Məhkəmə qərarları › İş №1(043)-27/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-27/2022

12.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-27/2022 12.01.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1999-cu il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2vanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs məlum olmayan vaxt və mənbədən şəxsi istehlak miqdarından artıq, yəni təmiz çəkisi 0,604 qram, kustar üsulla hazırlanmış narkotik vasitə heroini və təmiz çəkisi 0,540 qram, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində daşımaqla saxlamış, 02 oktyabr 2021-ci il tarixdə saat 16:30 radələrində Azərbaycan Respublikası DİN-yi Baş Narkotiklərlə Mübarizə İdarəsinin X8 Regional şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, Mingəçevir şəhəri, Samux küçəsində yerləşən “Ağdam” kafesinin yaxınlığında saxlanılaraq Gəncə şəhəri, Atatürk prospekti 41 nömrəli ünvanda yerləşən X8 Regional şöbəsinə gətirilmiş, onun üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli şalvarın sağ yan tərəfində yerləşən kiçik cibindən bir ədəd göy rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,604 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd göy rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,540 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə metamfetamin aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 02 oktyabr 2021-ci il tarixdə saat təxminən 16:30 radələrində Mingəçevir şəhəri, Samux küçəsində yerləşən “Ağdam” kafesinin yaxınlığında piyada hərəkət edən zaman 4 nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmiş və qanunsuz olaraq üzərində narkotik vasitə saxlamağında şübhəli olduğunu bildirmişlər. Sonra onu Baş Narkotiklərlə Mübarizə idarəsinin Gəncə şəhərində yerləşən şöbəsinə aparmışlar. Orada onun üzərinə şəxsi axtarış keçirilmiş, ona üzərində qanunla qadağan olan narkotik vasitə və sair əşyalar təqdim edilməsi təklif edilmişdir. O, əynində olan göy rəngli şalvarının sağ yan kiçik cibində olan 1 ədəd şəffaf sellofan bükümü təqdim etmişdir. Təqdim etdiyi sellofan bükümə baxış keçirilən zaman içərisində narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamin olması məlum olunmuşdur. Həmin sellofan bükümlər elektron tərəzi ilə çəkilmişdir. Təqdim etdiyi maddələri öz istifadəsi üçün üzərində gəzdirmiş, tutulmamışdan bir neçə gün əvvəl Yevlax rayonu ərazisində əvvəllər tanımadığı, təsadüfən rastlaşdığı “Mehman” adlı şəxsdən 50 manat müqabilində almışdır. O, aradabir narkotik vasitə və psixotrop maddə metamfetamin istifadə edir, ancaq heç zaman narkotik vasitə satmamış, digər formada kiməsə verməmiş və belə bir məqsədi də olmamış, həmin maddələri özü qəbul etmək üçün əldə etmişdir. Sonda təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu bildirərək, onun barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Mingəçevir şəhərində Təqsirləndirilən şəxs barəsində qanunsuz olaraq narkotik vasitə əldə edib qəbul etməsi barədə məlumatlar daxil olmuşdur. O, həmin məlumat barədə raportla işlədiyi X8 Regional şöbənin rəis əvəzinə məruzə etmişdir. Bundan sonra əməliyyat axtarış tədbiri keçirilməsi barədə tapşırıq verilmiş, bununla əlaqədar o, dərhal həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul etmiş, əməliyyat məlumatının yoxlanılmasına rəhbərlik ona, həmin tədbirdə iştirak etmək üçün şöbənin baş əməliyyat müvəkkili Şahid1, polis nəfərləri olan polis baş serjantı Şahid3 və polis baş serjantı Şahid4 əməliyyat qrupunun üzvü olması barədə əmrlə tapşırılmışdır. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, üzərində gəzdirməsini müəyyən etmək və yaxalanması məqsədilə əməliyyat-axtarış tədbiri keçirilmiş, onun Mingəçevir şəhərində olması müəyyənləşdirilmişdir. 02 oktyabr 2021-cti il tarixdə saat 16:30-da Təqsirləndirilən şəxs Mingəçevir şəhərində N.Nərimanov küçəsindəki «Ağdam» kafesinin yaxınlığında yaxalanaraq X8 Regional şöbəsinə gətirilmiş və onun tərəfindən bu barədə raportla rəhbərliyə məruzə edilmişdir. Onun tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, müdafiəçi dəvət edilərək müvafiq sənədləşmə aparılmışdır. Müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış aparılmış və bu zaman video aparatından istifadə edilməklə çəkiliş edilmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində olan ehtimal edilən narkotik vasitələri, digər əşyaları təqdim etməsi təklif olunmuşdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli şalvarın sağ yan tərəfdə yerləşən kiçik cibindən bir ədəd şəffaf sellofan bükümü təqdim edərək üzərində başqa heç bir əşya olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi davam etdirilmiş və onun üzərində başqa heç nə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən götürülmüş əşyalara baxış keçirilmiş və bir ədəd sellofan bükülü açılmış və həmin bükülüdə iki ədəd sellofan büküm olması aşkar edilmişdir. Həmin bükümün birində ağ rəngli kristal formalı, psixotrop maddə olan metamfetaminə bənzər maddə, digərində isə qəhvəyi rəngli, kəskin iyili, ilk baxışdan narkotik vasitə olan heroinə bənzər kütlə olması müəyyən olunaraq iştirakçılara göstərilmişdir. Həmin kütlə sıfırlanmış aptek tərəzisində çəkilmiş və sonra zərfə qoyularaq qablaşdırılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, onun üzərindən aşkar olunmuş metamfetamini və heroini 3 gün əvvəl Yevlax rayonu ərazisində tanımadığı şəxsdən 50 manata özü qəbul etmək məqsədilə almışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 və Şahid3 Şahid2 ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid4 ifadəsi elan olunmaqla tədqiq edilmiş və müəyyən olunmuşdur ki, o, Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” 02.10.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 02.10.2021-ci il tarixdə saat 16:30-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. “Şəxsi axtarış və götürmə aparılması barədə” 02.10.2021-ci il tarixli protokoldan və şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişin qeydə alındığı DVD diskdən görünür ki, təhqiqatçı, polis kapitanı X2 şübhəli şəxs Təqsirləndirilən şəxsdan üzərində narkotik vasitə və qanunla qadağan edilmiş hər hansı bir predmet olub-olmaması soruşur və müsbət halda onu təqdim etməyi təklif edir. Şübhəli şəxs Təqsirləndirilən şəxs isə əynində olan şalvarın sağ yantərəfində olan kişik cibindən 1 ədəd sellofana bükülünü çıxarıb təqdim edir. Həmin bükülü baxışda iştirak edən şəxslərin iştirakı ilə açılaraq baxış zamanı birinin içərisində 2 ədəd sellofan büküm olması, birinin içərisində ağ rəngli kristall şəkilli psixotrop maddə - metamfetaminə oxşar, digərində isə qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə heroinə oxşar maddə müəyyən olunmur. X3 şübhəli şəxs Təqsirləndirilən şəxsa həmin kütlələrin nə olması, kimə məxsus olması barədə sual verir. Şübhəli şəxs Təqsirləndirilən şəxs isə cavab olaraq bildirir ki, həmin kütlələrdən biri narkotik vasitə olan heroin, digəri isə psixotrop maddə olan metamfetamindir. O, həmçinin bildirir ki, həmin kütlələri 50 manat pul müqabilində Mehman adlı şəxsdən əldə etmişdir. Narkotik vasitə və psixotrop maddəni isə şəxsi istifadəsi məqsədilə əldə edib üzərində saxlamışdır. Ona verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs, həmçinin bildirir ki, o, 1 aya yaxındır ki, narkotik vasitə və psixotrop maddələri istifadə edir. Bundan sonra həmin bükümlər bir ədəd zərfə qoyularaq qablaşdırılır, möhürlənir və imzalarla təsdiq edilir. Məhkəmə-kimyəvi ekspertizasının 03.10.2021-ci il tarixli, 16/1039 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “....Təqsirləndirilən şəxs üzərindən aşkar olunan.....” sözləri olan kağız paketdəki 1 ədəd “göy” rəngli polietilen kəsiyi bükümdə, təmiz çəkisi 0,604 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir; 1 ədəd “göy” rəngli polietilen kəsiyi bükümdə, təmiz çəkisi təmiz çəkisi 0,540 qram olan maddə küstar üsulla hazırlanmış psixotrop maddə -metamfetamindir. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri” in 1-ci siyahısının İİ bəndinə, heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in 1-ci siyahısının İ bəndinə daxildir. Əməliyyat tapşırığına 27.10.2021-ci il tarixli cavab məktubundan görünür ki, DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin QBRŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyataxtarış tədbirləri ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 50 manat müqabilində Yevlax rayonu ərazisində narkotik vasitəni və psixotrop maddəni Mehman adlı şəxsdən almış və üzərində saxlamışdır. Lakin həmin Mehman adlı şəxsin şəxsiyyətini və olduğu yeri müəyyən etmək mümkün olmamışdır. “Sübutların qiymətləndirilməsi barədə” 15.11.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” haqqında qətimkan tədbiri öz qüvvəsində saxlanılmış, ondan aşkar olunaraq götürülmüş qablaşdırılmış və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalmış 0,520 qram çəkidə psixotrop maddə olan metamfetamin və 0,584 qram çəkidə narkotik vasitə olan heroin maddi sübut kimi tanınmış və Gəncə şəhər BPİ-nə məsul saxlanca verilmişdir. Həmçinin həmin qərarla Təqsirləndirilən şəxs üzərinə baxış zamanı istifadə edilmiş video çəkilişin bir ədəd “DVD” diski iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 12.11.2021-ci il tarixli cavabından müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan 5 saylı mənzil istismar sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini əldə etməsi və daşıyaraq saxlaması tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs bu əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf edib, səmimi peşmançılıq hissi keçirməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasına alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növü kimi azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Bu zaman onun şübhəli şəxs qismində tutulduğu müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsi ilə müəyyən edilmiş qaydada nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmin Məcəllənin 52-1.3.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək əlavə vəzifəsi müəyyən edə bilər. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 22:00-dan saat 07:00-dək və yaşadığı Mingəçevir şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarəti edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə-narkoloji ekspertizasının 23.10.2021-ci il tarixli, 1280 saylı nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olmuşdur. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmamalı, lakin o, yaşadığı ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Bundan başqa, məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhəri Baş Polis İdarəsində saxlanılan 0,520 qram çəkidə psixotrop maddə olan metamfetamin və 0,584 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 32,40 manat pul təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.) Bundan başqa qeyd edilməlidir ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili X5 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 25 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X1 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 150 manat məbləğində pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 02.10.2021-ci il tarixdən 04.10.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesabı ilə hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 (iki) il 2 (iki) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 22:00-dan saat 07:00-dək və yaşadığı Mingəçevir şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Cinayət işi üzrə maddi sübutlar - Gəncə şəhəri Baş Polis İdarəsində saxlanılan 0,520 qram çəkidə psixotrop maddə olan metamfetamin və 0,584 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 32,40 manat (otuz iki manat qırx qəpik) Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X4, KOD– 210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X1 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 150 manat məbləğində pul köçürülsün. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Kəpəz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar