Məhkəmə qərarları › İş №1(043)-29/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-29/2020

09.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-29/2020 09.06.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, x3 iclas katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət x7 İdarəsinin Gəncə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşünas x1, Təqsirləndirilən şəxs oğlunun, müdafiəçi x2, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 iştirakları ilə, xx.xx.1986-cı ildə Tacikistan Respublikası, Leninabad şəhərində anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu ödənilmiş, ünvan 1-də müvəqqəti qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: 21 sentyabr 2019-cu il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 ataları Zərərçəkmiş şəxs1 döyməsi ilə bağlı Təqsirləndirilən şəxs irad bildirərkən, aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yerləşən yaşadığı evin həyətində istintaq zamanı müəyyən edilməsi mümkün olmayan bıçaqla Zərərçəkmiş şəxs3 qarın nahiyəsinə bir dəfə vuraraq qarın nahiyəsinin kəsilmiş deşilmiş yarası ilə müşayiət olunan sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid edilən xəsarət yetirmiş, o, həmçinin Zərərçəkmiş şəxs2 sol ayağından bıçaqla bir dəfə vuraraq sol sarğı nahiyəsinin kəsilmiş yarası ilə müşayiət olunan sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir və bu əməli törətməsi onun öz ifadəsi, eləcə də zərərçəkmiş şəxslərin, şahid ifadələri və ekspert rəyi ilə sübut olunur. Lakin, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci və 221.3-cü maddələri ilə ittiham irəli sürülmüşdür. Belə ki, ittiham aktında görə, Təqsirləndirilən şəxs 20 sentyabr 2019-cu il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs1 evinin pəncərəsini keyfiyyətsiz təmir etməsini bəhanə edib, heç bir əsaslı səbəb olmadan ətrafda olan şəxslərə məhəl qoymadan, qarşılıqlı davranış qaydalarının pozulmasında ifadə olunan, aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərib ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək, nalayiq ifadələr işlədib ictimai yer olan ünvan 1 ünvanında yerləşən yaşadığı evin qarşısında küçədə yumruq və təpiklə Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyələrinə vuraraq burun nahiyəsinin sıyrığı, sağ qulaq nahiyəsinin səthi yarası ilə müşayiət olunan sağlamlığına zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə zor tətbiq edib xuliqanlıq etmişdir. Bundan başqa o, təkrar 21 sentyabr 2019-cu il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs3, atası Zərərçəkmiş şəxs1 döyməsi ilə bağlı tutduğu iradı bəhanə etməklə, heç bir əsaslı səbəb olmadan ətrafda olan şəxslərə məhəl qoymadan, qarşılıqlı davranış qaydalarının pozulmasında ifadə olunan, aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərib ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək, nalayiq ifadələr işlədib ünvan 1 ünvanında yerləşən yaşadığı evin qarşısında istintaq zaman müəyyən edilməsi mümkün olmayan bıçağı silah qismində tətbiq edib Zərərçəkmiş şəxs3 həmin bıçaqla qarın nahiyəsinə bir dəfə vuraraq qarın nahiyəsinin kəsilmiş deşilmiş yarası ilə müşayiət olunan sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaya aid edilən xəsarətlər yetirməklə zor tətbiq edib qərəzli xuliqanlıq edərkən Zərərçəkmiş şəxs3 qardaşı Zərərçəkmiş şəxs2 ictimai qaydanın pozulmasının qarşısını almaq məqsədilə onları aralamaq istədikdə o, həmin bıçağı silah qismində tətbiq edib Zərərçəkmiş şəxs2 sol ayağından bir dəfə vuraraq sol sarğı nahiyəsinin kəsilmiş yarası ilə müşayiət olunan sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaya aid edilən xəsarətlər yetirməklə zor tətbiq edib qərəzli xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci və 221.3-cü maddələriilə ona elan edilmiş ittihamda təqsirli bilməyərək göstərdi ki, ünvan 1 ünvanında yaşamışdır. Bacıları Bakı şəhərində, anası və atası isə Krım Respublikasında yaşayır. Azərbaycan dilində sərbəst danışır, oxumağı bacarır. Zərərçəkmiş şəxs1 və ailəsini 6-7 ildir tanıyır. Məhərrəm uzaqdan qohumu düşür. O, 2009-cu ilə kimi Azərbaycan Respublikası vətəndaşı olmuş, sonra isə 2009-cu ildə Ukrayna Respublikasının Krım Muxtar Respublikasına köçüb orada yaşayaraq 2012-ci ildə Ukrayna Respublikasının vətəndaşı olmuş, sonradan Krım Muxtar Respublikası Rusiya Federasiyasının tərkibinə keçdikdən sonra o 2018-ci ildən Rusiya Federasiyasının vətəndaşı olmuşdur. Gəncə şəhərinə gecgec gəlir və Gəncə şəhəri Sadıllı qəsəbəsi Rəmziyyə Veysəlova küçəsi ev 155-də müvəqqəti qeydiyyatda olmaqla yaşamışdır. Azərbaycan Respublikasına gəlməyinin səbəbi bacısının övladının ürək xəstəliyi olmuşdur. O, 2017-ci ilin oktyabr ayında Gəncə şəhərinə gələrək evində təmir işləri etdirmiş, evinin təmiri zamanı pəncərələri tanıdığı Zərərçəkmiş şəxs1 təmir etmiş və gördüyü işin müqabilində 180 (yüz səksən) manat pul vermişdir. Təmir işləri qurtardıqdan sonra yenidən Krım Muxtar Respublikasının Yevpatoriva şəhərinə qayıtmış, sonradan 2019-cu ilin mart ayının ortalarında Gəncə şəhərinə evinə gəlmişdir. Son vaxtlar evinin pəncərələri yaxşı təmir edilmədiyi üçün kənarlarından yağış yağanda su axmışdır. O, bununla bağlı dəfələrlə Məhərrəmə pəncərələrinin kənarlarını yaxşı təmir etmədiyi üçün evinə su axdığını bildirərək ondan yenidən pəncərələrin kənar hissələrini təmir etməsini xahiş etmiş, lakin Məhərrəm hər dəfə müxtəlif bəhanələrlə pəncərələri gəlib təmir etməkdən boyun qaçırmışdır. 20.09.2019-cu il tarixdə axşam çağı yaşadığı evdə yemək yeyən zaman bir qədər araq və pivə içmiş, sonra isə siqaret almaq üçün təxminən saat 21 radələrində evdən çıxıb yaxınlıqda olan marketə getmişdir. Marketdən qayıdan zaman evinin yaxınlığında təsadüfən Məhərrəm ilə rastlaşmış, həmin vaxt Məhərrəm küçə ilə piyada yol getmiş və bir qədər sərxoş olmuşdur. O, Məhərrəmi görüb ona yaxınlaşaraq nə üçün pəncərələri yaxşı təmir etmədiyini soruşduqda, Məhərrəm ona kobud şəkildə cavab verərək qəfildən var-yoxuna söyərək sifətinin sol çənə nahiyyəsinə sağ əli yumruq zərbəsi vurmuş, o isə əsəbiləşərək Məhərrəmin sifət nahiyəsindən iki-üç dəfə yumruq zərbələri ilə vuraraq yerə yıxmışdır. Bundan sonra Məhərrəm yerdən qalxaraq onun üzündən öpüb söyüş söydüyü üçün üzr istəyərək yanından getmişdir. Məhərrəmlə aralarında olan həmin münaqişə təxminən 1-2 dəqiqə davam etmiş, küçədə hadisəni heç kim görməmiş, hadisədən sonra isə evinə getmişdir. Təxminən 1 saat sonra o yenidən evdən çıxaraq mağazaya olan borcunu ödəmək üçün Komsomol küçəsinə getmişdir. 20.09.2019-cu il tarixdən 21.09.2019-cu il tarixə keçən gecə saat təxminən 01 radələrində Lada Priora markalı taksi ilə evinə qayıdıb gələn zaman yaşadığı küçədə mağazanın qarşısında Məhərrəmin oğlanları Ramin və Röyal, arvadı Mahirə və tanımadığı bir nəfər orta boylu qarabəniz təxminən 34-35 yaşlı başqa bir kişinin dayandığını görmüşdür. O, həmin şəxslərin yanından keçib evinin darvazasının qapısını açıb içəri girmək istəyən zaman Ramin ona yaxınlaşaraq qapını açmağa mane olaraq qolundan dartıb nə üçün atası Məhərrəmi döydüyünü soruşmuş, o isə Raminə evə keçib gələcəyini demişdir. Ramin onun qolunu buraxmış və o evinin darvazasının qapısını açıb içəri daxil olmuş, Ramin də onun arxası ilə darvazadan içəri daxil olmuşdur. Ramin darvazadan içəri girən kimi şalvarının sağ cibindən kiçik açılıbqatlanan bıçaq çıxararaq onu vurmaq istəmiş o isə özünü müdafiə edərək bıçağı Raminin əlindən buraraq almışdır. Bıçağı Ramindən aldıqdan sonra sağ əlində tutaraq özünü müdafiə etməyə başlamış, həmin vaxt Röyal, anası Mahirə və yanlarında olan tanımadığı kişi darvazadan içəri daxil olmuş və hamısı birlikdə onun üzərinə hücum etmişlər. Mahirə onun saçından tutaraq yolmuş, Röyal, Ramin və digər şəxs yumruq və təpik zərbələri ilə başına və bədəninə zərbələr vuraraq döyməyə başlamış, o isə biraz əyilərək əlində olan bıçaqla özünü müdafiə etməyə çalışmış və bıçağı onlara tərəf istiqamətdə bir nəçə dəfə vurmuş, ancaq Röyala və Raminə həmin vaxt bıçağın dəyib-dəymədiyini bilməmişdir. Bundan sonra onu təpiklə vuraraq yerə yıxmışlar. Yerə yıxılan zaman başı yerdə divara və betona dəyərək xəsarət almış, həmçinin Röyal onun sağ əlini ayağı ilə əzmiş və bıçağı əlindən almış, bundan sonra Ramin bıçağı onun boğazına soxub öldürmək üçün Röyaldan istəmiş, lakin Röyal bıçağı Raminə verməmişdir. O, həmin şəxslərə hər şeyi başa düşdüyünü, onu döyməmələrini demiş, lakin, onlar yerdə təpik zərbələri ilə döyməyə davam etmiş və nətiəcədə o huşunu itirmişdir. Bir qədər sonra ayılmış və evinin otağına girmişdir. Aralarında olan dava-dalaş təxminən 7-8 dəqiqə davam etmişdir. Sonra polis əməkdaşları yaşadığı evə gələrək onlarla Kəpəz RPİ-nə getməli olduğunu demiş, o da polis əməkdaşları ilə birlikdə polis idarəsinə getmişdir. O özünü müdafiə etmək üçün əlindəki bıçağı onlara tərəf istiqamətdə bir nəçə dəfə yelləmişdir. Hadisə baş verib qurtarandan sonra sinəsində bıçaqla yetirilmiş sıyrıq olduğunu görmüş, həmin sıyrıq Raminin əlindən bıçağı almaq istəyən zaman yaranmışdır. Həmin hadisə zamanı onun sağ qolu əzilmiş, başında və üz nahiyəsində şişkinliklər olmuşdur. Həmin vaxt aralarında olan dalaşma evinin həyətində baş verdiyi üçün orada olan şəxslərdən başqa dava-dalaşı heç kim görməmişdir. Huşunu itirib özünə gələndən sonra Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 xəsarət yetirdiyi bıçağı tapa bilməmiş, çox güman ki, həmin bıçağı Ramin və Röyal özlərilə götürüb aparmışdır. Hadisənin baş verməsinə səbəb onun Ramin və Röyalın atası Məhərrəmi vurması olmuşdur. Hadisə baş verən zaman qaranlıq olduğu üçün digər şəxslərin əlində heçnə görməmiş, yalnız Ramin onu bıçaqla vurmuş, həmin bıçaq nazik və açılıb-qatlanan olmuş, digər şəxslər isə yumruq və təpik zərbələri ilə vurmuşdur. Hadisədən əvvəl Röyal ona zəng edərək atasını niyə döyməsini soruşmuş, o Röyala atasının ona söyüş söydüyü üçün döydüyünü demiş, Röyal isə cavabında onu evinin qabağında gözlədiklərini, gəlməyini istəmiş, o da yaşadığı evə getmişdir. Onun Məhərrəmi döyən zaman həmçinin Ramin və Röyalla dalaşma zamanı yanında heç kim olmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirdi ki, ünvan 3 mənzil 24 ünvanında ailəsi ilə birlikdə yaşayır. Onu tanışları “Makar” ləqəbi ilə tanıyır. Gündəlik olaraq ustalıq etməklə qazanc əldə edir. O, uzun müddətdir ki, Təqsirləndirilən şəxs tanıyır. Elnurla əvvəllər aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. Təxminən 3 il əvvəl Elnurun yaşadığı evin pəncərələrinin qarşısını düzəltmiş, təmir zamanı pəncərənin yanında bir balaca boşluq olmuşdur. Elnur ona bir neçə dəfə həmin hissəni düzəltməyi demiş, o da Elnura düzəldəcəyini bildirmişdir. 20.09.2019-cu il tarixdə kafedə dostları ilə pivə içmiş və saat 23 radələrində çörək alaraq piyada yaşadığı evə getmiş, Elnurun yaşadığı evin qarşısından keçən zaman Elnurla qarşılaşmışdır. Həmin vaxt Elnur sərxoş olmuş, Elnurun yanında başqa iki nəfər şəxs də, olmuşdur. Elnur onu çağıraraq pəncərənin qarşısını düzəltməyini istəmiş, o Elnura gecə vaxtı olduğu üçün düzəldə bilməyəcəyini demişdir. Elnur ona “düzəldirsən yoxsa, yox...” deyə bildirdikdə, o Elnura gedib işi ilə məşğul olmasını, bu saatda düzəldə bilməyəcəyini demişdir. Həmin vaxt Elnur qəflətən onun sifət nahiyəsindən yumruqla zərbə vurmuş, zərbənin təsirindən o özünü itirərək Elnurun yaşadığı evin yanındakı otluğa yıxılmışdır. Bundan sonra Elnur yerdə ona təpiklə sifət nahiyəsindən bir neçə dəfə zərbə vurmuş, Elnurun yanındakı şəxslər isə “Makar kişi vurulası kişi deyil...” deyərək Elnuru kənara çəkib onun üzərindən aralamışlar. O, özünü itirdiyi üçün bir müddət yerdə qalmış və otluqdan qalxa bilməmişdir. Bir müddət sonra Elnur yanındakı xatırlamadığı bir nəfər şəxslə onun yanına gəlmiş. Həmin şəxs ona kömək edib ayağa qaldırmaq istəsə də, o özü dəmir torlardan tutaraq ayağa qalxmış və aldığı çörəyin harada olmasını soruşmuş həmin şəxs çörəyi taparaq ona vermişdir. Bundan sonra o piyada yaşadığı evə gəlmiş, çörəyi kafelin üzərinə ataraq yataq otağına keçmişdir. Oğlu Röyal yanına gəlmiş, o Röyala baş vermiş hadisəni danışmışdır. Röyal arvadı Mahirəni və qardaşı Ramini köməyə çağırmış, bundan bir müddət sonra təcili tibbi yardım avtomobili gələrək onu xəstəxanaya aparmışdır. Sözügedən hadisə Elnurun yaşadığı evin qarşısında təxminən ümumilikdə 10- 15 dəqiqə müddətində baş vermiş, orada ondan və Elnurdan başqa tanımadığı iki nəfər şəxs də olmuş, lakin onu Elnur qəfildən təpik və yumruqla vuraraq onu ucadan qışqıraraq söyüb təhqir etmişdir. Hadisənin baş verməsinə səbəb Elnurun onu təkidlə gecə vaxtı evin pəncərəsini düzəltməsini tələb etməsi, o da həmin vaxt bunun mümkün olmamasını bildirməsi olmuşdur. Hadisə zamanı küçədən tanımadığı adamlar və avtomobillər keçmişdir. O, Elnuru ümumiyyətlə vurmamış və onu söyüb təhqir etməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində bildirdi ki, ünvan 3 mənzil 24 ünvanında ailəsi ilə birlikdə yaşayır. Gündəlik olaraq bərbərlik etməklə qazanc əldə edir. Uzun müddətdir ki, Təqsirləndirilən şəxs tanıyır, Elnurla əvvəllər aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. 20.09.2019-cu il tarixdə saat 23 radələrində yaşadığı evdə olarkən, atası Məhərrəm yaşadığı evə gəlmiş, aldığı çörəyi kafelin üzərinə ataraq öz otağına keçmişdir. O, atasının bu hərəkətindən təəccüblənmiş, bir-iki dəqiqə gözləmiş, ancaq atası otaqdan çölə çıxmamışdır. Bundan sonra atasına baxmaq üçün otağa keçmiş və atasının üz-başının qan içərisində olmasını, burnunun üzəri çapılmış və qulağından isə qan gəldiyini görmüşdür. Həmin vaxt atası ona Elnur tərəfindən döyüldüyünü demişdir. Atasına halı pis olduğundan o, kömək üçün anası Mahirəyə zəng edərək onu çağırmış, daha sonra Elnura zəng edərək atasını niyə döyməsini soruşduqda, Elnur ona yaxşı etdiyini, lazım olsa hətta onu da, atasından pis vəziyyətə salacağını deyərək onu söyüşlərlə təhqir etmiş və evlərinin qarşısına gəlməsini istəmiş, o isə Elnura yerin dibində də, olsa onu tapacağını demişdir. Bir qədər sonra qardaşı Ramin və anası Mahirə onun yaşadığı evə çatmış, onlar çatan kimi o heç bir söz demədən evdən çıxmış və Elnurun yaşadığı evə doğru getmişdir. Onun yaşlı atasının Elnur tərəfindən döyülməsini bir oğul kimi qəbul edə bilməmiş, məqsədi Elnuru tapıb atasını vurması üçün onu döyərək başa salmaq olmuşdur. Yolda olduğu zaman Elnur dəfələrlə ona zəng etsə də, o zənglərə cavab verməmiş, Elnurun yaşadığı evin qarşısına çatanda onun evdə olmadığını görmüşdür. Elnurun evinin yaxınlığında yerləşən Almarketin qarşısında dayanmış Elnurun qonşusu Kamaldan Elnuru görüb-görmədiyini soruşmuş, Kamal isə görmədiyini demiş və çıxıb getmişdir. Bundan sonra Elnura zəng edərək harada olmasını soruşmuş, Elnur isə telefonda ona qışqıraraq evinin qarşısına gəlməsini tələb etmişdir. O, Almarketin qarşısında Elnuru gözləmiş, təxminən saat 01 radələrində tanışı Firdovsi idarə etdiyi Lada Priora markalı avtomobil ilə sürətlə gələrək onun yanında saxlamışdır. Həmin ərəfədə qardaşı Ramin də, idarə etdiyi VAZ 21011 markalı avtomobillə onların yanına çatmışdır. Firdovsinin avtomobilində Elnur və Firdovsidən əlavə qonşusu Cavid və tanımadığı iki nəfər cavan oğlan da, olmuşdur. Firdovsinin avtomobli dayanan kimi Elnur avtomobildən düşərək dərhal yaşadığı evə doğru qaçmış və açarla darvazanı açmağa başlamışdır. O, Elnurun arxası ilə getmək istəyən zaman Cavid və digər 2 nəfər şəxs avtomobildən düşərək onun qarşısına keçmiş və ona dava-dalaşın lazım olmadığını məsləhət görmüş, o, isə həmin şəxslərə bu məsələyə qarışmamalarını bildirmişdir. O, geri çevrildikdə qardaşı Raminin Elnuru qolundan tutaraq atalarını niyə döyməsini soruşduğunu görmüş, Elnur isə dəmir borudan tutaraq evə daxil olmağa çalışmış və onu da, evə dəvət etmişdir. O, Elnurla birlikdə gəlmiş şəxslərin yanından aralanaraq qardaşı Raminin yanına getmiş, Elnur isə qardaşının əlindən çıxaraq darvazanı açmış və darvazanın qarşısında duraraq əli ilə onlara “bir-bir gəlin” deyərək ona “peysər” deyə müraciət edib nalayiq ifadələrlə təhqir etmişdir. Elnurun küçədə dayanmadan digər şəxslərin yanında onu təhqir etməsi özündən çıxarmış və bir dəfə təpiklə Elnurun budundan bir zərbə vurmuş, Elnur darvaza açıq olduğu üçün arxaya tərəf hərəkət edərək evin həyətinin içərisinə yıxılaraq divara söykənili vəziyyətdə yerdə oturmuş, o darvazadan içəri girərək Elnuru çənəsindən tutub divara sıxaraq atasını niyə döyməsini, həmçinin onu niyə təhqir etməsini soruşmuşdur. Bu vaxt Elnur qəfildən cibindən qırmızı dəstəyi olan nazik tiyəli bıçağı çıxarıb sağ əlindəki həmin bıçaqla onun qarnından vurmuş, o isə dərhal Elnurun əlindən tutub buraraq bıçağı ikinci dəfə ona soxmasına imkan verməməyə çalışmışdır. Elnurun qolunu burduqdan sonra Elnurun arxası nisbətən ona sarı və dizi çökülü vəziyyətdə olmasına baxmayaraq Elnur əli ilə bıçağı hərəkət etdirib yenidən onu vurmağa çalışmışdır. Elnur bıçağı bərk tutduğu üçün o Elnurun əlindən bıçağı ala bilməmişdir. Bu zaman qardaşı Ramin onların yanına gələrək aralamağa çalışmış, o isə Raminə vurulduğunu deyərək bıçağı Elnurun əlindən almasını istəmişdir. Ramin bıçağı görüb dizini Elnurun sağ qoluna qoyaraq bıçağı əlindən almaq istədikdə o, artıq taqəti qalmadığı üçün Elnurun bıçaq tutduğu əlini buraxmış və əlini öz yarasının üzərinə qoymuşdur. O, Elnurun əlini buraxan kimi Elnur yenidən əlini hərəkət etdirərək bu dəfə bıçağı qardaşı Raminin arxasına soxmuş, lakin Ramin cəld hərəkət edərək bıçağı Elnurun əlindən alıb kənara atmışdır. O, artıq anasının da həmin yerə gəldiyini görmüş, bundan sonra Ramin dərhal onu küçəyə çıxararaq öz avtomobilinə mindirmiş və anası ilə birlikdə Gəncə şəhər A.Səhhət adına xəstəxanaya aparmışdır. Hadisə Elnurun yaşadığı evin həyətində təxminən 3-4 dəqiqə müddətində baş vermiş, hadisə zamanı Elnurun evinin darvazası açıq olduğu üçün küçədən keçən hər kəs hadisəni müşahidə etmiş, orada adını qeyd etdiyi şəxslərdən əlavə onların səs-küyünə təxminən 20 nəfərdən çox adam toplaşmışdır. O, Elnura sadəcə bir dəfə təpiklə budundan vurmuş, nə onun, nədəki qardaşı Raminin əlində bıçaq olmamış, bıçaq Elnurun əlində olmuşdur. Elnuru ondan başqa heç kim vurmamış, onlar Elnuru təkləyib döyməmiş, dava nəticəsində Elnur huşunu itirməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirdi ki, Göygöl rayonu, Üçtəpə kəndində ailəsi ilə birlikdə yaşayır. Gündəlik olaraq taksilik etməklə qazanc əldə edir. Uzun müddətdir ki, Təqsirləndirilən şəxs tanıyır. Elnurla əvvəllər aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. Atası Zərərçəkmiş şəxs1 ustalıqla məşğul olur və aradabir qardaşı Röyalın DOS 84 qəsəbəsində yerləşən evində yaşayır. 20 sentyabr 2019-cu il tarixdə saat 23 radələrində anası Mahirə ona zəng edərək atası Məhərrəmin döyüldüyünü və vəziyyətinin pis olduğunu demiş, o isə dərhal anası ilə birlikdə qardaşı Zərərçəkmiş şəxs3 yaşadığı evə getmişdir. Qardaşı Zərərçəkmiş şəxs3 evində atasının qulağından qan gəldiyini və vəziyyətinin pis olduğunu görüb təcili tibbi yardıma zəng etmişdir. O, atasından onu kimin döyməsini soruşduqda, atası 2 il qabaq Elnurun evinin pəncərələrinin kənarını düzəltmiş, ancaq Elnur atasına bir neçə dəfə pəncərələrin kənarını yaxşı düzəltmədiyini bildirərək gəlib yenidən düzəltməsini demiş, 20 sentyabr 2019-cu il tarixdə saat 21 radələrində Elnurla küçədə qarşılaşmış, Elnurun yanında başqa iki nəfər şəxs olmuş, Elnur atasından yenə də, pəncərələrin kənarını düzəltməsini istəmiş, atası Elnura vaxtı olanda gəlib düzəldəcəyini deyən zaman, Elnur “nəyi düzəldəssən ə” deyərək yumruqla bir nəçə dəfə sifətindən və baş nahiyyəsindən vuraraq döymüşdür. Həmin vaxt qardaşı Röyal telefonla danışaraq “gözlə gəlirəm...” deyərək evdən çıxmışdır. O, Röyalın arxası ilə binanın qabağına düşərək Röyala hara getməsini soruşmuş, Röyal dükanın yanına gedərək bir nəfər şəxslə söhbət edib qayıdacağını demişdir. Bundan sonra o geri evə qayıtdıqda anası Mahirə ona Röyala bir nəfər şəxsin telefonda söyüş söyməsini, Röyalın həmin şəxslə görüşməyə getməsini demiş, o bu zaman anlamışdır ki, Röyal Elnurla görüşməyə gedir. O, Röyalın başına nəsə xoşagəlməz hadisənin gələcəyindən narahat olub yenidən tək həyətə düşmüş və öz idarə etdiyi VAZ 21011 markalı avtomobillə Röyalın arxası ilə onun getdiyi istiqamətə getmişdir. O, Elnurun evinin yaxınlığına çatdıqda Röyalın oradakı Almarketin qarşısında gözlədiyini görmüş, həmin vaxt saat artıq təxminən 01 radələri olmuşdur. Bu zaman Elnur tanışı Firdovsinin idarə etdiyi Lada Priora markalı avtomobillə ora gəlmiş, avtomobildə Elnur və Firdovsidən əlavə tanışı Cavid və digər iki nəfər adlarını bilmədiyi şəxs də, olmuşdur. Firdovsi avtomobili dayandıran kimi Elnur dərhal avtomobildən düşərək evə sarı qaçmış və darvazının kilidini aça-aça qardaşı Röyalı təhqir edib onu içəri dəvət etmişdir. O, Elnurun yanına gedərək onun qolundan tutub atasını niyə döydüyünü soruşaraq “atamın səhvi var idisə, məni çağırardın, gəlib üzr istəyərdim” deyə bildirmiş, ancaq Elnur ona cavab verməyərək darvazanı açmış və yenidən Röyala “peysər” deyərək içəri dəvət etmiş, gəlməyənə söyünc söymüşdür. Həmin vaxt Röyalı Elnurun yanında gələn şəxslər sakitləşdirməyə çalışmışdır. Elnur Röyala söydükdən sonra Röyal əsəbiləşərək Elnurun yanına gəlmiş və təpiklə onun budundan vurmuşdur. Zərbənin təsirindən Elnur darvaza açıq olduğu üçün arxaya tərəf hərəkət edərək evin həyətinin içərisinə yıxılaraq divara söykənili vəziyyətdə yerdə oturmuş, bu zaman o da onları aralamaq üçün həyətə daxil olmuşdur. Həyətdə Röyal Elnurun çənəsindən tutaraq divara sıxıb atasını niyə döyməsini, həmçinin onu nə üçün təhqir etməsini soruşmuşdur. Onların yanına çatan ərəfədə Röyal qışqıraraq “qoymayın vurdu” demişdir. Bu zaman Elnurun sağ əlində qırmızı dəstəyi olan nazik tiyəli bıçağı görmüş Röyal hər iki əli ilə Elnurun bıçaq olan sağ əlini tutub onun qolunu burmuş və Elnurun növbəti zərbə vurmasına mane olmağa çalışmış, Elnur isə Röyalı söyə-söyə bıçağı yenidən Röyala vurmağa çalışmışdır. Elnur qolu burulu vəziyyətdə arxası nisbətən Röyala sarı və dizi çökülü vəziyyətdə olmuş, o onların arasına girərək sağ dizini Elnurun sağ qoluna qoyaraq bıçağı əlindən almağa çalışmışdır. Bu zaman Röyalın taqəti qalmadığı üçün Elnurun əlini buraxmış, Elnur bundan istifadə edərək əlini yenidən hərəkət etdirərək bıçağı onun sol sarğı nahiyəsindən bir dəfə vurmuşdur. Zərbə ona elə də təsir etmədiyi üçün özünü itirməmiş və bıçağı Elnurun əlindən alaraq kənara tullamışdır. Bundan sonra Röyalın qarın nahiyəsindən qan axdığı üçün yarasının ciddi olduğunu görmüş və həmin ərəfədə onlar olduğu yerə gələn anası Mahirə ilə birlikdə köməkləşib Röyalı öz avtomobilinə mindirib Abbas Səhhət adına xəstəxanaya getmişlər. Hadisə Elnurun yaşadığı evin həyətində təxminən 3-4 dəqiqə müddətində baş vermiş, hadisə zamanı Elnurun evinin darvazası açıq olduğu üçün küçədən keçən hər kəs hadisəni müşahidə etmiş, orada adını qeyd etdiyi şəxslərdən əlavə onların səs-küyünə təxminən 20 nəfərdən çox adam toplaşmışdır. Röyal Elnura sadəcə bir dəfə təpiklə budundan vurmuş, nə onun, nədəki qardaşı Röyalın əlində bıçaq olmamış, bıçaq Elnurun əlində olmuşdur. Onlar Elnuru təkləyib döyməmiş, dava nəticəsində Elnur huşunu itirməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, Göygöl rayonu, Üçtəpə kəndində ailəsi ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs ümumiyyətlə tanımır. 20 sentyabr 2019-cu il tarixdə saat 23 radələrində yaşadığı evdə olan zaman oğlu Röyal ona zəng edərək əri Məhərrəmin döyüldüyü üçün üz-başının pis vəziyyətdə olduğunu və ondan kömək etməyə gəlməyini istəmişdir. O, da öz növbəsində böyük oğlu Raminə zəng edərək bu barədə demiş və Ramindən onu gəlib aparmasını istəmişdir. Təxminən 10 dəqiqə sonra Ramin gəlmiş, onlar birlikdə Raminin idarə etdiyi avtomobillə Röyalın yaşadığı evə getmişlər. O, Raminlə evin içərisinə girmiş, evdə əri Məhərrəmin çarpayıda uzanmış, başında şişliklər, burnunun üzəri çapılmış və qanamış vəziyyətdə olduğunu görmüşdür. Həmin ərəfədə oğlu Röyala dalbadal bir neçə dəfə zəng gəlmiş, Röyal kimləsə telefonla danışmış, o telefondakı səsdən Röyala kiminsə söyünc söydüyünü eşitmiş, Röyal isə gözlə gəlirəm deyib evdən çıxmışdır. Röyalın arxası ilə Ramin də, evdən çıxmış, ancaq bir qədər sonra Ramin geri qayıtmışdır. O, Raminə Röyalın kimləsə telefonla danışıb görüşə getdiyini deyərək nəsə xoşagəlməz hadisə baş verəcəyindən narahat olaraq Ramindən Röyalı tək qoymamasını istəmişdir. Bundan sonra Ramin yenidən evdən çıxaraq Röyalın arxası ilə çıxıb getmişdir. O, ilk öncə Röyalın saç kəsməyə gedib-getməməsini yoxlamaq üçün onun bərbərlik etdiyi dükana baxsa da, işığının yanmadığını görəndə şübhələnmiş və ətrafa baxmaq üçün Röyalın işlətdiyi dükanın yanına getmişdir. Dükanın yanına çatdıqda aşağıda-Almarketin yanından səs-küy gəlməsini eşitmiş və övladlarının başına nəsə xoşagəlməz hadisə gəlməsindən qorxub dərhal ora getmişdir. Həmin yerə çatdıqda küçədə təxminən 20-30 nəfər adam toplaşdığını görmüşdür. Həmin yerdə olan tanımadığı şəxslərdən birindən nə baş verməsini soruşduqda, həmin şəxs ona Röyal və Raminin evin həyətində Elnur adlı şəxslə dalaşmasını bildirmişdir. O, bundan sonra həyəcanlı şəkildə dərhal səs-küy gələn evin həyətinə baxmağa getmişdir. Evin həyətinə baxanda Röyalın qarın nahiyəsini tutaraq yerə uzandığını, biraz aralıda isə Raminin Elnurun əlindən tutub saxladığını, Elnurun əlində isə bıçaq olduğunu görmüşdür. Ramin Elnurun əlindən bıçağı almaq istəmiş, ancaq Elnur bıçağı buraxmayaraq əlini hərəkət etdirirmiş. Ramin dizini Elnurun əlinin üzərinə qoyaraq bıçağı Elnurun əlindən alaraq kənara atmışdır. Bundan sonra orada olan şəxslər Elnuru tutub saxlamışlar. Röyal yaralı olduğu üçün oğlu Raminlə birlikdə köməkləşərək onu ayağı qaldırmış və küçəyə çıxararaq Raminin Almarketin yanında olan avtomobilinə aparıb mindirmiş, oradan da Gəncə şəhər Abbas Səhhət adına xəstəxanaya getmişlər. Xəstəxanada tibb bacısı ona məlumat verərək Raminin də, sol yanından bıçaqla vurulmasını bildirmişdir. Bundan sonra həkimlər onlara tibbi yardım göstərmişlər. O, Ramindən necə yaralanmasını soruşduqda, Ramin ona Elnurun əlindən bıçağı alan zaman Elnur onun yanından bıçaqla vurduğunu bildirmişdir. Övladları Ramin və Röyal üzərlərində heç vaxt bıçaq gəzdirməmişlər. O, Elnurun evinin həyətinə çatdıqda artıq Röyal yaralanmış vəziyyətdə olmuş, Ramin isə Elnurun əlindən bıçağı alıb kənara atmışdır. O, ümumiyyətlə həmin vaxt şokda olduğundan və qorxduğundan Elnura yaxın belə getməmiş, diqqəti Röyal yaralı olduğu üçün ona yönəlmiş, Elnuru vurmamışdır. Bundan əlavə Elnurun qeyd etdiyi kimi onların yanında əlavə bir şəxs olmamışdır. Həmin vaxt qaranlıq olduğundan həmçinin, həyəcanlı olduğundan bıçağı dəqiq formasını xatırlamır. Hadisə zamanı heç bir xəsarət almamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, ünvan 4 ünvanında ailəsi ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs təxminən 3-4 ildir ki, tanıyır. Elnurla yaxşı münasibəti olmuşdur. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 da tanıyır. Onlarla da normal münasibəti olmuşdur. 21 sentyabr 2019-cu il tarixdə saat 01 radələrində o qonşusu Məhərrəm ilə yaşadığı Səməd Vurğun küçəsində dayanıb söhbət edən zaman, Elnur Firdovsinin idarə etdiyi Lada Priora markalı avtomobillə onların yanına gəlmişdir. Elnur əlində pivə avtomobildən düşərək onları gördüyü üçün avtomobili dayandırdığını dedi. Onlar həmin vaxt Elnurun sərxoş olduğunu görmüşlər. Bundan sonra Elnurla ümumi söhbət etmiş, həmin vaxt Elnura zəng gəlmişdir. Elnur mobil telefonda kiminləsə mübahisə etmiş və bir neçə dəfə gəlirəm deyə-deyə mobil telefonda danışdığı şəxsə söyüş söymüşdür. Elnur mobil telefonla danışığını bitirdikdən sonra o, Elnurdan kiminlə danışdığını soruşmuş, Elnur bərbər Röyalla danışdığını demişdir. Elnur ona Röyalın atası Məhərrəmi döyməsini demiş və səbəbini onunla izah etmişdir ki, Məhərrəmə pəncərənin qarşısını yaxşı düzəltmədiyi üçün irad bildirmiş, Məhərrəm onun varyoxuna söydüyü üçün Məhərrəmi döymüşdür. O, Elnura yaşlı kişini döydüyü üçün səhv etdiyini deyərək evinə getməsini, Röyalla sərxoş vəziyyətdə görüşməməsini məsləhət görmüşdür. Həmin vaxt tanışı Cavid də oradan keçmiş, Elnur Caviddən hara getməsini soruşduqda, Cavid evlərinə getməsini demişdir. Elnur Cavidlə qonşuluqda yaşadığı üçün birlikdə getməyi təklif etmiş, o isə eyni zamanda Elnurun sərxoş vəziyyətdə Röyalla görüşməməsi üçün aparıb evlərinə düşürmək qərarına gəlmişdir. Bu məqsədlə onlar Firdovsinin avtomobilinə minmişlər, qonşusu Məhərrəm də, o tək qalmaması üçün onlarla birlikdə avtomobilə minmiş, avtomobildə Elnur qabaqda, o, Məhərrəm və Cavid isə arxada oturmuşlar. Yolda Elnura zəng gəlmiş, Elnur yenə də, mobil telefonda Röyalla mübahisə etmiş, danışıq zamanı Elnur Röyala evlərinin yanında onu gözləməsini demişdir. Elnur danışıb qurtardıqdan sonra o Elnura söhbətdə səhv olmasını, ora getməklərinin düzgün olmamasını bir daha izah etmiş, ancaq Elnur sərxoş olduğu üçün deyilənləri vecinə almamışdır. O, xoşagəlməz hadisənin baş verməməsi üçün Firdovsiyə avtomobili birbaşa Elnurun yaşadığı evin qarşısına sürməsini demişdir ki, Elnur avtomobildən düşən kimi evə girsin və dava-dalaş düşməsin. Onlar Elnurun yaşadığı küçəyə çatanda Röyalın, Raminin, analarının və 2 nəfər tanımadığım şəxsin Almarketin qarşısında gözləmələrini görmüş, o Elnura avtomobildən düşməməsini demişdir. O, ilkin olaraq avtomobildən düşmüş və Röyalın yanına gedərək Elnurun sərxoş olduğunu, böyük səhv etdiyini, onunla bu vəziyyətdə söhbət etməyin mənasız olduğunu, ayıq başa söhbət etmək lazım olduğunu bildirərək Elnura avtomobildən düşüb evlərinə getməsini demişdir. Elnur avtomobildən düşərək evlərinə tərəf getmiş, həmin vaxt “Ramin atamızı döyüb, heç olmasa bir söz deyim...” deyərək Elnuru yanına çağırmış, Elnur isə öz növbəsində Ramini yaşadığı evin qarşısına dəvət etmişdir. Elnur darvazanın qapısını açmış, Ramin və Elnur ilkin olaraq küçədə, darvazanın qarşısında bir-biri ilə sözlə mübahisə etmiş və mübahisə edə-edə darvazadan içəri girmişlər. Həmin vaxt Röyal onların yanından ayrılaraq evin həyətinə qaçıb girmişdir. Bundan sonra o və oradakı digər şəxslər də, evin həyətinə getmişlər. O, evin həyətində Elnurun yerə yıxıldığını, Röyalın Elnurun üzərində dayanaraq onun əlindən tutub burduğunu, Elnurun əlində həmin vaxt balaca bıçaq olduğunu görmüşdür. Bundan sonra Ramin Elnurun əlini buraraq bıçağı almağa çalışmış, o və orada olan digər şəxslər onları aralamağa başlamışlar. O, Elnurun bıçağı buraxması üçün Raminlə köməkləşmiş və bıçağı Elnurun əlindən alıb yerə tullamışlar. Daha sonra Ramin və Röyalı Elnurdan aralaşmış, Röyal isə qarnını tutaraq “məni bıçaqla vurdu...” deyə bildirmişdir. Həmin vaxt Ramin Röyalı tutmuş və anası ilə birlikdə həyətdən çıxararaq Almarketin yanında saxladığı avtomobilinə mindirib oradan çıxıb getmişlər. Bundan sonra Elnur da, heç nə demədən öz yaşadığı evə getmiş, o da Məhərrəm ilə birlikdə öz yaşadığı evə qayıtmışdır. O hadisə zamanı nə Raminin, nə də ki Röyalın əlində bıçaq görməmişdir. O, hadisədən əvvəl Təqsirləndirilən şəxs bıçaq olmasını bilməmiş, hadisə zamanı hava qaranlıq olduğu üçün Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 vurmasını görə bilməmişdir. Hadisə təxminən 5-6 dəqiqə müddətində davam etmişdir. Hadisə axşam vaxtı olduğundan ətrafa heç kim toplaşmamış, Elnur ucadan nalayid ifadələr işlətməsini eşitməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirdi ki, ünvan 5 ünvanında ailəsi ilə birlikdə yaşayır. Gündəlik olaraq taksi sürücüsü kimi işləyərək qazanc əldə edir. Təqsirləndirilən şəxs da, müştəri kimi tanımışdır. Elnur taksi lazım olanda ona zəng vurmuşdur. Onun Röyal və Raminlə də, əvvəlcədən münasibəti olmuşdur. 20.09.2019-cu il tarixdə saat 23 radələrində Elnur ona zəng edərək təcili evinin qabağına gəlməsini istəmiş, o da özünə məxsus Lada Priora markalı **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Elnurun yaşadığı evin qabağına getmişdir. Elnurun yaşadığı evin qarşısına çatdıqda oradakı kolluqda bir nəfər yaşlı kişinin oturub ağladığını, həmin kişinin üz-başının qan içərisində olduğunu görmüşdür. Elnur həmin kişini ona “Makar” kimi təqdim etmiş, o isə Elnura “Makarın” kim olmasını soruşduqda Elnur ona Röyal və Raminin atası olduğunu demişdir. O, Elnurun sərxoş olduğunu görmüş və Elnurdan həmin yaşlı kişiyə nə olduğunu soruşmuşdur. Elnur isə ona “sənin varyoxuna söysələr nə edərsən...” deyə cavab verərək onun var-yoxuna söydüyü üçün döydüyünü bildirmişdir. O, Elnura şərəfsiz olmadığını, əgər həmin yaşlı kişi ona söysə birinci onun yaşına, sonra sərxoşluğuna keçəcəyini demişdir. O, Elnura səhv etdiyini, kişini döymək əvəzinə bu barədə oğlanlarına məlumat verməli olduğunu demiş və yaşlı kişini yerdən qaldırıb evlərinə aparmaq istəmişdir. Bu zaman həmin yaşlı kişi yerdən qalxmış və Elnurun üzərinə gedərək qucaqlamış və səhv etdiyini deyərək üzündən öpmüşdür. O, həmin yaşlı kişiyə kömək edib aparmaq istəsə də, yaşlı kişi özü piyada getmək istəmiş və çörəyini yerdən götürüb çıxıb getmişdir. Bundan sonra Elnur onu evinin həyətinə apararaq pəncərənin qarşısını göstərmiş, həmin kişinin pəncərənin qarşısını yaxşı düzəltmədiyini, kişiyə pəncərənin qarşısını düzəltməsini deyən zaman, kişinin onun varyoxuna söydüyünü və buna görə kişini döydüyünü demişdir. O, Elnura böyük səhv etdiyi, yaşlı kişini döyməyin düzgün olmamasını bir daha izah etmişdir. O, çıxıb getmək istəyən zaman Elnur da, avtomobilə əyləşmiş və mağazaya getmək istədiyini demişdir. Elnurun ondan əl çəkmədiyi üçün onu mağazaya aparmış, Elnur mağazanın qarşısında düşərək oradan pivə və siqaret almışdır. Elnur mağazadan çıxanda mobil telefonla danışaraq yüksək səslə söyüş söymüş, o isə avtomobildən düşərək Elnura söyüş söyməməsini demişdir. Bundan sonra Elnur avtomobilə minmişdir. Avtomobildə Elnur ona mobil telefonla danışdığı şəxsin Röyal olmasını, Röyala gəlib onunla evinin qabağında söhbət etməsi üçün arvad söyüncü söydüyünü demiş, o isə Elnura “atasını döydüyün bəs deyil, hələ bir söyüşdə söyürsən” deyə bildirmişdir. Elnur yaxşı etdiyini, ona evinin qabağına sürməsini istəmişdir. O, Elnurun yaşadığı küçə istiqamətində gedən zaman x17 ərazisinə getməyi istəmiş, o da, Elnurun dediyi istiqamətdə getmişdir. Həmin yerə çatdıqda Elnur yolun kənarında duran iki nəfər şəxsin yanında dayanmağını istəmiş, o avtomobili saxladıqda Elnur bir ədəd pivəsini də götürüb avtomobildən düşmüş və avtomobilin arxasında həmin şəxslərlə söhbət etmişdir. Bu zaman o Elnurun qonşusu Cavidə zəng edərək, x9 döyməsini və Röyala söyüş söyərək yaşadığı evin qarşısına çağırması barədə məlumat verərək Cavidə Elnurla münasibətinin yaxşı olduğunu, əlavə dava-dalaşın olmaması üçün Elnuru başa salmaq lazım olduğunu bildirərək Cavidə olduqları yeri demişdir. Cavid təxminən 20 dəqiqə sonra onların yanına gəlmişdir. Cavid onun yanına çatdıqda Elnurun digər şəxslərlə söhbətə başının qarışdığı üçün o Cavidə Elnura onun zəng vurub çağırmasını bildirməmisini demişdir. Bundan sonra Elnur Caviddən orada nə işi olduğunu soruşmuş, Cavid isə yas yerindən gəlməsini demişdir. Elnur Caviddən hara getməsini soruşmuş, Cavid isə evə getdiyini dedikdə Elnur “gəl otur səni də düşürək...” deyə cavab vermişdir. Cavid razılaşdıqdan sonra Elnur avtomobilin qabaq oturacağında, Cavid isə Elnurun söhbət etdiyi həmin iki nəfər şəxslərlə birlikdə avtomobilin arxasında əyləşmişdir. Onlar yolda olan zaman həmin şəxslərdən biri Elnura böyük səhv etdiyini, problem yaşamaq istəmədiklərini, onları nə səbəbə oraya aparmaq istədiyini demiş, Elnur həmin şəxsə onları dava-dalaşa aparmadığını, Röyal yanında adamla gələcəyi üçün sadəcə yanında olmalarını istəməsini demişdir. Yolda olan zaman Röyal Elnura zəng etmiş və ondan harada olmasını soruşmuş, Elnur isə gəldiyini demiş, Röyal isə cavabında Elnura “harada olsan səni də, dədəni də yerin ortasından tapıb çıxardacağını...” deyə bildirmişdir. Röyalın belə deməsindən sonra Elnur əsəbiləşərək mobil telefonu avtomobilə çırpmış və avtomobilin önünə yumruqla vuraraq ondan tez sürməsini istəmiş, o isə Elnurun onun avtomobilinə yumruqla bərk vurmasından əsəbləşdiyi üçün ona irad bildirmişdir. Onlar Elnurun yaşadığı evin qarşısına çatdıqda Elnur, Cavid və digər iki nəfər şəxs avtomobildən düşmüş, ancaq Elnurun pivələri avtomobildə qalmışdır. O, Cavidi geri çağırıb pivələri ona vermiş, həmin ərəfədə artıq Röyal və Elnur biri ilə sözlə mübahisə etməyə başlamışlar. Elnur Röyal və Ramini yaşadığı evin qarşısına dəvət etmiş, Röyal isə gəl otur maşına gedək başqa yerdə söhbət edək deyə bildirmişdir. Bundan sonra o özünə problem yaratmamaq üçün avtomobili sürüb həmin yerdən uzaqlaşmış və daha sonra nə baş verməsini bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, o, gündəlik olaraq avtomobil ustası kimi işləyir. Təqsirləndirilən şəxs da qonşu kimi tanımışdır. Elnurla normal münasibəti vardır. Röyal və Zərərçəkmiş şəxs2 qardaşlarını da tanıyır. O, Röyal bərbər olduğu üçün həmişə saçını ona düzəltdirir. 20.09.2019-cu il tarixdə saat 23 radələrində o, yaşadığı evdə olan zaman taksi sürücüsü Firdovsi ona zəng etmiş və ona Elnurun Röyalın atası Məhərrəmi döydüyünü, üstəlikdə Royala söyüş söydüyünü və Elnur sərxoş olduğu üçün onu sakitləşdirə bilmədiyini demişdir. Firdovsi ona bildirmişdir ki, Elnur Röyalı yaşadığı evin qarşısına çağırmışdır, müdaxilə olunmasa onlar dalaşacaqlar. Firdovsi ona Elnurla daha yaxın olduğunu, Elnuru gəlib başa salmağa kömək etməsini istəmişdir. O, Firdovsidən harada olmalarını soruşmuşdur. x13 ərazisində olmalarını demişdir. O, yaşadığı küçəyə çıxmış, Elnurun yaşadığı evin qarşısında heç kəs olmamışdır. O, Firdovsinin dediyi istiqamət üzrə getmiş və onların olduğu yerə çatmışdır. Elnurun onun gəlməsindən xəbəri olmamış, həmin vaxt Elnur yanında olan iki nəfər tanımadığı şəxslə söhbət edirmiş, Firdovsi özünə məxsus Lada Priora markalı avtomobildə əyləşmişdir. Elnur onu görən kimi orada neylədiyini soruşmuş, o, yas yerindən gəldiyini demişdir. Elnur hara getməsini soruşmuş, o da evə getdiyini demişdir. Elnur ona onların da evə getdiyini demiş və avtomobilə dəvət etmişdir. O etiraz etməmişdir. Elnur qabaqda, o və iki nəfər şəxs arxada oturmuşlar. Yolda olan zaman həmin şəxslərdən biri Elnura yaşlı kişini vurmaqda səhv etdiyini, əlavə söz-söhbətin lazım olmadığını demişdir. O, Elnura yaşlı kişini vurmaqda səhv etməsini demişdir. Yolda olan zaman Röyal Elnura zəng edərək harada olmasını soruşmuşdur. Röyal Elnura yaşadığı evin qabağında olmasını demişdir. Elnur gəldiyini Röyala demişdir. Röyal Elnura harada olsan “səni də, dədəni də yerin ortasından tapıb çıxardacağam” demişdir. Həmin vaxt Elnur əsəbləşərək mobil telefonunu avtomobilə çırpmış, avtomobilin önünə yumruqla vuraraq Firdovsidən tez sürməsini istəmişdir. Onlar Elnurun yaşadığı evin qarşısına çatdıqda, “Almarketin” qarşısında Röyal, Ramin və yanlarında tanımadığı iki nəfər şəxs gözləmişdir. Elnur, O və digər iki nəfər şəxs avtomobildən düşmüşlər. Elnurun pivələri avtomobildə qaldığından Firdovsi onu çağırıb pivələri ona verib getmişdir. Artıq Röyal və Elnur sözlə mübahisə edirmiş. Elnur onları yaşadığı evin qarşısına çağırmışdır. Röyal gəl otur maşına gedək başqa yerdə söhbət edək demişdir. Ancaq Elnur getməmiş və evlərinə tərəf gedərək orada söhbət etməyə çağırmışdır. Röyal, Ramin və yanlarındakı şəxslər Elnurun yaşadığı evə tərəf getmişlər. Elnur, yanındakı iki nəfər şəxs, Röyal, Ramin və yanındakı iki nəfər şəxs Elnurun yaşadığı evin içərisinə girmişlər. O, Röyalın anası Mahirənin ağlayaraq gəlməsini görmuşdür. O qapının yanında duraraq Mahirə ilə bir müddət söhbət etmiş və onu sakitləşdirmə çalışmışdır. Artıq evin həyətində dava düşmüş, Elnur Röyal və Raminlə dalaşmış, yanlarındakı şəxslər onları aralamağa çalışmışlar. Mahirə içəri girən zaman o da onun arxası ilə evin həyətinə girmiş, həmin zaman Röyal qışqıraraq “nəsə qarnıma istilik” gəldi” demişdir. Həmin vaxt Ramin qardaşı Röyalı evin həyətindən çıxarmış, anaları da onların arxası ilə çıxmışdır. x4rşısında saxladığı maşınına minib getmişlər. Röyalın yanına gəlmiş digər iki nəfər şəxs də çıxıb getmişdir. Elnurun yanında gəlmiş şəxslər də çıxıb getmişdir. O, öz yaşadığı evə gəlmişdir. Hadisə 5-6 dəqiqə müddətində baş vermişdir. Hadisə zamanı orada o, Elnur, Elnurla birlikdə gəlmiş iki nəfər şəxs, Röyal, Ramin, onların yanında olan iki nəfər şəxs və anaları Mahirə olmuşdur. O qaranlıq olduğu üçün hadisə zamanı səs-küyə ətrafa insanların toplaşmasını görməmişdir, həmçinin evin həyətinə girmədiyi üçün kimin ilk öncə bıçaq çıxartmasını görməmişdir. İş materiallarına əlavə edilmiş: Məhkəmə-tibb ekspertinin 23 sentyabr 2019-cu il tarixli 1498 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs bədənində müəyyən edilmiş xəsarətlər qarın, sağ dirsək, sağ diz oynağı nahiyələrinin sıyrıqları, sağ üst göz qapağının qançırı bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmiş, əmələ gəlmə müddətləri qərarın təsvir hissəsində göstərilən tarixə, yəni 21.09.2019-cu il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Gəncə şəhər Rayonlararası Narkoloji Dispanserdən alınmış 21 sentyabr 2019-cu il tarixli 8986/2019 №-li “Sərxoşluq vəziyyətinin tibbi müayinə aktı”nda görünür ki, hadisə baş verən zaman Təqsirləndirilən şəxs orta dərəcəli alkoqol sərxoş olmuşdur. Məhkəmə-tibb ekspertinin 23 sentyabr 2019-cu il tarixli 1492 nömrəli rəyinə əsasən Zərərçəkmiş şəxs1 bədənində müəyyən edilmiş xəsarətlər-burun nahiyəsinin sıyrığı, sağ qulaq seyvanının səthi yarası bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmiş, əmələ gəlmə müddətləri qərarın təsvir hissəsində göstərilən tarixə, yəni 20.09.2019-cu il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmə-tibb ekspertinin 23 sentyabr 2019-cu il tarixli 1494 nömrəli rəyinə əsasən Zərərçəkmiş şəxs3 bədənində müəyyən edilmiş xəsarət-qarın nahiyəsinin kəsilmişdeşilmiş yarası deşici-kəsici alətin təsiri təsiri nəticəsində əmələ gəlmiş, əmələ gəlmə müddəti qərarın təsvir hissəsində göstərilən tarixə, yəni 21.09.2019-cu il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Məhkəmə-tibb ekspertinin 23 sentyabr 2019-cu il tarixli 1490 nömrəli rəyinə əsasən Zərərçəkmiş şəxs2 bədənində müəyyən edilmiş xəsarət-sol sarğı nahiyəsinin kəsilmişdeşilmiş yarası deşici-kəsici alətin təsiri təsiri nəticəsində əmələ gəlmiş, əmələ gəlmə müddəti qərarın təsvir hissəsində gösətirlən tarixə, yəni 21.09.2019-cu il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Cinayət işinin istintaqı zamanı Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş 1 ədəd zolaqlı qısqol koftanın, 1 ədəd tünd göy rəngli idman şalvarının və 1 ədəd boz rəngli tursikin üzərində qanabənzər ləkələrin olub-olmaması, əgər qanabənzər ləkələr varsa həmin qanabənzər ləkələrin Təqsirləndirilən şəxs qanı ilə eyniliyinin müəyyən edilməsi, Zərərçəkmiş şəxs3 hadisə zamanı əynində olmuş 1 ədəd qara rəngli qısaqol koftanın üzərində qanabənzər ləkələrin olub-olmaması, əgər qanabənzər ləkələr varsa həmin qana bənzər ləkələrin Zərərçəkmiş şəxs3 qanı ilə eyniliyinin müəyyən edilməsi, Zərərçəkmiş şəxs2 hadisə zamanı əynində olmuş 1 ədəd qara rəngli idman şalvarının üzərində qanabənzər ləkələrin olub-olmaması, əgər qanabənzər ləkələr varsa həmin qanabənzər ləkələrin Zərərçəkmiş şəxs2 qanı ilə eyniliyinin müəyyən edilməsi məqsədi ilə cinayət işi üzrə məhkəmə-bioloji ekspertizası təyin edilmiş, məhkəmə-bioloji ekspertinin 18 oktyabr 2019-cu il tarixli 37 nömrəli rəyi ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə A (İİ) betadır. Zərərçəkmiş şəxs3 maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə A (İİ) betadır. Zərərçəkmiş şəxs2 maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə A (İİ) betadır. Təqdim olunmuş Təqsirləndirilən şəxs məxsus bir ədəd boz rəngli tursik üzərində insana məxsus qan ləkələri aşkar olundu. Həmin qanın ABO sistemi üzrə qrup göstəricisi A (İİ) beta olduğundan onun özünə məxsus ola bilər. Təqdim olunmuş Zərərçəkmiş şəxs3 məxsus bir ədəd qara rəngli kofta üzərində insana məxsus qan ləkələri aşkar olundu. Həmin qanın ABO sistemi üzrə qrup göstəricisi A (İİ) beta olduğundan onun özünə, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs2 məxsus ola bilər. Təqdim olunmuş Zərərçəkmiş şəxs2 məxsus bir ədəd idman şalvarı üzərində insana məxsus qan ləkələri aşkar olundu. Həmin qanın ABO sistemi üzrə qrup göstəricisi A (İİ) beta olduğundan onun özünə, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs3 məxsus ola bilər. Təqsirləndirilən şəxs məxsus bir ədəd köunək, bir ədəd idman şalvarı üzərində qanabənzər ləkə aşkar olunmadığından müayinə edilmədi. Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş 1 ədəd zolaqlı qısaqol koftada, 1 ədəd tünd göy rəngli rəngli idman şalvarında və 1 ədəd boz rəngli tursikdə, Zərərçəkmiş şəxs3 hadisə zamanı əynində olmuş 1 ədəd qara rəngli qısaqol koftada, Zərərçəkmiş şəxs2 hadisə zamanı əynində olmuş 1 ədəd qara rəngli idman şalvarındakəsik və zədələrin olub-olmamasının, əgər varsa həmin kəsik və zədələrin məhkəmə-tibb ekspertinin rəyindəki xəsarətlərin yerləşmə yerinə uyğun olub-olmamasının, həmin zədələrin eyni alətlə yetiriməyə xarakteriliyinin müəyyən edilməsi məqsədilə cinayət işi üzrə məhkəmə-trasoloji ekspertizası təyin edilmiş, məhkəmə-trasoloji ekspertinin 18 noyabr 2019-cu il tarixli 612 nömrəli rəyi ilə müəyyən olunmuşdur ki, tədqiqata təqdim olunan Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş kişi alt tumanının, Zərərçəkmiş şəxs3 hadisə vaxtı əynində olmuş qısaqol köynəyin və Zərərçəkmiş şəxs2 hadisə vaxtı əynində olmuş idman şalvarının səthində olan zədənin üzərində olan hərəsində bir ədəd olmaqla üç ədəd zədə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (o cümlədən, bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində (köynəkdə yuxarıdan aşağıya, kişi alt tumanında soldan sağa, idman şalvarında aşağıdan yuxarıya doğru) istiqamətlənərək yaranmağa xarakterik deşilmə-kəsilmə zədəsidir. Lakin təqdim edilmiş yuxarıda qeyd olunan paltarların səthində olan zədələrdə xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq eyni predmetin təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Zədələrin xarakterini nəzərə almaqla paltarlar üzərində olan zədələr konkret şəraitdə yarana bilərdimi, paltarlar üzərindəki zədələr əsasən zədənin yetirildiyi anda soyuq silahla (alətlə və ya digər predmetlə) zərərçəkmişin qarşılıqlı yerləşmə vəziyyəti müəyyən edilməsi ilə bağlı sualın həllini xüsusi ədəbiyyatlarda müvafiq metodu olmadığından kriminalistik tədqiqat aparılması yolu ilə cavab verilməsi mümkün deyil. Tədqiqata təqdim edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibb Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin 23.09.2019-cu il tarixli 1498 saylı, 23.09.2019-cu il tarixli 1490 saylı, 23.09.2019-cu il tarixli 1494 saylı ekspert rəyində göstərilmiş bədəndə yerləşən xəsarət ilə təqdim edilmiş Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş kişi alt tumanının, Zərərçəkmiş şəxs3 hadisə vaxtı əynində olmuş qısaqol köynəyin və Zərərçəkmiş şəxs2 hadisə vaxtı əynində olmuş idman şalvarının səthində olan zədə müqayisə edildi və müəyyən olundu ki, Zərərçəkmiş şəxs3 bədəni üzərində yerləşən “qarın nahiyəsinin əzilmiş yarası”, Zərərçəkmiş şəxs2 bədəni üzərində yerləşən “sol sarğı nahiyəsinin kəsilmiş-deşilmiş yarası” xəsarəti ilə köynəyin və maykanın səthində olan zədə yerləşmə sahəsinə və sayına görə uyğunluq təşkil edir, yəni zədə və xəsarət üst-üstə düşür. İş materiallarına əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən məlum olur ki, 18 noyabr 2019-cu il tarixli 612 saylı ekspert tədqiqatının dəyəri 63 (altmış üç) manat təşkil edir. Təqsirləndirilən şəxs ifadəsinin düzgünlüyünü müəyyən etmək və dəqiqləşdirmək məqsədi ilə onun ifadəsinin yerində yoxlanılması aparılmış və Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi xüsusatları hadisə yerində göstərərək ifadəsini bir daha təsdiq etmişdir. İfadələrində əhəmiyyətli ziddiyyət olduğunu görə Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 arasında üzləşdirmə istintaq hərəkəti aparılmışdır. Üzləşdirmə zamanı Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ifadələrində göstərdiklərini təsdiq edərək həmin xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş 1 ədəd zolaqlı qısaqol kofta, 1 ədəd tünd göy rəngli idman şalvarı və 1 ədəd boz rəngli tursik, Zərərçəkmiş şəxs3 hadisə zamanı əynində olmuş 1 ədəd qara rəngli qısaqol kofta, Zərərçəkmiş şəxs2 hadisə zamanı əynində olmuş 1 ədəd qara rəngli idman şalvarı iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və cinayət təqibi üzrə icraat başa çatanadək saxlanılması üçün Gəncə şəhər BPİ-yə məsul saxlanca verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər rayonlararası ruhi-əsəb dispanserindən və Gəncə şəhər rayonlararası narkoloji dispanserindən alınmış arayışlardan məlum olur ki, Təqsirləndirilən şəxs həmin dispanserlərdə qeydiyyatda yoxdur. DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Mamedov x6 Hərbi Məhkəməsinin 22.07.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 330.1 və 228.4-cü maddələri ilə təqsirli bilinərək 500 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, 05.08.2013-cü il tarixdə həmin cərimə tam şəkildə ödənilmişdir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə çıxışları zamanı dövlət ittihamçısı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxsə irəli sürülən ittihamın həmin məcəllənin 221.3-cü maddəsi ilə əhatə edildiyini bildirərək, Cinayət Məcəlləsinin 221.2.1ci maddəsinin ittihamdan xaric edilməsini xahiş etsə də, məhkəmə bu mövqe ilə razılaşmır. Belə ki, baxılan işin halları təqsirləndirilən şəxsə müxtəlif vaxtlarda törədilmiş iki ayrı xuliqanlıq hərəkətinə görə ittihamın irəli sürüldüyünü göstərir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə Cinayət Məcəlləsinin 128-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Lakin bununla yanaşı, məhkəmə onu da qeyd edir ki, təqsirləndirilən şəxsin əməli ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci və 221.3-cü maddələri ilə, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən ictimai qaydanın pozulmasının qarşısını almaq istəyən şəxsə qarşı silah qismində istifadə edilən əşyadan istifadə etməklə təkrar qərəzli xuliqanlıq əməli kimi tövsif olunmuşdur. Məhkəmə, yuxarıda sadalan sübutlara istinad edərək ibtidai araşdırma orqanının bu mövqeyi ilə razılaşmır. Çünki, xuliqanlıq əməli onu nəzərdə tutur ki, bu niyyətlə hərəkət edən şəxsin davranışı konkret səbəblə bağlı olmamalı, həmin şəxsin özü haqqında, şəxsiyyətinin və şəxsi keyfiyyətlərinin müstəsnalığı barədə həddən artıq şişirdilmiş yanaşmalarından, düşüncələrindən qaynaqlanmalıdır. Xuliqanlıq niyyəti ilə davranan şəxsi belə davranışa təhrik edən, itələyən onun özündən müştəbehliyi, özünə qarşı müstəsna yanaşma ilə bağlı tələbatlarıdır. Araşdırılmış sübutlardan görünür ki, təqsirləndirilən şəxsin davranışı belə tələbatlarla bağlı olmamış, konkret səbəbdən- təqsirləndirilən şəxsin evinin pəncərəsinin kənarlarını Zərərçəkmiş şəxs1 tərəfindən keyfiyyətsiz təmir edilməsi ilə əlaqədar olaraq uzun müddət aralarında davam edən münaqişəli münasibətlər zəminində təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs1 döyülməsi, formalaşmış qisas motivindən (zərər çəkmiş şəxslərin atasının döyülməsi) və anidən formalaşan şəraitdən qaynaqlanmışdır. Bu əlamətlər isə xuliqanlıq əməlini istisna edir. Məhkəmənin fikrinə görə, yuxarıda bəhs olunan sübutların həcmi və ümumiyyətlə işin gerçək halları tərkib əlamətləri baxımından təqsirləndirilən şəxsin xuliqanlıq cinayəti törətdiyini deməyə əsas vermir və bununla bağlı aşağıdakılar da qeyd olunmalıdır. Baxılan cinayət işi üzrə əməlin xuliqanlıq cinayəti kimi tövsif olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin tərkib əlamətlərinin mənasına görə xuliqanlıq ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına daxil olmaqla onun qəsd etdiyi əsas obyekt qismində ictimai qayda çıxış edir. İctimai qayda dedikdə isə ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə, insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər isə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. İctimai qaydanı pozan belə hərəkətlər edən şəxsin məqsədi qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün sanki müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri ilə zərərçəkmişin sağlamlığına zərər vura biləcəyini, yaxud özgənin əmlakını məhv edəcəyi və ya zədələyəcəyini qabaqcadan görür, bunu arzu edir, hərəkətləri ilə bu məqsədə doğru gedir. Xuliqanlığın subyektiv cəhətinin zəruri elementi və mütləq şərti bu cinayətin motivi, yəni onda bu cinayəti törətmək qətiyyəti yaradan hisslərdir. Bilərəkdən heç bir əsaslı səbəb olmadan özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, belə ədəbsizliyin qarşısını almağa cəhd edənlərdən qisas almaq istəyi belə iyrənc hisslərdəndir. Xuliqanlıq zamanı təqsirkarın hərəkətləri müəyyən səbəbə və şəxsi motivlərə görə konkret şəxsə qarşı deyil, hadisə ilə ümumiyyətlə əlaqəsi olmayan şəxslərə, topluma, cəmiyyətə qarşı yönəlir və təqsirkarın niyyəti ondan ibarət olur ki, qeyri-müəyyən şəxslər dairəsinin şüurundan özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini göstərsin. Lovğalılıq, təkəbbür, özündən müştəbehlik, ictimai maraqlara və hakim əxlaqa laqeydlik xuliqanın tipik əlamətləri, xuliqanlıq niyyətinin səciyyəvi cizgiləridir. Belə niyyətlə deyil, şəxsi münasibətlər zəminində qisas motivi ilə edilən hərəkətlər xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni mövqeyi Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumu «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» 23 mart 2004-cü il tarixli Qərarında da bölüşür. Məhkəmə məhz göstərilənləri nəzərə almaqla baş vermiş cinayətin faktiki əlamətləri ilə xuliqanlıq cinayətinə xas, yuxarıda təsvir olunan hüquqi əlamətləri tutuşduraraq hesab edir ki, bu əlamətlər arasında nə obyekt əlamətləri, nə obyektiv cəhətin əlamətləri, nə də subyektiv cəhətin əlamətləri baxımından oxşarlıq yoxdur. Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxs tərəfindən döyülməsi ilə bağlı məhkəmə yuxarıdakı mövqeyinə uyğun olaraq qeyd edir ki, təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs1 döyülməsi, Zərərçəkmiş şəxs1 tərəfindən onun evinin pəncərəsinin keyfiyyətsiz təmir edilməsi ilə əlaqədar olaraq uzun müddət aralarında davam edən münaqişəli münasibətlər zəminində baş verdiyindən həmin əməl xuliqanlıq cinayəti kimi tövsif oluna bilməz. Zərərçəkmiş şəxs1 hadisə zamanı aldığı xəsarətlərin dərəcəsi təyin edilmədiyindən bu əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qəsdən sağlamlığa yüngül zərər vurmaya görə məsuliyyət nəzərdə tutan 128-ci maddəsi ilə də tövsif edilə bilməz. Belə əmələ, əməldə inzibati xətanın tərkibi olduqda inzibati xəta kimi qiymət verilə bilər. Bu baxımdan təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs1 döyməsi faktında hər hansı cinayət tərkibinin əlamətləri yoxdur. Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə ittiham irəli sürülməsinin səbəbi ona məhz iki xuliqanlıq cinayətinin ardıcıl törədilməsinin isnad olunması olmuşdur. Buna görə də məhkəmə hesab edir ki, birinci hadisədə ümumiyyətlə cinayət tərkibi olmadığından Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə bəraət verilməlidir. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 sağlamlıqlarına yüngül zərər vurulması ilə nəticələnən ikinci hadisə ilə bağlı məhkəmə qeyd edir ki, həmin hadisə təqsirləndirilən şəxsin deyil, məhz zərərçəkmiş şəxslərin təşəbbüsi ilə başlamışdır. Belə ki, həmin münaqişə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslərin atası Zərərçəkmiş şəxs1 döyməsi ilə bağlı, zərərçəkmiş şəxslər təqsirləndirilən şəxslə münasibətləri aydılanlaşdırması zamanı təqsirləndirilən şəxsin evinin həyətində baş vermişdir. Həmin münaqişə zamanı zərərçəkmiş şəxslər də təqsirləndirilən şəxslə dalaşmış və onlardan Zərərçəkmiş şəxs3 təqsirləndirilən şəxsə xəsarət yetirmişdir. Bununla bağlı, Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi, polis baş leytenantı x8 tərəfindən qəbul edilmiş hazırki iş üzrə sübutların qiymətləndirilməsi və cinayət əməlinin tövsif edilməsi barədə18 noyabr 2019-cu il tarixli qərarla, (iş üzrə zərəçəkmiş şəxs) Zərərçəkmiş şəxs3 əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkib əlamətləri olduğundan barəsində həmin maddə ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanılması Gəncə şəhər BPİ-nin Kəpəz RPİ-nə həvalə edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» 23 mart 2004-cü il tarixli Qərarında qeyd edir ki, zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Göstərilənlərə istinadən məhkəmə bir daha qeyd edir ki, bəhs olunan əməl ibtidai araşdırma orqanı tərəfindən Cinayət Məcəlləsinin 221.2.1-ci və 221.3-cü maddələri ilə düzgün tövsif olunmamışdır, təqsirləndirilən şəxsin hərəkətləri şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı formalaşmış qisas motivindən (zərərçəkmiş şəxslərin atasının döyülməsi) və anidən formalaşan şəraitdən qaynaqlanmış və yalnız zərərçəkmiş şəxslərin sağlamlığı əleyhinə yönəldiyindən həmin hərəkətlərin faktiki əlamətləri yalnız Cinayət Məcəlləsinin 128-ci maddəsinin tərkib əlamətləri ilə uyğun gəlir. Ona görə də, məhkəmə Azərbaycan Respublikası CPM-in 318-ci maddəsinin verdiyi səlahiyyətdən istifadə edərək hesab edir ki, təqsirləndirilən şəxsin əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xuliqanlıq cinayətinin nəzərdə tutulduğu 221.3-cü maddəsindən real olaraq baş vermiş əməli əhatə edən tərkib əlamətinin nəzərdə tutulduğu Cinayət Məcəlləsinin 128-ci maddəsinə tövsif edilməlidir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadəsində zərərçəkmiş şəxslərə xəsarət yetirdiyi bıçağın ona deyil, zərərçəkmiş şəxsə məxsus olması barədə ifadəsi özünü müdafiə xarakteri daşımaqla, iş üzrə tədqiq olunmuş mötəbər sübutlarla təkzib edilib. Belə ki, zərərçəkmiş şəxslər ifadələrində bıçağın təqsirləndirilən şəxsə məxsus olmasını, həm də hadisəni bilavasitə görmüş şahidlər Şahid3 və Şahid1 ifadələrində zərərçəkmiş şəxslər tərəfindən təqsirləndirilən şəxsin əlindən bıçağı almaq istəmələrini gördüklərini bildirmişlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və onun ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Həmçinin məhkəmə hesab edir ki, cəzanın növünü və müddətini müəyyən edərkən zərərçəkmiş şəxslərin sayını və vurulmuş ziyanın ödənilməməsini, barışıq əldə edilməməsini, təqsirləndirilən şəxsin əvvəllər oxşar motivli cinayət törədərək məhkum olunmasını və şəxsiyyətini xarakterizə edən digər hallar nəzərə alınmalıdır. Cəzanın növünə gəldikdə məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini, cinayətin xarakterini, törədilmə hallarını və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə, ictimai işlər, islah işləri və azadlığın məhdudlaşdırılması cəzalarından birinin verilməsi cəzanın məqsədlərinə nail olmaq üçün yetərli deyildir. Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırki iş üzrə cəza təyin edilməsinin məqsədini təmin edir. Cəzanın məqsədlərini təmin etmək baxımından məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə cəzasının verilməsini qanuni və ədalətli hesab edir. Məhkəmə bu qərara gələn zaman təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini də nəzərə alır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə ev dustaqlığında saxlandığı müddət daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə müddətinə bir günə bir gün müddəti ilə hesablanır. Qanunvericiliyin tələbinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçiləcək azadlıqdan məhrumetmə cəzasının əvvəli onun tutulduğu 21 sentyabr 2019-cu il tarixdən hesablanmalıdır. Məhkəmə, həmçinin təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs1 münasibətdə yol verdiyi davranışla bağlı belə qərara gəlir ki, bununla bağlı təqsirləndirilən şəxsin hərəkətlərində inzibati xətanın tərkibinin mövcudluğu məsələsinə baxılması üçün zəruri sənədlər Gəncə şəhər prokuroruna göndərilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə ekspertiza tədqiqatının dəyəri 63 (altmış üç) manat Təqsirləndirilən şəxs tutulub Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, müxbir–hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və cinayət təqibi üzrə icraat başa çatanadək saxlanılması üçün Gəncə şəhər BPİ-yə məsul saxlanca verilmiş Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş 1 ədəd zolaqlı qısqol kofta, 1 ədəd tünd göy rəngli idman şalvarı və 1 ədəd boz rəngli tursik, Zərərçəkmiş şəxs3 hadisə zamanı əynində olmuş 1 ədəd qara rəngli qısaqol kofta, Zərərçəkmiş şəxs2 hadisə zamanı əynində olmuş 1 ədəd qara rəngli idman şalvarı hökm qanuni qüvvəsini aldıqdan sonra sahiblərinə geri qaytarılmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə hüquqi yardım göstərilməsinə görə 21 saat vaxt sərf etdiyindən müdafiəçi x5 dövlət büdcəsinin hesabına 126 (bir yüz iyirmi altı) manat məbləğində pul Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351, 353, 358, 381, 383, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinin tərkibi olmadığından bəraət verilsin və o, həmin əmələ görə Azərbaycan Respublikasının adından təqsirsiz elan edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 9 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 21 sentyabr 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri 63 (altmış üç) manat Təqsirləndirilən şəxs tutulub Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, müxbir–hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut kimi tanınmış Gəncə şəhər BPİ-yə məsul saxlanca verilmiş 1 ədəd zolaqlı qısqol kofta, 1 ədəd tünd göy rəngli idman şalvarı və 1 ədəd boz rəngli tursik Təqsirləndirilən şəxs, 1 ədəd qara rəngli qısaqol kofta Zərərçəkmiş şəxs3, 1 ədəd qara rəngli idman şalvarı Zərərçəkmiş şəxs2 geri qaytarılsın. Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə hüquqi yardım göstərilməsinə görə 21 saat vaxt sərf etdiyindən müdafiəçi x5 Dövlət büdcəsinin hesabına 126 (bir yüz iyirmi altı) manat məbləğində pul Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Zərərçəkmiş şəxs1 münasibətdə təqsirləndirilən şəxsin hərəkətlərində inzibati xətanın tərkibinin mövcudluğu məsələsinə baxılması üçün zəruri sənədlər Gəncə şəhər prokurorluğuna göndərilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən bu müddət ərzində apelyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar