Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-35/2021 23.06.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili X3 iştirakları ilə, xx xxxx 1962-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə əldə etmiş və saxlamışdır. Belə ki, o, məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 1 ədəd sellofan torbada 455 qram narkotik vasitə olan qurudulmuş marixuana əldə edib ünvan 2 ünvanında yerləşən yaşadığı fərdi yaşayış evinin damında saxlamış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə idarəsinn X5 Şöbəsinin əməkdaşları tərəfindən 17 sentyabr 2020-ci il tarixdə saat 18 radələrində yaşadığı ünvanda baxış aparılarkən evin damından 1 ədəd sellofan torbada 455 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, uzun müddətdir narkotik vasitədən istifadə edir. Lakin, heç kimə narkotik vasitə satmamışdır. Belə ki, narkotik vasitəni o öz qapısında əkmiş və yığaraq evinin damında gizlətmişdir. Ona məxsus olan narkotik vasitə marixuananın çəkisi ən çoxu 7-8 qram olardı. Lakin, polis əməkdaşları özləri bir sellofan narkotik vasitəni özləri ilə gətirərək evin damına qoymuş və həmin vasitənin guya ona məxsus olduğunu demişlər. O da polis əməkdaşlarının təklifi ilə razılaşmış və videoçəkilişlə baxış aparılan zaman evin damından götürülən bir sellofan narkotik vasitənin özünə məxsus olduğunu bildirmişdir. Faktiki olaraq evin damından götürülən 455 qram narkotik vasitə ona məxsus deyildir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X6 şöbəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 17 sentyabr 2020-ci il tarixdə Gəncə şəhər sakini Şahid2 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə şöbəyə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması və Şahid2 yerinin müəyyən edilməsi ilə bağlı şöbədə əməliyyat qrupu yaradılmışdır. Bundan sonra onlar əməliyyat qrupuna daxil olan əməkdaşlarla birlikdə Şahid2 olduğu yerin müəyyən edilməsi üçün onun yaşadığı ünvana getmişlər. Həmin vaxt Samir Hüseyzadə yaşadığı evin yerləşdiyi küçədə evin qarşısında dayanmışdır. Onlar Samirə yaxınlaşıb özlərini təqdim etmiş və Samirin qanunsuz olaraq narkotik vasitə əldə etməkdə və saxlamaqda şübhəli olduğunu bildirmişlər. Şahid2 regional şöbəyə dəvət etdikdə o etiraz etmədən onlarla birlikdə şöbənin inzibati binasına gəlmişlər. İnzibati binada Samirin üzərində video görüntü ilə şəxsi axtarış aparılmışdır. Şahid2 əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən şəffaf sellofan torbacığı çıxarıb təqdim etmiş və sellofanın içərisində olan kütlənin qurudulmuş marixuana olduğunu bildirmişdir. Həmin sellofan torbacıq açılaraq içərisinə baxış keçirilmiş, baxış zamanı həmin kütlənin qurudulmuş marixuanaya bənzəməsi müəyyən edilmişdir. Şahid2 üzərindən aşkar edilmiş narkotik vasitəni haradan və kimdən əldə etməsi soruşulduqda Samir, həmin narkotik vasitə qurudulmuş marixuananı Gəncə şəhər sakini Müzəffər adlı tanışından aldığını bildirmişdir. Baxış qurtardıqdan sonra Müzəffər adlı şəxsin kimliyinin müəyyən edilməsi və ətrafında əməliyyat axtarış tədbirlərinin keçirilməsi üçün yeni əməliyyat qrupu yaradılmışdır. Bundan sonra Şahid2 narkotiki aldığı Müzəffər adlı şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Əməliyyat qrupu Təqsirləndirilən şəxs ətrafında əməliyyat axtarış tədbirlərinin keçirilməsi üçün Müzəffərin yaşadığı ünvana getmişlər. Həmin evə baxış keçirilən zaman Təqsirləndirilən şəxs özü ərizə yazaraq evinə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs özü könüllü olaraq evin damından bir ədəd sellofan torbada olan narkotik vasitəni çıxararaq onlara təqdim etmişdir. Yaşayış evinə baxış tədbiri videoçəkiliş vasitəsi ilə aparılmış və sonda protokol tərtib edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirdi ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin X6 şöbəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 17 sentyabr 2020-ci il tarixdə Gəncə şəhər sakini Şahid2 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə şöbəyə məlumat daxil olmuş, həmin məlumatın yoxlanılması və Şahid2 yerinin müəyyən edilməsi ilə bağlı şöbədə əməliyyat qrupu yaradılmışdır. Bundan sonra əməliyyat qrupuna daxil olan əməkdaşlar Şahid2 olduğu yeri müəyyən edərək onu, regional şöbənin inzibati binasına gətirib üzərində şəxsi axtarış aparılan vaxt Şahid2 üzərindən 1 ədəd sellofan bükümdə narkotik vasitə qururulmuş marixuana aşkar edilərək götürülmüşdür. Şahid2 üzərindən aşkar edilərək götürülmüş marixuananı Gəncə şəhər sakini Müzəffər adlı tanışından aldığını bildirmişdir. Bundan sonra Müzəffər adlı şəxsin kimliyinin müəyyən edilməsi və ətrafında əməliyyat axtarış tədbirlərinin keçirilməsi üçün yeni əməliyyat qrupu yaradılmışdır. O da həmin əməliyyat qrupuna daxil edilmişdir. Bundan sonra Şahid2 narkotiki aldığını bildirdiyi Müzəffər adlı şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş, əməliyyat qrupu ilə birlikdə Təqsirləndirilən şəxs ətrafında əməliyyat axtarış tədbirlərinin keçirilməsi üçün Müzəffərin yaşadığı ünvana getmiş, video çəkilişlə Təqsirləndirilən şəxs fərdi yaşayış evində axtarış aparılması ilə bağlı Təqsirləndirilən şəxs razılıq ərizəsi alınmışdır. Bundan sonra Təqsirləndirilən şəxs könüllü olaraq evin damına qalxmaq üçün qoyulmuş nərdivanla dama çıxaraq şəffaf sellofan torbanı yerə düşürüb təqdim etmişdir. Torbanı açaraq içərisində olan kütləni təqdim etmiş, Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş 1 ədəd sellofan torbada olan qurudulmuş marixuananı Samux rayonu ərazisindən Kür çayının kənarında yabanı halda bitmiş çətənə kollarının yarpaqlarını yığıb qurudaraq əldə etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirdi ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X6 şöbəsində işləyir. 17 sentyabr 2020-ci il tarixdə Gəncə şəhər sakini Şahid2 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə şöbəyə məlumat daxil olmuş, həmin məlumatın yoxlanılması və Şahid2 yerinin müəyyən edilməsi ilə bağlı şöbədə əməliyyat qrupu yaradılmışdır. Bundan sonra əməliyyat qrupuna daxil olan əməkdaşlar Şahid2 olduğu yeri müəyyən edərək Samiri, regional şöbənin inzibati binasına gətirmişlər. Lakin, o, Şahid2 üzərində şəxsi axtarış aparılmasında iştirak etməmişdir. Sonra əməkdaşlar dedilər ki, Şahid2 üzərindən narkotik vasitə aşkar olunmuş və o, həmin narkotik vasitəni Müzəffər adlı şəxsdən almışdır. Bundan sonra Müzəffər adlı şəxsin kimliyinin müəyyən edilməsi və ətrafında əməliyyat xatarış tədbirlərinin keçirilməsi üçün yeni əməliyyat qrupu yaradılmışdır. O da həmin əməliyyat qrupuna daxil edilmişdir. Bundan sonra Müzəffər adlı şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Əməliyyat qrupu ilə birlikdə Təqsirləndirilən şəxs ətrafında əməliyyat axtarış tədbirlərinin keçirilməsi üçün Müzəffərin yaşadığı ünvana getmiş, video çəkilişlə Təqsirləndirilən şəxs fərdi yaşayış evində axtarış aparılması ilə bağlı Təqsirləndirilən şəxs razılıq ərizəsi alınmışdır. Bundan sonra Təqsirləndirilən şəxs könüllü olaraq evin damına qalxmaq üçün qoyulmuş nərdivanla dama çıxaraq şəffaf sellofan torbanı yerə düşürüb təqdim etmişdir. Torbanı açaraq içərisində olan kütləni təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Bundan sonra həmin kütlə sellofanla birlikdə tərəziyə qoyularaq çəkilmişdir. Kütlənin çəkisi təxminən 460 qram təşkil etmişdir. Həmin kütlə sellofanla birlikdə qablaşdırılaraq götürülmüş və baxışın nəticələrinə dair protokol tərtib edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X6 şöbəsinin sürücü polis nəfəri vəzifəsində xidmət edir. 17 sentyabr 2020-ci il tarixdə Gəncə şəhər sakini Şahid2 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə şöbəyə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması və Şahid2 yerinin müəyyən edilməsi ilə bağlı şöbədə əməliyyat qrupu yaradılmışdır. Bundan sonra onlar əməliyyat qrupuna daxil olan əməkdaşlarla birlikdə Şahid2 olduğu yerin müəyyən edilməsi üçün Samirin yaşadığı ünvana getmişlər. Həmin vaxt Samir Hüseyzadə yaşadığı evin yerləşdiyi küçədə evin qarşısında dayanmışdır. Onlar Samirə yaxınlaşıb özlərini təqdim etmiş və Samirin qanunsuz olaraq narkotik vasitə əldə etməkdə və saxlamaqda şübhəli olduğunu bildirmiş və onu reigonal şöbənin inzibati binasına gətirmiş və onun üzərinə baxış keçirmişlər. Lakin, o, Şahid2 üzərində şəxsi axtarış aparılmasında iştirak etməmişdir. Sonra əməkdaşlar dedilər ki, Şahid2 üzərindən narkotik vasitə aşkar olunmuş və o, həmin narkotik vasitəni Müzəffər adlı şəxsdən almışdır. Bundan sonra Müzəffər adlı şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Yeni yaradılmış əməliyyat qrupu Təqsirləndirilən şəxs ətrafında əməliyyat axtarış tədbirlərinin keçirilməsi üçün Müzəffərin yaşadığı ünvana getmişlər. Evə baxış zamanı Təqsirləndirilən şəxs könüllü olaraq evin damına qalxmaq üçün qoyulmuş nərdivanla dama çıxaraq şəffaf sellofan torbanı yerə düşürüb təqdim etmişdir. Torbanı açaraq içərisində olan kütləni təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Həmin kütlə sellofanla birlikdə qablaşdırılaraq götürülmüş və baxışın nəticələrinə dair protokol tərtib edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımış və onunla ədavəti və düşmənçiliyi olmamışdır. Müzəffər onun yaşadığı küçənin qonşuluğunda olan küçədə yaşayır. 17 sentyabr 2020-ci il tarixdə təxminən günorta saatlarında polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etdilər və narkotik vasitə əldə edib üzərində gəzdirməkdə şübhəli olduğunu dedilər. Bundan sonra polis əməkdaşları onu Narkotiklərlə Mübarizə İdarəsinin Gəncə şəhərində olan inzibati binasına gətirdilər. Həmin binada onun üzərinə baxış keçirilmiş və baxış zamanı onun üzərindən az miqdarda narkotik vasitə marixuana aşkar edilmişdir. Baxış keçirilən zaman polis əməkdaşları ona təzyiqlər edərək həmin narkotik vasitəni Müzəffərdən alıb-almadığını soruşduqda, o, polis əməkdaşlarından qorxduğundan onlara müsbət cavab vermiş və narkotik vasitəni Müzəffərdən aldığını demişdir. Lakin, əsl həqiqət elə olmamışdır. O, Müzəffərdən heç vaxt narkotik vasitə almamışdır. Polis əməkdaşları onu azad etdikdən sonra o, vəkil tutaraq istintaq orqanına müraciət etmişdir ki, onun yenidən şahid kimi ifadəsini alsınlar və əsl həqiqəti danışmaq istəyir. Lakin, müstəntiq onun vəsatətini təmin etməmiş və yenidən dindirməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” 17 sentyabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirə salınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü əməliyyat qrupu yaradılmış və onun olduğu yer müəyyən olunaraq, tədbirin gedişindən asılı olaraq olduğu yerin və nəqliyyat vasitəsinin müşahidəsinin aparılması, zərurət olduğu təqdirdə yaşayış yerinə və nəqliyyat vasitəsinə baxış, həmçinin üzərinə şəxsi axtarış keçirilməsi qərara alınmışdır. “Baxış keçirilməsi və götürmə haqqında” 17 sentyabr 2020-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə Təqsirləndirilən şəxs razılığı əsasında videoçəkiliş vasitəsi ilə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, yaşadığı evin damında narkotik vasitə marixuana saxlayır. Sonra Təqsirləndirilən şəxs nərdivanla evin damına çıxaraq oradan şəffaf rəngli sellofan torbanı yerə düşürüb təqdim etmişdir. Sonra sellofan torbanın içərisinə baxış keçirilmişdir. Baxış zamanı torbanın içərisində olan kütlənin tünd yaşıl rəngli, kəskin iyli, narkotik vasitə marixuanaya bənzər olması müəyyən edilmişdir. Kütləyə baxış keçirildikdən sonra elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 460 qram olması müəyyən edilmişdir. Sonra kütlə zərfə qoyulduqdan sonra üzəri yazılmış, yazı uca səslə oxunduqdan sonra iştirakçılar tərəfindən imzalanmış və zərfin ağzı möhürlənərək götürülmüşdür. Baxış və götürmə gündüz vaxtı, təbii işıqlandırma altında keçirilmişdir. Baxış və götürmə zamanı “Samsung Galaxy A8” markalı mobil telefonun videokamera qurğusundan istifadə etməklə videoçəkiliş aparılmışdır. Protokol iştirakçılar tərəfindən imzalanmışdır. Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli, 5(043)- 77/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilməsi barədə əməliyyat tədbiri zamanı qanunpozuntusuna yol verilmədiyi müəyyən edilmişdir. “Şübhəli şəxsin dindirilməsi haqqında” 18 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, Şahid2 şübhəli şəxs kimi dindirilərkən ifadəsində bildirmişdir ki, təxminən 5-6 il olar ki, narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə qəbul etmədikdə bədənində şiddətli ağrılar olur. Buna görə də o, narkotik vasitələri ağrı azalsın deyə qəbul etmişdir. 17 sentyabr 2020-ci il tarixdə saat 13 radələrində o, narkotik vasitə qurudulmuş marixuana qəbul etmək istəmişdir. Buna görə narkotik vasitə satan Müzəffərin yaşadığı evə getmişdir. Müzəffəri təxminən 10 ildən artıqdır ki, tanıyır. Müzəffər narkotik vasitələrin satışı ilə məşğul olur. O da narkotik vasitə qəbul etdiyi üçün Müzəffəri tanımış və Müzəffərdən dəfələrlə qurudulmuş marixuana alıb çəkmişdir. 17 sentyabr 2020-cil tarixdə, saat 13 radələrində Müzəffərin yaşadığı evə gedib orada Müzəffərdən narkotik vasitə qurudulmuş marixuana istəmişdir. Müzəffər də 1 bükümdə olan təxminən 3 qrama yaxın qurudulmuş marixuananı 10 manata ona satmışdır. O, qurudulmuş marixuananı alıb yaşadığı evə qayıtmışdır. Həmin gün saat 15 radələrində yaşadığı evin yerləşdiyi küçəyə, evin qarşısına çıxmışdır. Həmin vaxt 2 nəfər polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim etmiş və ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Onu Baş Narkotiklərlə Mübarizə idarəsinin Gəncə şəhərində yerləşən X7 dəvət etmişlər. O, da polis əməkdaşları ilə birlikdə şöbəyə getmişdir. Şöbədə video çəkilişlə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı o, könüllü olaraq əynində olan şalvarının sağ yan cibindən 1 bükümdə narkotik vasitə qurudulmuş marixuananı çıxarıb təqdim etmişlər. Həmin kütlə qururulmuş marixuana olduğunu və həmin kütləni Gəncə şəhər sakini Müzəffər adlı tanışından 10 manata aldığını demişdir. “Şübhəli şəxsin dindirilməsi haqqında” 18 sentyabr 2020-ci il tarixli protokoldan və “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 19 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həm şübhəli, həm də təqsirləndirilən şəxs qismində dindirilərkən onun yaşadığı evin damından 460 qram çəkidə qurudulmuş narkotik vasitə marixuana aşkar edildiyini, narkotik vasitədən istifadə etdiyinə görə həmin narkotik vasitəni öz şəxs istifadəsi üçün Samux rayonu ərazisində Kür çayının sahilində yabanı halda bitmiş çətənə kollarının yarpaqlarını yığıb qurudaraq əldə etdiyini demiş, lakin heç kimə o cümlədən Şahid2 narkotik vasitə satmadığını bildirmişdir. Məhkəmə-bioloji ekspertizasının 18 sentyabr 2020-ci il tarixli 16/657 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “17.09.2020-ci İİ tarixdə ünvan 5 ünvanda yerləşən Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evinin damından götürülmüş narkotik vasitə marixuanaya bənzər kütlə...” sözləri yazılmış kağız paketdəki, 1 (bir) ədəd polietilen torbada təmiz çəkisi 455 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. “Şübhəli şəxs statusuna xitam verilməsi haqqında” 19 sentyabr 2020-ci il tarixli qərardan görünür ki, Şahid2 əməlində cinayət tərkibi olmadığından onun şübhəli şəxs qismində olan statusuna xitam verilmişdir. Şahid2 və onun nümayəndəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili X4 tərəfindən birlikdə Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat Bölməsinin müstəntiqi Sahil Əliyevə ünvanlanmış 21 oktyabr 2020-ci il tarixli vəsatətdən görünür ki, Şahid2 bildirir ki, Gəncə şəhərində yerləşən Regional Narkomaniya İdarəsinin əməkdaşları tərəfindən saxlanılmış, üzərinə baxış keçirilərək bir çəkimlik kağız falqada marixuana aşkar edilmiş və sonra polis əməkdaşları tərəfindən İdarəyə aparılmışdır. O, üzərindən aşkar edilmiş narkotik vasitəni Müzəffər adlı şəxsdən almadığını, narkotik vasitəni küçənin başında yerdən tapdığını bildirir. Şahid2 Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə ibtidai istintaq zamanı vermiş olduğu ifadəsinin həqiqətə uyğun olmadığını və həqiqəti əks etdirmədiyini bildirərək yenidən ifadəsinin alınmasını xahiş edir. Ona görə də işin həqiqi hallarının araşdırılması və həqiqətin üzə çıxarılması üçün Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə Şahid2 nümayəndəsinin iştirakı ilə yenidən dindirilməsinin zəruri olduğu qeyd olunmuşdur. “Vəsatətin rədd edilməsi haqqında” müstəntiq tərəfindən qəbul edilmiş 27 oktyabr 2020-ci il qərardan görünür ki, Şahid2 və onun nümayəndəsi X4 tərəfindən verilmiş vəsatət təmin edilməmişdir. Məhkəmə-narkoloji ekspertizasının 23 oktyabr 2020-ci il tarixli 923 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannabinoiddən sui istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. 27 oktyabr 2020-ci il tarixli, ********* nömrəli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs evindən aşkar edilərək götürülmüş 455 qram çəkidə narkotik vasitə marixuananı haradan və kimdən əldə etməsini müəyyən etmək mümkün olmamışdır. “Sübutların qiymətləndirilməsi haqqında” 28 oktyabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs evində 1 ədəd sellofan torbanın içərisindən aşkar edilərək götürülmüş, eyni zamanda Şahid2 aşkar edilərək götürülmüş və tədqiqata sərf edildikdən sonra qalıq qalmış qurudulmuş marixuana və 1 ədəd videogörüntülərin yer aldığı videodisk iş üzrə maddi sübut kimi tanınmışdır. Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 19 sentyabr 2020-ci il tarixli, 4(043)- 83/2020 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu 17 sentyabr 2020-ci il tarixdən hesablanmışdır. Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 02 dekabr 2020-ci il tarixli, 1(043)- 175/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış 07 oktyabr 2020-ci il tarixli tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikasinin Qanunun İ siyahısının 12-ci bəndində çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana adlı narkotik vasitənin şəxsi istehlak miqdarından artıq miqdarının 5 qram olması, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana adlı narkotik vasitənin külli miqdarın yuxarı hədinin 500 qram olması göstərilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin damından aşkar edilərək götürülmüş 455 qram çəkidə qurudulmuş marixuana olmuşdur. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011- ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Bundan əlavə Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, Konvensiyanın 6-cı maddəsini tətbiq edərkən məhkəmələr hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunub-olunmadığını, pozuntunun xarakterini və təqsirli bilinən şəxsə tətbiq edilən cəzanın ağırlığını araşdırmalıdırlar. Məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, Cinayət Məcəlləsinin Xüsusi hissəsində təsbit olunmuş hər bir maddə konkret ictimai münasibətləri mühafizə altına alır, həmin münasibətləri cinayətkar qəsdlərdən qoruyur. Belə münasibətlər, terminoloji anlamda, cinayət tərkibinin zəruri elementi hesab olunan və «cinayətin bilavasitə obyekti» adlandırılan məfhumla ifadə olunur. Cinayətin bilavasitə obyekti cinayət qanunu ilə qorunan, cinayətin qəsd etdiyi və nəticədə zərər yetirilən və ya real zərər yetirilmə təhlükəsinə məruz qalan sosial əhəmiyyətli konkret dəyər, maraq və sərvətdir. Cinayətin bilavasitə obyekti konkret cinayətin zəruri elementi olmaqla əməlin konkret maddə ilə tövsifinin dəqiqləşdirilməsində mühüm rol oynayır. Cinayətin digər əlamətləri ilə yanaşı, onun obyektinin də dəqiq müəyyən olunması, əməlin faktiki əlamətlərinin cinayət qanununda nəzərdə tutulan konkret cinayət tərkibinin əlamətləri ilə eyniliyinin müəyyən olunmasına şərait yaradır. Əməlin tövsifinin mahiyyəti də elə bundan ibarətdir; öncə, cinayət hadisəsi baş verdikdən sonra kriminal qəsdə məruz qalan obyekt müəyyənləşdirilir, bundan sonra cinayət qanununda eyni münasibətləri, yəni eyni obyekti qoruyan maddə müəyyənləşdirilir və nəhayət tövsiyyə olunan maddədəki cinayət tərkibinin obyektinin əlamətləri ilə hadisə nəticəsində zərər görmüş obyektin faktiki əlamətləri üst-üstə düşərsə əməl uyğun maddə ilə də tövsif olunur. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, 17 sentyabr 2020-ci il tarixdə saat 13 radələrində yaşadığı evin qarşısında Şahid2 2,489 qram narkotik vasitə olan qurudulmuş marixuananı 10 manata satmışdır. İbtidai istintaq orqanı təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə irəli sürülmüş ittihamı təsdiq edən ən əsas sübut kimi iş üzrə şübhəli şəxs qismində dindirilmiş Şahid2, daha sonra isə şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1, Şahid3, Şahid4 və Şahid5 ifadələrinə əsaslanmışdır. Lakin, həmin şəxslərin məhkəmə iclasında verdikləri ifadələrə nəzər yetirdikdə onların həm bir-biri ilə, həm də özlərinin ibtidai istintaqda verdikləri ifadələri ilə ziddiyyət təşkil etdiyi aydın olur. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, onun üzərinə baxış keçirilən zaman polis əməkdaşları ona təzyiqlər edərək həmin narkotik vasitəni Müzəffərdən alıb-almadığını soruşduqda, o, polis əməkdaşlarından qorxduğundan onlara müsbət cavab vermiş və narkotik vasitəni Müzəffərdən aldığını demişdir. Lakin, əsl həqiqət elə olmamışdır. O, Müzəffərdən heç vaxt narkotik vasitə almamışdır. Polis əməkdaşları onu azad etdikdən sonra o, vəkil tutaraq istintaq orqanına müraciət etmişdir ki, onun yenidən şahid kimi ifadəsini alsınlar, çünki əsl həqiqəti danışmaq istəyir. Lakin, müstəntiq onun vəsatətini təmin etməmiş və yenidən dindirməmişdir. Həqiqətən də cinayət işinin materiallarından görünür ki, Şahid2 onun üzərində şəxsi axtarış aparılarkən, eləcə də şübhəli şəxs qismində ifadəsində və şübhəli şəxs statusunda olarkən Təqsirləndirilən şəxsla üzləşməsi zamanı sonuncudan 10 manat qarşılığında narkotik vasitə almasını bildirmişdir. Lakin, Şahid2 şübhəli şəxs statusuna xitam verildikdən qısa müddət sonra o, nümayəndəsi ilə birlikdə istintaq orqanına müraciət edərək, əsl həqiqəti bildirməsi üçün onun şahid qismində dindirilməsini xahiş etmiş, lakin müstəntiq onun vəsatətini heç bir əsaslandırma aparmadan təmin etməmişdir. Halbuki, şəxs şübhəli şəxs statusunda ifadə verərkən heç bir məsuliyyət daşımır, şahid qismində ifadə verərkən isə o, bilə-bilə yalan ifadə verməyə görə cinayət məsuliyyəti daşıyır. Belə olan vəziyyətdə şəxsin şahid qismində verdiyi ifadə daha inandırıcı və daha mötəbər qəbul olunur. İşin bu halı, yəni Şahid2 şübhəli şəxs statusunda olarkən müəyyən psixoloji gərginlik altında ifadələr verməsi və müstəntiqin heç bir əsas olmadan onun şahid qismində dindirilməsinə dair vəsatətini təmin etməməsi onu deməyə əsas verir ki, ittihamın əsasını təşkil edən Şahid2 şübhəli şəxs statusunda olarkən verdiyi ifadələr mötəbər sübut kimi qəbul edilə bilməz. İşin qeyd edilən halları ilə məcmu şəkildə qiymətləndirildikdə, onun məhkəmə istintaqı zamanı verdiyi ifadə daha inandırıcı və mötəbərdir. Bundan başqa, cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 və Şahid3 ifadələrində bildirmişlər ki, Şahid2 üzərində şəxsi axtarış keçirilərkən onlar da iştirak etmiş və Şahid2 üzərindən çıxan narkotik vasitə marixuananı Gəncə şəhər sakini Müzəffər adlı tanışından aldığını demişdir. Lakin, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 və Şahid3 hər biri ayrıayrılıqda ifadələrində bildirdilər ki, onlar Şahid2 üzərində şəxsi axtarış aparılmasında iştirak etməmişlər, Şahid2 şəxsən özündən narkotik vasitəni Müzəffər adlı şəxsdən almasını eşitməmişlər, bu barədə onlara digər polis əməkdaşları tərəfindən məlumat verilmişdir. İş materiallarında olan Şahid2 üzərində şəxsi axtarış aparılması zamanı tərtib edilmiş protokoldan və protokola əlavə edilmiş videoçəkilişdən isə görünür ki, şəxsi axtarış zamanı Şahid5 həmin tədbirin keçirilməsində ümumiyyətlə iştirak etməmişdir. Bu vəziyyət onun ibtidai istintaq zamanı verdiyi ifadəsini şübhə altına alır. Şahid3 isə tədbirin keçirilməsində videoçəkilişi həyata keçirən şəxs kimi iştirak etsə də, məhkəmə istintaqında Şahid2 üzərində şəxsi axtarış aparılmasında iştirak etmədiyini bildirmişdir. Göründüyü kimi, ittihamın əsasını təşkil edən şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələr ilə məhkəmə istintaqı zamanı verdikləri ifadələr arasında kifayət qədər ziddiyyətlər mövcuddur. Təqsirləndirilən şəxs isə birmənalı olaraq həm ibtidai araşdırma zamanı ilkin izahatında, həm də şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadələrində, eləcə də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində Şahid2 narkotik vasitə satmadığını bildirmişdir. Hazırki iş üzrə nə ibtidai araşdırma zamanı, nə də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Şahid2 ilə narkotik vasitənin alqı-satqısı barədə qabaqcadan razılığa gəlməsi, onların bu məqsədlə görüşməsi, Təqsirləndirilən şəxs narkotik vasitənin satışından mənfəət əldə etməsi digər hər hansı sübutla öz təsdiqini tapmamışdır. Digər tərəfdən qeyd edilməlidir ki, təqsirləndirilən şəxsdə narkotik vasitənin qablaşdırılması üçün hər hansı bir cihaz və ya avadanlıq da aşkar edilməmiş, təqsirləndirilən şəxsin özü narkomaniya xəstəliyindən əziyyət çəkir. Məhkəmə, iş üzrə mövcud sübutları qiymətləndirib, iş materiallarını təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, yəni onun narkotik vasitə olan marixuananı Şahid2 satması məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs ifadəsində evin damından götürülən 455 qram narkotik vasitənin faktiki olaraq ona məxsus olmadığını, ona məxsus olan narkotik vasitə marixuananın çəkisinin ən çoxu 7-8 qram olmasını bildirsə də, məhkəmə təqsirləndirilən şəxsin həmin ifadəsini məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı həm şübhəli, həm də təqsirləndirilən şəxs qismində dindirilərkən onun yaşadığı evin damından 460 qram çəkidə qurudulmuş narkotik vasitə marixuana aşkar edildiyini, narkotik vasitədən istifadə etdiyinə görə həmin narkotik vasitəni öz şəxs istifadəsi üçün Samux rayonu ərazisində Kür çayının sahilində yabanı halda bitmiş çətənə kollarının yarpaqlarını yığıb qurudaraq əldə etdiyini demişdir. Bundan başqa, təqsirləndirilən şəxsin evinə baxış keçirilməsi tədbiri zamanı tərtib edilmiş protokoldan və videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs nərdivanla yaşadığı evin damına çıxaraq oradan şəffaf rəngli sellofan torbanı yerə düşürüb polis əməkdaşlarına təqdim etmişdir. Sonra sellofan torbanın içərisinə baxış keçirilmişdir. Baxış zamanı torbanın içərisində olan kütlənin tünd yaşıl rəngli, kəskin iyli, narkotik vasitə marixuanaya bənzər olması müəyyən edilmişdir. Kütləyə baxış keçirildikdən sonra elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 460 qram olması müəyyən edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan marixuananı əldə etməsi və saxlaması tamamilə sübuta yetirilir. Ona görə də, onun əməli Azərbaycan Respublikası CM-in 234.1ci maddəsi ilə tövsif edilməlidir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etməmişdir. Bununla belə məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması imkanları hələ tükənməmişdir, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasına alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, yaşının çox olması, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsi, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, 17.09.2020-ci il tarixdən 23.06.2021-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı müddət CM-in 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün bərabər tutulmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti cəza saxlanılmalı, cəza çəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilərək, hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli, cəza çəkdiyi müddətdə Azərbaycan Respublikası CM-in 93.1.2 və 93-1.2-ci maddələrinə əsasən barəsində tibbi xarakterli məcburi müalicə tətbiq olunmalı, iş üzrə maddi sübut kimi tanınan – Gəncə şəhəri Baş Polis İdarəsində saxlanılan narkotik vasitə marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri olan 64,80 manat pul təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir. (CPM-198.1.). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 17.09.2020-ci il tarixdən 23.06.2021-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu 9 ay 6 gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə və ev dustaqlığında saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 1 il 6 ay 12 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 18 (on səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yerini axşam saat 22:00-dan səhər saat 08:00-dək tərk etməsinə və yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 22:00-dan saat 08:00-dək və yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, habelə narkomaniyadan müalicə kursu keçmək vəzifələri qoyulsun. Cəzanın icrası Gəncə şəhər Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin və hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93- 1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübutlar - Gəncə şəhəri Baş Polis İdarəsində saxlanılan təmiz xalis çəkisi 457,389 qram olan qurudulmuş marixuana məhv edilsin, 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 64,80 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X1, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Hökmdən elan edildiyi gündən 20 gün müddətində Gəncə şəhəri Kəpəz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №1(043)-35/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-35/2021
23.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver