Məhkəmə qərarları › İş №1(043)-20/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-20/2022

07.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-20/2022 07.02.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi- Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, 07 fevral 2022-ci il tarixdə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında, xx.xx.1998-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, satıcı işləyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2n barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, müəyyən etdi: Məhkəmə istintaqında müəyən edildi ki, Təqsirləndirilən şəxs yaxın münasibətdə olduğu dostu X3 27 avqust 2018-ci il tarixdə saat 17 radələrində ünvan 3 ünvanında yerləşən çay evində sonuncunun tanışı X7 ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı onu qəsdən öldürmək qərarına gəlib, niyyətini həyata keçirtmək məqsədilə həmin vaxt üzərində olan istintaqla əldə edilməsi mümkün olmayan bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan bıçaqla qəsdən sol kürək nahiyəsindən bir zərbə vuraraq yetirildiyi anda həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmaya aid edilən sol ağ ciyərin zədələnməsi, hemopnevomotoraks və plevropulmonal şokla müşayiət olunan döş qəfəsinin sol yan səthinin bir ədəd daxilə keçən deşilmiş-kəsilmiş yara xəsarəti yetirməsinə baxmayaraq zərərçəkmiş şəxsə vaxtında ixtisaslı tibbi yardım göstərilməsi ilə həyatı xilas olunduğuna görə öz iradəsindən asılı olmayan səbəblərdən cinayətkar əməlini başa çatdıra bilməyərək qəsdən həyatdan məhrum etməyə cəhd etməsinə dair xüsusilə ağır cinayət törədilməsini bilərək Gəncə şəhər prokurorluğunun sabiq müstəntiqi, İİİ dərəcəli hüquqşünas X10 tərəfindən 28 avqust 2018-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, rəsmi qaydada 28 avqust 2018-ci il tarixdən etibarən axtarışa verilmiş xüsusi ilə ağır cinayət törətmiş X3 xahişi ilə qabaqcadan vəd etmədən sonuncunu ünvan 4 ünvanındakı evdə tək yaşamasından istifadə edib 28 avqust 2018-ci il tarixdən tutulduğu 08 oktyabr 2018-ci il tarixədək olan müddət ərzində gizlətməklə, xüsusilə ağır cinayəti gizlətmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-CM) 307.3-cü maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədi. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin «sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsi»ndən bəhs edən 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından məhkəmə istintaqında şahid qismində dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün subut növləri kimi qəbul edir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, törətdiyi əməldən peşmandır. Belə ki, “Ktı” ləqəbli X5 uşaq vaxtından tanımış, onunla dost olmuşdur. 2018-ci ilin mart ayından başlayaraq o, anasının yaşadığı evdən ayrılmış və özü ayrıca evdə yaşamağa başlamış, buna görə 2018-ci ilin mart ayında özü üçün ünvan 4 ünvanında yerləşən evi yaşamaq üçün kirayə tutmuşdur. Fazil Mustafayevi cinayət törətməmişdən 3 gün əvvəl, yəni 24 avqust 2018-ci il tarixdə görmüş, sonuncu onun işlədiyi bilyard evinə gəlib bir az vaxt keçirtmiş və evdə anası ilə mübahisə etdiyini bildirərək bir gün onlarda qalmaq istədiyini bildirmişdir. Fazil birinci dəfə onun kirayə tutduğu evdə 2 gün qalmışdır. Bundan sonra 27 avqust 2018-ci il tarixdə axşam saat 19 radələrində Fazil tanımadığı bir nömrədən zəng vuraraq evlərində problem olduğunu onun yaşadığı evdə qalmaq istədiyini demiş, o, da Fazilə etiraz etməmişdir. Həmin vaxt o işdə olmuş, evə gecə saat 01 radələrində qayıtmışdır. Fazil artıq onun evinə gələndə 28 avqust 2018-ci il saat 04 radələri olmuş, həmin vaxt o, yatmışdır. Fazildən heç nə soruşmamış, qapını açmış və Fazili evə buraxıb yenidən yatmışdır. Fazil evlərində mübahisə olduğu üçün bir neçə gün onun yanında qalmasını xahiş etmişdir. Fazilin cinayət törətməsindən məlumatı olmamışdır. 08 oktyabr 2018-ci il tarixdə “ star” klub-da olarkən günorta saatlarında Nizami rayon polis idarəsinin polis işçiləri ona yaxınlaşaraq onu polis idarəsinə dəvət etmişlər. Həmin vaxt ona məlum olmuşdur ki, Fazil cinayət törətdiyi üçün onun evində gizlənmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi hadisə ilə əlaqədar tanımışdır. Gəncə şəhər Baş Polis İdarəsində CAİ-ın əməliyyat müvəkkili işləyərkən axtarışda olan “ktı” ləqəbli Fazil Mustafayevin tutulmasına dair axtarış tədbirində iştirak etmiş, həmin zaman tədbirin keçirilməsində onunla yanaşı Gəncə şəhər BPİ–nin XTB-ün sabiq komandir müavini Rasim Qurbanov, əməliyyat müvəkkilləri Əfqan İsmayılov, Şahid3, Mustafa Əlizadə iştirak etmişlər. Belə ki, həmin vaxt Fazil Mustafayev barəsində adam öldürməyə cəhd cinayətinə görə cinayət işi istintaq edilmış, sonuncu istintaqdan qaçıb gizləndiyinə görə barəsində axtarış elan edilmiş və onun axtarıb tapılması və istintaqa təhvil verilməsi Gəncə şəhər Nizami rayon polis idarəsinə həvalə edilmişdir. Onun axtarışı Nizami rayon polis idarəsinin CAŞ-na tapşırılmış, həmin zaman bütün güclər onun axtarılmasına cəlb edilsə də Fazil Mustafayev 1 aydan çox müddət ərzində hüququ mühafizə orqanlarından qaçıb gizlənməyə nail olmuşdur. Fazil Mustafayev axtarışda olan müddət onu tapmaq məqsədilə bir neçə dəfə onun anasının yaşadığı ünvana gedilmiş, lakin Fazil Mustafayev orada olmamış, onun adam öldürməyə cəhd maddəsi ilə axtarışda olması barədə anasına və yaxın ətrafına, dostlarına məlumat verilmiş, lakin onlar Fazil Mustafayevin yerini hüquq mühafizə orqanlarına deməmişlər. Həmçinin əməliyyat axtarış işləri zamanı Təqsirləndirilən şəxs Fazil Mustafayevin yaxın dostu olduğunu müəyyən olunduğundan, onunla Fazil Mustafayevin harada olması barədə söhbət aparılmış, həmin vaxt Elşənə Fazilin adam öldürmə cinayətinə görə axtarışda olduğunu bildirmiş, lakin Təqsirləndirilən şəxs Fazil Mustafayevin harada gizlənməsi barədə məlumatı olmadığını əməliyyatçılara bildirmişdir. X6 harada ola biləcəyi barədə onun bütün yaxın ətrafı ilə söhbət aparılmış, lakin müsbət bir nəticə əldə olunmamışdır. Bundan sonra daxil olmuş əməliyyat məlumatı ilə müəyyən olunmuşdur ki, “Ktı” ləqəbli Fazil Mustafayevi tanışı Təqsirləndirilən şəxs kirayədə yaşadığı “poselka” deyilən ərazidə, ünvan 4 ünvanında yerləşən mənzildə gizlədir. Odur ki 08 oktyabr 2018-ci il tarixdə saat 17-18 radələrində əməliyyat-axtarış qrupu ilə həmin ünvana getmişlər, lakin bu barədə Təqsirləndirilən şəxs məlumat verməmişlər, çünki sonuncu bunu bilsəydi, Fazilin dalınca həmin evə getdiklərini deyib onu evdən çıxarıb başqa ünvana apara bilərdi. Bunun üçün həmin ünvana getməkləri barədə Elşənə deməmişlər və xüsusilə onun xəbəri olmayan və gözləmədiyi bir vaxtda həmin evə getmişlər ki, Elşən Fazili tutmağa maneə olmasın. Beləliklə icra nümayəndəsi ilə birlikdə həmin ünvana getmişlər, bloka daxil olaraq qapını döymüşlər, lakin qapını açan olmamış, qapı arxadan bağlı olmuşdur. Belə ki, evin içərisində olan Fazil Mustafayev küçədən gələn səs küydən anlamışdı ki, onu tutmağa gəliblər və buna görə də qapını açmayaraq evin içərisində gizlənmişdi. Fazil Mustafayev qapını onlara açmadığına görə onlar məcbur olub mənzilə açıq olan pəncərədən daxil olmuşlar, lakin evdə Fazil Mustafayevi görməmişlər, evi axtarmağa başlamışlar, bu zaman yataq otağında çarpayının altına baxanda görmüşlər ki, Fazil Mustafayev çarpayının altında səssiz gizlənib. Fazil arıq bədən quruluşuna malik olduğuna görə asanlıqla çarpayının altına sığışırdı. Həmin vaxt Fazil evdə tək olmuşdur. Polis əməkdaşları Fazili çarpayının altından çıxartmışlar, bundan sonra o, özündə olan açar ilə mənzilin qapısını açmış və polis işçiləri ilə birlikdə evdən çıxaraq qapını açarla bağlayıb evi tərk etmiş, həmin vaxt onlar Fazildən soruşmuşlar ki, evin açarını ona kim verib, o isə söhbət əsasında bildirmişdir ki, evə özbaşına girməyib, evin sahibi Təqsirləndirilən şəxs onun yaxın dostudur, Elşən onun adam bıçaqladığını və axtarışda olduğunu bildiyi üçün ona köməklik edərək bir müddətdir ki, onu evində gizlətmiş, lakin Elşən gecə saatlarına qədər işdə olduğundan mənzilin açarının bir nüsxəsini ona vermişdir ki, nə isə təcili bir hal olarsa evin qapısını bağlayıb evi tərk edə bilsin. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, Gəncə şəhəri Nəriman Nərimanov küçəsi, ( hazırki Nizami küçəsi) bina 28, mənzil 29 ünvanında yerləşən evi 11 sentyabr 2017-ci il tarixdə Ramin adlı şəxsdən təxmini olaraq 27 000( iyirmi yeddi min) manat ödəyərək satın almış, orada heç vaxt yaşamamış, ev istifadəsiz qalmışdır. 2018-ci ilin yay aylarında Şans Tibb mərkəzinin yaxınlığında çayxanada oturduğu zaman çayxanada işləyən bir nəfər şəxsin kirayə üçün ev axtardığını bilmiş, sonradan həmin şəxsin adının Elşən olduğunu öyrənmiş, həmin vaxt Elşən Hidayət adlı maklerlə birgə onun yanına yaxınlaşmışlar. Onlar birgə gedib evə baxmış və Elşən evi bəyəndiyi üçün kirayə haqqı 150 manat olmaqla evi kirayəyə götürmüşdür. Elşənin evdə neçə müddət qalacağını bilməmiş, Elşən kirayə pulunu hər ayın 5-i ya onun özünə, ya da ki, Hidayət adlı maklerin vasitəsi ilə yollamışdır. 2018-ci ilin oktyabr ayında Elşən pulu gətirməmiş, o ayın 10-a qədər gözləmiş və sonradan Elşənə zəng vurmuş, lakin Elşənlə əlaqə saxlaya bilməmiş, oktyabr ayının ortalarında isə Elşənin anası açarı Hidayətə təhvil vermişdir. O, sonradan xəbər tutmuşdur ki, Elşən həmin evdə cinayətkarı gizlətmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid3 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi hadisə ilə əlaqədar tanımışdır. 2018-ci ildə Gəncə şəhər Nizami rayon polis idarəsinin CAŞ-ın əməliyyat müvəkkili işləyərkən axtarışda olan “ktı” ləqəbli Fazil Mustafayevin tutulmasına dair axtarış tədbirində iştirak etmişdir. 08 oktyabr 2018-ci il tarixdə tədbirin keçirilməsində onunla yanaşı Gəncə şəhər BPİ-nin XTB-ün sabiq komandir müavini Rasim Qurbanov, əməliyyat müvəkkilləri Əfqan İsmayılov, Şahid2, Mustafa Əlizadə iştirak etmişlər. Belə ki, həmin vaxt Fazil Mustafayev barəsində adam öldürməyə cəhd cinayətinə görə şəhər prokurorluğunda cinayət işi istintaq edilmiş, o istintaqdan qaçıb gizləndiyinə görə barəsində axtarış elan edilmiş və onun axtarıb tapılması və istintaqa təhvil verilməsi Gəncə şəhər Nizami rayon polis idarəsinə həvalə edilmişdir. Axtarış işi həmin vaxt Nizami RPİ-də əməliyyat müvəkkili işləyən Şahid4 icraatında olmuş, həmin zaman bütün əməliyyatçılar Fazil Mustafayevi axtarmağa cəlb edilsələr də Fazil Mustafayev 1 aydan çox müddət ərzində hüququ mühafizə orqanlarından qaçıb gizlənməyə nail olmuşdur. Fazil Mustafayev axtarışda olan müddət onu tapmaq məqsədilə bir neçə dəfə onun anasının yaşadığı ünvana gedilmiş, hətta axtarış keçirilməsinə cəhd edilmiş, lakin onun anası səs küy salaraq buna maneə olmuşdur. Fazilin adam öldürməyə cəhd maddəsi ilə axtarışda olması barədə anasına və yaxın ətrafına məlumat verilmiş, harada olması barədə sorğu sual edilmişlər, lakin onlar yalandan Fazil Mustafayevlə əlaqələrinin olmadığını bildirmişlər. Halbuki Şahid4 əməliyyat yolu ilə müəyyən etmişdir ki, Fazilin anasının oğlu ilə mütəmadi əlaqəsi var və hətta bir dəfə o öz evlərinə gəlmişdir. Artıq Fazilin axtarışda olması barədə demək olar ki, bütün “poselka” deyilən ərazidə Fazili tanıyan hər bir kəsin xəbəri var idi. Belə ki, onlar gecə gündüz Fazilin anasının yaşadığı evin ətrafında olmuşlar ki, bəlkə Fazil anasıgilə gələ və onu tutalar, lakin Fazil hüquq mühafizə orqanlarında məharətlə gizlənməyi bacarmış, bunu da tək etməmiş, belə ki, ona kömək edən şəxs Təqsirləndirilən şəxs olmuşdur. Belə ki, əməliyyat axtarış tədbirlərin həyata keçirilməsi zamanı bilyard evində işləyən Təqsirləndirilən şəxs Fazil Mustafayevin yaxın dostu olduğu və “poselka” deyilən ərazidə yaşadığı müəyyən olunmuşdur. Fazil Mustafayevin yerinin müəyyən edilməsi məqsədilə o, Elşən adlı oğlanı soraqlayıb “Şans” tibb mərkəzinin arxasında yerləşən “star klub” bilyard evində tapmış və ondan dostu Fazilin adam öldürməyə cəhd cinayətinə görə axtarışda olduğunu və onun yerini bilirsə deməsini ona bildirmişdir. Elşən isə həmin vaxt Fazilin cinayət törətməsindən təəssüf hissi keçirdiyini və Fazillə əlaqəsinin olmadığını, sonuncunun harada gizlənməsi barədə məlumatlı olmadığını, polislərə bu barədə kömək edə bilməyəcəyini demişdir. O, Elşənə Fazilin qaçıb gizlənməklə ağılsız hərəkət etdiyini, sonuncunu 10 ildən çox həbs cəzası gözlədiyini bildirmiş, Elşən isə bu barədə heç bir fikri olmadığını bildirmişdir. Beləliklə bundan sonra axtarış tədbirləri yenədə davam etmiş, Fazil Mustafayevin harada ola biləcəyi barədə onun bütün yaxın ətrafı, dostu tanışı ilə söhbət aparılmış, lakin müsbət bir nəticə əldə olunmamışdır. Bundan bir müddət sonra daxil olmuş əməliyyat məlumatı ilə müəyyən olunmuşdur ki, “Ktı” ləqəbli Fazil Mustafayevi həmin bilyard klubunda işləyən Təqsirləndirilən şəxs kirayədə yaşadığı “poselka” deyilən ərazidə yerləşən bir mənzildə gizlədir. Həmin vaxt həmçinin müəyyən edilmişdir ki, Fazil evdən çölə çıxa bilmədiyinə görə ona lazım olan ərzaq və digər ləvazimatları Elşən şəhərdən alıb gizlincə gətirib verir, ona lazım olan hər bir şeylə təmin edir ki, Fazil evdən çıxıb tutulmasın. Daha sonra Elşən yaşadığı həmin ünvan Şahid4 tərəfindən dəqiqləşdirilmiş və müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs Fazil Mustafayevi ünvan 4 ünvanında yerləşən mənzildə gizlədir. 08 oktyabr 2018-ci il tarixdə saat 17-18 radələrində əməliyyat-axtarış qrupu ilə həmin ünvana getmişlər, lakin onlar bu barədə əvvəlcədən Təqsirləndirilən şəxs məlumat verməmişlər, çünki Elşən bu barədə bilsəydi, Fazilin dalınca həmin evə getdiklərini deyib onu evdən çıxarıb başqa ünvana apara bilərdi. Odur ki, xüsusilə Elşənin xəbəri olmadığı və gözləmədiyi bir vaxtda həmin evə getmişlər ki, Elşən onlara Fazili tutmağa maneə olmasın. Beləliklə icra nümayəndəsi ilə birlikdə həmin ünvana getmişlər, bloka daxil olaraq qapını döymüşlər, lakin qapını açan olmamış, qapı arxadan bağlı olmuş, belə ki, evin içərisində olan Fazil Mustafayev küçədən gələn səs küydən anlamışdı ki, onu tutmağa gəliblər və buna görə də qapını açmayaraq evin içərisində gizlənmişdi. Fazil qapını açmadığına görə onlar məcbur olub mənzilə açıq olan pəncərədən daxil olmuşlar, lakin evdə Fazil Mustafayevi görməmişlər, evi axtarmağa başlamışlar, yataq otağında çarpayının altına baxanda görmüşlər ki, Fazil Mustafayev çarpayının altında səssiz gizlənmişdir.Onlar Fazili çarpayının altından çıxartdıqdan sonra sonuncu özündə olan açar ilə mənzilin qapısını açmış və onlarla birlikdə evdən çıxaraq qapını açarla bağlayıb evi tərk etmişdir. Həmin vaxt onlar Fazildən evini açarını ona kimin verdiyini soruşmuşlar, sonuncu isə söhbət əsasında bildirmişdir ki, evə özbaşına girməmiş, evin sahibi Təqsirləndirilən şəxs onun yaxın dostudur, Elşən onun adam bıçaqladığını və axtarışda olduğunu bildiyi üçün ona köməklik edərək bir müddətdir ki, onu evində gizlətmiş, lakin sonuncu gecə saatlarına qədər işdə olduğundan mənzilin açarın bir nüsxəsini ona vermişdir ki, nə isə təcili bir hal olarsa evin qapısını bağlayıb evi tərk edə bilsin. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid4 ifadəsində göstərmişdir ki, Gəncə şəhər BPİ-nin CAİ-nin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxsi hadisə ilə əlaqədar tanımışdır. 2018-ci ildə Gəncə şəhər Nizami rayon polis idarəsinin CAŞ-ın baş əməliyyat müvəkkili işləyərkən axtarışda olan “ktı” ləqəbli Fazil Mustafayevin axtarış işi onun icraatında olmuş, belə ki, həmin vaxt Fazil Mustafayev barəsində adam öldürməyə cəhd cinayətinə görə şəhər prokurorluğunda cinayət işi istintaq edilmiş, istintaqdan qaçıb gizləndiyinə görə barəsində axtarış elan edilmiş və axtarıb tapılması və istintaqa təhvil verilməsi Gəncə şəhər Nizami rayon polis idarəsinə həvalə edilmişdir. Axtarış işi onun icraatında olmuş, cinayətkarın yerinin müəyyən edilərək tutulması və istintaqa təqdim edilməsi üçün bir sıra əməliyyat axtarış tədbirləri həyata keçirilmişdir. Fazil Mustafayev axtarışda olan müddət onu tapmaq məqsədilə bir neçə dəfə onun anasının yaşadığı ünvana gedilmiş, hətta axtarış keçirilməsinə cəhd edilmiş, lakin onun anası və evdə olan şəxslər səs küy salaraq buna maneə olmuşlar. Belə ki, o, həmin vaxt əməliyyat tədbirləri nəticəsində müəyyən etmişdir ki, Fazil anası ilə görüşmək üçün öz evlərinə gəlib. Lakin həmin vaxt tədbir baş tutmamış, çünki Fazilin anası orada səs küy salmış və onlar evə daxil ola bilməmişlər. Fazilin adam öldürməyə cəhd maddəsi ilə axtarışda olması barədə anasına və yaxın ətrafına məlumat verilmiş, lakin onlar yalandan Fazil Mustafayevlə əlaqələrinin olmadığını bildirmişlər. Halbuki Fazil anası ilə görüşməyə evlərinə bir dəfə gəlmiş və anası ilə mütəmadi olaraq əlaqədə olmuşdur. Həmçinin onun tərəfindən həyata keçirilmiş əməliyyat axtarış işləri zamanı Təqsirləndirilən şəxs Fazil Mustafayevin yaxın dostu olduğu və Fazil Mustafayevin adam öldürməyə cəhd etmə cinayətinə görə axtarışda olduğunu bilə-bilə yaşadığı “poselka” deyilən ərazidə kirayə tutduğu mənzildə gizlətdiyini aşkar edilmişdir. Həmin vaxt həmçinin müəyyən etmişdir ki, Fazil evdən çölə çıxa bilmədiyinə görə ona lazım olan ərzaq və digər ləvazimatları Elşən ona şəhərdən alıb gizlincə gətirib verir, ona lazım olan hər bir şeylə təmin edir ki, Fazil evdən çıxıb tutulmasın. Uzun müddət bilmişdir ki, Fazil Elşənlə birgə haradasa yaşayır, lakin ünvanı dəqiq müəyyən edə bilməmişdir. Elşənlə Fazil çox gizli hərəkət etmişlər, səhv buraxmamağa çalışmışlar. Təqsirləndirilən şəxs Fazil Mustafayevin törətdiyi cinayət barəsində xəbəri olmuş və Fazil tutulmasın deyə ona gizlənməkdə hər cür köməklik etmişdir, buna səbəb isə onların dost olmaları olmuşdur. Bu halı o, özü şəxsən apardığı əməliyyat axtarış tədbirləri nəticəsində müəyyən etmişdir. X16 gizlətdiyi mənzili müəyyən edə bilmiş, belə ki, həmin ünvan ünvan 4 idi. Həmin vaxt o başqa axtarış işlərinə görə Rusiya Federasiyasına ezam olunduğuna görə təcili olaraq Fazilin yeri barədə rəhbərliyə şifahi məruzə etmiş və bundan sonra polis əməkdaşları həmin mənzilə gedərək Fazili oradan aşkar etmişlər. Avropa İnsan Hüquqları Məhkəməsinin «Andandonskinin-Rusiyaya qarşı» işi üzrə 28.09.2006-cı il tarixli, həmçinin, «Saidinin-Fransaya qarşı» işi üzrə 20.09.1993-cü il tarixli qərarlarında izah edilir ki, «sübutların mümkünlüyü» daxili qanunvericiliklə tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə, Avropa İnsan Hüquqları Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından ibtidai araşdırma mərhələsində şahid qismində dindirilmiş X4 ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmuş X17 oğlu ifadəsində göstərmişdir ki, maklerliklə məşğul olan vaxtlar, 2018-ci ilin yaz aylarında Şahid1 adlı şəxs ona yaxınlaşaraq Nizami küçəsində yerləşən mənzilini kirayə vermək istədiyini demiş və buna görə ondan köməklik istəmişdir. Təqsirləndirilən şəxs isə 1 il olar ki, tanımış, belə ki, sonuncu Fikrət Əmirov adına parkın yaxınlığında yerləşən çayçıda işləmiş, o da adətən həmin parkda oturmuş, Elşən ona təxmini 2018-ci ilin yaz-yay aylarında yaxınlaşaraq kirayə ev axtardığını bildirmiş, o da məsləhətli ev tapsa ona məlumat verəcəyini demiş, bundan sonra o Elşənlə birgə Şahid1la görüşrək üçü birlikdə Gəncə şəhər Nəriman Nərimanov küçəsi( hazırda həmin küçənin adı dəyişərək ünvan 7 ünvanında yerləşən evə baxmaq üçün oraya getmişlər, həmin zaman Elşən evi bəyənmiş və hər ay 150 manat müqabilində kirayə götürməyə razı olduğunu bildirmişdir. Bundan sonra bəzi vaxtlar Elşən kirayə pulunu ya ona ya da ki, ev yiyəsinin özünə ödəmiş, lakin bir neçə aydan sonra, yəni oktyabr ayında Rövşən ona zəng edərək, Elşəndən bir xəbər çıxmadığını, sentyabr ayının ödənişini etmədiyini, buna görə Elşəni axtardığını bildirmiş, onlar birlikdə Elşənin telefon nömrəsinə zəng etmişlər, lakin Elşənlə əlaqə saxlaya bilməmiş, buna görə Elşənin anasını tapmışlar, sonuncu onlara Elşənin həmin evdən çıxdığını bildirib evin açarını təhvil vermişdir. Elşən evi kirayə götürəndə orada bacısı ilə birgə yaşayacağını bildirmiş, sonradan yəni, həmin evdən polislər cinayətkarı tapandan sonra, o xəbər tutmuşdur ki, Elşən həmin evdə adam öldürməyə cəhd etmiş şəxsi gizlətmişdir. Elşən həmin evdə qaldığı müddətdə o onların yanına getməmişdir. X12 Mustafayevi ünvan 4 ünvanında yerləşən evdə gizlətməyi barədə heç bir məlumatı olmamış, elə bilmişdir ki, Elşən orada bacısı ilə yaşayır, belə ki, Elşən çox sakit bir həyat tərzi keçirirmiş, mərifətli tərbiyəli oğlan olduğuna görə, onun heç ağlına gəlmirdi ki, o həmin evdə cinayət törətmiş şəxsi gizlətsin, onun hadisədən xəbəri olsa idi dərhal hüquq mühafizə orqanlarına bu barədə məlumat verərdi. Gəncə Ağır Cinayətlər Məhəkəməsinin 13 fevral 2020-ci il tarixli 1(100)-10/2020 nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmədə şahid qismində dindirilmiş və məhkəmə iclas zalında bildirmişdir ki,” X5, yəni “ktını” onunla bir qəsəbə ( posyelka) deyilən ərazidə yaşadığından on ildir ki, tanımışdır. Fazillə dostluq münasibətləri olmuşdur. 27 avqust 2018-ci il tarixdə saat 17-18 radələrində dostu Fazil Mustafayev xatırlamadığı nömrə ilə zəng vuraraq, ondan harda olduğunu soruşaraq problemi olduğunu demiş və onu yaşadığı ünvana çağırmışdır. O da iş yerindən çıxıb, yaşadığı binanın yaxınlığına getmişdir. Fazil həyəcanlı halda ona “letni çayxana” deyilən yerdə Kamran adlı oğlanı bıçaqla vurduğunu, Kamranı vurduğu an ora polislər gəldiyini və digər şəxslər araya girdiyi üçün məcbur olub hadisə yerindən qaçdığını bildirmişdir.O, Fazildən Kamranı nə səbəbdən vurduğunu soruşanda Fazil ona Kamranla mübahisələrinin olduğunu demiş, lakin o, dəqiq nə səbəbə mübahisə etdiklərini bilməmişdir. Bundan sonra Fazil onunla birgə kirayə yaşadığı Gəncə şəhəri, Nizami Gəncəvi küçəsi, bina 28, mənzil 29 mənzildə qalmışdır. Fazil onun dostu olduğu üçün o, bu barədə polisə məlumat verməmişdir. Fazil onun yanında ay yarım qalmışdır. Fazilin onun yanında qaldığı barədə heç kimin məlumatı olmamışdır. Təxminən 40 günə yaxın Fazil onun evindən çıxmamış, lakin 1 dəfə 2-3 günlük Fazil Tovuz rayonuna xalası oğlunun yanına getmişdir. Ondan sonra isə Fazil yenidən onun yaşadığı evə qayıdaraq onun evində polislərdən gizlənmişdir. 08 oktyabr 2018-ci il tarixdə saat 14 radələrində işdə olduğu zaman polis əməkdaşları bilyard salonuna gələrək onu polis idarəsinə dəvət etmişlər. Polis idarəsində olduğu zaman Fazil Mustafayevin saxlanıldığını bilmiş, həmin vaxt polis əməkdaşları onun Fazil Mustafayevi gizlətməyini bilmişlər. O, Kamran Qurbanovu əvvəllər tanımamış, onunla hər hansı bir münasibəti olmamış, lakin sonradan dostu “Ktı” özü ona Kamranı bıçaqla vurduğunu demişdir.” Həmin hökmlə müəyyən olunur ki, X9 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə təqsirli bilinərək 07(yeddi) il, 10 (on) ay 15 (on beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Gəncə şəhər Nizami RPİ-nin CAŞ-in əməkdaşları tərəfindən tərtib olunmuş və cinayət işinə əlavə edilmiş 08.10.2018-ci il tarixli protokoldan görünür ki, X1 əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs istifadəsində olan ünvan 4-da yerləşən yaşayış evində müəyyən edilərək tutulmuşdur. Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xasiyyatnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. DİN-in BƏSİİ tərəfindən verilmiş 12.02.2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Qətimkan tədbirinin seçilməsi haqqında 16.09.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 22.10.2021-ci il tarixli, 1(043)-208/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən saxlanmışdır. 20.12.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, X11 işlədiyi yer üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs yaxın münasibətdə olduğu dostu X3 27 avqust 2018-ci il tarixdə saat 17 radələrində ünvan 3 ünvanında yerləşən çay evində sonuncunun tanışı X7 ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı onu qəsdən öldürmək qərarına gəlib, niyyətini həyata keçirtmək məqsədilə həmin vaxt üzərində olan istintaqla əldə edilməsi mümkün olmayan bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan bıçaqla qəsdən sol kürək nahiyəsindən bir zərbə vuraraq yetirildiyi anda həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmaya aid edilən sol ağ ciyərin zədələnməsi, hemopnevomotoraks və plevropulmonal şokla müşayiət olunan döş qəfəsinin sol yan səthinin bir ədəd daxilə keçən deşilmiş-kəsilmiş yara xəsarəti yetirməsinə baxmayaraq zərərçəkmiş şəxsə vaxtında ixtisaslı tibbi yardım göstərilməsi ilə həyatı xilas olunduğuna görə öz iradəsindən asılı olmayan səbəblərdən cinayətkar əməlini başa çatdıra bilməyərək qəsdən həyatdan məhrum etməyə cəhd etməsinə dair xüsusilə ağır cinayət törədilməsini bilərək Gəncə şəhər prokurorluğunun sabiq müstəntiqi, İİİ dərəcəli hüquqşünas X10 tərəfindən 28 avqust 2018-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, 28 avqust 2018-ci il tarixdən etibarən axtarışa verilmiş xüsusi ilə ağır cinayət törətmiş X3 xahişi ilə qabaqcadan vəd etmədən sonuncunu ünvan 4 ünvanındakı evdə tək yaşamasından istifadə edib 28 avqust 2018-ci il tarixdən tutulduğu 08 oktyabr 2018-ci il tarixədək olan müddət ərzində gizlətməklə, xüsusilə ağır cinayəti gizlətmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli ədalət mühakiməsi əleyhinə olan cinayətdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən olunmadı. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.3cü maddəsi ilə təqsirli bilindiyi cinayət əməlinə görə qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən, törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü bəndinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının aşağıdakı izah və tələblərini də nəzərə alır. Belə ki, həmin qərarın 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Göstərilən qərarın 2-ci bəndində isə izah edilir ki, cəzaların tətbiq edilməsi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub olmaması, ( məsələn sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və.s) kimi hallara da diqqət yetirilməlidir. Ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs tərətdiyi cinayət əməlinə görə Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyini ilə bağlı məsələni müzakirə edib, təqsirli bilindiyi maddə üzrə ona cəza növü kimi azadlıqdan məhrum etmə cəzasının tətbiqini zəruri sayır. Təqsirləndirilən şəxs təyin olunmuş cəzasının əvvəli 07.02.2022-ci il tarixdən hesablanmalıdır. Cinayət Məcəlləsinin 56-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Hökm qanuni qüvvəsini alanadək Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilməli və dərhal məhkəmə iclas zalından həbsə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlak yoxdur. İş üzrə məhkəmə xərci, mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t di: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasının əvvəli 07.02.2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökm qanuni qüvvəsini alanadək barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilsin və dərhal məhkəmə iclas zalından həbs edilsin. Hökmdən elan olunduğu andan Təqsirləndirilən şəxs isə hökmün sürəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar