Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-30/2021 09.03.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun X1 üzrə İdarənin rayon (şəhər) məhkəmələrində X1 üzrə şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, cinayət qanununda nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi Gəncə şəhər 01 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1991-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 09 radələrində ünvan 2 ünvanının həyətində qonşusu Zərərçəkmiş şəxs1 ilə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı yumruqla sonuncunun sifət və bədəninin müxtəlif nahiyələrinə qəsdən zərbə vuraraq ona - sol gözaltı-almacıq-yanaq nahiyəsinin və sol said nahiyəsinin yumşaq toxumaların əzilməsi, hematoması, döş qəfəsinin sol yan səthinin qançırı kimi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa “Yüngül” zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş cinayət qanununda nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə böyük ictimai təhlükə törətməyən aşkar cinayətə dair məhkəməyədək sadələşmiş icraat materialı üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 onun qonşusudur. Onun evi Elmanın evi ilə yanaşıdır. O, evinin hasarını yenidən tikdirən zaman guya onun evinin hasarı 50 sm Elmanın torpaq sahəsinə keçmişdir. O, isə hər dəfə söhbət əsnasında Elmana onun torpaq sahəsinə keçmədiyini demişdir. xx.xx.2020-ci il tarixdə saat 09 radələrində yaşadığı evin həyətində evinin divarının yanında dayanan zaman Elman öz evinin həyətindən ona kobud şəkildə yenidən müraciət edərək guya onun evinin həyətinin torpaq sahəsinə keçdiyini demişdir. O, məsələyə aydınlıq gətirmək üçün Elmanın yaşadığı evə getmişdir. Evin həyətində Elmana torpaq sahəsinə heç bir müdaxilə etmədiyini yenidən bildirmişdir. Lakin həmin vaxt Elmanla aralarında mübahisə yaranmış və mübahisə zamanı Elman onu nalayiq sözlərlə təhqir etmişdir. O, da həmin vaxt yumruqla Elmanın sifət nahiyəsinə vurmuş və Elman yerə yıxılmışdır. Sonra o, Elmanın həyətini tərk edərək, öz evinə çıxıb getmişdir. Hadisə zamanı onlardan başqa heç kim olmamışdır. Hazırda törətdiyi əməldən peşimandır, zərərçəkmiş şəxslə isə barışıq əldə edə bilməmişdir. Odur ki, ifadəsində göstərdiklərini nəzərə alıb ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı məhkəmə iclasları təxirə salınaraq dəfələrlə Zərərçəkmiş şəxs1 məhkəmə bildirişləri göndərilməklə yanaşı, onun məcburi qaydada gətilməsi barədə qərar qəbul edilməsinə baxmayaraq, Zərərçəkmiş şəxs1 məhkəmə iclasında iştirakını təmin etmək mümkün olmamışdır. Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə və tibbi arayış göndərərək bildirmişdir ki, hadisə zamanı təqsirləndirilən şəxs tərəfindən ona xəsarətlər yetirilmiş, hazırda Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində Klinik xəstəxanada həkim nəzarəti altında müalicə alır, əvvəl etmiş şikayətini müdafiə edir, qanunvericiliyin tələbləri əsasında cinayəti törətmiş şəxsə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Cinayət işi üzrə məhkəmə baxışını onun iştirakı olmadan keçirilməsinə etiraz etmir, qeyd edilən səbələrdən məhkəmədə iştirak etməməsini üzürlü hesab edilməsini xahiş edir. Odurki, məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsi tədqiq olunmuşdur. Həmin ifadəsində zərərçəkmiş şəxs göstərmişdir ki, Rusiya Federasiyasında anadan olmasına baxmayaraq, azərbaycanlıdır, latın qrafikalı əlifba ilə sərbəst yazıb oxuya bilir və Azərbaycan dilində sərbəst danışır. Təqsirləndirilən şəxs onun qonşusudur. Onun evi Asifin evi ilə yanaşıdır. Asif evin hasarını tikdirən zaman Asifin evinin hasarı 50 sm onun torpaq sahəsinə keçmişdir. O, bir neçə dəfə bu barədə Asifə bildirmiş, lakin Asif onun sözlərinə məhəl qoymamış və hasarının onun torpaq sahəsinə keçmədiyini bildirmişdir. xx.xx.2020-ci il tarixdə saat 09 radələrində yaşadığı evin həyətində olan zaman Asif də öz həyətinin yanında olmuşdur. O, yenə Asifə hasarının onun torpaq sahəsinə keçdiyini bildirmişdir. Həmin vaxt Asiflə aralarında sözlə mübahisə yaranmışdır. Həmin mübahisə zamanı Asif onun yaşadığı evin həyətinə gəlib mübahisəni onun evinin həyətində davam etmişdir. Həmin mübahisə zamanı Asif yumruqla qəflətən onun sifət və bədəninin müxtəlif nahiyələrinə vuraraq onu döymüşdür. Sonra Asif oradan çıxıb getmişdir. Həmin vaxt orada o və Asifdən başqa heç kim olmamış, həmin hadisə təxminən 5 dəqiqə davam etmişdir. Sonra o, bu barədə DİN-in 102 xidmətinə zəng etmiş və Kəpəz RPİ-nə ərizə yazmışdır. İş materiallarına əlavə edilmiş Gəncə şəhər MTE və PA şöbəsinin “15” sentyabr 2020-ci il tarixli, 1403 nömrəli «canlı şəxsin ekspertizası» rəyindən görünür ki, Zərərçəkmiş şəxs1nm bədəni üzərində müəyyən edilmiş xəsarətlər- sol gözaltı-almacıq-yanaq nahiyəsinin və sol said nahiyəsinin yumşaq toxumaların əzilməsi, hematoması, döş qəfəsinin sol yan səthinin qançırı - bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir və əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2020-ci il tarxə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa "Yüngül" zərər vurmaya aid edilir. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli 3469 №-li Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gəncə şəhəri Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanseri tərəfindən verilmiş arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda durmur. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli 2966 №-li Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gəncə şəhər Psoxonevroloji Dispanseri tərəfindən verilmiş arayışından məlum olur ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda durmur. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 09 radələrində ünvan 2 ünvanının həyətində qonşusu Zərərçəkmiş şəxs1 ilə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı yumruqla sonuncunun sifət və bədəninin müxtəlif nahiyələrinə qəsdən zərbə vuraraq ona - sol gözaltı-almacıq-yanaq nahiyəsinin və sol said nahiyəsinin yumşaq toxumaların əzilməsi, hematoması, döş qəfəsinin sol yan səthinin qançırı kimi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa “Yüngül” zərər vurmaya aid bədən xəsarəti yetirməsi tam sübuta yetirilmişdir. Cinayət qanununda nəzərdə tutulmuş əməli törətmiş şəxs məhkəmə istintaqı zamanı öz təqsirini boynuna almış, digər tərəfdən zərərçəkmiş şəxs də ifadəsində hadisəni ətraflı təsvir edərək, məhz Təqsirləndirilən şəxs tərəfindən ona xəsarət yetirildiyini ibtidai araşdırma zamanı və məhkəməyə ərizə göndərərək bildirmişdir. Cinayət qanununda nəzərdə tutulmuş əməli törətmiş şəxsin və zərərçəkmiş şəxsin ifadələri əsasında həqiqətən də Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs1 arasında xx.xx.2020-ci il tarixdə il tarixdə münaqişənin olduğu müəyyən edilmişdir. Məhkəmə-tibbi ekspertizasının rəyi ilə Zərərçəkmiş şəxs1 bədəni üzərindəki xəsarətlərin məhz xx.xx.2020-ci il tarixə uyğun gəldiyi və bərk küt əşyanın təsiri nəticəsində törədildiyi təsdiq edilir. Məhkəmə hesab edir ki, cinayət qanununda nəzərdə tutulmuş əməli törətmiş şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi əsaslı şübhədən kənar sübutlarla öz təsdiqini tapmışdır. Təhqiqat orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Buna görə də Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinməklə ona cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə cinayət qanununda nəzərdə tutulmuş əməli törətmiş şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə də cinayət qanununda nəzərdə tutulmuş əməli törətmiş şəxsin cəzasını ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə törədilmiş əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi ilə bağlı hazırki işin hallarını, cinayət qanununda nəzərdə tutulmuş əməli törətmiş şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığını bildirdiyi üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və cinayət qanununda nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 13 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrieynə əsasən belə halda müdafiəçinin hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla cinayət qanununda nəzərdə tutulmuş əməli törətmiş şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi ödənilməsi üçün onun işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına 78 (yetmiş səkkiz) manat məbləğində pul köçürülməlidir. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) İş üzrə maddi sübut, ekspertiza xərci, mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, qazancının 15 (on beş) faizi dövlət nəfinə tutulmaqla 09 (doqquz) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzanın icrası Gəncə şəhər Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli məhkumun qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə hüquqi yardım göstərilməsinə görə vəkil Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsi hesabına 78 (yetmiş səkkiz) manat pul Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (bank «Xalq Bank» Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************, SÜİFT BİK:HAJCAZ22; hesab №-si AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən bu müddət ərzində apelyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(043)-30/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-30/2021
09.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver