Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-24/2020 04.02.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, x4 iclas katibliyi, Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə x1 Məhkəmələrində DİMÜŞ-nin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı Nikolay oğlunun, Təqsirləndirilən şəxs Əflatun oğlunun və Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1980-ci ildə Respublikasında doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, məhkumluğu ödənilməmiş, Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi ev 14, mənzil 36da pasport qeydiyyatında olmaqla Gəncə şəhəri, 3-cü mikrorayon, ev 15, mənzil 27-də kirayə yaşamış və barəsində həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Gəncə şəhər 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs ƏflatunoğlununAzərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs Əflatun oğlu özgənin əmlakını açıq talamaqla soyğunçuluq etmişdir. Belə ki, o, 02 sentyabr 2019-cu il tarixdə saat 15 radələrində Gəncə şəhəri 3-cü mikrorayon ərazisində yerləşən “Seyidoğlu” adlı marketə gələrək satıcı Zərərçəkmiş şəxs yaxınlaşıb almaq üçün siqaret istəmiş, sonuncu siqaret vermək üçün vitrinlərə tərəf çevrilən zaman stolun üzərində Zərərçəkmiş şəxs məxsus içərisində dəyəri 5 manat olan bir ədəd sim kart, üzərində dəyəri 5 manat olan şəffaf qoruyucu olan 130 manat dəyərində bir ədəd “Samsung” markalı “GT-S7262” modelli mobil telefonun nəzarətsiz qalmasından istifadə edərək həmin mobil telefonu marketdən götürüb cibinə qoymuş, Zərərçəkmiş şəxs mobil telefonunun onun tərəfindən ələ keçirdiyini müəyyən etdikdən sonra mobil telefonunu geri qaytarılmasını tələb edərkən marketdən qaçmaqla ümumilikdə 140 manat dəyərində əmlakını açıq talamaqla ələ keçirərək soyğunçuluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki,onun 31 avqust 2019-cu il tarixdə qız övladı dünyaya gəlmişdir. Ona görə də həyat yoldaşı öz atası evində olmuş. O isə kirayədə qaldığı evdə tək qalmışdır. 02.09.2019-cu il tarixdə günorta saat təxminən 12 radələrində yaşadığı evdən çıxıb tanışı Nicat adlı şəxslə Gəncə şəhəri, “Grand Qafqaz” bazarında yerləşən kafeyə getmiş və orada qız övladının dünyaya gəlməsi münasibəti ilə yemək yeyib spirtli içki qəbul etmişlər. Daha sonra oradan çıxıb yolda gələrkən Nicat ondan ayrılıb getmişdir. O, isə yaşadığı Gəncə şəhəri, 3-cü mikrarayonda yerləşən Rövşən adlı şəxsin işlətdiyi “Seyidoğlu” marketdən siqaret almaq üçün gəlmiş və marketə daxil olub adını bilmədiyi qadın satıcıya yaxınlaşmışdır. Həmin qadından 1 ədəd Rotmans markalı siqaret istəmişdir. Qadın geriyə çevrilib vitrindən 1 ədəd Rotmans markalı siqareti götürən zaman qarşısında olan stolun üstündə ki, bir ədəd Samsung markalı mobil telefonu görmüş və həmin mobil telefonu istifadə etmək məqsədi ilə götürmək istədiyi üçün qadına “Rotmans” markalı siqaret istəmədiyini, başqa siqaretlər göstərməsini demişdir. Həmin qadın əli ilə siqaretləri göstərib sayan zaman o əlini uzadıb həmin stolun üstündə olan qadına məxsus bir ədəd Samsung markalı mobil telefonu götürüb cibinə qoymuşdur. Qadın siqaretləri sayıb qurtaran zaman həmin qadının götürdüyü mobil telefonuna zəng gəlmiş və o mobil telefonunu axtarmağa başlamışdır. O, isə öz telefonuna zəng gəldiyini demişdir. Qadın isə ondan mobil nömrəsinə zəng etməyini xahiş etmişdir. Oda əlində olan digər mobil telefonu ilə həmin nömrəni yığmaq məcburiyyətində qalmışdır. Həmin nömrəni yığan zaman cibində olan həmin qadına məxsus mobil telefon zəng çalmağa başlamışdır. Qadın həmin zəngin onun mobil telefonuna məxsus olduğunu dediyi üçün o qorxmuş və marketdən çıxıb qaçmağa başlamışdır. Adını sonradan bildiyi həmin Ruhiyyə adlı qadın isə mobil telefonunu üstündə qaçırdığı üçün onun arxasınca çıxaraq onu səsləməyə, arxasınca qaçmağa başlasada o, qaçaraq bir başa yaşadığı evə gəlmişdir. Sərxoş olduğu üçün yaşadığı evdə yatmış və yuxudan oyanan zaman görmüşdür ki, dostu Nicat vhatsapp vasitəsi ilə ona səs göndərərək bildirmişdir ki, “camaatın telefonunu niyə götürmüsən, apar qaytar.” Daha sonra ona polis idarsindən də zəng olunmuş və onu Polis İdarəsinə dəvət etmişlər. O da götürdüyü mobil telefonu dostu Nicatla polis İdarəsinə göndərmişdir. Səhərisi gün isə özü polis idarəsinə gedərək törətmiş olduğu cinayəti etiraf etmişdir. Bundan başqa “Samsung” markalı mobil telefonu sərxoş olduğu üçün istifadə etmək üçün götürmüşdür. Hazırda törətdiyi cinayət əməlindən peşiman olduğunu, telefonun qaytarılmasını və himayəsində azyaşlı uşaqlarını olmasını nəzərə almaqla yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, Gəncə şəhəri, 3-cü mikrorayonda “Seyidoğlu” adlı marketi icarəyə götürüb işlədir. 02.09.2019-cu il tarixdə saat 15 radələrində o həmin marketdə olan zaman bir nəfər Mayıl kimi tanıdığı, tez-tez mağazadan alver edən şəxs həmin mağazaya gəlmiş və ondan “Rotmans” markalı siqaret istəmişdir. O, “Rotmans” markalı siqareti vitrindən tapıb Mayıla uzatmış, Mayıl isə başqa siqaret istədiyini, o isə bir dəqiqə gözləməyi istəmişdir. O, bu zaman yenə də arxaya tərəf çevrilmiş və başqa siqaretləri vitrindən saymağa başlamışdır. O, siqaretləri göstərən zaman Mayıl siqaret istəmədiyini demişdir. Elə bu zaman o özünə məxsus mobil telefonunun zəngini eşitmişdir. Mayıl adlı şəxdən zəng gələn telefonun ona məxsus olub-olmadığını soruşmuşdur. Mayıl isə ona Mayılın özünə zəng gəldiyini desə də əlində olan 2 ədəd telefonun heç birinin işığının yanmadığını, zəng gəlmədiyini görmüşdür. O, telefonun səsinin Mayılın cibindən gəldiyini eşitmişdir. Elə bu vaxt o öz telefonununda stolun üstündə olmadığını görmüş, telefonunu axtarmağa başlamışdır. O, telefonunu axtaran zaman Mayil da onun yanında idi. O, Mayıla öz nömrəsini verib telefonunu yığmağını xahiş etmişdir. Mayıl isə özünə məxsus telefon ilə onun telefon nömrəsinə zəng etmişdir. Bu zaman o telefonunun zənginin Mayılın cibindən gəldiyini eşitmişdir. O, Mayıla səsi gələn telefonun onun olduğunu, zəngin də Mayılın cibindən gəldiyini demişdir. O, Mayıla bu cür deyən zaman Mayıl dərhal ona heç bir cavab vermədən mağazadan çıxaraq qaçmışdır. O, da həmin şəxsin arxası ilə çıxaraq qaçsa da həmin şəxsə çata bilməmişdir. Mayıl ona məxsus 130 manat dəyərində olan Samsung GT-S7262 markalı telefonunu onun xəbəri olmadan götürüb, o bildikdən sonra isə oradan çıxaraq qaçmışdır. Əlavə olaraq məhkəməyə ərizə təqdim edərək bildirdi ki, hazırda ona dəymiş zərər tam şəkildə ödənilmişdir və bu səbəbdən təqsirləndirilən şəxsə barəsində heç bir şikayət və tələbi yoxdur. Məhkəməyə qədər ibtidai istintaq dövründə, cinayət işi üzrə şahid qismində dindirilmiş, məhkəmə baxışı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş, Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs çoxdandır ki, tanıyır. Münasibətləri normaldır. 02.09.2019-cu il tarixdə günorta saat təxminən 12 radələrində yaşadığı evdən çıxaraq Mayıl ilə görüşmüş və birgə Gəncə şəhəri, “Grand Qafqaz” bazarında yerləşən kafeyə getmişlər. Orada Mayılın qız övladının dünyaya gəlməsi münasibəti ilə yemək yeyib spirtli içki qəbul etmişlər. Sonra kafedən çıxmış və o öz yaşadığı evə getmişdir. Mayılın isə hara getməsindən xəbəri olmamışdır. Həmin gün saat təxminən 16 radələrində yaşadığı ərazidə olan çayxanaya gedən zaman orada olan tanımadığı adamlardan eşitmişdir ki, Mayıl “Seyidoğlu” marketdə işləyən qadının mobil telefonunu götürüb qaçıbdır. Ona görə Mayıla zəng etmişdir ki, desin ki, aparıb mobil telefonu qaytarsın. Lakin Mayıl telefona cavab verməmişdir. Ona görə Mayılın istifadə etdiyi nömrəyə Vhatsapp vasitəsi ilə səsli mesaj ataraq götürdüyü mobil telefonu aparıb qaytarmasını bildirmişdir. Səhərisi gün, yəni 03.09.2019-cu il tarixdə səhər saatlarında Mayıl onun istifadəsində olan nömrəyə vhatsapp vasitəsi ilə səsli mesaj ataraq sərxoş olduğu üçün səhv etdiyini və onun yaşadığı evə getməyini xahiş etmişdir. Oda Mayılın qaldığı evə getmişdir. Orada Mayıl ələ keçirdiyi mobil telefonu ona verərək bildirmişdir ki, onu polis idarəsindən də axtarırlar, həmin telefonu Polis idarəsinə ver. Oda həmin “Samsung” markalı mobil telefonu gətirib Kəpəz rayon polis İdarəsinə təqdim etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs cinayət hadisəsi törədəcəyindən məlumatı və həmin hadisəsinin şahidi olmamışdır. Təqsirləndirilən şəxs Əflatun oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsini məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, o cümlədən təqsirləndirilən şəxsin özünün səmimi etirafedici ifadəsi, zərərçəkmiş, şahid ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Cinayət işinə əlavə edilmiş və məhkəmə baxışında tədqiq olunmuş: 02 sentyabr 2019-cu il tarixli hadisə yerinə baxış keçirilməsi protokolundangörünür ki, hadisə yeri Gəncə şəhəri, 3-cü mkr-da yerləşən “Seyidoğlu” marketdir və həmin marketdə Zərərçəkmiş şəxs ona məxsus mobil telefonun ələ keçirildiyi yeri göstərmişdir. Baxış keçirilməsi barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmış və fotoşəkil çəkilərək protokola əlavə edilmişdir. 03 sentyabr 2019-cu il tarixli baxış və götürmə protokolundangörünür ki, 03 sentyabr 2019-cu il tarixdə Şahid təqdim etdiyi bir ədəd ağ rəngli “Samsung” markalı mobil telefon iş üzrə mühüm əhəmiyyət kəsb etdiyinə görə götürülmüşdür. Bu barədə protokol tərtib olunmuş və fotoşəkili çəkilmişdir. 04 sentyabr 2019-cu il tarixli baxış və götürmə protokolundangörünür ki, 04 sentyabr 2019-cu il tarixdə Təqsirləndirilən şəxs iştirakı ilə öncədən götürülmüş bir ədəd “Samsung” markalı mobil telefona baxış keçirilmişdir. Bu barədə protokol tərtib olunmuş və fotoşəkili çəkilmişdir. 07 sentyabr əşyanın tanınma üçün təqdim edilməsi haqqında protokoldan görünür ki, 07 sentyabr 2019-cu il tarixdə əşyanın tanınma üçün təqdim edilməsi istintaq hərəkəti keçirilmiş, tanıyan Zərərçəkmiş şəxs ona təqdim olunmuş 3 ədəd müxtəlif formalı mobil telefonları nəzərdən keçirib bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ələ keçirilmiş ona məxsus mobil telefon 3 nömrəsi ilə nömrələnmiş “Samsung” markalı mobil telefondur. Bu barədə protokol tərtib olunmuş, keçirilmiş istintaq hərəkətinin fotoşəkilləri çəkilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertin 05 noyabr 2019-cu il tarixli, 27516 nömrəli rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd “Samsung” markalı “GT-S7262” modelli mobil telefon aparatının satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmamasını və istifadə də olduğunu nəzərə alaraq, 2019-cu ilin sentyabr ayına olan orta bazar qiyməti təxminən 40,00 manat, şəffaf rəngli qoruyucu üzlük 1,0 manat müəyyən olunur. Aparılmış təhqiqatn dəyəri 50 (əlli) manat təşkil edir. Cinayət işində olan Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin baş müstəntiqi, polis kapitanı x6, icraatında Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə 06 noyabr 2019-cu il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Ekspertizanin rəyindən göründüyü kimi “Samsung” markalı “GT-S7262” modelli mobil telefon aparatının qiyməti 40 manat, şəffaf rəngli qoruyucu üzlüyün qiyməti isə 1 manatdır. Lakin Zərərçəkmiş şəxs ona məxsus “Samsung” markalı “GT-S7262” modelli mobil telefonun 130 manat, şəffaf qoruyucu üzlüyün 5 manat və içərisində olan sim nömrənin 5 manat dəyərində olduğunu bildirmişdir. Ona görə də zərərçəkmiş şəxsin göstərdiyi ümumilikdə 140 manat ziyan əsas götürülmüşdür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və x2 tərəfindən tərtib edilmiş tələbnamədən və hökmün və qərarların surətindən, x10 Şöbəsi tərfindən verilmiş 04 noyabr 2019-cu il tarixli 89/19 nömrəli məktubdan görünür ki, 07.11.2017-ci il tarixdə Gəncə şəhər Nizami Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-2, 69,4 -cü maddələri ilə təqsirli bilinib 1000 manat cərimə cəzasına məhkum edilmiş və 31.10.2018-ci il tarixdə Gəncə şəhər Kəpəz Rayon məhkəməsinin qərarı ilə cərimə cəzası 224 saat içtimai işlər cəzası ilə əvəz edilmişdir. Təqsirləndirilən şəxs təyin olunmuş 224 saat içtimai işlər cəzasını çəkmədiyi üçün Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 27.06.2019cu il tarixli qərarı ilə 224 saat içtimai işlər cəzası 01 ay 16 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmişdir. Təqsirləndirilən şəxs Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 27.06.2019-cu il tarixli qərarı ilə ona təyin olunmuş 01 ay 16 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasını 07.09.2019-cu il tarixdə çəkib qurtarmışdır. 05.09.2020-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Əflatun oğlu 05.09.2019-cu il tarixdə saat 19:15-da şübhəli şəxs qismində tutulmuşdur. 07.09.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Əflatun oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. 07.09.2019-ci tarixli Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs Əflatun oğlunun barəsində 3 ay müddətinə, həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Şəhər x13 tərfindən verilmiş 08.10.2019-cu il tarixli 4455 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Əflatun oğlu x3 Dispansenerində qeydiyyatda durmur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Şəhər x5 Dispanseri tərfindən verilmiş 08.10.2019-cu il tarixli, 3951 nömrəli arayışdan görünür ki, Məmmədov x8 Şəhər Narkoloji Dispansenerində qeydiyyatda durmur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Əflatun oğlunun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cinayətinin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, əvvəllər mülkiyyət əleyhinə cinayət törətməsi nəticəsində məhkum olunmasını və məhkumluğunun ödənilmədən mülkiyyət əleyhinə yenidən cinayət törətməsini, zərərçəkmiş şəxslə barışmasını, cəzanı yüngülləşdirən halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs Əflatun oğlunun əməlində səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Əflatun oğlunun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının məhkəmələrə tövsiyyəsinə görə,…belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, daha ciddi cəza növlərinin seçilməsi əsaslandırılmalıdır və sanksiya hüdudlarında ağır cəza növü yalnız o halda tətbiq oluna bilər ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin, həmçinin məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Təqsirləndirilən şəxs Əflatun oğlunun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsinin sanksiyasında üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edilən hallar kimi onun əvvəllər mülkiyyət əleyhinə cinayət törətməsi nəticəsində məhkum olunmasını və təyin edilmiş cərimə və ictimai işlər cəzasını çəkmədiyindən azadlığın məhdudlaşması cəzası ilə əvəz edilməsini, məhkumluğu ödənilmədən mülkiyyət əleyhinə yenidən cinayət törətməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız müəyyən müddət cəmiyyətdən təcrid olunmaqla islah və yenidən tərbiyə oluna bilər. Buna görə də, təqsirləndirilən şəxsə cəza təyin edərkən ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə Cinayət Məcəlləsinin 41-ci maddəsinə nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Əflatun oğlu 05 sentyabr 2019-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 07 sentyabr 2019-ci il tarixli qərarla barəsində həbs qətimkan tədbiri seçilmiş və Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 04 dekabr 2019-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Əflatun oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Əflatun oğluna müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasının müddətinin əvvəli, tutulduğu 05 sentyabr 2019-cu il tarixdən hesablanmalı, Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs Əflatun oğlu azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs Əflatun oğlu barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə 50 (əlli) manat ekspertiza xərciTəqsirləndirilən şəxs Əflatun oğlundan tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Odur ki, məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 132, 179-188, 197, 198, 344-349, 351-353, 356, 358, 381-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Əflatun oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin180.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli tutulduğu 05 sentyabr 2019-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Əflatun oğlu barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış ekspertiza təhqiqatlarının dəyəri 50 (əlli) manatTəqsirləndirilən şəxs Əflatun oğlundantutulubdövlətbüdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, DövlətXəzinədarlıqAgentliyi, KOD–210005, VÖEN **********, m/hAZ41NABZ********************, S.W.İ.F.T. BikCTREAZ22 hesabakeçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən bu müddət ərzində apellyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən : i Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №1(043)-24/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-24/2020
04.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver