Məhkəmə qərarları › İş №1(043)-213/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №1(043)-213/2021

27.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(043)-213/2021 27.10.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində DİMÜŞ-nin prokuroru Dövlət ittihamçısı və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Tərtər rayonu, Sarov kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Baş mütəxəssis – mühafizə yegeri işləyən, Tərtər rayonu, Sarov kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 289.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq, müəyyən etdi: Gəncə şəhər Kəpəz rayon Məhkəməsinə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 289.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihama əsasən o, 14.04.2021-ci il tarixdə saat 16:00 radələrində Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin inzibati binasının 1 nömrəli məhkəmə iclas zalında hakim X1 ilə iddiaçı Təqsirləndirilən şəxs cavabdehlər “Dünyanın səsi” saytının əməkdaşı Zərərçəkmiş şəxs3, “Demokratik.az” saytının əməkdaşı Zərərçəkmiş şəxs1 və hər iki saytın Tərtər rayonu üzrə nümayəndəsi Zərərçəkmiş şəxs2 qarşı şərəf və ləyaqətin müdafiəsi və 300.000 manat mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə işə baxılarkən məhkəmə prosesi zamanı cəmiyyətdə qəbul olunmuş davranış, əxlaq və mənəviyyat normalarına zidd olan, mülki iş üzrə cavabdehlər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 şərəf və ləyaqətini alçaldan nalayiq və ədəbsiz söyüşlər işlətməklə təhqir etmiş, məhkəmə iclasının gedişatını qəsdən pozmağa çalışmış, hakimin qanuni tələblərinə və xəbərdarlıqlarına heç bir məhəl qoymadan qanunsuz hərəkətlərini davam etdirərək məhkəməyə hörmətsizlik etmişdir. Cinayət işi üzrə təyin edilmiş məhkəmənin hazırlıq iclasında Təqsirləndirilən şəxs bütün məhkəmənin tərkibinə yazılı etiraz edərək göstərmişdir ki, cinayət işi üzrə ona elan edilmiş ittihama əsasən Kəpəz rayon Məhkəməsinin ifadə vermiş işçiləri, o cümlədən hakim Cavid Tağıyev maraqlı şəxsdir. Hesab edir ki, hakim Cavid Tağıyev və Kəpəz rayon Məhkəməsinin ifadə vermiş işçiləri cinayət işi üzrə yenidən məhkəmə baxışı zamanı ifadə verməyəcəklər və məhkəmənin ədalətli qərar qəbul etməsinə maneə olacaqlar. Odur ki, Kəpəz rayon Məhkəməsində fəaliyyət göstərən bütün məhkəmə tərkibinə (hakimlərə) etiraz edərək, ona elan olunmuş ittiham üzrə cinayət işinə Kəpəz rayon Məhkəməsində baxılması mümkün olmayacağından, cinayət işi materiallarını baxılmasını üçün Gəncə şəhərindən kənarda yerləşən digər rayon məhkəməsinə göndərilməsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs etirazı müdafiə edərək, etirazın baxılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilməsini xahiş etdi. Məhkəmə iclasında dövlət ittihamçısı etirazın baxılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilməsinə etirazının olmadığını bildirdi. Cinayət işinin materiallarından görünür ki, ittihamda qeyd edilən hadisə Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin inzibati binasında baş vermiş, ittiham tərəfinin təqdim etdiyi sübutların bəziləri, həmin məhkəmənin işçilərinin şahid qismində verdikləri ifadələrdən ibarətdir. Məhkəmə, etirazı nəzərdən keçirərək, proses iştirakçılarının fikirlərini dinləyərək hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmənin bütün tərkibinə etdiyi etiraz məsələsi həll olunmasından ötrü apelyasiya instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 109.3.3-cü maddəsinə əsasən, birinci instansiya məhkəməsində iki hakimin və ya bütün məhkəmə tərkibinin özü özünə, yaxud onlara edilmiş etirazı, habelə cinayət işinə, yaxud cinayət təqibi ilə bağlı digər materiala təkbaşına baxan məhkəmə sədrinə, özü-özünə və ya ona edilmiş etirazı — apellyasiya instansiyası məhkəməsinin hakimi həll edir. Odur ki, təqsirləndirilən şəxsin məhkəmənin bütün tərkibinə etdiyi etiraz məsələsinin həlli üçün cinayət işinin materialları Gəncə Apelyasiya Məhkəməsinə göndərilməlidir. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 289.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirləndirilən şəxsin Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin bütün tərkibinə (hakimlərə) etdiyi etiraz cinayət işinin materialları ilə birlikdə baxılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilsin. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar