Məhkəmə qərarları › İş №1(043)-22/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-22/2022

07.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-22/2022 07.02.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs, müdafiəçi- Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, 07.02.2022-ci il tarixdə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin məhkəmə iclas zalında açıq məhkəmə iclasında, xx.xx.1990-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2a yaşayan barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda ünvan 3idxanasında saxlanılan Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.2, 29,177.2.3 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, müəyyən etdi: Məhkəmə istintaqında müəyyən edildi ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədi ilə 18.02.2021-ci il tarixdə, saat 00:20-də Zərərçəkmiş şəxs MMC-yə məxsus Gəncə şəhəri, Kəpəz rayonu, T.Özal küçəsində yerləşən “OBA-Gəncə 43” adlanan mağazanın giriş qapısının kilidini üzərində gətirdiyi mıxçıxaran alətlə güc tədbiq edib sındırmaqla açararaq qanunsuz olaraq mağazaya daxil olub oradan ümumi dəyəri 12 manat 60 qəpik olan 6 qutu «West Silver» markalı siqareti, ümumi dəyəri 7 manat 20 qəpik olan 4 qutu «Magna Nano» markalı siqareti, ümumi dəyəri 37 manat 40 qəpik olan 11 qutu «Kent 8» markalı siqareti, ümumi dəyəri 2 manat 30 qəpik olan 1 qutu «Rothmans Blue» markalı siqareti, ümumi dəyəri 15 manat 60 qəpik olan 6 qutu «Davidoff Reach» markalı siqareti, ümumi dəyəri 25 manat 60 qəpik olan 8 qutu «Winston XS Silver» markalı siqareti, ümumi dəyəri 33 manat 80 qəpik olan 9 qutu «Davidoff Gold SV» markalı siqareti, ümumi dəyəri 16 manat 80 qəpik olan 6 qutu «LD Club KS» markalı siqareti, ümumi dəyəri 8 manat 80 qəpik olan 4 qutu «Want mini X» markalı siqareti, ümumi dəyəri 48 manat olan 15 qutu ümumi dəyəri 11 manat olan 15 qutu «Want Nano» markalı siqareti, ümumi dəyəri 18 manat 40 qəpik olan 8 qutu «Pall mall Nano Silver» markalı siqareti, ümumi dəyəri 9 manat 20 qəpik olan 4 qutu «Winçester KSS» markalı siqareti, ümumi dəyəri 22 manat 20 qəpik olan 6 qutu «Sobranie White» markalı siqareti, ümumi dəyəri 40 manat 70 qəpik olan 11 qutu «Sobranie White KSS» markalı siqareti, ümumi dəyəri 15 manat 40 qəpik olan 7 qutu «Want mini X Blue» markalı siqareti, ümumi dəyəri 10 manat 20 qəpik olan 3 qutu «Winstone XTL Compact» markalı siqareti, ümumi dəyəri 10 manat 40 qəpik olan 4 qutu «Davidoff Reach» markalı siqareti, ümumi dəyəri 22 manat 20 qəpik olan 6 qutu «Sobranie KSS Blue» markalı siqareti, ümumi dəyəri 10 manat 40 qəpik olan 4 qutu «LD Compact White» markalı siqareti, dəyəri 1 manat 80 qəpik olan 1 qutu «X9» markalı siqareti, ümumi dəyəri 5 manat 40 qəpik olan 3 qutu «X11» markalı siqareti, ümumi dəyəri 3 manat 20 qəpik olan 2 qutu «Bakı KS» markalı siqareti, ümumi dəyəri 9 manat olan 5 qutu «X10» markalı siqareti və ümumi dəyəri 3 manat 60 qəpik olan 2 qutu «X8» markalı siqareti, ümumilikdə isə zərərçəkmiş hüquqi şəxsin 480 manat 60 qəpik dəyərində əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa, o, özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədi ilə təkrar 25.04.2021-ci il tarixdə, saat 01-02 radələrində Zərərçəkmiş şəxs MMC-yə məxsus Gəncə şəhəri, Kəpəz rayonu, T.Özal küçəsində yerləşən “OBA-Gəncə 43” adlanan mağazanın giriş qapısının şüşəsini əli ilə sındırıb qanunsuz olaraq içəri daxil olmaqla oradan ümumilikdə 300 manat dəyərində müxtəlif markalı siqaretləri oğurlamaq istəyən zaman mağazaya quraşdırılmış siqnalizasiyanın işə düşməsi ilə hadisə yerinə gələn DİN-in Baş Mühafizə İdarəsinin Gəncə regional idarəsinin əməkdaşları tərəfindən hadisə yerində saxlanıldığına görə iradəsindən asılı olmayan səbəbdən cinayət əməlini başa çatdıra bilməyib oğurluğa cəhd etmişdir. Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin «sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsi»ndən bəhs edən 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, şahid ifadəsini,istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəyini və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.2, 177.2.3 və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından məhkəmə istintaqında təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahid qismində dindirilmiş şəxlərin ifadələrini, ekspertiza rəyini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün subut növləri kimi qəbul edir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərdi ki, 06.02.2021ci il tarixdə, saat 03 radələrində Gəncə şəhəri, T.Özal küçəsində olan “Oba” mağazasının qapısını qıraraq oradan 6 ədəd “Snikers” şokoladı oğulamışdır. Bundan başqa, 18.02.2021-ci il tarixdə, saat gecə 00:00 radələrində oğurluq etmək məqsədi ilə yenidən Gəncə şəhəri, T.Özal küçəsində olan “Oba” mağazasının qarşısına gəlmiş və mağazanın kamerasını yuxarıya tərəf qaldırmış, üzərində gətirdiyi mıxçıxaran alətdən istifadə edərək mağazanın qapısının kilid hissəsini aralayıb sındıraraq mağazaya daxil olmuşdur. Həmin vaxt kassada pul saxlanılmadığını bildiyi üçün məqsədi siqaretləri oğurlayıb sataraq pul qazanmaq imiş. Təxminən 8 və ya 9 blok müxtəlif çeşidli siqaretləri oğurlayıb mağazanın içərisindən götürdüyü sellofan torbaya yığmışdır. Təxminən 5 dəqiqə mağazada olduqdan sonra çölə çıxmış, çünki mühafizə polisi təxminən 10-15 dəqiqə müddətində gələ bilərdi. Həmin gün saat 11 radələrində oğurladığı siqaretləri Gəncə şəhəri ərazisində yerləşən köşkə dəyərindən aşağı qiymətə, yəni 213 manata satmışdır. Siqaretləri satdığı şəxs onun adını qeyd etmiş və onu mobil telefonu ilə videoqeydiyyata almışdır. Siqaretləri satarkən həmin siqaretlərin borc əvəzi ona verilməsini bildirmişdir. Həmin oğurluq hadisəsini etdikdən sonra Bakı şəhərinə getmiş, orada 4-cü mikrorayonda “Xan” restoranında ofisiant kimi işləmişdir. Ofisiant işləyən zaman onunla birgə işləyən Şahid1 Əlibala oğlu ilə tanış olmuşdur. 24.04.2021-ci il tarixdə, saat 20 radələrində Əli ilə birgə olan zaman Gəncə şəhərinə qonaq gəlməyi təklif etmiş və birlikdə Gəncə şəhərinə gəlmişlər. Onlar Gəncə şəhərində Heydər Əliyev parkının yanına gəlmiş, təxminən 1 saat parkda gəzdikdən sonra oradan taksi ilə yaşadığı evin yaxınlığında yerləşən Gəncə şəhəri, T.Özal küçəsində yerləşən “Oba” mağazasının qarşısına gəlmişlər. Həmin vaxt Əliyə oğurluq edərək pul qazanmağı təklif etsə də, Əli tutulmaqdan qorxduğunu deyərək onunla bu barədə razılaşmamışdır. Əli mağazadan təxminən 30 metr aralıda gözləmiş, çünki Əli Gəncəni tanımamış və gedəcəyi yer olmamışdır. Onun 300 manat pula ehtiyacı olduğu üçün məqsədi həmin dəyərdə 300 manat dəyərində siqaretləri oğurlamaq olmuşdur. İlk öncə mağazanın küçəyə baxan hissəsində olan kameranı əli ilə dartıb qırmış və yaxınlıqda olan qaz doldurma məntəqəsinin yanında yerə atmışdır. Mağazanın qapısı bağlı olduğundan qapının şüşəsini qırıb içəri daxil olmaq istəmiş, lakin şüşəni sındıran zaman biləyi yaralanmışdır. Şüşəni bütünlükdə sındıracağı halda səs-küy yaradacağını, həm də mühafızə polisinin gəlmə ehtimalı olduğunu düşünüb mağazaya daxil olmayaraq kənardan müşahidə etmək üçün Əlinin yanına gəlmiş, təxminən 5 dəqiqə sonra mühafızə polisləri oraya gəlmişlər. Mühafızə polisinin əməkdaşları onu və Əlini mağazanın yaxınlığında saxlamış və şübhəli olduqlarından Kəpəz RPİ-nin növbətçi hissəsinə təhvil vermişlər. Törətdiyi əməldən peşman olduğunu göstərdi. Məhkəmə istintaqında zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-in nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi hadisə ilə əlaqədar tanımışdır.18.02.2021-ci il tarixdə mağazadan ümumi dəyəri 12 manat 60 qəpik olan 6 ədəd «West Silver» markalı siqaret, ümumi dəyəri 7 manat 20 qəpik olan 4 ədəd «Magna Nano» markalı siqaret, ümumi dəyəri 37 manat 40 qəpik olan 11 ədəd «Kent 8» markalı siqaret, ümumi dəyəri 2 manat 30 qəpik olan 1 ədəd «Rothmans Blue» markalı siqaret, ümumi dəyəri 15 manat 60 qəpik olan 6 ədəd «Davidoff Reach» markalı siqaret, ümumi dəyəri 25 manat 60 qəpik olan 8 ədəd «Winston XS Silver» markalı siqaret, ümumi dəyəri 33 manat 80 qəpik olan 9 ədəd «Davidoff Gold SV» markalı siqaret, ümumi dəyəri 16 manat 80 qəpik olan 6 ədəd «LD Club KS» markalı siqaret, ümumi dəyəri 8 manat 80 qəpik olan 4 ədəd «Want mini X» markalı siqaret, ümumi dəyəri 48 manat olan 15 ədəd «Winstone XST Dual» markalı siqaret, 1 ədəd 3 manat 40 qəpik olan «Kent 4 Nano» markalı siqaret, ümumi dəyəri 57 manat 80 qəpik olan 17 ədəd «Kent 4» markalı siqaret, ümumi dəyəri 11 manat olan 15 ədəd «Want Nano» markalı siqaret, ümumi dəyəri 18 manat 40 qəpik olan 8 ədəd «Pall mall Nano Silver» markalı siqaret, ümumi dəyəri 9 manat 20 qəpik olan 4 ədəd «Winçester KSS» markalı siqaret, ümumi dəyəri 22 manat 20 qəpik olan 6 ədəd «Sobranie White» markalı siqaret, ümumi dəyəri 40 manat 70 qəpik olan 11 ədəd «Sobranie White KSS» markalı siqaret, ümumi dəyəri 10 manat olan 5 ədəd «İmperial Classis» markalı siqaret, ümumi dəyəri 4 manat 60 qəpik olan 2 ədəd «Winçester Sompast» markalı siqaret, ümumi dəyəri 3 manat 60 qəpik olan 2 ədəd «Viseroy N-Series» markalı siqaret, ümumi dəyəri 15 manat 40 qəpik olan 7 ədəd «Want mini X Blue» markalı siqaret, ümumi dəyəri 10 manat 20 qəpik olan 3 ədəd Winstone XTL Compact» markalı siqaret, ümumi dəyəri 10 manat 40 qəpik olan 4 ədəd «Davidoff Reach» markalı siqaret, ümumi dəyəri 22 manat 20 qəpik olan 6 ədəd «Sobranie KSS Blue» markalı siqaret, ümumi dəyəri 10 manat 40 qəpik olan 4 ədəd «LD Compact White» markalı siqaret, bir ədəd 1 manat 80 qəpik dəyərində «X9» markalı siqaret, ümumi dəyəri 5 manat 40 qəpik olan 3 ədəd «X11» markalı siqaret, ümumi dəyəri 3 manat 20 qəpik olan 2 ədəd Bakı KS markalı siqaret, ümumi dəyəri 9 manat olan 5 ədəd «X10» markalı siqaret və ümumi dəyəri 3 manat 60 qəpik olan 2 ədəd «X8» markalı siqaret oğurlanmışdır. Mağazadan ümumilikdə 480,60 (dörd yüz səksən manat 60 qəpik) manat dəyərində müxtəlif növdə və çeşiddə siqaretlər oğurlanmışdır. 25.04.2021-ci il tarixdə isə mağazada bir neçə min manat dəyərində qida və qeyri-qida malları olsa da heç nə oğurlanmamışdır. Hər iki hadisə zamanı mağazanın qapısının şüşəsinin, qapı kilidinin və küçədə olan müşahidə kamerasının sınması ilə 130 manat miqdarında maddi ziyan dəymişdir. Zərərin ödənilmədiyini və şikayətçi olduqlarını bildirdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, iki ilə yaxındır ki, Gəncə şəhərində, müxtəlif yerlərdə yerləşən “OBA” marketlər şəbəkəsində satıcı və administrator işləmişdir. 2020-ci ilin noyabr ayından etibarən Gəncə şəhəri, T.Özal küçəsində yerləşən, sakinlər arasında “Sərçə bazarı” kimi tanınan bazardakı “OBA” marketdə administrator işləyir. Həmin mağazada ondan əlavə 3 nəfər də satıcı olmuşdur. Satıcılar hər gün evə getdikdən sonra saat 20:30-da mağazanı bağlayıb evə getmişlər. Səhər saat 07-də isə mağazanı açmışlar. Mağaza mühafizə polisi tərəfindən mühafizə olunur. İşdən çıxarkən mühafizə siqnalını da işə salır. 17.02.2021-ci il tarixdə, saat 20:30-da həmişə olduğu kimi mağazanı bağlayıb və mühafizə siqnalını işə salaraq evə getmiş, 18.02.2021-ci il tarixdə, saat 00:40-da isə mühafizə polisindən ona zəng edərək mağazadan oğurluq olunduğunu bildirib mağazaya yaxınlaşmasını xahiş etmişlər. O dərhal mağazaya getmiş və orada olarkən məlum olmuşdur ki, 18.02.2021-ci il tarixdə saat 00:20-də həmin vaxt sonradan adının Orxan olduğunu bildiyi şəxs dəmir alət vasitəsi ilə mağazanın plastikdən olan giriş qapısının kilid yerini sındıraraq mağazaya daxil olmuş və mağazada satıcının arxasında quraşdırılmış siqaret rəfindən müxtəlif növdə və çeşiddə siqaretləri oğurlamışdır. Həmin vaxt mağazanın ətrafına baxarkən mağazanın qarşısında bir kənara qoyulmuş bir ədəd mıxçıxaran alət tapmış və mağazanın qapısının kilid hissəsinin həmin alətlə sındırıldığını başa düşmüşdür. Buna görə zəng edərək Azərbaycan Respublikası DİN-nin “102” xidmətinə məlumat vermişdir. Polis əməkdaşları gələrək hadisə yerinə baxış keçirdikdən sonra və özünün apardığı hesablamalar nəticəsində məlum olmuşdur ki, mağazadan həmin vaxt ümumilikdə 480,60 (dörd yüz səksən manat 60 qəpik) manat dəyərində müxtəlif növdə və çeşiddə siqaretlər oğurlanmışdır. Hadisə yerindən tapdığı mıxçıxardanı isə baxış zamanı polis əməkdaşına təhvil vermişdir. Administrator işlədiyi Gəncə şəhəri, Turqut Özal küçəsində yerləşən “Oba-43” mağazasından 06.02.2021-ci il tarixdə naməlum şəxs qapını sındıraraq 6 ədəd “Snikers” şokoladı oğulamışdır. Bununla bağlı Kəpəz RPİ-nin TB-də araşdırma aparılaraq Azərbaycan Respublikası İXM-nin 227 maddəsi ilə qərar qəbul olunmuşdur. 25.04.2021-ci il tarixdə, saat 02 radələrində isə “Oba” mağazalarının bölgə müdiri Nümayəndə mobil telefon vasitəsi ilə zəng edərək X4 İdarəsindən zəng olunduğunu və işlədiyi mağazada oğurluğa cəhd olunmasını bildirmişdir. O dərhal hadisə yeri Gəncə şəhəri , Turqut Özal küçəsində yerləşən “Oba-43” mağazasının qarşısına getmiş və mağazanın qarşısında olan zaman qapının şüşəsinin sınmasını görüb dərhal Azərbaycan Respublikası DİN-in 102 zəng xidmətinə məlumat vermişdir. Küçədə olan müşahidə kamerasına baxdıqda 01:43 dəqiqədə bir şəxs tərəfindən kameranın sındırılması və mağazanın içərisində olan müşahidə kamerasına baxdıqda isə 01:50 dəqiqədə kassa aparatının yanında olan qapının şüşəsinin sınması müəyyən olunmuşdur. Lakin mağazada olan təhlükəsizlik siqnalı çaldığından sonradan adını bildiiy Orxan adlı şəxs ikinci dəfə çəhd etmək istədiyi oğurluq əməlini başa çatdıra bilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, DİN-in Baş Mühafizə İdarəsinin Gəncə Regional İdarəsində mühafizəçi işləyir. 25.04.2021ci il tarixdə, saat 01-02 radələrində xidmətdə olduğu zaman X4 İdarəsinin kompyuter mərkəzləşdirilmiş müşahidə məntəqəsi mühafizəyə götürülmüş, Gəncə şəhəri, T.Özal küçəsində yerləşən “OBA-Gəncə 43” mağazasından həyəcan siqnalı daxil oldmuşdur. O və DİN-in polisi Şahid4 ilə birlikdə dərhal hadisə yerinə yola düşmüşlər.Təxminən 03-04 dəqiqə ərzində mağazanın qarşısına çatdıqda mağazanın yaxınlığında iki nəfər naməlum şəxs olduğunu müəyyən etmişlər. Həmin vaxt mağazanın yaxınlığında qeyd olunan şəxslərdən başqa heç kim olmamışdır. Bundan başqa, mağazanın giriş qapısının şüşəsi və videomüşahidə kamerasının çöl tərəfdə olan hissəsi sındımışdır. Ona görə onlar həmin şəxslərə yaxınlaşaraq özlərini təqdim etməklə onları oğurluq etməkdə şübhəli şəxs qismində saxlamış və ərazi aidiyyəti üzrə təxirəsalmadan Gəncə şəhər Kəpəz RPİ-yə aparmışlar. Orada məlum olmuşdur ki, həmin şəxslərin biri Təqsirləndirilən şəxs, digəri isə Şahid1 Əlibala oğludur, Orxan adlı şəxs isə mağazadan oğurluq etmək istəmişdir. Kəpəz RPİ-də həmçinin məlum olmuşdur ki, mağazanın şüşəsini və kamerasını Orxan adlı həmin şəxs oğurluq etmək üçün sındırmışdır. Bundan sonra isə onlar xidmətlərinə davam etmişlər. Həmin mağazadan əvvəl iki dəfə də oğurluq olmuşdur. Kəpəz RPİ-də məlum olmuşdur ki, əvvəlki oğurluq hadisələrini də Təqsirləndirilən şəxs törətmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Andandonskinin-Rusiyaya qarşı» işi üzrə 28.09.2006-cı il tarixli, həmçinin, «Saidinin-Fransaya qarşı» işi üzrə 20.09.1993-cü il tarixli qərarlarında izah edilir ki, «sübutların mümkünlüyü» daxili qanunvericiliklə tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə, Avropa İnsan Hüquqları Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından ibtidai araşdırma mərhələsində şahid qismində dindirilmiş Şahid1 və Şahid2 ifadələrini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid1 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Zərdab rayonu, Şəftəhal kəndində yaşayır. Təqsirləndirilən şəxs 1 il olar ki, tanıyır. Orxanla Bakı şəhərində yerləşən “Xan” restoranda ofsiant işləmişlər. 24.04.2021-ci il tarixdə Orxan ona Gəncə şəhərinə qonaq getməyi təklif etmişdir. Əvvəllər Gəncə şəhərində olmadığı üçün Orxanla Gəncə şəhərinə getməyə razılaşmışdır. Onlar yol maşını ilə Bakı şəhərindən yola çıxmış və saat 23 radələrində Gəncə şəhərinə çatmışlar. Orxanla bir müddət Gəncə şəhərində olan parklardan birində gəzmişlər.Həmin vaxt Orxan yaşadıqları evə yaxın ərazidə yerləşən “Oba” marketdən təxminən 300 manat dəyərində siqaret oğurlayaraq satıb pul qazanmaq istəməsini bildirmiş, o isə tutulmaqdan qorxduğu üçün oğurluq etmək istəmədiyini Orxana bildirmişdir. Lakin Orxan fikrindən daşınmamış və oğurluq etməyə qərar vermişdir. O da Gəncə şəhərini tanımadığı üçün Orxanın arxasınca getmişdir. Orxan ona bir daha birlikdə mağazaya girməyi təklif etsə də, o, razılaşmamışdır. 25.04.2021-ci il tarixdə, gecə saat 01 radələrində Orxan həmin “Oba” marketin qarşısına getmiş, o isə təxminən 30 metr aralıda gözləmişdir. Orxan mağazanın kənarındakı kameranı qırmış, daha sonra mağazanın qapısını əli ilə açmaq istəmiş, ancaq aça bilməmişdir. Mağazanın şüşəsini əli ilə açmaq istəyən zaman şüşə qırılmış, Orxan şüşədən əlini salıb qapısını açmaq istəsə də, qapı açılmamışdır. Bundan sonra Orxan onun yanına gəlmişdir. Həmin vaxt Orxanın bilək hissəsi yaralanmışdır. Orxanın məqsədi mağazada mühafızə sisteminin olub-olmamasını yoxlamaq imiş. Orxanın bildirməsinə görə mühafızə sistemi olarsa mühafızə polisləri təxminən 10 dəqiqə müddətində gəlməli imiş. Təxminən 10 dəqiqədən sonra mağazanın olduğu yerə mühafızə polisləri gəlmişlər. Mağazanın olduğu ərazidə ondan və Orxandan başqa heç kim olmadığı üçün mühafızə polisinin əməkdaşları tərəfindən saxlanılmışlar və polis idarəsinə gətirilmişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid2 ifadəsində göstərmişdir ki, Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə D.Qorqud küçəsinin kəsişməsində yerləşən 21 saylı “Azərmətbuat yayımı” adlanan köşkü işlədir. Orada satıcı olsa da, özü də tez-tez orada olur və işlərə nəzarət edir. 18 fevral 2021-ci il tarixdə işlətdiyi Gəncə şəhər Ş.İ.Xətai prospektində yerləşən köşkdə olan zaman əvvəldən tanımadığı bir nəfər şəxs köşkə yaxınlaşaraq siqaret satdığını, həmin siqaretləri topdan satış qiymətinə sata biləcəyini demiş, o isə müxtəlif çeşidlərdə olan həmin siqaretlərin oğurluq olma ehtimalını düşünüb adı sonradan məlum olan Orxan adlı həmin şəxsi sorğusuala tutmağa başlamışdır. Orxan qohumunun borcunun olduğunu, həmin borcun qarşılığında işlətdiyi köşkdən həmin siqaretləri verdiyini bildirmiş, o da həmin şəxsə inanaraq şəxsiyyət vəsiqəsinin surətini təqdim edib nömrəsini verdiyi halda həmin siqaretləri topdan satış qiymətləri ilə alacağını bildirmişdir. O həmin siqaretlərin sayını, çeşidlərini xatırlamasa da siqaretlərin qarşılığında Orxana 213 manat pul vermiş, şəxsiyyət vəsiqəsinin surəti ilə nömrəsini də götürüb siqaretləri almışdır. Bundan təxminən 1 ay sonra işlətdiyi həmin köşkə Orxanla birlikdə polis əməkdaşları gələn zaman o, siqaretlərin oğurluq olduğunu bilmişdir. Aldığı siqaretlər isə tədricən alıcılara satılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-in 03.05.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin 02.04.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 29, 177.2.3, 29,177.2.4 və 186.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 03 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 19.01.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin 11.06.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə 07.11.2019-cu il tarixdə 02 ay 07 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X6 tərəfindən verilmiş stasionar məhkəməpsixatrik ekspertizasının 13.09.2021-ci il tarixli, 113 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixi pozuntulu şəxs olub şizoaffektiv pozuntudan əziyyət çəkir, lakin həmin pozuntu sözügedən cinayət əməlini törətməmişdən öncə, törədən zaman və törətdikdən sonra remissiya vəziyyətində olduğundan o öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası CM-in 21.1 və 22.1-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırki müayinə zamanı şizoaffektiv pozuntuya xas əlamətlər müəyyən edilir. Lakin həmin patalogiya hazırda remissiya vəziyyətində olduğundan onu öz hərəkətlərinin məsuliyyətini dərk etmək və onları idarə etmək qabiliyyətindən məhrum etmir. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 21.3 və 22.2-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırki vəziyyəti onunla istintaq hərəkətlərinin aparılmasına imkan verir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırki psixi vəziyyəti qənaətbəxş olduğuna görə onun məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs özünə və ətrafındakılara zərər yetirmək təhlükəsi yoxdur. Törətdiyi əməlin qanunazidd olmasını başa düşür. Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 26.04.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 29,177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuşdur. Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirin seçilməsi haqqında 28.04.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 28.04.2021-ci il tarixdə MSY-dən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 15.05.2021-ci il tarixli, 4(043)-89/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 ay 19 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbsdə saxlama müddətinin əvvəli 14.05.2021-ci il tarixdən hesablanmışdır. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 29.07.2021-ci il tarixli, 4(043)-143/2021 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 2 (iki) ay, yəni 02 avqust 2021-ci il tarixdən, 02 oktyabr 2021-ci il tarixədək uzadılmışdır. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 28.09.2021-ci il tarixli, 4(043)-192/2021 saylı qərarının surətindən görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 29, 177.2.3 və 177.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 1 (bir) ay, yəni 02 noyabr 2021-ci il tarixədək uzadılmışdır. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi haqqında 01.11.2021-ci il tarixli, 1(043)- 214/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Gəncə şəhəri Kəpəz rayon İcra Hakimiyyəti Evlər üçlüyü tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, iş üzrə toplanmış sübutların həcmi təqsirləndirilən şəxsə istinad olunan oğurluq cinayəti üzrə sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.2, 29,177.2.3 və 177.2.3cü maddələrində nəzərdə tutulmuş cinayət əməli «az ağır» cinayət olmaqla mülkiyyət əleyhinə olan cinayətdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.2,29,177.2.3və177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Azərbaycan Respublikası CM-in 16 və 18-ci maddəllərinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, eyni cinayətlərin təkrarlığı zamanı,bu cinayətlərə aid olan cinayət əməlləri başa çatmış olduqda və ya cinayətə cəhd təşkil etdikdə, törədilənlərin hamısı Cinayət Məcəlləsinin eyni maddəsi ilə əhatə olunur. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən olunmadı. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.2, 29,177.2.3 və 177.2.3-cü maddələri ilə təqsirli bilindiyi cinayət əməlinə görə qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən, onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halı, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Qəsdən cinayət törətməsinə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş X2 yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs məhkumluğunu nəzərə alaraq, cinayətin residivini Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal hesab edir. Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını CM-in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün yarısından az ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü bəndinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının aşağıdakı izah və tələblərini də nəzərə alır. Belə ki, həmin qərarın 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Göstərilən qərarın 2-ci bəndində isə izah edilir ki, cəzaların tətbiq edilməsi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub olmaması,məsələn sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və.s) kimi hallara da diqqət yetirilməlidir. Ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyini ilə bağlı məsələni müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, əvvəl törətdiyi eyni xarakterli cinayətə görə təyin olunmuş cəza ilə islah olunmayaraq yenidən eyni xarakterli cinayət törətməsini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq, barəsində təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının tətbiqini qanuni əsaslı və ədalətli sayır. Azərbaycan Respublikası CM-in 56-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinin tələblərinə əsasən, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə,Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli həbsə alındığı, 21 may 2021-ci il tarixdən hesablanmalıdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (mad.346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (mad.353.4.10) məsələlərdən biri də, məhkəmə məsrəflərinin (xərclərinin) ödənilməsi məsələsidir. İş üzrə məhkəmə xərci yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş müsadirə etilməli əmlak yoxdur. İş üzrə maddi sübut olan Gəncə şəhəri BPİ-nin xüsusi saxlanc yerində saxlanan bir ədəd mıxçıxaran alət və bir ədəd videomüşahidə kamerasının qırıntısı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir . İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutuaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.2, 29,177.2.3 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun tutulduğu 02 (iki) gün müddət azadlıqdan məhrum etmə cəzasının 02 (iki) gününə bərabər hesablanmaqla üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan mərhumetmə cəzası saxlanılsın. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin edilmiş cəzasının əvvəli 14 may 2021-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəsni aldıqdan sonra Gəncə şəhəri BPİ-nin xüsusi saxlanc yerində saxlanan bir ədəd mıxçıxaran alət və bir ədəd videomüşahidə kamerasının qırıntısı məhv edilsin. Hökmdən elan olunduğu, məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar