Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-192/2021 25.11.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun X3 üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxx 1970-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, işləməyən, Gəncə şəhəri, A.Şaiq küçəsi, ev 19 qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü, 180.2.2-ci və 180.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tamah məqsədi ilə özgənin əmlakını gizli olaraq talama niyyəti ilə 08 iyun 2021-ci il tarixdə, saat 11 radələrində Zərərçəkmiş şəxs məxsus Gəncə şəhəri, X5 prospekti 36 ünvanında yerləşən fərdi yaşayış sahəsi olan evinin darvazasının qapısına əli ilə fiziki təsir göstərməklə açıb qanunsuz olaraq içəri daxil olaraq oradan 1 ədəd 1200 manat dəyərində “Elit” markalı kondisionerin mühərrikini gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrar tamah məqsədi ilə özgənin əmlakını gizli olaraq talama niyyəti ilə 09 iyun 2021-ci il tarixdə, saat 02 radələrində Zərərçəkmiş şəxs məxsus Gəncə şəhəri, Səməd Vurğun küçəsi 50 ünvanında yerləşən “Təndirim” adlı çörək sexinin açıq vəziyyətdə olan nəfəsliyindən qanunsuz olaraq içəri daxil olub kassada olan 210 manat nağd pulu götürüb talayaraq oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ittiham olunduğu cinayət əməllərinin törədilməsində qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Gəncə şəhəri, Abdulla Şaiq küçəsi ev 19 ünavnında yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Gündəlik olaraq qazancını fəhləlik edərək əldə edir. 08.06.2021-ci il tarixdə saat 11 radələrində yaşadığı evin qonşuluğunda yerləşən qonşusu və qohumu Zərərçəkmiş şəxs məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu, X5 prospekti ev 36 ünvanında yerləşən yaşayış olmayan fərdi yaşayış evinin darvazasını itələyərək içəri daxil olmuş, çardağın sol tərəfində yerləşən Elit markalı kondisinerin mühərrikini oradan gizli şəkildə götürmüş və biraz daşıyandan sonra adını, nömrəsini və markasını tanımadığı taksi ilə Gəncə şəhəri, Gəc zavodunun yaxınlığında yerləşən əlvan metal qəbulu sexinə 35 manat qiymətə satmışdır. Həmin gün axşam saatlarında Zərərçəkmiş şəxs ilə yaşadığı küçədə görüşmüş, həmin vaxt Ramin ondan ünvan 3 ünvanından kondisioneri oğurluyub-oğurlamadığımı soruşmuşdur. O da elədiyi əməli inkar etməmiş və kondisionerin mühərrikini oğurladığını və satdığını Zərərçəkmiş şəxs bildirmişdir. Bir az bu barədə Zərərçəkmiş şəxsla aralarında narazılıq yaranmışdır. Bundan sonra 09.06.2021-ci il tarixdə gecə saat 02 radələrində yaşadığı ünvan 4 ünvandan çıxmış və yaxınlıqda, Gəncə şəhəri, Səməd Vurğun küçəsi 50 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus olan “Təndirim” adlı çörək sexinin qarşısından keçərkən borcunun olduğuna görə həmin çörək sexindən oğurluq etməyi qərarlaşdırmışdır. Həmin çörək sexi yolun sağ tərəfində yerləşmişdir. O, dəfələrlə həmin çörək sexində olmuş, işçilər də onu tanımışdır. O, sexdə pulların çörək sexinin alqı-satqı aparılan kiçik pəncərəsinin içəri tərəfdən qarşısında yerləşdiyini əvvəlcədən bilirdi. Həmin sexin qarşısında olarkən çörək sexində bir nəfər qadın işçinin, Şahid1 olduğunu, onun isə başını çorək yığılan rəfə söykəyərək yatdığını görmüşdür. İlk öncə o, sexin qapısına yaxınlaşaraq içəriyə girmək istəmiş, lakin qapı bağlı olduğuna görə içəri daxil ola bilməmişdir. Daha sonra sexin alqı-satqı üçün nəzərdə tutulmuş pəncərəsinə yaxınlaşmış və oradan qurşağa qədər içəri daxil olaraq kassanın siyirməsini açıb içərisində olan pulları götürmüşdür. Həmin vaxt onu kimsə görməmiş, pulları götürüb sakitcə getmiş və 15-20 dəqiqə çörək sexinin yaxınlığında taksi gözləmiş, daha sonra taksi ilə ərazidən uzaqlaşmışdır. Çörək sexində olduqları və onu gördükləri iddia edilən şəxslərdən Şahid2 və Şahid3 ümumiyyətlə sexdə olmamış, Şahid1 yatmış və onu görməmişdir. Hadisə vaxtı heç kəs ona mane olmağa cəhd etməmişdir. Götürdüyü pulları saydıqda 210 manat olduğunu görmüş və pulu şəxsi ehtiyacları üçün sərf etmişdir. Təqsirləndirilən şəxsin ibtidai istintaqda verdiyi ifadəsi ilə məhkəmə istintaqında verdiyi ifadə arasında ziddiyyət olduğundan onun ibtidai istintaqda verdiyi ifadəsi elan edilmiş, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini təsdiq edərək ibitdai istintaqda kompüterlə yazılmış ifadəsini oxumadan imza etdiyini, çörək sexinə yaxınlaşarkən heç kəsə salam vermədiyini, onu da heç kimin görmədiyini və pulları siyirmədən gizli olaraq götürüb uzaqlaşdığını bildirmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, ünvan 6 ünvanda ailəsi ilə birlikdə yaşayır, fərdi şəkildə sahibkarlıqla məşğul olur. Gəncə şəhəri X5 prospektində yerləşən 36 nömrəli fərdi yaşayış evi də ona məxusdur. Həmin evdə yaşayış yoxdur evi saxlanc yeri kimi istifadə edir. Tez-tez həmin ünvana gedərək baş çəkir. Sonuncu dəfə Gəncə şəhəri Ş.İ.Xətai prospektində 36 nömrəli evinə baş çəkən zaman darvazanın qapısının açıq olduğunu görmüş və içəri daxil olduqdan sonra çardağın altındakı “Elit” markalı konisionerin mühərrikinin yerində olmadığını müəyyən etmişdir. O, həmin kondisionerin mühərrikini Bakı şəhərində “Sədərək” Ticarət Mərkəzindən 1200 manata almışdır. Bundan sonra baş vermiş hadisə barədə qonşularından soruşan zaman həmin vaxt onlar Təqsirləndirilən şəxs evinin qarşısında gördüklərini ona bildirmişlər. Bundan sonra o, təxminən saat 23-radələrində Müşfiqin yaşadığı Gəncə şəhəri, Abdulla Şaiq küçəsi,ev 19 ünvanına yerləşən küçələrinə getmiş və onu evdən çağırmışdır. Müşfiqgilin küçəsində olan zaman ona özünə məxsus Gəncə şəhəri Ş.İ.Xətai prospektində yerləşən 36 nömrəli evinin çardağın altından “Elit” markalı kondisionerin mühərrikini onun oğurlayıb-oğurlamamasını soruşmuşdur. Müşfiq həmin vaxt ona oğurluq hadisəsini törətməsini etiraf etmişdir. Daha sonra o, Müşfiqdən oğurladığı özünə məxsus olan “Elit” markalı kondisionerin mühərrikini geri qaytarmasını tələb etmişdir.O, oğurladığı “Elit” markalı kondisionerin mühərrikini pula ehtiyacı olduğu üçün oğurlayıb satdığını demişdir. Bundan sonra Müşfiqlə aralarında sözlə mübahisə yaranmışdır. O, 2014-cü ildən ünvan 10 ünvanında yerləşən “Təndirim” adlı çörək sexini işlədir. Həmin çörək sexinin 6 nəfər işçisi var. Həmin işçilər növbəli şəkildə işləyirlər. 2021-ci ilin iyun ayının 9-da gecə saat 03radələrində həmin gün növbədə olan satıcı qadın telefon nömrəsinə zəng edərək bir nəfər tanımadığı şəxsin çörək sexinin nəfəsliyindən içəri daxil olaraq onun və başqa iki nəfər çörək bişirən qadınların gözləri qarşısında kassadan 210 manat pulu götürdüyünü ona bildirmişdir. Dərhal o, evdən çıxaraq çörək sexinə gəlmişdir. Ətrafa göz gəzdirmişdir ki, özü həmin şəxsi müəyyən etsin. Daha sonra çörək sexinin müşahidə kamerasına baxan zaman həmin şəxsin əvvəllər tanıdığı və onunla qohumluq münasibəti olan Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişdir.Bundan sonra o, bir müddət gözləmişdir ki, Müşfiq səhvini baş düşsün və ona dəymiş ziyanı ödəsin.Müşfiq ona dəymiş ziyanı qaytarmadığına görə bundan sonra 22.06.2021-ci il tarixdə baş vermiş hadisələr barədə Azərbaycan Respublikasının DİN-in 102 xidməti zəng mərkəzinə məlumat vermişdir. 01 ədəd “Elit” markalı kondisionerinin və 210 manat nağd pulunun talanması nəticəsində ona ümumilikdə 1410 manat dəyərində maddi ziyan dəymiş, başqa hər hansı bir əmlakı talanmamış, məhv olmamış və ya zədələnməmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir və ona ağır cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ünvan 11 ünvanında ailəsi ilə birlikdə yaşayır. Bir ildən artıqdır ki, Gəncə şəhəri, Səməd Vurğun küçəsi 50 ünvanında yerləşən “Təndirim” Çörək sexində satıcı işləyir. Həmin sexin müdiri Zərərçəkmiş şəxsdur, eyni zamanda Zərərçəkmiş şəxs olmayanda Ehtiram adlı şəxs onların işlərinə nəzarət edir. Çörək sexi 24 saat fəaliyyət göstərir. Həmin sexdə birinci növbə saat 08-dən axşam saat 20-00-radələrinədək, ikinci növbə isə axşam saat 20:00dan səhər saat 08-dək işləyir. Axşam növbəsində daima üç nəfər işləyirlər, onlardan da biri o, çörək bişirən Səbinə adlı şəxs, digəri isə kündəçi Vüsalə adlı qadındır. Gün ərzində çörək qurtarana qədər çörək satışı ilə məşğul olunur, səhəri gün növbəni təhvil verənədək 200-300 manat arası çörək satışından pul yığılır, həmin pul kassaya qoyulur və növbəni təhvil verərkən həmin pulu növbəni təhvil alana, ya da ki, sexin müdirinə təhvil verirlər. Təqsirləndirilən şəxs Ramin müəllimin qohumu kimi tanıyır. Ramin müəllimin göstərişi ilə ona ara-sıra çörək verirdilər. Lakin Müşfiq bir neçə dəfə sexə içkili vəziyyətdə gəlib davadalaş salmış, bir dəfə də sexdən özbaşına 10 manat pul götürmüşdür. Hətta daha əvvəl bir dəfə Müşfiq gəlib dava salanda işçilərdən biri onu sexdən əlinə taxta parçası alaraq qovmuşdur. Bundan sonra Ramin müəllim onlara Müşfiqi sexə buraxmamağı tapşırmışdır. 09 iyun 2021-ci il tarixdə gecə saat 02:25 radələrində həmişə olduğu kimi o, Səbinə və Vüsalə sexdə işlərini bitirib oturub söhbət edirdilər. Bu vaxt o, Müşfiqin sexin qarşından keçdiyini görmüş, lakin ona əhəmiyyət verməmişdir. Təxminən 20 dəqiqə, yarım saat sonra Müşfiq qəfildən sexin çörək alqı-satqısı üçün nəzərdə tutulan kiçik pəncərəsindən içəriyə sallanaraq pəncərədən sağ tərəfdə aşağıda yerləşən siyirməni açıb kassada olan pulları götürmüş və qaçaraq oradan uzaqlaşmışdır. Bu zaman onlar Müşfiqi görmüş, o, “neynədi bu, neynədi” deyərək reaksiya vermişdir. Müşfiqin onun səsini eşidib-eşitmədiyini dəqiq bilmir. Lakin Müşfiqdən qorxduqları üçün ona müdaxilə etməmişlər, həm də hadisə çox ani baş vermişdir. Müşfiqin onları görüb-görmədiyini dəqiq deyə bilməz, onlar pəncərədən sol tərəfdə rəflərin yanında üzləri pəncərəyə tərəf oturmuşdular, Müşfiq isə pəncərədən sağ tərəfdə yerləşən siyirmədən pulları görtürmüşdür. Bu zaman Müşfiq onlar tərəfə baxmamışdır. Amma Müşfiq sexin 24 saat işlədiyini və işçilərin həmişə orada olduqlarını bilir. Müşfiq daxil olarkən onlara salam verməmişdir. Müşfiq getdikdən sonra onlar öz aralarında baş verən hadisə barədə nə etməli olduqlarını müzakirə etmiş, hadisədən təxminən 20 dəqiqə sonra Ehtirama zəng etmişlər. Ehtiram telefonu açmadığı üçün sexin sahibi Ramin müəllimə zəng edib hadisə barədə məlumat vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 digər Şahid1 ilə eyni məzmunda ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, ünvan 12 ünvanda ailəsi ilə birlikdə yaşayır. Bir il olar ki, Gəncə şəhəri, Səməd Vurğun küçəsi 50 ünvanında yerləşən “Təndirim” çörək sexində kündəçi işləyir. Həmin sexin müdiri isə Zərərçəkmiş şəxsdur, eyni zamanda Zərərçəkmiş şəxs olmayanda Ehtiram adlı şəxs onların işinə nəzarət edir. Çörək sexi 24 saat fəaliyyət göstərir. Hadisə vaxtı o, gecə növbəsində olmuş və onunla birlikdə sexdə satıcı Şahid1 və çörək bişirən Şahid2 olmuşdur. Gecələr çörək sexinin qapısı bağlı saxlanılsa da gecə gəlib çörək alan şəxslər olduğu üçün alqı-satqı üçün nəzərdə tutulan kiçik pəncərə açıq olur. Həmin pəncərənin sağ tərəfində aşağıda siyirmə var və həmin siyirmə kassa kimi istifadə olunur. Gün ərzində çörək satışından əldə edilən pullar ora qoyulur. O, Təqsirləndirilən şəxs əvvəllər də görmüşdür. Müşfiq tez-tez çörək sexinin yaxınlığında olur, onlardan çörək götürür. Müşfiqin sexin müdirinin qohumu olduğunu bilir. Hadisə baş verən gün gecə saat 3 radələrində o, Elmira və Vüsalə işlərini bitirib, pəncərədən sol tərəfdə rəfləri yanında söhbət edirdilər. Bu zaman o, əlini üzünə söykəyib dirsəklənmişdi. Birdən Elmira “ neynədi, bu neynədi” dedikdə onlar qorxmuş, Elmira Müşfiqin kassadakı pulları götürüb getdiyini demişdir. Lakin o, Müşfiqin pulları götürməsini görməmiş, Müşfiqin pəncərənin qabağından uzaqlaşdığını görmüşdür. Müşfiqin onları görüb-görmədiyini dəqiq bilmir. Müşfiq getdikdən sonra onlar öz aralarında baş verən hadisə barədə nə etməli olduqlarını müzakirə etmiş, hadisədən təxminən 20 dəqiqə sonra Ehtirama zəng etmişlər. Ehtiram telefonu açmadığı üçün sexin sahibi Ramin müəllimə zəng edib hadisə barədə məlumat vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Göygöl rayonu Üçtəpə kəndində ailə üzvləri ilə birlikdə yaşayır. 2020-ci ildən o, Gəncə şəhəri Gəc Zavodunun yanında yerləşən metal qəbulu sexində işləyir Gündəlik olaraq müxtəlif rayonlardan müxtəlif metallar, lambirin və laminat alaraq Bakı şəhərində “Metak” şirkətinə aparıb satmışdır. 08.06.2021-ci il tarixdə saat 12-radələrində sexdə olan zaman tanımadığı şəxs “Elit” markalı kondisionerin mühərrikini gətirərək satmaq istədiyini ona bildirmişdilər. Həmin şəxs “Elit” markalı kondisionerin mühərrikinin özünə məxsus olmasını, yenisini aldığı üçün satdığını bildirmişdir. Həmin “Elit” markalı kondisionerin mühərrikini 35 manat qiymətə Təqsirləndirilən şəxs almışdır. Həmin kondisioner mühərrikini adi metal qiyməti ilə almış, həmin əmlakın 1200 manat qiymətinin olmasını bilməmişdir. Sonradan isə həmin mühərrik polis əməkdaşları tərəfindən götürülmüşdür. Şahidlər Emira İbrahimova, Şahid2 və Şahid3 ibtidai istintaqda verdikləri ifadələrlə məhkəmə istintaqı zamanı verdikləri ifadələr arasında ziddiyyət olduğu üçün onların ibtidai istintaqdakı ifadələri elan edilmiş, şahidlər məhkəmə istintaqı zamanı verdikləri ifadənin doğru olduğunu, Təqsirləndirilən şəxs əvvəldən tanıdıqlarını, hadisəni törədənin onun olduğunu bildiklərini, Müşfiqin pəncərəyə yaxınaşarkən onlara salam vermədiyini və onlarla heç bir dialoqa girmədiyini, onların Müşfiqi gördüklərini, lakin Müşfiqin onları görübgörmədiklərini dəqiq bilmədiklərini, bu zaman qışqıraraq reaksiya vermədiklərini, Müşfiqin onlar tərəfə baxmadığını bildirmişlər. İş materiallarına əlavə edilmiş 22 iyun 2020-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Gəncə şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi, polis leytenantı Rəşad Məmmədzadə tərəfindən zərərçəkmiş şəxsin və hal şahidlərinin iştirakı ilə 210 manat pulun oğurlandığı yerə, yəni Gəncə şəhəri, Səməd Vurğun küçəsi 50 ünvanında yerləşən “Təndirim“ adlı çörək sexinə baxış keçirilmiş, bu barədə protokol tərtib edilərək fotoşəkillər çəkilmişdir. İş materiallarına əlavə edilmiş 22 iyun 2020-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Gəncə şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi, polis leytenantı Rəşad Məmmədzadə tərəfindən zərərçəkmiş şəxsin və hal şahidlərinin iştirakı ilə Zərərçəkmiş şəxs məxsus kondisioner mühərrikinin oğurlandığı ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş, baxış keçirilməsi barədə protokol tərtib olunmuş və fotoşəkillər çəkilmişdir. İş materiallarına əlavə edilmiş 22 iyun 2020-ci il tarixli “Baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, Gəncə şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi, polis leytenantı Rəşad Məmmədzadə tərəfindən Gəncə şəhəri, Səməd Vurğun küçəsi 50 ünvanında yerləşən “Təndirim“ adlı çörək sexinədə baş vermiş cinayət hadisəsinin videogörüntülərinə baxış keçirilmiş, və videogörüntülər DVD diskə köçürülərək götürülmüşdür. İş materiallarına əlavə edilmiş 22 iyun 2021-ci il tarixli, 12 iyul 2021-ci il tarixli və 20 iyul 2021-ci il tarixli “Şəxsin fotoşəkillər üzrə tanınmaya təqdim ediməsi haqqında” protokollardan görünür ki, şahidlər Şahid1, Şahid2 və Şahid3 fotocədvəl üzrə təqdim edilən şəxsləri nəzərdən keçirib Təqsirləndirilən şəxs şəklini tanıyıb göstərərək həmin şəxsin 09.06.2021-ci il tarixdə saat 02:25-radələrində işlədiyi Gəncə şəhəri, Səməd Vurğun küçəsi 50 ünvanında yerləşən “Təndirim” adlı çörək sexinin içərisində olan kassadan içərisində 210 manat olan pulu talamış həmin şəxsdir. İş materiallarına əlavə edilmiş 05 iyul 2021-ci il tarixli “Götürmə haqqında” protokoldan görünür ki, Şahid4 08 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs oğurlayaraq ona satdığı 01 ədəd “Elit” markalı kondisionerin mühərrikini istintaqa təqdim etmiş, həmin əşya iş üzrə sübut əhəmiyyətinə malik olduğu üçün götürülmüşdür. İş materiallarına əlavə edilmiş 08 iyul 2021-ci il tarixli “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” protokoldan görünür ki, Şahid4 istintaqa təqdim etdiyi 01 ədəd “Elit” markalı kondisionerin mühərriki Zərərçəkmiş şəxs tanınmaya təqdim edilmiş, Zərərçəkmiş şəxs həmin əşyanı tanıyıb göstərərək bildirmişdir ki, həmin əşya 08 sentyabr 2021-ci il tarixdə ona məxsus olan Gəncə şəhəri,Ş.İ.Xətai prospekti 36 ünvanında yerləşən fərdi yaşayış evinin çardağından oğurlanmış 1 ədəd “Elit” markalı kondisionerin mühərrikidir. İş materiallarına əlavə edilmiş 24 iyun 2021-ci il tarixli “İfadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin düzgünlüyünü müəyyən etmək və dəqiqləşdirmək məqsədi ilə onun ifadəsinin yerində yoxlanılması aparılmış və Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi xüsusatları hadisə yerlərində göstərmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının 27 avqust 2021-ci il tarixli 9/5943 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məxsus olan 1 ədəd “Elit” markalı kondisionerin mühərrikinin istifadədə olması nəzərə alınmaqla, orta istismar müddəti və orta istismar intevsiliyi parametrlərinə uyğun olaraq 2021-ci ilin iyun ayına olan orta bazar qiyməti nəzəri təxminən 150.0 manat müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş, “Təndirim” çörək sexində baş vermiş cinayət hadisəsinin videogörüntüsünün əks olunduğu diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən edilmişdir ki, diskdə bir ədəd video faylı vardır. Videogörüntü 48 saniyə davam edir. Videogörüntü ekranda iki yerə bölünmüş vəziyyətdə iki fərqli müşahidə kamerasının görüntüsünü əks etdirir. Kameralardan biri çörək sexini içəri tərəfdən, pulların qoyulduğu siyirmənin olduğu yeri çəkir, digər kamera isə çörək sexinin alqı-satqı üçün nəzərdə tutulan pəncərəsini bayır tərəfdən çəkir. Videokamerada hadisənin baş verdiyi tarix və saat 09.06.2021-ci il saat 02:25 əks etdirilir. Görüntünün 02-ci saniyəsində Təqsirləndirilən şəxs çörək sexinin qapısına yaxınlaşaraq əli ilə açmaq istəyir, lakin qapı bağlı olduğu üçün qapıdan kənarlaşır və pəncərənin qarşısından keçərək kameranın görüntü dairəsindən çıxır, görüntünün 12-ci saniyəsində yenidən qayıdaraq bu dəfə sexin alqı-satqı üçün nəzərdə tutulmuş pəncərəsindən bədənini qurşağa qədər içəri salaraq pəncərədən sağ tərəfdə yerləşən siyirməni açır və orada olan pulları yığır. Görüntünün 40-cı saniyəsində Təqsirləndirilən şəxs pəncərədən çəkilir, əlindəki pullardan bir qismi yerə düşdüyü üçün pulları götürür və addımlayaraq şörək sexindən sola tərəf gedib kameranın görüntü dairəsindən çıxır. Görüntülərdə hər hansı başqa şəxs, o cümlədən şörək sexində işlərən şəxslərin çörək sexində və ətrafında olması müşahidə edilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2-ci və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir. Cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona isnad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 180.2.2 və 180.2.3-cü maddələri ilə ittiham irəli sürülsə də məhkəmə bu ittihamla razılaşmır. İstintaq orqanın möpvqeyinə görə Təqsirləndirilən şəxs “Təndirim” çörək sexindən 210 manat pulu işçilərin gözü qarşısında açıq şəkildə talayaraq soyğunçuluq etmişdir. İstintaq orqanının bu mövqeyi təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsinə və şahidlərin ifadələrinə əsaslanmışdır. Lakin, məhkəmə iclasında təqsirləndirilən şəxs fərqli məzmunda ifadə verərək ibtidai istintaq zamanı verdiyi ifadəsini qismən təkzib etmiş və hadisə zamanı onu heç kimin görmədiyini bildirmişdir. Məhkəmə iclasında dindirilmiş şahidlər Şahid1, Şahid2 və Şahid3 Təqsirləndirilən şəxs pulları götürərkən gördüklərini bildirsələr də onların məhkəmə istintaqı zamanı verdikləri ifadələrlə ibtidai istintaq zamanı verdikləri ifadələr arasında əhəmiyyətli ziddiyyətlər vardır. Belə ki, onların ibtidai istintaqda verdikləri ifadələrdən sanki onların Təqsirləndirilən şəxs ilk dəfə gördükləri, onu tanımadıqları görünsə də məhkəmə istintaqı zamanı verdikləri ifadələrindən onların Təqsirləndirilən şəxs yaxşı tanıdıqları müəyyən olunur. Eyni zamanda onlar ibtidai istintaqda Təqsirləndirilən şəxs yaxınlaşıb onlara salam verdiyini bildirsə də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs onlarla hər hansı dialoqunun olmadığını bidirmişlər. Şahidlərin məhkəmədə verdiyi ifadədən onların Təqsirləndirilən şəxs qapıya yaxınlaşıb qapını açmaq istədiyini görmədikləri müəyyən edilir. Şahid3 məhkəmədə verdiyi ifadədə ümumiyyətlə Təqsirləndirilən şəxs pulu götürərkən görmədiyini, lakin onun pəncərədən uzaqlaşıb qaçıb getdiyini gördüyünü bildirmişdir. Halbuki baxış keçirilmiş videogörüntülərdə Təqsirləndirilən şəxs pulu götürdükdən sonra nəinki qaçmadığı, hətta rahat şəkildə yerə düşmüş pulları götürüb sakit addımlarla uzaqlaşdığı görünür. Xüsusilə vurğulanmalıdır ki, şahidlərin heç biri əminliklə Təqsirləndirilən şəxs onları gördüyünü, onların səsini eşitdiyini bildirməmiş, bu suallara qeyri-müəyyən cavablar verərək öz ehtimallarını səsləndirmişlər. Videogörüntülərdən isə Təqsirləndirilən şəxs rahat hərəkət etdiyi, ona hər hansı kənar müdaxilənin olmadığı aydın görünür. İbtidai istintaq zamanı videogörüntü yalnız hadisənin baş verdiyi zaman kəsiyi üçün götürülmüş, bundan sonrakı görüntülər götürülmədiyindən ümumiyyətlə şahid qismində dindirilmiş şəxslərin həmin vaxt çörək sexində olub-olmaması, Təqsirləndirilən şəxs uzaqlaşdıqdan sonra nə etmələri müəyyən deyildir. Digər tərəfdən şahidlərin pulları götürən şəxsin yaxşı tanıdıqları Təqsirləndirilən şəxs olduğunu gördükləri halda zərərçəkmiş şəxsə dərhal yox, 20 dəqiqə sonra məlumat vermələri də məntiqi izahı olmayan bir haldır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il tarixli Qərarının 2-ci və 3-cü bəndlərinə əsasən mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-cı maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər. Göründüyü kimi oğurluq və soyğunçuluq cinayətlərini bir-birindən obyektiv və subyektiv meyarlar ayırır. Talama cinayətinin soyğunçuluq kimi qiymətləndirilə bilməsi üçün obyektiv meyar ondan ibarətdir ki, ilk növbədə talama açıq şəkildə, yəni əşyanın mülkiyyətçisinin, sahibinin və ya kənar şəxslərin gözü qarşısında baş verməlidir. Subyektiv meyar isə iki fərqli cəhətə bölünür. Birinci olaraq talama cinayətini görən şəxslər bu əməlin hüquqazidd olduğunu, yəni təqsirkar şəxsin özgə əmlakını taladığını şüurlu surətdə dərk etməlidir. İkinci cəhət ondan ibarətdir ki, təqsirkar şəxs də kənar şəxslərin onun hüquqazidd əməlini gördüyünü dərk etməli və şüurlu surətdə əmlakı açıq talama niyyəti ilə hərəkət etməlidir. Əməlin soyğunçuluq cinayəti kimi qiymətləndirilə bilməsi üçün həm obyektiv meyar, həm də subyektiv meyarın hər iki cəhəti mövcud olmalıdır. Eyni zamanda nəzərə alınmalıdır ki, əməlin qiymətləndirilməsi zamanı subyektiv meyar üstün götürülür. Yəni təqsirkar onu başqalarının görmədiyini, yaxud görsələr belə onun əməlinin hüquqzidd xarakterini dərk etmədiyini zənn edirsə bu zaman onun əməli oğurluq kimi qiymətləndirilməlidir. Əksinə təqsirkarı başqa şəxslərin görmədiyi, görsələr berlə onun əməlinin hüquqazidd olduğunu dərk etmədikləri halda təqsirkar öz hüquqazidd əməlinin kənar şəxslər tərəfindən görüldüyünü və dərk edildiyini düşünürsə onun əməli soyğunçuluq kimi tövsif olunur. Hazırkı cinayət işində şahidlər Təqsirləndirilən şəxs kassadan pulu onların gözü qarşısında götürdüklərini bildirsələr də onların ifadələri həm ibtidai istintaqda verdikləri ifadələrlə ziddiyyət təşkil edir, həm də ifadələr daxilən ziddiyyətli olmaqla hadisənin gedişi barədə tam təsəvvür yaratmağa imkan vermir. Xüsusi olaraq qeyd edilməlidir ki, şahidlərin ifadələri hadisənin videogörüntüsü ilə də müəyyən qədər ziddiyyət təşkil edir. Bundan başqa şahidlərin məhkəmə iclasında verdikləri ifadələrdən Təqsirləndirilən şəxs onları görüb-görməməsinin, eləcə də öz əməlinin kənardan görüldüyünü dərk etməsinin şübhəli olduğu müəyyən olunur. Bu baxımdan məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin özgənin əmlakını açıq olaraq talaması qənaətinə gəlmək üçün nə obyektiv meyar baxımından, nə də subyektiv meyar baxımından kifayət qədər əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxsin 09 iyun 2021-ci il tarixdə, saat 02:25 radələrində Zərərçəkmiş şəxs məxsus Gəncə şəhəri, Səməd Vurğun küçəsi 50 ünvanında yerləşən “Təndirim” adlı çörək sexinin açıq vəziyyətdə olan nəfəsliyindən qanunsuz olaraq içəri daxil olub kassada olan 210 manat nağd pulu götürüb talamasını soyğunçuluq cinayəti kimi tövsif etmək üçün kifayət qədər əsasların olmamasını nəzərə alaraq həmin əməlin təkrar olaraq qanunsuz olaraq binaya daxil olub oğurluq etmə əməli kimi tövsif edilməsi qənaətinə gəlmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət təqibini istisna edən hallar və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə təqsirli bilinməli və həmin maddənin sanksiyası hüdudlarında, cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin arayışından məlum olur ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 13.10.2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il islah işləri cəzasına məhkum edilmiş, Amnistiya Qərarının 1.14, 5.2, 14.4-cü maddəsinə əsasən cəzadan azad olunmuş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 04.11.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il 11 ay 21 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 09.03.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 04 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 01.02.2016-ci ildə cəzasının sonu ilə azad edilmişdir. 02.04.2018-ci ildə Gəncə şəhər BPİ-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə istintaq edilən cinayət işinin icraatına 16.06.2021-ci il tarixdə CPM-nin 39.1.11-ci maddəsinə əsasən xitam verilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluqları hazırkı cinayət əməli törədilənədək ödənilmişdir. Bununla yanaşı məhkəmə Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə cinayət törətdiyinə görə məhkum edilməsini onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddən aşağı həddə cəzanın verilməsi, və ya cəzanın şərti tətbiq edilməsi üçün hər hansı müstəsna hallar və əsaslar mövcud deyildir. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin şəxsiyyəti, cinayət əməllərinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, eləcə də cəzanın səmərəliliyi və məqsədəuyğunluğu nəzərə alınmaqla təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının aşağı və yuxarı hədlərinin ortasında cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs 22 iyun 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli qərarı ilə onun barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, Məhkəmənin 16 sentyabr 2021-ci il tarixli qərarı ilə onun həbsdə saxlama müddəti 12 oktyabr 2021-ci il tarixədək uzadılmış, məhkəmənin 04 oktyabr 2021-ci il tarixli hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə dövründə həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzasının əvvəli 22 iyun 2021-ci il tarixdən hesablanmalıdır. İşdə mülki iddia və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1 maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak yoxdur. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs məxsus olan 1 ədəd “Elit” markalı kondisionerin mühərriki saxlanılması üçün qanuni sahibi olan Zərərçəkmiş şəxs verilmişdir. Həmin əşyanın qanuni sahibinə qaytarılması nəzərə alınmalı, bir ədəd “CD” disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci - ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmədə təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardıma görə sərf etdiyi 30 saat iş vaxtına görə hər saat üçün 6 manat olmaqla 180 manat pul dövlət büdcəsinin vəsaiti hesabına Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməlidir. Məhkəmə göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası CPM-in 132, 197, 198, 346, 347, 349, 351, 353, 358, 381, 383, 384, 385-ci maddələrini rəhbər tutub HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə dövründə həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzasının əvvəli 22 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar – Zərərçəkmiş şəxs məxsus olan 1 ədəd “Elit” markalı kondisionerin mühərrikinin qanuni sahibinə qaytarılması nəzərə alınsın, bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci - ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Məhkəmədə təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardıma görə sərf etdiyi 30 saat iş vaxtına görə hər saat üçün 6 manat olmaqla 180 (yüz səksən) manat pul dövlət büdcəsinin vəsaiti hesabına Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə münasibətdə isə surəti ona verildiyi andan 20 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə (təqsirləndirilən şəxs tərəfindən həmçinin həbsdə saxlama yerinin müdiriyyətinin vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddətlər ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №1(043)-192/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-192/2021
25.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver