Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(043)-216/2021 23.11.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1972-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Gəncə şəhəri, Məshəti qəsəbəsi, Yeni yaşayış massivi, 34-cü küçədə yaşayan Təqsirləndirilən şəxs oğlunun, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Məhkəmə istintaqında müəyyən edildi ki, Təqsirləndirilən şəxs 25.09.2021-ci il tarixdə saat 15 radələrində Gəncə şəhər Məhsəti qəsəbəsində yerləşən fərdi yaşayış evində qeyri-rəsmi ər-arvad münasibətində olduğu Zərərçəkmiş şəxs ilə aralarında ailə münasibətləri zəminində baş vermiş mübahisə zamanı əl və ayaq zərbəsi ilə sonuncunun baş və bədəninin müxtəlif nahiyələrinə qəsdən vuraraq ona- ənsə nahiyəsində, üst dodağın sol yarısının selikli səthində əzilmiş yaralar, sağ alın-gicgah, sol qaş nahiyələrində, sağ saidin yuxarı 1/3-nin arxa-iç, aşağı 1/3- nin arxa və sol saidin aşağı 1/3-nin arxa səthlərində geniş sahələri, dərilatı hematomalar kimi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa “Yüngül” zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham verilmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs oğlu ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, zərərçəkən şəxs Zərərçəkmiş şəxs ilə qeyri-rəsmi ər-arvad münasibətlərində yaşayır. Fərqanənin 1-ci evliliyindən 2 qız övladları var və birgə yaşayırlar. Mütamadi olaraq Zərərçəkmiş şəxs qızlarının tərbiyəsi ilə məşğul olması barədə iradlar bildirmişdir. 25.09.2021-ci il tarixdə saat təxminən 14 radələrində işlədiyi yerdən yaşadığı Gəncə şəhəri Məhsəti qəsəbəsinə gəlmişdir. Evin dağınıq olması ilə bağlı Fərqanəyə irad bildirmiş və evdə spirtli içki qəbul etməyə başlamışdır. O, Fərqanəyə qızları Şəhla və Fəridənin tərbiyəsi ilə məşğul olmadığını bildirdikdə Fərqanə ona cavab qaytarmışdır.O, sərxoş olduğundan və əsəbləşdiyindən qonaq otağında Fərqanəni yumruq və təpik ilə bədəninin müxtəlif nahiyələrinə vuraraq bədən xəsdarətləri yetirmişdir. Həmin vaxtı Fəridə araya girmiş və onu itələmişdir.Hazırda hərəkətindən peşman olduğunu göstərərək, məhkəməyə ərizə təqdim edib “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında”Azərbaycan Respublikası Milli Məclisinin qərarına əsasən barəsində amnitsiya tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, Təqsirləndirilən şəxs ilə qeyri- rəsmi ər-arvad münasibətlərində yaşayır. 1-ci evliliyindən 2 qız övladları var və birlikdə yaşayırlar. 03.08.2006-cı il təvəllüdlü Şahid və 10.03.2009-cu il təvəllüdlü X2 onun qızıdır. Mahirlə əvvəllər münasibəti normal olsa da, Mahir sərxoş vəziyyətdə olan zaman onunla münaqişə yaratmışdır. 25.09.2021-ci il tarixdə saat 14 radələrində Mahir yaşadıqları evə gəlmişdir. Həmin vaxt Mahirin ayaqqabısının içərisinə palçıq düşdüyü üçün Mahirin ayağında olan ağ rəngli corab çirklənmişdir. Mahir həmin vaxt qızlarına irad bildirmişdir ki, “evə gələndə ayaqqabılarınızı bir yerdə soyunun palçığı evə yaymayın”. X3 ilə mübahisə edərək qızı Fəridənin sifət nahiyəsinə əl ilə sillə vurmuşdur. O, həmin vaxt Mahirə Fəridəni vurduğu üçün irad bildirmişdir. Mahir həmin vaxt onunla mübahisə zamanı Mahir əl zərbəsi ilə onun baş nahiyəsinə vurmuşdur. Sonra qızı Fəridə çölə çıxaraq DİN-in 102 xidmətinə zəng edən zaman Mahir qızı Fəridənin arxasınca çölə çıxmışdır. O, Mahirin arxasınca çölə çıxan zaman Mahirin qolundan tutmuşdur ki, getməsin. Həmin vaxt Mahir saçından tutub baş nahiyəsini daşa vurmuşdur. Həmçinin Mahir yumruq və təpik zərbələri ilə bədəninin müxtəlif nahiyələrinə vuraraq ona xəsarətlər yetirmişdir. O, həmin vaxt polis çağırdıqları üçün Mahir sakitləşmiş və sonra polis əməkdaşları gəlmişdir.Hazırda təqsirləndirilən şəxslə barışdıqlarını, təqsirləndirilən şəxs tərəfindən ona dəyən zərərin tam ödənildiyini göstərərək şikayəti və tələbi olmadığını bildirdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş azyaşlı Şahid ifadəsəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun anasıdır. Təqsirləndirilən şəxs tanıyır. Mahirlə anası Fərqanə 8 ildir ki, qeyri-rəsmi ər arvad kimi yaşayırlar. O və bacısı Şəhla anası Fərqanə ilə birlikdə yaşayırlar. 25.09.2021-ci il tarixdə saat 14 radələrində Mahir yaşadığı evə gəlmişdir. Həmin vaxt Mahirin ayaqqabısının içərisi palçıq olduğu üçün corabı çirklənmişdir. Həmin vaxt Mahir evə daxil olan zaman ayaqqabıları bir yerdə soyunmağı barədə ona irad bildirmiş və əli ilə sifət nahiyəsinə sillə vurmuşdur. Sonra anası Fərqanə Mahirə onu döydüyü üçün irad bildirmişdir. Mahir həmin vaxt anası Fərqanəni əl və ayaq zərbələri ilə bir neçə dəfə baş nahiyəsinə vuraraq döymüş və saçından tutub başını divara vurmuşdur. Sonra o, bu barədə DİN-in 102 xidmətinə məlumat vermişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə-Tibbi Ekspertiza və X1»nin 05.10.2021-ci il tarixli, 1000 nömrəli «canlı şəxsin ekspertizası» rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zaman bədənində olan xəsarətlər - ənsə nahiyyəsində, üst dodağın sol yarısının selikli səthində əzilmiş yaralar, sağ alın- gicgah, sol qaş nahiyyələrində, sağ saidin yuxarı 1/3-nin arxa-iç, aşağı 1/3-nin arxa və sol saidin aşağı 1/3-nin arxa səthlərində geniş sahəlri dərialtı hematomalar küt mexanizmdən, bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, müayinə olunanın dediyi vaxtda və şəraitdə əmələ gəlməyə uyğundurlar, ayrı-ayrılıqda və ümumilikdə sağlamlığın qısa müddətə poxulmasma səbəb olan YÜNGÜL zərər vurmaya aiddirlər. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 11.10.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, zərərçəkmiş şəxslə barışdığı üçün və 8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisin Qərarının tətbiq edilməsini və cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, təqsirləndirilən şəxslə barışmış, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənildiyi üçün heç bir şikayəti və tələbi olmadığını göstərərmişdir. “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci bəndində göstərilir ki, məhkəmələr icraatlarında olan və bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə bu Qərarın 1-ci hissəsində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır. (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Həmin Məcəllənin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayətdir. Cinayət hadisəsi nəticəsində maddi ziyan vurulmamışdır. Müdafiə tərəfi amnistiya aktının tətbiq edilməsi barədə vəsatət vermişdir. Buna görə də “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarının 9.1-ci bəndinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad olunmalı və onun barəsində cinayət təqibinə xitam verilməlidir. İş üzrə maddi sübut, mülki iddia və CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə olunası əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 40.2, 43.3, 344-347, 356-358-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci bəndinə əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə başlanmış cinayət təqibinə xitam verilsin. Qərardan elan olunduğu andan 20 gün müddətinə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan şikayət verilmədikdə 20 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №1(043)-216/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №1(043)-216/2021
23.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver