Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(043)-20/2020 03.06.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Vəli Əsgər oğlunun sədrliyi, Şıxməmmədov İlkin Məzahir oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə X1 Məhkəmələrində DİMÜŞ-nin prokuroru, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərər çəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1976-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu, Təzəkənd kəndində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs usta işlədiyi evin sahibi üçün dam örtüyü lazım olduğunu və pulunu verəcəyini bildirərək onun etibarından sui-istifadə etmə və aldatma yolu ilə xx xxxxxx 2017-ci ildə Gəncə şəhərinin Avtozavod yolunun kənarında yerləşən mağazada 2107 manat dəyərində 100 ədəd, 2x1,25 ölçüdə qəhvəyi rəngli dəmir dam örtüklərini yük avtomobilinə yığaraq ev sahibinin pulu bir gün sonra ödəyəcəyini bildirib inandırmaqla həmin materialları aparıb ünvan 1 ünvanında yerləşən tikinti materialları mağazasının sahibi Şahid1 1290 manata sataraq Zərərçəkmiş şəxs 2107 manat dəyərində əmlakını ələ keçirib dələduzluq etmişdir. Bununla o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Göstərilən cinayət əməlinin törədilməsi ilk növbədə təqsirləndirilən şəxsin öz ifadəsi ilə sübut olunur. Belə ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayəti törətməkdə özünü təqsirli bilərək göstərdi ki, xx xxxxxx 2017-ci ildə Gəncə şəhərində yerləşən “Dubay bazarı” adlanan yerin yaxınlığında yerləşən kafedə söhbət əsnasında tanışı Elmidara dializ xəstəsi olan oğlu Nurlanın müalicəsi üçün pul lazım olduğunu dedikdə Elmidar ona dam örtüklərinin satışı ilə məşğul olan ortaq tanışları Rəşiddən mal götürüb başqa mağazaya sataraq pul əldə etməyi, bir neçə vaxtdan sonra isə işləyib Rəşidin pulunu verməyi məsləhət görmüşdür. O, Elmidardan həmin malları satmaqda köməklik istədikdə Elmidar Gəncə şəhərinin Yeni Gəncə qəsəbəsində tikinti materialları satışı ilə məşğul olan Elşən adlı şəxsə həmin malları sata biləcəyini demişdir. Bundan sonra Rəşidin mağazasına gedərək ona evində usta kimi işlədiyi şəxsə bəzi mallar lazım olduğunu, maşına yığıldıqdan sonra həmin şəxsin gəlib malları aparacağını demişdir. Rəşid razılıq verdikdən sonra Elmidarla birgə sürücüsünü tanımadığı “Qazel” markalı avtomobillə mağazanın yanına gəlmişlər. Rəşiddən 2107 manat dəyərində təxminən 100 ədəd 2x1,25 m ölçüdən qəhvəyi rəngdə dəmir materialdan dam örtüyü və aksessuarlarını götürüb avtomobilin yük yerinə yığmışdır. Bir nəfər şəxslə telefonla danışdıqdan sonra isə Rəşidə ev sahibinin Bakıya yola düşdüyünü, bu səbəbdən ora gələ bilməyəcəyini deyib həmin malları aparmağı xahiş edərək ev sahibi gələn kimi malların pulunu gətirəcəyini bildirmişdir. Rəşid tərəddüd etsə də, ona inandığı üçün razılaşmışdır. Bundan sonra həmin malları Elmidarın tanışı olan Elşən adlı şəxsə 1290 manata satıb bütün pulu uşağının müalicəsinə xərcləmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu, bir daha belə əmələ yol verməyəcəyini də bildirdi. O, həmçinin məhkəməyə ərizə təqdim edərək barəsindəki, Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə müddətin keçməsi ilə əlaqədar işə xitam verilməsinə etiraz etmədiyini qeyd etdi. Təqsirləndirilən şəxsin bəhs olunan cinayət əməlini törətməsi zərər çəkmişin və şahidin ifadələri ilə də sübut olunur. Belə ki, zərər çəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs ifadə verərək bildirdi ki, Gəncə şəhərinin Avtozavod qəsəbəsində yerləşən mağazada dam örtüklərinin satışı ilə məşğuldur. Təqsirləndirilən şəxs və Şahid2 usta kimi tanımışdır. xx xxxxxx 2017-ci ildə Elmidar və Arzu dam örtüyü almaq üçün onun mağazasına gəlib 2107 manat dəyərində mallardan ibarət siyahı təqdim etmişlər. O, siyahıya əsasən malları onların gəldiyi avtomobilə yığmışdır. Bundan sonra Arzu evində işlədiyi şəxsə zəng etdiyini deyərək kiminləsə telefonla danışıb malı alan adamın təcili olaraq Bakı şəhərinə getdiyini, sabah qayıdacağını bildirmişdir. Bu zaman o, malı boşaltmalarını, sabah ev yiyəsi gəldikdə yenidən maşına yığıb apara biləcəklərini dedikdə Arzu boyalı dam örtüklərini boşaldacaqları halda korlanacağını deyib malları indi aparmalarını xahiş edib ev sahibi gələn kimi malların pulunu gətirəcəyini bildirmişdir. O, Arzu və Elmidarı uzun müddətdir ki, tanıdığı üçün onlara etibar edərək razı olmuşdur. Bundan sonra isə Arzu həmin malların pulunu gətirməmiş, müxtəlif bəhanələr gətirərək tez bir zamanda pulu qaytaracağını demişdir. Sonradan ona məlum olmuşdur ki, Arzu ondan aldığı malları Elşən adlı şəxsə satmışdır. Həmçinin zərər çəkmiş şəxs məhkəməyə mülki iddia ərizəsi təqdim edərək təqsirləndirilən şəxsin ona dəymiş 2107 manat zərərdən 500 manatını ödədiyini nəzərə alıb 1607 manat məbləğində pulun Təqsirləndirilən şəxs onun xeyrinə tutulmasını xahiş etmişdir. Şahid1 ifadə verərək bildirdi ki, Gəncə şəhərinin Yeni Gəncə qəsəbəsinin 28 may küçəsində yerləşən 62 saylı ünvanda inşaat materialların satışı ilə məşğul olur. 2017-ci ilin noyabrında usta kimi tanıdığı Elmidar onun mağazasına gəlib ucuz qiymətə dam örtükləri satdığını dedikdə həmin materialları haradan aldığını maraqlanmışdır. Bu vaxt Elmidarla birgə gələn, usta kimi tanıdığı Arzu həmin dam örtüklərini öz evi üçün aldığını, lakin hazırda pula ehtiyacı olduğundan satmaq istədiyini demişdir. O, razılıq verdikdən sonra Arzunun dam örtüklərini 1290 manata almış, alarkən Elmidarın şəxsiyyət vəsiqəsinin surətini götürmüşdür. Bundan sonra həmin şəxsləri görməmişdir. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə CM-in 178.1-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Cinayət işinin materiallarına 69-70 saylı vərəqlərdə əlavə olunmuş tələbnamədən görünür ki, təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxsin əməlini səmimi etiraf edərək peşmançılıq çəkməsi, cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirilir. Təqsirləndirilən şəxsin əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Göstərilənlər məhkəməyə bu qənaətə gəlməyə əsas verir ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxsin əməlini Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə düzgün tövsif etmişdir, ona görə də, o, həmin maddənin sanksiyası hüdudlarında, cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. Lakin, məhkəmə baxışının nəticəsində müəyyən edilmişdir ki, hazırkı cinayət əməli üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 15.2-ci maddəsinə əsasən həmin Məcəllənin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. 75.1.1-ci maddəsinin tələblərinə görə böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. 75.3-cü maddəsinə əsasən cinayət törətmiş şəxs istintaqdan və ya məhkəmədən gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxs tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunur. İş materiallarına 71, 75, 208-209, 229 saylı vərəqlərdə əlavə olunmuş sənədlərdən görünür ki, təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək və xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədə cinayət təqibindən yayınmışdır. İşin müəyyən edilmiş hallarından görünür ki, cinayət xx xxxxxx 2017-ci ildə ildə törədilmiş, təqsirləndirilən şəxsin cinayət təqibi zamanı ibtidai araşdırma orqanından və məhkəmədən qaçıb gizləndiyi müddətlər nəzərə alınmaqla belə, cinayətin törədilməsindən iki ildən çox vaxt keçmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 43.3-cü maddəsində qeyd olunur ki, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmin Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilmiş və barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsini yazılı formada xahiş etmişdir. Yuxarıda göstərilənlərə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMin 178.1-ci maddəsi təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi əsası ilə xitam verillməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Mülki iddia ilə bağlı məsələyə gəldikdə isə məhkəmə qeyd edir ki, qanunvericilik cinayət təqibi zamanı verilmiş mülki iddianın cinayət mühakimə icraatı zamanı cinayət təqibinin yekunu olaraq baxılmasını nəzərdə tutur. Hazırda isə cinayət təqibinə xitam verildiyindən mülki iddia baxılmamış saxlanılmalıdır. Bununla yanaşı, məhkəmə izah edir ki, CPM-in 180.3-cü maddəsinin tələbinə görə cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər İş üzrə maddi sübut, məhkəmə məsrəfləri və CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə olunası əmlak yoxdur. Odur ki, məhkəmə göstərilənlərə əsaslanıb, AzərbaycanRespublikasıCinayət- ProsessualMəcəlləsinin43.3, 179-187, 321, 344-347, 356, 383-385-cimaddələrini rəhbər tutub QƏRAR VERDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi əsası ilə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, bu qərar elan olunduqdan dərhal sonra məhkəmə iclası zalında həbsdən azad olunsun. Mülki iddia baxılmamış saxlanılsın. Qərardan elan olunduğu andan 20 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə bu qərar qanuni qüvvəyə minir. Hakim: Vəli Abdullayev
Məhkəmə qərarları › İş №1(043)-20/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №1(043)-20/2020
03.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver