Məhkəmə qərarları › İş №1(043)-210/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №1(043)-210/2021

18.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(043)-210/2021 18.11.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş prokurorluğunun X1 üzrə İdarəsinin Rayon(şəhər) Məhkəmələrində DİMÜŞ-nin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1988-ci ildə xx.xx.1981-ci ildə Samux rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Gəncə şəhəri, B.Sərdarov küçəsi, ev 67-də qeydiyyatda olan və yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 17.09.2021-ci il tarixdə saat təxminən 04 radələrində ünvan 1 ünvanında arvadı X2 mobil telefonla hər hansı şəxslə yazışmasından şübhələnməsi səbəbindən ailə-məişət münasibətləri zəmnində həmin mənzilin qonaq otağında aralarında baş vermiş mübahisə zamanı əsəbləşərək sonuncunun bədəninin müxtəlif nahiyələrindən təpik və yumruq zərbələri ilə qəsdən vuraraq ona sağ bazu və kürək nahiyələrinin yumşaq toxumalarının əzilməsi, hematoması, sol gicgah nahiyəsinin qançırı, hər iki gözün alt qapağının, sağ almacıq, sol qaşüstü, sol dirsək, boyun nahiyələrinin və döş qəfəsinin sıyrıqları kimi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Bu hərəkətləri ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir və həmin əməli törətməsi ilk növbədə onun öz ifadəsi ilə sübut olunur. Təqsirləndirilən şəxs məhkəmə iclasında ifadə verən zaman özünü qeyd olunan ittihamla təqsirli bilərək göstərdi ki, 2005-ci il tarixdə zərərçəkmiş şəxs X4 ilə rəsmi nikah qeyd etdirməklə ailə qurmuş, bu nikahdan 3 övladları var. Əvvəllər də dəfələrlə müxtəlif səbəblərdən aralarında münaqişələr olmuş, lakin sonradan barışaraq yenidən birgə yaşamışlar. 17.09.2021-ci il tarixdə saat təxminən 04 radələrində yaşadıqları evdə yatan zaman qəflətən oyanmış, Səbihənin yatmadığını, telefonla yazışdığını görmüş, o Səbihənin yanma gedən zaman Şəbihə telefonu kilidə salmışdır. O, Səbihədən telefonu açmasını istəyərək kiminlə yazışdığını soruşmuş, Səbihə isə heç kimlə yazışmadığını, telefonunu sındırsa da açmayacağını və onun sözünə inanmalı olduğunu deyən zaman aralarında mübahisə yaranmış, Səbihənin kiminləsə yazışması onu özündən çıxartdığı üçün əsəbi halda əl-ayaq zərbələri ilə Səbihənin bədəninin müxtəlif nahiyələrindən vuraraq onu döymüşdür. Həmin vaxt səsə evdə olan qaynanası Afət oyanmış, araya girib onları aralamağa başlamış, lakin o əsəbi olduğu üçün Səbihəni buraxmaq istəməmişdir. Qaynanası Afət qaçaraq evdən çıxmış, o isə yenidən əl-ayaq zərbələri ilə Səbihənin bədəninin müxtəlif nahiyələrindən vurmuşdur. Bir qədər sonra qaynanası Afət təcili yardım işçiləri və polis əməkdaşları ilə birgə evə daxil olmuş, onlar gələn zaman dava-dalaş başa çatmışdır. Bundan başqa aralarında heçnə olmamışdır. 17.09.2021-ci il tarixdə saat təxminən 04 radələrində birgə yaşadıqları evdə aralarında yaranmış mübahisə zamanı o əsəbi halda əl-ayaq zərbələri ilə Səbihənin bədəninin müxtəlif nahiyələrindən vuraraq onu döymüş, həmin vaxt evdə olan qaynanası Afət araya girib onları aralamağa çalışmış, hadisəyə şahid olmuş, mübahisələri 4-5 dəqiqə davam etmiş, hadisə zamanı evlərinə kənar şəxslər toplaşmamışdır. Təqsirəndirilən şəxs törətdiyi əməldən peşman olduğunu, hazırda zərərçəkmiş şəxslə barışdığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək bildirdi ki, 2005-ci il tarixdə Gəncə şəhər sakini Təqsirləndirilən şəxs ilə rəsmi qaydada ailə qurmuş, birgə nikahdan 3 övladları var. Daha öncə də dəfələrlə müxtəlif səbəblərdən aralarında münaqişələr olmuş, lakin sonradan barışaraq yenidən birgə yaşamışlar. 17.09.2021-ci il tarixdə saat təxminən 04 radələrində yaşadığı evdə olan zaman ürəyində ağrılar yarandığı üçün dərman içmiş, bu dərmanın təsirindən yuxusu qaçmış, qonaq otağında divanda “youtube” sosial şəbəkəsinə daxil olaraq videolara baxmağa başlamışdır. Bir qədər sonra Xaqani yerindən qalxaraq gəlib niyə yatmamasının səbəbini soruşmuş, o isə yuxusunun olmadığını, Xaqanidən gedib yatmağını bildirmişdir. O, telefonda “youtube” saytında video axtarmaq üçün yazı yazmağa başlamış, iki dəqiqə sonra Xaqan yenidən durub yanma gələrək onun kiminlə yazışdığını soruşmuş, o isə telefonuna baxmağını və heç kimlə yazışmadığını bildirmişdir. Xaqani telefona baxmış, lakin heçnə görməmiş buna baxmayaraq təkidlə ondan kiminlə yazışdığını soruşmuş və bundan sonra aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Xaqani əvvəlcə yumruq zərbəsi ilə üz nahiyəsindən vurmuş, o əli ilə üzünü tutan zaman Xaqani yumruq zərbələri ilə çiyin və kürək nahiyələrindən vurmuş, bu zaman səsə evdə olan, onlarla birgə yaşayan anası Afət oyanmışdır. Anası Afət onları aralamağa çalışsa da bacarmamış, kömək çağırmaq üçün evdən küçəyə qaçmışdır. Xaqani isə əl-ayaq zərbələri ilə bədəninin müxtəlif nahiyələrinə vurmağa davam etmiş, o zərbələrin təsirindən yerə yıxılmış, Xaqani ondan aralanmışdır. Bir qədər sonra anası Afət təcili yardım işçiləri və polis əməkdaşları ilə birgə evə daxil olmuş, onlar gələn zaman dava-dalaş başa çatmışdır. Təcili yardım işçiləri ona tibbi yardım göstərmiş, bundan sonra baş verənlər barədə polisə ərizə ilə müraciət etmişdir. Zərərçəkmiş şəxs, həmçinin hazırda təqsirləndirilən şəxslə barışdığını, ona vurulmuş maddi və mənəvi ziyanın ödənildiyini, heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Sadələşdirilmiş icraat materiallarına 29-31 saylı vərəqlərdə əlavə olunmuş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 tərəfindən verilmiş 17 sentyabr 2021-ci il tarixli, 250 nömrəli ekspert rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər-sağ bazu və kürək nahiyələrinin yumşaq toxumalarının əzilməsi, hematoması, sol gicgah nahiyəsinin qançır, hər iki gözün alt qapağının, sağ almacıq, sol qaşüstü sol dirsək, boyun nahiyələrinin və döş qəfəsinin sıyrıqları –bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən tarixdə, yəni 17.09.2021-i il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X5 arasında 17 fevral 2006-cı il tarixdə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Cəfərov, arvada Cəfərova soyadı verilmişdir. Şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, 20.07.2008-ci il təvəllüdlü Nuray Cəfərovanın, 17.01.2010-cu il təvəllüdlü Məhərrəm Cəfərovun və 10.06.2014-cü il təvəllüdlü Gülay Cəfərovanın valideynləri-ataları Xəqani Cəfərov, anaları Zərərçəkmiş şəxsdır. Məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə CM-in 128-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Sadələşdirilmiş icraat materiallarına 78 saylı vərəqdə əlavə olunmuş tələbnamədən və 79 saylı vərəqdə əlavə olunmuş xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxsin məhkumluğu yoxdur, yaşadığı yer üzrə müsbət xarakterizə olunur, qonşularla münasibəti yaxşı olmuş və onunla bağlı küçə üçlüyünə heç bir şikayət daxil olmamışdır. Göstərilənlər məhkəməyə bu qənaətə gəlməyə əsas verir ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxsin əməlini Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif etmişdir, bununla belə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunması üçün əsaslar mövcuddur. Təqsirləndirilən şəxs və müdafiəçisi məhkəməyə ərizə təqdim edərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət təqibi üzrə icraata 8 Noyabr- Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisin Qərarının tətbiq edilməsini və cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci bəndində göstərilir ki, məhkəmələr icraatlarında olan və bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə bu Qərarın 1-ci hissəsində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır. (bu Qərarın 10-cu və 11-xci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Həmin Məcəllənin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayətdir. Cinayət hadisəsi nəticəsində maddi ziyan vurulmamışdır. Müdafiə tərəfi amnistiya aktının tətbiq edilməsi barədə vəsatət vermişdir. Buna görə də “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarının 9.1-ci bəndinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad olunmalı və onun barəsində cinayət təqibinə xitam verilməlidir. İş üzrə maddi sübut, mülki iddia və CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə olunası əmlak yoxdur. Məhkəmə icraatında təqsirləndirilən şəxsə göstərdiyi 15 saat hüquqi yardıma görə hər iş saatı üçün 6 manat olmaqla 90 (doxsan) manat pul dövlət büdcəsinin vəsaiti hesabına Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməlidir. Məhkəmə göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12, 43.3, 321, 346, 347, 356, 381, 384, 385-ci maddələrini rəhbər tutub QƏRARA ALDİ: “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci bəndinə əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə başlanmış cinayət təqibinə və hazırkı cinayət işi üzrə icraata xitam verilsin. Məhkəmədə təqsirləndirilən şəxsə göstərdiyi 15 saat hüquqi yardıma görə hər iş saatı üçün 6 manat olmaqla 90 (doxsan) manat pul dövlət büdcəsinin vəsaiti hesabına Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar