Məhkəmə qərarları › İş №1(043)-24/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-24/2021

04.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-24/2021 04.08.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş prokurorluğunun X7 üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində X7 üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1994-cü ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 17 may 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 4500 manat miqdarında cərimə cəzasına məhkum edilmiş, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 20 iyun 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, subay, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, ünvan 2 barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda ünvan 3aq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M ÜƏ Y Y Ə N ETDİ : Təqsirləndirilən şəxs 14 mart 2020-ci il tarixdə saat 19 radələrində tanışı Şahid1 Fərhad oğlu ilə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda yəni, təsir maddəsinin ümumi miqdarı 0,226 qram təşkil edən narkotik vasitə heroini birlikdə istehlak etmək üçün əldə etməklə bağlı razılaşaraq Şahid1 Fərhad oğluna narkotik vasitə heroin alması üçün 35 manat verib sonuncu ilə birlikdə Gəncə şəhəri Atatürk prospektində yerləşən Şəfa adlı aptekin qarşısına getmiş, həmin yerdə Şahid1 öz istifadəsində olan ********** saylı mobil nömrə vasitəsi ilə narkotik vasitələrin qanunsuz olaraq satışı ilə məşğul olduğunu əvvəlcədən bildiyi tanışı X6 ilə sonuncunun istifadəsində olan ********** saylı mobil nömrəyə zəng edib telefon əlaqəsi yaradaraq Elşad Məmmədəliyevdə satış üçün narkotik vasitə heroin olduğunu dəqiqləşdirib 35 manat pul müqabilində almağa razılaşdıqdan sonra, o, həmin yerdə dayanaraq Şahid1 narkotik vasitə heroin alıb qayıtmasını gözləmiş, Şahid1 isə öz növbəsində Elşad Məmmədəliyevin yaşadığı Gəncə şəhəri, A.Ziyadxanov küçəsində yerləşən 4 saylı yaşayış binasının yaxınlığındakı 18 saylı tam orta məktəbin kənarına gedib həmin yerdə qeyd edilən tarixdə və vaxtda Elşad Məmmədəliyevlə görüşmüş və sonuncudan 1 ədəd sellofan bükümdə ümumi təmiz çəkisi 0,226 qram, yəni şəxsi istehlak miqadarından artıq miqdarda narkotik vasitə olan heroini 35 manat müqabilində qanunsuz olaraq satış məqsədi olmadan əldə edərək əynindəki boz rəngli cins şalvarın sağ yan cibində saxlayıb daşıyaraq Təqsirləndirilən şəxs yanına qayıdan zaman Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 14 mart 2020-ci il tarixdə saat 19:45 radələrində Gəncə şəhəri, Atatürk prospekti 237 ünvanda yerləşən “Şəfa” aptekin qarşısında Şahid1 saxlanılaraq Gəncə şəhər Baş Polis İdarəsinə gətirilib üzərinə baxış keçirilən zaman sonuncunun əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd sellofan bükümdə təmiz çəkisi 0,226 qram təşkil edən narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, tamah məqsədi ilə özgənin əmlakını gizli olaraq talamaq niyyəti ilə 08 may 2020-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs məxsus Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən fərdi yaşayış evinin önündə, küçədə dayanmış sonuncuya məxsus “VAZ 2107” markalı **-BX-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sol ön qapısının kilidini açarseçmə üsulu ilə açaraq salondan Zərərçəkmiş şəxs məxsus 01 ədəd 170 manat dəyərində “Eken e8 touch” markalı və 01 ədəd markası istintaqa müəyyən olmayan 130 manat dəyərində avtomobil üçün video-qeydiyyat aparatlarını, 01 cüt 75 manat dəyərində “Gren hill boxing” markalı idman (boks) əlcəklərini, 01 ədəd 1300 manat dəyərində avtomobil üçün səsli (fi-fa) orijinal siqnalı, hər birinin dəyəri 60 manat olmaqla ümumilikdə 180 manat dəyərində 03 ədəd Samsung E1205 markalı mobil telefonları, hər birinin dəyəri 50 manat olmaqla ümumilikdə 150 manat dəyərində 03 ədəd Samsung E1081 markalı mobil telefonları, hər birinin dəyəri 40 manat olmaqla ümumilikdə 160 manat dəyərində 04 ədəd Samsung E1050 markalı mobil telefonları, 01 ədəd 40 manat dəyərində “VAZ 2107” markalı avtomobil üçün qolaltını, hər birinin dəyəri 150 manat olmaqla ümumilikdə 300 manat dəyərində 02 ədəd “X13 No.77” markalı 100 ml. ölçüdə ətirləri, 01 ədəd 5 manat dəyərində süni dəri üzlüklü pul qabını, həmin pul qabının içərisindəki 250 manat pulu və 01 ədəd 150 manat dəyərində batareya ilə işləyən “Bosch” markalı dreli gizli olaraq talayaraq ümumilikdə zərərçəkmiş şəxsə 2910 (iki min doqquz yüz on) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxsin qeyd olunan cinayət əməllərini törətməsi özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, maddi sübutlar eləcə də cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla tam təsdiq olunur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamla qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər oğurluq etdiyinə görə Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinin müxtəlif hissələri ilə məhkum olunmuşdur. Gündəlik olaraq qazancını atası Azərlə birlikdə avtomobil təmir edərək əldə edir. Təxminən 2019-cu ilin əvvəlindən 2020-ci ilin aprel ayınadək narkotik vasitə olan heroindən istifadə etmişdir. Belə ki, o “kokos” kimi tanınan narkotik vasitə olan heroini həm şprisə doldurub damarına vurmaqla, həm də burnu ilə nəfəs alma yolu ilə qəbul etmişdir. Narkotik vasitə olan heroini Gəncə şəhərində tanımadığı şəxslərdən, eləcə də tanımadığı şəxslərin vasitəsilə əldə etmişdir. O, Şahid1 uzun müddətdir ki, tanıyır, aralarında dostluq münasibətləri olmuşdur. Mehmanın özü də narkotik vasitə olan heroindən istifadə edir. 13 mart 2020-ci il tarixdə günorta saatlarında Mehmanla söhbət edərkən aralarında razılaşmışlar ki, narkotik vasitə olan heroin alıb istifadə etsinlər. Bunun üçün onun 35 manat pulu olmuşdur. Mehmandan heroini necə əldə edə biləcəyini soruşduqda Mehman ona bildirmişdir ki, onun tanıdığı bir nəfər şəxs var, həmin şəxs narkotik vasitə olan heroin satır. Həmin vaxt Mehmanın özünün mobil nömrəsinin balansında pul olmadığı üçün Mehman onun mobil telefonundan istifadə edərək istifadəsində olan ********** saylı mobil nömrə ilə narkotik vasitə alacağı həmin şəxsə zəng etmiş və onlar Gəncə şəhəri, Atatürk prospekti ilə A.Ziyadxanov küçəsinin kəsişməsində olan işıqforun yanına getmişlər. O, həmin yerdə dayanıb gözləmiş, Mehman isə narkotik vasitə almaq üçün həmin şəxslə danışıb onun yanından kənarlaşaraq 18 saylı tam ora məktəb tərəfə getmişdir. Bir qədər sonra Mehman geri qayıtmış və onlar birlikdə gedib xatırlamadığı yerdə Mehmanın 35 manata aldığı narkotik vasitə olan heroini istifadə etmişlər. Növbəti gün, yəni 14 mart 2020-ci il tarixdə Mehmanla onun yenə narkotik vasitə heroinə tələbatı yarandığı üçün qarşılıqlı şəkildə razılaşmışlar ki, yenə eyni qaydada narkotik vasitə heroin əldə edərək istifadə etsinlər. Bu məqsədlə onlar həmin gün saat təxminən 19 radələrində yenə narkotik vasitə olan heroin almaq üçün Gəncə şəhəri, Atatürk prospektində yerləşən “Şəfa” adlanan aptekin yanına getmişlər. O, Mehmana yenə eyni qaydada 35 manat pul vermişdir. Bundan sonra Mehman özünün istifadəsində olan ********** saylı mobil nömrə ilə narkotik vasitə aldığı həmin şəxsin istifadəsində olan mobil nömrəyə zəng edib danışmış və narkotik vasitə olan heroin almaq barədə onunla razılaşmışdır. Bundan sonra o, yenə eyni qaydada Gəncə şəhəri, Atatürk prospektində yerləşən “Şəfa” aptekin yaxınlığında Mehmanın narkotik vasitə heroin alıb gəlməsini gözləmiş, Mehman isə öz növbəsində onun yanından ayrılaraq yolu keçib həmin şəxsdən narkotik vasitə almaq üçün 13 mart 2020-ci il tarixdə getdiyi istiqamətə, yəni 18 saylı məktəb tərəfə getmiş və bir neçə dəqiqədən sonra geri qayıtmışdır. Mehman geri gəldikdə onun üzərində 1 ədəd sellofan bükülüdə narkotik vasitə olan heroin olmuşdur. Mehman həmin narkotik vasitəni qarşılıqlı razlıqlarına əsasən onun pulu ilə və onunla birlikdə istifadə etmək üçün almışdır. Bu zaman anidən mülki geyimdə olan polis əməkdaşları Mehmana yaxınlaşaraq onu saxlamışlar. O, isə bunu görərək polis əməkdaşları onu da yaxalamasınlar deyə dərhal oradan qaçaraq ara küçələrdə gözdən itmişdir. Polis əməkdaşları Mehmanı yaxaladıqlarına görə o Mehmanın aldığı narkotik vasitə olan heroini əldə edib istifadə edə bilməmişdir. Daha sonra onu Gəncə şəhər Baş Polis İdarəsinə dəvət etmişlər və o, həmin yerə gedərək baş vermiş hadisəni olduğu kimi danışmışdır. Daha sonra o, öyrənmişdir ki, onlara narkotik vasitə heroin satan şəxs X4r. Həmçinin ona ekspertin rəyi elan edilmiş və o, öyrənmişdir ki, Şahid1 üzərindən aşkar edilərək götürülmüş kağız paketdəki bir ədəd sellofan bükümdə təmiz çəkisi 0,226 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Bundan başqa 2020-ci ilin aprel aylarında işləri zəifləmiş və o öz ehtiyaclarını ödəyə bilməmişdir. Buna görə də, qərar vermişdir ki, oğurluq edərək qazanc əldə etsin. Bu məqsədlə qərarlaşdırmışdır ki, qarşısına çıxan hər hansı avtomobildən oğurluq etsin. 07 may 2020-ci il tarixdə hava qaraldıqdan sonra şəhərə çıxaraq haradan oğurluq edəcəyini düşünmüş, bu məqsədlə gəzə-gəzə 07 maydan 08 maya keçən gecə saat 02 radələrində Məhəsti qəsəbəsinə gedib çıxmışdır. Qəsəbənin əsas yolu ilə bir qədər gedərək sola dönüb ara küçəyə girmiş, həmin küçə ilə bir qədər irəlilədikdə sağ tərəfə dönən yolda evin qarşısında bir ədəd ağ rəngli VAZ 2107 markalı avtomobili görmüşdür. Ətrafa nəzər yetirib onu heç kəsin görmədiyini, sakitçilik olmasını dəqiqləşdirdikdən sonra həmin avtomobilə yaxınlaşmışdır. Avtomobilin çöl tərəfindən salona baxdıqda içərisində müxtəlif növ əşyalar olduğunu görüb onları göturəcəyini dəqiqləşdirmişdir. Həmin vaxt üzərində VAZ 2107 markalı avtomobilə məxus açar olmuşdur. Həmin açarı avtomobilin söl ön qapısının kilid yerinə salaraq qapının kilidini açıb salona daxil olmuşdur. Salona nəzər yetirdikdə ön alın şüşədə quraşdırılmış vəziyyətdə 1 ədəd video kameranın, bardaçokda 2 ədəd sadə, düyməli Samsung markalı mobil telefonun, bardaçokun alt hissəsində 1 ədəd drelin, arxa oturacaqda isə 1 cüt boks əlcəklərinin, 1 ədəd video kameranın və 1 ədəd siqnalın olduğunu müəyyən etmişdir. Həmin əşyalar çox olduğuna görə onları avtomobil olmadan daşıya bilməyəcəyi üçün qərar vermişdir ki, taksi çağırıb yükləri həmin avtomobillə daşısın. Bu məqsədlə avtomobilin qapısını sakitcə örtərək qəsəbənin əsas yoluna çıxmışdır. Həmin vaxt oradan Mercedes markalı dövlət qeydiyyat nişanını xatırlamadığı taksi keçmiş, o həmin taksiyə əl edib saxlatmış və taksiyə əyləşərək yenidən VAZ 2107 markalı avtomobilin dayandığı yerə qayıtmışdır. Taksi sürücüsü VAZ 2107 markalı avtomobili görməsin deyə onu bir qədər kənarda küçənin baş tərəfində saxladıb sürücüyə gözləməsini, əşyalarını götürüb qayıdacağını demişdir. Sürücü onunla razılaşdıqdan sonra o, taksidən düşərək VAZ 2107 markalı avtomobilə doğru getmişdir. Həmin vaxt özü ilə ehtiyat üçün un torbası götürmüşdür. Avtomobilin qapısını əvvəlcədən açıq qoyduğu üçün dərhal avtomobilə yaxınlaşaraq salona daxil olmuş və ön alın şüşədə quraşdırılmış 1 ədəd video kameranı, daha sonra bardaçokdan 2 ədəd sadə, düyməli Samsung markalı mobil telefonu, daha sonra isə bardaçokun alt hissəsindən 1 ədəd dreli götürüb torbaya qoymuşdur. Bundan sonra salondan avtomobilin arxa sol qapısını açaraq arxa tərəfə keçib oturacağın üzərində olan 1 cüt boks əlcəklərini, 1 ədəd video kameranı və 1 ədəd siqnalı da, torbaya qoymuş, daha sonra əlavə götürə biləcəyi daha nəyinsə olub-olmamasını müəyyən etmək üçüm yenidən salona nəzər yetirmiş və bu zaman avtomobilin qolaltını görmüşdür. Lakin hər an onu kiminsə görə biləcəyindən ehtiyat etdiyi üçün tələsmiş və qərarlaşdırmışdır ki, qolaltını bütövlükdə götürsün. Bu məqsədlə qolaltını da, yerindən qopardaraq götürüb torbaya qoymuş və dərhal oradan uzaqlaşaraq taksiyə yaxınlaşmışdır. Torbanı taksinin yük yerinə qoyduqdan sonra sürücüyü öz yaşadığı evin ünvanını demiş, sürücü ondan torbadakıların nə olmasını soruşduqda isə o, taksi sürücüsünə usta işlədiyini, torbadakıların da işlənmiş əşya olduqlarını, onları təmir edəcəyini demişdir. Taksi sürücüsü onların küçəsinə yaxınlaşdıqda sürücünün onların evini tanımasın deyə avtomobili saxlatmış və sürücüyə 3 manat ödəniş edərək torbanı götürüb öz evinə doğru getmişdir. Həmin vaxt evdə atası və anası yatmış, valdieynləri eşitməsin deyə gizlincə evə daxil olaraq torbanı evin zirzəmisinə aparmış, orada avtomobilin qolaltı yerinə baxdıqda isə 2 ədəd ətir olduğunu, başqa heç nəyin olmadığını müəyyən etmişdir. Bundan sonra qərar vermişdir ki, ətirləri və boks əlcəklərini özü üçün saxlasın, digər əşyaları isə satsın. Qərarlaşdırdığı kimi həmin günün səhərisi o, əşyaları götürərək köhnə maşın bazarına getmişdir. Orada bazarın giriş hissəsində bir nəfər təxminən 40-45 yaşlarında şəxs qarşısına çıxmış, həmin şəxsə bildirmişdir ki, özünə məxsus avtomobilini satacağı üçün avtomobilin içərisində olan bəzi əşyaları da satmağa qərar vermişdir. Həmin şəxs isə cavabında əgər əşyalar onu qane edərsə ala biləcəyini demiş, bundan sonra o, həmin şəxsə 1 ədəd video kameranı, 1 ədəd siqnalı, 1 ədəd qolatlını təqdim etmiş və həmin şəxs onunla razılaşdıqdan sonra qeyd olunan əşyaları ümumilikdə 200 manat qarşılığında satmışdır. Həmin şəxs çıxıb getdikdən sonra o, bir qədər orada dayanmışdır ki, 2 ədəd Samsung markalı mobil telefonu, 1 ədəd dreli və 1 ədəd video kameranı da satsın. Həmin vaxt oradan keçən bir nəfər tanımadığı şəxsə yaxınlaşaraq əşyaları göstərib onları satdığını demiş, həmin şəxs isə telefonları və dreli ala biləcəyini, digər video kameraya isə ehtiyacı olmadığını demişdir. Bundan sonra o, oğurladığı 2 ədəd Samsung markalı mobil telefonu və 1 ədəd dreli ümumilikdə 70 manat qarışılığında satmış, qalan 1 ədəd video kameranı isə sata bilmədiyi üçün özü ilə evə gətirmişdir. Daha sonra ətirlərdən 2 ədədini istifadə etmiş, onlardan birinin şüşəsini atmış, digərinin şüşəsi isə özümdə qalmışdır. Avtomobilin ön alın şüşəsindən götürdüyü 1 ədəd kameranı isə naməlum şəraitdə itirmişdir. Oğurladığı onda qalan 1 cüt boks əlcəklərini və 1 ədəd ətir şüşəsini isə istintaqa təqdim etmişdir. Daha sonra itirdiyi bir ədəd videoqeydiyyat aparatını da taparaq istintaqa təqdim etmişdir. Hazırda zərərçəkmiş şəxsə vurulmuş zərəri tam həcmdə ödəyərək onunla barışmışdır. Bunu nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmənin əvvəlki iclasında ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, gündəlik olaraq qazancını işlənmiş və təzə müxtəlif növ əşyaların satışı ilə məşğul olaraq əldə edir. VAZ 2107 markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Hər gün adətən səhər saat 09 radələrində avtomobili ilə evdən çıxıb 20 radələrində evə qayıdıraraq, avtomobilini yaşadığı Gəncə şəhəri, Məhstəi qəsəbəsində yerləşən fərdi yaşayış evinin önündə saxlayır. Əvvəllər hər hansı bir neqativ halla rastlaşmadığına görə özünə məxsus əşyalarını da, adətən avtomobilində saxlamışdır. 07 may 2020-ci il tarixdə yenə adəti üzrə səhər avtomobili ilə evdən çıxdıqdan sonra axşam təxminən 20 radələrində evə qayıdaraq avtomobilini evin önündə saxlayıb evə keçmişdir. Həmin vaxt avtomobilin ön alın şüşəsində 01 ədəd avtomobil üçün video-qeydiyyat aparatı quraşdırılmış vəziyyətdə, digər 01 ədəd “Eken e8 touch” markalı avtomobil üçün videoqeydiyyat aparatı isə arxa oturacağında olmuşdur. Bundan əlavə həmçinin avtomobilinin arxa oturacağında 01 cüt idman (boks) əlcəkləri, 01 ədəd avtomobil üçün səsli (fi-fa) orijinal siqnal, avtomobil ön sağ tərəfində yerləşən bardaçokunda 03 ədəd Samsung E1205 markalı mobil telefonlar, 04 ədəd Samsung E1050 markalı mobil telefonlar, 03 ədəd Samsung E1081 markalı mobil telefonlar, bardaçakoun alt hissəsində yerləşən yerində 01 ədəd Bosch markalı drel, avtomobilin qolaltı yerində isə 02 ədəd “X13” markalı 100 ml. ölçüdə ətirlər və içərisində 250 manat olan 01 ədəd Çin istehsalı süni dəri üzlüklü pul qabı da olmuşdur. Növbəti gün səhər saat 09 radələrində işə getmək üçün evin önünə çıxıb avtomobilə yaxınlaşaraq qapısını açmaq istədikə sol ön və arxa qapıların açıq olduğunu müəyyən etmiş, bu zaman dərhal avtomobilə baxdıqda avtomobilin içərisi dağınıq vəziyyətdə olduğunu əşyalarının isə yerində olmadığını müəyyən etmişdir. Həmin vaxt anlamışdır ki, avtomobilindən oğurluq olmuşdur. Bundan sonra dərhal DİN-in 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermiş, bir qədər sonra polis əməkdaşları hadisə yerinə gələrək avtomobilindən əl izləri götürərək müvafiq sənədləşmə aparmışlar. O, bundan sonra avtomobilinə ətraflı baxış keçirtmiş və müəyyən etmişdir ki, naməlum şəxs avtomobilindən 01 ədəd 170 manat dəyərində “Eken e8 touch” markalı və 01 ədəd markasını dəqiq xatırlamadığım 130 manat dəyərində avtomobil üçün video-qeydiyyat aparatını, 01 cüt 75 manat dəyərində idman (boks) əlcəklərini, 01 ədəd 1300 manat dəyərində avtomobil üçün səsli (fi-fa) orijinal siqnalı, hər birinin dəyəri 60 manat olmaqla ümumilikdə 180 manat dəyərində 03 ədəd Samsung E1205 markalı mobil telefonları, hər birinin dəyəri 50 manat olmaqla ümumilikdə 150 manat dəyərində 03 ədəd Samsung E1081 markalı mobil telefonları, hər birinin dəyəri 40 manat olmaqla ümumilikdə 160 manat dəyərində 04 ədəd Samsung E1050 markalı mobil telefonları, 01 ədəd 40 manat dəyərində “VAZ 2107” markalı avtomobil üçün qolaltını, həmin qolaltının içərisinə qoyduğu hər birinin dəyəri 150 manat olmaqla ümumilikdə 300 manat dəyərində 02 ədəd “X13” markalı 100 ml. ölçüdə ətirləri, 01 ədəd 5 manat dəyərində Çin istehsalı süni dəri üzlüklü pul qabını, həmin pul qabının içərisindəki 250 manat pulu və 01 ədəd 150 manat dəyərində batareya ilə işləyən “Bosch” markalı dreli oğurlamış və ümumilikdə ona 2910 manat məbləğində maddi ziyan dəymişdir. Həmin hadisə nəticəsində hər hansı bir əmlakı zədələnməmiş və ya məhv olmamışdır. Əvvəllər onun heç bir əmlakı oğurlanmamışdır. Belə bir hal ilk dəfədir ki, baş vermişdir. Qeyd etdiyi əmlakdan başqa heç bir əşyası oğurlanmamışdır. X8 daha sonra məhkəmənin dəftərxanası vasitəsilə məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxsin ona vurduğu ziyanı tam həcmdə ödədəyini, ondan heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, 2012-ci ildən daxili işlər orqanlarında, 2018-ci ildən etibarən Gəncə şəhər Baş Polis İdarəsinin CAİ-nin əməliyyat müvəkkili vəzifsində xidmət edir, polis baş leytenantı xüsusi rütbəsini daşıyır. Gəncə şəhər Baş Polis İdarəsinin və onun tabeli orqanlarının cinayətkarlığa, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri əməliyyat-axtarış tədbirləri çərçivəsində görülən işlərin nümunəsi kimi Gəncə şəhəri, DOS 6 ünvanında yaşayan “Çivin” ləqəbli Şahid1 mütəmadi olaraq narkotik vasitələri qanunsuz olaraq əldə etməsi, üzərində daşıması və istifadə etməsi barədə Gəncə şəhər Baş Polis İdarəsinin CAİ-yə daxil olmuş əməliyyat məlumatı ilə bağlı 14.03.2020-ci il tarixdə tərəfindən “əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” qərar qəbul edilmişdir. Həmin qərarın icrası üzrə Gəncə şəhər Baş Polis İdarəsinin CAİ-nin kiçik əməliyyat müvəkkilləri: Şahid4 və Şahid5 da iştirakları ilə 14.03.2020-ci il tarixdə saat 19 radələrində Şahid1 Gəncə şəhəri, Atatürk prospektində yerləşən “Şəfa” aptekin qarşısında saxlanılmışdır. Həmin vaxt adı ona sonradan məlum olan Təqsirləndirilən şəxs onların Mehmanı saxladıqlarını görərək oradan qaçıb getmişdir. Bundan sonra Şahid1 Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasına gətirilmişdir. Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsində təhqiqatçı Yaqub Cəlilov tərəfindən Mehman adlı həmin şəxs şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilmiş, bundan sonra isə onların da iştirakları ilə Mehmanın üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə zamanı Mehman adlı həmin şəxs edilən təklifə əsasən, əynində olan cins şalvarın sağ yan cibindən polietilen kəsiyi bükümündə ilk baxışdan narkotik vasitə olan heroinə bənzər kütlə çıxarıb təqdim etmişdir. Şəxsi axtarış və götürmə zamanı Mehman həmin bükülünün narkotik vasitə olan heroin olmasını, həmin narkotik vasitəni 35 manat pul müqabilində şəxsi istifadəsi üçün “Göygöz” ləqəbli şəxsdən almasını etiraf etmişdir. Daha sonra həmin kütlə elektron tərəzidə çəkilərək qablaşdırılmış və onların da iştirakları ilə təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin CAİ-nin kiçik əməliyyat müvəkkilləri Şahid4 və Şahid5 digər Şahid3 ilə eyni məzmunlu ifadələr verərək ifadələrində sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Gəncə şəhəri, DOS-6, ev 66, mənzil 3-də ailə üzvləri ilə birlikdə yaşayır və fərdi əmək kimi ustalıqla məşğul olur. Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır. Belə ki, Təqsirləndirilən şəxs onun qonşusudur. İbrahim ilə aralarında olan münasibətlər qonşuluq münasibətləri olmuşdur. O, İbrahimin narkotik vasitədən istifadə etdiyini sonradan öyrənmişdir. ********** saylı mobil nömrə onun adına rəsmiləşdirilib. Belə ki, o, həmin mobil nömrəni 2020-ci ilin əvvəllərində, dəqiq xatırlamadığı tarixdə alıb qonşusu İbrahimə vermişdir. Həmin ərəfələr İbrahim özünün şəxsiyyət vəsiqəsini girov qoyub bir neçə yerdən borc pul götürürmüş. Ona görə anası həmin borcu ödəyib İbrahimin şəxsiyyət vəsiqəsini götürüb özündə saxlayırmış. İbrahim isə köhnə tanışlarından uzaqlaşmaq üçün mobil nömrəsini dəyişmək istədiyini, lakin bunun üçün şəxsiyyət vəsiqəsinin anasında olduğunu bildirib ondan öz adına mobil nömrə alıb ona verməsini xahiş etmişdir. O da qeyd edilən vaxtda ********** saylı mobil nömrəni alıb İbrahimə vermişdir. Həmin vaxtdan da İbrahim qeyd edilən mobil nömrəni istifadə etmişdir. Həmin mobil nömrə onun adına olsa da, qeydiyyatdan keçdiyi ilk gündən Təqsirləndirilən şəxs istifadəsində olmuşdur. Onun özünün istifadəsində olan mobil nömrə ***-***-**-**-dur. Bundan başqa, o, Göygöz ləqəbi ilə tanınan X5 tanımır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, Gəncə şəhəri, DOS-6 , ev 15 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır və heç bir yerdə işləmir. Xeyli müddətdir ki, narkotik vasitə olan heroindən istifadə edir. Əvvəllər narkotik vasitədən qanunsuz istifadə etdiyi üçün məhkəmənin hökmü ilə məhkum olunmuşdur. Hazırda da narkotik vasitə olan heroindən istifadə edir. Belə ki, o, heroini şprisə doldurub damarına vurmaqla istifadə edir. Onunla birlikdə tanışı Təqsirləndirilən şəxs də narkotik vasitə olan heroindən istifadə edir. O, İbrahimlə birlikdə bir neçə dəfə narkotik vasitə olan heroindən istifadə etmişdir. İbrahimin dediyi vaxtlarda, yəni 13 mart 2020-ci il və 14 mart 2020-ci il tarixlərdə o, İbrahimlə birlikdə istifadə etmək üçün İbrahimin verdiyi 35 manat pul müqabilində narkotik vasitə olan heroin əldə etmişdir. Lakin narkotik vasitəni “Göygöz” ləqəbli X2 almamışdır. İkinci dəfə, yəni 14 mart 2021-ci il tarixdə saat 19 radələrində İbrahimlə birlikdə narkotik vasitə olan heroin əldə etmək üçün Gəncə şəhəri Atatürk prospektində yerləşən “Şəfa” adlı aptekin yaxınlığına gəlmişdir. İbrahim ona narkotik vasitə olan heroini alması üçün 35 manat pul vermişdir. İbrahimə orada gözləməsini deyib, birlikdə istifadə edəcəkləri heroini almaq üçün uzaqlaşmış, heroini götürüb yenidən İbrahimin yanına qayıdan zaman polis əməkdaşları tərəfindən saxlanılmışdır. İbrahim bunu görüb qaçmışdır. Onu Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasına gətirib müdafiəçi ilə təmin edildikdən sonra üzərində videoçəkilişlə şəxsi axtarış aparmışlar. Axtarış zamanı üzərindən İbrahimin verdiyi pulla aldığı, lakin tutulduğu üçün istifadə edə bilmədikləri narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bundan sonra isə həmin narkotik vasitə elektron tərəzidə çəkilərək qablaşdırılmışdır. Üzərində aşkar edilmiş narkotik vasitə olan heroin İbrahimin verdiyi pul müqabilində əldə etdiyi və onunla qabaqcadan əldə etdiyi razılığa əsasən birlikdə istifadə etməli olduqları narkotik vasitə olmuşdur. Şahid1 məhkəmə iclasında verdiyi ifadəsi ilə ibtidai istintaqda verdiyi ifadəsi qismən ziddiyyətli olduğundan onun ibtidai istintaqda verdiyi ifadəsi elan və tədqiq edilmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, Gəncə şəhəri, DOS-6 , ev 15 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır və heç bir yerdə işləmir. Uzun müddətdir ki, narkotik vasitə olan heroindən istifadə edir. Əvvəllər narkotik vasitədən qanunsuz istifadə etdiyi üçün məhkəmənin hökmü ilə məhkum olunmuşdur. Hazırda da narkotik vasitə olan heroindən istifadə edir. Belə ki, o, heroini şpristə doldurub damarına vurmaqla istifadə edir. Onunla birlikdə tanışı Təqsirləndirilən şəxs də narkotik vasitə olan heroindən istifadə edir. O, İbrahimlə birlikdə pul müqabilində narkotik vasitə olan heroini əvvəlcə Ruslan kimi tanıdığı, Elşad adlı Göygöz ləqəbli şəxsdən alır. Belə ki, Göygöz ləqəbli həmin şəxs narkotik vasitə olan heroin satışını həyata keçirir. O, Göygözdən narkotik vasitə olan heroini 35 manat pul müqabilində alır. Ümumiyyətlə, Göygöz ləqəbli həmin şəxsdən, təxminən 10 dəfə narkotik vasitə olan heroin almışdır. Həmin şəxs narkotik vasitəni yaşadığı evin yaxınlığında, yəni Gəncə şəhəri, A.Ziyadxanov küçəsində yerləşən 18 saylı məktəbin yaxınlığında satır. Yadında dəqiq qalan belədir ki, 13.03.2020-ci il və 14.03.2020-ci il tarixlərdə o, İbrahimlə birlikdə gedib Göygöz ləqəbli şəxsdən narkotik vasitə olan heroin almışdır. Belə ki, 13.03.2020-ci il tarixdə, günorta saatlarında dostu İbrahimlə birlikdə Göygöz ləqəbli şəxsdən narkotik vasitə olan heroin almaq üçün sonuncunun yaşadığı binanın yaxınlığına getmişlər. Dostu İbrahim ondan bir qədər kənarda dayanıb gözləmiş, o isə özünün mobil nömrəsinin balansında pul olmadığı üçün İbrahimin mobil telefonu ilə Göygöz ləqəbli şəxsin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək həmişəki kimi narkotik vasitə olan heroin lazım olduğunu bildirmişdir. Göygöz ləqəbli şəxs də ona narkotik vasitə satacağını bildirib məktəbin yaxınlığında gözləməsini istəmişdir. O, deyilən yerdə dayanıb Göygöz ləqəbli həmin şəxsi gözləyərkən sonuncu, yaşadığı binanın orta dəhlizindən çıxıb gəlmiş və ona İbrahimdən aldığı 35 manat pul müqabilində 1 ədəd sellofana bükülü vəziyyətdə narkotik vasitə sayılan heroin satmışdır. O, həmin yerdən uzaqlaşmış və İbrahimlə birlikdə gedib gizlincə həmin narkotik vasitəni istifadə etmişlər. Ertəsi gün, yəni 14.03.2020-ci il tarixdə, saat 19 radələrində o, yenə narkotik vasitə almaq üçün İbrahimlə birlikdə Göygöz ləqəbli şəxsin yaşadığı binanın yaxınlığına getmiş və orada öz istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Göygöz ləqəbli şəxsin mobil nömrəsinə zəng etmişdir. O yenə Göygöz ləqəbli şəxslə danışıb pul müqabilində narkotik vasitə olan heroin almaq barədə razılaşmış və bir qədər sonra Göygöz ləqəbli həmin şəxs gəlib 35 manat pul müqabilində ona 1 ədəd sellofan bükülüdə narkotik vasitə sayılan heroin satmışdır. O, həmin pulu da İbrahimdən alıbmış. Həmin vaxt İbrahim “Şəfa” adlanan aptekin yaxınlığında onu gözləyirmiş. O, Göygöz ləqəbli şəxsdən aldığı narkotik vasitəni İbrahimlə birlikdə istifadə etmək üçün yolu keçib “Şəfa” adlanan aptekə tərəf gedərkən mülki geyimdə olan tanımadığı polis əməkdaşları onu saxlamışlar. İbrahim bunu görüb qaçmışdır. Onu Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasına gətirib müdafiəçi ilə təmin edildikdən sonra üzərində videoçəkilişlə şəxsi axtarış aparmışlar. Axtarış zamanı üzərindən Göygöz ləqəbli şəxsdən 35 manata aldığı, lakin tutulduğu üçün istifadə edə bilmədiyi narkotik vasitə sayılan heroin aşkar edilərək götürülmüşdür. Bundan sonra isə həmin narkotik vasitə elektron tərəzidə çəkilərək qablaşdırılmışdır. Təqsirləndirilən şəxs Şahid1 ifadəsində, həminçinin bildirmişdir ki, Ruslan kimi bildiyi Göygöz ləqəbli həmin şəxsi 15-20 gündür ki, tanıyır, və həmin şəxslə aralarında heç bir ədavət, düşmənçilik münasibətləri olmamış, hazırda da yoxdur. O, həmin şəxsi əvvəllər Ruslan kimi tanıyırmış, sonradan isə adının Elşad olduğunu öyrənmişdir. Belə ki, həmin şəxs narkotik vasitə satışı ilə məşğul olur. Həmin şəxsin əsl adının Elşad olmasını istintaq zamanı öyrənmiş, lakin buna baxmayaraq o, həmin şəxsi Ruslan kimi tanımışdır. Belə ki, o, həmin şəxsi Moskva şəhərində yaşayan Ruslan adlı dostunun vasitəsilə tanımışdır. Bundan başqa, dostu Təqsirləndirilən şəxs, Göygöz ləqəbli şəxsi tanımır. Belə ki, o və İbrahim narkotik vasitə almağa gedərkən sonuncu ondan bir qədər kənarda dayanırmış. O isə Göygöz ləqəbli şəxlə görüşüb narkotik vasitə alırmış. Bununla belə, dostu İbrahim hansı istiqamətə getdiyini görürmüş. Bundan başqa, o, narkotik vasitə satışı ilə məşğul olmur, həmin narkotik vasitəni də şəxsi istifadələri üçün almışdır. Bundan başqa, Göygöz ləqəbli Elşad Məmmədəliyev hər dəfəsində onun yanına tək gəlirmiş və o, Elşad Məmmədəliyevin ona satdığı narkotik vasitəni haradan almasını bilmir. O, Elşad Məmmədəliyevdən narkotik vasitə alarkən həmin narkotik vasitənin pulunu dostu İbrahim ona görə verirmiş ki, onun öz pulu yox imiş və onlar həmin narkotik vasitəni birlikdə istifadə edirlərmiş. Şahid1 ifadələrindəki ziddiyyətə eləcə də narkotik vasitəni X1 əldə etmədiyi halda haradan əldə etməsinə aydınlıq gətirə bilməmiş, Təqsirləndirilən şəxs ifadəsində göstərilənlərlə razı olduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 14 mart 2020-ci il tarixli “Şəxsi axtarış və götürmə haqqında” protokoldan, həmin istintaq hərəkətinin videoyazısından və 28 mart 2020-ci il tarixli “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 14 mart 2020-ci il tarixdə Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasında şübhəli şəxs qismində tutulmuş Şahid1 üzərində şəxsi axtarış və götürmə aparılması zamanı şübhəli şəxs Şahid1 Azərbaycan Respublikası CPM-in 90cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edildikdən sonra üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya, o cümlədən narkotik vasitə olub-olmaması barədə sual verilir. Şahid1 isə əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd sellofan bükülü çıxarıb təqdim edir. İlkin dindirmə zamanı o, həmin bükülünün narkotik vasitə olan heroin, yəni “kakos” kimi tanınan narkotik vasitə olduğunu, “Göygöz” ləqəbli Ruslan adlı şəxsdən 14.03.2020-ci il tarixdə 35 manat pul müqabilində əldə etdiyini, ümumiyyətlə həmin şəxsdən tez-tez narkotik vasitə aldığını və şəxsi istifadəsi üçün əldə etdiyini bildirir. Bundan başqa, Şahid1 “Göygöz” ləqəbli həmin şəxslə istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxladığını, “Göygöz” ləqəbli şəxsin mobil nömrəsinin ***-***-**-** olduğunu bildirir. Bundan sonra Şahid1 üzərində şəxsi axtarış davam etdirilir, lakin iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya aşkar edilmir. Bundan sonra həmin bükülü elektron tərəzidə çəkilir və çəkisinin 0.3 qram olduğu müəyyən edilir. Daha sonra həmin bükülü zərfə qoyularaq qablaşdırılır, üzəri möhürlənir və imzalarla təsdiq edilir. Məhkəmə-kimyəvi ekspertizasının 15.03.2020-ci il tarixli, 16/209 saylı rəyinə əsasən, tədqiqata təqdim edilmiş-üzərində “şübhəli şəxs Şahid1 üzərindən aşkar edilərək götürülmüş kütlə” sözləri olan kağız paketdəki bir ədəd sellofan bükümdə, təmiz çəkisi 0.226 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. 14 avqust 2020-ci il tarixli “Diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, X3 hadisə vaxtı istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsi ilə mobil telefonlar vasitəsi ilə edilmiş giriş və çıxış zənglərin, həmin zənglərin nömrələrinin sahiblərinin adlarının, soyadlarının və ünvanlarının, nömrələrin anten dairələrinin, həmin nömrələrdən göndərilən və daxil olan SMS mətnlərinin olduğu 1 ədəd DVD disk müvafiq qaydada "xxxx" MMC-dən əldə edilərək həmin diskə baxış keçirilərək müvafiq protokol tərtib edilmişdir. Belə ki, qeyd edilən DVD diskə baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan və Şahid2 adına rəsmiləşdirilmiş ***-***-**-** saylı mobil nömrədən X3 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə 13.03.2020-ci il tarixdə, saat 18:43:56 dəqiqədə zəng olunaraq 104 saniyə telefon danışığı aparılmışdır. Bundan başqa, ***-***- **-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə 13.03.2020-ci il tarixdə, saat 18:56:53 dəqiqədə zəng olunaraq 57 saniyə telefon danışığı aparılmışdır. Həmin siyahıda olan digər mobil nömrələrdən edilən zənglərin isə cinayət işi üçün mühüm əhəmiyyət kəsb etmədiyi müəyyən edilmişdir. 08 may 2020-cu il tarixli “Hadisə yerinə baxış” protokolundan görünür ki, Gəncə şəhəri Kəpəz RPİ-nin TB-nin təhqiqatçısı, polis leytenantı Şahin Şıxəliyev tərəfindən Zərərçəkmiş şəxs məxsus əmlakın oğurlandığı Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən fərdi yaşayış evinin qarşısında “VAZ 2107” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığı yerə - hadisə yerinə baxış keçirilmiş, hadisə yerindən 06 ədəd əl izi götürülmüş, bu barədə protokol tərtib edilərək hadisə yerinin fotoşəkilləri çəkilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 16.5.2020-ci il tarixli məktubundan görünür ki, Zərərçəkmiş şəxs məxsus “VAZ 2107” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobildən götürülmüş əl izləri DİN-in Kriminalistik Tədqiqatlar İdarəsinin ADİS məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilməsi üçün DİN-in Kriminalistik Tədqiqatlar İdarəsinə göndərilmişdir. DİN-in Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş 011-5379-1220 nömrəli məktubdan görünür ki, həmin əl izləri KTİ-nin AİDS məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 01 ədədi (ADİS-in məlumat bankında, DİN BƏSİİ-dən daxil olan) xx.xx.1994-cü ildə Gəncə şəhərində doğulmuş, Təqsirləndirilən şəxs sol əlinin baş barmağı ilə eynilik təşkil edir. 24 avqust 2020-ci il tarixli və 08 sentyabr 2020-ci il tarixli “Götürmə aparılması haqqında” protokollardan görünür ki, Təqsirləndirilən şəxs 08 may 2020-cu il tarixdə Zərərçəkmiş şəxs məxsus “VAZ 2107” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobildən oğurladığı əmlakın bir qismini, yəni 1 cüt “Gren hill boxing” markalı boks əlcəkləri, 1 ədəd “X13 No.77” markalı ətir şüşəsi və 1 ədəd “WDR full HD 1080P” markalı video qeydiyyat aparatını istintaqa təqdim etmiş, həmin əşyalar iş üzrə sübut əhəmiyyətinə malik olduğu üçün tərəfimdən götürülmüş, bu barədə protokol tərtib edilərək istintaq hərəkətlərinin fotoşəkilləri çəkilmişdir. 24 avqust 2020-ci il tarixli və 08 sentyabr 2020-ci il tarixli “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” protokollardan görünür ki, Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi 1 cüt “Gren hill boxing” markalı boks əlcəkləri, 1 ədəd “X13 No.77” markalı ətir şüşəsi və 1 ədəd “WDR full HD 1080P” markalı video qeydiyyat aparatı Zərərçəkmiş şəxs tanınmaya təqdim edilmiş, Zərərçəkmiş şəxs həmin əşyaları tanıyıb göstərərək bildirmişdir ki, həmin əşyalar 08 may 2020-cu il tarixdə Zərərçəkmiş şəxs məxsus “VAZ 2107” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobildən ona məxsus oğurlanmış əşyaların bir hissəsidir. 04 sentyabr 2020-ci il tarixli “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin düzgünlüyünü müəyyən etmək və dəqiqləşdirmək məqsədi ilə onun ifadəsinin yerində yoxlanılması aparılmış və Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi xüsusatları hadisə yerlərində göstərərək ifadəsini bir daha təsdiq etmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 03 sentyabr 2020-ci il tarixli 9/3271 №-li rəyində qeyd olunmuşdur ki, 2020-ci ilin may ayı üçün orta bazar qiyməti ilə təxminən 01 ədəd “Eken e8 touch” markalı avtomobil üçün video-qeydiyyat aparatı 40 manat, 01 cüt “Gren hill boxing” markalı idman (boks) əlcəkləri 35 manat, 01 ədəd avtomobil üçün səsli (fi-fa) orijinal siqanl 1200 manat, 01 ədəd Samsung E1205 markalı mobil telefon 10 manat, 01 ədəd Samsung E1050 markalı mobil telefon 10 manat, 01 ədəd Samsung E1081 markalı mobil telefon 10 manat, 01 ədəd “X13 No.77” markalı 100 ml. ölçüdə ətir 40 manat, 01 ədəd Çin istehsalı süni dəri üzlüklü pul qabı 2 manat, 01 ədəd VAZ 2107 markalı avtomobli üçün qolaltının dəyəri isə 30 manat müəyyən edilmişdir.01 ədəd Bosch markalı drel haqqında isə kifayət qədər məlumat olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmamışdır. Məhkəmə-narkoloji ekspertizasının 10 sentyabr 2020-ci il tarixli 790 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. 11 sentyabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi 1 cüt “Gren hill boxing” markalı boks əlcəkləri, 1 ədəd “X13 No.77” markalı ətir şüşəsi və 1 ədəd “WDR full HD 1080P” markalı video qeydiyyat aparatı, həmçinin Şahid1 üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra təmiz çəkisi 0,176 qram təşkil edən heroin iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış və cinayət təqibi üzrə icraat başa çatanadək Gəncə şəhər Baş Polis İdarəsinə məsul saxlanca verilmişdir. 14.03.2020-ci il tarixdə keçirilmiş əməliyyataxtarış tədbirlərindən sonra Şahid1 üzərinə şəxsi axtarış və götürmə zamanı qeyd edilmiş video çəkilişin bir ədəd “DVD” diski, Təqsirləndirilən şəxs şahid qismində dindirilməsi zamanı qeyd edilmiş video çəkilişin bir ədəd “DVD” diski və "xxxx" MMC-dən əldə edilmiş “**********” saylı nömrədən 13.03.2020-ci il tarixdə edilmiş zəngi özündə əks etdirən 1 ədəd DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və işə əlavə edilmişdir. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1 və 177.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsə isnad edilən cinayət hadisələrinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisələr ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona isnad olunmuş maddələrin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs özünü ittiham olunduğu oğurluq cinayətinin törədilməsində qismən təqsirli bilsə də məhkəmə iclasında tədqiq edilmiş sübutlarla onun təqsirliliyi öz təsdiqini tapmışdır. İlk növbədə məhkəmə qeyd edir ki, cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs həm məhkəmə iclasında, həm də ibtidai istintaqda üzləşdirmə zamanı təqsirləndirilən şəxsin üzünə qarşı oğurlanmış əşyaların miqdarı, çeşidi və sayı barədə ətraflı ifadə vermiş, həm təqsirləndirilən şəxs, həm də zərərçəkmiş şəxs bir-birilərini tanımadıqlarını, aralarında heç bir ədavətin olmadığını bildirmişlər. Belə olan halda zərərçəkmiş şəxsin oğurlanmış əşyaların miqdarı və çeşidi barəsində verdiyi ifadəsini şübhə altına almaq üçün heç bir əsas yoxdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs məsuliyyətinin dərəcəsini və vurulmuş ziyanın həcminin azaldılması üçün zərərçəkmiş şəxsdən oğurlanmış əşyalardan bəzilərini götürməsini inkar edərək özünün müdafiəsi üçün həqiqətə uyğun ifadə vermişdir. Buna görə də məhkəmə həmin hissədə təqsriləndirilən şəxsin ifadəsini sübut kimi qəbul etmir. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1 və 234.1-ci maddələri ilə təqsirli bilinməli və həmin maddələrin sanksiyası hüdudlarında, cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. Cinayət işinin materiallarına əlavə edilmiş tələbnamədən və Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 20 iyun 2018-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 20.06.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.3-ci maddəsilə təqsirli bilinərək 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 05.05.2019-cu il tarixdə isə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş 01 ay 23 gün hissəsi azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş və 27.05.2019-cu il tarixdə cəzasını çəkib qurtarmışdır. Azərbaycan Respublikası CM-in 18.4.4-cü maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs qeyd olunan məhkumluğu residivin müəyyən edilməsi zamanı nəzərə alınmamalıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinə görə zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödəməsi və onunla barışıq əldə etməsi həmin maddə üzrə cəza təyin edilən zaman Azərbaycan Respublikası CM-in 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qabaqcadan əlbir olmuş bir qrup şəxs halında törətməsi Azərbaycan Respublikası CM-in 61.1.3-cü maddəsinə əsasən həmin maddə üzrə cəza təyin edilən zaman cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini səciyyələndirən halları, törətdiyi cinayət əməllərinin xarakterini, cinayətlərin törədilməsi hallarını, cinayətlərin ictimai təhlükəlilik dərəcəsini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsinin sanksiyasında ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrumetmə cəzaları nəzərdə tutulmuşdur. Həmin əmələ görə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur, cəzasını yüngülləşdirən hallar isə vurulmuş ziyanı ödəməsi və zərərçəkmiş şəxslə barışıq əldə etməsidir. Təqsirləndirilən şəxsin əvvəllər də oğurluq cinayətini törətməyə görə məhkum edilməsinin onu şəxsiyyətini mənfi səciyyələndirməsinə baxmayaraq mülkiyyət əleyhinə törədilmiş bu cinayətin ictimai təhlükəli nəticəsinin, yəni vurulmuş əmlak ziyanının tam həcmdə aradan qaldırılması təqsirləndirilən şəxsə aşağı həddə azadlığın məhdudlaşdırılması cəzasının tətbiq edilməsinə imkan verir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cəza təyin edilərkən məhkəmə həmin cinayət əməlinə görə cəzanı yüngülləşdirən halların olmamasını, cəzanı ağırlaşdıran halı, əməlin ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, cəza təyini zamanı nəzərə alınmalı olan digər hallarla yanaşı qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs həmin əmələ görə yalnız azadlıqdan məhrumetmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətdiyinə görə Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə uyğun olaraq cinayətlərin məcmusu üzrə ona təyin ediləcək cəzalar qismən toplanılmaqla ona qəti cəza təyin edilməlidir. Bu zaman Azərbaycan Respublikası CM-in 68.1.1-1-ci maddəsinə uyğun olaraqona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər hesabı ilə hesablanmalıdır. Təqsirləndirilən şəxs məhkəmədən qaçıb gizləndiyi üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 16 may 2021-ci il tarixli qərarı ilə onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilmiş və Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Təqsirləndirilən şəxs 12 iyun 2021ci il tarixdə tutularaq həbsdə saxlama yerinə göndərilmişdir. Azərbaycan Respublikası CMin 69.3-cü maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzasının əvvəli həbsə alındığı 12 iyun 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, hökmün icrasını təmin etmək məqsədilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkməsi nəzərə alınaraq Azərbaycan Respublikası CM-in 93-1-ci maddəsinə uyğun olaraq ona narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Hökm qanuni qüvvyə mindikdən sonra cinayət işi üzrə maddi sübutlardan Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmiş, Şahid1 üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra təmiz çəkisi 0,176 qram təşkil edən heroin məhv edilməli, 1 cüt “Gren hill boxing” markalı boks əlcəkləri, 1 ədəd “X13 No.77” markalı ətir şüşəsi və 1 ədəd “WDR full HD 1080P” markalı video qeydiyyat aparatı qanuni sahibinə qaytarılmalı, üç ədəd DVD disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. İşdə mülki iddia və Azərbaycan Respublikası CM-in 99-1 maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. İş üzrə məhkəmə xərci - ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 68.1.1-1-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin edilmiş 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər tutulmaqla hesablansın və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 11 (on bir) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı 12 iyun 2021-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm qanuni qüvvyə mindikdən sonra cinayət işi üzrə maddi sübutlardan Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmiş, Şahid1 üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra təmiz çəkisi 0,176 qram təşkil edən heroin məhv edilsin, 1 cüt “Gren hill boxing” markalı boks əlcəkləri, 1 ədəd “X13 No.77” markalı ətir şüşəsi və 1 ədəd “WDR full HD 1080P” markalı video qeydiyyat aparatı qanuni sahibi Zərərçəkmiş şəxs qaytarılsın, üç ədəd DVD disk isə cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 50 (əlli) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülsün: KOD- 210005, VÖEN – **********, müxbir hesab – AZ 41NABZ ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu – 3. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə münasibətdə isə surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə, həbsdə saxlanılan təqsirləndirilən şəxs tərəfindən həmçinin həbsdə saxlama yerinin müdiriyyətinin vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar