Məhkəmə qərarları › İş №1(043)-224/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №1(043)-224/2021

29.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(043)-224/2021 29.11.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X5 iclas katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun X4 üzrə İdarənin rayon (şəhər) məhkəmələrində X4 üzrə şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərər çəkmiş şəxs X3, cinayət qanununda nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.2001-ci ildə Rusiya Federasiyasının Moskva şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı,natamam ali təhsilli, subay, işsiz, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Gəncə şəhəri, M.Feyzulla küçəsi, ev 4-6 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 13.10.2021-ci il tarixdə saat 16 radələrində ünvan 3 ünvanının qarşısında anası Zərərçəkmiş şəxs ilə aralarında ailə münasibətləri zəminində baş vermiş mübahisə zamanı əl və ayaq zərbəsi ilə sonuncunun baş və bədəninin müxtəlif nahiyələrinə qəsdən vuraraq ona - qapalı kəllə beyin travması, baş beyin sirkələnməsi ilə müşayiət olunan hər iki dodağın əzilməsi, alt dodağın selikli qişasının əzilmiş yarası və sol sağrı nahiyyəsinin hematoması kimi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa “Yüngül” zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Bu hərəkətləri ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ifadə verən zaman özünü qeyd olunan ittihamla təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs onun doğma anasıdır. Anası Vəfa ilə atası Şahid3 26.11.2000-ci ildə evlənmiş, lakin anası atasına başqa kişilərlə xəyanət etdiyi üçün onlar 12.06.2020-ci il tarixdə boşanaraq ayrı yaşamağa başlamışlar. Həmin vaxtdan da o, atası ilə birlikdə yaşayır. X1 isə anası ilə birlikdə yaşayır. Atası, hal-hazırda ailə həyatı qurub başqa qadınla evlənmək qərarına gəlmişdir. 13.10.2021-ci il tarixdə saat 16 radələrində o, yaşadığı evin yaxınlığında yerləşən "Orxan-Sərxan" adlı marketdə olan zaman atası onun mobil telefonuna zəng edərək küçədə münaqişə olmasını və tez onun yanına gəlməsini demişdir. O da dərhal nə baş verdiyini bilmək üçün marketdən çıxıb yaşadıqları evə tərəf getmişdir. Oraya çatan zaman yaşadıqları evin qarşısında anası Vəfanın atası ilə mübahisə etdiklərini və bir-birinin yaxasından tutduqlarını görmüşdür. O, dərhal onlara yaxınlaşaraq anasından nə üçün oraya gəldiyini soruşaraq küçədən getməsini tələb etmişdir. Lakin, anası ona məhəl qoymayaraq onu nalayiq sözlərlə söyərək təhqir etmiş, o, da əsəbləşərək qəfildən anasının başına və ağız nahiyyəsinə hər iki əli ilə yumruq zərbələri vurub onu yerə yıxmışdır. Anası yerə yıxılan zaman isə onun yan bud hissələrinə təpik zərbələri vuraraq onu döymüşdür. Həmin vaxt onu dostu Murad sakitləşdirərək yaşadığı evə aparmışdır. Anası Vəfa onu və atasını əsəbləşdirdiyi üçün aralarında münaqişə yaranmışdır. O, atasının anasını döydüyünü görməmişdir. Sadəcə onların yanına gələn zaman onları bir-birilərinin yaxasından tutmuş vəziyyətdə görmüşdür. Anasını yalnız o, döymüşdür. Törətdiyi əməldən peşman olduğunu bildirib barəsində amnistiya qərarının tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X8 ifadə verərək bildirdi ki, keçmiş əri olan Şahid3 ilə 26.11.2000-ci il tarixdən birgə nikaha daxil olmuş, bir nikahlarından xx.xx.2001ci il təvəllüdlü Orxan və 14.04.2003-cü il təvəllüdlü Fidan adlı övladları var. Anar ilə ailə məişət münasibətləri zəminində aralarında yaranmış mübahisəyə görə 10.09.2020-ci il tarixdə rəsmi qaydada boşanmış və Anar ilə birgə nikahda olduğu dövrdə yaşadıqları ünvan 3 ünvanında yerləşən evdən ona məxsus cehiz əşyalarının çıxarılması barədə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin qətnaməsi qəbul edilmişdir. Qətnamə qəbul edilsə də bu günə kimi Anar ona məxsus cehiz əşyalarını evdən çıxarmağa apelyasiya şikayətləri verərək imkan verməmişdir. 13.10.2021-ci il tarixdə saat təxminən 16:30 radələrində rəfiqələri olan Mirvəfa və Mina ilə birlikdə Anar ilə birgə nikahda olduğu dövrdə yaşadıqları ünvan 3 ünvanında yerləşən evin qarşısından keçən zaman Anarın 2 nəfər orta yaşlı tanımadığı qadınlar ilə birlikdə avtomobildən düşüb evə daxil olmaq istədiklərini görmüşdür. Həmin vaxt o, özünü saxlaya bilməyib Anara yaxınlaşıb ona məxsus cehiz əşyalarını evdən çıxarmamış evə başqa qadın aparmasına etirazını bildirmişdir. Həmin vaxt Anarın yanında olan 2 nəfər tanımadığı qadınlar onların yanından getmişlər. Bundan sonra Anar ilə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Anar qəfildən üzərinə gəlib əlləri ilə boyun nahiyəsindən tutaraq sıxmağa başlamışdır. Sonra Anar, əlləri ilə sağ bilək nahiyyəsindən tutub biləyini burmuşdur. Daha sonra Anar, sağ əli ilə burun nahiyəsinə zərbə vurub onu yerə yıxıb yerdə təpiklə qol nahiyəsinə bir neçə dəfə zərbə vurub onu tutub saxlayaraq oğlu Orxana zəng edib onun orada olduğunu deyib Orxanı yanına çağırmışdır. Orxan da dərhal oraya gəldikdən sonra o, ayağa durmuşdur. Həmin vaxt Orxan ona nə üçün oraya gəldiyini demişdir. O, də onun atasının ona qarşı hörmətsizlik etdiyini, onun cehiz əşyaları evdən çıxmamış evə başqa qadın gətirdiyini demişdir. Bu zaman Orxan ona əsəbləşərək qəfildən başına və ağız nahiyəsinə yumruq zərbələri ilə vuraraq onu yerə yıxmışdır. O, yerə yıxılan zaman Orxan hər iki yan bud nahiyyələrinə təpik zərbələri vuraraq onu döyməyə davam etmişdir. Həmin vaxt yanında olan rəfiqəsi Mina qızı Fidana, TTTYS-nın 103 xidmətinə və DİN-nin 102 xidmətinə zəng edərək onun döyülməyi barədə məlumat vermişdir. Bunu görən Orxan ondan əl çəkib onu döyməyini dayandırmışdır. Bir qədər sonra oraya qardaşı Rəşad gələrək Anarla mübahisə edib onu döydüyü üçün ona iradını bildirmişdir. Sonra TTTYS-nın işçiləri və polis əməkdaşları yanlarına gəlmişlər. Ona ilkin tibbi yardım edildikdən sonra polis əməkdaşları onu Kəpəz RPİ-nə aparmışlar. Baş vermiş hadisəni rəfiqələri Mina və Mirvəfa görmüşdür. Hadisə təxminən 4-5 dəqiqə davam etmişdir. Zərərçəkmiş şəxs, həmçinin hazırda təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını və ona cəza təyin edilməsini istəmədiyini bildirdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X6” X13 13.10.2021-ci il tarixli, 1730 nömrəli rəydən görünür ki, X2 bədəni üzərində müəyyən edilmiş xəsarətlərqapalı kəllə beyin travması, baş beyin silkələnməsi ilə müşaiyət olunan hər iki dodağın əzilməsi, alt dodağın selikli qişasının əzilmiş yarası; sol sağrı nahiyəsinin hematoması, burun nahiyəsinin, hər iki bazu nahiyələrinin qançırları, boyun və sağ bilək nahiyələrinin sıyrıqları - bərk KÜT əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 13.10.2021-ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcələrinə görə qapalı kəllə beyin travması, baş beyin silkələnməsi ilə müşaiyət olunan hər iki dodağın əzilməsi, alt dodağın selikli qişasının əzilmiş yarası və sol sağrı nahiyəsinin hematoması hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir; digər xəsarətlər burun nahiyəsinin, hər iki bazu nahiyələrinin qançırları, boyun və sağ bilək nahiyələrinin sıyrıqları isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X6” X13 13.10.2021-ci il tarixli, 1729 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət-alt çənə nahiyəsinin sıyrığı – bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti 3-6 gündür və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Evlər Üçlüyünün 28.10.2021-ci il tarixli, 172 nömrəli xasiyyətnamələrindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İşin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Şəhər Psixonevroloji Dispanseri tərəfindən verilmiş 29.10.2021-ci il tarixli, 5783 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə Şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. İşin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Şəhər Səhiyyə İdarəsi Narkoloji Dispanseri tərəfindən verilmiş 29.10.2021-ci il tarixli, 5310 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə Şəhər Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda durmur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən verilmiş 23.10.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə CM-in 128-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Göstərilənlər məhkəməyə bu qənaətə gəlməyə əsas verir ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxsin əməlini Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif etmiş, lakin bununla belə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunması üçün əsaslar mövcuddur. Belə ki, təqsirləndirilən şəxs və müdafiəçisi məhkəməyə ərizə təqdim edərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət təqibi üzrə icraata 8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisin Qərarının tətbiq edilməsini və cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci bəndində göstərilir ki, məhkəmələr icraatlarında olan və bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə bu Qərarın 1-ci hissəsində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır. (bu Qərarın 10-cu və 11-xci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Həmin Məcəllənin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayətdir. Cinayət hadisəsi nəticəsində maddi ziyan vurulmamışdır. Müdafiə tərəfi amnistiya aktının tətbiq edilməsi barədə vəsatət vermişdir. Buna görə də “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarının 9.1-ci bəndinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad olunmalı və onun barəsində cinayət təqibinə xitam verilməlidir. İş üzrə ekspertiza xərci, maddi sübut, mülki iddia və CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə olunası əmlak yoxdur. Məhkəmə icraatında təqsirləndirilən şəxsə göstərdiyi 08 saat hüquqi yardıma görə hər iş saatı üçün 6 manat olmaqla 48 (qırx səkkiz) manat pul dövlət büdcəsinin vəsaiti hesabına Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməlidir. Məhkəmə göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12, 43.3, 321, 346, 347, 356, 381, 384, 385-ci maddələrini rəhbər tutub QƏRARA ALDİ: “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin və onun barəsində cinayət işi üzrə icraata xitam verilsin. Məhkəmədə təqsirləndirilən şəxsə göstərdiyi 08 saat hüquqi yardıma görə hər iş saatı üçün 6 manat olmaqla 48 (qırx səkkiz) manat pul dövlət büdcəsinin vəsaiti hesabına Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün qərar qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar