Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-20/2021 15.04.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi- Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, xx xxxxx 2021-ci il tarixdə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, xx.xx.1997-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan ,ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmə barədə iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, müəyyən etdi: Məhkəmə istintaqında müəyyən edildi ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019cu il tarixdə, saat 11 radələrində Gəncə şəhəri, Kəpəz rayonu ərazisində yerləşən X1 yaxınlığında sonradan tanıdığı Zərərçəkmiş şəxs ondan Bakı şəhərinə getmək üçün verdiyi yol haqqının ona geri qaytarılmasını tələb edərkən heç bir əsaslı səbəb olmadan, xuliqanlıq niyyəti ilə yerdən götürdüyü daş parçası ilə Zərərçəkmiş şəxs sol gözündən vuraraq sonuncuya sol gözdə görmə qabiliyyətinin azalması ilə müşayiət olunan sol göz nahiyyəsinin hematoması, sol göz almasının kontuziyası ilə nəticələnən xəsarət yetirməklə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən xuliqanlıq niyyəti ilə sağlamlığına az ağır zərər vurmuşdur. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin «sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsi»ndən bəhs edən 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəyini və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələbləri baxımından məhkəmə istintaqında təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin ifadələrini, ekspertiza rəyini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün subut növləri kimi qəbul edir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilib ifadəsində göstərdi ki, avtovağzaldan Bakı-Gəncə marşrutu üzrə sərnişin daşıyan mikroavtobuslara müştəri yığmaqda sürücülərə köməklik etməyə başlamış və mikroavtobusların sürücüləri də ona gündəlik 5-10 manat pul verirmişdilər. Zərərçəkmiş şəxs əvvəllər tanımamış, sonuncu ilə hər hansı bir düşmənçiliyi və ya ədavəti olmamışdır. xx xxxxxx 2019-cu il tarixdə səhər saatlarında Yeni avtovağzala getmiş, həmin vaxt sürücüsünü tanımadığı Gəncə-Bakı marşrutu üzrə sərnişin daşıma mikroavtobusuna yaxınlaşıb həmin mikroavtobus üçün müştəri yığmağa başlamışdır. O, “Bakıya mikroavtobus çıxır” deyə uca səslə müştəri cəlb etmiş, tanımadığı və adlarını bilmədiyi sərnişinlər gəlib sürücüyə gediş haqqını ödədikdən sonra mikroavtobusa əyləşmişlər. Həmin mikroavtobusun sürücüsünü tanımamış və sürücü bir qədər aralıda dayanıb bir neçə nəfər tanımadığı şəxslərlə söhbət etmişdir. O, mikroavtobusda kifayət qədər sərnişinlərin əyləşdiyini gördükdən sonra sükan arxasında əyləşib musiqiyə qulaq asmağa başlamışdır. Təxminən saat 11 radələrində kənardan kimsə qışqırıb “mikroavtobusu avtovağzalın çölünə sür” deyə bildirdiyi üçün o, həmin vaxt bu sözləri deyən şəxsin ona müraciət etdiyini güman etmiş və mühərriki işə salıb mikroavtobusu avtovağzalın ərazisindən çıxardaraq bir qədər aralıda dayandırmış və digər bir mikroavtobus gəlib əvvəlcə idarə etdiyi mikroavtobusun dayandığı yerdə dayanmışdır. O, sükan arxasında əyləşib telefonda musiqiyə qulaq asan vaxt kənardan kimsə “mühərrikdə problem olduğu üçün mikroavtobusda olan sərnişinlər düşüb digərinə minsinlər” deyə müraciət etmişdir. Həmin vaxt əvvəllər tanımadığı, adını sonradan bildiyi Zərərçəkmiş şəxs digər mikroavtobusa minməkdən imtina etmiş və əvvəlcədən ödədiyi gediş haqqını qaytarmağı ondan tələb etmişdir. O, isə pulu olmadığını və gediş haqqını kimə veribsə gedib həmin şəxsdən də almağı İbrahimə bildirmişdir. Bu səbəbdən Zərərçəkmiş şəxsla aralarında mübahisə yaranmış, Zərərçəkmiş şəxs mikroavtobusdan yerə düşüb ona tərəf gəldiyi üçün özü, də əyləşdiyi sükan arxasından yerə düşmüşdür. Zərərçəkmiş şəxs ona yaxınlaşıb mübahisə etməyə başlamış və onu nalayiq sözlərlə təhqir etməyə başlamışdır. O, Zərərçəkmiş şəxs işlətdiyi əxlaqsız sözlərə görə bərk əsəbiləşdiyi üçün yerdən götürdüyü daş parçası ilə İbrahimin sol gözündən zərbə vurmuş və İbrahim yerə yıxılmışdır. Həmin dava-dalaş təxminən 2-3 dəqiqəyə yaxın davam etmiş, hadisə zamanı ətrafda kənar şəxslər görməmişdir. Yalnız Mehman adlı şəxs hadisəni görüb onlara yaxınlaşmış və onu hadisə yerindən uzaqlaşdırıb evlərinə göndərmişdir. Sonradan bildiyinə görə isə Zərərçəkmiş şəxs sol gözündən xəsarət aldığı üçün əvvəlcə Gəncə şəhəri Göz xəstəlikləri Xəstəxanasına, daha sonra isə Bakı şəhərində yerləşən Akademik Z.Əliyeva adına Milli Oftolmologiya Mərkəzinə gedib orada gözündən cərrahiyyə əməliyyatı olunmuşdur. Mehman adlı şəxsin anket məlumatlarını və o cümlədən yaşadığı ünvanı tam dəqiq bilməsə də sonuncu ilə avtovağzalda tanış olmuş və Mehman da onun kimi avtovağzalda dayanıb Bakı-Gəncə marşrutu üzrə sərnişin daşıyan mikroavtobuslara müştəri yığmaqla məşğul olur. Zərərçəkmiş şəxsla aralarında olan mübahisə zamanı özü heç bir xəsarət almamış və həmin vaxt aralarında dava dalaş olmamışdır. Sadəcə bir anda daşla İbrahimin gözündən vurub xəsarət yetirmiş və onlar aralaşmışdır. Bundan sonra özü də, sonuncuya hər hansı bir xəsarət yetirməmişdir. Həmin hadisə bir anda qısa zaman kəsiyində baş verdiyi üçün ora kənar şəxs toplaşmamış və ətrafda tanıdığı hər hansı bir şəxs olmamış, həmçinin həmin hadisə heç kimin narahatçılığına səbəb olmamışdır. Hazırda zərərçəkmiş şəxsə dəymiş zərəri ödəmiş və onunla barışıq əldə etmişdir. Əməlindən peşman olduğunu nəzərə alıb ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, sonuncu ilə düşmənçiliyi və ya ədavəti olmamışdır. xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhərinə getmək üçün Gəncə şəhər Yeni avtovağzala getmiş və orada tanımadığı avtobusun sürücüsünə gediş haqqını ödəyib mikroavtobusa əyləşmişdir. Təxminən saat 11 radələrində həmin mikroavtobus avtovağzalın ərazisindən çıxıb yaxınlıqda dayanmış və həmin yerdə digər köhnə bir vəziyyətdə olan mikroavtobus da gəlib dayanmışdır. Onların olduğu mikroavtobusun sürücüsü düşüb həmin köhnə vəziyyətdə olan mikroavtobusa minmələrini və həmin mikroavtobusla Bakı şəhərinə gedəcəklərini bildirmişdir. O, həmin köhnə vəziyyətdə olan mikroavtobusun salonuna daxil olub köhnə və narahat olduğunu görüb həmin mikroavtobusla getməkdən imtina etmiş və əvvəlcə mindiyi mikroavtobusa qayıtmış və avtobusda sükan arxasında əyləşən adını sonradan bildiyi Təqsirləndirilən şəxs getmək istəmədiyi üçün gediş haqqını qaytarmasını tələb etmişdir. Nicat da ona “pulu get kimə veribsənsə həmin adamdan al” sözlərini demişdir. O, Nicatın gediş haqqını qaytarmaq istəmədiyini görəndə əgər sərnişin yol qət etməzdən əvvəl getməkdən imtina edirsə gediş haqqı qaytarılmalı olmasını izah etmişdir. Həmçinin ona bildirmişdir ki, hal hazırda avtobusda sükan arxasında Nicat olduğu üçün onun pulunun geri qaytarılmasını həmin şəxs təmin etməlidir. Bu səbəbdən mikroavtobusun içərisində Təqsirləndirilən şəxsla aralarında mübahisə yaranmış, özü, mikroavtobusdan yerə düşdükdə Nicat da sükan arxasından yerə düşmüşdür. Həmin vaxt Nicat yerdən əlinə daş parçası götürərək üstünə tərəf gəlmiş və qəfildən gözləmədiyi halda əlindəki daş parçası ilə onun sol gözündən bərk zərbə vurmuşdur. Həmin vaxt o, özünü itirib yerə yıxılmış, sol gözü ilə ətrafı görə bilməmişdir. O, yerdə yıxılmış vəziyyətdə olanda Nicat təpiklə bədəninin müxtəlif nahiyələrindən vurmağa başlamış və dava-dalaş zamanı Nicat onu tək döymüşdür. Təxminən 2-3 dəqiqəyə yaxın davam etmiş hadisə zamanı ətafa kənar şəxslər toplaşmamışdır. Bundan sonra o, Gəncə şəhəri Göz xəstəlikləri Xəstəxanasına getsə də daha ağır xəsarət aldığı üçün həkimlər onu Bakı şəhərində yerləşən Akademik Z.Əliyeva adına Milli Oftolmologiya Mərkəzinə göndərmişlər. O, dərhal həmin gün Bakı şəhərinə yola düşmüş, həmin Tibb Müəssisəsinə getmiş və həkimlər tərəfindən sol gözündə cərrahiyyə əməliyyatı aparılmışdır. Təqsirləndirilən şəxs onu heç bir səbəb olmadan qəflətən vurmuşdur. O, həmin vaxt Nicata heç bir təhqir edici söz deməmiş, sadəcə Nicatdan yol pulunu geri qaytarılmasını tələb etmişdir. Təqsirləndirilən şəxs onu vuraraq xəsarət yetirdiyi zaman həmin hadisə bir anda qısa zaman kəsiyində baş verdiyi üçün ora kənar şəxs toplaşmamış və ətrafda tanıdığı hər hansı bir şəxs olmamışdır. Ona dəyən zərər ödənildiyindən şikayəti və tələbi olmadığını bildirmiş və bununla bağlı məhkəməyə notarial qaydada ərizə təqdim etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 Gəncə şəhər şöbəsinin xx.xx.2020-ci il tarixli canlı şəxsin espertizası haqqında 2044 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol gözdə görmə qabiliyyətinin azalması ilə müşayiət olunan sol göz nahiyyəsinin hematoması, sol göz almasının kontuziyası bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmiş, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2019-cu il tarixə uyğun gəlir və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. (i.v. səh.27-30) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-in xx.xx.2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Füzuli Hərbi Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 332.1-ci maddəsi ilə təqsirli bilinərək N ay intizam xarakterli hərbi hissədə saxlama cəzası təyin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə hökm dəyişdirilərək, CM-nin 70-ci maddəsinə əsasən N ay şərti olaraq sınaq müddəti təyin edilmişdir.(i.v 51-55) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə şəhər Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli, 138941/19 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə təyin olunmuş N ay şərti sınaq müddətini xx.xx.2017-ci il tarixdə çəkib qurtarmışdır.(i.v 101) Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş ərizədən görünür ki, ona dəymiş ziyan ödənilmişdir, Təqsirləndirilən şəxs qarşı hər hansı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı təqdim olunmuş SX-0248710 nömrəli hərbi biletin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək hərbi xidmətdə olmuş, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Kəlbəcər istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə, saat 11 radələrində Gəncə şəhəri, Kəpəz rayonu ərazisində yerləşən X1 yaxınlığında sonradan tanıdığı Zərərçəkmiş şəxs ondan Bakı şəhərinə getmək üçün verdiyi yol haqqının ona geri qaytarılmasını tələb edərkən heç bir əsaslı səbəb olmadan, xuliqanlıq niyyəti ilə yerdən götürdüyü daş parçası ilə Zərərçəkmiş şəxs sol gözündən vuraraq sonuncuya sol gözdə görmə qabiliyyətinin azalması ilə müşayiət olunan sol göz nahiyyəsinin hematoması, sol göz almasının kontuziyası ilə nəticələnən xəsarət yetirməklə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən xuliqanlıq niyyəti ilə sağlamlığına az ağır zərər vurmuşdur. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli «az ağır» cinayət olmaqla həyat və sağlamlıq əleyhinə olan cinayətdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən olunmadı. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirli bilindiyi cinayət əməlinə görə qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən, onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəmiş zərəri ödəməklə onunla barışıq əldə etməsini, ikinci Qarabağ müharibəsi iştirakçısı olmasını, əməlindən səmimi peşman olmasını Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilmiş ağırlaşdırıcı hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü bəndinə uyğunluğu haqqında» xx xxxxxx 1999-cu il tarixli qərarında göstərilir ki, cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx xxxx 2003-cü il tarixli qərarının aşağıdakı izah və tələblərini də nəzərə alır. Belə ki, həmin qərarın 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Göstərilən qərarın 2-ci bəndində isə izah edilir ki, cəzaların tətbiq edilməsi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub olmaması,məsələn sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və.s) kimi hallara da diqqət yetirilməlidir. Ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş zərəri ödəməklə onunla razılıq əld etməsini, əməlindən peşman olmasını onun islah olunmasına dəlalət edən hal hesab edib onun cəmiyyətdən təcrid olunmadan islah olunmasını mümkün sayıb, barəsində təqsirliyi bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək bir vəzifə olaraq qoyulmalı, onun davranışı üzərində nəzarət daimi yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə edilməlidir. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (mad.346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (mad.353.4.10) məsələlərdən biri də, məhkəmə məsrəflərinin (xərclərinin) ödənilməsi məsələsidir. İş üzrə məhkəmə xərci yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə iş üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutuaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3cü maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Gəncə Şəhər Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Cavid Tağıyev
Məhkəmə qərarları › İş №1(043)-20/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-20/2021
15.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver