Məhkəmə qərarları › İş №1(043)-25/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-25/2022

02.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-25/2022 02.03.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş prokurorluğunun X3 üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində X3 üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, xx.xx.1973-cü il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, Gəncə şəhəri, Kəpəz rayonu Natavan 2 qəsəbəsində ünvansız fərdi yaşayış evində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M ÜƏ Y Y Ə N ETDİ : Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını açıq yolla ələ keçirmək məqsədilə 27.06.2021-ci il tarixdə saat 12 radələrində Gəncəşəhəri, Kəpəz rayonu, X12 ərazisində ünvansız fərdi yaşayış evində yaşayan Zərərçəkmiş şəxs yaşadığı evin həyətinə gəlib Zərərçəkmiş şəxs 10 manat pul istəmiş sonuncu pulunun olmadığını bildirdikdə o, Zərərçəkmiş şəxs boynunda bağlı vəziyyətdə olan 800 manat dəyərində 9,1 qram çəkidə 1 ədəd qızıl boyunbağını əli ilə dartıb qoparmaqla ələ keçirib qaçaraq zərərçəkmiş şəxsin 800 manat dəyərində əmlakını açıq yolla talamaqla soyğunçuluq etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, hadisə yerinə baxış protokolu, ifadəni yerində yoxlama protokolu, məhkəmə-əmtəəşünaslıq eskpertizasının rəyi və digər istintaq hərəkəti protokolları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamla təqsirli bilərək ifadəsində göstərmişdir ki, ona Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə elan edilmiş ittihamın mahiyyəti aydındır və özünü həmin cinayət hadisəsində tam təqsirli bilir. Gəncə şəhəri, Kəpəz rayonu, F.Əliyev küçəsi, 1-ci döngə ev 3 mənzil 5-də qeydiyyatda olmaqla, Gəncə şəhəri, Kəpəz rayonu, Natavan 2 qəsəbəsi ərazisində ünvansız fərdi yaşayış evində anası X5 və qardaşı X7 birlikdə yaşayır. Anası mədə xəstəliyindən əziyyət çəkir, qardaşı isə diabet xəstəsidir. Rəsmi olaraq heç bir yerdə işləmir, heç bir işlə məşğul deyil. Zərərçəkmiş şəxs uşaq vaxtından tanıyır. Belə ki, əvvəllər qeydiyyatda olduğu ünvan 5 ünvanında yaşayarkən Zərərçəkmiş şəxs da qonşuluqda yaşamışdır. Ailəsi ilə onların ailəsinin münasibətləri yaxşı olmuşdur. Bir-birilərinin evlərinə gedib gəlmişlər. F.Əliyev küçəsi 1-ci döngə ev 3 mənzil 5 ünvanını təxminən 3 il olar ki, satıb Gəncə şəhəri Natavan 2 qəsəbəsinə köçmüşlər. Zərərçəkmiş şəxs da Gəncə şəhəri Kəpəz rayonu, X12 qəsəbəsində yaşamışdır. Hal-hazırda onların gediş-gəlişi vardır. Mütamadi olaraq Zərərçəkmiş şəxs anası xəstə olduğuna görə onlara gedib-gəlmiş və anasına bazarlıq edib gətirmişdir. 26.06.2021-ci il tarixdə Zərərçəkmiş şəxs səhər saat 11 radələrində onlara qonaq gəlmiş, o, həmin vaxt evdə olmuş, sonra isə evdən çıxıb şəhərə gəlmişdir. Zərərçəkmiş şəxs onlara gələn gün onunla mobil telefon vasitəsilə danışıb demişdir ki, biraz maddi cəhhətdən sıxıntısı var, siqaret almaq üçün pulu yoxdur. Zərərçəkmiş şəxs demişdir ki, Univermaqda işləyən vaxtdan suvenir əşyaları qalmış və evdə qədimi əşyalardan vardır, xoşuna gələrsə götürə bilərmi? Sədaqətdə istəmədiyini bildirmiş, ona pul verməsinə baxacağını demişdir. 27.06.2021-ci il tarixdə saat təxminən 12 radələrində Zərərçəkmiş şəxs ilə söhbət edib ona köməklik etməsi üçün yaşadığı evə getmiş, Zərərçəkmiş şəxs yaşadığı evin qapısını döymüş və Sədaqət qapını açmışdır. O, Sədaqətlə oturub bir stəkan çay içib söhbət edərkən maddi cəhətdən sıxıntı keçrirdiyini deyib ona 20-30 manat pul lazım olduğunu demiş və anası pensiyasını alandan sonra qaytaracağını bildirmişdir. Zərərçəkmiş şəxs hal-hazırda pulu olmadığını bildirmiş, ona demişdir ki, qızıl gətirsin, ona pul tapıb versin. Sədaqət ona pul vermədiyinə görə onun boynunda olan 1 ədəd qızıl boyunbağını cəkib dartıb qıraraq aparmaq qərarına gəlmişdir. O, əl atıb Zərərçəkmiş şəxs boyunda olan bir ədəd qızıl boyunbağını sol əli ilə çəkib qıraraq cibinə qoyub qaçıb getmişdir. Oradan çıxan kimi Gəncə şəhəri Mərkəzi Univermağa gəlib Zərərçəkmiş şəxs boynundan qırıb qaçırdığı 1 ədəd qızıl boyunbağını tanımadığı qızıl-zinyət əşyalarının alqı-satqısı ilə məşğul olan şəxsə satmaq istədiyini demişdir. Satıcı qızılın keyfiyətini yoxlamış, ondan şəxsiyyət vəsiqəsini soruşmuşdur. Qızıl 583 prob olmadığını, yüksək keyfiyyətli qızıl olmadığını deyib 504 manat etdiyini bildirmişdir. O da satıcı ilə razılaşıb şəxiyyət vəsiqəsini verib qızılı 500 manat satmışdır. Borcu olduğuna görə 350 manatını borcuna vermiş, 150 manatını özü üçün xərcləmişdir. 30 iyun 2021-ci il tarixdə yeznəsigilin evində, Gəncə şəhəri 18 nömrəli məktəbin yanında olan yataqxanada olarkən polis əməkdaşları ora gəlib onu Kəpəz RPİ-yə gətirmişlər və törətdiyi cinayət hadisəsini könüllü olaraq etiraf etmişdir. Həmin cinayət hadisəini törədərkən tək olmuşdur. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 8-də pasport qeydiyyatında olmaqla Gəncə şəhəri, Kəpəz rayonu, X12 qəsəbəsində tək yaşayır. Təxminən 15 il olar ki, həmin ünvanda tək qalır. Ata evi ünvan 8 ünvanında yerləşir. Ata evində yaşayarkən Təqsirləndirilən şəxs əvəllər qonşusu olmuşdur. Təqsirləndirilən şəxs valideynləri ilə münasibəti normal olmuşdur. Daimi bir evli kimi gedişgəlişləri olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda anası İrmak və qardaşı Vədat ilə birlikdə Gəncə şəhəri Natavan 2 qəsəbəsində yaşayırlar. Hazırda da qonşu kimi onlara gedib gəlir. Rəşadın anası İrmakın 72 yaşı vardır, yaşlı qadındır, mədə xəstəliyindən əziyyət çəkir, həmçinin Rəşadın qardaşı Vədat qaraciyər xəstəliyindən əziyyət çəkir. Onlar heç bir yerdə işləmirlər, İrmakın aldığı təqaüd pulu ilə dolanırlar. Buna görə İrmaka kömək etmək üçün arada bir onlara gedib-gəlmişdir. Rəşad da arada bir yaşadığı evə gələrək anası İrmakın göndərdiyini deyib ondan ərzaq məhsulları istəmişdir. O da köməklik üçün nəyə gücü çatsa ərzaq məhsullarından köməklik üçün Rəşada vermişdir. Rəşad sonuncu dəfə hadisədən təxminən 2 ay əvvəl yaşadığı evə gəlmişdir. O da sonuncu dəfə 26.06.2021-ci il tarixdə Rəşadın anası ilə maraqlanmaq üçün onlara getmiş, həmin vaxt Rəşad və qardaşı Vədat evə olmuşlar. Onlarda olarkən Rəşad evdən çıxıb getmişdir. 27.06.2021-ci il tarixdə saat 12 radələrində yaşadığı evdə olarkən evin giriş qapısı döyülmüş, gedib qapını açmış və görmüşdür ki, qapını döyən Rəşadır. Rəşadın evin həyətinə keçməsinə icazə vermiş, Rəşad evin həyətinə keçdikdən sonra evin giriş qapısını bağlamışdır. Rəşaddan yaşadığı evə gəlməyinin səbəbini soruşmuş, Rəşad da demişdir ki, evdən gəlmir, tanış qız var, onun yanından gəlir, gecə də həmin qızın yanında qalmışdır. Rəşad ondan dərman almaq üçün 10 manat borc pul istəmiş, o da Rəşada demişdir ki, pulu yoxdur, çıxıb getsin, özü də işə getmək istəyir. O, görmüşdür ki, Rəşad getmək istəmir, üstünə tərəf gəlir, ona görə də Rəşada demişdir ki, getməsə polis çağıracaq, qapıya tərəf gedib evin həyətdən çıxmasını deyən kimi Rəşad hər iki əli ilə qulaq nahiyəsinə əl atıb qulaqlarında olan sırğaları çəkmək istəmiş, o da əlləri ilə qullaqlarından tutmuş, görmüşdür ki, Rəşad əl çəkmir, buna görə də qışqırıb qonşulardan kömək istəmişdir. Bu vaxt Rəşad əli ilə boynunda olan 10 qramlıq qızıl boyunbağını özünə tərəf çəkib qıraraq boyunbağını götürüb özü ilə aparıb getmişdir. O da DİN-in 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Rəşad əvvəllər ondan pul tələb etməmiş, əvəllər bir dəfə guya sənəd düzəltmək üçün ondan 20 manat borc pul almışdır. Təqsirləndirilən şəxs yaşadığı evə gəlib ondan 10 manat borc pul istəyərkən ona qarşı hər hansı bir hədə-qorxu gəlməmişdir. Təqsirləndirilən şəxs ona heç bir xəsarət yetirməmiş, onun heç bir xəsarəti yoxdur. Baş vermiş hadisəni heç kim görməmiş, hadisə baş verərkən ikisi olmuş, başqa heç kim olmamışdır. Qışqırıb qonşuları çağıran kimi Rəşad qaçıb getmişdir. Rəşadın üstündə və əlində hər hansı bir silah və ya silah qismində hər hansı bir əşya olmamışdır. Ona məxsus olan qızıl boyunbağının 800 manat qiyməti olmuşdur. Rəşadın narkotik aludəçisi olmasını eşitmiş, Rəşadın onun yanında hər hansı bir səhv hərəkət etməsini görməmişdir. Hazırda da Rəşad ona dəymiş ziyanı ödəməmişdir, o, ziyanın ödənilməsini tələb edir, buna görə də Rəşaddan şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərdi ki, ailə üzvləri ilə birlikdə Gəncə şəhəri, ünvan 9 ünvanda yaşayır. 2014-cü ildən X4 zərgər işləyir və həmin vaxtdan da orada gündəlik olaraq qızıl-gümüş təmiri və alqı satqısı ilə məşğul olur. X6 2-ci mərtəbəsində 3-cü cərgədə baş tərəfdə 1 metr uzunluğu, 50 santımetr eni olan qızıl-zinyət əşyalarının alqı-satqısı ilə məşğul olmaq üçün piştaxtanı icarə əsasında işlədir. Həmin piştaxtada qızıl və gümüş təmiri işi ilə məşğul olur. Rəşad adlı şəxsi işlədiyi piştaxtaya gəldiyi gün tanımışdır. Orada işlənmiş və ikinci əl qızıl-gümüş və qızıl alqısatqısı ilə məşğul olur. 27.06.2021-ci il tarixdə təxminən saat 13-14 radələrində iş yerində olarkən əvvəllər tanımadığı Rəşad adlı şəxsin Univermağın 2-ci mərtəbəsində qızıl-zinyət əşyalarının alqı-satqı piştaxtalarına yaxınlaşıb, gəzə-gəzə onun işlədiyi piştaxtaya gələrək ikinci əl qızılının olduğunu, həmin qızılın özünə məxsus olduğunu və satmaq istədiyini bildirmişdir. Ondan həmin qızılı neçəyə satdığını və nə üçün qızılın qırıq olduğunu soruşmuş, Rəşad da tez-tez qırıldığına görə düzəltdirdiyini, yenə də qırıldığına görə satmaq istədiyini bildirmişdir. Rəşad əlində olan 1 ədəd qızılı boyunbağını qırılmış formada ona təqdim etmiş, o da həmin qızılı lom formasında çəkmiş və ümumi çəksini ona bildirib qramını 55 manatdan almışdır. Hesablamış və qızılın ümumi çəkisi 9,1 qram olmuşdur. Rəşadan şəxsiyyət vəsiqəsini tələb etmiş və şəxsiyyət vəsiqəsi olmadan qızılı almayacağını demişdir. Rəşad adlı şəxs isə şəxsiyyət vəsiqəsinin avtomobildə olduğunu deyib getmiş, aradan 5 dəqiqə keçdikdən sonra özünə məxsus olan şəxsiyyət vəsiqəsinin surətini gətirib təqdim etmişdir. Rəşad şəxsiyyət vəsiqəsinin surətini gətirdikdən sonra ona qızılın ümumu dəyərinin 510 manat etdiyini bildirmiş, Rəşad da razılaşmış və 510 manat pulu ondan alıb 1 ədəd 9,1 qram 583 əyarlı Rusiya istehsalı olan qızıl boyunbağını ona vermişdir. Rəşad şəxsiyyət vəsiqəsinin surətinin üzərinə 510 manata qızılı satması barədə yazmış və imza atıb getmişdir. 27.06.2021-ci il tarixdə saat 17 radələrində Rəşad adlı şəxsin Gəncə şəhər, Kəpəz RPİ-nin əməkdaşları tərəfindən axtarıldığını bilmiş, Kəpəz RPİ-nin əməkdaşları Univermaqda olarkən 1 nəfər şəxsin boynundan 1 ədəd boyunbağını qırıb ələ keçirərək qaçırdığını demişlər. Həmin vaxt Rəşad adlı şəxsin ona satdığı 01 ədəd qırıq vəziyyətdə qızıl boyunbağı sepin oğurluq olduğunu öyrənmişdir. Həmin vaxta qədər həmin qızılın oğurluq olduğunu bilməmişdir. O, zərgər işlədiyinə görə Rəşadın ona lom kimi satdığı qızıl boyunbağı yararsız olduğu üçün və sifarişi olduğu üçün əridib işlətmişdir. Cinayət işi üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş yetkinlik yaşına çatmamış Şahid2 valideyninin verdiyi məlumata görə əməliyyat olunduğu üçün onun məhkəmə iclasında dindirilməsi mümkün olmamışdır. Cinayət prosesi tərəflərinin razılığı ilə şahidin ibtidai istintaqda verdiyi ifadəsi elan edilmişdir. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, valideynləri ilə birlikdə Gəncə şəhəri, Kəpəz rayonu, X12 ərazisində ünvansız evdə yaşayır. Gəncə şəhər, 44 nömrəli tam orta məktəbin 8-ci sinfini bitirmişdir. Zərərçəkmiş şəxs tanıyır. Sadaqət Verdiyeva qonşularıdır və onu uşaq vaxtından tanıyır, münasibətləri yaxşıdır. Təqsirləndirilən şəxs tanımamışdır. 27 iyun 2021-ci il tarixdə sat 12 radələrində yaşadığı evin həyətində olmuşdur. Evlərinin küçəyə baxan tərəfi dəmir hasarla hasarlanmışdır. Hasarın hündürlüyü kiçik olduğu üçün küçə ilə bir nəfər tanımadığı şəxsin qaçdığını görmüşdür. Bu vaxt həmin şəxsi arxası ilə qonşu Zərərçəkmiş şəxs getdiyini görmüş və Zərərçəkmiş şəxs onu səsləyib çağırmışdır. O da tez küçəyə çıxmış, Zərərçəkmiş şəxs ona demişdir ki, qaçıb gedən şəxsi tutub saxlamaq lazımdır. Buna görə də Sədaqat Verdiyeva ilə qaçan şəxsin arxası ilə təxminən 30 metr getmişlər. Qaçan şəxsi ondan sonra görə bilməmiş, qayıdıb Zərərçəkmiş şəxs yaşadığı evə gəlmişlər. Orada Zərərçəkmiş şəxs ona demişdir ki, qaçan şəxs onun boyunda olan 1 ədəd qızıl boyunbağını əli ilə dartıb götürüb qaçmışdır. Zərərçəkmiş şəxs yaşadığı evin həyətində 1 ədəd boyunbağı götürülərkən orada olmamış, yaşadığı evin həyətində olarkən evin dəmir hasarından bir nəfər kişinin yaşadığı evin qarşısından qaçıb getdiyini görmüşdür. Zərərçəkmiş şəxs onu çağırandan sonra küçəyə çıxanda həmin şəxs artıq qaçıb getdiyi üçün onu görə bilməmişdir. Həmin qaçan şəxsin üzünü görməmiş, ancaq həmin şəxsin kişi olduğunu və təxminən 45-50 yaşında, orta köklükdə, orta boylu olduğunu görmüşdür. İş materiallarına əlavə edilmiş 27 iyun 2021-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, müstəntiq tərəfindən Zərərçəkmiş şəxs və hal şahidləri X9 və X1 iştirakı ilə Zərərçəkmiş şəxs qarşı soyğunçuluq cinayətinin törədildiyi və digər hadisə yerlərinə baxış keçirilmiş və hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur. İş materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 01 iyul 2021-ci il tarixli 1046 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədənində xəsarət müəyyən edilmir. İş materiallarına əlavə edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 06 sentyabr 2021-ci il tarixli, 9/5327 saylı rəyində göstərilir ki, ekspertiza təyini haqqında qərarda göstərilən faktiki ortada olmayan Rusiya istehsallı, 583 əyarlı, çəkisi 10 qram olan qızıl boyunbağının 27.06.2021-ci il tarixə nəzəri hesablama yolu ilə orta bazar qiyməti təxminən 800,00 manat müəyyən edilir. İş materiallarına əlavə edilmiş 30 iyul 2021-ci il tarixli “İfadənin yerindən yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması zamanı hadisənin baş verdiyi yeri və şəraiti əyani şəkildə göstərərək ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə sübutların məcmusuna yekun qiymət verərək qeyd edir ki, sübutların ümumi məcmusu Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə məxsus Rusiya istehsalı olan, 583 əyarlı, çəkisi 9,1 qram, orta bazar qiyməti təxminən 800,00 manat olan qızıl boyunbağını açıq şəkildə talayıb soyğunçuluq etməsini təsdiq edir. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 180.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsə isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisəsi ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə onlara isnad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinməli və ona təqsirli bilindiyi maddənin sanksiyası hüdudlarında, cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəza verilməlidir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Resublikası DİN BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. Təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3- cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, törətdiyi cinayət əməlinin xarakterini, cinayətin törədilməsi hallarını, cinayətin ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin törətdiyi əmələ münasibətini nəzərə alaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasından aşağı həddə cəzanın təyin edilməsi üçün müstəsna hallar, eləcə də cəzanın şərti tətbiq edilməsi üçün əsaslar yoxdur. Hazırkı cinayət əməli mülkiyyət əleyhinə olan cinayət olmaqla onun ictimai təhlükəliliyi əsasən zərərçəkmiş şəxsə əmlak zərəri vurmaqda ifadə olunur və təqsirləndirilən şəxs həmin zərərin ortadan qaldırılması istiqamətində heç bir addım atmamışdır. Bu baxımdan məhkəmə qeyd edir ki, cəzanın əsas məqsədlərindən olan məhkumun islah olunması və sosial ədalətin bərpasını təmin etmək, məhkumda mülkiyyətin toxunulmazlığı və başqa şəxslərin qanunla qorunan hüquqlarına hörmət hissinin formalaşdırılması baxımından Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzasının təyin edilməsi qanuni və ədalətlidir. İşin yuxarıda qeyd edilən hallarına görə həmin maddə ilə nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının məhkuma tətbiq edilməsi cəzanın məqsədlərinə nail olmaq üçün yetərli deyildir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 30 iyun 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsini 01 iyul 2021-ci il tarixli 4(043)-109/2021 saylı qərarı ilə onun barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və məhkəmə iclas zalında həbsdən azad edilmişdir. Beləliklə müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə iki gün müddətdə həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həmin müddət həbsdə saxlamanın bir gününə azadlıqdan məhrum etmə cəzasının bir günü hesabı ilə hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalı, cəzaçəkmə müddətinin əvvəli 02 mart 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Hökmün icrasını təmin etmək məqsədilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbirinə dəyişdirilməli, Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbsə alınmalıdır. İşdə mülki iddia və Azərbaycan Respublikası CM-in 99-1 maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. İş üzrə məhkəmə xərci - ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmədə Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs göstərdiyi 30 saat hüquqi yardıma görə 180 (yüz səksən) manat pul Müdafiəçi2 ödənilməsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası CPM-in 132, 197, 198, 346, 347, 349, 351, 353, 358, 381, 383, 384, 385-ci maddələrini rəhbər tutub HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq dövründə həbsdə olduğu (tutulduğu) 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq Təqsirləndirilən şəxs üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 02 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs dərhal məhkəmə iclası zalından həbs edilsin. İş üzrə məhkəmə xərci - ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Təqsirləndirilən şəxsə göstərdiyi 30 saat hüquqi yardıma görə 180 (yüz səksən) manat pul Müdafiəçi2 ödənilməsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə münasibətdə isə surəti ona verildiyi andan 20 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə (təqsirləndirilən şəxs tərəfindən həmçinin həbsdə saxlama yerinin müdiriyyətinin vasitəsilə) Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddətlər ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar