Məhkəmə qərarları › İş №1(043)-202/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-202/2021

24.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-202/2021 24.11.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1978-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işsiz, məhkum olunmamış, Gəncə şəhəri, Kəpəz rayonu, Ü.Hacıbəyov küçəsi, ev 18, mənzil 56-də qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs, 20.11.2020-ci il tarixdə “Covid-19” virusu ilə bağlı test analizi verməklə 21.11.2020-ci il tarixdən testin nəticəsinin pozitiv, yəni yeni növ virusu yaymaq təhlükəsi olmasını bilə-bilə xüsusi karantin rejiminə əməl edərək 04.12.2020-ci i tarixədək 14 gün müddəti evdə keçirməli olduğu halda buna əməl etməyib, 30.11.2021-ci il tarixdə yaşadığı ünvan 1 ünvanını tərk edib Samux rayonu İnstitut qəsəbəsinə gedərək digər şəxslərlə görüşüb təmasda olmaqla, epidemiya əleyhinə, eləcə də karantin rejimini kobud surətdə pozmuş və yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaratmışdır. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməl üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, o, İran peçlərinin satışı ilə məşğul olur. Gəncə şəhərində, Şəmkir rayonunda, Goranbov rayonunda və Göygöl rayonunda müxtəlif ünvanlara İran peçləri satır. Bacısı oğlu Şahid1 onunla birlikdə işləyir. ***-***-**-** saylı mobil telefon nömrəsi onun istifadəsindədir və bütün müştərilərlə ***-***-**-** saylı mobil telefon nömrəsi ilə əlaqə saxlayırlar. 2020-ci ilin noyabr ayında ilk öncə oğlu X1 narahatçılıq hiss etdiyinə görə onlar ailə üzvləri ilə birlikdə Gəncə şəhər Abbas Səhhət xəstəxanasına gedib burundan yaxma götürmə üsulu ilə COVİD-19 virusu ilə bağlı test müayinəsindən keçmişlər. 21 noyabr 2020-ci il tarixdə onun istifadəsində olan ***-***- **-** saylı mobil nömrəsinə bildiriş SMS-i daxil olmuş, həmin bildirişdə COVİD-19 virusu ilə bağlı verdiyi testin nəticəsinin pozitiv olduğunu bilmişdir. Həmin testin nəticələrinə görə ailəsinin bütün üzvləri COVİD-19 virusuna yoluxmuşlar. Onlar həmin müddətdə yaşadıqları evdə qalıb ev şəraitində öz vəsaitləri hesabına müalicə almışlar. 30 noyabr 2020-ci il tarixdə Samux rayonu İnstitut qəsəbəsində yaşayan tanışı Şahid4 təxminən iki ay əvvəl nisyə satdığı İran peçinin pulunu zəng edib istəmişdir. Vüqar onunla telefonda danışan vaxt Gəncə şəhəri, Natavan qəsəbəsinin yaxınlığında yerləşən “Sərin” restoranın, qarşısında olduğunu bildirdiyi üçün o, özünə məxsus VAZ 21015 markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobilinə əyləşib həmin yerə getmişdir. O, Gəncə şəhəri, Natavan qəsəbəsi ilə Samux rayonu İnstitut qəsəbəsinın arasında yerləşən "Sərin" restoranın qarşısında Vüqarla görüşüb sonuncudan nisyə satdığı peçin pulundan 50 manat almış, daha sonra o, yaşadığı ünvanın yaxlığında yerləşən apteklərin birinə daxil olub özü və ailə üzvləri üçün dərman preparatları aldıqdan sonra yaşadığı evə getmişdir. Bundan sonra polis əməkdaşları ona zəng edib karantin qaydalarını pozaraq COVİD-19 virusuna yoluxduğu halda yaşadığı ünvanı tərk etdiyini bildirmişlər. O, da bunu etiraf etmiş, daha sonra barəsində araşdırma aparılmışdır. Covid-19 virusuna yoluxduğu dövrdə ondan başqa digər ailə üzvlərindən heç kəs yaşadığı ünvanı tərk etməmişdir. Onun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə bütün müştərilərlə əlaqə saxladığı üçün həmin mobil telefon nömrəsi bütün gün ona məxsus VAZ 21015 markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobilində olmuşdur. O, 30 noyabr 2020-ci il tarixdə Samux rayonu İnstitut qəsəbəsində yaşayan tanışı Şahid4la görüşüb iki ay əvvəl sonuncuya nisyə satdığı İran peçinin pulunu aldıqdan sonra Gəncə şəhəri Üzeyir Hacıbəyov küçəsində yaşadığı ünvana qayıtmış və heç bir yerə getməyib öz evində olmuşdur. Daha sonra isə bacısı oğlu Şahid1 onun yaşadığı ünvana gəlib ona məxsus VAZ 21015 markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə müxtəlif ünvanlara gedib müştərilərin sifarişi əsasında peçlərin təmiri ilə məşğul olmuşdur. 050- ***-**-** saylı mobil telefon nömrəsi də daima avtomobildə olduğu üçün bu səbəbdən həmin nömrənin müxtəlif ünvanlarda anten dairəsi müəyyən olunmuşdur. Bacısı oğlu Şahid1 30 noyabr 2020-ci il tarixdə səhər saatlarından etibarən ona məxsus VAZ 21015 markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə müxtəlif ünvanlara gedib peçlərin təmiri ilə məşğul olmuş və ***-***-**-** saylı mobil telefon nömrəsi də daima avtomobildə olmuşdur. O, özünə məxsus VAZ 21015 markalı. **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobilinin bacısı oğlu Şahid1 İlqar oğlu tərəfindən idarə edilməsi üçün ona sürmək üçün etibarnamə vermişdir. Sonda təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu bildirərək, onun ailə vəziyyətinin nəzərə alınmasını və barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, Gəncə şəhəri 6 saylı poliklinikanın sahə həkimi vəzifəsində işləyir, ixtisasca terapevtdir. Koronovirus pandemiyası yayıldıqdan sonra ev şəraitində müalicə alan koronavirus xəstələrinin vəziyyəti ilə maraqlanır. Koronavirus testi pozitiv çıxan şəxslərin vəziyyəti ağır olanlar xəstəxanada stasionar şəkildə, vəziyyəti yüngül olanlar isə ev şəraitində müalicə alırlar. Ev şəraitində müalicə olunmalı xəstələrin siyahısı ərazi aidiyyəti üzrə Gəncə şəhər Səhiyyə İdarəsi tərəfindən onlara göndərilir və klinikanın ərazisində yaşayan həmin sakinlərlə 14 gün ərzində telefon vasitəsi ilə əlaqə saxlayaraq vəziyyətlərinə nəzarət edirlər. Bundan əlavə TƏBİB tərəfindən ev şəraitində müalicə olunmalı olan koronavirus xəstələri üçün dərman paketi verilmişdir. Həmin xəstəliyin yayılma dövrü 14 gündür. Bu qaydaya uyğun olaraq Gəncəşəhər Səhiyyə İdarəsindən daxil olmuş məlumata əsasən poliklinikalarının sakini Təqsirləndirilən şəxs 21.11.2020-ci il tarixdə koronavirus test nəticəsinin pozitiv çıxdığını və ev şəraitində müalicə almalı olmasını müəyyən etmişlər. 23.11.2020-ci il tarixdə həmin şəxsin adına ambulator xəstənin tibbi kartası açılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs ilə onun istifadəsində olan “**********" saylı mobil nömrə ilə əlaqə saxlayaraq xəstənin ilkin olaraq səhhəti ilə maraqlanmışdır. Bundan sonra həmin xəstəyə evinə dərman paketinin göndəriləcəyini bildirərək yaşayış yerini tərk etməməli olması, əgər yaşayış yerini tərk edərsə digər şəxsləri də, koronavirus xəstələyinə yoluxduracağını bildirmişdir. Bundan sonra 14 gün ərzində Təqsirləndirilən şəxs ilə telefon əlaqəsi saxlanılaraq səhhətinə nəzarət edilmiş və 14-cü gün, yəni 04.12.2021 -ci il tarixdə onun səhhətində hər hansı bir nasazlıq müəyyən etmədiyi üçün 14 günlük karantin qeydiyyatından çıxarmışlar. Təqsirləndirilən şəxs “Covid-19" virusu aşkar edilmiş və 21.11.2020-ci il tarixdə Səhiyyə Nazirliyi tərəfindən bu barədə onun özünə məlumat verilmişdir. Həmin tarixdən də, koronavirus xəstəsi hesab edilərək ona karantin rejimi tətbiq edilmişdir. Onlar tərəfindən aparılan 14 günlük müalicə müddətini də, nəzərə almaqla 04.12.2020-ci il tarixdən Təqsirləndirilən şəxs sağalmış hesab edilmişdir. İlk 14 gün xəstəliyin yayılma dövrüdür.Ona görə də həmin müddət ərzində xəstə yaşayış yerini tərk etməməli, özünü təcrid etməli, digər şəxslərlə təmasda olmamalıdır. Təqsirləndirilən şəxs 21.11.2020-ci il tarixdən etibarən yaşadığı evi tərk etməməli və ev şəraitində müalicə almalı idi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs onun dayısıdır. O, dayısı Təqsirləndirilən şəxsla birlikdə İran peçlərinin satışı ilə məşğul olur. Onlar Gəncə şəhərində, Samux rayonunda, Şəmkir rayonunda, Goranboy rayonunda və Göygöl rayonunda müxtəlif ünvanlara İran peçləri satmışlar. O, peçlərin təmirini bacardığı üçün dayısının yanında müştərilərin ünvanlarına gedib peçlərin təmiri ilə məşğul olmuş, dayısı isə satışı ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs istifadəsində olan 050-367- 51-57 saylı mobil telefon nömrəsi ilə bütün müştərilərlə əlaqə saxlayıb danışdıqları üçün həmin nömrə daima dayısına məxsus VAZ 21015 markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobildə olmuşdur. Hətta dayısı Təqsirləndirilən şəxs özünə məxsus VAZ 21015 markalı, **- EJ-*** dövlət qeydiyyat nişanlı avtomobilini idarə etməyi üçün ona 12 oktyabr 2020-ci il tarixdə sürmək üçün etibarnamə də verdiyinə görə avtomobili demək olar ki əksər vaxlar o, idarə etmiş, çünki dayısı mağazada peçlərin satışı ilə məşğul olmuş, o, isə peçlərin çatdırılması və təmiri ilə məşğul olmuşdur. Dayısının istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi də daima avtomobildə olmuşdur. 30 noyabr 2020-ci il tarixdə dayısı ona zəng edib bildirmişdir ki. COVİD- 19 virusu ilə bağlı verdiyi testin nəticəsi pozitiv çıxdığı üçün evdən çölə çıxa bilmir və müştəri zəng edib təmirlə bağlı sifariş veribdir. O, da dayısı Təqsirləndirilən şəxs yaşadığı evə gedib VAZ 21015 markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobilini götürmüş və həmin gün müxtəlif ünvanlara gedib peçlərin təmiri ilə məşğul olmuş, müştərilər tərəfindən ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng gəldiyi üçün həmin mobil telefon nömrəsi daima avtomobildə olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, o, 2011ci ildən X4 xidmət edir. "Covid-19" virusu ilə aparılan mübarizə tədbirləri çərçivəsində həmin virusa yoluxmuş və ambulator müalicəyə buraxılmış xəstələrin təlimata uyğun olaraq evdən çölə çıxmamalarına, insanların ictimai yerlərdə sosial məsafə saxlamalarına, tibbi maskalardan istifadə etmələrinə nəzarəti həyata keçirmişdir. Bununla bağlı X5 əməkdaşları tərəfindən ictimai reydlər, qəfil yoxlamalar, inanılmış şəxslərin məlumatlarından istifadə etmə və digər üsullardan istifadə edilir. Bundan əlavə Gəncə şəhər Gigiyena və X2 şəhəri ərazisində “Covid-19” virusuna yoluxmuş şəxslərin epidemiya və karantin rejiminə, yəni yaşadığı evdə özünü təcrid qaydalarına əməl etmələrinə nəzarət etmək məqsədilə həmin şəxslərin siyahısı Gəncə şəhər Baş Polis İdarəsinə, oradan da, ərazi aidiyyəti üzrə rayon polis idarələrinə göndərilir. Bundan əlavə qeyd olunan qaydaların təmini məqsədilə Gəncə şəhər Baş Polis İdarəsinin Növbətçi Hissəsindən “Bölgələr üzrə yaşayış yerini tərk edən şəxslərin statistik məlumatlarının” siyahısı göndərilir. Həmin siyahıya uyğun olaraq 02 dekabr 2020-ci il tarixdə müəyyən edilmişdir ki, 20 noyabr 2020-ci il tarixdən barəsində karantin rejimi tətbiq edilərək evdə özünü təcrid qaydalarına əməl etməli olan Təqsirləndirilən şəxs 30 noyabr 2020-ci il tarixdə, saat təxminən 16 radələrində yaşadığı evi tərk edərək Samux rayonu İnstitut qəsəbəsinə gedərək orada yaşayan tanışı Şahid4 müalicəsi üçün pul almışdır. Təqsirləndirilən şəxsla əlaqə saxlanıldıqda həqiqətən də yaşadığı ev şəraitində müalicə aldığını, 21 noyabr 2020-ci il tarixdən “Covid 19” test nəticəsi pozitiv çıxdığını, həmin tarixdən sonra isə 30 noyabr 2020-ci il tarixdə, saat 16 radələrində yaşadığı evi tərk edərək Samux rayonu İnstitut qəsəbəsinə gedərək orada yaşayan tanışı Şahid4 müalicəsi üçün pul aldığını demişdir. Həmin şəxsə yaşadığı evdə özünütəcrid qaydalarına əməl etməli olması, yaşadığı evi tərk edərək koronavirus xəstəliyinin yayılmasına səbəb olduğunu, həmçinin xəstəliyin yayılması üçün real təhlükə yaratdığını, buna görə Azərbaycan Respublikası CM-nin və ya İXM-nin müvafiq maddəsilə məsuliyyət daşıyacağı barədə xəbərdarlıq edilmişdir. Bundan sonra o, həmin faktla bağlı raportla rəhbərliyə məruzə etmişdir. Məhkəmə istintaqında ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid4 ifadəsi elan edilməklə tədqiq edilmişdir. Şahid ifadəsində bildirmişdir ki, Gəncə şəhəri, Natavan qəsəbəsində ailə üzvləri ilə birlikdə yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, lakin ailəsini dolandırmaq üçün özünə məxsus ZİL markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə yük daşıma ilə məşğuldur. Təqsirləndirilən şəxs təxminən 2 ay olar ki tanıyır, sonuncu ilə heç bir düşmənçiliyi və yaxud da ədavəti olmamışdır. O, Təqsirləndirilən şəxs kredit şərti ilə istilik sobası almış və hər ay Talehə 50 manat pul ödəməyi öz aralarında razılaşmışlar. Sonuncu dəfə 30 noyabr 2020-i il tarixdə, saat 16-17 radələrində cədvəl üzrə növbəti ödənişi, yəni 50 manatı Talehlə Gəncə şəhəri Natavan qəsəbəsində yerləşən "Sərin" şadlıq evinin qarşısında görüşüb sonuncunun özünə vermiş və Təqsirləndirilən şəxs oraya özünə məxsus VAZ-21099 markalı avtomobillə gəlmişdir. O, Təqsirləndirilən şəxs "Covid"-19 virusuna yoluxması barədə məlumatı olsaydı sonuncu ilə görüşməzdi, sağaldıqdan sonra görüşüb ödəniş etməsini Təqsirləndirilən şəxsla razılaşardı. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirmə haqqında” 10.12.2020-ci il tarixli protokoldan görünür ki, Gəncə şəhər 2 nömrəli şəhər poliklinkasının “Əmək qabiliyyəti olmamaq vərəqlərinin qeydiyyatı” kitabına hal şahidlərinin iştirakı ilə baxış keçirilərək bu barədə protokol tərtib edilmişdir. Qeyd olunan protokolun məzmunundan görünür ki, Gəncə şəhər 2 nömrəli şəhər poliklinikasının “Əmək qabiliyyəti olmamaq vərəqlərinin qeydiyyatı” kitabına baxış zamanı müəyyən edildi ki, kitabın 3009-cu sıra nömrəsində Təqsirləndirilən şəxs "Covid"-19 diaqnozu ilə 23.11.2021-ci il tarixdə qeydiyyata alınmışdır. Baxış keçirilən “Əmək qabiliyyəti olmamaq vərəqlərinin qeydiyyatı” kitabının vərəqəsinin isə kserosurətləri çıxarılaraq protokola əlavə edilmişdir. Gəncə şəhər Gigiyena və Epidemioloji Mərkəzindən alınmış 06.06.2021-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 18 mənzil 56-da qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs 20.11.2020-ci il tarixdə “COVİD-19” virusuna yoluxmasına görə Gigiyena və Epidemioloji Mərkəzində qeydiyyata götürülmüşdür. “Baxış keçirilməsi haqqında” 02.08.2021-ci il tarixli protokoldan görünür ki, ***-***-**-** saylı mobil nömrənin antenn dairəsi 15.11.2020-ci il tarixdən 16.12.2020-ci il tarixədək olan müddət ərzində yaşadığı ünvan 6 ünvanlarda olması məlum olmuş, həmçinin polis əməkdaşı tərəfindən saxlanıldığı gün, yəni 30 noyabr 2020-ci il tarixdə, saat 00:16-dan saat 09:22-dək Gəncə şəhəri Keçid küçəsindəki 56 saylı qaraj binasında, saat 09:57-də ünvan 7 ünvanında, saat 10:40-da Gəncə şəhəri Kəpəz rayonu Sadıllı qəsəbəsi, saat 10:51-də ünvan 9 ünvanında (Moskva market), saat ll:04-də Gəncə şəhəri N.Nərimanov prospekti 10-cu küçədə (Sportzal). saat ll:06-dan 11:31 -dək Gəncə şəhəri N.Nərimanov prospekti Azturqaz müəssisəsi binasının şərq hissəsi, saat ll:48-dən 12:05-dək Gəncə şəhəri Ə.Cəmil küçəsində, saat 12:09-dan 12:53dək Gəncə şəhəri T.Arani küçəsi ilə Xətai prospektinin kəsişməsində, saat 14:07-də Gəncə şəhəri Şəmkir şossesi, saat 14:13-də Gəncə şəhəri Dəmir yol vağzalı, saat 16:36-dan 16:42dək ünvan 11 ünvanında, saat 18:35-də Gəncə-ünvan 12:51-dən 19:21-dək Göygöl rayonu Balçılı kəndi, saat 19:54-dən 20:48-dək Gəncə şəhəri Keçid küçəsindəki 56 saylı qaraj binasında, saat 20:49-dan isə həmin gün saat 22:49-dək Gəncə şəhəri AMEA Vəli Xuluflu ünvanlarında olması müəyyən olunur. Həmin diskin içərisində olan cinayət işi üzrə istintaq əhəmiyyətli 30.11.2020-ci il tarixdə Təqsirləndirilən şəxs anten dairəsi üzrə təyin olunmuş hərəkət marşrutları « 25 » vərəqədən ibarət çap olunaraq protokola əlavə olunmuşdur. Əməliyyat tapşırığına 30.07.2021-ci il tarixli cavab məktubundan görünür ki, Gəncə şəhər BPİ-nin CAİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə Təqsirləndirilən şəxs yaşadığı evi tərk edərək Gəncə şəhər BPİ-nin “Təhlükəsizlik Şəhər” kameralarının müşahidə diapazonlarına, həmçinin digər ticarət obyektlərinin kameralarına düşüb-düşməməsini müəyyən etmək mümkün olmamış, həmiçinin digər cinayətlərdə iştirakçılığı müəyyən edilməmişdir. “Koronavirusinfo.az” saytından “Covid-19” virusu haqqında məlumatların və həmin virusa qarşı profilaktiki tədbirlərin X3 və Azərbaycan Respublikasının İcbari Tibbi Siğorta üzrə Dövlət Agentliyi tərəfindən sistemləşdirilmiş elektron təlimatından çap edilərək cinayət işinin materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, xəstəliyin yoluxma yolu hava-damcı yoludur. Xəstəliyin inkubasiya dövrü 14 günə qədər ola bilər. 14 gün evdən çıxmamaları və ictimai yerlərdən uzaq olmaları tələb olunur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 06.08.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Evlər üçlüyü tərəfindən verilmiş 01.09.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs 24.08.2005-ci il və 14.08.2007-ci il təvəllüdlü iki azyaşlı uşağı vardır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Covid-19 infeksiyasına görə 20 noyabr 2020-ci il tarixli müayinəsinin nəticəsi pozitiv çıxdığı üçün Gəncə şəhər 6 saylı şəhər poliklinikasının sahə həkimi tərəfindən xəstəlik tarixçəsi açılmış, sahə həkimi tərəfindən Təqsirləndirilən şəxsla əlaqə saxlanılaraq 04 dekabr 2020-ci il tarixədək yaşadığı evdən 14 gün müddətində kənara çıxmaması tapşırılsa da, Təqsirləndirilən şəxs bu tələbə riayət etməyib Covid-19 virusunun yayılmasına şərait yaradan hərəkətlər edərək 30 noyabr 2020-ci il tarixdə yaşadığı evi tərk etmiş və bu zaman kənar şəxslərlə təmasda olub epidemiya əleyhinə, eləcə də karantin rejimini pozaraq xəstəliyin yayılması üçün real təhlükə yaratmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibi vardır. Təqsirləndirilən şəxsin cinayət əməlini təqsirli olaraq törətməsi özünün etirafedici ifadəsi və şahidlərin ifadələri ilə yanaşı, iş materiallarındakı istintaq və digər prosessual hərəkətlərin protokolları və digər sənədlərlə tam şəkildə öz təsdiqini tapmışdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-in 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. Məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, himayəsində 2 azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə cəzasını aşağı həddə təyin edilməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, iş üzrə maddi sübut olan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Cinayət-Prosessual Məcəllənin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2500 (iki min beş yüz) manat cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar