Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-199/2021 28.10.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Sadxov Rəşad Şahin oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun X5 üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində X5 üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu il Şəmkir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla Gəncə şəhəri, Məhsəti qəsəbəsi 22-ci küçədə yerləşən fərdi yaşayış evində yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə 16 mart 2021-ci il tarixdə saat 20 radələrində Gəncə şəhəri Məhsəti qəsəbəsi, 22-ci küçədə yerləşən, Zərərçəkmiş şəxs məxsus olan fərdi yaşayış evinə qanunsuz olaraq daxil olub 1 ədəd 1000 manat dəyərindəki “Hoffman” markalı televizoru və 100 manat nağd pulu oğurlayıb ümumilikdə 1100 manat məbləğində maddi ziyan vurmaqla zərərçəkmiş şəxsə məxsus əmlakı gizli olaraq talayaraq oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, o, marşrut avtobusu sürücüsüdür. Xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar olaraq hadisədən təxminən 3 ay əvvəldən işsiz qalmışdır. Himayəsində 2 azyaşlı uşaq var və bu səbəbdən də bəzi maddi sıxıntıları olmuşdur. Eləcə də qardaşı X1 Müharibəsində iştirak edib xəsarət aldıqdan sonra onun da səhhəti ilə əlaqədar müəyyən xərcləri yaranmışdır. Maddi çətinliklər üzündən oğurluq etmək qərarına gəlmişdir. 16.03.2021-ci il tarixdə təxminən saat 20 radələrində yaşadığı küçədə ilaxır çərşənbə ilə əlaqədar olaraq tonqalın ətrafında olan zaman qonşuluqda yaşayan Nərminin ailə üzvləri ilə birlikdə tonqalın kənarında olduğunu görmüş, Nərminin yaşadığı evdə həmin vaxt heç kimin olmadığını bildiyi üçün sonuncunun yaşadığı evdən oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə o, tonqalın kənarından qalxıb birbaşa Nərminin yaşadığı evə getmiş, evin arxa hissəsində hasardan aşaraq evin həyətinə keçmiş, oradan da evin arxasında olan plastik qapının açıq olmasından istifadə edərək evin qonaq otağına daxil olmuşdur. O, qonaq otağında olan 1 ədəd “Hoffman” markalı televizoru və qonaq otağında güzgünün qabağındakı pul qabından isə 100 manat pulu götürüb evin arxa qapısından da çıxıb getmişdir. Həmin gecə televizoru heç kimə sata bilməyəcəyini bilib elə bu səbəbdən də televizoru yaşadığı evin həyətində yerləşən əl damına gizlətmiş, həmin günün səhəri ona tanımadığı nömrədən zəng gəlmiş, həmin şəxs onu polis idarəsinə dəvət etmiş, o, da oğurluq hadisəsini onun törətdiyi barədə məlumatlı olduqlarını başa düşüb evdə yaşayan şəxslərin də məlumatı olmadan həmin televizoru götürüb Kəpəz RPİ-yə getmişdir. O, Zərərçəkmiş şəxs məxsus evdən oğurluq etdiyini etiraf etmiş, həmin evdən oğurladığı “Hofmann” markalı televizoru özü istintaqa təqdim etmişdir. Hazırda zərərçəkmiş şəxsə vurulmuş zərəri tamamilə ödəmiş və onunla barışıq əldə etmişdir. Buna görə də ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Gəncə şəhəri Məhsəti qəsəbəsində 22-ci küçədə yaşayır. 16.03.2021-ci il tarixdə o, yaşadığı evdə olan zaman təxminən saat 20 radələrində yaşadığı küçədə ilaxır çərşənbə münasibətilə tonqal qalandığını görmüş, bu zaman Şahinin ailə üzvləri onları da tonqalın yanına çağırmışdır. O, anası və oğlu ilə birlikdə tonqalın ətrafına getmiş, təxminən yarım saat anası, oğlu və Şahinin ailə üzvləri ilə birlikdə tonqalın kənarında təxminən yarım saat dayandıqdan sonra yaşadığı evə getmiş, bu zaman naməlum şəxsin onun evdə olmadığı müddətdə həmin evə daxil olaraq evin qonaq otağında olan 1 ədəd 1000 manat dəyərindəki “Hoffmann” markalı televizoru və həmin qonaq otağında olan 100 manat pulu oğurladığını görmüş, bu səbəbdən də DİN-in 102 zəng xidmətinə müraciət etmişdir. Televizoru iki il əvvəl təzə vəziyyətdə 1400 manata almışdır. Hazırda televizorun dəyəri 1000 manat civarındadır. Evdən hər hansı başqa əşya və ya pul oğurlanmamışdır. Təqsirləndirilən şəxs oğurladığı televizorun özünü qaytarmış, eləcə də oğurladığı 100 manat pulu ona geri vermişdir. Hazırda təqsirləndirilən şəxs ona vurduğu ziyanı tam həcmdə ödədiyi üçün onunla barışmışdır, hazırda ondan heç bir şikayəti və tələbi yoxdur. İş materiallarına əlavə olunmuş 18 mart 2021-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, Gəncə şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi tərəfindən hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs təqdim etdiyi televizora baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, 1 ədəd “Hoffman” markalı televizor qara rənglidir, 108 sm ekran ölçülüdür və istifadəyə yararlıdır. İş materiallarına əlavə olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 29 iyun 2021-ci il tarixli, 9/4377 nömrəli rəyinə əsasən Respublika ərazisində yerləşən ticarət şəbəkələrində,internet saytlarında (megamart.az) eləcə də Mərkəzdə olan məlumatlarda istifadə edilməklə ekspertiza təyini haqqında qərarda göstərilən 1 ədəd “Hoffman” markalı televizorun istifadə olunması nəzərə alınmaqla 2021-ci ilin mart ayına orta bazar qiyməti nəzəri qaydada təxminən 600 manat müəyyən olunur. Ekspertiza təqdiqatının dəyəri 50 manat təşkil edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayətin tərkibi vardır. Təqsirləndirilən şəxsin təqsiri özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin protokolları və ekspert rəyləri ilə tam şəkildə öz təsdiqini tapmışdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 09 sentyabr 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 13.12.2016-cı il tarixdə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə cəzasının qalan 05 ay 15 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs 19 oktyabr 2021-ci il tarixli ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, sonuncu tərəfindən ona dəymiş maddi ziyan tam ödənildiyi üçün Təqsirləndirilən şəxs qarşı şikayəti və ya tələbi yoxdur. İş materiallarına əlavə edilmiş AZE seriyalı, 12696110 nömrəli və AZE seriyalı 12696111 nömrəli şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, 25.02.2010-cu il təvəllüdlü və X3 və 06.07.2011-ci il təvəllüdlü X2 atası Təqsirləndirilən şəxsdur. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını (CM-in 59.1.4-cü maddəsi), zərərçəkmiş şəxslə barışıq əldə etməsini (CM-in 59.1.12-ci maddəsi) və cinayət nəticəsində vurulmuş maddi ziyanı tam olaraq ödəməsini (CM-in 59.1.13-cü maddəsi) nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə törədilmiş cinayətin iqtisadi xarakterli cinayət olmaqla onun ictimai təhlükəliliyinin əsasən zərərçəkmiş şəxsə maddi ziyan vurulmasında ifadə olunduğunu, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə vurduğu zərəri tam həcmdə ödədiyini nəzərə alaraq qeyd edir ki, cəzanın məqsədlərindən olan sosial ədalətin bərpasına artıq qismən nail olunmuşdur. Cəzanın digər məqsədlərinin təmin edilməsi üçün təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının nisbətən aşağı həddə təyin edilməsi təqsirləndirilən şəxsin şəxsiyyətinə və işin hallarına uyğundur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 18 mart 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 20 mart 2021-ci il tarixdə isə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək müvəqqəti saxlama yerindən azad edilmişdir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsin tutulduğu (həbsdə saxlanıldığı) müddət bir gün həbs müddətinə iki gün azadlığın məhdudlaşdırılması cəzası hesabı ilə ona təyin ediləcək cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə maddi sübut – bir ədəd “Hoffmann” markalı televizorun qanuni sahibinə qaytarılmış olması nəzərə alınmışdır. İş üzrə məhkəmə xərci məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 50 manat puldan ibarətdir. Azərbaycan Respublikası CPM-in 198-ci maddəsinə uyğun olaraq həmin xərc təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmədə təqsirləndirilən şəxsə göstərdiyi 15 saat hüquqi yardıma görə 90 manat pul dövlət büdcəsinin vəsaiti hesabına Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu (həbsdə saxlanıldığı) iki gün müddət Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən bir gün həbsdə saxlama müddətinə iki gün azadlığın məhdudlaşdırılması cəzası hesabı ilə ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 11 (on bir) ay, 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs oğlu cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs oğlunun üzərinə yaşayış yerini saat 21:00-dan saat 06:00-dək tərk etməmək, cəza çəkdiyi müddət ərzində Gəncə şəhərinin ərazisi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzasının icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Gəncə şəhər Probasiya Şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə məhkəmə xərci - məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 50 (əlli) manat pul Təqsirləndirilən şəxs oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Məhkəmədə təqsirləndirilən şəxsə göstərdiyi 15 saat hüquqi yardıma görə 90 manat pul dövlət büdcəsinin vəsaiti hesabına Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №1(043)-199/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-199/2021
28.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver