Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-215/2021 15.12.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun X4 üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində X4 üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1967-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda yaşamış, Samux Rayon Məhkəməsinin 28.09.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.2.2-ci və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 12 iyul 2021-ci il tarixdə, səhər saat 11:00 radələrində Tovuz rayonunun Əyyublu kəndi ərazisində, baxımsız ərazidən yabanı halda bitmiş, narkotik təbiətli çətənə (kannabis) bitkilərinin kollarını və yarpaqlarını yığıb, göy rəngli polietilen kisədə qablaşdırıb satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq, yəni 2400 qram çəkidə narkotik vasitə olan qurudulmamış marixuananı əldə edib üzərində daşıyaraq saxlamış, 12 iyul 2021-ci il tarixdə, saat 15:20 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin X7 Polis İdarəsinin Gəncə stansiyasında X10 əməkdaşları tərəfindən Gəncə «Dəmir yolu» vağzalının perronunda keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb ünvan 3 ünvanda yerləşən Gəncə stansiyasında X13 gətirilib üzərinə baxış keçirilərkən əlindəki göy rəngli polietilen kisədə qanunsuz olaraq, əldə edib üzərində daşıyaraq saxlamış olduğu şəxsi istehlak miqdarından artıq, yəni 2400 qram çəkidə narkotik vasitə olan qurudulmamış marixuana aşkar edilib götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ittiham olunduğu cinayət əməlinin törədilməsində təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər oğurluq cinayəti törətdiyinə görə məhkum olunmuş, sonuncu dəfə 2013-cü ildə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, 06 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 2019-cu ildə cəzasının sonu ilə azadlığa buraxılmışdır. O, bədənində olan ağrılardan əziyyət çəkir, bir neçə ildir ki narkotik vasitə qəbul edir. 05 iyul 2021-ci il tarixdə Tovuz rayonunun Əyyublu kəndi ərazisinə fəhləliyə getdiyi vaxt orada baxımsız ərazidə tanıdığı yabanı halda bitmiş nəşə kollarını görmüş və fikirləşmişdir ki, həmin çətənə kollarının yarpaqlarından toplayıb ağrıları olanda az-az istifadə edər. Bu məqsədlə o, 12 iyul 2021-ci il tarixdə, saat 11 radələrində yol maşını ilə Tovuz rayonunun Əyyublu kəndinə getmiş, Əyyublu kəndində o, avtomobildən düşüb yabanı halda bitmiş nəşə kollarının olduğu yerə getmiş və özü ilə götürdüyü göy rəngli polietilen sellofanı cibindən çıxarıb həmin kolları yarpaqları ilə birlikdə kisəyə yığmışdır. O, bir qədər yığdıqdan sonra hələlik bu qədər kifayət etdiyini fikirləşib kisəni götürüb yolun kənarına gəlmiş, Gəncə şəhəri istiqamətinə gedən avtomobili saxlayıb sürücüdən onu da Gəncə şəhərinə aparmasını xahiş edəndə sürücü ona Gəncə şəhərinə “Dəmiryolu” vağzalına getdiyini bildirmişdir. O, avtomobilə əyləşib Gəncə şəhərinə gəlmiş, Gəncə “Dəmiryolu” vağzalında avtomobildən düşmüş və oradan da yaşadığı evə getmək üçün “Dəmiryolu” vağzalının perronundan keçərkən 3 nəfər mülki geyimdə olan tanımadığı şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək Gəncə stansiyasında X10 əməkdaşları olduqlarını bildirmişlər. Ondan kim olduğunu, hara getdiyini soruşmuşlar. Polis əməkdaşları onun üzərində narkotik vasitənin olduğu barədə məlumatları olduqlarını deyərək onu Gəncə stansiyasında X13 dəvət dəvət etmişlər. O, etiraz etmədən polis əməkdaşları ilə birlikdə Gəncə stansiyasında X13 gəlmiş, orada təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah edilmişdir. X11 dəvət olunmuş müdafiəçinin iştirakı ilə onun üzərinə baxış keçirilən zamanı əlində olan göy rəngli polietilen kisənin içərisində gizlətdiyi nəşə yarpaqları aşkar edilərək götürülmüşdür. O, polis əməkdaşlarına kisədəki kütlənin nəşə olduğunu, özü istifadə etmək məqsədilə yığdığını bildirmişdir. Bundan sonra polietilen kisədəki nəşə kolları elektron tərəzidə çəkilmiş və nəşə kollarının kisə ilə birlikdə çəkisi 2430 qram müəyyən edilmişdir. Bu barədə protokol tərtib edilmiş, proses videokamerayla çəkilmişdir. Onun üzərindən götürülmüş narkotik vasitə olan nəşə qablaşdırılaraq götürülmüş, möhürlənərək ekspertiza tədqiqatına göndərilmişdir. O, törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Gəncə st. X10 Cinayət Axtarış Bölməsinin rəisi vəzifəsində işləyir. 2007-ci ildən DİO-da, 2020-ci ildən isə hazırda tutduğu vəzifədə xidmət edir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, sonuncu ilə düşmənçiliyi və ya ədavəti olmamışdır. Gəncə şəhəri Ağamalıoğlu küçəsi ev 47-də yaşayan Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitə qəbul etməsi və üzərində gəzdirməsi barədə 12 iyul 2021-ci il tarixdə daxil olmuş məlumat əsasında Bölmənin əməkdaşları ilə birlikdə keçirtdikləri əməliyyat axtarış tədbirləri nəticəsində həmin gün saat 15:20 radələrində Təqsirləndirilən şəxs Gəncə «Dəmiryol» vağzalının perronunda müəyyən edib sonuncuya yaxınlaşmışlar. Həmin vaxt Təqsirləndirilən şəxs əlində göy rəngli sellofan torba olmuşdur. Onlar özlərini Təqsirləndirilən şəxs təqdim etdikdən sonra qanunsuz olaraq narkotik vasitə əldə edib üstündə saxlamaqda şübhəli olduğunu bildirib üzərinə baxış keçirtmək məqsədi ilə sonuncunu əlindəki sellofan torba ilə birlikdə Gəncə st. X13 gətirmişlər. Təqsirləndirilən şəxs üzərinə və əlindəki sellofan torbaya baxış keçirilməzdən əvvəl hüquqlarını müdafiə etmək məqsədilə müdafiəçi qismində Xəqani Əkbərov adlı müdafiəçi Polis Şöbəsinə dəvət olunub Təqsirləndirilən şəxs təqdim edilmiş, Təqsirləndirilən şəxs hüquq vəzifələri izah olunduqdan sonra sonuncu hüquq vəzifələrinin aydın izah edildiyini və hüquqlarının müdafiə olunması məqsədilə təqdim olunmuş Xəqani adlı vəkilə etirazı olmadığını bildirmişdir. Bundan sonra videoçəkiliş vasitəsilə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs əlindəki göy rəngli sellofan torbaya baxış keçirilən zamanı həmin polietilen (selofon) torbanın içərisində yaşıl rəngli, kəskin iyli, ilk baxışdan narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs əlindəki sellofan torbadan aşkar olunub götürülmüş kütlənin narkotik vasitə olan marixuana olduğunu, özünə məxsus olduğunu, polis əməkdaşları tərəfindən saxlanıldığı gün Tovuz rayonu, Əyyublu kəndi ərazisindən yığıb özü istifadə etmək məqsədilə Gəncə şəhərinə gətirdiyini bildirmişdir. Həmin kütlə vəkilin iştirakı ilə mağaza tərəzisində çəkilmiş və ümumi çəkisi 2430 qram olmaqla qablaşdırılmış, Azərbaycan Respublikası DİN-in Gəncə st. XPŞnin zərflər üçün möhürü ilə möhürlənərək çəkisinin, tərkibinin dəqiq müəyyən olunması məqsədilə ekspertizaya göndərilmişdir. Keçirilmiş əməliyyat axtarış tədbirlər nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə hər hansı bir məlumat əldə olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 eyni məzmunlu ifadə verərək Şahid2 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan sənədlərlə aşağıdakılar müəyyən olunur: Gəncə stansiyasında X10 Cinayət Axtarışı Bölməsinin rəisi polis baş leytenantı Şahid2 12 iyul 2021-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” qərarından görünür ki, vətəndaş Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu yerləri və narkotik vasitəni əldə etdiyi mənbəni müəyyənləşdirmək məqsədilə “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş tədbirlər keçirilməsi qərara alınmışdır. Bayramov X1 XPŞ-nin İstintaq və Təhqiqat Qrupunun təhqiqatçısı X5 qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. 12 iyul 2021-ci il tarixli “Baxış və götürmə haqqında” protokolundan görünür ki, daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 12.07.2021-ci il tarixdə saat 15:20 radələrində Gəncə Dəmiryol stansiyasının perronunda yaxalanaraq Gəncə stansiyasında XPŞ-yə gətirilmiş, 12.07.2021-ci il taridə saat 15:55 də şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah edildikdən sonra onun üzərinə baxış keçirilmiş və Təqsirləndirilən şəxs əlində olan göy rənlgli sellofan torbanın içərisində yaşıl rəngli, kəskin iyli, ilk baxışda narkotik vasitə olan marixuanaya oxşar kütlə aşkar edilərək götürülmüşdür. Həmin yaşıl rəngli, kəskin iyli marixuanaya oxşar kütlə elektron tərəziyə qoyularaq çəkilmiş və sellofan torba ilə birlikdə 2430 qram olmaqla qablaşdırılmış və möhürlənərək götürülmüşdür. 12 iyul 2021-ci il tarixdə Gəncə stansiyasında XPŞ-nin İstintaq və Təhqiqat Qrupunun baş təhqiqatçısı, polis mayoru Ramin Həmidov tərəfindən mütəxəssisaqronomun iştirakı ilə Təqsirləndirilən şəxs narkotik vasitəni yığdığı yerə baxış keçirilmiş və baxış zamanı Tovuz rayonu Əyyublu kəndindəki qəbristanlığın kənarındakı əraziyə baxış keçirilərkən 3 ədəd bitki kolu aşkar olunaraq götürülmüş, mütəxəssisin rəyinə əsasən ərazidən aşkar olunmuş 3 ədəd həmin bitki kolları narkotik tərkibli, tərkibində narkotik maddələr olan çətənə bitkiləridir, həmin bitkilər yabanı halda bitib, həmin bitkilərin olduğu sahədə gübrələmə, suvarma, kultivasiya və s. aqrotexniki tədbirlər aparılmamışdır. Baxış zamanı aşkar olunmuş həmin 3 ədəd bitki kolları qablaşdırılaraq möhürlənmiş, baxış keçirilən zamanı çəkilmiş videogörüntü bir ədəd DVD diskə köçürülərək materiala əlavə olunmuş və fotoşəkillər çəkilmişdir. Maddi sübut kimi tanınma haqqında 13 iyul 2021-ci il tarixli qərardan görünür ki, vətəndaş Təqsirləndirilən şəxs götürülmüş 2400 qram çəkidə narkotik vasitə olan qurudulmamış marixuana və Tovuz rayonu Əyyublu kəndində baxımsız ərazidən aşkar olunub götürülmüş 630 qram çəkidə 3 ədəd çətənə bitkiləri, 2 ədəd DVD iş üzrə mühüm əhəmiyyət kəsb etdiklərinə görə maddi sübut kimi tanınması, Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş narkotik vasitə olan qurudulmamış marixuananın ekspertizadan qaytarılmış 2399,8 qram çəkidə qalığı və Tovuz rayonu Əyyublu kəndində baxımsız ərazidən götürülmüş 3 ədəd çətənə bitkilərinin ekspertizadan qaytarılmış 629,4 qram çəkidə 3 ədəd çətənə bitkiləri saxlanılması üçün Gəncə stansiyasında XPŞ-nin maddi sübutlar saxlanılan anbarına təhvil verilməsi və 2 ədəd DVD diskin isə cinayət işinə əlavə olunması qərara alınmışdır. Məhkəmə-bioloji ekspertizasının 12 iyul 2021-ci il tarixli, 16/684 nömrəli rəyindən məlum olur ki, üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəyə bənzər kütlə” yazı və imzalar olan polietilen paketdəki, təmiz çəkisi 2400 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmamış marixuanadır. Təqdiqata təqdim olunmuş üzərində “Tovuz rayonu ərazisindən götürülmüş 3 ədəd çətənə kolu” yazı və imzalar olan 1 (bir) ədəd polietilen torbada, ümumi sayı 3 (üç) ədəd, ümumi təmiz çəkisi 630 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim olunmuş çətənə (kannabis) bitkiləri və marixuana orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eynidirlər. Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 14 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Məhkəmə-narkoloji ekspertizasının 17 iyul 2021-ci il tarixli, 836 nömrəli rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoiddən sui-istifadə etmə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji dispanserdə profilaktik qeydiyyata alınması məsləhət görülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə mübarizə haqqında haqqında» Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununun 19-cu maddəsinin 1-ci hissəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların şəxsi istehlak miqdarından artıq olan miqdarda hazırlanması, kultivasiyası, əldə edilməsi, saxlanması, daşınması və ya göndərilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada cinayət məsuliyyətinə səbəbdir. Azərbaycan Respublikasının 28.06.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»n İ Siyahısında qurudulmamış marixuananın şəxsi istehlak miqdarının yuxarı həddi 25 qram müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin narkotik vasitə olan marixuananı şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq əldə edib üzərində saxlaması və daşıması öz təsdiqini tapmışdır. Cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona isnad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət təqibini istisna edən hallar və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyası hüdudlarında, cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin 14.08.2021-ci il tarixli arayışından məlum olur ki, Təqsirləndirilən şəxs Kürdəmir Rayon Xalq Məhkəməsinin 19.11.1984-cü il tarixli hökmü ilə Azərbaycan SSR CM-nin 143-cü maddəsinin 2-ci hissəsi, və 144-cü maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 30.12.1984-cü ildə SSRİ X9 Heyətinin 18.06.1987-ci il tarixli Fərmanının 9-cu maddəsinin “E” bəndnə əsasən cəzasının çəkilməmiş hissəsi ½ qədər azaldılmış, 17.12.198-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Qazax Rayon Xalq Məhkəməsinin 29 dekabr 1988-ci il tarixli hökmü ilə AZ SSR CM-nin 145-ci maddəsinin 2-ci hissəsinin 1.2 bəndinə əsasən təqsrli bilinərək 06 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Goranboy Rayon Xalq Məhkəməsinin 19 oktyabr 1993-cü il tarixli hökmü ilə CM-in 143-cü maddəsinin 4-cü hissəsi ilə təqsirli bilinərək 09 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 03.09.2002-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 31 iyul 2003-cü il tarixli hökmü ilə CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 19.03.2009-cu ildə Azərbaycan Respublikası Milli Məclisinin 7.03.2009-cu il tarixli amnistiya qərarının 1.1-ci bəndinə əsasən azad olunmuşdur. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 24.09.2009-cu il tarixli hökmü ilə CM-in 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 05.07.2013-cü ildə cəzasının sonu ilə azad olunmuşdur. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 02.05.2014-cü il tarixli hökmü ilə CM-in 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 06 il müddətinə azadlıqdan məhrumtmə cəzasına məhkum edilmiş, 02.12.2016-cı ildə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə CM-in 177.2.4-cü maddəsinə dair müddəalar (xeyli miqdarda) xaric edilib, cəzası 05 il 06 aya endirilmiş, 20.05.2019-cu ildə cəzasının sonu ilə azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs sonuncu məhkumluğu az ağır cinayətin törədilməsinə görə olmuş, cəzadan 20.05.2019-cu il tarixdə azad edilmiş, hazırkı cinayət əməlini isə 12 iyul 2021-ci il tarixdə törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Təqsirləndirilən şəxs hazırkı cinayəti məhkumluğu ödənildikdən sonra törətdiyindən onun əməlində cinayətlərin residivi müəyyən edilmir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin şəxsiyyəti, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, eləcə də cəzanın səmərəliliyi və məqsədəuyğunluğu nəzərə alınmaqla təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının yarısı müddətində cəza təyin edilməlidir. Samux Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli, 1(058)-35/2021 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CMnin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 27 mart 2021-ci il tarixdən 29 mart 2021ci il tarixədək cəmi 2 gün şübhəli şəxs qismində tutulduğu müddətin ona təyin edilmiş 02 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılmasına, üzərində qəti olaraq üçün 02 il 05 ay 28 gün azadlıqdan məhrumetmə cəzası saxlanılmasını, cəzasının müddətinin əvvəlinin 16 avqust 2021-ci il tarixdən hesablanmasına və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsinə hökm edilmişdir. Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini Samux Rayon Məhkəməsinin onun barəsində çıxardığı ittiham hökmünün qanuni qüvvəyə minməsindən əvvəl törətdiyi üçün ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qismən toplama yolu ilə qəti cəza təyin edilməli, Samux Rayon Məhkəməsinin hökmü ilə təyin edilmiş cəzanın çəkilmiş müddəti qəti cəzaya hesablanmaqla cəzaçəkmə müddətinin əvvəli 16 avqust 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə 12 iyul 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 14 iyul 2021-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Buna görə də Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs hazırkı cinayət işinə görə tutulduğu (həbsdə saxlanıldığı) iki gün müddət ona təyin ediləcək qəti cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs Samux Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli hökmü ilə cəza təyin edilərkən cinayətlərin residivi onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmış, Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə uyğun olaraq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəkməli olması hökm edilmişdir. Buna görə də Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkməsi barədə ekspert rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İşdə mülki iddia və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1 maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak yoxdur. İş üzrə maddi sübutlar – Gəncə şəhər BPİ-də məsul saxlanca verilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 2399,8 qram çəkidə qurudulmamış marixuana və ümumi sayı 3 (üç) ədəd və ümumi təmiz çəkisi - 629,4 qram olan çətənə bitkisi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iki ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci - ekspertiza tədqiqatının dəyəri olan 30,40 manat (otuz manat, qırx qəpik) pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməli, Təqsirləndirilən şəxs göstərdiyi 20 saat hüquqi yardıma görə hər iş saatı üçün 6 manat olmaqla cəmi 120 (yüz iyirmi) manat pul dövlət büdcəsinin vəsaiti hesabına Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməlidir. Məhkəmə göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası CPM-in 132, 197, 198, 346, 347, 349, 351, 353, 358, 381, 383, 384, 385-ci maddələrini rəhbər tutub HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Samux Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli, 1(058)- 35/2021 saylı hökmü ilə təyin edilmiş 02 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hazırkı cinayət işi üzrə ibtidai istintaq dövründə həbsdə olduğu (tutulduğu) 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq Təqsirləndirilən şəxs üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 16 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübutlar – Gəncə şəhər BPİ-də məsul saxlanca verilmiş təmiz qalıq çəkisi 2399,8 qram çəkidə qurudulmamış marixuana və ümumi sayı 3 (üç) ədəd və ümumi təmiz çəkisi 629,4 qram olan çətənə bitkisi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci - ekspertiza tədqiqatının dəyəri olan 30,40 manat (otuz manat, qırx qəpik) pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Təqsirləndirilən şəxsə göstərdiyi 20 saat hüquqi yardıma görə 120 (yüz iyirmi) manat pul dövlət büdcəsinin hesabına Müdafiəçi ödənilməsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə münasibətdə isə surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə (təqsirləndirilən şəxs tərəfindən həmçinin həbsdə saxlama yerinin müdiriyyətinin vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddətlər ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №1(043)-215/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-215/2021
15.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver