Məhkəmə qərarları › İş №1(043)-19/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-19/2020

13.01.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-19/2020 13.01.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Hüsyenov Hadı Bahadur oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Nikolay oğlunun, zərərçəkmiş şəxs X1, Təqsirləndirilən şəxs, müdafiəçi- Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, xx xxxxxx 2020-ci il tarixdə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında, xx.xx.1990-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmuş, Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi 9-cu döngə ev 4 mənzil 12-də qeydiyyatda olan, Gəncə şəhəri, V.Xuluflu küçəsində yerləşən Beton zavodun yataqxanasında yaşayan barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cümaddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, müəyyən etdi: Məhkəmə istintaqında müəyyən edildi ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2019-cu il tarixdə saat 23 radələrində Gəncə şəhər, Kəpəz rayonu, 3-cü mikrorayonun şimal şərq hissəsində A.Səhhət kimi tanınan ərazidə yerləşən X2 məxsus yeni tikilmiş evin küçə tərəfdən mişar daşları ilə hörülmüş hasarının üstündən evin həyətinə qanunsuz olaraq daxil olub evin zirzəmisindən 1 metri 1,2 manata olan 72 manat dəyərində 2x4 mm diametrli 60 metr uzunluğunda mis elektirik naqilini, 150 manat dəyərində böyük 2x45 ölçülü “İnterskol” markalı pereferator aparatını, 150 manat dəyərində böyük ölçülü təzə “230 Atec” markalı laqonda aparatını və kustar üsulla hazırlanmış 240 manat dəyərində qaynaq aparatını və qaynaq aparatının 1x12 mm diametrli 40 metr uzunluğunda 60 manat dəyərində üzəri izolyasiya edilmiş mis tərkibli elektrik naqilini ümumilikdə 672 manat dəyərində əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin «sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsi»ndən bəhs edən 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəyini və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin «sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsi»ndən bəhs edən 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir (mad.143.1). Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. (mad.145.1). Məhkəmə cinayət prosessual qanunvericiliyin bu və digər tələbləri baxımından məhkəmə istintaqında təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahid qismində dindirilmiş şəxsin ifadələrini, ekspertiza rəyini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün subut növləri kimi qəbul edir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərdi ki,o, rəsmi olaraq heç bir yerdə işləmir. O, 2019-cu ilin avqust ayında Gəncə şəhəri Abbas Səhət kimi tanınan ərazidə yeni tikilən məhlələrin yaxınlığında yerləşən kafedə işləmişdir. xx xxxxxxxx 2019-cu il tarixdə təxminən saat 23 radələrində işlədiyi kafenin yaxınlığında tikilmiş təzə evlərdən birinin hasarından aşaraq evin həyətinə daxil olmuşdur. O, evin zirzəmisinə baxış keçirərkən zirzəmidə 1 ədəd qaynaq aparatı, elektrik naqili, laqonda aparatı və pereferator olmuşdur. Həmin əşyaları evin hasarından küçəyə ataraq taksi ilə evinə aparmışdır. Sonra o, həmin elektrik naqilini və qaynaq aparatında izolyasiya edilmiş elektirik naqilini yandırıb metalını çıxartmış, həmin metalı və laqonda aparatını metal kimi tanımadığı şəxsə 50 manata satmışdır. Qaynaq aparatını isə onunla qonşuluqda yaşayan Nazim adlı şəxsə satmışdır. O, Nazimə bildirmişdir ki, usta tanışının qaynaq aparatıdı, tanışı ondan həmin aparatı satmasını xahiş etmişdir. Nazim də ona inananmışdır. Nazimə 150 manta satmaq istəmiş,lakin Nazim 150 manata almadığı üçün 100 manata Nazimə satmışdır. Bundan başqa oğurladığı perefaratoru Rüfət adlı şəxsə 20 manata satmışdır. Oğurladığı əmlakları zərərçəkmiş şəxsə qaytarldığını və əməlindən peşiman olduğunu bildirdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs X4 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxsi hadisəyə qədər tanımamışdır. Gəncə şəhəri, A.Səhət kimi tanınan ərazidə yeni salınmış yaşayış massivində özünə ev tikdirmişdir. Həmin evin tikintisi tam başa çatsa da təmir olunmadığından orda yaşamamışdır. Həmin evdə özünə aid avadanlıqlar olmuşdur. Hər gün evə nəzarət etmişdir. Evin küçə tərəfdən mühafizəsi üçün hər tərəfi tam olaraq mişar daşları ilə hörülmüş və qapı qoyulmuşdur. Evdən gedəndən sonra evin qapısını asma qıfılla bağlamışlar ki, kənar şəxs girə bilməsin. Onun evinin sağında və solunda digər yaşayış evləri var və həmin evlərdə yaşayış var. O, xx.xx.2019-cu il tarixdə evə baxış keçirərəkən evin zirzəmisində olan 2x4 mm diametrli 60 metr uzunluğunda 72 manat dəyərində mis elektirik naqilinin, 150 manat dəyərində böyük ölçülü 2x45 ölçülü “İnterskol” markalı pereferator aparatının, 150 manat dəyərində böyük ölçülü təzə “230 Atec” markalı laqonda aparatının və kustar üsulla hazırlanmış 240 manat dəyərində qaynaq aparatının və qaynaq aparatının 1x12 mm diametrli 40 metr uzunluğunda 60 manat dəyərində üzəri izolyasiya edilmiş mis tərkibli elektrik naqilinin yerində olmadığını görüb ustaların götürdüyünü güman etmiş, ustalardan sonruşanda məlum olmuşdur ki, ustalar götürməmişdir. Həmin əşyaların oğurlandığını güman edərək polisə şikayət etmişdir. Hazırda təqsirləndirilən şəxs tərəfindən ona məxsus olan oğurlanmış əmlaklar geri qaytarılmışdır. Təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o fərdi qaydada ev tikintisi və təmiri işləri ilə məşğul olur. Təqsirləndirilən şəxs onunla qonşuluqda olan Beton zavodun yataqxanasında yaşayır. Sərxan özü Beton zavodda qaynaqçı işləmişdir. Sonra bildiyinə görə Sərxan işdən çıxmışdır. 2019-cu ilin sentyabr ayının ilk günlərində Sərxan onun yanına gəlib işdən çıxmış və ehtiyacı olduğu üçün öz qaynaq aparatını satdığını bildirmişdir. O, Sərxanı tanıdığı üçün inanıb həmin qaynaq aparatını 100 manat pul verib almışdır. Bir neçə vaxt sonra Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları gəlib Sərxanın ona qaynaq aparatı satıbsatmadığını soruşmuşlar, o, Sərxandan aldığı həmin aparatı polisə göstərmişdir. Polis əməkdaşları həmin aparatın oğurluq olduğunu bildirdikləri üçün aparatı polis əməkdaşlarına vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdiki, o fərdi qaydada ev tikintisi və təmiri işləri ilə məşğul olur. Təqsirləndirilən şəxs tanıyır. Belə ki, Sərxan onunla eyni binada qonşuluqda yaşıyır. 2019-cu ilin sentyabr ayının ilk günlərində Sərxan gəlib ona yaxınlaşıb demişdir ki, şərikli işlədiyi usta yoldaşından ayrılıb və öz inşaat avadanlıqlarını satır. O da həmin avadanlığa baxmış, bir ədəd perefaratır olduğunu görüb həmin aparat ona lazım olduğu üçün almaq qərarına gəlmişdir. O da Sərxandan həmin aparatı 40 manata almışdır. Qısa bir müddətdən sonra Kəpəz rayon Polis İdarəsinin əməkdaşları Sərxanın ona perefaratır satıb-satmadığını soruşmuşlar. O Sərxandan aldığı həmin aparatı polisə göstərmişdir. Polis əməkdaşları həmin aparatın oğurluq olduğunu demişlər. O da həmin aparatı polisə təqdim etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-in xx.xx.2019-cu il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3, 177.2.4 və 69.4-cü maddələri ilə təqsirli bilinərək 4000 manat cərimə cəzasına məhkum edilmiş, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən həmin cəza 06 ay müddətində azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş və həmin cəzası xx.xx.2019cu il tarixdə başa çatmışdır. (i.v.101-102) Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 1(043)-95/2017 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinib 5000 manat miqdarında cərimə cəzasına məhkum edilmiş, CM-in 69.4-cü maddəsi tətbiq edilməklə üzərində qəti olaraq 4000 manat miqdarında cərimə cəzası saxlanılmışdır. (i.v.səh 103-111) Gəncə şəhər Probasiya Şöbəsinin xx xxxxxxx 2019-cu il tarixli məktubundan görünür ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(043)-95/2017 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş cərimə cəzası 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasə ilə əvəz edilmiş, cəzasının müddəti xx.xx.2019-cu il tarixdə başa çatmışdır. (i.v.səh- 118) Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, 11 oktyabr2019-cu il tarixdə MSYdən azad olunaraq barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. (i.v.səh. 34, 78-79) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası mərkəzinin xx xxxxxxx 2019-cu il tarixli 25721 nömrəli məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd “İnterskol” markalı böyük ölçülü pereferator aparatı 100 manat, kustar üsulla hazırlanmış qaynaq aparatı 160 manat, təqdim edilməyən qaynaq aparatının 1x12 mm diametrli 40 metr uzunluğunda üzəri izoluasiya edilmiş mis tərkibli elektrik naqili 48 manat, 2x4 mm ölçülü 60 metr uznluğunda elektrik naqili 72 manat, “230 Atec” markalı laqonda aparatının 140 manat olması müəyyən olunur. (i.v.112-115) Beləliklə, iş üzrə toplanmış sübutların həcmi təqsirləndirilən şəxsə istinad olunan oğurluq cinayəti üzrə sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli «az ağır» cinayət olmaqla mülkiyyət əleyhinə olan cinayətdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən olunmadı. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilindiyi cinayət əməlinə görə qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən, onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilmiş ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə razılıq əldə etməsini, əməlindən səmimi peşiman olmasını Cinayət Məcəlləsinin 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü bəndinə uyğunluğu haqqında» xx xxxxxx 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx xxxx 2003-cü il tarixli qərarının aşağıdakı izah və tələblərini də nəzərə alır. Belə ki, həmin qərarın 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Göstərilən qərarın 2-ci bəndində isə izah edilir ki, cəzaların tətbiq edilməsi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub olmaması,məsələn sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və.s) kimi hallara da diqqət yetirilməlidir. Ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsdən oğurladığı əmlakları geri qaytarmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını onun islah olunmasına dəlalət edən hal hesab edib onun cəmiyyətdən təcrid olunmadan islah olunmasını mümkün sayıb, barəsində təqsirliyi bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək bir vəzifə olaraq qoyulmalı, onun davranışı üzərində nəzarət daimi yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə edilməlidir. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxxxx 2019-cu il tarixdən xx xxxxxxx 2019-cu il tarixədək tutulduğu 02 gün nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (mad.346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (mad.353.4.10) məsələlərdən biri də, məhkəmə məsrəflərinin (xərclərinin) ödənilməsi məsələsidir. İş üzrə 50 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə iş üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə maddi sübut olan bir ədəd «İnterskol» markalı perefaratorun sahibinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutuaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxxxx 2019-cu il tarixdən xx xxxxxxx 2019-cu il tarixədək həbsdə saxlanıldığı 02 gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı gün) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 2200-dan növbəti gün saat 08°°-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP(XİİS), Dövlət xəzinədarlığı agentliyi KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** hesaba ödənilsin. Hökmün icrası Gəncə şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar