona görə də, onun əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilməlidir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, cinayət işinin materialları ilə müəyyən olunur ki, təqsirləndirilən şəxs Cümşüd Həsənov əvvəllər qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş (cərimə və işləri işləri), islah işləri cəzasını çəkib qurtarsa da, cərimə cəzasını tam çəkmədiyindən onun həmin cəzasının qalan hissəsi məhkəmənin qərarına əsasən 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmişdir. Cümşüd Həsənov hazırki cinayət işi üzrə ona isnad edilən əməli isə məhz azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi son dövrlərdə törətmişdir. Onun bu cəzanı çəkdiyi dövrdə qəsdən cinayət əməli törətməsi həmin cəzanın onun islah olunması üçün kifayət etmədiyini deməyə əsas verir. Belə olan vəziyyətdə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti nəzərə alınmaqla, barəsində yalnız azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Odur ki, məhkəmə hesab edir ki, X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası çərçivəsində ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə narkoloji ekspertizasının rəyinə əsasən X2 narkotik vasitələrdən istifadə etmə hallarının olması, narkomaniya xəstəliyindən əzab çəkməsi, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacının olması müəyyən edilmiş, bununla belə onun narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülmüşdür. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-in 93.1.2 və 93-1.2-ci maddələrinin tələblərinə uyğun olaraq Cümşüd Həsənov barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşağı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Cinayət işi üzrə maddi sübutlar - Gəncə şəhəri Baş Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan X2 üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata sərf edildikdən sonra qalmış 1,218 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 30,40 manat pul X1 tutularaq dövlət büdcəsinə ödənilməlidir. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili X9 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 20 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X3 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 120 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. X2 16.06.2021-ci il tarixdən 18.06.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesabı ilə hesablanmaqla, cəmi iki gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. X7 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 21 oktyabr 2021-ci il tarixdən hesablansın. X2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdilərək hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalında dərhal həbsə alınsın. X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübutlar - Gəncə şəhəri Baş Polis İdarəsində saxlanılan 1,218 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 30,40 manat pul X1 tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X6, KOD– 210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X3 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 120 manat pul köçürülsün. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) Hökmdən elan edildiyi (həbsdə olan şəxsə isə təqdim olunduğu) gündən 20 gün müddətində Gəncə şəhəri Kəpəz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №1(043)-189/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-189/2021
21.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver